Məhkəmə qərarları › İş №2-2(102)-135/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-135/2023

04.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-135/2023 04.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı “İddiaçı” Şirkətinin cavabdeh Kayman Adalarının “X1” Şirkətinə qarşı iş üzrə QƏRAR 2-2(102)-135/2023 Açar sözlər: alqı-satqı müqaviləsi, spesifikasiya, artıq göndərilmiş mal, sübutların qiymətləndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun sədrliyi və məruzəsi, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı “İddiaçı” Şirkətinin cavabdeh Kayman Adalarının “X1” Şirkətinə qarşı “pulun tutulması” tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Koll egiyasının 2022-ci il 20 sentyabr tarixli 2-2(103)-704/2022 saylı qətnaməsindən üçüncü şəxs Kayman Adalarının Cavabdehı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ 1. “İddiaçı” Şirkəti tədarükcü, “X1” Şirkəti alıcı olmaqla imzalanmış 2014-cü il 16 may tarixli müqaviləyə əsasən tədarükçü bu müqavilədə göstərilən şərtlərlə malları (bundan sonra-mallar) göndərməyi, alıcı isə həmin malları qəbul etməyi və ödəməyi öhdəsinə götürür. 1.2-ci bəndə əsasən məhsulun adı, çeşidi, miqdarı, qiyməti, çatdırılma müddəti və şərtləri bu müqavilənin ayrılmaz hissəsi olan spesifikasiyalar ilə müəyyən olunur. 5.4-cü bəndə əsasən tədarük edilən malların hər bir partiyası tərəflər tərəfindən adı, çeşidi, qiyməti, miqdarı, ödəniş forması, çatdırılma müddətləri, z əmanət müddətləri üzrə ayırca spesifikasiyalar üzrə razılaşdırılmalıdır. 2. 053/0819 saylı 2019-cu il 23 avqust tarixli kommersiya fakturasına əsasən, cəmi 5.197,96 ABŞ dolları, 060/1019 saylı, 2019-cu il 11 oktyabr tarixli kommersiya fakturasına əsasən, cəmi 5.127,67 ABŞ dolları məbləğində ödəniş “X1” Şirkətinə təqdim edilmək üçün tərtib edilmişdir. 3. “X1” Şirkəti və “NTD Service S.R.O” şirkəti tərəfindən tərtib edilmiş çatdırılma sənədlərinə əsasən, 2019-cu il 9 oktyabr tarixində 219x80 metr, 89x10 metr ölçülərində, 2019-cu il 15 avqust tarixində 89x10 ölçülərində, 2019-cu il 7 avqust tarixində 325x10 mm ölçülərində mallar “X1” Şirkətinə təhvil verilmişdir. 4. 2019-cu il 5 avqust tarixli gömrük bəyannaməsinə əsasən PO ********* saylı sənəd üzrə 325x10 mm ölçülərində 651.85 metr boru, 20 19-cu il 14 avqust tarixli gömrük bəyannaməsinə əsasən PO ********* saylı sənəd üzrə 89x10 mm ölçülərində 2.874 metr boru, 2019-cu il 8 oktyabr tarixli gömrük bəyannaməsinə əsasən PO ********* saylı sənəd üzrə 219x8 mm ölçülərində 701.84 metr boru rəsmiləşdirilmişdir. 5. 2019-cu il 2 dekabr tarixində imzalanmış aktda qeyd olunmuşdur ki, 2019-cu il 30 noyabr tarixinə “X1” Şirkətinin “İddiaçı” şirkətinə avans ödənişləri və kreditor borclarının qalıqları üzrə heç bir borcu yoxdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı “İddiaçı” Şirkəti (bundan sonra – “iddiaçı”) Cavabdeha qarşı iddia ərizəsi ilə 2021-ci il 1 iyul tarixdə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, “X1” Şirkətinin Azərbaycan Respublikasındakı Filialından 2019-cu il 16 avq ust tarixli PO ********* saylı Spesifikasiya üzrə 5.197,96 ABŞ dolları həcmində əsas borc və 259,89 ABŞ dolları həcmində cərimə məbləği olmaqla, cəmi 5.457,85 ABŞ dolları məbləğinin, 2019-cu il 10 oktyabr tarixli PO ********* saylı Spesifikasiya üzrə 5.127,67 ABŞ dolları əsas borc məbləği və 256,38 ABŞ dolları həcmində cərimə məbləği olmaqla, cəmi 5.384,12 ABŞ dolları məbləğinin, hər iki spesifikasiya üzrə isə cəmi 10.841,97 ABŞ dolları məbləğinin, o cümlədən, 1000 manat həcmində göstərilmiş hüquqi xidmətə görə və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə “X1” Şirkəti (bundan sonra – “Şirkət”) arasında malların alqı-satqısına dair 2014-cü il 16 may tarixli KAOC.SUP/065/1 4 saylı müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə görə iddiaçı satıcı, Şirkət isə alıcı qismində çıxış etmişdir. Müqaviləyə əsasən təchizatçı müvafiq spesifikasiyalara əsasən malları təchiz etməyi alıcı isə malları qəbul etməyi və ödəniş etməyi öhdəsinə götürmüşdür. Hazırda mübahisə predmetini 2019-cu il 16 avqust tarixli PO ********* saylı və 2019-cu il 10 oktyabr tarixli PO ********* saylı Spesifikasiyalar üzrə alıcı tərəfindən ödənilməmiş əsas borc məbləğləri və həmin məbləğlərin gecikmə cərimələrinin məbləğlərinin ödənməsi təşkil edir.

8. Tərəflər arasında imzalanmış 2019-cu il 16 avqust tarixli PO ********* saylı və 2019cu il 10 oktyabr tarixli PO ********* saylı Spesifikasiyalara əsasən alıcı təchiz ediləcək malların dəyərinin 50%-i Spesifikasiya imzalandıqdan sonra əvvəlcədən ödə niş üçün hesab təqdim edildiyi gündən etibarən 10 bank günü ərzində, malların dəyərinin qalan 50%-i isə təchizatçının malların göndərilməyə hazır olması haqqında bildirişini aldığı gündən etibarən 10 bank günü ərzində həyata keçirilməli idi. Müqavilə tərəfi olaraq satıcı öz müqavilə öhdəliklərini lazımi qaydada yerinə yetirərək malların göndərilməyə hazır olması haqqında bildirişləri hesab-faktura ilə birlikdə alıcıya 2019-cu il 23 avqust tarixində təqdim etmişdir. Buna baxmayaraq, alıcı tərəfindən Müqavilə və qeyd edilən Spesifikasiyalar üzrə ödəniş öhdəliyi həyata keçirilməmişdir. Tərəflər arasında olan müqavilənin 7.2-ci bəndinə əsasən “Təchiz edilən mallar üzrə ödəniş alıcı tərəfindən vaxtında ödənilmədikdə, təchizatçı, alıcıya hər gecikmə günü üçün ödənilməmiş məbləğin 0.1 faizi miqda rında cərimə təqdim etmək hüququna malikdir, lakin bu məbləğ ödənilməmiş məbləğin 5%-dən çox olmamalıdır”. 2019-cu il 16 avqust tarixli PO ********* saylı Spesifikasiya üzrə əsas borc məbləği 5.197,96 ABŞ dolları, həmin məbləğə görə hesablanmış cərimə 259,89 ABŞ dolları olmaqla, cəmi borc məbləği 5.457,85 ABŞ dolları təşkil edir. 2019-cu il 10 oktyabr tarixli PO ********* saylı Spesifikasiya üzrə isə əsas borc məbləği 5.127,67 ABŞ dolları, hesablanmış cərimə məbləği 256,38 ABŞ dolları olmaqla, cəmi borc 5.384,12 ABŞ dolları təşkil edir.

9. Beləliklə, satıcı öz öhdəliklərini həyata keçirmiş, malları tam şəkildə və qüsursuz olmaqla (keyfiyyət, miqdar, çeşid fərqi və ya hər hansı bir çatışmazlıq olmadan) alıcıya təhvil vermişdir, lakin alıcı tərəf üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməm işdir. Alıcı tərəfin öz öhdəliklərini yerinə yetirməməsi nəticəsində iddiaçı qarşısında yaranmış borc məbləği ümumilikdə 10.841,97 ABŞ dolları təşkil edir. Satıcı tərəfindən 2020-ci il 13 yanvar tarixində cavabdehə pretenziya məktubu göndərilmiş və müqavilə üzrə borclu olduğu məbləğin ödənilməsi tələb edilmişdir. Lakin hələ də cavabdeh öhdəliklərini icra etmədiyindən, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

10. Daha sonra məhkəmə iclasında cavabdeh əsl cavabdehlə əvəz olunaraq “X1” Şirkəti (bundan sonra – “cavabdeh”) cavabdeh kimi işə cəlb olunmuş, Kayman Adalarının Cavabdehı (bundan sonra – “üçüncü şəxs”) müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur.

11. İddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 6.2, 385.1, 425, 442, 445, 448, 567, 598, 600.1-ci maddələrinə istinad edilərək əsaslandırılmışdır.

12. Üçüncü şəxs tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilərək göstərilmişdir ki, iddia ərizəsində qeyd olunan spesifikasiyalar üzrə malların nə vaxt alıcıya çatdırılması barədə heç bir məlumat və sübut yoxdur. Həmin mallar bu günə kimi cavabdehə çatdırılmamışdır. Mübahisələndirilən spesifikasiyalarda malların alıcıya təhvil verilmə tarixi 2019-cu il 24 noyabr və 2019-cu il 16 dekabr müəyyən olunduğu halda, satıcı alıcıya malları 2019-cu il 7 avqust və 2019-cu il 9 oktyabr tarixlərində çatdırmış ola bilməzdi. Əgər iddiaçının dediyi kimi mallar alıcıya əvvəlcədən çatdırılıbsa, onda həmin mallara dair hansı səbəbdən yenidən sifarişlərin imzalanması və malların çatdırılma müddəti kimi sifarişlərin tarixləri yox, 2-3 gün sonra göstərilməsi aydın olmamışdır. Bundan başqa, məhkəməyə təqdim olunmuş 2019-cu il 2 dekabr tarixli üzləşmə aktı ilə müəyyən olunur ki, həqiqətən də iddiaçı son iki sifariş üzrə heç bir çatdırma etməmişdir və buna görə də iddiaçı cavabdehin ona heç bir borcu olmaması haqqında akt imzalamışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim olunan çatdırılma sənədləri tamamilə başqa sifarişə aiddir. İddiaçı iddia tələbindən kənara çıxaraq, iddia tələbi ilə əhatə olunmayan sifarişin çatdırılmasına istinad edərək, icra etmədiyi sifarişlərin ödənişini tələb edir.

13. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 21 aprel tarixli, e-2-2(113)-186/2022 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir (hakim – A.Əliyeva).

14. Birinci instansiya məhkəməsi işin yuxarıda göstərilən hallar ına istinadən gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, tərəflər arasında müqavilə imzalanmış, iddiaçı müqavilə üzrə malları göndərməyi, alıcı isə malları qəbul etməyi öhdəsinə götürmüşdür. Bununla bağlı olaraq PO ********* saylı spesifikasiya tərtib olunmuş və iddiaçı tərəfindən mallar üçüncü şəxsə təhvil verilmişdir. İddiaçı qeyd olunan spesifikasiyada nəzərdə tutulandan artıq malların təhvil verildiyini bildirərək, sonradan əlavə olaraq PO ********* və PO ********* saylı spesifikasiyaların tərtib edildiyini qeyd etmişdir. Üçüncü şəxsin nümayəndəsi artıq ölçülərdə verilən malların tərəflər arasında razılaşdırılmış spesifikasiyada nəzərdə tutulan 10% güzəştlə bağlı olduğunu qeyd edərək, PO ********* və PO ********* saylı spesifikasiyalar üzrə malların təhvil verilmədiyini bildirmişdir. Mə hkəmə qeyd etmişdir ki, iddiaçı PO ********* və PO ********* saylı spesifikasiyalar üzrə malların təhvil verildiyini iddia etsə də, qeyd olunan spesifikasiyalar üzrə malların təhvil verilməsi sübuta yetirilməmişdir. Əlavə olaraq məhkəməyə təqdim edilmiş gömrük bəyannamələrində malların PO ********* saylı sənəd üzrə rəsmiləşdirildiyi qeyd olunmuşdur. Məhkəmə hesab etmişdir ki, bu halda iddia tələbi əsassız olduğundan rədd edilməlidir.

15. Məhkəmə bu qənaətini MM-in 385.1, 442-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 217-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

16. İddiaçı 2022-ci il 20 may tarixdə həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul olun masını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 20 sentyabr tarixli 2-2(103)-704/2022 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə 5.197,96 ABŞ dolları məbləğində əsas borc və 50 ABŞ dolları məbləğində cərimə, habelə 5.127,61 ABŞ dolları əsas borc və 50 ABŞ dolları cərimə tutulması, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir (sədrlik edən – R.Qurbanov, hakimlər – V.Məmmədov və V.Baxışova).

18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin hallarına əsasən, cavabdeh tərəfindən iddiaçıya sifariş formu üzrə 3 ölçüd ə boru sifariş edilmişdir. Bunlar aşağıdakılardır: 219x80 mm ölçüdə 650 m., 325x10 mm ölçüdə 600 m., 89x10 mm ölçüdə 4000 m. Həmin sifariş üzrə iddiaçı tərəfindən 2019-cu il 5 iyul tarixli PO-000005092 saylı spesifikasiya tərtib edilmiş, lakin mallar nəzərdə tutulan ölçüdən artıq ölçülərdə gəlmişdir. Belə ki, 219x80 mm ölçüdə sifariş edilmiş mal 650 m. nəzərdə tutulsa da, 701 m. ölçüdə, 325x10 mm ölçüdə sifariş edilmiş mal 600 m. nəzərdə tutulsa da, 651.85 m. ölçüdə, 89x10 mm ölçüdə sifariş edilmiş mal isə 4000 m. nəzərdə tutulsa da 4096 m. ölçüdə gəlmişdir. Həmin hallar iş materiallarında olan 2019-cu il 5 avqust tarixli gömrük bəyannaməsinə əsasən də öz təsdiqini tapır və işin mübahisəsiz halını təşkil edir. Eyni zamanda, qeyd olunan mallar iddiaçı tərəfindən cavabdeh şirkətə təhvil veri lmiş, lakin sonuncu tərəfindən yalnız sifarişdə nəzərdə tutulan ölçülərdə olan boruların ödənişi həyata keçirilmiş, artıq ölçülərlə bağlı heç bir ödəniş edilməmişdir.

19. Bundan sonra iddiaçı artıq gəlmiş ölçülərlə bağlı ödənişlərin edilməsi üçün 2 ədəd yeni 2019-cu il 16 avqust tarixli PO-000005152 saylı və 2019-cu il 10 oktyabr tarixli PO000005229 saylı Spesifikasiyalar tərtib etmiş və cavabdehə təqdim etmişdir. Lakin, cavabdeh həmin Spesifikasiyalar üzrə ödəniş etməkdən imtina etmişdir. Hazırda iddiaçı məhz həmin spesifikasiyalar üzrə ödənişin həyata keçirilməsini tələb edir. Cavabdeh isə PO-000005092 saylı spesifikasiya üzrə malların nəzərdə tutulan ölçüdən artıq ölçülərdə gəlməsi faktını etiraf etməklə iddiaçının hazırkı iddianı 2019-cu il 16 avqust tarixli PO000005152 saylı və 2019-c u il 10 oktyabr tarixli PO000005229 saylı Spesifikasiyalar üzrə deyil, PO-000005092 saylı Spesifikasiya üzrə qaldırmalı olduğunu bildirmişdir. Belə ki, 2019-cu il 16 avqust tarixli PO-000005152 saylı və 2019-cu il 10 oktyabr tarixli PO000005229 saylı Spesifikasiyalar üzrə ona ayrılıqda ümumiyyətlə heç bir mal verilməmişdir.

20. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin həmin dəlilləri əsassızdır. Belə ki, iş materiallarında olan 2019-cu il 16 avqust tarixli PO-000005152 saylı Spesifikasiyadan görünür ki, onda 325x10 mm ölçüdə 51,85 metr malın, 2019-cu il 10 oktyabr tarixli PO-000005229 saylı Spesifikasiyadan isə görünür ki, onda 219x80 mm ölçüdə 51,84 metr və 89x10 mm ölçüdə 96,10 metr malın verildiyi qeyd olunmuşdur. Hər iki Spesifikasiya cavabdeh tərəfindən imzalanmış və möhürl ə təsdiq edilmişdir. Göründüyü kimi hər iki Spesifikasiyada qeyd olunan malların həcmi və qiymətləri məhz 2019-cu il 5 iyul tarixli PO-000005092 saylı Spesifikasiya üzrə malların artıq gətirilmiş, lakin cavabdeh tərəfindən ödənilməyən hissəsinə uyğun tərtib olunmuş və onların tərtib olunmasında yeganə səbəb PO-000005092 saylı spesifikasiya üzrə malların ölçüdən artıq gəlməsi olmuşdur. Əks təqdirdə, yəni cavabdeh həmin Spesifikasiyaların tərtib edilməsinə razı olmasaydı, onları təsdiq etməkdən imtina edər və ya bununla bağlı, habelə tərtib olunmuş yeni spesifikasiyalar üzrə malların təhvil verilməsi ilə bağlı iddiaçıya qarşı hər hansı pretenziya irəli sürərdi. Lakin, hazırkı işdə həmin hallar mövcud deyil.

21. Qeyd olunan faktlar isə təsdiq edir ki, tərəflər arasında işgüzar münasibətlər mə hz bu şəkildə həyata keçirilmişdir. Eyni zamanda nəzərə alınmışdır ki, PO-000005092 saylı spesifikasiya üzrə artıq ölçülərdə verilən malların tərəflər arasında razılaşdırılmış spesifikasiyada nəzərdə tutulan 10% güzəştlə bağlı olması hər hansı sübutla təsdiq olunmur. Bu baxımdan kollegiya hesab etmişdir ki, mübahisəli Spesifikasiyalar üzrə malların verilməməsi ilə bağlı cavabdeh tərəfin dəlilləri əsassızdır.

22. Tərəflər arasında MM-in 567-ci maddəsinə uyğun olaraq alqı-satqı müqaviləsi bağlanılmış, satılmış əşyalar cavabdehə verilmiş, cavabdeh isə həmin əşyaların qiymətini satıcıya tam ödəmək vəzifəsini yerinə yetirməmişdir. Ona görə də, iddiaçı MM-in 598.3-cü maddəsinə əsasən satılmış əşyalara görə ödənilməyən 2019-cu il 16 avqust tarixli PO ********* saylı Spesifikasiya üzrə 5.197,96 AB Ş dolları və 2019-cu il 10 oktyabr tarixli PO ********* saylı Spesifikasiya üzrə 5.127.67 ABŞ dolları məbləğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlıdır. Tərəflər arasında bağlanmış müqavilədə öhdəliyin icrasının gecikdirilməsinə görə cərimənin ödənilməsinin nəzərdə tutulduğunu, cavabdeh tərəfindən alınan malların dəyərini, malların təhvil verilmə tarixini və iddiaçının məhkəməyə müraciət etdiyi tarixi nəzərə alaraq kollegiya belə nəticəyə gəlmişdir ki, iddiaçının tələb etdiyi 2019-cu il 16 avqust tarixli PO ********* saylı Spesifikasiya üzrə 259,89 ABŞ dolları və 2019-cu il 10 oktyabr tarixli PO ********* saylı Spesifikasiya üzrə 256,38 ABŞ dolları dəbbə pulu tənasübsüz sürətdə yüksək məbləğ kimi qiymətləndirilməli və kreditorun mənafeləri nəzərə alınmaqla həmin məbləğlər azaldı laraq, müvafiq olaraq hər Spesifikasiya üzrə ayrı-ayrılıqda 50 ABŞ dolları məbləğində müəyyənləşdirilməlidir.

23. Eyni zamanda kollegiya qeyd etmişdir ki, göstərilmiş hüquqi xidmətə görə 1000 manat məbləğində pul vəsaitinin ödənilməsi barədə sübutlar təqdim edilmədiyinə görə həmin vəsaitin cavabdehdən tutulması üçün əsaslar mövcud deyil.

24. Məhkəmə bu qənaətini MM-in 404.1, 404.2, 462.1, 467, 567, 598.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır.

25. Qətnamə 2022-ci il 30 sentyabr tarixdə tərəflərin elektron kabinetində yerləşdirilmişdir.

26. Üçüncü şəxs 2022-ci il 5 noyabr tarixdə qətnamədən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

27. Kassasiya şikayəti elektron məhkəmə sistemində vəkil tər əfindən elektron imza vasitəsilə imzalanmadığından, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2022-ci il 15 dekabr tarixli, 2-2(102)-809/2022 nömrəli qərardadı ilə qeyri-mümkün hesab edilmiş və iş kassasiya şikayətinin qaytarılması məsələsinə baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmışdır.

28. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 28 dekabr tarixli, 2-2(103)-704/2022 nömrəli qərardadı ilə üçüncü şəxsin kassasiya şikayəti geri qaytarılmışdır.

29. Üçüncü şəxs 2022-ci il 30 dekabr tarixdə ötürülmüş prosessual müddətin bərpası barədə ərizə və kassasiya şikayəti ilə müraciət etmişdir.

30. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 yanvar tarixli, 2-2(103)-704/2022 nömrəli qərardadı ilə üçüncü şəxsin ərizəsi təmin edilmiş, üçüncü şə xs tərəfindən kassasiya şikayətinin verilməsi müddətinin buraxılması üzrlü hesab edilərək bərpa edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

31. MM-in 10.1, 10.2, 567-ci maddələrinin tələbləri pozulmuşdur. İddiaçı iddia ərizəsində və çıxışında fərqli-fərqli üç Sifarişə istinad edir. Tərəflər arasında bağlanmış Müqavilənin 5.4-cü bəndinə əsasən çatdırılan hər partiya üzrə malın adı, çeşidi, qiyməti, miqdarı, ödəniş şərtləri, çatdırma müddəti və sair şərtləri ayrıca Spesifikasiya ilə (Sifarişlə) rəsmiləşdirilir. Bu şərtdən də göründüyü kimi, çatdırılması tələb olunan mal üçün ayrıca Sifariş vərəqəsi rəsmiləşdirilir. Beləliklə, iddia tələbində qeyd olunan Sifarişlər üzrə mallar cavabdeh Şirkətə lazım olduğu üçün əlavə Sifariş verilmişdir, iddiaçının dediyi kimi, artıq çatdırılmış malın rəsmiləşdirilməsi hesab edilə bilməz. Ən azı iddia ilə ödənişi tələb olunan Sifarişlər üzrə çatdırılma şərtinə nəzər yetirilsə görünər ki, cavabdeh Şirkət həmin malların alınmasını 2-3 ay sonrakı müddət üçün nəzərdə tutaraq sifariş vermişdir. İddiaçı bu üç Sifarişi qarışdıraraq işgüzar adətlərlə əsaslandırmışdır. Lakin iddiaçı ilə cavabdeh arasında bu cür və ən əsası Müqavilənin 5.4-cü bəndinə zidd olan işgüzar adətlərin mövcudluğunu sübut edə bilməmişdir. Üstəlik, Bakı Apellyasiya Məhkəməsi də məlum olmayan işgüzar adətlərə istinad edərək qətnaməni əsaslandırmışdır. Hər məhkəmə iclasında tərəflərindən hər bir Sifarişin müstəqil Sifariş olduğu, hər Sifarişin öz şərtlərinin (mallar, ödəniş şərtləri, çatdırma müddəti və sair) mövcud olduğu vu rğulansa da, məhkəmə bu məsələyə düzgün giymət verməmişdir.

32. İddia ərizəsinə və ona əlavə olunmuş sənədlərdən görünür ki, iddia ərizəsində qeyd olunan Spesifikasiyalar (Sifarişlər) üzrə malların nə vaxt Alıcıya çatdırılması barədə heç bir məlumat və sübut yoxdur. Məhkəmə iclaslarında malların çatdırılmasına dair iddiaçıdan sübut tələb etdikdə, iddiaçı məhkəməyə tamamilə başqa, artıq hər iki tərəfin tam icra etdiyi, iddia ərizəsinə aidiyyəti olmayan PO...5092 saylı Spesifikasiya (Sifariş) üzrə çatdırılma sənədlərini təqdim etmişdir. İddia ərizəsi ilə mübahisə edilən spesifikasiyalara əsasən malların Alıcıya təhvil verilmə tarixi 2019-cu il 24 noyabr və 2019-cu il 16 dekabr olduğu halda, necə ola bilər ki, Satıcı Alıcıya malları 2019-cu il 7 avqust və 2019-cu il 9 oktyabr tarixlərində çat dırmış olsun? Əgər İddiaçının dediyi kimi mallar Alıcıya əvvəlcədən çatdırılıbsa, onda həmin mallara dair niyə yenidən Sifarişlər imzalanır və malların çatdırılma müddəti kimi Sifarişlərin tarixləri yox, 2-3 sonra göstərilir?

33. Bundan əlavə, cavabdeh tərəfin məhkəməyə sübut kimi təqdim etdiyi “Tərəflər arasında borcun olmamasına” dair 2019-cu il 2 dekabr tarixli (yəni iddiada göstərilən PO...5152 nömrəli 2019-cu il 15 avqust tarixli və PO...5229 nömrəli 2019-cu il 10 oktyabr tarixli Spesifikasiyaları (Sifarişlərı) əhatə edən) üzləşmə aktı ilə müəyyən olunur ki, həqiqətən də iddiaçı Şirkət tərəfindən son iki Sifariş üzrə heç bir çatdırma edilməmiş və buna görə də iddiaçı cavabdehin ona heç bir borcu olmamasını göstərən Akt imzalamışdır.

34. Mübahisəli spesifikasiyalar üzrə mallar hazır ol duqdan sonra iddiaçı cavabdehə hesab-faktura göndərməli, cavabdeh hesab-fakturanın alındığı gündən 10 bank günü ərzində 50% ödənişi etdikdən sonra mallar göndərilməli və mallar alındıqdan sonra qalan 50% ödəniş həyata keçirilməli idi. Lakin qeyd olunan heç bir Sifariş üzrə iddiaçı tərəfindən cavabdehə 50% ödənişin edilməsi üçün hesab-fakturaların göndərilməsini təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Sifarişin şərtlərinə əsasən çatdırma yalnız ilk 50% ödənişin həyata keçirilməsindən sonra edilməli olduğu halda necə ola bilər ki, mallar sifariş tarixindən qabaq çatdırılmış olsun? İddiaçı tərəfindən məhkəməyə təqdim olunan çatdırılma sənədləri tamamilə başqa – 2019-cu il 5 iyul tarixli PO...5092 saylı Sifarişə aiddir. Əgər həmin Sifariş üzrə artıq mal göndərilibsə, iddiaçı şirkət həmin artıq malın geri qaytarılmasını və ya artıq mala görə ödənişin edilməsini tələb edə bilərdi. Lakin iddiaçı tərəflər arasında bağlanmış müqavilə şərtlərinə uyğun olmayan və üstəlik tərəflər arasında formalaşan işgüzar adətlərə uyğun gəlməyən əsassız arqument və iddialar irəli sürür.

35. Məhkəməyə təqdim olunan 2019-cu il 23 avqust və 2019-cu il 11 oktyabr tarixli hesab-fakturalar həqiqətən iddiaçı tərəfindən cavabdeh şirkətə göndərilmişdirsə və iddiaçının cavabdehə artıq həmin müddətə borcu olsaydı, iddiaçı 2019-cu il 2 dekabr tarixində avans ödənişləri və kreditor borclarının qalıqlarının sıfır olmasına dair üzləşmə aktını imzalamazdı. Lakin Bakı Apellyasiya Məhkəməsi tərəfindən cavabdehin məhkəmə iclasındakı izahatına, yazılı etirazına düzgün giymət verilməmiş və məhkəmə cav abdehin izahatı və sübutları ilə hansı səbəblərdən razılaşmadığını əsaslandırmamışdır.

36. MPM-in 88, 218.3-cü maddələrinin tələbləri pozulmuşdur. İş materiallarından göründüyü kimi iddiaçı 2019-cu il 15 avqust tarixli PO...5152 saylı və 2019-cu il 10 oktyabr tarixli PO...5229 saylı iki Sifarişlə bağlı tələb irəli sürmüşdür. Lakin məhkəmə iclaslarında iddiaçı iddia tələbindən kənara çıxaraq tamamilə başqa, yəni 2019-cu il 5 iyul tarixli PO...5092 saylı Sifarişə əsasən pul tələb etmişdir. Bakı Apellyasiya Məhkəməsi də öz növbəsində iddia tələbindən kənara çıxaraq iddianın predmeti olmayan Sifariş üzrə qətnamə çıxarmış, bu cür kənara çıxmanın qanuni əsasını qətnamədə göstərməmişdir. Apellyasiya məhkəməsi başqa Sifarişə əsasən cavabdehdən pulun tutulmasını qət etmiş, amma həmin (iddianın pred meti olmayan) sifariş üzrə heç bir araşdırma aparmamışdır. Sifarişin şərtlərinə məhkəmə tərəfindən diqqət edilsə idi, müəyyən olunacaqdı ki, 2019-cu il 5 iyul tarixli PO...5092 saylı Sifarişin şərtlərinə əsasən çatdırılan turbanın miqdarı ±10% nəzərdə tutulmuşdur, yəni turbanın 10% az və ya 10% çox miqdarda olması həmin məbləğ ilə əhatə olunur və hər iki tərəf imzaları ilə təsdiq edərək bu şərti qəbul etmişdir. Beləliklə, məhkəmə həm iddia tələbindən kənara çıxaraq, həm də tam araşdırma aparmadan qətnamə qəbul etmişdir.

37. Bakı Apellyasiya Məhkəməsi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş və işi obyektiv araşdırmamışdır. Bakı Apellyasiya Məhkəməsi işə baxarkən tərəflərin bərabərliyi, o byektivlik prinsiplərini kobud surətdə pozaraq cavabdeh şirkətin hüquqlarını pozmuşdur. Cavabdeh tərəfindən etirazda göstərilən məqamları və sübutları nəyə görə sübut qismində qəbul etmədiyini əsaslandırmamışdır və onları görməzlikdən gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

38. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

39. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

40. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq yoxlanılacaqdır.

41. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi qiymətləndirilməməlidir. faktiki halların yoxlanılması və araşdırılması kimi III. TƏTBİQ EDİLƏN HÜQUQ

42. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulmuşdur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavil ədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır....” “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə

598. Alınmış əşyanın ödənilməsi... 598.3. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 4 49-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər....”

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə işt irak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və münasibətinə uyğun əsaslandırılmalıdır....” tərəflərin qarşılıqlı “Maddə

416. Kassasiya instansi yasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” IV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

44. Məhkəmə kollegiyası üçüncü şəxsin kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).

45. İddia tələbini əsas borc hissəsində təmin edən apellyasiya instansiyası məhkəməsi ona istinad etmişdir ki, 2019-cu il 15 avqust t arixli PO-000005152 saylı Spesifikasiya və 2019-cu il 10 oktyabr tarixli PO-000005229 saylı Spesifikasiyada qeyd olunan malların həcmi və qiymətləri məhz 2019-cu il 5 iyul tarixli PO-000005092 saylı Spesifikasiya üzrə malların artıq gətirilmiş, lakin cavabdeh tərəfindən ödənilməyən hissəsinə uyğun tərtib olunmuş və onların tərtib olunmasında yeganə səbəb PO-000005092 saylı spesifikasiya üzrə malların ölçüdən artıq gəlməsi olmuşdur. Əks təqdirdə, yəni cavabdeh həmin Spesifikasiyaların tərtib edilməsinə razı olmasaydı, onları təsdiq etməkdən imtina edər və ya tərtib olunmuş yeni spesifikasiyalar üzrə malların təhvil verilməsi ilə bağlı iddiaçıya qarşı hər hansı pretenziya irəli sürərdi. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab etmişdir ki, tərəflər arasında işgüzar adətlər məhz bu şə kildə həyata keçirilmişdir.

46. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə aşağıdakı səbəblərdən razılaşmır.

47. İş materiallarından göründüyü kimi “İddiaçı” Şirkəti tədarükcü, “X1” Şirkəti alıcı olmaqla 2014-cü il 16 may tarixdə §1-də göstərilən şərtlərlə müqavilə bağlanmışdır. Həmçinin, PO-000005152 saylı 2019-cu il 15 avqust tarixli, PO-000005092 saylı, 2019-cu il 5 iyul tarixli, PO-000005229 saylı, 2019-cu il 10 oktyabr tarixli spesifikasiyalar mövcud olmuş, həmin spesifikasiyalarda müvafiq olaraq 5197,96 ABŞ dolları, 195.298 ABŞ dolları və 5.127,67 ABŞ dolları məbləğində dəyərlər göstərilmişdir (İ cild, iş.v 48, 57, 58).

48. Göründüyü kimi PO-000005092 saylı 195.298 ABŞ dolları dəyəri göstərilən 2019-cu il 5 iyul ta rixdə tərtib olunmuşdur. Digər iki spesifikasiyalar isə bundan sonrakı dövrə aiddir. Hər 3 spesifikasiyada ödəmə şərti kimi 50% ilkin ödəniş və yükün göndərilməyə hazırlığı barəsində bildirişin alındığı gündən digər 50% hissəsinin ödənilməsi müəyyənləşdirilmişdir. Bununla belə, iş materiallarında olan gömrük bəyannamələrində yalnız sadalanan üç spesifikasiyadan biri PO-000005092 öz əksini tapmışdır (İ cild, iş.v 25, 26, 29). Digər spesifikasiyalarla bağlı iş materiallarında hər hansı gömrük bəyannaməsi mövcud deyildir. Belə olan təqdirdə məhkəmə kollegiyası PO-000005152 və PO-000005229 saylı spesifikasiyalar üzrə iddiaçının təkid etdiyi kimi malların cavabdehə çatdırılması anlaşılan deyildir. Bu hal həmçinin ondan irəli gəlir ki, göstərilən PO-000005152 saylı 2019-cu il 15 avqust tarixdə, PO-000005229 saylı spesifikasiya isə 2019-cu il 10 oktyabr tarixdə tərtib edilmiş, lakin hər iki tərəfin imzaladığı 2019-cu il 2 dekabr tarixli üzləşmə aktında isə 2019cu il 30 noyabr tarixinə “X1” Şirkətinin “İddiaçı” şirkətinə avans ödənişləri və kreditor borclarının qalıqları üzrə heç bir borcunun olmadığı təsdiqlənmişdir. Belə hal isə, üzləşmə aktının məzmunu baxımından PO-000005152 saylı 2019-cu il 15 avqust tarixli və PO000005229 saylı 2019-cu il 10 oktyabr tarixli spesifikasiyalar üzrə göstərilən məbləğlərin tələb edilməsi hüququnun mövcudluğunu şübhə altına alır.

49. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, göstərilən hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən kifayət qədər araşdırılmamışdır.

50. Bu səbəbdən, işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən məsələlərə tam aydınlıq gətirilməsi məqsədilə tərəflər arasında digər analoji müqavilələr üzrə sifarişlərin verilməsi, malların çatdırılması və çatdırılmış mallara görə ödənişlərin hansı qaydada həyata keçirilməsinin araşdırılması mübahisənin düzgün həlli baxımından mühüm əhəmiyyətə malikdir. Apellyasiya instansiyası məhkəməsi isə gəldiyi nəticəni tərəflər arasında işgüzar münasibətlərin mövcudluğu ilə əsaslandırmışdır.

51. Kassasiya instansiyası məhkəməsi vurğulayır ki, tərəflər arasında müqavilə münasibətlərinin mövcud olmasına baxmayaraq, onların davamlı əməkdaşlığı baxımından müqavilədən kənar işgüzar münasibətlərinin formalaşması da istisna edilməməlidir. Lakin, tərəflər hazırkı iş üzrə tərəflər arasında belə münasibətlərin mövcudluğu və mübahisənin həll edilməsi zamanı bu münasibətlərin əsas götürülməsi aşağı instansiya məhkəməsi tərəfindən yalnız onların ehtimal edilən deyil, həqiqi mövcudluğu halında mümkündür. Bu baxımdan belə işgüzar münasibətlərin tərəflərin davranışında yertutması aşağı instansiya məhkəməsi tərəfindən tam araşdırılmalı idi.

52. Üçüncü şəxs dəfələrlə izahatlarında etiraz edərək iddiaçı ilə aralarında belə işgüzar adətlər olmadığına istinad etmiş, kassasiya şikayətində də bu halı mübahisələndirərək qeyd etmişdir ki, iddia tələbində qeyd olunan sifarişlər üzrə mallar cavabdeh şirkətə lazım olduğu üçün əlavə sifariş verilmişdir, iddiaçının dediyi kimi, artıq çatdırılmış malın rəsmiləşdirilməsi hesab edilə bilməz. Ən azı iddia ilə ödənişi tələb olunan sifarişlər üzrə çatdırılma şərtinə nəzər yetirilsə görünər ki, cavabdeh şirkət həmin malların alınmasını 2-3 ay sonrakı müddət üçün nəzərdə tutaraq sifariş vermişdir. İddiaçı bu üç sifarişi qarışdıraraq işgüzar adətlərlə əsaslandırmışdır. Lakin iddiaçı ilə cavabdeh arasında bu cür və ən əsası Müqavilənin 5.4-cü bəndinə zidd olan işgüzar adətlərin mövcudluğu öz təsdiqini tapmamışdır.

53. Apellyasiya instansiyası məhkəməsi isə mübahisələndirilən qətnamədə PO000005152 saylı 2019-cu il 15 avqust tarixli və 2019-cu il 10 oktyabr tarixli PO-000005229 saylı spesifikasiyaların cavabdeh tərəfindən imzalanmasını göstərməklə bunun 2019-cu il 05 iyul tarixli, PO-000005092 saylı spesifikasiya üzrə cavabdeh tərəfindən ödənilməyən və ölçüdə artıq gəlmiş mallarla əlaqələndirmiş, bunun cavabdehin razılığı ilə baş verdiyini və onun tərəfindən iddiaçıya qarşı pretenziya irəli sürülmədi yini göstərmiş, bunun nəticəsində tərəflər arasında işgüzar adətlərin olması qənaətinə gəlmişdir. Halbuki, malların PO000005092 saylı spesifikasiya ilə artıq gəlməsi faktının mövcudluğu tərəflər arasında bağlanmış üzləşmə aktı ilə PO-000005152 saylı 2019-cu il 15 avqust tarixli və 2019-cu il 10 oktyabr tarixli PO-000005229 saylı spesifikasiyalar dövrünü də əhatə edən 2019-cu il 2 dekabr tarixli üzləşmə aktı ilə inkar olunur. Məhkəmə kollegiyası onu da vurğulayır ki, iddiaçının artıq göndərilmiş mallarla bağlı digər, məsələn artıq göndərilmiş malların geri qaytarılması tələbi kimi hüquqi vasitələrindən istifadə etmək imkanı da mövcud idi.

54. Mülki Məcəllənin tələblərinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müə yyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və Mülki Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər (MM-in 576, 598.3-cü maddələri)

55. MPM-in tələblərinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPMin 77, 88-ci maddələri).

56. Həmçinin, MPM-in 217-ci maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılm alı və qanuni və əsaslı olmalıdır.

57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qətnaməsində tərəflərin mübahisəli hüquq münasibətlərinin aydınlaşdırılması baxımından əhəmiyyət kəsb edən hallara müfəssəl hüquqi qiymət verməməklə, işin hallarının hərtərəfli, tam araşdırılması prinsipi və sübutların qiymətləndirilməsinə dair MPM-in 88-ci maddəsinin tələblərini pozmuşdur.

58. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli Qərarında göstərilmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nətic əsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi həqiqətə nail olmaq üçün tam, hərtərəfli və obyektiv araşdırma aparmamış, sübutların qiymətləndirilməsi ilə bağlı qanunvericiliklə məhkəmələrə verilmiş səlahiyyətlərindən lazımi həcmdə istifadə etməmişdir. Bu səbəbdən, apellyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən sözügedən nöqsanları aradan qaldırmalı, şübhəli halları yenidən araşdırmalı və düzgün hüquqi nəticəyə gəlməlidir.

60. MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

61. MPM-nin 417.1.3-cü maddəsinə görə kassasiya inst ansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

62. Məhkəmə Kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 20 sentyabr tarixli 22(103)-704/2022 saylı qətnaməsi qismən – iddia tələbinin təmin edildiyi hissədə ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

63. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxs Kayman Adalarının Cavabdehı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersi ya Kollegiyasının 2022-ci il 20 sentyabr tarixli 2-2(103)-704/2022 saylı qətnaməsi qismən – iddia tələbinin təmin edildiyi hissədə ləğv edilsin və həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar