Məhkəmə qərarları › İş №2-2(1-8)-82/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-82/2026

08.05.2026 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-82/2026 08.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Ərizəçi Azərbaycan Respublikası Ərizəçi maraqlı şəxs Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə QƏRARİ Açar sözlər: Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında (sahibkarlıq fəaliyyəti ilə bağlı olduqda) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, ərizəçi Azərbaycan Respublikası Ərizəçi maraqlı şəxs Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsindən ərizəçi tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları

1. 2025-ci il # ###### tarixli, **/**/IA nömrəli əmrin surətindən görünür ki, Maraqlı şəxs öz xahişi ilə 2025-ci il # ###### tarixdən tutduğu vəzifədən (olan “X1” MMC-də direktor vəzifəsi) azad edilmişdir.

2. Maraqlı şəxs məxsus əmək müqaviləsi bildirişindən görünür ki, “X1” MMC-də direktor vəzifəsində işləyən Maraqlı şəxs müqaviləsinə 2025-ci il # ###### tarixdə xitam verilmişdir. 3.

4. “X1” MMC-nin təsisçilərinin ümumi yığıncağının növbədənkənar iclasının 2024cü il # ###### tarixli protokolundan görünür ki, “X1” MMC-nin 50% paya sahib təsisçisi Maraqlı şəxs öz təşəbbüsü ilə cəmiyyətin təsisçiliyindən çıxarılması qərara alınmışdır.

Iş üzrə məhkəmə icraatı

a) Birinci instansiya məhkəməsindəki icraat

5. Azərbaycan Respublikası Ərizəçi (bundan sonra-“ərizəçi”) Maraqlı şəxs (bundan sonra-“maraqlı şəxs”) qarşı ərizə ilə məhkəməyə müraciət edərək, “X1” MMC-nin dövlət büdcəsinə, fondlara olan borcunun ödənilməsini təmin etmək üçün hüquqi şəxsin icra orqanının rəhbəri olan maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Ərizə onunla əsaslandırılmışdır ki, 2025-ci il ## #### tarixə vergi ödəyicisi olan “X1” MMC-nin (VÖEN: 1903159721) dövlət büdcəsinə 954,56 manat (o cümlədən, vergilər üzrə 803,51 manat, faizlər üzrə 151,05 manat), Icbari Tibbi Sığorta Fonduna 544,69 manat, Işsizlikdən Sığorta Fonduna 135,52 manat, Dövlət Sosial Müdafiə Fonduna 3345,21 manat olmaqla, ümumilikdə 4979,98 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən 2025-ci il ## ###### tarixli 2550020096769900, 2025-ci il ## ###### tarixli 2550020184597800, 2025-ci il # #### tarixli 2550020530139700, 2025-ci il # #### tarixli **************** nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il # ######## tarixli e-*-*(***)-****/**** saylı qətnaməsi ilə ərizə rədd edilmişdir (hakim Z.Axundova).

8. Məhkəmə hesab etmişdir ki, maraqlı şəxs hazırkı vaxtda “X1” MMC-nin qanuni təmsilçisi olmadığından ərizə təmin edilməməlidir.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinin İ bəndinə, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 23.1.15-3, 24.0.2-1-ci maddələrinə istinadla əsaslandırmışdır.

10. Ərizəçi tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ərizənin təmin olunması barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edənməruzəçi hakim Z.Şirinov, hakimlər T.Mahmudova və L.Əliyeva).

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, ərizəçi maraqlı şəxsin işdən azad olunduğu tarixdən sonra hüquqi şəxsə faktiki rəhbərlik etməsi barədə məlumatı və bunu təsdiq edən sübutları təqdim etməmişdir.

13. Məhkəmə qeyd etmişdir ki, artıq vəzifəsindən uzaqlaşdırılmış əvvəlki rəhbər praktiki baxımdan hüquqi şəxslərin dövlət reyestrində müvafiq dəyişikliyin edilməsi üçün müraciət etmək və ya hüquqi şəxsin bu müraciəti etməsini təmin etmək imkanına malik olmur. Belə hallarda dəyişiklik qeydiyyata alınana kimi əvvəlki rəhbər dövlət reyestrində hüquqi şəxsin icra orqanının rəhbəri olaraq qalsa da, faktiki olaraq onun həmin hüquqi şəxsin fəaliyyəti ilə bağlı olmadığı nəzərə alınaraq ölkədən getmək məhdudiyyəti həmin maraqlı şəxsə qarşı deyil, hüquqi şəxsin faktiki yeni rəhbərinə münasibətdə tətbiq oluna bilər.

14. Bundan başqa, əmək müqaviləsinin bağlanmasına, bildirişin qeydiyyatına, həmin əmək müqavilələri üzrə ödənilən əmək haqları üzrə ödənilən gəlir vergilərinə, həmçinin sosial sığorta üzrə ödəmələrə nəzarət edən, baş verən qanun pozuntularına görə maliyyə sanksiyası tətbiq edən, o cümlədən muzdlu işlə bağlı cəlb edilmiş şəxslər üzrə yoxlamalar aparan vergi orqanı yoxlama-nəzarət işləri apararkən müəssisənin rəhbərinin maraqlı şəxs deyil, başqa şəxs olduğunu nəzərə almamış, bununla bağlı qanunvericiliklə ona məsuliyyətə cəlb etməyə dair verilmiş səlahiyyətlərdən istifadə etməmişdir.

15. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1, 23.1.15-3, 24.0.2-1, 77.3, 78.1-ci maddələrinə, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.3, 9.3.6-cı maddələrinə, MPM-nin 26.2, 355-5.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

16. Ərizəçi tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və ərizənin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

17. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ və II hissələri, 73-cü maddəsinin İ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.1, 3.4-cü və 3.5-ci maddələri, Vergi Məcəlləsinin 11, 16.1.1, 23.1.15-3, 77.1, 78.1-ci maddələri üzrə - “X1” MMC-də direktor dəyişikliyi ilə bağlı heç bir qeyd yoxdur, yəni maraqlı şəxs bu günədək qeyd olunan hüquqi şəxsin icra orqanının rəhbəri kimi qalır. Həmçinin maraqlı şəxsin rəhbər kimi vəzifəsinə xitam verilməsi kimi baş vermiş dəyişiklik dövlət qeydiyyatına alınmamışdır. Odur ki, maraqlı şəxs hələ də müəssisənin rəhbəri olaraq qalır. Maraqlı şəxs tərəfindən məhkəməyə təqdim edilmiş əmək müqaviləsinə xitam verilməsi haqqında 2024-cü il # ###### tarixli əmr və əmək kitabçası isə daxili sənədlər olub, reyestrdə təsdiqini tapmadığı üçün hüquqi nəticə doğurmur.

18. Vergi orqanının nəzarət səlahiyyətlərindən istifadə etməməsi vergi orqanının yoxlama-nəzarət səlahiyyətləri ilə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması fərqli hüquqi institutlardır və biri digərinin tətbiqini istisna etmir. Vergi nəzarəti tədbirlərinin aparılmaması və ya yeni rəhbərin müəyyən edilməməsi vergi öhdəliyinin icrasının təmin edilməsi üçün nəzərdə tutulmuş məcburiyyət tədbirinin tətbiqinə hüquqi maneə yaratmır. Məhkəmənin bu iki mexanizmi eyniləşdirməsi vergi orqanının məqsədinə ziddir. Belə ki vergi nəzarəti tədbirləri - pozuntunun aşkar edilməsi və məsuliyyətin tətbiqi məqsədi daşıyır, ölkədən getmək hüququnun məhdudlaşdırılması isə-mövcud vergi borcunun ödənilməsini təmin edən preventiv təminat tədbiridir. Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsində də bu qəbildən əlavə şərtlər müəyyən edilməmişdir. Vergi orqanının müəssisədə faktiki rəhbəri müəyyən etmək, yoxlama aparmaq və ya sanksiya tətbiq etmək səlahiyyəti vardır, lakin bu səlahiyyətlərin istifadə edilməsi təminat tədbirinin tətbiqi üçün ilkin şərt deyildir. Bildirilir ki, vergi ödəyicisinə borcun ödənilməsinə dair Vergi Məcəlləsinin 65-ci maddəsinə uyğun olaraq ##.##.2025ci il tarixli 2550021362898900, 2550021346121600, **************** nömrəli bildirişlər göndərilmiş, yaranmış borcun 5 gün müddətində dövlət büdcəsinə və müvafiq fondlara borcun 5 gün müddətində dövlət büdcəsinə və müvafiq fondlara ödənilməsi tələb edilmişdir. Yaranmış borc məbləğinin ödənilməsi vergi ödəyicisi tərəfindən təmin edilmədiyi üçün bildiriş göndərildikdən sonra 2025-ci il ## #### tarixdə vergi borcları barədə SMS göndərilərək, borcun ödənilməsi tələb edilmişdir. Əlavə olaraq, maraqlı şəxsin borclarının təmin edilməsi məqsədi ilə mövcud bank hesablarına Vergi Məcəlləsinin 65-ci maddəsində nəzərdə tutulmuş qaydada alınmalı sərəncamlar göndərilmişdir. Lakin yuxarıda görülən tədbirlərin heç biri nəticə verməmiş, vergi ödəyicisi tərəfindən borcun ödənilməsi təmin edilməmişdir. Bu səbəbdən də vergi orqanı borcun alınması istiqamətində sonuncu tədbir olaraq maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün ərizə ilə məhkəməyə müraciət etmişdir.

19. Məhkəmə vergi nəzarəti tədbirləri ilə vergi borcunun ödənilməsini təmin edən məcburiyyət tədbirini eyniləşdirmiş, dövlət reyestrində rəhbər kimi qeydiyyatda olan şəxsə münasibətdə təminat tədbirinin tətbiqindən imtina etməklə hüquqi müəyyənlik prinsipini pozmuş, vergi orqanından qanunvericilikdə nəzərdə tutulmayan əlavə sübutlar-faktiki rəhbərliyin təsdiqini tələb etmişdir. Bu yanaşma vergi öhdəliklərinin icrasının təmin edilməsi mexanizmini faktiki olaraq təsirsiz hala gətirmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassassiya şikayətinə qarşı etiraz göndərilməmişdir.

Kassasiya baxışının hədləri

21. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq bütövlükdə yoxlanılacaqdır.

22. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikasının Vergilər Məcəlləsinin müvafiq müddəalarında nəzərdə tutulur:

“Maddə 16. Vergi ödəyicisinin vəzifələri 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək; ...” “Maddə 23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.15-3. vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək; ...” “Maddə 24. Vergi orqanlarının vəzifələri 24.0.2-1.vergi orqanları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. ...”

24. Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 83. Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası

Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. …” “Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları

1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; ...”

25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 355-5. Ərizənin verilməsi ... 355-5.1. vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. ...”

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası ərizəçinin kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir.

27. Belə ki, VM-in 23.1.15-3-cü maddəsinin məzmunundan göründüyü kimi (bax § 23), vergi ödəyicisinin, konkret halda hüquqi şəxsin rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılması dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini təmin etməsinə yönələn müvəqqəti məcburiyyət tədbiridir.

28. Baxılan işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, vergi ödəyicisi MMC ilə iş üzrə maraqlı şəxs arasında münasibətlərə xitam verilmiş və 2025-ci il # ###### tarixindən sözügedən hüquqi şəxsin rəhbəri deyildir.

29. Ödənilməmiş borc əsasında fərdin ölkədən getmək hüququnun məhdudlaşdırılması yalnız borcun qaytarılmasına xidmət etdikdə əsaslandırıla bilər (Insan Hüquqları üzrə Avropa Məhkəməsinin Reiner Bolqarıstana qarşı (Riener v. Bulgaria), № HYPERLINK "https://hudoc.echr.coe.int/eng" \l "{%22appno%22:[%2246343/99%22]}"46343/99, 2006-cı il ## ### tarixli qərarı, § 122).

30. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, hazırda MMC-nin dövlət büdcəsinə yaranmış borcuna görə qeyd olunan hüquqi şəxslə hər hansı hüquqi bağlılığı olmayan şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması formal olmaqla, dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini təmin etməsinə yönələn məqsədə cavab vermir. Bu baxımdan ərizənin təmin edilməməsinə dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə, ərizəçinin kassasiya şikayətində qeyd etdiyi maddi hüquq normalarının tələblərinə zidd olmamışdır.

31. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tələbləri pozulmamış, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, iş üzrə qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

32. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara alır:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar