Məhkəmə qərarları › İş №e-2-2(3-6)-912/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-912/2026

10.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-912/2026 10.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ziya Allahverdi oğlu Şirinovun sədrliyi və məruzəsi ilə, X1 və X3 ibarət tərkibdə, İsmayılova Elnarə Məyiş qızının katibliyi ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı müqavilə üzrə borcun ödənilməsİ” tələbinə dair üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətİnə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İşin Halları

1. İddiaçı MMC (icraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında ## #### 2025-ci il tarixli xxxx/0207/25-** saylı xidmət müqaviləsi imzalanmışdır.

2. Müqavilənin 1.1-ci bəndinə əsasən sifarişçi bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Qoşma sənədlərə əsasən xidmətlərin göstərilməsini sifariş verir, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada adı gedən xidmətləri göstərməyi öz öhdəsinə götürür.

3. 2.1-ci bəndinə əsasən xidmətlərin göstərilməsi ilkin sifariş üzrə həyata keçirilir. Göstəriləcək xidmətlərin sifarişi Sifarişçi tərəfindən verilir.

4. 2.4-cü bəndinə əsasən icraçının yerinə yetirdiyi işlər bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan təhvil-təslim aktı imzalanmaqla sifarişçi tərəfindən təhvil alınır.

5. 4.1-ci bəndinə əsasən İcraçı göstərilən xidmətlər üçün gündəlik iş cədvəli tərtib edir. Hər növbəti ayın ilk 10 (on) iş günü ərzində xidmətlərin göstərilməsinə dair cədvəllər əsasında Təhvil-təslim aktı tərtib olunur, imzalanır və möhürlənir.

6. 4.5-ci bəndinə əsasən xidmət üzrə yerinə yetirilmiş işlərə görə hesablaşmalar Tərəflər Təhvil-təslim aktını təsdiq etdikdən sonra 30 (otuz) bank günü müddətində İcraçının Müqavilədə göstərilmiş bank hesabına köçürmə yolu ilə həyata keçirilməlidir.

7. 4.6-cı bəndinə əsasən sifarişçi xidmətə uyğun yerinə yetirilmiş işlər üzrə xidmət haqqını müəyyən edilmiş müddətde ödəmədikdə (gecikdirdikdə), Sifarişçi İcraçının tələbi ilə gecikmənin hər bir təqvim günü üçün gecikdirilən məbləğin 0.01% məbləğində İcraçıya cərimə ödəyəcəyinə dair öhdəlik götürür.

8. 5.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı gündən qüvvəyə minir və 12 (on iki) ay müddətində qüvvədə baalir

9. 5.2. Müqavilənin müddətinin bitməsinə ən azı 10 (on) iş günü qalmış bu Müqaviləyə xitam. vermək haqqında hər hansı bir tərəfin yazılı müraciəti olmadıqda, Müqavilənin müddəti növbəti 12 (on iki) ay müddətinə uzadılmış hesab edilir.

10. Cavabdeh MMC ilə İddiaçı MMC arasında imzalanan ##.##.2025-ci il tarixli xxxx/0207/25-01 nömrəli Xidmət Müqaviləsinə ##.##.2025-ci il tarixli, ** saylı Qoşmaya əsasən Liu Gong CLG 422 markalı ***-FA-*** D.Q.N.-li Qreyder ilə xidmətin göstərilməsi gündəlik iş vaxtı 08:00-18:00, gündəlik xidmət haqqı (ƏDV-siz), manatla 307.69 manat, aylıq xidmət haqqı (ƏDV-siz), manatla 8 000 manat müəyyən edilmişdir. 2-ci bəndə əsasən günlük xidmət haqqı aylıq xidmət haqqının (ƏDV-siz) 26-ya bölünməsi ilə, eyni şəkildə saatlıq xidmət haqqı günlük xidmət haqqının (ƏDV-siz) 10-a bölünməsi ilə çıxarılan dəyərə uyğun olaraq hesablanacaqdır.

11. Cavabdeh MMC ilə İddiaçı MMC arasında imzalanan ##.##.2025-ci il tarixli xxxx/0207/25-01 nömrəli Xidmət Müqaviləsinə ##.##.2025-ci il tarixli, ** saylı Qoşmada qeyd olunmuşdur ki, tərəflər arasında mövcud olan ##.##.2025-ci il tarixli xxxx/0207/25-01 nömrəli Xidmət Müqaviləsinə aşağıdakı məzmunda əlavə və dəyişikliklər edilməsi barədə bu əlavə razılaşmanı (Razılaşma) bağlayaraq razılığa gəldilər. Liu Gong CLG 930E markalı ***-FC-*** D.Q.N.-lı Tırtıllı Ekskavator ilə xidmətin göstərilməsi üzrə gündəlik iş vaxtı 08:00- 18:00, gündəlik xidmət haqqı (ƏDV-siz), manatla 357.14 manat, aylıq xidmət haqqı (ƏDVsiz), manatla 10 000 manat müəyyən edilmişdir. 2-ci bəndə əsasən Günlük xidmət haqqı aylıq xidmət haqqının (ƏDV-siz) 28-ə bölünməsi ilə, eyni şəkildə saatlıq xidmət haqqı günlük xidmət haqqının (ƏDV-siz) 10-a bölünməsi ilə çıxarılan dəyərə uyğun olaraq hesablanacaqdır.

12. ##.##.2025-ci il tarixli, ** saylı Qoşmaya əsasən CASE 570SV markal ***-FC- *** D.Q.N.-lı Ekskavator yükləyici ilə xidmətin göstərilməsi üzrə gündəlik iş vaxtı 08:00- 18:00, gündəlik xidmət haqqı (ƏDV-siz), manatla 203.70 manat, aylıq xidmət haqqı (ƏDVsiz), manatla 5 500 manat müəyyən edilmişdir. 2-ci bəndinə əsasən günlük xidmət haqqı aylıq xidmət haqqının (ƏDV-siz) 27-yə bölünməsi ilə, eyni şəkildə saatlıq xidmət haqqı günlük xidmət haqqının (ƏDV-siz) 10-a bölünməsi ilə çıxarılan dəyərə uyğun olaraq hesablanacaqdır.

13. Tərəflərin imzaları və möhürləri ilə təsdiq edilmiş ##.##.2025-ci il tarixli, ** saylı təhvil-təslim aktına əsasən iddiaçı tərəfindən cavabdehə 19 980.65 manat, ##.##.2025-ci il tarixli, ** saylı akta əsasən 29 328.99 manat, ##.##.2025-ci il tarixli, ** saylı akta əsasən 15 812.15 manat, ##.##.2025-ci il tarixli, ** saylı akta əsasən 15 203.66 manat məbləğində xidmətlər təhvil verilmişdir.

14. Ödəniş edilməsi üçün iddiaçı tərəfindən cavabdehə MT2511 seriyalı, ******** nömrəli, ##.##.2025-ci il tarixli, dəyəri 15203.6628 manat, MT2509 seriyalı, ******** nömrəli, ##.##.2025-ci il tarixli, dəyəri 29328.9968 manat, MT2510, 11630537, ##.##.2025 ci il tarixli, dəyəri 15812.1534 manat, MT2508, 10907206, ##.##.2025-ci il tarixli, dəyəri 19980.645 manat, MT2512, 12513424, ##.##.2026-cı il tarixli, dəyəri 6489.882 manat olan elektron qaimə-fakturalar göndərilmişdir.

15. Elektron qaimə-fakturalar üzrə çıxarışdan görünür ki, MT2511 seriyalı, ******** nömrəli e-qaimə “sistem tərəfindən təsdiqləndi”, MT2510, ******** nömrəli, MT2509 seriyalı, ******** nömrəli, MT2508, ******** nömrəli e-qaimələr “təsdiqləndi”, MT2512, ******** nömrəli e-qaimə isə “düzəlişə qaytarıldı” statusundadır.

16. ##.##.2025-ci il tarixli, **************** nömrəli bildirişə əsasən cavabdeh tərəfindən iddiaçıya 1800 manat, ##.##.2025-ci il tarixli, **************** nömrəli bildirişə əsasən 1800 manat, ##.##.2025-ci il tarixli ödəniş tapşırığına əsasən 10000 manat, ##.##.2025-ci il tarixli ödəniş tapşırığına əsasən 10000 manat məbləğində ödənişlər edilmişdir.

17. "xxxx" MMC-nin direktoru ilə İddiaçı MMC-nin direktoru arasında imzalanmış 01 Fevral 2025-ci il tarixli, ** saylı hüquqi və məsləhət xidmətlərinin göstərilməsinə dair müqavilənin 1.1-ci bəndinə əsasən sifarişçi icraçıya bu Müqaviləyə əsasən İddiaçı MMCnin hüquq və məsləhət xidmətlərin göstərilməsini tapşırır və göstərilən xidmətlərin müqabilində İcraçıya bu müqavilədə nəzərdə tutulmuş miqdarda və qaydada xidmət haqqı ödəməyi, İcraçı isə Sifarişçiyə bu Müqavilədə qeyd olunan xidmətləri (bundan sonra “Xidmətlər” adlandırılacaq) göstərməyi öz öhdəsinə götürür. 3.1-ci bəndinə əsasən sifarişçi icraçının bu Müqaviləyə uyğun olaraq yerinə yetirilmiş xidmətlərə görə təqdim etdiyi hesabfaktura və əlavə razılaşma əsasında İcraçıya hər bir iş üçün müvafiq məbləğdə (bütün vergilər daxil olmaqla) və iddia tələbinin 15 %-i miqdarında xidmət haqqı ödəyir.

18. Həmin müqavilənin qiymət razılaşma protokolunun 1.2.2-ci bəndinə əsasən sifarişçi icraçıya bu Müqaviləyə əsasən İddiaçı MMC-nin mülki işlər, kommersiya mübahisələri üzrə hüquqlarının və qanuni mənafelərinin məhkəməyə qədər və 1-ci instansiya məhkəməsində təmsil və müdafiə etmək xidmətlərinin göstərilməsini tapşırır (“X2” MMC-yə qarşı nəzərdə tutulmuş iddia tələbinə dair: Əsas məbləğlər - 20 967, 00 AZN (ƏDV daxil); A.2. Maddə 3.1.-ə (Ödənişlər) əlavə və dəyişikliklər. 3.1-ci bəndinə əsasən sifarişçi icraçının bu əlavə və dəyişikliklərə uyğun olaraq yerinə yetirilmiş xidmətlərə görə təqdim etdiyi hesab-faktura əsasında İcraçıya 2 000 (iki min) manat (ƏDV xaric) məbləğində xidmət haqqı ödəyir;

19. “xxxx” MMC tərəfindən İddiaçı MMC-yə hüquqi xidmət üzrə ödəniş edilməsi üçün MT2601 seriyalı, ******** nömrəli, ##.##.2026-cı il tarixli, dəyəri 2000 manat olan elekron qaimə-faktura göndərilmişdir.

20. ##.##.2026-cı il tarixli qəbzə əsasən iddiaçı tərəfindən 295 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinə ödənmişdir

Birinci instansiya məhkəməsindəki icraat

21. İddiaçı İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ## #### 2025 ci il tarixli xxxx/0207/25-** saylı xidmət müqaviləsi üzrə yaranmış 65 591,72 manat həcmində borc məbləğinin, borc öhdəliyinin vaxtında icra edilməməsinə görə 500 manat məbləğində faizin, vurulmuş zərərin əvəzi olaraq hüquqi xidmət üçün 2000 manat olmaqla ümumilikdə 68 091,72 manat məbləğində vəsaitin, eləcə də iddia ərizəsinin verilməsinə görə ödənilmiş 295 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı İddiaçı MMC (İcraçı) ilə Cavabdeh MMC (Sifarişçi) arasında ## #### 2025-ci il tarixli xxxx/0207/25-** saylı Xidmət Müqaviləsi imzalanmışdır. Müqavilənin 1.1-ci maddəsinin tələbinə əsasən, sifarişçi müqavilənin ayrılmaz tərkib hissəsi olan Qoşma sənədlərdə göstərilən xidmətlərin (İcraçının mülkiyyətində olan və xidmət müqaviləsi ilə xidmət aldığı xüsusi nəqliyyat vasitələri ilə xidmətlər) göstərilməsini Qoşma sənədlərdə göstərilən qiymətlər əsasında sifariş edir, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada həmin xidmətləri göstərməyi öhdəsinə götürüb. İddiaçı qeyd edilən müqavilə tələblərinə uyğun olaraq cavabdehə müvafiq xidmətləri göstərsə də, cavabdeh göstərilmiş xidmətlərə görə müqavilə üzrə nəzərdə tutulmuş xidmət haqqını ödəməyib. Nəticədə, cavabdehin iddiaçı qarşısında 65 591,72 manat həcmində borc öhdəliyi yaranıb. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi ilə bağlı dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borc öhdəliyini bugünədək icra etməmişdir. Cavabdeh aldığı xidmətlərə görə yaranmış borc öhdəliyini yerinə yetirməklə yanaşı, bu borcun vaxtında ödənilməməsinə görə müqaviləyə əsasən müəyyən edilmiş faiz məbləğini və eyni zamanda iddiaçıya vurulmuş zərəri də ödəməlidir. Müqavilənin 4.1-ci bəndinə əsasən, İcraçı göstərilən xidmətlər üçün gündəlik iş cədvəli tərtib edir. Hər növbəti ayın ilk 10 (on) iş günü ərzində xidmətlərin göstərilməsinə dair cədvəllər əsasında təhvil təslim aktı tərtib olunur, imzalanır, möhürlənir. Müqavilənin 4.2-ci bəndinə əsasən, işlərin/xidmətlərin dəyəri bu Müqaviləyə əlavə edilmiş Qoşma sənədlərdə müəyyən edilmiş bir vahidin qiyməti əsasında hər bir xidmət üzrə ayrıca müəyyən edilir. Müqavilənin 4.5-ci bəndinə əsasən, xidmət üzrə yerinə yetirilmiş işlərə gösrə hesablaşmalar tərəflər təhvil-təsvil aktını təsdiq etdikdən sonra 30 (otuz) bank günü müddətində müqavilədə göstərilmiş bank hesabına köçürmə yolu ilə həyata keçirilməlidir. Müqavilənin yuxarıda qeyd edilən bəndlərinə uyğun olaraq, iddiaçı tərəfindən xidmətlər görülərək cavabdehə təhvil verilsə də, iddiaçı tərəfindən 2025-ci ilin avqustundan bugünədək cavabdehin iddiaçı qarşısında 65 591,72 manat həcmində yerinə yetirilməmiş borc öhdəliyi vardır. Bu borcun yarandığını təsdiq edən e-qaimələr və təhvil aklatları, işlərin görüldüyünü təsdiq edən sübutlar ərizəyə əlavə edilib. Müqavilənin 4.6-cı maddəsinə əsasən, sifarişçi yerinə yetirilmiş işlər üzrə xidmət haqqını müəyyən edilmiş müddətdə ödəmədikdə, sifarişçi icraçının tələbi iləgecikmənin hər bir təqvim günü üçün gecikdirilən məbləğin 0,01%-i məbləğində icraçıya cərimə ödəmək öhdəliyi götürüb. Beləliklə, sifarişçi ödəməli olduğu 65 591,72 manat borc məbləğindən əlavə, bu vəsaiti əldə olunmuş razılıq üzrə icraçıya ödəməkdən boyun qaçırdığı üçün həmin vəsaitdən 500 manat məbləğində cərimə ödəməlidir.

23. Cavabdeh tərəf məhkəməyə elektron qaydada iddiaya etiraz ərizəsi ünvanlayaraq qeyd etmişdir ki, iddiaçı İddiaçı MMC tərəfindən tələb edilən məbləğlə Cavabdeh MMC-nin borclu olduğu faktiki məbləğ arasında kəskin fərq mövcuddur. Belə ki, etirazla birlikdə təqdim edilən 4 sayda təhvil-təslim aktından da aydın olur ki, iddiaçı tərəfindən göstərilən xidmətlər ümumilikdə 80.325, 45 (ƏDV daxil) manat təşkil edir. Göstərilən xidmətlər üzrə ümumilikdə tərəfindən iddiaçıya 23.600 (iyirmi üç min altı yüz) manat (ƏDV daxil) ödənilmişdir. Beləliklə, yerdə qalan faktiki borcun məbləği 56.725,45 manatdır (əlli altı min yeddi yüz iyirmi beş manat qırx beş qəpik)

24. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 443.1, 443.2, 449.1-ci maddələrinə istinad olunmuşdur.

25. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Cavabdeh 56 725 (əlli altı min yeddi yüz iyirmi beş) manat 45 (qırx beş) qəpik əsas borc, 500 (beş yüz) manat cərimə borcu olmaqla, cəmi 57 225 (əlli yeddi min iki yüz iyirmi beş) manat 45 (qırx beş) qəpik pul vəsaiti, hüquqi yardım üzrə 700 (yeddi yüz) manat və ödənilmiş dövlət rüsumunun 261 (iki yüz altmış bir) manat 68 (altmış səkkiz) qəpiyinin əvəzi tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

26. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** saylı qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilməsini, tələbin təmin edilmiş hissədə rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

Apellyasiya şikayətinin dəlilləri a) Cavabdeh Cavabdeh MMC qətnamədən apellyasiya şikayəti verərək, qətnaməsi ləğv edilməsini,iddianın tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

27. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Müqavilənin şərtlərinə görə xidmətlər ilkin sifarişlər, gündəlik iş cədvəlləri və təhvil-təslim aktları əsasında müəyyən edilməli idi. Lakin məhkəmə yalnız yekun aktlar və ödəniş sənədləri əsasında nəticəyə gəlmiş, ilkin sifarişlərin, gündəlik iş cədvəllərinin, texnikanın faktiki işləmə saatlarının, ƏDV daxil/xaric hesablaşmanın və ödənişlərin konkret hansı dövrə aid olmasının araşdırılmasını təmin etməmişdir iddiaçı tərəfindən təqdim edilən hesablaşma sənədlərindəki ziddiyyətləri, o cümlədən “düzəlişə qaytarıldı” statusunda olan elektron qaiməni və iddia məbləği ilə məhkəmənin müəyyən etdiyi məbləğ arasındakı fərqin səbəblərini yalnız iddiaçının xeyrinə olmayan hissədə qiymətləndirmiş, lakin qalıq borcun dəqiq müəyyən edilməsi üçün mühasibatlıq yoxlaması aparmamışdır. Dəbbə pulu/cərimə üzrə 500 manatın tutulması hissəsində məhkəmə maddi hüquq normalarını formal tətbiq etmişdir. İddiaçı hüquqi xidmət xərci kimi 2 000 manat tələb etmiş, məhkəmə isə 700 manatın tutulmasını məqsədəuyğun hesab etmişdir. Halbuki təqdim edilən hüquqi xidmət sənədlərinin hazırkı işə aidiyyəti sübuta yetirilməmişdir; qiymət razılaşma protokolunda başqa hüquqi şəxsə - “X2” MMC-yə qarşı nəzərdə tutulmuş iddia tələbindən bəhs olunur. Faktiki ödənişin edilməsi, görülmüş hüquqi yardımın məhz bu işə aid olması və həmin xərcin cavabdehdən tutulmasının zəruriliyi sübuta yetirilməmişdir. Bu halda hüquqi yardım xərcinin 700 manat hissəsinin belə tutulması əsassızdır. 28. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

30. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların cavabedehin olmadan baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

31. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

32. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

33. Maddə 389.3. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir.

34. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

35. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

36. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

37. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

38. Maddə 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

39. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

40. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

41. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilmir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

42. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

45. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

46. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Apellyasiya Baxışının Hədləri

47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

48. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin mübahisələndirilən hissədə yoxlanılması təşkil edir.

Apellyasiya İnstansiyası Məhkəməsinin Mövqeyi

49. Məhkəmə kollegiyası hesab edir ki, şikayətləri təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

50. Mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

51. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı İddiaçı MMC ilə cavabdeh Cavabdeh MMC arasında ## #### 2025-ci il tarixli xxxx/0207/25-** saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh xüsusi texnikalardan istifadə edilməklə müəyyən xidmətlərin göstərilməsini sifariş etmiş, iddiaçı isə həmin xidmətləri göstərməyi öz öhdəsinə götürmüşdür. Müqaviləyə əlavə edilmiş qoşmalarla müxtəlif xüsusi texnikalar üzrə xidmətlərin göstərilməsi, onların gündəlik iş vaxtı, gündəlik və aylıq xidmət haqları müəyyən edilmişdir.

52. Apellyator hazırda borcun məbləğinin düzgün hesablanmadığını mübahisələndirir.

53. Kollegiya apellyasiya şikayətinin məhkəmə mühasibatlıq ekspertizası keçirilməklə borc məbləğinin hesablanması dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh ##.##.2026-cı il tarixdə birinci instansiya məhkəməsində icraat zamanı iddia ərizəsinə etiraz ərizəsində göstərilmiş xidmətlərin ümumi dəyərinin 80.325,45 manat təşkil etdiyini, həmin məbləğdən 23.600 manat ödəniş etdiyini və qalıq borcun 56.725,45 manat olduğunu etiraf etmişdir. Beləliklə, tərəflər arasında göstərilmiş xidmətlərin həcmi və dəyəri faktiki olaraq mübahisələndirilməmişdir.

54. Məhkəmə kollegiyasi hesab edir ki, cavabdehin etriaf etdiyi borcun məbləğiin yenidən mübahisələndirməsi vicadanlılıq prinsipinə zidddir.

3. “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ##### 2023-cü il tarixli Qərarında da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...burada vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə də aydınlıq gətirmək vacib hesab edilir. Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır”.

55. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cərimə borcu ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, iddia ərizəsində 500 cərimə borcu qeyd olunmuş və məhkəmə işin hallarını, təmin olunan borcun məbləğini nəzərə alaraq iddianı bu hissədə tam təmin etmişdir.

56. Belə ki, Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır

57. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir (“xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ## #### 2021-ci il tarixli Qərar).

58. Məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə müqavilə üzrə cavabdehin üzərinə düşən öhdəliyi yerinə yetirməməsi təsdiq olunmuşdur.

59. Apellyator hüquqi yardım xərcinin tutulması ilə bağlı qeyd edir ki, təqdim edilmiş sənədlərin hazırki işlə əlaqəsi mövcud deyil.

60. Məhkəmə kollegiyası iş materiallarıını nəzərdə keçirərək qeyd edir ki, "xxxx" MMC-nin direktoru ilə İddiaçı MMC-nin direktoru arasında imzalanmış 01 Fevral 2025-ci il tarixli, ** saylı hüquqi və məsləhət xidmətlərinin göstərilməsinə dair müqavilənin 1.1-ci bəndinə əsasən sifarişçi icraçıya bu Müqaviləyə əsasən İddiaçı MMC-nin hüquq və məsləhət xidmətlərin göstərilməsini tapşırır və göstərilən xidmətlərin müqabilində İcraçıya bu müqavilədə nəzərdə tutulmuş miqdarda və qaydada xidmət haqqı ödəməyi, İcraçı isə Sifarişçiyə bu Müqavilədə qeyd olunan xidmətləri (bundan sonra “Xidmətlər” adlandırılacaq) göstərməyi öz öhdəsinə götürür. 3.1-ci bəndinə əsasən sifarişçi icraçının bu Müqaviləyə uyğun olaraq yerinə yetirilmiş xidmətlərə görə təqdim etdiyi hesab-faktura və əlavə razılaşma əsasında İcraçıya hər bir iş üçün müvafiq məbləğdə (bütün vergilər daxil olmaqla) və iddia tələbinin 15 %-i miqdarında xidmət haqqı ödəyir.

61. Həmin müqavilənin qiymət razılaşma protokolunun 1.2.2-ci bəndinə əsasən sifarişçi icraçıya bu Müqaviləyə əsasən İddiaçı MMC-nin mülki işlər, kommersiya mübahisələri üzrə hüquqlarının və qanuni mənafelərinin məhkəməyə qədər və 1-ci instansiya məhkəməsində təmsil və müdafiə etmək xidmətlərinin göstərilməsini tapşırır (Cavabdeh MMC-yə qarşı nəzərdə tutulmuş iddia tələbinə dair: Əsas məbləğlər – 66.098.15 AZN (ƏDV daxil); A.2. Maddə 3.1-ci bəndinə əsasən sifarişçi icraçının bu əlavə və dəyişikliklərə uyğun olaraq yerinə yetirilmiş xidmətlərə görə təqdim etdiyi hesab-faktura əsasında İcraçıya 2 000 (iki min) manat (ƏDV xaric) məbləğində xidmət haqqı ödəyir.

62. Məkhəmə haqlı olaraq iş üzrə hüquqi məsələlərin xüsusi mürəkkəblik təşkil etməməsi, iş üzrə təqdim edilmiş sübutların həcmi, göstərilmiş hüquqi yardımın xarakteri, vəkilin məhkəmə iclaslarında iştirak etməməsi və görülmüş prosessual hərəkətlərin miqyası nəzərə alınaraq hesab etmişdir ki, hüquqi yardım haqqı kimi tələb olunan 2.000 manat məbləğ ağlabatan və mütənasib hesab edilə bilməz. Buna görə də hüquqi yardım xərcinin əvəzi olaraq 700 manat məbləğində vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi məqsədəuyğundur.

63. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndiirlən hissədə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

64. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

65. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən cavabdeh Cavabdeh MMC tərəfindən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. .

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar