Məhkəmə qərarları › İş №2-2(1-8)-97/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-97/2026

25.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-97/2026 25.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklərin icra edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə pul tələbinə dair” kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının *-*(***)-****/**** nömrəli 2025-ci il # ###### tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları

1. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 2024-cü il ## ###### tarixli xxxx-096/2024 nömrəli alqı-satqı müqaviləsinə əsasən bu Müqavilənin şərtlərinə əsasən Satıcı Müqavilənin əlavəsi hesab edilən X1 göstərilən müxtəlif növ beton/tikinti məhsullarını (bundan sonra - Mallar) razılaşdırılmış qiymətlə istifadə məqsədləri üçün yararlı halda Alıcıya satmağı, Alıcı isə həmin Malları qəbul edib dəyərini müvafiq Əlavədə müəyyən edilmiş məbləğdə və şərtlərlə Satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin: - 3.4-cü bəndinə əsasən satıcı Malların Alıcıya təhvil verilməsini Tərəflər arasında müvafiq qaydada imzalanacaq Təhvil-Təslim Aktı və/ və ya elektron qaimə fakturalar əsasında həyata keçirəcək. Elektron qaimə-faktura Alıcıya təqdim edildikdən sonra 5 (beş) iş günü ərzində Alıcının hər hansı bir etirazı olmazsa mallar Alıcıya təhvil verilmiş hesab ediləcək. - 4.2-ci bəndinə əsasən müqavilənin əlavələrində başqa qayda nəzərdə tutulmamışdırsa Alıcı hər ay üzrə ona təhvil verilmiş Malın dəyərini, mallar təhvil verildikdən sonra 30 gün ərzində ödəməyi öhdəsinə götürür. - 9.1-ci bəndinə əsasən bu Müqavilə üzrə öz öhdəliklərini tam icra etməyən və ya lazımınca icra etməyən Tərəf bununla digər Tərəfə vurduğu zərərə görə qüvvədə olan qanunvericiliklə müəyyən olunmuş qayadada məsuliyyət daşıyacaq və qarşı Tərəfə zərəri tam həcmdə ödəyəcək. Bu Müqavilə ilə nəzərdə tutulmayan məsuliyyət növləri qüvvədə olan qanunvericiliyə uyğun olaraq tətbiq ediləcək. - 9.4-cü bəndinə əsasən Alıcı Malların dəyərinin ödənilməsi ilə bağlı hər gecikmə gününə görə 0,01% (sıfır tam yüzdə bir faizi) məbləğində dəbbə pulu ödəyəcək.

2. Tərəflər arasında imzalanmış 2024-cü il # ######## tarixli Qiymətlərin Razılaşdırılması protokoluna əsasən 1 m3 üçün qiymət beton B-7,5 (M-100) 90 manat, beton B-12,5 (M-150) 93 manat, beton B-15 (M-200)-96 manat, beton B-20 (M- 250) 99 manat, beton B-22,5 (M-300) 102 manat, beton B-25 (M-350) 105 manat, beton B-30 (M400) 110 manat, beton məhlulu DC-250 (M-100) 101 manat, beton məhlulu DC-300 (M-150) 105 manat, beton məhlulu DC-350 (M-200) 110 manat, beton B-30 (M-400) özüyerləşən 120 manat, şərbətin qiyməti 105 manat məbləğlərində müəyyən edilmişdir.

3. Cavabdeh MMC-yə müqavilə üzrə satılmış mallara dair 2024-cü il # ####### tarixli MT************ saylı 16154,2 manat məbləğində e-qaimə göndərilmişdir. Həmin e-qaimə Cavabdeh MMC tərəfindən şəxsən təsdiq edilmişdir.

4. 2025-ci il # ###### tarixli Üzləşmə aktına əsasən Cavabdeh MMC-nin İddiaçı MMC-yə həmin tarixə olan debitor borcu (əsas məbləğ) 13690 manat, debitor borcu (ƏDV məbləği) 2464,20 manat olmaqla, cəmi 16154,20 manat olduğu müəyyən edilmişdir. Akt hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir. Iş üzrə məhkəmə icraatı

a) Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) 2025-ci il # #### tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, alqı-satqı müqaviləsinə əsasən yaranmış əsas borc üzrə 16.154,20 manat, 342,47 manat dəbbə pulu, gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə hesablanmış faiz olaraq 469,65 manat, 140,90 manat dövlət rüsumu olmaqla ümumilikdə 17.107,22 manat pulun Cavabdeh MMC-dən (bundan sonra – “cavabdeh”) tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Iddia tələbi işin yuxarıda sadalanan faktiki hallarına istinadla belə əsaslandırılmışdır ki, müqaviləyə əsasən, iddiaçı cavabdehin mülkiyyətinə ümumi həcmi 129 kubmetr olan və ümumi dəyəri 16.154,20 manat təşkil edən aşağıdakı markalı beton məhlulları təhvil vermişdir: Beton B-30 (M400) Beton B-7.5 (M100) Beton B-30 (M400). Malların təqdim olunması 2024-cü il # ####### tarixli MT2410 seriyalı, ******** nömrəli elektron qaimə-faktura ilə rəsmiləşdirilmişdir. Elektron qaiməfaktura cavabdehin səlahiyyətli nümayəndəsi tərəfindən ASAN imza ilə təsdiq edilmişdir. Lakin, malların təqdim edilməsindən və borcun üzləşmə aktı ilə təsdiq edilməsindən uzun müddət keçməsinə baxmayaraq, cavabdeh təqdim olunmuş malların dəyərini ödəməmişdir. Iddiaçı tərəfindən cavabdehə 2025-ci il ## ### tarixində həm Elektron Məhkəmə Sistemi, həm də Internet Vergi Idarəsi vasitəsilə yazılı pretenziya göndərilmiş, lakin cavabdeh nə tələbi icra etmiş, nə də cavab vermişdir.

7. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, 2025-ci il ## ######## tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdеhdən 16.154,20 manat əsas borc məbləği, 342,47 manat dəbbə pulu, borcun ödənişinin gecikdirilməsinə görə 127,18 manat faiz borcu (cəmi 16623,85 manat) və dövlət rüsumunun əvəzi olaraq 140,90 manatın tutularaq iddiaçıya ödənilməsi qət olunmuşdur (hakim G.Namazova).

8. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı müqavilədə nəzərdə tutulmuş öhdəlikləri icra etsə də, cavabdehin iddiaçıya müqavilə üzrə 16154,20 manat ödənilməmiş borcu qalmışdır. Iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, e-qaimə, üzləşmə aktı ilə təsdiqini tapmışdır.

9. Dəbbə puluna aid hissədə məhkəmə göstərmişdir ki, cavabdehin ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə (16154,20 manat) nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından tutulacaq dəbbə pulu 342,47 manat məbləğində müəyyən edilməlidir.

10. Iddia tələbinin əsas borcun gecikdirilməsinə görə gecikdirmə faizi olaraq (illik 5%) hesablanmış 469,65 manatın tutulması hissəsini məhkəmə əsassız hesab edərək, göstərmişdir ki, tərəflər arasında bağlanmış müqavilədə zərərlə dəbbə pulunun nisbətinin xüsusi qaydası müəyyən edilmədiyindən, mübahisəli müqavilədə nəzərdə tutulmuş dəbbə pulu (penya) əvəzləşdirilən dəbbə pulu hesab edilməlidir. Belə olan halda isə, həmin dəbbə pulu tutulduqda zərərin yalnız dəbbə pulu ilə əhatə edilməyən hissəsi tutula bilər. Bundan əlavə hazırkı halda gecikdirilmiş borc məbləğinə həm dəbbə pulunun, həm də faizlərin hesablanması Mülki Məcəllənin 466cı maddəsinin tələblərinə də uyğun hesab edilə bilməz. Iddiaçının xahiş etdiyi 469,65 manat məbləğində faiz məbləği hazırkı qətnamə ilə tutulmuş dəbbə pulu məbləği (342,47 manat) ilə əhatə olunmadığı üçün, yuxarıda qeyd edilən normaların təhlilinə əsasən əlavə olaraq əldən çıxmış fayda qismində 127,18 manat (469,65 m -342,47 m =127,18 m) faiz borcunun tutulması üçün əsaslar mövcuddur. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin (bundan sonra – “MM”) 443.1, 445.7, 448.1, 448.2, 462.1, 466.1, 466.2, 466.3, 467, 567, 568.1, 579.1, 600.1, 600.4,, Mülki Prosessual Məcəllənin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1, 119.1, 218.3cü maddələrinə

11. istinadla əsaslandırmışdır.

12. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv olunması, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il # ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim – Z.Şirinov, hakimlər – L.Əliyeva və T.Mahmudova).

14. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq Kollegiya apellyasiya şikayətinin təhvil-təslim aktlarının olmaması dəlilinə münasibətdə göstərmişdir ki, tərəflərin səlahiyyətli şəxslərinin imza və möhrü ilə təsdiq edilmiş Müqavilənin 3.4-cü bəndinə əsasən satıcı Malların Alıcıya təhvil verilməsini Tərəflər arasında müvafiq qaydada imzalanacaq Təhvil-Təslim Aktı və ya elektron qaimə fakturalar əsasında həyata keçirəcək. Elektron qaimə-faktura Alıcıya təqdim edildikdən sonra 5 (beş) iş günü ərzində Alıcının hər hansı bir etirazı olmazsa mallar Alıcıya təhvil verilmiş hesab ediləcək. Üzləşmə aktı ilə cavabdehin özünün təsdiq etdiyi borcu sonradan təkzib etməsi vicdanlılıq prinsipinə ziddir.

15. Cavabdehin apellyasiya şikayətinin iddia olunan məbləğlərin düzgün hesablanmadığı və belə olan halda məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi zərurəti olduğu barədə dəlilinə münasibətdə məhkəmə göstərmişdir ki, cavabdeh borcun məbləğini hansı hissədə qəbul etmədiyini, hansı qaiməni və məbləği mübahisələndirdiyini bildirməmiş, ümumi ifadələrdən istifadə edərək formal mülahizələrə əsaslanmışdır. Birinci instansiya məhkəməsində icraat zamanı cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini –iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alınmışdır.

16. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 386.1, 398.1, 399.1, 425.1, 442, 445.2.1, 462.1, 466.1, 466.2, 466.3, 467, 567, 598.1, 600.1, 600.4, MPMin 14.2, 77.1, 88, 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

17. Cavabdeh kassasiya şikayəti verərək, onun ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

18. MM-in 567, 568.2, 570.1, 575.1-ci maddələri üzrə - e-qaimə alındıqdan sonra tərəfin xəbəri olmaması halında belə 5 gün keçdikdən sonra bu qaimə şəxs barəsində qanunsuz öhdəlik yaranması ilə nəticələnə bilər. Məhkəmə isə qeyd etmişdir ki, guya e-qaimələr cavabdeh tərəfindən şəxsən təsdiq edilmişdir. Üzləşmə aktları mahiyyət etibarilə borcu təsdiq edən sənəd olsa da, mühasibatlıq ekspertizası keçirilməsinə dair vəsatət və ərizələr vermək cavabdehin hüququdur. Məhkəmənin mühasibatlıq ekspertizası keçirilməsinə zərurət olduğunu qeyd edən cavabdehin eyni zamanda borcun məbləğini hansı hissədə qəbul etmədiyini, hansı məbləği mübahisələndirdiyini mütləq şəkildə bildirməli olduğunu hesab etməsi, cavabdeh tərəfindən sonuncuların edilməməsi səbəbindən məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə zərurət olmadığı qənaətinə gəlməsi yalnışdır. Birbaşa üzləşmə aktlarına və e-qaimələrə istinadən qərar qəbul etmək əsassız və qanunsuzdur. Kassasiya baxışı zamanı mühasibatlıq ekspertizası keçirilib borcun olub-olmaması müəyyən edilməlidir.

19. MPM-in 4.1, 9, 76, 77, 88, 217-ci maddələri üzrə - məhkəmə işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, cavabdeh tərəfin izahatında göstərilənləri nəzərə almamış, nəticədə isə iş üzrə ədalətsiz, qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Kassasiya baxışının hədləri

21. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

22. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 385. Öhdəlik anlayışı

385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.”

“Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı

Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

“Maddə 445. Borclunun icranı gecikdirməsi ... 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; ...” “Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.”

“Maddə 466. Zərər və dəbbə pulu 466.1. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. 466.2. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: 466.2.1. zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; 466.2.2. dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; 466.2.3. kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. 466.3. Öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məhdud məsuliyyətin müəyyənləşdirildiyi hallarda dəbbə pulu çatmayan və ya dəbbə pulundan yuxarı hissədə və ya onun əvəzinə ödənilməli olan zərər həmin məhdudiyyətlə müəyyənləşdirilmiş həddə qədər tutula bilər.”

“Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.”

“Maddə 567. Alğı-satqı müqaviləsi

Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

“Maddə 598. Alınmış əşyanın ödənilməsi

598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. …”

“Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.”

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”

“Maddə 88. Sübutların qiymətləndirilməsi

Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”

“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri

416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”

Kassasiya instansiya məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).

26. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarı).

27. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və onu da bildirir ki, şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.

28. Ekspertiza keçirilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, iş üzrə ekspertiza təyin edilməsi MPM-in 97.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya məhkəmənin öz təşəbbüsü ilə təyin edilir.

29. Göründüyü kimi ekspertiza təyin edilməsi məhkəmənin vəzifəsi deyil, hüququdur. Hazırkı halda işə baxan məhkəmələr həmin hüquqdan istifadə olunmasına lüzum görməmiş, bununla da məhkəmə kollegiyasının qənaətinə görə, hər hansı hüquq pozuntusuna yol verməmişdir.

30. Eyni zamanda birinci instansiya məhkəməsi zamanı cavabdeh tərəfindən belə bir əsaslandırılmış vəsatət təqdim edilməmiş, apellyasiya şikayətində ekspertiza keçirilməsinə zərurət olduğu göstərilmiş, apellyasiya məhkəməsi bununla bağlı göstərmişdir ki, cavabdeh borcun məbləğini hansı hissədə qəbul etmədiyini, hansı qaiməni və məbləği mübahisələndirdiyini bildirməmiş, ümumi ifadələrdən istifadə edərək formal mülahizələrə əsaslanmışdır.

31. Kollegiya qeyd edir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq norması düzgün tətbiq edilmişdir.

32. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

33. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının *-*(***)-****/**** nömrəli 2025-ci il # ###### qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar