Məhkəmə qərarları › İş №2-2(1-8)-94/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-94/2026

25.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-94/2026 25.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının Iddiaçı X1 cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər Idarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Iddiaçı X1 cavabdeh Cavabdeh qarşı müqavilədən irəli gələn öhdəliklərin icrası və müqavilədən yaranmış borcun ödənilməsi tələbinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *- *(***)-**/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları

1. Iddiaçı X1 ilə cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər Idarəsi arasında 2022-ci il ## ###### tarixində *** nömrəli alqı-satqı müqaviləsi bağlanmış, 2022-ci il ## ###### tarixində EBCM seriyalı, ****** nömrəli elektron qaimə-faktura göndərilmiş, tərəflər arasında 2023-cü il ## #### tarixində borcun mövcudluğu barədə üzləşmə aktı tərtib edilərək imzalanmış və cavabdeh təşkilatın möhürü ilə təsdiqlənmiş, lakin cavabdeh təşkilat iddiaçıya olan borcunu ödəməmişdir.

Iş üzrə məhkəmə icraatı

a) Birinci instansiya məhkəməsindəki icraat

2. Iddiaçı X1 (bundan sonra “iddiaçı”) cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər Idarəsinə (bundan sonra “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında 2022-ci il ## ###### tarixli, *** saylı müqavilədən yaranan və həmin müqavilə əsasında e-qaimə ilə təsdiq olunmuş 11.117 manat pulun, dövlət rüsumu üçün ödənilmiş 123.35 manat pul olmaqla, ümumilikdə 11.240,35 manat pulun cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2022-ci il 10 yanvar tarixli, *** saylı alqı-satqı müqaviləsi imzalanmış və həmin müqavilə əsasında fiziki şəxs qismində sahibkarlıq fəaliyyəti göstərən iddiaçı müqavilə üzrə mal-materialları cavabdehə satmış, yəni müqavilə üzərinə düşən öhdəliyi tam, lazımı qaydada və vaxtında icra etmişdir. Lakin cavabdeh tərəfindən qeyd edilən müqavilə öhdəliyi icra olunmamış və 11.117 manat müqavilədən yaranan borc hələ də ödənilməmişdir. Bu 2023-cü il ## #### tarixli üzləşmə aktı ilə öz təsdiqini tapmışdır. Bununla bağlı cavabdeh quruma dəfələrlə müraciət olunmuş, müvafiq borc tələb edilmiş, lakin bunun bir nəticəsi olmamışdır. Halbuki yuxarıda qeyd olunduğu kimi müvafiq müqavilə üzrə cavabdeh öz üzərinə düşən öhdəliyi icra etməyə borcludur. Qeyd edilən tələblə bağlı cavabdehə elektron qaydada pretenziya göndərilmiş lakin bunun da bir nəticəsi olmamışdır.

4. Cavabdehin nümayəndəsi nümayəndə2 2025-ci il ## #### tarixdə keçirilən məhkəmə hazırlıq iclasında verdiyi izahatında bildirmişdir ki, X1 borclarının olduğunu təsdiq edir. Yuxarı təşkilatların bu barədə nə zaman göstərişi olarsa, onlar bu pulları məmnuniyyətlə ödəyəcəklər. Yəni Nazirlər Kabineti nə zaman pul ayırsa onlar həmin borcu ödəməyə hazırdırlar.

5. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 2025-ci il ## ######## tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim E.Salmanov).

6. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, tərəflər arasında ## ###### 2022-ci il tarixli, *** saylı alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər formalaşmışdır. Bu hal iş materiallarında olan 2022-ci il ## ###### tarixli, *** saylı alqısatqı müqaviləsi, ****** nömrəli, 2022-ci il ## ###### tarixli elektron qaimə-faktura ilə öz təsdiqini tapmışdır. Alıcı qismində çıxış edən cavabdehin satıcı qismində çıxış edən iddiaçı qarşısında almış olduğu mallara görə, malların dəyərinin ödənilməsi formasında icra edilməmiş pul öhdəliyinin yarandığı müəyyən olunur. Əşyanı təhvil almış alıcı (cavabdeh) onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədiyindən, satıcı (iddiaçı) verilmiş əşyanın ödənilməsini tələb etməkdə tam haqlı olmuşdur.

7. Həmçinin məhkəmə bildirmişdir ki, cavabdehin nümayəndəsi nümayəndə2 məhkəmə iclasında verdiyi izahatında qarşı tərəfə 11.117 manat məbləğində borclarının olmasını etiraf etmişdir.

8. Iddiaçı cavabdehin mühasibi nümayəndə2 və X1 mühasibi (nümayəndəsi) tərəfindən imzalanmış 2023-cü il ## #### tarixli üzləşmə aktını məhkəməyə sübut kimi təqdim etmişdir.

9. Məhkəmə tərəfindən tələb edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsinin həmin aktı imzalamaq səlahiyyətini təsdiq edən sənəd məhkəməyə təqdim edilmədiyindən həmin akt işin hallarını təsdiq edən sübut əhəmiyyəti daşımır.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 6.2, 14.1, 14.2.1, 385.1, 386.1, 389.1, 427.3, 442, 445.2.1, 567, 597.1, 598.1, 600.1, 600.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 76.2, 106.1, 106.3-cü maddələrinə əsasən əsaslandırmışdır.

11. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddianın rədd olunmasını xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Naxçıvan MR Ali Məhkəməsi Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-**/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – S.Qarayev, hakimlər – S.Bəylərli və V.Quliyev). Məhkəmə müəyyən etmişdir ki, cavabdehin apellyasiya şikayətinin əsas dəlili borcun idarənin fəaliyyətindən deyil, vəzifəli şəxsin (idarə rəisinin) hakimiyyətdən suiistifadəsi

13. nəticəsində yaranması ilə bağlıdır və buna görə idarənin təqsirli hesab edilə bilməyəcəyi iddia olunur. Eyni zamanda qeyd edilmişdir ki, müqavilə üzrə alınmış malmateriallar idarənin təsərrüfat fəaliyyətində istifadə olunmamış, rəhbərliyin tapşırığı ilə başqa tikinti obyektlərində istifadə edilmişdir ki, bu əsasla hüquqi şəxsin təqsirli olmadığı irəli sürülmüşdür.

14. Kollegiya irəli sürülmüş dəlilə münasibətdə qeyd etməyi zəruri hesab etmişdir ki, iş materiallarında olan 2022-ci il ## ###### tarixli, *** nömrəli alğı-satqı müqaviləsinə əsasən, tərəflər arasında müqavilə bağlanmaqla satıcı mal və materialların alqı-satqısını göstərməyi, alıcı isə malın qəbul edildiyi gündən 15 bank iş günü ərzində dəyəri ödəməyi öhdəsinə götürür.

15. EBCM seriyalı, ****** nömrəli, 2022-ci il ## ###### tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturdan görünür ki, iddiaçı tərəfindən dəyəri 11.117 manat dəyərində işlər təqdim edilmişdir.

16. Bununla əlaqədar ilk olaraq məhkəmə qeyd etmişdir ki, elektron qaimə-faktura təyinatına görə malların hərəkətini (mədaxilini və məxaricini), işlərin görülməsi və xidmətlərin göstərilməsi faktını özündə əks edən, elektron vergi hesab-faktura isə ödənilmiş ƏDV-nin əvəzləşdirilməsinə əsas verən bir sənəddir.

17. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ###### 2021-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən, elektron qaimə-faktura təqdim edildikdən sonra 5 gün ərzində proqram təminatı vasitəsilə təsdiqlənir. Iş materiallarına görə, iddiaçı tərəfindən təqdim edilmiş elektron qaimə-faktura qaytarılmamış və cavabdeh tərəfindən qəbul edilmiş hesab olunur.

18. Kollegiya qeyd etmişdir ki, tərəflər arasında olan 2022-ci il ## ###### tarixli, *** nömrəli alğı-satqı müqaviləsi əsasında elektron qaimə-fakturalara əsasən malların alınması iş materialları ilə mübahisəsiz şəkildə təsdiq olunur, belə ki, tərəflər arasında 2023-cü il ## #### tarixdə üzləşmə aktı tərtib edilmişdir.

19. Məhkəmə bildirmişdir ki, tərəflər arasında 2023-cü il ## #### tarixdə iddiaçının və cavabdeh müəssisənin mühasiblərinin imzası və cavabdehin möhürü ilə təsdiq edilmiş üzləşmə aktı tərtib edilmişdir ki, bu da özlüyündə mübahisəsiz şəkildə cavabdehin iddiaçıya 11.117 manat borcunun mövcudluğunu təsdiq edir.

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin “Mülki Məcəllənin 1096-cı və 1097 ci maddələrinin düzgün tətbiq edilməməsi” dəlillərinə münasibətdə qeyd etmişdir ki, tərəflər arasında malların nisyə alğı-satqı müqaviləsi üzrə öhdəlik münasibətləri yaranmış və cavabdeh öhdəliyini lazımı qaydada icra etməmişdir, yəni konkret olaraq mübahisənin hüquqi əsasını mülki hüquq pozuntusu deyil, nisyə alğı-satqı müqaviləsi təşkil edir və bu dəlil də əsaslı deyil.

21. Kollegiya sonda apellyasiya şikayətində qeyd edilmiş dəlillərə məcmu halda qiymət verərək qeyd etmişdir ki, iş materiallarından və birinci instansiya məhkəməsində 2025-ci il ## #### və 2025-ci il # ######## tarixlərdə keçirilmiş məhkəmə iclaslarından, həmçinin apellyasiya icraatı üzrə keçirilən məhkəmə baxışı iclasında iştirak etmiş cavabdehin nümayəndəsi nümayəndə2 verdiyi izahatda iddiaçıya borclu olduqlarını etiraf etmişdir.

22. Kollegiya bildirmişdir ki, iş materiallarında olan cavabdeh idarənin rəisi vəzifəsini müvəqqəti icra edən nümayəndə1 tərəfindən idarənin mühasibi nümayəndə2 2025-ci il # ##### tarixdə verilmiş etibarnamədə “iddianın etiraf edilməsi” səlahiyyəti nəzərdə tutulmuşdur.

23. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 389.1, 390.1, 390.3, 399.1, 425.1, 442, 445.2.1, 448.1, 567, 598.2 ,600.1 və 600.4-cü maddələrinə, MPM-in 14.2, 77.1 və 78.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

24. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın rədd olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

25. MM-in 337.1, 337.2, 1096, 1097-ci maddələri üzrə - məhkəmə iddiaçının öhdəliklərini ## ###### 2022-ci il tarixli, *** nömrəli alqı-satqı müqaviləsi, üzləşmə aktı və qaimə-fakturalarla tam icra etdiyini, cavabdehin isə öhdəliklərini yerinə yetirmədiyini əsas götürmüşdür. Kassasiya şikayətində qeyd olunur ki, borcun yaranması idarənin fəaliyyəti ilə deyil, vəzifəli şəxsin (idarə rəisinin) hakimiyyətdən sui-istifadəsi nəticəsində baş vermiş, alınmış mal-materiallar idarənin təsərrüfat fəaliyyətində istifadə olunmayaraq digər tikinti obyektlərinə yönəldilmişdir. Bu səbəbdən hüquqi şəxsin təqsiri və məsuliyyəti istisna olunur. Eyni zamanda, cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçıya ziyan vurulması və ümumiyyətlə, mülki məsuliyyətin yaranması üçün qanunda nəzərdə tutulan şərtlərin mövcudluğu iş materialları ilə sübuta yetirilməmişdir.

26. Hazırki iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsinin əsaslandırma hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər müəyyən edilmir. Qətnamənin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməmiş, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri aydın izah edilməmişdir. Cavabdehin, idarənin və ya hüquqi şəxsin təqsiri sübut edilməmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Kassasiya baxışının hədləri

28. Hazırkı icraat çərçivəsində də apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

29. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

Tətbiq edilən hüquq

30. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin məqsəd və vəzifələri 1.1. Bu Məcəllənin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdir. 1.2. Bu Məcəllənin vəzifələri aşağıdakılardır: mülki hüquq subyektlərinin əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləmək; mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək; fiziki şəxslərin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu, şəxsi və ailə həyatının, şəxsi toxunulmazlığının müdafiəsi hüququnu qorumaq; mülki dövriyyəni təmin etmək; sahibkarlıq fəaliyyətini dəstəkləmək; sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmaq.”

“Maddə 5. Mülki hüquq münasibətlərinin subyektləri 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.”

“Maddə 16. Mülki hüquqların həyata keçirilməsinin məhdudlaşdırılması 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.”

“Maddə 329. Əqdlərin formaları 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.”

“Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. ... 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.”

“Maddə 390. Müqavilə azadlığı ... 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir.” “Maddə 404-1. Dövlət satınalmaları müqaviləsi Dövlət satınalmaları müqaviləsinə dair münasibətlər Azərbaycan Respublikasının dövlət satınalmaları haqqında qanunvericiliyinə uyğun tənzimlənir.”

“Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.”

“Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.”

“Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir.”

31. 2024-cü il ######ın #-dək qüvvədə olan “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 1. Qanunun tətbiq dairəsi 1.1. Bu Qanun, bu Qanunun 1.2-1.7-ci maddələrinin müddəaları nəzərə alınmaqla, Azərbaycan Respublikasında dövlət müəssisə və təşkilatları (idarələri), nizamnamə fondunda dövlətin payı 30 faiz və daha çox olan müəssisə və təşkilatlar tərəfindən malların (işlərin və xidmətlərin) dövlət vəsaitləri, dövlətin aldığı və dövlət zəmanəti ilə alınmış kreditlər və qrantlar hesabına satın alınmasına şamil edilir. ...”

“Maddə 2. Əsas anlayışlar Bu Qanunda istifadə olunan anlayışların mənası aşağıdakılardır: satınalma müqaviləsi - satınalan təşkilatla tender qalibi (qalibləri) arasında bağlanan və malların (işlərin və xidmətlərin) satın alınması ilə əlaqədar tərəflərin öhdəliklərini müəyyənləşdirən sənəd; ...”

“Maddə 16. Satınalma metodları 16.1. Azərbaycan Respublikasında malların (işlərin və xidmətlərin) dövlət satınalmaları bu Qanunun 17-21-ci maddələrində qeyd olunan tətbiq şərtlərindən asılı olaraq açıq tender, ikimərhələli tender, məhdud iştiraklı və qapalı tender, təkliflər sorğusu, kotirovka sorğusu və bir mənbədən satınalma metodları ilə həyata keçirilir. Bu Qanunun 50-1-ci maddəsində nəzərdə tutulan halda dövlət satınalmaları açıq tender və ya kotirovka sorğusu metodları tətbiq edilməklə elektron satınalma vasitəsilə həyata keçirilir. ...”

32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. ...”

“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”

Kassasiya instansiya məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin qətnaməsi ləğv olunmaqla iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.

34. Belə ki, iddianın əsasını tərəflər arasında bağlanması iddia edilən 2022-ci il ## ###### tarixində *** nömrəli müqavilə və həmin müqavilənin cavabdeh tərəfindən icra olunmamasından ibarət hüquqi faktlar təşkil edir.

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il # ##### tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. Iddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir.

36. Bu baxımdan kollegiya qeyd edir ki, ilk olaraq iddiaçının əsaslandığı 2022-ci il ## ###### tarixində *** nömrəli alqı-satqı müqavilənin etibarlılığına qiymət verilməlidir.

37. Hazırkı işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı sahibkarlıqla məşğul olan fiziki şəxs, cavabdeh isə dövlət orqanıdır və o, həmin müqavilə üzrə dövlət vəsaiti hesabına mal-materialın alıcısı qismində çıxış etmişdir.

38. Bu baxımdan, kollegiya qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanan 2022-ci il ## ###### tarixində *** nömrəli müqavilənin hüquqi mahiyyətinə görə dövlət satınalmaları müqaviləsi kimi qiymətləndirilməlidir və həmin münasibətlərə MM-in 404-1ci maddəsinə uyğun olaraq “Dövlət satınalmaları haqqında” Qanunun tələbləri əsasında qiymət verilməlidir.

39. Eyni zamanda, tərəflər arasında hüquq münasibətləri 2022-ci il ## ###### tarixində tarixində yarandığı üçün MPM-in 217.2-ci maddəsinə əsasən hazırkı mübahisə üzrə 2024-cü il ######ın #-dək qüvvədə olan “Dövlət satınalmaları haqqında” Qanunu tətbiq edilməlidir.

40. Həmin Qanun Azərbaycan Respublikasında dövlət satınalmalarının iqtisadi, hüquqi və təşkilati əsaslarını müəyyənləşdirir, satınalmalar zamanı dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi, müsabiqə və aşkarlıq əsasında bütün malgöndərənlərə (podratçılara) bərabər rəqabət mühiti yaradılması prinsipləri və qaydalarını müəyyən edir.

41. Qeyd olunan Qanun, həmin Qanunun 1.2-1.7-ci maddələrinin müddəaları nəzərə alınmaqla, Azərbaycan Respublikasında dövlət müəssisə və təşkilatları (idarələri), nizamnamə fondunda dövlətin payı 30 faiz və daha çox olan müəssisə və təşkilatlar tərəfindən malların (işlərin və xidmətlərin) dövlət vəsaitləri, dövlətin aldığı və dövlət zəmanəti ilə alınmış kreditlər və qrantlar hesabına satın alınmasına şamil edilir (maddə 1.1).

42. Sözügedən Qanunda satınalma metodu (açıq tender, ikimərhələli tender, qapalı tender, kotirovka sorğusu və bir mənbədən satınalma metodu) və onların keçirilməsi qaydası, satınalma müqaviləsinin yazılı forması (satınalan təşkilatla tender qalibi (qalibləri) arasında bağlanan və malların (işlərin və xidmətlərin) satın alınması ilə əlaqədar tərəflərin öhdəliklərini müəyyənləşdirən sənəd) və onun bağlanması qaydası müəyyən edilmişdir.

43. MM-in 390.2-ci maddəsində isə təsbit edilmişdir ki, müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir.

44. Lakin hazırkı iş üzrə tərəflər arasında bağlanmış müqavilə qanunvericiliklə imperativ qaydada nəzərdə tutulmuş dövlət satınalmaları prosedurlarına riayət edilmədən, müsabiqə və ya digər seçim mexanizmləri keçirilmədən bağlanmışdır.

45. Kollegiya hesab edir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun təsiri altına düşən, lakin həmin Qanunda müəyyən edilən qaydalara əməl edilmədən bağlanan müqavilə MM-in 329.1 və 337.1-ci maddələrinə əsasən etibarsız əqd kimi qiymətləndirilməlidir.

46. MM-in 337.4-cü maddəsinin tələblərinə görə isə etibarsız əqd hüquqi nəticələrə səbəb olmur və bu cür əqd bağlandığı andan etibarsızdır.

47. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçının həmin müqaviləyə əsaslanmaqla irəli sürdüyü iddia tələbləri hüquqi cəhətdən əsassızdır.

48. Bununla yanaşı nəzərə alınmalıdır ki, məhkəmə tərəflərin istinad etdiyi hüquqi əsaslardan asılı deyil və ona görə də, iddia tələblərinin mümkün olan bütün qanuni əsaslarını yoxlamalıdır.

49. Bu baxımdan kollegiya qeyd edir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun təsiri altına düşən, lakin həmin Qanunda müəyyən edilən qaydalara əməl edilmədən bağlanan müqavilələrə əsasən iddia irəli sürüldüyü hallarda həmin müqavilələrin tam və ya qismən icra olunub-olunmaması araşdırılmalı, belə icra olunma müəyyən olunduğu hallarda isə iddia tələblərinin mümkün olan qanuni əsasları üzrə hüquqi dəyərləndirmə aparılmalıdır.

50. Belə dəyərləndirmə zamanı nəzərə alınmalıdır ki, hazırkı mübahisə üzrə müqavilədən irəli gələn tələblər istisna edildiyi üçün, iddia tələblərinin qanundan irəli digər əsasları, yəni əşya hüququ, deliktlər, özgə işlərinin tapşırıqsız aparma və əsassız varlanmadan irəli gələn tələblər üzrə yoxlama aparılmalıdır.

51. Kollegiya qeyd edir ki, tərəflər arasında olan hüquq münasibətləri mülki hüquqda təsbit edilən əşya hüququ, deliktlər və özgə işlərinin tapşırıqsız aparma ilə bağlı münasibətlərin mahiyyətinə və onlara aid MM-in müvafiq maddələrinin (“Əmlak və əşya hüququ” adlı üçüncü bölmədə olan maddələr, “Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər” adlı doqquzuncu bölmədə olan maddələr və özgə işlərini tapşırıqsız aparma ilə bağlı 1087-1090-cı maddələr) nizamlama qaydalarına uyğun olmadığına görə qanunvericiliyin həmin əsaslara aid müddəaları hazırkı iş üzrə iddia tələblərinin qanuni əsası kimi çıxış edə bilməz.

52. Əsassız varlanmadan irəli gələn tələblər üzrə isə qeyd olunur ki, belə iddia tələblərinin qanuni əsasını MM-in 1092.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

53. Qeyd olunan maddədə göstərilən “varlanmış şəxs” və “mərhum olan” anlayışları isə MM-in 1091-ci maddəsində göstərilmişdir. Həmin maddənin tələblərinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091.2).

54. Beləliklə, “Dövlət satınalmaları haqqında” Qanunda müəyyən edilən qaydalara əməl edilmədən bağlanan müqavilələr tam və ya qismən icra olunduğu hallarda kimin məhrum olan və kimin varlanmış şəxs olmasına qiymət verilməlidir.

55. Belə qiymətləndirmə zamanı dövlət orqanının varlanmış şəxs, digər tərəfin mərhum olan olması müəyyən edildikdə isə aşağıdakılar nəzərə alınmalıdır.

56. Sübuta ehtiyacı olmayan hal ondan ibarətdir ki, dövlət orqanları və onların vəzifəli şəxsləri “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərindən tam məlumatlıdırlar və aydın şəkildə dərk edirlər ki, müqavilələrin həmin Qanunda müəyyən edilən qaydalara əməl edilmədən bağlanılması qanunaziddir, müqavilələr isə özü-özlüyündə etibarsızdır və hər hansı hüquqi nəticələrə səbəb olmurlar.

57. Kommersiya fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin hərəkətlərinə isə aşağıdakılar nəzərə alınmaqla qiymət verilməlidir.

58. Kollegiya qeyd edir ki, MM-in 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi birbaşa göstərilməsə də, bu prinsip MM-in ayrı-ayrı normalarında mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalarda nəzərdə tutulmuşdur (məsələn: MM-in 5.3, 16.1, 425-ci maddələri). Bu baxımdan, mülki qanunvericilik sistemində vicdanlılıq ümumi prinsip kimi mülki hüquq subyektləri üçün öz hüquq və vəzifələrini vicdanla yerinə yetirmək öhdəliyini nəzərdə tutur və istənilən mülki hüquq normasının tətbiqi zamanı bu prinsipin tələbləri nəzərə alınmalıdır.

59. “Vicdanlılıq” kimi qeyd olunan prinsip, əslində latınca “bona fides”, yəni yaxşı niyyəti ifadə edən anlayış qismində qəbul olunur. Hüquqi anlamda vicdanlılıq iki formada – subyektiv və obyektiv mənada qəbul edilir. Birincisi “qanunsuzluğu bilməmə”, ikincisi isə “dürüst davranma” formasında ifadə olunur.

60. “Dürüst davranma” hüquqi münasibətlərdə MM-in 425.1-ci maddəsində təsbit edilmiş qaydada davranışın həyata keçirilməsini ehtiva edir.

61. “Qanunsuzluğu bilməmə” isə şəxsin normal diqqət göstərdiyi halda belə qanunsuzluğu bilməməsini ifadə edir. Mülki hüquqda və məhkəmə təcrübəsində bununla bağlı şəxsin hərəkətlərinə “bilmirdi və bilə bilməzdi” və ya “bilmirdi və bilməli deyildi” ifadələrindən istifadə edilməklə qiymət verilir.

62. Mülki hüququn məhz vicdanlılıq prinsipi əsası götürülməklə MM-in 182 və 140cı maddələrində vicdanlı əldə etmə və ya 157.5-ci maddəsində vicdanlı və vicdansız sahiblik institutları müəyyən edilmişdir. Meyarlar kimi isə şəxsin qanunsuzluğu “bildiyi və ya bilməli olduğu”, “bilirmişsə və ya bilməli idisə” anlayışları müəyyən edilmişdir.

63. Qeyd olunanlara əsasən kollegiya qeyd edir ki, “Dövlət satınalmaları haqqında” Qanunda müəyyən edilən qaydalara əməl edilmədən bağlanan müqavilələr üzrə işi icra edən şəxslərin hərəkətlərinə vicdanlılıq prinsipi baxımından qiymət verilməlidir. Bu zaman həmin şəxslərin neçə müddət fəaliyyət göstərmələri, əvvəllər dövlət orqanları ilə müqavilə münasibətlərində olub-olmamaları, fiziki şəxsin özünün və ya işçisinin, habelə hüquqi şəxsin vəzifəli şəxsləri və əməkdaşlarının “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərindən məlumatlı olub-olmamaları və müqavilələrin həmin Qanunda müəyyən edilən qaydalara əməl edilmədən bağlanılmasının qanunazidd olmasının dərk edib-etməmələri nəzərə alınmalıdır.

64. Belə qiymətləndirmə nəticəsində onların vicdanlı hərəkət edib-etməmələri və məhz bu kriteriyadan asılı olaraq müqavilənin icrası ilə bağlı xərclərin (hazırkı halda təhvil verilmiş mal-materialın) dəyəri müəyyən edilməlidir.

65. Belə ki, həmin şəxslərin müqavilələrin qanunazidd olmasını bilmədikləri, bunu bilməyə imkanlarının olmadıqları və bu baxımdan vicdanlı hərəkət etmələri müəyyən edildikdə, onlara çəkilmiş xərclərin (hazırkı halda təhvil verilmiş mal-materialın) dəyəri orta bazar qiymətlərinə uyğun müəyyən edilərək dövlət orqanı tərəfindən ödənilməlidir.

66. Həmin şəxslərin qeyd olunan halları bildiyi və ya ən azı bilməli olduqları və bu baxımdan vicdanlı hərəkət etmədikləri müəyyən edildikdə isə çəkilmiş xərclərin (hazırkı halda təhvil verilmiş mal-materialın) dəyəri orta bazar qiymətlərinə uyğun deyil, fərqli formada müəyyən edilməlidir. Belə ki, onların dəyəri müəyyən edildiyi zaman həmin şəxslərin gəlir kimi nəzərdə tutduğu məbləğlər nəzərə alınmamalıdır. Ümumiyyətlə belə dəyərləndirmə aparıldıqda bazarda olan ən minimal qiymətlər əsas götürülməlidir.

67. Bundan əlavə, kollegiya qeyd etməyi zəruri hesab edir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunda müəyyən edilən qaydalara əməl edilmədən bağlanması əsasına görə etibarsız olan müqavilələrə münasibətdə MM-in 337.5-ci maddəsi tətbiq edilə bilməz.

68. Belə ki, əks yanaşma “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunun məqsəd və vəzifələrinə zidd olmaqla yanaşı dolayısı ilə həmin Qanunun pozulmasına şərait yaradır. Çünki bu halda həmin müqavilələr üzrə pul vəsaitlərinin ödənilməsi faktiki təmin edilməklə onun yalnız hüquqi əsası dəyişmiş olur.

69. Bundan əlavə, mülki qanunvericiliyin vəzifələrindən birini mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi təşkil edir (MM-in 1.2-ci maddəsi). MM-in 337.5-ci maddəsinin məqsədi də məhz qanuni hüquq və mənafelərin müdafiəsindən ibarətdir. Könüllü surətdə qanunazidd olan mülki hüquq münasibətlərə daxil olan şəxslərin isə qanundan irəli gələn hüquq və mənafeləri yaranmır.

70. Göstərilənlərə əsasən kollegiya qeyd edir ki, hazırkı iddia üzrə işin araşdırılması və hüquqi dəyərləndirməsi yuxarıda qeyd olunan şəkildə aparılmalıdır.

71. Apellyasiya instansiyası məhkəməsi isə tərəflər arasında olan hüquq münasibətlərini və dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərini nəzərə almamış, iş üzrə araşdırmanı və hüquqi dəyərləndirməni qeyd olunan şəkildə aparmamışdır.

72. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyinə görə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Işə yenidən baxılarkən hazırkı qərarda əks olunan hüquqi mövqe nəzərə alınmaqla qanuni və əsaslı, habelə iş üzrə müəyyən edilmiş hallara uyğun əsaslandırılmış qətnamə qəbul edilməlidir.

73. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər Idarəsinin kassasiya şikayəti qismən təmin edilsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-**/**** nömrəli qətnaməsi ləğv edilərək iş yenidən baxılmaq üçün apellyasiya instansiya məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar