Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-86/2026 15.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası Iddiaçı X1 cavabdeh Cavabdeh qarşı işi üzrə QƏRAR Açar sözlər: müqavilə münasibətlərindən irəli gələn mübahisələr, alqı-satqı müqaviləsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Iddiaçı X1 cavabdeh Cavabdeh qarşı “pul tələbinə dair” kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli, *- *(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları
1. 2021-ci il ## ###### tarixli EBBM seriyalı, ****** nömrəli elektron qaimədə 2021ci il ## ###### tarixində **/**** saylı alqı-satqı müqaviləsi əsasən, ümumilikdə 31860 manat dəyərində 15 ton “PVC” mal ödənilməsi üçün X1 tərəfindən Cavabdeh təqdim edilmişdir.
2. 2021-ci il ## ###### tarixli ƏDV Sub-Uçot Hesabından köçürmələrin siyahısından müəyyən olunur ki, EBBM 372825 elektron qaimə üzrə ƏDV depozit hesabına 332,10 manat vəsait mədaxil olunmuşdur.
3. Iddiaçı X1 tərəfindən cavabdeh Cavabdeh 2025-ci il ## ###### tarixdə pretenziya məktubu göndərilərək **/**** nömrəli, 2021-ci il ## ###### tarixli müqaviləyə əsasən EBBM seriyalı ****** nömrəli 2021-ci il 15 noyabr tarixli elektron qaimə üzrə yaranmış 31860 manat borcun 3 gün müddətinə ödəməyi xahiş olunmuşdur. Əks halda qanuna müvafiq olaraq məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsindəki icraat
4. Iddiaçı X1 (bundan sonra - “iddiaçı”) cavabdeh Cavabdeh (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aralarında bağlanmış 2021-ci il ## ###### tarixli **/**** saylı alqı-satqı müqaviləsinə əsasən əsas borc 27000 manat, ƏDV 4860 manat və gecikdirilmiş vaxt üçün 4779 manat məbləğində pul olmaqla, ümumilikdə 36639 manat pulun və 200 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2021-ci il ## ###### tarixində **/**** saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən satıcı “PVC” satmağı, alıcı isə həmin malları qəbul edərək, malların dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Iddiaçı tərəfindən 2021-ci il ## ###### tarixli **/**** saylı alqısatqı müqaviləsinə əsasən dəyəri 31.860 manat (+18% ƏDV) məbləğində olan malları təhvil verilmişdir. Belə ki, 2021-ci il ## ###### tarixli EBBM№ ****** saylı elektron qaiməyə əsasən iddiaçı ümumi dəyəri 27000 manat olan 15000 ton “PVC” məhsulunu, cəmi 31860 manat dəyərində malı təhvil vermişdir. Iddiaçının öhdəliklərini lazımi səviyyədə yerinə yetirməyinə, malları vaxtında təhvil verməyinə və cavabdeh tərəfindən hər hansı şikayət və iradın bildirilməməsinə baxmayaraq, cavabdehin bu günədək əsas borc 27000 manat, ƏDV 4860 manat olmaqla, ümumilikdə 31860 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Bununla bağlı 2024-cü il ## ###### tarixində iddiaçı tərəfindən cavabdehə elektron məhkəmə portalı və onlayn kargüzarlıq vasitəsilə pretenziya məktubu göndərilmiş və 3 gün müddətində müqavilə öhdəliklərinin icra olunması tələb edilmişdir. Lakin bu günə kimi cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh öz öhdəliyini yerinə yetirmədiyindən iddiaçıya gecikdirilmiş günlər üçün 4779 manat məbləğində pul ödəməlidir. Tərəflər arasında bağlanmış 2021-ci il ## ###### tarixinli **/**** saylı alqı-satqı müqaviləsinə əsasən, cavabdeh həmin alqı-satqı müqaviləsi üzrə iddiaçıdan mal almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında həmin malların dəyərinin iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Mallar alınmasına baxmayaraq, cavabdeh dəyərinin ödənilməsinə dair vəzifələrini tam yerinə yetirməmişdir. Buna görə də, iddiaçının həmin müqavilə üzrə yaranmış borcun tutulması barədə tələbi əsaslı hesab olunmalıdır. Borclu olan cavabdehin iddiaçı qarşısında öhdəliyi yaranmış və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Cavabdehin iddiaçıya müqavilə üzrə öhdəlikləri yerinə yetirmədiyinə görə yaranmış borcu işdə olan obyektiv sübutlarla, o cümlədən iddiaçının maliyyə arayışı ilə təsdiq olunur. Qaydalara görə elektron qaimə-fakturada qeyd edilmiş malların təhvili həyata keçirilmiş hesab edilməlidir. Göstərilənlərə və işin hallarına əsasən 2021-ci il ## ###### tarixili **/**** saylı alqı-satqı müqaviləsinə 2022-ci il ## #### tarixli ** saylı alqı-satqı müqaviləsi üzrə cavabdeh tərəfindən iddiaçının xeyrinə ödənilməmiş 27000 manat məbləğində əsas, 4840 manat məbləğində ƏDV və gecikdirilmiş günlər üçün 4779 manat olmaqla cəmi 36639 manat məbləğində borcun, habelə 200 manat məbləğində dövlət rüsumu xərclərin ödənilməsi barədə qətnamə çıxarılmalıdır.
6. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçının tələbi 2021-ci il ## ###### tarixli müqavilə ilə birbaşa bağlıdır. Yəni, şəxs həmin müqavilə üzrə cavabdehin ona 31860 manat borcu olmasını bildirmişdir. Lakin həmin müqavilənin özü iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Ümumiyyətlə iddiaçının iddia ərizəsi formal və səthidir. Lakin iddiaçı öz iddia ərizəsində göstərdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bu isə iddianın qanunsuz və əsassız olmasını təsdiq edir. Həmçinin hazırkı iş üzrə iddia müddəti də iddiaçı tərəfindən ötürülmüşdür. Iddiaçının iddia ərizəsində qeyd etdiyi kimi müqavilə 2021-ci il ## ###### tarixində bağlanmasını əsas götürsək, iddia müddətinin ötürülməsinin şahidi olarıq. Həmin 3 illik müddət qanunvericilikdə imperativ tələb kimi tanınmışdır. Iddia müddətinin məqsədi ilə bağlı Insan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) “Stanyo Belçikaya qarşı” iş üzrə # #### 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Iddiaçı tərəfindən ona qarşı verilmiş “pul tələbinə tələbinə dair” iddia tələbinin tamamilə rədd olunmasını xahiş etmişdir.
7. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## ##### tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim – K.Hüseynov).
8. Məhkəmə qeyd etmişdir ki, 2021-ci il ## ###### tarixli EBBM seriyalı, ****** nömrəli elektron qaimədən və həmin qaimə üzrə cavabdeh tərəfindən 2021-ci il ## ###### tarixli ƏDV ödənişinə əsasən, iddiaçı cavabdehə **/**** saylı alğı-satqı müqaviləsinə əsasən ümumilikdə 31860 manat dəyərində 15 ton “PVC” malı vermiş, cavabdeh isə həmin mala görə ümumi məbləğdən 332,10 manat ƏDV ödənişi etmişdir.
9. Bu fakt işin mübahisələndirilməyən halı kimi qiymətləndirilmişdir. Çünki cavabdehin nümayəndəsi etirazında müqavilənin məhkəməyə təqdim edilmədiyini bildirsə də, malların cavabdehə verilmədiyini, tərəflər arasında alqı-satqı olmadığını mübahisələndirməmişdir.
10. Məhkəmə hesab etmişdir ki, iddiaçının cavabdehə satdığı malın dəyərini tələb etmək hüququ olsa da, mülki qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürməklə iddia qaldırıldığına və cavabdehin nümayəndəsi iddia müddətinin tətbiqini xahiş etdiyinə görə iddia müddəti tətbiq olunaraq iddianın rədd edilməsinə dair qətnamə çıxarılmalıdır.
11. Məhkəmə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2008-ci il tarixli Qərarındakı mövqeyə uyğun olaraq, cavabdehin ərizəsinə hüquqi qiymət verərkən ilk növbədə iddiaçının hazırkı iddia tələbi üzrə cavabdehə qarşı müvafiq subyektiv hüquqa malik olub-olmaması məsələsini aydınlaşdırmağı zəruri hesab etmişdir.
12. Iddiaçının müqavilə üzrə öhdəliyini tam icra etməyən cavabdehə qarşı tələb irəli sürməyə subyektiv hüquqa malik olması müəyyən edilmişdir. Lakin iddiaçı mülki qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürməklə iddia qaldırdığına və cavabdeh tərəf bu barədə müraicət etdiyinə görə iddia tələbinin təmin edilməsi mümkün deyildir.
13. Məhkəmə cavabdehin nümayəndəsinin iddia müddətinin tətbiq edilməsinə dair ərizəsinə münasibətdə qeyd etmişdir ki, tərəflər arasında 2021-ci il ## ###### tarixdə bağlanmış alqı-satqı müqaviləsi üzrə satılmış malın dəyəri təhvil verildiyi, elektron qaimə göndərildiyi gün, 2021-ci il ## ###### tarixində ödənilməli idi. Bunu iddiaçının nümayəndəsi də izahatında təsdiq etmişdir. Həmçinin həmin müqavilə üzrə cavabdeh tərəfindən sonuncu və yeganə ödəniş 2021-ci il ## ###### tarixdə edilmişdir. Yəni, həmin müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi barədə tələblər üzrə iddia müddətinin axımı 2021-ci il ## ###### tarixdə başlamış, daha sonra ƏDV ödənişi edildiyi 2021-ci il ## ###### tarixdə müddətin axımı kəsilərək yenidən başlanmış, iddiaçı isə iddia ərizəsi ilə 2025-ci il ## ###### tarixdə məhkəməyə müraciət etmişdir.
14. Göründüyü kimi iddiaçı müqavilə tələbləri üçün qanunda nəzərdə tutulmuş 3 illik iddia müddətini 2024-cü il ## ###### tarixində buraxmışdır. Iddiaçı 2024-cü ildə də cavabdehə qarşı eyni tələblə iddia qaldırdıqlarına və iddia ərizəsinin baxılmamış saxlanıldığına istinad edərək iddia müddətini ötürmədiklərini bildirmişdir. Halbuki, mülki qanunvericiliyə əsasən iddia ərizəsi baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir.
15. Bundan başqa iddiaçı tərəfindən 2021-ci il ## ###### tarixindən 3 il ərzində cavabdehin borcun etirafını göstərən hər hansı hərəkətlər etməsi barədə sübutlar məhkəməyə təqdim edilməmişdir.
16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 372, 373.2, 375.2, 377.1, 377.2, 380.1, 380.2, 381.1, 567, 598.1, 627.1, 630.1, 631.1, 634.1, 634.2, 637.1, 637.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır.
17. Iddiaçı qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin olunmasını xahiş etmişdir.
b)Apellyasiya instansiya məhkəməsindəki icraat
18. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (sədrlik edən hakim – T.Mahmudova, hakimlər – Z.Şirinov, L.Əliyeva).
19. Iddiaçı iddia müddətinin ötürülməsi səbəbi kimi, 2023-cü il ## #### tarixində barəsində cinayət işinin başlanmasını və həbs qətimkan tədbirinin seçilməsini göstərmişdir.
20. Kollegiya apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, apellyatorun qeyd etdiyi hal iddia müddətinin axımının dayandırılması üçün əsas ola bilməz. Iddia müddətinin axımının dayandırılması halları Mülki Məcəllənin 379.1-ci maddəsində qeyd edilmişdir. Iddiaçının cinayət təqibi ilə əlaqədar həbsdə olması iddia müddətinin dayandırılmasına səbəb olan “fövqəladə və qarşısıalınmaz hadisə” kimi qiymətləndirilə bilməz. Işin faktiki hallarından görünür ki, iddia müddətinin axımı 2021ci il ## ###### tarixindən başlamışdır. Iddiaçı barəsində həbs qətimkan tədbiri seçilənədək təxminən 1 il 7 ay keçmişdir. Həmçinin mülki qanunverciliyə əsasən iddia müddətinin axımı bir şərtlə dayandırılır ki, bu maddədə göstərilmiş hallar iddia müddətinin son altı ayı ərzində əmələ gəlsin və ya mövcud olmaqda davam etsin.
21. Kollegiya qeyd etmişdir ki, iddiaçıya 19 ay müddətində iddia qaldırmaq üçün heç bir maneə mövcud olmamışdır. Belə ki, iddiaçı iddia ərizəsini nümayəndəsi vasitəsilə verə bilərdi. Iddiaçının həbsdə olması etibarnamə əsasında nümayəndə (vəkil) cəlb etməsinə qanuni əngəl yaratmır.
22. Həmçinin işin faktiki hallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilk dəfə 2024-cü il ## ######## tarixdə məhkəməyə təqdim edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2024-cü il ## ######## tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Iddia ərizəsi geri qaytarıldıqdan sonra iddiaçıya nöqsanları aradan qaldırmaq və təkrar müraciət etmək üçün imkan verilmişdir. Iddiaçının nöqsanları aradan qaldırmaqla təkrar müraciəti üçün 2 ay müddəti olmuşdur. Lakin iddiaçı 2 aylıq müddətdə qeyri-fəallıq göstərmişdir. Iddiaçı ərizə geri qaytarıldıqdan sonra ağlabatan müddətdə, yəni qısa zamanda, iddia müddəti başa çatmazdan əvvəl nöqsanları aradan qaldıraraq yenidən məhkəməyə müraciət etməmiş, təxminən 4 ay sonra məhkəməyə müraciət etmişdir.
23. Məhkəmə gəldiyi nəticəni MM-in 372, 373.2, 374, 375.2, 377, 379.1.1, 379.1.2, 379.1.3, 379.1.4, 379.1.6, 379.3-cü və MPM-in 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır.
24. Iddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri:
25. MM-in 380, 385, 442, 443-cü maddələri üzrə - Məhkəmə əsassız olaraq belə qənaətə gəlmişdir ki, “iddia müddətinin ötürülməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarında ifadə olunmuş hüquqi mövqeyə uyğundur və bu müqavilə üzrə iddia müddətinin axımı 2021-ci il ## ###### tarixdə başlamış, 2021-ci il ## ###### tarixdə ƏDV ödənişi ilə kəsilərək yenidən davam etmişdir. Halbuki iş materiallarından görünür ki, Cahangir Qəmbərov tərəfindən iddia ərizəsi ilk dəfə 2024-cü il ## ######## tarixdə təqdim edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2024-cü il ## ######## tarixli qərardadı ilə geri qaytarılmışdır. Iddiaçıya nöqsanları aradan qaldırmaq və təkrar müraciət etmək üçün 2 ay müddət verilsə də, həmin müddətdə fəallıq göstərməmiş, iddia müddəti bitməmiş nöqsanları aradan qaldıraraq yenidən müraciət etməmiş, yalnız təxminən 4 ay sonra məhkəməyə müraciət etmişdir”.
26. Kassator bildirir ki, bu halda da məhkəmə MM-in 380.2-ci maddəsində göstərilən normanı düzgün tətbiq etməmişdir.
27. MPM-in 77-ci maddəsi üzrə - iddiaçı tərəfindən məhkəmədə bütün dəlilər təqdim edilməsinə baxmayaraq məhkəmə iddiaçının təqdim etdiyi sübutları düzgün qiymətləndirməmiş, buna uyğun da qanuni və əsaslı qərar qəbul etməmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
28. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Kassasiya baxışının hədləri
29. Iş üzrə apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
30. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
Tətbiq edilən hüquq
31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 372. Iddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.”
“Maddə 373. Iddia müddətləri ... 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. ...”
“Maddə 374. Iddia müddətlərinin müəyyənləşdirilməsi 374.1. Əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir 374.2. Iddia müddətləri axımının dayandırılması və kəsilməsi əsasları bu Məcəllə ilə müəyyənləşdirilir.”
“Maddə 375. Iddia müddətinin tətbiqi ... 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.”
“Maddə 377. Iddia müddətinin başlanması 377.1. Iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2. Icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 377.3. Icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. 377.4. Reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır.” “Maddə 379. Iddia müddəti axımının dayandırılması 379.1. Iddia müddətinin axımı aşağıdakı hallarda dayandırılır: 379.1.1. iddianın irəli sürülməsinə fövqəladə və həmin şəraitdə qarşısı alına bilməyən hal (qarşısıalınmaz qüvvə) mane olduqda; 379.1.2. iddiaçı və ya cavabdeh hərbi vəziyyətə keçirilmiş silahlı qüvvələrin tərkibində olduqda; 379.1.3. müvafiq icra hakimiyyəti orqanı öhdəliklərin icrası üçün möhlət (moratorium) müəyyənləşdirdikdə; 379.1.4. fəaliyyət qabiliyyəti olmayan şəxsin qanuni təmsilçisi olmadıqda; ... 379.1.6. tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə ... 379.3. Iddia müddətinin axımı bir şərtlə dayandırılır ki, bu maddədə göstərilmiş hallar iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində əmələ gəlsin və ya mövcud olmaqda davam etsin. ...”
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”
“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”
“Maddə 81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.”
“Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”
“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
34. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət olunarkən iddia müddəti ötürülmüş, habelə iddiaçının arqumentləri ilə əksi sübuta yetirilməmişdir. Apellyasiya instansiyası iddiaçının kassasiya şikayətində istinad edilən normalar üzrə hər hansı hüquq pozuntusuna yol verməmişdir.
35. Belə ki, tərəflər arasında olan müqavilə münasibətləri üzrə sonuncu ödəniş 2021ci il ## ###### edilmiş və bundan sonra ödənişlə bağlı hər hansı hərəkət edilməmişdir. Həmin tarixdən sonra cavabdeh tərəfindən hər hansı ödəniş edilməsi müəyyən olunmadığından, apellyasiya məhkəməsi haqlı olaraq iddia müddətinin başlanğıcının həmin tarixdən hesablanması qənaətinə gəlmişdir.
36. Müqavilə hüquq münasibətlərindən irəli gələn mübahisə üzrə iddia ərizəsi isə məhkəməyə üç illik iddia müddəti keçdikdən sonra daxil olmuş, bununla yanaşı mülki qanunvericilikdə nəzərdə tutulan müddətin axımının dayandırılması və kəsilməsi halları belə hazırkı iş üzrə iddia müddətinin ötürülməsinin qarşısını almamışdır. Mülki qanunvericilik müqavilə tələbləri üzrə üç illik iddia müddəti təsbit edilmişdir.
37. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verdiyindən, onun müddət keçdikdən sonra öhdəliyin icrasından imtina etmək hüququ olduğundan, iddia müddəti ötürüldüyündən və iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsas olduğundan, iddianın cavabdehdən müqavilə üzrə tələblərin rədd edilməsi ilə bağlı aşağı instansiya məhkəmələrinin mövqeyi haqlı olmuşdur.
27. Iddiaçı iddia müddətinin ötürülməmiş olmasına əsaslansa da, bununla bağlı hər hansı mötəbər sübutunu aşağı instansiya məhkəmələrinə təqdim edə bilməmişdir. MPM-in 77.1-ci maddəsində müəyyən olunmuş sübutetmə qaydası onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Istisnanı yalnız MPM-in 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il ## #### tarixli Qərarında qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.
28. Kassasiya şikayətinin iddia müddəti axımının kəsilməsi ilə bağlı halları tənzimləyən “MM-in 380.2-ci maddəsinin düzgün tətbiq olunmaması”na dair dəlilinə gəldikdə kollegiya qeyd edir ki, kassator sözügedən dəlili üzrə yalnız məhkəmənin mövqeyini vurğulamaqla kifayətlənmiş, iddia etdiyi pozuntunun nədə ifadə olunduğunu konkret və əsaslandırılmış şəkildə göstərə bilməmişdir. Eyni zamanda onun yuxarıda qeyd olunan normanın pozuntusu ilə bağlı dəlili də əsassız olmuş, apellyasiya məhkəməsi həm iddia müddətinin axımının dayandırılması, həm də kəsilməsi hallarını da düzgün qaydada nəzərə almış, bununla belə iddia müddəti ötürüldüyündən, haqlı olaraq iddia müddətinin tətbiq olunması barədə qənaətə gəlmişdir.
29. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il ## ###### tarixli qərarında göstərilmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
30. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Stanyo Belçikaya qarşı” iş üzrə 2009-cu il # #### tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
31. Kassasiya şikayətinin digər dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
32. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qətnaməsini mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki kassasiya məhkəməsinin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmiş olsun. Hazırkı halda mübahisələndirilən məhkəmə aktında kassasiya şikayətinin dəlilləri üzrə maddi və prosessual hüquq normalarının pozuntusunun aşkar olunması müəyyən edilmir.
33. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin tam hüquqlu məhkəmə kimi iş üzrə verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır.
38. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmamışdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə və MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası Qərara aldı:
Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.