Məhkəmə qərarları › İş №2-2(1-8)-89/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-89/2026

24.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-89/2026 24.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: pulun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, hakimlər Şamayev Elşad Yaquboviç və Qəribov Bəhman Fərhad oğlundan tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pulun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Iş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

1. Iddiaçı İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 627.612,50 manat əsas borc, 31.380,60 manat faiz borcu, ödənilmiş dövlət rüsumuna görə 949 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 2022-ci il # ###### tarixli (elektron qaimə EBCK seriyalı, ****** nömrəli), 2023-cü il ## ###### tarixli (elektron qaimə EBDA seriyalı, ****** nömrəli), 2023-cü il ## #### tarixli (elektron qaimə EBDC seriyalı, ****** nömrəli), 2023-cü il ## ### tarixli (elektron qaimə EBDF seriyalı, ****** nömrəli), 2023-cü il ## ### tarixli (elektron qaimə EBDG seriyalı, ****** nömrəli), 2022-ci il # ###### tarixli (elektron qaimə EBDG seriyalı, ****** nömrəli) alqısatqı müqavilələri bağlanmışdır. Müqavilə və 2022-ci il # ###### tarixli, EBCK seriyalı, 384094 elektron qaiməyə əsasən satıcı 3904100090- Polivinil Xlorid PVC S6532 malını satmağı, alıcı isə həmin malları qəbul edərək, malların dəyəri olan 186912 manat (158400 əsas, 28512 manat ƏDV) ödəməyi, müqaviləyə və 2023-cü il ## ###### tarixli, EBDA seriyalı, ****** nömrəli elektron qaiməyə əsasən satıcı 3904220000-Granul PET VVK881 malını satmağı, alıcı isə həmin malları qəbul edərək, malların dəyəri olan 67260 manat (57000 manat əsas, 10260 manat ƏDV) ödəməyi, müqaviləyə və 2023-cü il ## #### tarixli, EBDC seriyalı, ****** nömrəli elektron qaiməyə əsasən satıcı 2917399500-DOP (DI OKTIL TEREFTALAT) malını satmağı, alıcı isə həmin malları qəbul edərək, malların dəyəriolan 60180 manat (51000 manat əsas, 9180 manat ƏDV) ödəməyi, müqaviləyə və 2023-cü il ## ### tarixli, EBDF seriyalı, ****** nömrəli elektron qaiməyə əsasən satıcı 2917399500-DOP (DI OKTIL TEREFTALAT) PVC istehsalı üçün malını satmağı, alıcı isə həmin malları qəbul edərək, malların dəyəri olan 155760 manat (132000 manat əsas, 23760 manat ƏDV) ödəməyi, müqaviləyə və 2023-cü il ## ### tarixli, EBDG seriyalı, ****** nömrəli elektron qaiməyə əsasən satıcı 2917399500-DOP (DI OKTIL TEREFTALAT) PVC istehsalı üçün malını satmağı, alıcı isə həmin malları qəbul edərək, malların dəyəri olan 76841,60 manat (65120 manat əsas, 11721,60 manat ƏDV) ödəməyi, 2022-ci il # ###### tarixli müqaviləyə və 2023-cü il ## ### tarixli, EBDG seriyalı, ****** nömrəli elektron qaiməyə əsasən satıcı 2917399500-DOP (DI OKTIL TEREFTALAT) PVC istehsalı üçün malını satmağı, alıcı isə həmin malları qəbul edərək, malların dəyəri olan 80658,90 manat (68355 manat əsas, 12303,90 manat ƏDV) ödəməyi öz öhdəsinə götürmüşdür. Iddiaçı tərəfindən qeyd olunan mallar təhvil verilmişdir. Iddiaçının öhdəliklərini lazımi səviyyədə yerinə yetirməyinə, malları vaxtında təhvil verməyinə və cavabdeh tərəfindən hər hansı şikayət və iradın bildirilməməsinə baxmayaraq, cavabdehin bu günədək 627.612,50 manat, (531875 manat əsas borc 95.737,50 manat ƏDV olmaqla) ödənilməmiş borcu qalmışdır. Bununla bağlı cavabdehə dəfələrlə iddiaçı tərəfindən elektron məhkəmə portalı və onlayn kargüzarlıq vasitəsilə xəbərdarlıq məktubları, müraciət və pretenziya məktubu göndərilmiş və 3 gün müddətində müqavilə öhdəliklərinin icra olunması tələb edilmişdir. Lakin bu günə kimi cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Buna görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin azaldılması” barədə ərizə verərək, cavabdehdən 531.875 manat əsas borc, 44.757,08 manat ƏDV borcu, 28.831,60 manat faiz borcu və 949 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən 50.980,41 manat ƏDV ödənişinin aparılması müəyyən edilmişdir. Cavabdeh 50.980,41 manat məbləğində ƏDV ödənişi həyata keçirməklə qeyd olunan məbləğdə borc öhdəliyini qəbul etmiş hesab olunur. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin həcminin azaldılaraq cavabdehdən 531.875 manat əsas borc, 44.757,08 manat ƏDV borcu, 28.831,60 manat faiz borcu və 949 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Cavabdeh iddiaya etiraz etmiş və bildirmişdir ki, 2023-cü ildən cavabdeh tərəfin şikayəti əsasında araşdırma aparılır. Iddia tələbinin əsasını yalnız elektron qaimə təşkil edir və hesab edilir ki, bu, kifayət edən sübut deyildir. Həm qarşı tərəfdə, həm də digər tərəfdə iddiaçı olub və müxtəlif əməliyyatlar aparıb. Müqavilə və təhvil-təslim aktları olmalıdır. Iddiaçı cavabdehin direktor müavini olub və cəmiyyətə faktiki rəhbərlik edib və vergi sistemi üzərindən də müəyyən əməliyyatlar aparmışdır. Əməliyyatları müvəqqəti direktor işləyən zaman aparmışdır. Bununla bağlı onların şikayətləri olub və iddiaçının barəsində cinayət işi ayrıca icraata ayrılıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında da hazırda iddiaçının barəsində cinayət işi var və orada da müəyyən olunur ki, iddiaçı müəyyən əməliyyatlar aparmışdır. 50.980,41 manat ƏDV məbləği onlar tərəfindən ödənilməyib, hesab edilir ki, bu cinayət faktıdır.

6. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## ### tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim Z.Axundova).

7. Məhkəmə qeyd etmişdir ki, cavabdeh 2022-ci il # #### tarixdə qeydiyyata alınmış, yarandığı vaxtdən təsisçisi və direktoru Qanuni nümayəndədır. Iddiaçı 2022ci il ## ####### tarixdən 2023-cü il # ### tarixədək cavabdehdə direktor müavini vəzifəsində (əsas iş yeri) işləmişdir. Həmçinin iddiaçı “PVC” xammalının xaricdən ölkə ərazisinə gətirilib satılması fəaliyyəti ilə məşğul olmuşdur. Nərimanov Rayon Polis Idarəsi tərəfindən 2024-cü il ## #### tarixdə cinayət işindən başqa cinayət işinin ayrılması barədə qərar qəbul olunaraq, iddiaçının cavabdehin direktoru vəzifəsində işlədiyi müddətdə vəzifə səlahiyyətlərindən istifadə edərək, şirkətə məxsus külli miqdarda əmlakın ələ keçirilməsi epizodu üzrə Azərbaycan Respublikası CM-nin 178.4 və 213.3-cü maddələri ilə ayrıca icraata cinayət işi ayrılmışdır. Cinayət işi zərərçəkən qismində cavabdehin müvafiq şikayət ərizəsi əsasında başlanılmışdır. Qeyd olunan hallar işin mübahisəsiz hallarını təşkil edir.

8. Mübahisəli hal ondan ibarətdir ki, iddiaçı tərəflər arasında alqı-satqı müqaviləsinin bağlandığını iddia edərək, həmin müqavilə üzrə cavabdehə malların təhvil verildiyini, lakin onların dəyərinin cavabdeh tərəfindən ödənilmədiyini bildirərək, hazırkı iddia tələbini irəli sürmüş, cavabdeh isə aralarında yazılı və ya şifahi qaydada müqavilənin bağlandığını qəbul etməyərək, onlara iddiaçı tərəfindən hər hansı malın təhvil verilmədiyini, belə bir fakt varsa, müvafiq sübutların, təhvil-təslim aktlarının təqdim olunmasını təklif etmişdir. Iddiaçı tərəfindən tələbinin təsdiqi kimi əsas sübut qismində elektron qaimələr və 50.980,42 manat ƏDV məbləğinin ödənilməsinə dair sübut təqdim edilmişdir. Həmin məbləğlərin ödənilməsinə dair çıxarışda təyinatla bağlı müəyyən hissələrdə avans ödəniş, səhv ödənilmiş məbləğin geri qaytarılması kimi qeydlər edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, ƏDV məbləğləri iddiaçının cavabdehdə direktor müavini işlədiyi müddətdə ödənilmişdir. Cavabdehin nümayəndəsi iddiaçının cavabdehin faktiki direktoru olduğunu bildirərək, əslində bütün səlahiyyətlərin onda olduğunu, bütün əməliyyatları da özünün icra etdiyini, ona görə də şikayət ərizəsi ilə hüquq mühafizə orqanlarına müraciət edildiyini bildirmişdir. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsi tərəfindən iddiaçıya ünvanlanmış 2025-ci il ## ### tarixli dövriyyə ilə bağlı arayışın təqdim edilməsi barədə məktubdan 2022-ci il # ###### tarixdən 2023-cü il ## ###### tarixədək aparılan qarşılıqlı əməliyyatlara əsasən iddiaçının ƏDV depozit hesabına 50.980,42 manat məbləğin mədaxil olduğu, 77.085 manat məbləğin isə məxaric olduğu müəyyən edilmişdir. Həmin hala iddiaçı tərəfindən aydınlıq gətirilməmişdir.

9. Həmçinin tərəflər arasında hüquq münasibətlərini yaradan hər hansı yazılı müqavilə məhkəməyə təqdim olunmamışdır. Tərəflər arasında şifahi formada müqavilənin bağlanması nəticəsinə gəlmək üçün yetərli sübutlar mövcud deyil. Belə ki, cavabdeh belə bir müqavilənin bağlanmasını qəbul etməmişdir. Digər tərəfdən iddiaçı tərəfindən satıldığı iddia edilən malların cavabdehə təhvil verilməsini təsdiq edən təhvil-təslim sənədləri iş materiallarına əlavə edilməmiş, yalnız elektron qaimələr təqdim olunmuşdur. Halbuki, elektron qaimə özlüyündə malların təhvil verilməsini təsdiq edən sübut deyil. Elektron qaimə-faktura “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarına uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir. Elektron qaimə-faktura mallar barədə məlumatları özündə əks etdirən sənədlər (qəbzlər, çeklər və digər ödəniş sənədləri, müqavilələr (əqdlər), təhvil-təslim aktları, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın “Əsas” sətrində qeyd olunur.

10. Hazırkı halda isə elektron qaimənin əsasında dayanan heç bir sənəd (müqavilə, təhvil-təslim aktı və s.) məhkəməyə təqdim edilməmişdir. Həmçinin üç elektron qaimənin “Əsas” sətrində yalnız “müqaviləyə əsasən” sözləri, digər üç qaimədə isə “2022-ci il # ###### tarixli ** nömrəli alqı-satqı müqaviləsi” sözləri qeyd olunmuşdur. ƏDV ödənişləri ilə bağlı çıxarışda isə ödənişlərin 2022-ci il ## ####### tarixli müqavilə üzrə edildiyi göstərilir. Həmçinin, iddiaçı tərəfindən həm iddiaçının cavabdehə ödədiyi, həmçinin cavabdehin iddaçının hesabına etdiyi ödənişlərlə bağlı (hazırki mübahisə ilə bağlı olmayan) təqdim olunan ödəniş sənədlərində ödənişin təyinatı qismində “2022-ci il ## ####### tarixli müqavilə üzrə” qeydi edilmişdir.

11. Işin müəyyən olunan halları, yuxarıda sadalanan ziddiyyətli məqamlar nəzərə alınaraq məhkəmə belə nəticəyə gəlmişdir ki, tərəflər arasında hazırkı mübahisə üzrə alqı-satqı müqaviləsinin bağlanması, iddiaçının təhvil verildiyini iddia etdiyi malların alıcının mülkiyyətinə verilməsi öz təsdiqini tapmadığından, yəni tərəflər arasında hazırkı mübahisə ilə bağlı müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərinin mövcud olması və iddiaçının irəli sürdüyü iddia öz təsdiqini tapmadığından iddia rədd olunmalıdır. Eyni zamanda, iddia borcun tutulması hissəsində rədd edildiyindən digər hissələrdə də təmin olunmamalıdır.

12. Birinci instansiya məhkəməsi bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 386.1, 442, 567-ci maddələri, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il # ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Elektron qaiməfakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydalarının 1.2, 2.5.3, 3.7.1, 3.7.2-ci bəndlərini, MPM-in 14.2, 76.1, 77, 107, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

13. Iddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış, apellyasiya şikayətində irəli sürülmüş dəlillərə diar isə qeyd etmişdir ki, həmin dəlillər yalnız formal mülahizələrdir və birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

16. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni birinci instansiya məhkəməsinin istinad etdiyi normalarla yanaşı MM-in 13, 425.1, 445.2.1, 598.1, 599.1, 600.4-cü, MPM-in 88, 217.3, 385-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

17. Iddiaçı kassasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

18. MM-in 385, 442, 443, 567-ci maddələri üzrə - apellyasiya məhkəməsi Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il ## ##### tarixli “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya kollegiyasının 2021-ci il # ###### tarixli qərarındakı hüquqi mövqeyi nəzərə almamışdır. Belə ki, işdən də göründüyü kimi tərəflər arasında 6 qaimə faktura olması və bundan əlavə olaraq ƏDV ödənişi və geri qaytarma olması onu göstərir ki, onların qarşılıqlı münasibətlərində yaranmış praktikaya əsasən müqavilə üzrə malların təqdim olunması və müvafiq dəyərin ödənilməsi üçün yalnız elektron qaimənin təqdim olunması kifayət etmişdir. Bu hallar məhkəmə tərəfindən nəzərə alınmamışdır. Eyni zamanda, təqdim edilmiş bank çıxarışında hesab əməliyyatı üzrə açıq-aşkar görünür ki, cavabdeh tərəfindən iddiaçıya 02 2022-ci il tarixli müqavilə EBCK ****** nömrəli qaimə üzrə 14.000 manat, EBDA seriyalı, ****** nömrəli elektron qaimə üzrə müxtəlif tarixlərdə ödənişlər edilmişdir. Cavabdehlə aparılmış digər hesab əməliyyatları da onlar arasında ticarət dövriyyəsini təsdiq edən sübutdur ki, bu da məhkəmə tərəfindən nəzərə alınmamışdır.

19. Nazirlər Kabinetinin 2021-ci il # ###### tarixli ** nömrəli Qərarı üzrə - həmin qərarın da məzmunundan göründüyü kimi elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir. Lakin məhkəmə bu anlayışı düzgün tətbiq etməyərək hesab etmişdir ki, tərəflər arasında hazırkı mübahisə üzrə alqı-satqı müqaviləsinin bağlanması, iddiaçının təhvil verildiyini iddia etdiyi malların alıcının mülkiyyətinə verilməsinin öz təsdiqini tapmamış, yəni tərəflər arasında hazırkı mübahisə ilə bağlı müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərinin mövcudluğu sübuta yetirilməmişdir. Lakin tərəflər arasında bir deyil, bir neçə elektron qaimə-fakturanın mövcudluğu artıq tərəflər arasında hazırkı mübahisə ilə bağlı müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərinin mövcudluğu sübuta yetirir.

20. MPM-in 77-ci maddəsi üzrə - iddiaçı tərəfindən bütün dəlillər təqdim edilməsinə baxmayaraq, məhkəmə iddiaçının təqdim etdiyi sübutları düzgün qiymətləndirməmiş, buna uyğun da qanuni və əsaslı qərar qəbul etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Kassasiya baxışının hədləri

22. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır.

Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.”

“Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.”

“Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.”

“Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.”

“Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.”

“Maddə 598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.”

“Maddə 599. Alınan əşyaların qabaqcadan ödənilməsi 599.1. Alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir.”

“Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.”

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2021-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“1. Ümumi müddəalar Bənd 1.2. Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir.”

“3. Elektron qaimə-fakturanın tətbiqi və istifadəsi Bənd 3.1. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaiməfakturanı elektron formada tərtib edərək təsdiq edir. Bənd 3.2. Elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. Bənd 3.3. Cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər. Bənd 3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaiməfaktura proqram təminatı tərəfindən təsdiq edilir.”

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.”

“Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.”

“Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.”

“Maddə 392. Apellyasiya instansiyası məhkəməsi qətnaməsinin məzmunu 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.”

“Maddə 407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.”

“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.

27. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.

28. Kassasiya şikayətində qeyd edilən maddi hüquq normalarının pozulması barədə dəlillər isə əsaslı hesab edilə bilməz.

29. Belə ki, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir və bildirir ki, apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi hallar üzrə hüquqi dəyərləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi dəyərləndirmə ilə razılaşır və təkrarlanmasına zərurət görmür. Əlavə olaraq kollegiya qeyd edir ki, kassasiya şikayətində elektron qaiməfakturaların

30. mövcudluğunun tərəflər arasında müqavilə münasibətlərinin və mal təqdim edilməsinin sübuta yetirildiyi göstərilsə də, apellyasiya instansiyası məhkəməsi öz səlahiyyətləri daxildə təqdim edilmiş sübutları qiymətləndirərək belə nəticəyə gəlmişdir ki, yalnız elektron qaimələrin mövcudluğu konkret alğı-satqı münasibətlərinin yaranmasını və malların faktiki təhvil verilməsini birmənalı təsdiq etmir. Həmin nəticə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2021-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın müvafiq müddəalarına və Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il ## ##### tarixli Qərarında əks olunmuş hüquqi mövqeyə uyğun əsaslandırılmışdır.

31. Eyni zamanda, məhkəmənin gəldiyi bu nəticə sübutların qiymətləndirilməsi ilə bağlı olduğundan kassasiya instansiyası məhkəməsi həmin qiymətləndirmənin düzgünlüyünü deyil, yalnız onun prosessual qanunvericiliyin tələblərinə uyğun aparılıb-aparılmadığını yoxlaya bilər. Apellyasiya instansiyası məhkəməsi də tərəflərin təqdim etdikləri bütün sübutları araşdırmış, onlara münasibət bildirmiş, gəldiyi nəticəni əsaslandırmış və tətbiq etdiyi hüquq normalarını göstərmişdir. Kassasiya şikayətində isə apellyasiya instansiyası məhkəməsinin sübutları araşdırmaqdan imtina etməsi, hər hansı sübuta ümumiyyətlə qiymət verməməsi və ya prosessual hüquq normalarını kobud şəkildə pozması barədə əsaslı dəlillər göstərilməmişdir.

32. Kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulmasının işdə olan sübutların və işin hallarının düzgün qiymətləndirilməməsi ilə əlaqələndirilməsi isə əsassızdır.

33. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.

34. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarında da qeyd edilmişdir ki, ...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə 2004-cü il ## ##### tarixli Qərarı).

35. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilibedilməməsini yoxlayır.

36. Apellyasiya instansiyası məhkəməsi də öz səlahiyyətləri daxilində sübutları və işin hallarını qiymətləndirmiş və müəyyən etdiyi hallara əsasən kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmişdir.

37. Kollegiya qeyd edir ki, kassasiya şikayətində qeyd olunan prosessual hüquq normalarının pozulması barədə dəlillər o vaxt əsaslı hesab edilə bilərdi ki, apellyasiya məhkəməsi tərəfindən MPM-in 14.1, 217.3, 218.1-ci maddələrinin tələbləri pozularaq işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasın, iddiaçının istinad etdiyi dəlillərə və təqdim etdiyi sübutlara qiymət verilməsin, habelə məhkəmə qətnaməsi əsaslandırılmasın. Lakin hazırkı işdə həmin pozuntulara yol verilməmiş, habelə MPM-in 392.2-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini qətnamədə göstərmişdir.

38. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

39. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDI:

Iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi gündən qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar