Məhkəmə qərarları › İş №2-2(102)-114/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-114/2025

13.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-114/2025 13.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdehnə qarşı işi üzrə QƏRARİ Açar sözlər: müqavilə öhdəliklərindən irəli gələn mübahisələr, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 24 oktyabr tarixli 2-2(103)-882/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İddiaçı MMC ilə Cavabdeh MMC arasında 2019-cu il 15 noyabr tarixində topdan satış tarif müqaviləsi (bundan sonra – “Müqavilə”) bağlanmışdır.

2. Müxtəlif tarixlərdə göndərilmiş e-mail məktublarından görünür ki, Cavabdeh MMC tərəfindən “Boulevard Hotel”də müxtəlif otaqların rezervasiya olunması sifariş edilmişdir.

3. Cavabdeh MMC tərəfindən 2021-ci il 31 dekabr tarixinə İddiaçı MMC-yə cəmi 517.674,04 manat borcunun olması imza və möhür ilə təsdiq edilmişdir (2022-ci il 17 yanvar tarixli qarşılıqlı borcların üzləşdirmə aktı).

4. Cavabdeh MMC tərəfindən 10.000 manat ödəniş edilmişdir (2024-cü il 27 may tarixli mədaxil qəbzi).

5. Cavabdeh MMC-nin ümumi borcu 507.674,06 manat təşkil edir (2024-cü il 3 iyun tarixli maliyyə arayışı). İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) 2024-cü il 14 mart tarixində Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 517.674,04 manat məbləğində borcun, 807 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2019-cu il tarixində iddiaçı ilə cavabdeh arasında imzalanmış Müqavilə üzrə iddiaçı öhdəliklərini tam şəkildə icra etsə də, cavabdeh müvafiq ödənişləri icra etməyərək öhdəliklərini pozaraq, iddiaçıya ümumilikdə 517,674.04 manat məbləğində borcu yaranmışdır. Müqavilənin 5-ci maddəsində ödəniş şərtləri müəyyən edilmişdir. Bu ndan əlavə, Müqavilənin 3.3-cü maddəsinə əsasən, cavabdeh Müqaviləni pozduğu təqdirdə iddiaçıya kompensasiya ödəmək öhdəliyini daşıyır. Bundan başqa, cavabdeh Müqavilə üzrə borcunu 2022-ci il 17 yanvar tarixində imzaladığı qarşılıqlı borcların üzləşdirilməsi barədə aktlarda qəbul etsə də, ödənişin edilməsi üçün zəruri hərəkətləri etməyib.

8. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 6 iyun tarixli e-2-2(113)-2467/2024 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuş, cavabdehdən 507.674,06 manat borcun və dövlət rüsumunun əvəzi olaraq 807 manat pulun tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur (G.Namazova).

9. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış Müqavilənin 1.3-cü bəndinə əsasən müqaviləyə daxil olan büt ün tariflər 18% məbləğində ƏDV və bir gecəyə bir nəfər üçün 0.65 ABŞ dolları məbləğində bələdiyyə vergisi nəzərə alınmadan tətbiq olunacaqdır. Hökumət tətbiq edilən vergi tutumu ilə bağlı hər hansı dəyişiklik olduqda, otel qüvvəyə minən yeni vergi tutumunu dərhal tətbiq etmək hüququnu özündə saxlayır. Müqavilənin 5.1-ci bəndinə əsasən yerləşdirmə haqları şirkət tərəfindən nağd, kredit kartı və ya bank köçürməsi yolu ilə ödəniləcək. Müqavilənin 5.2-ci bəndinə əsasən tərəflər qarşılıqlı öhdəliklərinin Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnələrinə uyğun olaraq “Məzənnələr” bəndinə göstərilən məbləğdə manat ekvivalentində olduğunu və ödəniş tarixində mövcud olan məzənnəyə uyğun ödəniləcəyini təsdiqləyirlər. Lakin göstərilən xidmətlərin müqabilində qarşılıqlı üzləşmə aktı ilə bor c məbləği cavabdeh tərəfindən təsdiq edilsə də, həmin aktdan sonra cəmi 10.000 manat ödəniş edilmiş, qalan xidmət haqqı məbləğ cavabdeh tərəfindən ödənilməmişdir.

10. Birinci instansiya məhkəməsi bu qənaətini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 386.1, 390.1, 442-ci; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1, 106.1, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

11. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 24 oktyabr tarixli 2-2(103)-882/2024 nömrəli qətnaməsi ilə apel lyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən – Z.Şirinov, hakimlər – L.Əliyeva və T.Mahmudova).

13. Məhkəmə kollegiyası tərəfindən qeyd olunmuşdur ki, iddiaçı müqavilə, akt, maildən çıxarış və digər sübutlar təqdim etmişdir. 2022-ci il 17 yanvar tarixli qarşılıqlı borcların üzləşdirmə aktına əsasən, cavabdeh 2021-ci il 31 dekabr tarixinə iddiaçıya cəmi 517.674,04 manat borcu olmasını imza və möhürü ilə təsdiq etmişdir. Borc rezervasiya edilmiş hotel nömrələrinə görə yaranmışdır.

14. Cavabdeh apellyasiya şikayətində pandemiyanı əsas gətirərək onsuz da hotelin işləməyinə məhdudiyyət qoyulduğunu irəli sürərək iddianın rədd olunmasını xahiş etmişdir. Cavabdeh şikayətə əlavədə qeyd edilən aktı mübahisələndirərək əsassız hesab etmişdir.

15. Lakin məhkəmə araşdırma zamanı müəyyən etmişdir ki, iddiaçı tərəfindən xidmətlərin göstərilməsi nəticəsində cavabdeh tərəfindən müqavilə üzrə borcun olmasını təsdiq edən tərəflər arasında qarşılıqlı üzləşmə aktı tərtib edilmişdir və həmin üzləşmə aktında göstərilən məbləğdən 10.000 manat ödəniş edilmişdir. Cavabdeh üzləşdirmə aktını imza və möhürü ilə təsdiq etmiş, əlavə olaraq orda qeyd edilən məbləği qismən ödəmişdir. Cavabdehin bu hərəkətləri iddianın əsaslı olmasını göstərir. Cavabdeh aktın mötəbərliyini şübhə altına alsa da, mövqeyini əsaslandırmamışdır.

16. Həmçinin, məhkəmə cavabdehə bildiriş göndərmiş, əlavə olaraq sms bildiriş də göndərmişdir. Məhkəmə tərəfi iclas barədə məlumatlandırma vəzifəsini yerinə yetirmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 386.1, 390.1, 427.3, 442, 448.1, 448.2 və 448.3; MPM-in 14.2, 77.1, 88, və 372.6 maddələrinə istinad etməklə əsaslandırmışdır.

18. Cavabdeh kassasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. MM-in 385.1, 386, 427.3, 442, 448.1, 448.2-ci maddələri üzrə - Həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilmiş qətnamələr qanunsuz və əsassızdır, bu səbəbdən ləğv edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi işə səthi yanaşmış, işin faktiki hallarını və iş üçün əhəmiyyət kəsb edən halları araşdırmadan ədalətsiz qərar qəbul etmişdir. İş üzrə sübutları araşdırarkən MPM-in tələblərini nəzərə almamışdır. Məhkəmə qərar qəbul edərkən 2019-cu il 15 noyabr tarixli müqaviləyə istinad etmişdir. Halbuki həmin müqavilənin 5.3-cü maddəsində göstərilir ki, “Ödənişin sifariş əsnasında tələb edildiyi reklam qiymətləri ilə təklif edilən rezervasiyalar istisna olmaqla, bütün rezervasiyalar gəlişdən 24 saat əvvəl tam şəkildə qabaqcadan ödənilməlidir.” Həmin Müqavilənin 5.4-cü maddəsində göstərilir ki, “Ödəniş gəlməmişdən qabaq edilməzsə, yerləşmə haqqı Şirkətə hər hansı xəbərdarlıq edilmədən qonaq(lar)dan, mobil tətbiqlər, ödəniş terminalları, veb daxil olmaqla, lakin onlarla məhdudlaşmadan, günün pərakəndə satış məzənnəsi ilə nağd, kredit, yaxud alternativ ödəmə vasitələri ilə tutulacaq.” Buradan sual yaranır ki, əgər cavabdeh müqavilə şərtlərinə əsasən əvvəlcədən ödəniş etməli olduğu, lakin əvvəlcədən ödəniş etmədiyi halda iddiaçı hansı əsaslarla cavabdehin müştərilərinə xidmət göstərib? Bundan əlavə cavabdehin müştərilərinə xidmət göstəribsə belə, bu zaman iddiaçı qeyd edilən müqavilənin 5.4-cü maddəsinə əsasən xidmət göstərdiyi cavabdehin müştərilərindən xidmət haqqının ödənilməsini nə üçün tələb etməyib? Nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən bu halları ümumiyyətlə araşdırmayıblar.

20. Bundan əlavə, birinci instansiya məhkəməsi qərar qəbul edərkən yalnız iddiaçının təqdim etdiyi, iddiaçının özünün tərtib etdiyi və COVİD 19 pandemiyası səbəbindən cavabdehin hər hansı araşdırma aparmaqdan məhrum olaraq, yalnız mail üzərindən təsdiq etdiyi 2022-ci il 17 yanvar tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktına istinad etmişdir. Lakin birinci instansiya məhkəməsi elə iddiaçının özü tərəfindən elektron məhkəmə sisteminə sübut qismində yerləşdirilmiş, yenə də iddiaçının özünün tərtib etdiyi 2021-ci il 28 yanvar tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktına heç bir münasibət bildirməmişdir. Belə ki, 2021-ci il 28 yanvar tarixli aktda borc məbləği 578.052,04 manat göstərilsə də, iddiaçının təqdim etdiyi 2022-ci il 17 yanvar tarixli digər aktda borc məbləği 517.674,04 manat göstərilmişdir. İddiaçının özünün tərtib və təqdim etdiyi iki akt arasında borcun məbləğində göstərilən ziddiyyətin haradan yarandığı nə birinci, nədə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmışdır. İddiaçı aktda göstərilən məbləği təsdiq edən hər hansı mötəbər sübut – hər hansı ciddi hesabat blankı, elektron qaimə, elektron hesab-faktura, qaiməfaktura, kassa çeki, kassa mədaxil orderi və sair sənəd təqdim etməmişdir. Lakin hər iki instansiya məhkəməsi işin bu halını da araşdırmadan iddiaçının təqdim etdiyi, onlayn qaydada təsdiq edilmiş akt əsasında əsassız qərarlar qəbul etmişlər.

21. Bundan başqa, hər iki instansiya məhkəməsi işi tam, obyektiv və hər tərəfli araşdırmaq üçün iş üzrə ekspert və ya mütəxəssis cəlb etməmiş, ümumiyyətlə 507.674,04 manat borcun haradan yaranması mənbəyini araşdırmamışdır. Hər iki instansiya məhkəməsi qərar qəbul edərkən iddiaçı tərəfindən təqdim edilmiş ingilis dilində olan mail yazışmalarını mötəbər sübut kimi qəbul etmiş, lakin nə həmin mail yazışmalarının məhkəmə prosesinin aparıldığı Azərbaycan dil inə tərcümə edilməsini tələb etməmiş, nə də tərcüməçi dəvət edərək həmin mail yazışmalarını araşdırmamışdır, ümumiyyətlə sübutlar arasında olan ziddiyyətləri araşdırmamışdır.

22. Həmçinin öz mövqeyini əsaslandırmaq üçün kassator tərəfindən şikayətində Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 71-1.1.3-cü və MPM-in 11.3, 77, 88, 106.1, 217.1, 217.2, 386, 387.1, 403.1, 417.1.4-cü maddələrinə də istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək bildirmişdir ki, iş materiallarında olan 2021-ci il 28 yanvar tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktına əsasən, cavabdeh təşkilatın həmin tarixə olan borcu 578.052,04 manat olmuşdur. 2022-ci il 17 yanvar tarixli eyni adlı digər aktdan isə həmin tarixə borcun bir hissə sinin, təxminən 60.378 manatının ödənilməsi nəzərə alınmaqla, cavabdehin borcunun 517.674 manat təşkil etdiyi müəyyən edilmişdir. Hər iki akt cavabdeh şirkətin möhürü ilə təsdiqlənmiş və səlahiyyətli şəxs tərəfindən imzalanmışdır. Həmin aktların əsilləri hər iki instansiya məhkəməsinin hakimləri tərəfindən baxış keçirilərək tədqiq olunmuş və onların mötəbərliyi tam təsdiqini tapmışdır. Bu baxımdan, qeyd edilən iddia tələbinin predmetini təşkil edən məbləğin əsaslı olduğu və tərəflər arasında yaranmış işgüzar və müqavilə münasibətlərinə uyğun gəldiyi müəyyən edilmişdir. Buna görə də cavabdehin kassasiya şikayətində göstərdiyi kimi, ödənişlərin əvvəlcədən edilməsi ilə bağlı irəli sürülən dəlillər əsassızdır.

24. Həmçinin tərəfimizdən məhkəmələrə iddiaçı və cavabdeh arasında e-mail üzərindən aparılmış işgüzar yazışmalara dair sənədlərin ingilis dilində olan əsilləri və onların Azərbaycan dilinə tərcümə edilmiş variantları təqdim edilmişdir. Həmin sənədlər əsasında müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müqavilə münasibətlərinə uyğun olaraq, cavabdeh təşkilatın sifarişləri əsasında onların qonaqları üçün mehmanxana xidmətləri göstərilmiş və bu xidmətlər müqabilində müvafiq xidmət haqları yaranmışdır. Başqa sözlə, iddiaçı təşkilat öz üzərinə düşən öhdəlikləri tam icra etdiyi halda, cavabdeh təşkilat tərəfindən göstərilən xidmətlərə uyğun ödəniş həyata keçirilməmiş və həmin ödənişlərin edildiyini sübut edən hər hansı sənəd təqdim olunmamışdır.

25. Bundan əlavə, iş üzrə müvafiq ekspertizanın keçirilməsinin zəruriliyi və digər sənədlərin olmaması ilə bağlı irəli sürül ən dəlillərə münasibətdə qeyd edilməlidir ki, həmin dəlillər yuxarıda istinad etdiyimiz hər iki tərəfə aid işgüzar yazışmalar və aktlarla təkzib edilir və borc məbləği işin mübahisəsiz halıdır. Bu baxımdan, MPM-də ekspertiza keçirilməsi məhkəmənin üzərinə öhdəlik kimi qoyulmamış, məhkəmənin hüququ kimi nəzərdə tutulmuşdur. Buna görə də məhkəmələr tərəfindən ekspertiza keçirilməsinə zərurət olmamışdır. Kassasiya baxışının hədləri

26. Apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403.1 və 416-cı maddələri).

27. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını dü zgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

28. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər....” “Maddə

427. Öhdəliyin icrası müddəti... 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir....” “Maddə

442. Öhdəliyin ic ra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 448.3. Borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır....”

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

97. Məhkəmənin ekspertiza təyin etməsi 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir....” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə

407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər... 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnam ə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini aşağıdakı səbəblərdən əsassız hesab edir.

31. Müqavilə şərtlərinə əsasən cavabdeh əvvəlcədən ödəniş etməli olduğu, lakin əvvəlcədən ödəniş etmədiyi halda, iddiaçının hansı əsaslarla cavabdehin müştərilərinə xidmət göstərilməsi, cavabdehin müştərilərinə xidmət göstəribsə belə, iddiaçının xidmət göstərdiyi cavabdehin müştərilərindən xidmət haqqının ödənilməsini nə üçün tələb etməməsi, habelə iddiaçının özünün təqdim etdiyi 2021-ci il 28 yanvar tarixli və 2022-ci il 17 yanvar tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktlarında əks olunan borc məbləğləri arasında ziddiyyətin olması barədə halların məhkəmə tərəfindən araşdırılmamasına dair dəlillərlə əlaqədar qeyd olunur ki, bilavasitə işin faktiki halları ilə bağlı olan həmin dəlillər cavabdeh tərəfindən işə baxan məhkəmələrə təqdim olunmadığından, məhkəmələrdə müzakirə və qiymətləndirmə predmeti olmadığından hazırkı kassasiya icraatında onlara istinad edilməsi və bu dəlillər üzrə hüquqi dəyərləndirmə aparılması MPM-in 407.2-ci maddəsinin (bax § 29) tələbləri baxımından yolverilməzdir.

32. İddiaçının aktda göstərilən məbləği təsdiq edən hər hansı mötəbər sübut təqdim etməməsinə dair dəlillə əlaqədar qeyd olunur ki, mübahisələndirən qətnaməyə görə, iddiaçı müqavilə, akt, maildən çıxarış və digər sübutlar təqdim etmişdir. 2022-ci il 17 yanvar tarixli qarşılıqlı borcların üzləşdirmə aktına əsasən, 202 1-ci il 31 dekabr tarixinə iddiaçıya cəmi 517.674,04 manat borc olması cavabdehin imza və möhürü ilə təsdiq edilmişdir. Borc rezervasiya edilmiş hotel nömrələrinə görə yaranmışdır. Həmçinin qətnamədə qeyd olunmuşdur ki, həmin aktdan sonra cəmi 10.000 manat ödəniş edilmiş, qalan xidmət haqqı məbləğ cavabdeh tərəfindən ödənilməmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, cavabdeh tərəf qeyd olunanları təkzib etmək məqsədilə kassasiya şikayətində hansı hər hansı tutarlı dəlil gətirə bilməmişdir.

33. Bu səbəbdən məhkəmə kollegiyası məhkəmənin işi tam, obyektiv və hər tərəfli araşdırmaq üçün ekspert və ya mütəxəssis cəlb etməməsinə, ümumiyyətlə 507.674,04 manat borcun haradan yaranması mənbəyini araşdırmamasına dair dəlilləri də əsassız hesab edir. Mübahisələndirən qətnamədə göstərilmişdir ki, iddiaçı müqavilə, akt, maildən çıxarış və digər sübutlar təqdim etmişdir. Cavabdehin isə öz mövqeyini əsaslandırmaq üçün MPM-in 77.1-ci maddəsinin (bax § 29) tələblərinə uyğun olaraq işə baxan məhkəmələrə hər hansı mötəbər dəlil-sübut təqdim etməsi iş materiallarından görünmür. İş üzrə ekspertizanın təyin olunması isə əvvəla, MPM-in 97.1-ci maddəsinin (bax § 29) tələblərinə uyğun olaraq məhkəmənin vəzifəsi deyil, hüququdur. İkincisi isə, cavabdehin özünün də bu barədə məhkəməyə vəsatət verməsi iş materialları ilə öz təsdiqini tapmır.

34. Məhkəmənin qərar qəbul edərkən iddiaçı tərəfindən təqdim edilmiş ingilis dilində olan mail yazışmalarını mötəbər sübut kimi qəbul etməsinə dair dəlilə gəldikdə isə qeyd olunur ki, iş materiallarında sözügedən e-maillərin Azərba ycan dilinə olan tərcümələri mövcuddur (i/v 50-72).

35. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına, habelə qətnamənin ləğvinə səbəb ola bilən kobud prosessual hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 14.2, 77.1 və 88-ci maddələrinin (bax § 29) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 29) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

36. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 24 oktyabr tarixli 2-2(103)-882/2024 nömrəli qətnaməsi dəyişdiril mədən saxlanılmalıdır.

37. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 24 oktyabr tarixli 2-2(103)-882/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar