Məhkəmə qərarları › İş №2-2(102)-123/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-123/2024

25.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-123/2024 25.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı – satqı müqaviləsi, öhdəliyin pozulması ( və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Vəkil1 Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 31 oktyabr tarixli 2-2(107)-84/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. "xxxx" MMC ilə Cavabdeh Əhmədiyə oğlu arasında 2022-ci il 25 aprel tarixində bağlanmış ** nömrəli soya paxlası istehsalı və alğı-satqısı barədə müqavilənin predmeti sifarişçinin sifarişi əsasında icraçı tərəfindən Oğuz rayonu Qumlaq bələdiyyəsi ərazisində 15 ha sahədə soya paxlası əkinlərinin həyata keçirilməsi və sifarişçiyə təhvil verilməsindən ibarətdir. Müqavilə üzrə hər hektardan 3 ton olmaqla cəmi 45 ton soya paxlası istehsal edilməsi və satışı nəzərdə tutulmuşdur. İcraçı tərəfindən istehsal olunacaq və sifarişçi tərəfindən təhvil alınacaq məhsul bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə razılaşdırılan “soya paxlasının keyfiyyətinə dair tələblərə cavab verməlidir. Keyfiyyət tələblərinə tam uyğun olan məhsulun hər tonunun baza qiyməti 1.000 manat, müqavilənin ümum i dəyəri 45.000 manat təşkil edir. Məhsulun yekun təhvil qəbul qiyməti bu müqavilənin 4-cü bəndində göstərilən şərtlər əsasında müəyyən ediləcəkdir.

2. Müqavilənin 4.1-ci bəndinə əsasən, sifarişçi məhsulu icraçıdan məhsul biçildikdən sonra əkin sahəsində təhvil alır. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən, məhsul istehsalını bu müqaviləyə 3 saylı Əlavədə öz əksini tapmış müddətlərə və ardıcılığa uyğun olaraq icra etmək Həmin müqavilənin 6.6-cı bəndinə əsasən, məhsulu icraçıdan yerində təhvil alır, sahədən tərəziyə, qurudulma yerinə və oradan da anbara daşınmasını öz vəsaiti hesabına həyata keçirir. 3. 2022-ci il 25 aprel tarixli ** nömrəli müqaviləyə 3 saylı Əlavəyə əsasən, soya paxlasının becərilməsi üzrə texnoloji tədbirlərin yerinə yetirilməsi müddətləri və ardıcılığı müəyyənləşdirilmə klə tərəflərin imzaları və möhürlə təsdiq edilmişdir.

4. Dövlət reyestrindən çıxarışa əsasən, "xxxx" MMC-nin adı dəyişdirilərək İddiaçı MMC olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı (bundan sonra- “iddiaçı”) Cavabdeh Əhmədiyə oğluna (bundan sonra -“cavabdeh”) qarşı 2023-cü il 21 iyun tarixində iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən soya paxlası istehsalı və alğı-satqısı barədə 2022-ci il 25 aprel tarixli ** nömrəli müqaviləyə əsasən 18.650,76 manat qalıq borc məbləğinin və 200 manat məbləğində mediasiya xərcinin əvəzinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında soya paxlası istehsalı və alqı -satqı barədə 2022-ci il 25 aprel tarixli ** nömrəli müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən, cavabdeh Oğuz rayonu, Qumlaq Bələdiyyəsi ərazisində 15 ha torpaq sahəsində soya paxlası əkininin həyata keçirilməsi, hər hektardan 3 ton olmaqla cəmi 45 ton məhsulun istehsal edilərək iddiaçıya təhvil verilməsi barədə öhdəlik götürmüşdür. Müqavilənin şərtlərinə əsasən, iddiaçı tərəfindən cavabdehə 13.283,10 manat dəyərində toxum gübrə, dərman və avans qismində 8.550 manat məbləğində nağd pul olmaqla, ümumilikdə 21.833,10 manat məbləğində vəsait verilmişdir. Lakin cavabdeh üzərinə düşən öhdəlikləri icra etməmiş və müqavilənin 1.1 və 1.2-ci bəndləri ilə nəzərdə tutulmuş miqdarda məhsul verməmişdir. Belə ki, avans qismində ilkin ödəniş daxil olmaqla ümumilikdə ödənilmiş 21.833,10 manat məbləğində vəsaitin qarşılığında təhvil verilmiş məhsulun dəyəri 3.182,34 manat təşkil etmişdir. Bununla bağlı cavabdehə pretenziya məktubu göndərilsə də, yaranmış borc vəsaiti iddiaçıya ödənilməmişdir. Həmçinin iddiaçı tərəfindən cavabdehə ilkin mediasiya sessiyası barədə təklif göndərilmiş, lakin qarşı tərəf 2023-cü il 9 iyun tarixində keçirilmiş mediasiya sessiyasında iştirak etməmişdir.

7. Birinci instansiya məhkəməsində baxılarkən, cavabdeh iddia tələbinə münasibət bildirərək göstərmişdir ki, iddiaçı ilə 15 ha ərazi üçün müqavilə bağlanmış, buna uyğun avans və toxum alınmışdır. Lakin 12 ha ərazidə əkin aparılmış və 3 ha ərazinin toxumu və gübrəsi qaytarılmışdır. İddiaçı tərəf biçinə gecikmiş və bununla yanaşı biçin zamanı məhsulun bir hissəsi itkiyə məruz qalmışdır. İddiaçı tərəfində n verilmiş toxum məhsuldar deyildir.

8. Şəki Kommersiya Məhkəməsinin 2023-cü il 2 avqust tarixli e-2-2(117)698/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir (hakim R.Məcidov).

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, tərəflər aralarında bağlanmış müqaviləni alqı-satqı adlandırsalar da, onlar arasında qarışıq müqavilələr bağlanmışdır. Müqavilələrin alınmış avans dəyərinin soya paxlası şəklində qaytarılması hissəsi podrat müqaviləsi, borc qaytarıldıqdan sonra yetişdirilmiş paxlanın qalan hissəsinin satışı isə alğı-satqı müqaviləsi olmuşdur.

10. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən soya paxlası təhvil verilməyərək avans verilən borc və satılmış gübrə və toxumun dəyəri ödənilmədiyindən, tərəflər arasında alqı-satqı ol mamış, yalnız podrat müqaviləsindən irəli gələn münasibətlər mövcud olmuşdur.

11. İddianın hüquqi əsasına münasibətdə məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış 25 aprel 2022-ci il tarixli ** nömrəli soya paxlası istehsalı və alqısatqısı barədə müqavilənin predmeti sifarişçinin sifarişi əsasında icraçı tərəfindən Oğuz rayonu Qumlaq bələdiyyəsi ərazisində 15 ha sahədə soya paxlası əkinlərinin həyata keçirilməsi və sifarişçiyə təhvil verilməsindən ibarətdir. Müqavilə üzrə hər hektardan 3 ton olmaqla, cəmi 45 ton soya paxlası istehsal edilməsi və satışı nəzərdə tutulmuşdur. İcraçı tərəfindən istehsal olunacaq və sifarişçi tərəfindən təhvil alınacaq məhsul bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə razılaşdırılan “soya paxlasının keyfiyyətinə dair tələblərə cavab ve rməlidir. Keyfiyyət tələblərinə tam uyğun olan məhsulun hər tonunun baza qiyməti 1000 manat, müqavilənin ümumi dəyəri 45.000 manat təşkil edir. Məhsulun yekun təhvil-qəbul qiyməti bu müqavilənin 4-cü bəndində göstərilən şərtlər əsasında müəyyən ediləcəkdir. Müqaviləyə 1 saylı əlavə ilə soya paxlasının keyfiyyətinə dair tələblər, 2 saylı əlavə ilə 1 hektarda soya paxlası becərilməsi üzrə gəlirlər və xərclər və 3 saylı əlavə ilə soya paxlasının becərilməsi üzrə texnoloji tədbirlərin yerinə yetirilməsi müddətləri və ardıcıllığı müəyyənləşdirilməklə tərəflərin imzaları və möhürlə təsdiq edilmişdir.

12. Müqavilənin icrası ilə əlaqədar xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 3150 manat, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 3600 manat, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 450 manat və 1350 manat olmaqla ümumilikdə 8550 manat məbləğində avans, xx.xx.2022-ci il tarixli elektron qaimə ilə 9612,63 manat, xx.xx.2022ci il tarixli elektron qaimə ilə 3990 manat, xx.xx.2022-ci il tarixli elektron qaimə ilə 345,50 manat dəyərində toxum, gübrə, dərman vasitələri cavabdehə təhvil verilmişdir.

13. Müqavilə şərtlərinə əsasən cavabdeh götürdüyü avans vəsaitin və təhvil aldığı malların dəyərini ödəməli və borcunu bağladıqdan sonra təhvil verməli olduğu soya paxlasının qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin cavabdeh müqavilənin şərtlərini yerinə yetirməməklə borcunu ödəməmişdir. Cavabdehin qeyd olunan məbləğdə avans götürməsi ödəniş tapşırıqları, dərman, toxum və gübrə təhvil verilməsi isə həm elektron qaimələr, həm də malların təhvil-qəbul aktları ilə öz təsdiqini tapır.

14. Elektron qaimə fakturalara münasibətdə məhkəmə qeyd etmişdir ki, həmin elektron qaimələr orada adı qeyd olunan malların cavabdeh tərəfindən qəbul edilməsini birbaşa təsdiq etməsə də, işin materiallarındakı sənədlərlə, yəni malların təhvil qəbul aktları, habelə cavabdehin məhkəmə hazırlıq iclasında verdiyi izahatı ilə əlaqəli şəkildə qiymətləndirildikdə müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən cavabdehə mal (toxum, gübrə, dərman) təhvil verilmişdir.

15. Məhkəmə işin qeyd olunan hallarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun luğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə əsaslanaraq belə qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən cavabdehə iddia tələbi həddində 18.650,76 manat məbləğində avans və mal (gübrə, dərman, toxum) təhvil verilməsi iş materialları ilə öz təsdiqini tapdığından və cavabdeh istər məhsul, istərsə də pul şəklində həmin məbləği iddiaçıya tam qaytarmadığından 18.650,76 manat məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

16. Məhkəmə cavabdehin izahatında “iddiaçı tərəfindən məhsulun gec biçilməsi və məhsuldarlığın zəif olması” ilə bağlı etiraz dəlilinə münasibətdə qeyd etmişdir ki, əvvəla bu halı, yəni cavabdeh tərəfindən iddiaçıya məhsulun biçini ilə bağlı müraciət edilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. E yni zamanda tərəflər arasında bağlanmış müqavilədə məhsulun məhz iddiaçı tərəfindən biçilməsi ilə bağlı onun üzərinə öhdəlik qoyulmamış, sadəcə olaraq müqavilədə 3 nömrəli əlavədə məhsulun biçini ilə bağlı qiymət göstərilmiş və cavabdeh də həmin qiymətlə razılaşmışdır. Tərəflər arasında bağlanmış müqavilə şərtlərinə əsasən zərurət yarandığı halda cavabdehin müraciəti əsasında dəyəri ödənilmək şərtilə sifarişçi olan iddiaçı məhsulun biçinini həyata keçirə bilər. Bundan başqa tərəflər arasında bağlanmış müqavilənin 4.1-ci bəndinə əsasən sifarişçi məhsulu icraçıdan məhsul biçildikdən sonra əkin sahəsində təhvil almalıdır. Göründüyü kimi, məhsulun mütləq qaydada sifarişçi olan iddiaçı tərəfindən biçilməli olması ilə bağlı tərəflər arasında heç bir razılaşma mövcud olmamışdır.

17. Məhkəmə gəldi yi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 385.1, 386.1, 442, 445.2, 448.1, 448.2, 752.1, 752.2-ci maddələrinə, "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 9 fevral tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına istinad etməklə əsaslandırmışdır.

18. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. Cavabdehin nümayəndəsi 2023-cü il 31 oktyabr tarixində vəsatətlə məh kəməyə müraciət edərək, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin mütəxəssisinin cəlb olunmasını və iş üzrə məhkəmə bioloji ekspertizasının təyin edilməsini xahiş etmişdir.

20. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 31 oktyabr tarixli qərardadı ilə vəsatət təmin olunmamışdır.

21. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 31 oktyabr tarixli 2-2(107)-84/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim E.Hüseynov, hakimlər G.Cavadova və V.Məlikov).

22. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nə ticə və hüquqi qiymətləndirmə ilə ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, cavabdeh istər birinci instansiya məhkəməsinin hazırlıq iclasında, istərsə də apellyasiya şikayətində iddiaçının ona 8550 manat nağd şəkildə avans məbləğini və 13950,14 manat dəyərində toxum, gübrə, dərman verməsini mübahisələndirməmişdir.

23. Apellyasiya şikayətinin “cavabdehin müqavilə üzrə üzərinə düşənləri icra etməsi və məhsulun vaxtında yetişməməsi, iddiaçının təqsirindən məhsulun yığılmasının gecikdirilməsi, yetişmiş məhsulun sahədə qalaraq xarab olması və yığılmış məhsulun isə iddiaçının almaqdan imtina etməsi səbəbli verilmiş toxum, gübrə və avans məbləğini geri ödəyə bilməməsi” ilə bağlı dəililinə münasibətdə məhkəmə qeyd etmişdir ki, cavabdeh həmin halları təsdiq edən sübutları işə baxan məhkəmələrə təqdim etməmişdir.

24. Məhkəmə apellyasiya şikayətinin “iddiaçının məhsulu biçdikdən təxminən bir ay sonra təhvil alaraq məhsulun orta keyfiyyət göstəricilərinin qəsdən aşağı düşməsinə səbəb olması və buna görə də məhsulu təhvil almaqdan imtina etməsi” dəillərini əsassız hesab edərək göstərmişdir ki, həmin halı təsdiq edən sübutlar işə baxan məhkəmələrə təqdim edilməmişdir. Eyni zamanda tərəflər arasında bağlanmış müqavilədə məhsulun məhz iddiaçı tərəfindən biçilməsi ilə bağlı onun üzərinə öhdəlik qoyulmamış, sadəcə olaraq müqavilədə 3 nömrəli əlavədə məhsulun biçini ilə bağlı qiymət göstərilmiş və cavabdeh də həmin qiymətlə razılaşmışdır. Tərəflər arasında bağlanmış müqavilə şərtlərinə əsasən zərurət yarandığı halda cavabdehin müraciəti əsasında dəyəri ödənilmək şərtilə sifarişçi olan id diaçı məhsulun biçinini həyata keçirə bilər. Bundan əlavə, müqavilənin 4.1-ci bəndinə, əsasən sifarişçi məhsulu icraçıdan məhsul biçildikdən sonra əkin sahəsində təhvil almalıdır.

25. Göründüyü kimi, məhsulun mütləq qaydada sifarişçi olan iddiaçı tərəfindən biçilməli olması ilə bağlı tərəflər arasında heç bir razılaşma mövcud olmamışdır. Cavabdeh (icraçı) yalnız məhsulun sifarişçi cəmiyyət tərəfindən vaxtında biçilməməsinə və təhvil alınmamasına istinad edir ki, həmin dəlillərə münasibətdə məhkəmə qeyd etmişdir ki, icraçı cavabdeh tərəfindən sifarişçi cəmiyyətə məhsulun biçini ilə bağlı müraciət edilməsini təsdiq edən sübutlar təqdim edilməmişdir.

26. Məhkəmə apellyasiya şikayətinin iddiaçının cavabdehə soya məhsulunun istehsalı zamanı sonuncu tərəfindən əlavə çəkilmiş xərclər üçün 7500 (y eddi min beş yüz) manat maddi zərər və 23350,5 (iyirmi üç min üç yüz əlli manat əlli qəpik) manat əldən çıxmış fayda olmaqla cəmi 30.850,5 manat məbləğində maddi zərər vurması barədə dəlillərini də, bu barədə mötəbər sübutların təqdim edilməməsi səbəbindən əsassız hesab etmişdir.

27. Apellyasiya şikayətinin iddiaçı tərəfindən müqavilənin 6.5-ci bəndinin tələblərinə əməl etməməsi ilə bağlı dəlili ilə bağlı məhkəmənin mövqeyi ondan ibart olmuşdur ki, müqavilənin sözügedən bəndində göstərilmişdir ki, sifarişçi əkinlərin sığorta haqqını ödəyir. Sığorta ödənişi ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, müqavilənin qeyd olunan bəndinə əsasən əkinlərin sığorta haqqını ödəmək sifarişçinin vəzifəsidir. Lakin icraçı əkin sahəsinin sığortalanması ilə bağlı heç bir sənəd təqdim etməmişdir ki, be lə olan halda da iddiaçı tərəfindən sığorta haqqının ödənilməsindən söhbət gedə bilməz. Cavabdeh sığorta şirkəti ilə sığorta müqaviləsini bağlamalı və iddiaçı isə onun dəyərini ödəməlidir.

28. İşin materiallarında iddiaçı tərəfindən yerində monitorinq keçirilməsi barədə hesabatlar və fotoşəkillər olduğundan məhkəmə apellyasiya şikayətinin sifarişçi tərəfindən məhsulun istehsalı zamanı nəzarət funksiyasını yerinə yetirməməsi barədə dəlili ilə də razılaşmamışdır.

29. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayəti formal mülahizələrdən ibarət olmuş, həmin dəlilləri təsdiq edən sübutlar təqdim olunmamışdır.

30. Məhkəmə cavabd ehin nümayəndəsi və vəkilinin sifarişçinin icraçıya təqdim etdiyi toxumun keyfiyyətinin müəyyən edilməsi və sertifikatı (mənşəyi) barədə mütəxəssis rəyinin alınması, eyni zamanda toxumun məhsuldarlığı, toxumun böyüməsinin (inkişaf etməsinin) icraçının bitkiyə (toxuma) düzgün qulluq etməməsindən, yoxsa toxumun keyfiyyətundən, torpaq sahəsinin mineral tərkibindən, o cümlədən iqlim şəraitindən asılı olub olmamasının müəyyən edilməsi üçün məhkəmə bioloji ekspertizasının keçirilməsi barədə vəsatətinə münasibət bildirərək qeyd etmişdir ki, soya paxlası bitkisi birillik bitkidir. İşin materiallarından da göründüyü kimi tərəflərlər arasında mübahisə 2022-ci ildə yaranmışdır. Yəni, soya paxlası məhsulu 2022-ci ildə əkilib becərildiyindən vəsatətdə qoyulmuş sualların cavablandırılmasının mümkün olma yacağı əvvəlcədən bəllidir. Eyni zamanda iş materiallarına iddiaçı tərəfindən cavabdehə əkmək üçün verdiyi soya toxumunun sertifikatı (mənşə məlumatları) əlavə edilmişdir. Sertifikatda toxumun laborator müayinəsinin nəticələri öz əksini tapmışdır. Həmin sertifikatdan (mənşə məlumatlarından) görünür ki, iddiaçı tərəfindən cavabdehə əkmək üçün yüksək keyfiyyətli toxum verilmişdir.

31. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv olunması və işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

32. MM-in 5.3, 16.1, 448.2, 556.2-ci maddələrinin tələbləri pozulmuşdurapellyasiya məhkəməsi mülki hüquq subyektləri tərəfindən riayət o lunub olunmadığı, yəni müqavilə üzrə tərəflərin öz hüquq və vəzifələrini vicdanla həyata keçirib keçirmədiyini araşdırmamışdır. Məhkəmə tərəflər arasında bağlanmış “soya paxlası istehsalı və alğı-satqısı” barədə müqaviləni düzgün təfsir etməmiş və tərəflər arasında bağlanmış qarışıq müqavilənin birinci hissəsini podrat müqaviləsi kimi təfsir etməsində haqlı olmamışdır. Əgər tərəflər arasında bağlanmış müqavilə üzrə cavabdehin üzərinə qoyulmuş öhdəlik razılaşdırılmış muzd qarşılığında hər hansı iş görməkdirsə, yəni soya paxlası əkinlərinin həyata keçirilməsindən ibarətdirsə, onda tərəflər arasında yaranmış münasibət podrat müqaviləsindən irəli gələn münasibətlər hesab edilməlidir. Burada cavabdeh əvvəlcədən razılaşdırılmış muzd qarşılığında işi lazımınca icra edərək sifarişçi tərəfindən ver ilmiş toxumu əkmiş və becərmişdir. Tərəflər arasında bağlanmış müqavilə üzrə cavabdehin üzərinə qoyulmuş öhdəlik razılaşdırılmış muzd qarşılığında hər hansı məmulatın və ya əvəz edilən əşyanın hazırlanmasından ibarətdirsə yəni cavabdehin öhdəliyi əvvəlcədən razılaşdırılmış muzd qarşılığında soya məhsulunun istehsal etməsidirsə, bu əkinçilik nəticəsində əldə edilmiş və hələ emal olunmamış kənd təsərrüfatı məhsulları podrat müqaviləsinin predmeti kimi qəbul edilə bilməz. Müqavilə münasibətlərinə görə, tərəflər arasında bağlanmış qarışıq müqavilənin birinci hissəsində öhdəliyin icrasının mahiyyətinə (soya məhsulunun istehsalına) daha çox xidmət müqaviləsi sayılan tapşırıq müqaviləsi uyğun gəldiyindən, həmin müqavilə haqqında normalar tətbiq olunmalı idi. Podrat müqaviləsində öhdəliyin icras ının mahiyyətinə əsasən, podratçı konkret nəticənin əldə olunmasına təminat verir. Lakin tərəflər arasında bağlanmış qarışıq müqavilənin birinci hissəsində cavabdehin öhdəliyi soya məhsulunun istehsalıdır. Əkinçilik nəticəsində kənd təsərrüfatı məhsullarının əldə edilməsinə isə icraçı tərəfindən təminat verilə bilməz. Nəticədə soya məhsulu torpaqdan əldə olunan məhsuldur və o, hər hansı üsulla hazırlanmır. Müqavilənin 5.2-ci bəndində məhsul istehsalının bu müqaviləyə 3 saylı əlavədə öz əksini tapmış müddətlərə və ardıcıllığa uyğun olaraq icra etmək icraçının vəzifəsi kimi qeyd olunmuşdur. Həmin müqaviləyə 3 saylı əlavəyə görə, məhsulun yığımı, yəni biçimi yalnız dəndə nəmliyin miqdarı 13-14% olduqda mümkündür. Bu da onu göstərir ki, dəndə nəmliyin miqdarını icraçı deyil, yalnız sifarişçini n nümayəndəsi baxış keçirdikdən və dəndəki nəmliyin miqdarı yoxlandıqdan sonra biçilməlidir. Odur ki, sifarişçi tərəfindən texniki şərtlər pozulduğuna görə məhsul biçimi gecikmişdir.

33. Tərəflər arasında 2022-ci il 25 aprel tarixində bağlanmış ** nömrəli müqavilənin müddəti 2022-ci il 1 oktyabr tarixdə başa çatmasına və həmin müqavilənin 4.1 və 6.6-cı bəndlərinə əsasən iddiaçı məhsulu cavabdehdən məhsul biçildikdən sonra əkin sahəsində yerində təhvil almalı olmasına baxmayaraq, iddiaçı məhsulu biçdikdən təxminən bir ay sonra təhvil alaraq məhsulun orta keyfiyyət göstəricilərinin qəsdən aşağı düşməsinə səbəb olmuş və nəticədə məhsulu təhvil almaqdan imtina etmişdir. Bununla da, iddiaçı cavabdehə soya məhsulunun istehsalı zamanı cavabdeh tərəfindən əlavə çəkilmiş xərclər üçün 7.500 manat ma ddi zərər və 23.350,50 manat əldən çıxmış fayda olmaqla cəmi 30.850,50 manat məbləğlərdə maddi zərər vurmuşdur. Bundan başqa həmin müqavilənin 6.5-ci bəndinə əsasən əkinlərin sığorta haqqını ödəmək iddiaçının vəzifəsi olmuşdur. Müqavilədən göründüyü kimi, əkinlərin sığortalanmasını təşkil etmək və sığorta haqlarını ödəmək vəzifəsi iddiaçının üzərinə qoyulmuşdur. İddiaçı müqaviləni bağlayarkən cavabdehin hüquqi savadsızlığından istifadə edərək müqavilənin bu bəndini icra etməmişdir. Göründüyü kimi iddiaçı müqavilənin bəndlərinə riayət etməmiş, yəni məhsulun istehsalı zamanı nəzarət funksiyasını yerinə yetirməmişdir. Hər hansı nöqsan olduğu halda bu barədə cavabdehə heç bir xəbərdarlıq edilməmiş və müqavilənin bəndlərinin pozulmasında iddiaçının marağı olmuşdur.

34. MPM-nin 9, 14.1, 66, 76, 88, 217-ci maddələrinin tələbləri pozulmuşdur- MPMin 5.3, 9, 14.1, 16.1, 66, 76, 88 və 217-ci maddələrinin tələbləri pozulmuşdur-məhkəmə müqavilə üzrə tərəflərin öz hüquq və vəzifələrini vicdanla həyata keçirib keçirmədiyini araşdırmamışdır. Məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Sübutların əldə edilməsi və müvafiq mütəxəssis, o cümlədən ekspert rəyinin alınması ilə bağlı vəsatətlərlə müraciət olunsa da, məhkəmə heç bir əsaslandırma aparmadan vəsatətlərin təmin olunmaması barədə qərar qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Kassasiya baxışının hədləri

36. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələnd irildiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

37. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

38. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi... 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər....” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

445. Borclunun icranı gecikdirməsi... 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. “Maddə

752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir....” “Maddə

777. Tapşırıq müqaviləsi 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.....” 39. “Aqrar sığorta haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

1. Əsas anlayışlar... 1.1.6. aqrar sığortalı – aqrar sığorta sistemi üzrə əmlak mənafeləri sığortalanan kənd təsərrüfatı məhsullarının istehsalçısı olan fiziki və ya hüquqi şəxs;... ” “Maddə

4. Aqrar sığortanın predmeti 4.1. Bu Qanunun tələblərinə uyğun olaraq aşağıdakılar aqrar sığortanın predmeti sayılır: 4.1.1. kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları (çoxillik əkmələr və onların məhsulu daxil olmaqla);...” “Maddə

12. Aqrar sığortalı 12.1. Aqrar sığortalı aqrar sığorta sistemi üzrə sığortalanmaq üçün vasitəçi aqrar sığortaçılar vasitəsilə aqrar sığorta informasiya sistemində qeydiyyatdan keçir və əmlak mənafelərinin bu Qanunla müəyyən edilən qaydada sığortalanması üçün idarəedici qurum ilə müqavilə bağlayır.

40. Azərbaycan Respublikası Mülki-Prosessual müddəalarında aşağıdakılar nəzərdə tutulur: Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut e tməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

97. Məhkəmənin ekspertiza təyin etməsi İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.....” “Maddə

103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir....” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....”

41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli qərarında göstərilmişdir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxl ayır (MPM-in 416.1- ci maddəsi). 43. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 42 0-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

44. Cavabdeh kassasiya şikayətinin maddi hüquq normalarının pozulmasına dair bu qərarın 32-ci bəndində qeyd olunan dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edilməsini zəruri hesab edir ki, MM-nin podrat müqaviləsinin anlayışını müəyyən edən 752-ci maddəsinin məzmunundan (məzmunu üçün bax bu qərarın 38-ci bəndi) əkinçilik məhsullarının hazırlanmasının (istehsalının) podrat müqaviləsinin predmeti ola bilməyəcəyi istisna edilməmişdir.

45. Cavabdehin istinad etdiyi xidmət müqaviləsinə gəldikdə, həmin növ müqavilə münasibətlərini tənzimləyən normalar MM-də nəzərdə tutulmadığından, qanunun analogiyası qaydasında, MM-nin həmin münasibətlərə mahiyyəti üzrə daha yaxın olan tapşırıq müqaviləsinə dair müddəaları tətbiq edilir. Belə ki, podrat müqaviləsindən fərqli olaraq, istər xidmət, istərsə də tapşırıq müqavilələrinin predmetini hər hansı maddiləşmiş konkret nəticənin əldə olunması deyil, müəyyən işin görülməsinin özü təşkil edir. Yəni, xidmət və tapşırıq müqavilələrinin icrasında sifarişçi üçün əhəmiyyətli olan əsas məqam iş prosesinin özüdür. Bu baxımdan tapşırıq müqaviləsinin anlayışını müəyyən edən MM-in 777.1-ci maddəsində (mətni üçün bax bu qərarın 38-ci bəndi) “konkret nəticə əldə olunmasına təminat vermədən” ifadəsi işlədilmişdir.

46. Baxılan iş üzrə isə, hər iki tərəf-həm sifarişçi (iddiaçı), həm də icraçı (cavabdeh) bilavasitə soya məhsulunun əldə olunmasında maraqlıdır. Belə ki, müqavilə şərtlərinə əsasən sifarişçinin (iddiaçının) iqtisadi maracı keyfiyyətli soya məhsulunu əldə etmək, icraç ının (cavabdehin) marağı isə məhsulun yetirdirilməsi üçün iddiaçı tərəfindən verilmiş vəsaitin qaytarılmasından sonra alqı-satqı qaydalarına əsasən daha çox məhsul satmaqdan ibarətdir.

47. Qeyd olunmalıdır ki, MM-in 752-ci məzmunundan aydın olur ki, podrat müqaviləsinə uyğun olaraq əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Baxılan işdə, podratın predmetini məhz əvəz edilən əşyanın-soya məhsulunun yetişdirilməsi təşkil etmişdir. Lakin gözlənilən nəticə alınmadığından, alqısatqı qaydalarının tətbiqinə əsas olmamışdır.

48. Məhkəmə kollegiyası göstərilənlərə əsasən cavabdehin kassasiya şikayətinin qeyd olunan dəlili ilə razılaşmır və hesab edir ki, tərəflər arasındakı müqavilə münasibətlərinin xarakterinə işə baxan məhkəmələr tərəfindən düzgün hüquqi qiymət verilmi şdir.

49. Kollegiya cavabdehin kassasiya şikayətinin bu qərarın 33-cü bəndində qeyd edilən, apellyasiya şikayəti ilə eyni məzmunlu dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır (bax yuxarıda bu qərarın 23-29-cu bəndləri). Həmin dəlillərlə bağlı həmçinin qeyd edir ki, cavabdeh iddiaçının təqsirli hərəkətləri nəticəsində ona 30.850,50 manat məbləğlərdə maddi zərər vurmasını göstərsə də, bu barədə hər hansı tələb irəli sürməmiş, eləcə də bununla əlaqədar zəruri, mötəbər sübutları təqdim etməmişdir.

50. Cavabdeh kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair bu qərarın 34-cü bəndində qeyd olunan dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edilməsini zəruri hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdeh tərəfindən verilmiş vəsatətə həm ayrıca akt şəklində qərardadda (i.v 133135), həm də qətnamədə hüquqi qiymət verilmiş, MPM-in 97.1-ci maddəsinin (bax bu qərarın 40-cı bəndi) tələblərinə əməl edilmişdir.

51. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

52. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 31 oktyabr tarixli, 2-2(107)-84/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir Hakimlər: K.N.Abiyeva B.F.Qəribov Z.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar