Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-128/2019 ALİ MƏHKƏMƏ AzərbaycanRespublikasıadından AzərbaycanRespublikasıAliMəhkəməsinin İnzibati-İqtisadiKollegiyası İddiaçı“xxxx” MMC-nin Cavabdeh qarşı iş üzrə QƏRAR iş № 2-2(102)-128/19 Bakı şəhəri 03 aprel 2019-cu il 03.04.2019 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclasının katibi Elgün Lətifovun iştirakı ilə, tərəflərin iştirakı olmadan, Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 01 noyabr 2018-ci il tarixli, 2-2(103)-605/2018 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İddiaçı “İddiaçı” MMC Cav abdehqarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,10.016,82 manat əsas borc, 14.724,72 manat cərimə borcu və 31 manat dövlət rüsumu olmaqla ümumilikdə 24.772,54 manat vəsaitincavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31 yanvar 2018-ci il tarixli, 2-2(82)27/2018 saylı qərardadı ilə (hakim Hökümə Babayeva) iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin edilmiş, ekspert tərəfindən 03 aprel 2018-ci il tarixli, 5789 saylı rəy verilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 iyun 2018-ci il tarixli, 2-2(82)-27/2018 saylı qətnaməsi ilə (hakim Zaur Tağıyev) iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 10.016,82 manat əsas borc və ödənilmiş dövlət rüsumuna görə 15,5 manat olmaqla, ümumilikdə 10.032,32 manat vəsaitin iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 01 noyabr 2018-ci il tarixli, 2-2(103)-605/18 saylı qətnaməsi ilə (sədrlik edən Cahangir Yusifov, hakimlər Valeh Ağayev və Afaq Nuriyeva) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsinin qətnaməsi Apellyasiya instansiya məhkəməsinin qətnaməsində işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. Tərəflər arasında 02 oktyabr 2015-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin: 1-ci bəndində nəzərdə tutulmuşdur ki, satıcı 2-ci maddədə göstərilən mal ı alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malı qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür; 2-ci bəndinə əsasən, alqı-satqı obyekti olan malın adı və miqdarı qaimə fakturaya əsasən müəyyən olunur; 3.1-ci bəndinə əsasən, malın qiyməti qaimə-fakturaya əsasən müəyyən olunur. 3.3-cü bəndinə əsasən, ödənişi qabaqcadan və ya satıcıdan bilavasitə təhvil alınarkən həyata keçirilməli olan malın dəyəri nağd olaraq və ya nağdsız qaydada 3 iş günü müddətindən gec olmamaq şərti ilə satıcının hesablaşma hesabına ödənilir. İddiaçı tərəfindən ********** saylı VÖEN-lə sahibkarlıq fəaliyyəti göstərən cavabdehin adına ünvanlanmış üç eyni – 08 oktyabr 2015-ci il tarixli qaimə-fakturalara əsasən, ümumilikdə 10.016,82 manat dəyərində mallar “Vüqar Hacıyev” adlı şəxs tərəfin dən imzası qoyulmaqla təhvil alınmışdır. İddiaçının direktoru ilə cavabdeh tərəfindən tərtib olunmuş “Qarşılıqlı üzləşmə akt”ından görünür ki, 14 yanvar 2016-cı il tarixinə cavabdehin iddiaçıya 10.016,82 manat məbləğində borc vəziyyəti qarşılıqlı imzalarla təsdiq olunmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən 31 yanvar 2018-ci il tarixli qərardadına əsasən, aparılmış məhkəmə xətşünaslıq ekspertizasının nəticələrinə əsasən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekpertizası Mərkəzinin 03 aprel 2018-ci il tarixli 5789 saylı ekspert rəyi ilə gəlinən nəticənin 1-ci hissəsi ilə müəyyən olunmuşdur ki, cavabdehin qarşılıqlı üzləşmə aktındakı imzası ilə onun adından verilmiş 11 aprel 2017-ci il tarixli etibarnamədə əks olunmuş imza eyni şəxs tərəfindən icra olunmuşdur. İşin bu hallarına və sübutlara əsaslanmaqla apellyasiya məhkəməsi bildirmişdir ki, cavabdehin qarşılıqlı üzləşmə aktını imzalamaqla iddiaçıya olan 10.016,82 manat məbləğində borcunu təsdiq etməsi və həmin məbləğin üç faktura üzrə onun adına ünvanlanmış və “Vüqar Hacıyev” adlı şəxs tərəfindən təhvil alınan malların dəyəri ilə eynilik təşkil etməsi cavabdehin həmin malları alaraq onlardan faydalandığını sübut edir. Bu səbəbdən məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı 02 oktyabr 2015-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən öz öhdəliyini yerinə yetirmiş, lakin cavabdeh həmin müqavilələrdən irəli gələn öhdəliyini pozmuşdur. Gəldiyi nəticəni apellyasiya məhkəməsiAzərbaycan Respublikası Mülki Məcəlləsinin 441.4, 443.1, 567-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonunc u qətnamədən cavabdeh kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh şikayətində bildirmişdir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi, müqaviləyə edilmiş 02 oktyabr 2015-ci il tarixli, 01 saylı əlavə və 11 aprel 2017-ci il tarixli etibarnamədə öz əksini tapmış imzalar ona məxsus olmamışdır. Habelə, malların təqdim olunmasına dair qaimə-takturalar onun tərəfindən imzalanmamış və həmin mallar onun tərəfindən qəbul olunmamışdır. Bu səbəbdən cavabdeh hesab edir ki, üzləşmə aktı onun iddiaçıya borcunun olmasını sübut etmir. Kassasiya şikayətində göstərilən dəlilin hüquqi əsası kimi cavabdeh Azərbaycan Respublikası Mülki Məcəlləsinin 568.1, 570.1, 570.1.2-ci madd ələrinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsaslanmaqla işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM-nin) 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qətnamənin ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qətnamənin tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Apellyasiya məhkəməsinin gəldiyi nəticəyə görə tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər yaranmış, həmin müqavilədə nəzərdə tutulmuş öhdəlikləri iddiaçı icra etmiş, lakin cavabdeh onları icra etmədiyindən iddiaçı qarşısında onun məsuliyyəti yaranmışdır. Bu mövqeyi mübahisələndirən cavabdehin kassasiya şikayətində bildirdiyi dəlil mahiyyət üzrə müqavilə münasibətlərinin olmadığı ilə əlaqədardır. Məhkəmə kollegiyası dəlillə razılaşmadığını qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonar Mülki Məcəllə): - 329-cu maddəsinə əsasən, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsız dır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; - 331-ci maddəyə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Tərəflərin razılaşmasında əqdin formasının uyğun gəlməli olduğu əlavə tələblər (müəyyən formalı blankda tərtib etmə, möhürlə təsdiqləmə və i.a) müəyyənləşdirilə bilər və bu tələblərə riayət edilməməsinin nəticələri nəzərdə tutula bilər; - 406-cı maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə (…) bağlana bilər. - 567-ci maddəyə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməli, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Sadalanmış bu müddəaların mənasına görə, əqdlər, o cümlədən müqavilələr şifahi və ya sadə yazılı formada da bağlanıla bilərlər. Müqavilənin yazılı qaydada bağlanması məcburiliyi yalnız Məcəllədə həmin növ müqavilə üçün müəyyən edildiyi təqdirdə həmin müqavilə etibarlı hesab edilməlidir. Alqı-satqı müqavilələrə münasibətdə onların mütləq qaydada yazılı formada bağlanması müə yyən edilməmişdir. Bununla yanaşı, belə müqavilələr sadə yazılı formada bağlandığı halda, yazılı formada bağlanan müqavilə üçün nəzərdə tutulmuş şərtlərlə cavab verməlidir. Belə şərtlərə müqavilənin tərəflər arasında imzalanması aid olmuşdur. İddiaçının tərəflər arasında alqı-satqı münasibətlərin yaranmasına əsaslandığı 02 oktyabr 2015-ci il tarixli müqavilədə “Alıcı” qrafasıbda olan imzanın cavabdehə məxsus olmadığı məhkəmə ekspert rəyi ilə müəyyən edilmişdirr. Lakin apellyasiya məhkəməsinin iddiaçı tərəfindən təqdim edilmiş digər sübutlara əsaslanmaqla gəldiyi nəticəni məhkəmə kollegiyası əsaslı hesab edir. Mülki Məcəllənin: - 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbl əğini (qiyməti) ödəməyi öhdəsinə götürür; - 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur; - 570.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır: 570.1.1. müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda; - 598.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Maddələrin tələblərindən göründüyü kimi, alqı-satqı müqaviləsinin mahiyyətinə görə sat ıcı əşyanı alıcıya verməlidir. Ümumi qayda olaraq satıcının əşyanı alıcıya vermək vəzifəsi əşyanın alıcının göstərdiyi şəxsə təhvil verildiyi məqamda icra edilmiş hesab olunur. Apellyasya məhkəməsinin işin müəyyən edilmiş hallarına görə, iddiaçı tərəfindən cavabdehin adına ünvanlanmış üç eyni – 08 oktyabr 2015-ci il tarixli qaimə-fakturalara əsasən, ümumilikdə 10.016,82 manat dəyərində mallar “Vüqar Hacıyev” adlı şəxs tərəfindən imzası qoyulmaqla təhvil alınmışdır. “Qaimə-faktura” öz mahiyyətinə görə sahibkarlıq fəaliyyətini həyata keşirilən şəxslər arasında maliyyə-təsərrüfat fəaliyyətində əmtəə-pul dövriyyəsini əks etdirən, forma və rekvizitləri müəyyən olunmuş qaydada təsdiq edilən, xüsusi seriya və nömrəsi olan ilkin uçot sənədidir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti nin 27 avqust 2004-cü il tarixli, 118 saylı qərarı ilə təsdiq edilmiş «Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları»nın: - 1.4-ci bəndinə əsasən, ciddi hesabat blankları təşkilati-hüquqi formasından asılı olmayaraq, təşkilatların və fərdi sahibkarların maliyyə-təsərrüfat fəaliyyətində əmtəə-pul dövriyyəsini əks etdirən, forma və rekvizitləri müəyyən olunmuş qaydada təsdiq edilən, xüsusi seriya və nömrəsi olan ilkin uçot sənədidir; - 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən təşkilatların və fərdi sahibkarların iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının forma və rekvizitləri qanunvericilikdə nəzərdə tutulmuş hallar is tisna olmaqla Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilir. Zamana görə qüvvədə olmuş Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının 22 dekabr 2005-ci il tarixli qərarı ilə “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun tərtib olunmuş ciddi hesabat blankları”nın forma və rekvizitləri” təsdiq edilmişdir və 4 saylı əlavə kimi “Qaiməfaktura”ların foma və rekvizitləri əks olunmuşdur. Həmin rekvizitlərə görə, sahibkarlıq fəaliyyətini həyata keçirən şəxslərə dair məlumatların, qiymətlilərin adı və ölçüləri və s., habelə qiymətlilərin məbləği, təhvil verən və təhvil alanın soyadlarınən və imzaların göstərilməsi zəruri olmuşdur. Maddələrin tələblərinə uyğun olaraq apellyasiya məhkəməsi təqdim edilmiş qaiməf akturaları tərəflər arasında alqı-satıq müqaviləsinin bağlanmasını sübuta yetirən sənəd kimi qəbul etmişdir, hətta belə cavabdehin adından malları alan şəxsin cavabdehin işçisi olduğu təqdim edilmiş sübutlarla öz təsdiqini tapmasa belə. Belə ki, həmin qaiməfakturalarda əks olunmuş məbləğin cəmi cavabdehin imza etdiyi 14 yanvar 2016-cı il tarixli “Qarşılıqlı üzləşmə aktı” ilə öz təsdiqini tapmışdır. Həmin imzanın cavabdehə məxsusluğu məhkəmə ekspert rəyi ilə sübuta yetirilmişdir. Qeyd edilmiş hala münasibətdə Mülki Məcəllənin: - 433.2-ci maddəsinə əsasən, əgər öhdəliyin icrasını ixtiyarsız şəxs qəbul edərsə, öhdəlik kreditorun buna razılıq verməsi və ya bu icradan fayda götürməsi şərti ilə icra olunmuş sayılır; - 882.1-ci maddəsinə əsasən, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verə n şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir; - 882.5-ci maddəsinə əsasən, əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Maddələrin tələblərindən göründüyü kimi, öhdəliyin icrasını ixtiyarsız şəxs qəbul etsə belə, kreditor tərəfindən öhdəlik borcun etirafı kimi qəbul edilərsə, həmin öhdəlik icra edilmiş hesab olunmalıdır. Qeyd edilmiş əsaslara görə məhkəmə kollegiyası apellyasiya məhkəməsinin apardığı hüquqi qiymətləndirməni və gəldiyi nəticəni düzgün hesab edir. Bundan başqa, cavabdeh həmçinin 11 aprel 2017-ci il tarixli etibarnamənin də onun tərəfindən imzalanmadığını bildirsə də kassasiya şikayətində həmin məsələyə aydınlıq gətirilməmişdir. Belə ki, həmin etibarnamə cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş və etibarnamədə onun təmsil olunması üçün səlahiyyət verilmiş Nümayəndə2 məhkəmə iclaslarında cavabdehin nümayəndəsi kimi iştirak etmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının istinad etdiyi əsas üzrə hüquqi qiymətləndirmənin aparılması qeyri-mümkündür. Əks halda məhkəmə kollegiyası tərəfindən bildirilmiş dəlil üzrə öz təşəbbüsü ilə hüquqi əsaslandırmanın aparılması Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsində müəyyən olunmuş “Ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi” prinsipinə və kassasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən həmin mülki prosessual qanunvericiliyin tələblərinə zidd olmuş hesab edilməlidir. Məsələyə münasibətdə məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında ifadə edilmiş aşağıdakı hüquqi mövqeyinin xatırlatmasını zəruri hesab edir. Ümumiyyətlə, Mülki Prosessual Məcəllədə işlərə məhkəmə orqanlarında baxılmasının iki qaydası fərqləndirilir: 1) iddianın əsasını təşkil edən faktlar üzrə işlərə baxılması, 2) maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsinin yoxlanılması. Bu Məcəllənin normalarının təhlilindən aydın olur ki, birinci v ə apellyasiya instansiyası məhkəmələri faktlar üzrə işə baxdığı halda, kassasiya və əlavə kassasiya qaydasında isə yalnız hüquqi məsələlər üzrə işlərə baxılır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin vəzifəsinin ancaq bundan ibarət olması Mülki Prosessual Məcəllənin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin məcəllənin 407.2-ci maddəsinə görə, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kas sasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan, yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşdırır. Qeyd edilmiş hüquqi əsasla məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətində göstərdiyi dəlil üzrə qiymətləndirmənin aparılmasını mümkün hesab etmir, həmin dəlil istər maddi, istərsə də prosessual hüquq normasının tətbiqi baxımından da hər hansı bir qaydada əsaslandırılmamışdır. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalananlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qətnamənin ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikaı MPM-nin 417.1.1-ci maddəsinə əsasən, kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 01 noyabr 2018-ci il tarixli, 2-2(103)-605/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-2(102)-128/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-128/2019
03.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver