Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-141/2024 18.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: öhdəliyin pozulması və ya lazımınca icra edilməməsi, podrat müqaviləsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, Dadaşov İlqar Ağababaş oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı müqavilə üzrə borc tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 31 oktyabr tarixli 2-2(107)-82/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. “X1” MMC ilə Cavabdeh arasında bağlanmış 2022-ci il 10 mart tarixli 008-S nömrəli soya paxlası istehsalı və alqı-satqısı barədə müqavilənin predmeti sifarişçinin sifarişi əsasında icraçı tərəfindən XXZ ərazisində 35 ha sahədə soya paxlası əkinlərinin həyata keçirilməsi və sifarişçiyə təhvil verilməsindən ibarətdir. Müqavilə üzrə hər hektardan 3 ton olmaqla cəmi 105 ton soya paxlası istehsal edilməsi və satışı nəzərdə tutulmuşdur. İcraçı tərəfindən istehsal olunacaq və sifarişçi tərəfindən təhvil alınacaq məhsul bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə razılaşdırılan “soya paxlasının keyfiyyətinə dair tələblərə cavab verməlidir. Keyfiyyət tələblərinə tam uyğun olan məhsulun hər tonunun baza qiyməti 1.000 manat, müqavilənin ümumi dəyəri 105.000 manat təşkil edir. Məhsulun yekun təhvil-qəbul qiyməti bu müqavilənin 4-cü bəndində göstərilən şərtlər əsasında müəyyən ediləcəkdir.
2. Müqaviləyə 1 saylı əlavə ilə soya paxlasının keyfiyyətinə dair tələblər, 2 saylı əlavə ilə 1 hektarda soya paxlası becərilməsi üzrə gəlirlər və xərclər və 3 saylı əlavə ilə soya paxlasının becərilməsi üzrə texnoloji tədbirlərin yerinə yetirilməsi müddətləri və ardıcıllığı müəyyənləşdirilməklə tərəflərin imzaları və möhürlə təsdiq edilmişdir.
3. Müqavilənin icrası ilə əlaqədar 2022-ci il 10 mart tarixli ödəniş tapşırığı ilə 6.750 manat, 2022-ci il 16 mart tarixli ödəniş tapşırığı ilə 15.750 manat, 2022-ci il 5 aprel tarixli ödəniş tapşırığı ilə 6.750 manat, 2022-ci il 22 iyun tarixli ödəniş tapşırıqları ilə 1.800 manat və 5.100 manat olmaqla, ümumilikdə 29.400 manat mə bləğində avans, 2022-ci il 4 may tarixli elektron qaimə ilə 36.815 manat, 2022-ci il 6 iyun tarixli elektron qaimə ilə 10.840,30 manat və 2022-ci il 10 iyul tarixli elektron qaimə ilə 1.338,30 manat dəyərində toxum, gübrə, dərman vasitələri cavabdehə təhvil verilmişdir.
4. Kommersiya qurumunun dövlət reyestrindən çıxarışa əsasən, “X1” MMC-nin adı dəyişdirilərək İddiaçı MMC olmuşdur. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə 2023-cü il 21 iyun tarixində Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, 2022-ci il 10 mart tarixli 008-S saylı müqaviləyə əsasən 78.393,50 manat qalıq borc məbləği və 400 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı müqavilə (bax §§ 1-2) üzrə üzərinə düşən öhdəlikləri icra edərək, 48.993,50 manat dəyərində toxum, gübrə, dərman və avans qismində 29.400 manat nağd pul olmaqla, cavabdehə ümumilikdə 78.393,50 manat məbləğində vəsait ödəməsinə baxmayaraq, sonuncu tərəfindən məhsul əkini həyata keçirilməmiş, müqavilə ilə üzərinə düşən öhdəliklər icra edilməmişdir. Müqavilə şərtlərinin pozulması nəticəsində cavabdehin ödənilməmiş 78.393,50 manat borcu qalmışdır.
7. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilməmişdir.
8. Şəki Kommersiya Məhkəməsinin 2023-cü il 2 avqust tarixli e-2-2(117)-688/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, cavabdehdən 78.393,50 manat borc və 400 manat məbləğində medias iya xərcinin tutularaq iddiaçıya ödənilməsi, ödənilməmiş 325,18 manat dövlət rüsumunun cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim – R.Məcidov).
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, tərəflər aralarında bağlanmış müqaviləni alqı-satqı adlandırsalar da, onlar arasında qarışıq müqavilələr bağlanmışdır. Müqavilələrin alınmış avans dəyərinin soya paxlası şəklində qaytarılması hissəsi podrat müqaviləsi, borc qaytarıldıqdan sonra yetişdirilmiş paxlanın qalan hissəsinin satışı isə alğı-satqı müqaviləsi olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən soya paxlası təhvil verilməyərək avans verilən borc və satılmış gübrə və toxumun dəyəri ödənilmədiyindən, tərəflər arasında alqısatqı olmamış, yalnız pod rat müqaviləsindən irəli gələn münasibətlər mövcud olmuşdur.
10. Müqavilə şərtlərinə əsasən cavabdeh götürdüyü avans vəsaitin və təhvil aldığı malların dəyərini ödəməli və borcunu bağladıqdan sonra təhvil verməli olduğu soya paxlasının qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin cavabdeh müqavilənin şərtlərini yerinə yetirməməklə borcunu ödəməmişdir. Cavabdehin qeyd olunan məbləğdə avans götürməsi ödəniş tapşırıqları, dərman, toxum və gübrə təhvil verilməsi isə həm elektron qaimələr, həm də malların təhvil-qəbul aktları ilə öz təsdiqini tapır. Elektron qaimə fakturalar orada adı qeyd olunan malların cavabdeh tərəfindən qəbul edilməsini birbaşa təsdiq etməsə də, iş materiallarındakı sənədlərlə, yəni malların təhvilqəbul aktları əlaqəli şəkildə qiymətləndirildikdə müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə mal (toxum, gübrə, dərman) təhvil verilmişdir.
11. İddiaçı tərəfindən cavabdehə iddia tələbi həddində 78.393,50 manat məbləğində avans və mal (gübrə, dərman, toxum) təhvil verilməsi iş materialları ilə öz təsdiqini tapdığından və cavabdeh istər məhsul, istərsə də pul şəklində həmin məbləği iddiaçıya qaytarmadığından 78.393,50 manat məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
12. Birinci instansiya məhkəməsi bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 386.1, 442, 445.2, 448.1, 752.1, 752.2-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-c i il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarixli qərarına istinad etməklə əsaslandırmışdır.
13. Cavabdeh apellyasiya şikayəti verməklə, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 31 oktyabr tarixli 2-2(107)-82/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – E.Hüseynov, hakimlər – G.Cavadova və V.Məlikov).
15. Apellyasiya instansiyası məh kəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, cavabdeh “müqavilə üzrə üzərinə düşənləri icra etməsi və məhsulun vaxtında yetişməməsi, iddiaçının təqsirindən məhsulun yığılmasının gecikdirilməsi, yetişmiş məhsulun sahədə qalaraq xarab olması, yığılmış məhsulu isə iddiaçının almaqdan imtina etməsi səbəbindən verilmiş toxum, gübrə və avans məbləğini geri ödəyə bilməməsi” ilə bağlı halları təsdiq edən sübutları işə baxan məhkəmələrə təqdim etməmişdir. Eyni zamanda, apellyasiya şikayətinin “iddiaçının məhsulu biçdikdən təxminən bir ay sonra təhvil alaraq məhsulun orta keyfiyyət göstəricilərinin qəsdən aşağı düşməsinə səbəb olması və buna görə də məhsulu təhvil almaqdan imtina etməsi” dəlillərini təsdiq edən süb utlar işə baxan məhkəmələrə təqdim edilməmişdir.
16. Müqavilədə məhsulun məhz iddiaçı tərəfindən biçilməsi ilə bağlı onun üzərinə öhdəlik qoyulmamış, sadəcə olaraq müqavilədə 3 nömrəli əlavədə məhsulun biçini ilə bağlı qiymət göstərilmiş və cavabdeh də həmin qiymətlə razılaşmışdır. Tərəflər arasında bağlanmış müqavilə şərtlərinə əsasən zərurət yarandığı halda cavabdehin müraciəti əsasında dəyəri ödənilmək şərtilə sifarişçi olan iddiaçı məhsulun biçinini həyata keçirə bilər. Bundan başqa, müqavilənin 4.1-ci bəndinə əsasən, sifarişçi məhsulu icraçıdan məhsul biçildikdən sonra əkin sahəsində təhvil almalıdır. Göründüyü kimi, məhsulun mütləq qaydada sifarişçi olan iddiaçı tərəfindən biçilməli olması ilə bağlı tərəflər arasında heç bir razılaşma mövcud olmamışdır. Cavabdeh (icraçı) yalnız məh sulun sifarişçi cəmiyyət tərəfindən vaxtında biçilməməsinə və təhvil alınmamasına istinad edir ki, həmin dəlillərə münasibətdə kollegiya qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya məhsulun biçini ilə bağlı müraciət edilməsini təsdiq edən sübutlar təqdim edilməmişdir.
17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının cavabdehə soya paxlası məhsulunun təhvil alınması gecikdirildiyinə görə 16.590 manat və 54.460 manat məbləğlərdə maddi zərər vurması barədə dəlillərini də əsassız saymışdır. Belə ki, cavabdeh həmin xüsusatları təsdiq edən sübutları təqdim etməmişdir.
18. Apellyasiya şikayətinin dəlillərindən biri də iddiaçının tərəflər arasında bağlanmış müqavilənin 6.5-ci bəndinin tələblərinə əməl etməməsi ilə bağlıdır. Müqavilənin həmin bəndində göstərilmişdir ki, sifarişçi əkin lərin sığorta haqqını ödəyir. Sığorta ödənişi ilə bağlı isə məhkəmə kollegiyası qeyd etmişdir ki, müqavilənin qeyd olunan bəndinə əsasən əkinlərin sığorta haqqını ödəmək sifarişçinin vəzifəsidir. Lakin icraçı əkin sahəsinin sığortalanması ilə bağlı heç bir sənəd təqdim etməmişdir ki, belə olan halda da iddiaçı tərəfindən sığorta haqqının ödənilməsindən söhbət gedə bilməz. Cavabdeh sığorta şirkəti ilə sığorta müqaviləsini bağlamalı, iddiaçı isə onun dəyərini ödəməlidir.
19. İş materiallarında iddiaçı tərəfindən yerində monitorinq keçirilməsi barədə hesabatlar və fotoşəkillər olduğundan kollegiya apellyasiya şikayətinin sifarişçi tərəfindən məhsulun istehsalı zamanı nəzarət funksiyasını yerinə yetirməməsi barədə dəlili ilə də razılaşmamışdır.
20. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsi və vəkilinin sifarişçinin icraçıya təqdim etdiyi toxumun keyfiyyətinin müəyyən edilməsi və sertifikatı (mənşəyi) barədə mütəxəssis rəyinin alınması, eyni zamanda toxumun məhsuldarlığı, toxumun böyüməsinin (inkişaf etməsinin) icraçının bitkiyə (toxuma) düzgün qulluq etməməsindən, yoxsa toxumun keyfiyyətindən, torpaq sahəsinin mineral tərkibindən, o cümlədən iqlim şəraitindən asılı olub-olmamasının müəyyən edilməsi üçün məhkəmə bioloji ekspertizasının keçirilməsi barədə vəsatətinə münasibətdə qeyd etmişdir ki, soya paxlası bitkisi birillik bitkidir. İş materiallarından da göründüyü kimi, tərəflər arasında mübahisə 2022-ci ildə yaranmışdır. Yəni soya paxlası məhsulu 2022-ci ildə əkilib becərildiyindən vəsatətdə qoyulmuş sualların cavablandırılmasının mümkün olmayacağı əvvəlcədən bəllidir. Eyni zamanda, iş materiallarına iddiaçı tərəfindən cavabdehə əkmək üçün verdiyi soya toxumunun sertifikatı (mənşə məlumatları) əlavə edilmişdir. Sertifikatda toxumun laborator müayinəsinin nəticələri öz əksini tapmışdır. Həmin sertifikatdan (mənşə məlumatlarından) görünür ki, iddiaçı tərəfindən cavabdehə əkmək üçün yüksək keyfiyyətli toxum verilmişdir.
21. Apellyasiya məhkəməsi mövqeyini birinci instansiya məhkəməsi ilə eyni maddi hüquq normalarına istinad etməklə əsaslandırmışdır.
22. Cavabdeh kassasiya şikayəti verməklə, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri:
23. MM-in 5.3-cü və 16.1-ci maddələri üzrə - Birin ci instansiya məhkəməsi müqavilə üzrə tərəflərin öz hüquq və vəzifələrini vicdanla həyata keçirib keçirmədiyini araşdırmamışdır. Bu baxımdan, Şəki Apellyasiya Məhkəməsinin şikayətin təmin edilməməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsassız, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunsuzdur.
24. MM-in 448.2 və 556.2-ci maddələri üzrə - Podrat müqaviləsinin predmeti hər hansı işi icra etmək və yaxud hər hansı məmulatı və ya əvəz edilən əşyanı hazırlamaqdır. Əgər tərəflər arasında bağlanmış müqavilə üzrə cavabdehin üzərinə qoyulmuş öhdəlik razılaşdırılmış muzd qarşılığında hər hansı iş görməkdirsə, yəni soya paxlası əkinlərinin həyata keçirilməsindən ibarətdirsə, onda tərəflər arasında yaranmış münasibət podrat müqaviləsindən irəli gələn münasibətlər hesab ed ilməlidir, hansı ki, burada cavabdeh əvvəlcədən razılaşdırılmış muzd qarşılığında işi lazımınca icra edərək sifarişçi tərəfindən verilmiş toxumu əkmiş və becərmişdir. Əgər tərəflər arasında bağlanmış müqavilə üzrə cavabdehin üzərinə qoyulmuş öhdəlik razılaşdırılmış muzd qarşılığında hər hansı məmulatın və ya əvəz edilən əşyanın hazırlanmasından ibarətdirsə, yəni cavabdehin öhdəliyi əvvəlcədən razılaşdırılmış muzd qarşılığında soya məhsulunun istehsal etməsidirsə, MM-ə əsasən əkinçilik nəticəsində əldə edilmiş və hələ emal olunmamış kənd təsərrüfatı məhsulları podrat müqaviləsinin predmeti kimi qəbul edilə bilməzdi. Buradakı müqavilə münasibətlərindən görünür ki, tərəflər arasında bağlanmış qarışıq müqavilənin birinci hissəsində öhdəliyin icrasının mahiyyətinə (yəni “soya məhsulunun istehsa lı”na) daha çox xidmət müqaviləsi sayılan tapşırıq müqaviləsi uyğun gəldiyindən, həmin müqavilə haqqında normalar tətbiq olunmalı idi. Podrat müqaviləsində öhdəliyin icrasının mahiyyətindən görünür ki, podratçı konkret nəticənin əldə olunmasına təminat verir. Lakin tərəflər arasında bağlanmış qarışıq müqavilənin birinci hissəsində cavabdehin öhdəliyi soya məhsulunun istehsalıdır, hansı ki, əkinçilik nəticəsində kənd təsərrüfatı məhsullarının əldə edilməsində icraçı tərəfindən təminat verilə bilməz. Nəticədə soya məhsulu torpaqdan əldə olunan məhsuldur və o, hər hansı üsulla hazırlanmır.
25. Tərəflər arasında bağlanmış müqavilənin 5.2-ci bəndində məhsul istehsalını Müqaviləyə 3 saylı Əlavədə öz əksini tapmış müddətlərə və ardıcıllığa uyğun olaraq icra etmək icraçının vəzifəsi kimi nəzərdə t utulmuşdur. Müqaviləyə 3 saylı Əlavədən isə görünür ki, məhsulun yığımı, yəni biçimi yalnız dəndə nəmliyin miqdarı 13-14% olduqda mümkündür. Bu da onu göstərir ki, məhsul icraçı deyil, yalnız sifarişçinin nümayəndəsi baxış keçirdikdən və dəndəki nəmliyin miqdarı yoxlandıqdan sonra biçilməlidir. Lakin Sifarişçi tərəfindən texniki şərtlər pozulduğuna görə məhsul biçimi gecikmişdir.
26. Şəki Apellyasiya Məhkəməsinin qətnaməsindən görünür ki, məhkəmə MM-in 448.2ci maddəsinin tələbini nəzərə almadan, yəni iddia ərizəsində tələb edilən borc məbləğinin iddiaçıya ödənilməməsində cavabdehin təqsirli olub-olmadığını araşdırmadan, əsassız olaraq cavabdehin iddiaçı qarşısında borclu olması qənaətinə gələrək apellyasiya şikayətini təmin etməmişdir. Halbuki tərəflər arasında bağlanmış 2022-ci il 10 mart tarixli 008-S nömrəli müqavilənin müddəti 2022-ci il 1 oktyabr tarixdə başa çatmasına və həmin Müqavilənin 4.1 və 6.6-cı bəndlərinə əsasən sifarişçi məhsulu icraçıdan məhsul biçildikdən sonra əkin sahəsində yerində təhvil almalı olmasına baxmayaraq, sifarişçi məhsulu biçdikdən təxminən bir ay sonra təhvil alaraq məhsulun orta keyfiyyət göstəricilərinin qəsdən aşağı düşməsinə səbəb olmuş və nəticədə məhsulu təhvil almaqdan imtina etmişdir. Bununla da, iddiaçı cavabdehə soya məhsulunun istehsalı zamanı cavabdeh tərəfindən əlavə çəkilmiş xərclər üçün 16.590 manat və 54.460 manat məbləğlərdə maddi zərər vurmuşdur.
27. Bundan başqa, həmin Müqavilənin 6.5-ci bəndinə əsasən əkinlərin sığorta haqqını ödəmək sifarişçinin vəzifəsidir. Müqavilənin bu bəndindən də görünür ki, əkinlərin sığortalanması nı təşkil etmək və sığorta haqlarını ödəmək vəzifəsi sifarişçinin üzərinə qoyulmuşdur. Eyni zamanda, müqavilənin 6.12 və 6.13-cü bəndlərindən görünür ki, sifarişçi məhsul istehsalının yerinə yetirilməsi zamanı nümayəndəsini ayda bir dəfədən az olmayaraq göndərməli, nöqsanlar olduğu təqdirdə 6.13-cü bənddəki tədbirləri görməli idi. Sifarişçi müqavilənin bu bəndlərinə riayət etməmiş, yəni məhsulun istehsalı zamanı nəzarət funksiyasını yerinə yetirməmişdir. Hər hansı nöqsan olduğu halda bu barədə cavabdehə heç bir xəbərdarlıq etməmişdir.
28. MPM-in 9, 14.1, 66, 76, 88 və 217-ci maddələri üzrə - Şəki Apellyasiya Məhkəməsi işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Birinci instansiya məhkəməsi cavabdehin məhkəmədə verdiyi izahatında məhsul vaxtında yetişmədiyindən, iddiaçının təqsirindən yığılması gecikdirildiyindən və yetişmiş məhsul sahədə qalaraq xarab olduğundan, yığılmış məhsulu isə iddiaçı almaqdan imtina etdiyindən, iddiaçı tərəfindən verilmiş toxum, gübrə və avans məbləğini geri ödəyə bilmədiyini, müqavilə üzrə üzərinə düşənləri etdiyini, həmin borcun ödənilməməsində cavabdehin təqsiri olmadığını bildirsə də, məhkəmə bu xüsusatları araşdırmadan bir iclas keçirməklə tələsik bir qətnamə qəbul etmişdir.
29. Eyni zamanda, Şəki Apellyasiya Məhkəməsinə sübutların əldə edilməsi və müvafiq mütəxəssis, o cümlədən ekspert rəyinin alınması ilə bağlı vəsatətlərlə müraciət olunsa da, məhkəmə heç bir əsaslandırma aparmadan vəsatətlərin təmin olunmaması barədə qərar qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
31. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
32. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun m əsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə
752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir....” “Maddə
777. Tapşırıq müqaviləsi 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür....” 34. “Aqrar sığorta haqqında” Azərbaycan müddəalarında aşağıdakılar nəzərdə tutulur: Respublikası Qanununun “Maddə
1. Əsas anlayışlar 1.1. Bu Qanunun məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə edilir: 1.1.1. aqrar sığorta sistemi – kənd təsərrüfatı və akvakultura məhsullarının istehsalçısının (bundan sonra kənd təsərrüfatı məhsullarının istehsalçısı) bu Qanunun 4.1-ci maddəsi ilə müəyyən edilmiş əmlak mənafelərinin kö nüllü sığorta əsasında müdafiəsi sahəsində riskin ötürülməsinə və bölüşdürülməsinə əsaslanan münasibətlər sistemi;...” “Maddə
4. Aqrar sığortanın predmeti 4.1. Bu Qanunun tələblərinə uyğun olaraq aşağıdakılar aqrar sığortanın predmeti sayılır: 4.1.1. kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları (çoxillik əkmələr və onların məhsulu daxil olmaqla);...” “Maddə
12. Aqrar sığortalı müvafiq 12.1. Aqrar sığortalı aqrar sığorta sistemi üzrə sığortalanmaq üçün vasitəçi aqrar sığortaçılar vasitəsilə aqrar sığorta informasiya sistemində qeydiyyatdan keçir və əmlak mənafelərinin bu Qanunla müəyyən edilən qaydada sığortalanması üçün idarəedici qurum ilə müqavilə bağlayır....”
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Mad də
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
97. Məhkəmənin ekspertiza təyin etməsi 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir....” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini aşağıdakı səbəblərdən əsassız hesab edir.
37. Kassatorun dəlillərinə görə, MM-ə əsasən əkinçilik nəticəsində əldə edilmiş və hələ emal olunmamış k ənd təsərrüfatı məhsulları podrat müqaviləsinin predmeti kimi qəbul edilə bilməzdi. Buradakı müqavilə münasibətlərindən görünür ki, tərəflər arasında bağlanmış qarışıq müqavilənin birinci hissəsində öhdəliyin icrasının mahiyyətinə (yəni “soya məhsulunun istehsalı”na) daha çox xidmət müqaviləsi sayılan tapşırıq müqaviləsi uyğun gəldiyindən, həmin müqavilə haqqında normalar tətbiq olunmalı idi. Podrat müqaviləsində öhdəliyin icrasının mahiyyətindən görünür ki, podratçı konkret nəticənin əldə olunmasına təminat verir. Lakin tərəflər arasında bağlanmış qarışıq müqavilənin birinci hissəsində cavabdehin öhdəliyi soya məhsulunun istehsalıdır, hansı ki, əkinçilik nəticəsində kənd təsərrüfatı məhsullarının əldə edilməsində icraçı tərəfindən təminat verilə bilməz. Nəticədə soya məhsulu torpaqdan ə ldə olunan məhsuldur və o, hər hansı üsulla hazırlanmır.
38. Məhkəmə kollegiyası isə hesab edir ki, podrat müqaviləsinin anlayışını verən MMin 752.1 və 752.2-ci maddələrinin (bax § 33) məzmunundan əkinçilik məhsullarının hazırlanmasının (istehsalının) podrat müqaviləsinin predmeti ola bilməyəcəyinə dair nəticə çıxmır.
39. Digər tərəfdən, kassatorun istinad etdiyi xidmət müqaviləsini tənzimləyən normalar MM-də nəzərdə tutulmadığından formalaşmış məhkəmə təcrübəsində adətən qanunun analogiyası qaydasında MM-in tapşırıq müqaviləsinə dair müddəaları tətbiq edilir. Çünki podrat müqaviləsindən fərqli olaraq, istər xidmət, istərsə də tapşırıq müqavilələrinin predmetini hər hansı maddiləşmiş konkret nəticənin əldə olunması deyil, müəyyən işin görülməsinin özü təşkil edir. Yəni, xidmət və tapşırıq müqavilələrinin icrasında sifarişçi üçün önəmli olan əsas məqam iş prosesinin özüdür. Elə tapşırıq müqaviləsinin anlayışını müəyyən edən MM-in 777.1-ci maddəsində (bax § 33) istifadə olunmuş “konkret nəticə əldə olunmasına təminat vermədən” ifadəsinin işlədilməsi də eyni mətləbdən xəbər verir.
40. Hazırkı halda isə, sifarişçi (iddiaçı) bilavasitə soya məhsulunun əldə olunmasında maraqlıdır və məhz bu səbəbdən də icraçı (cavabdeh) ilə mübahisəli müqaviləni bağlamışdır.
41. O da qeyd olunmalıdır ki, MM-in 752.-ci məzmunundan aydın olur ki, podrat müqaviləsinə uyğun olaraq əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.
42. Hazırkı halda da podratın predmetini məhz əvəz edilən əşyanın (soya məhsulu) hazırlanması təşkil etmişdir. Lakin həmin məhsul hazırlanmadığından alq ı-satqı qaydalarının tətbiqinə əsas olmamışdır ki, işə baxan məhkəmələr də bu barədə doğru nəticəyə gəlmişlər.
43. Bu baxımdan, sözügedən müqavilənin kassator tərəfindən xidmət müqaviləsi kimi dəyərləndirilməsi, məhkəmə kollegiyasının qənaətinə görə, yalnız cavabdehin məsuliyyətdən yayınmasına nail olmaq məqsədini daşıyır və tamamilə əsassızdır.
44. Kassasiya şikayətinin sifarişçi tərəfindən texniki şərtlər pozulduğuna görə məhsul biçiminin gecikməsinə, sifarişçi məhsulu biçdikdən təxminən bir ay sonra təhvil alaraq məhsulun orta keyfiyyət göstəricilərinin qəsdən aşağı düşməsinə səbəb olmasına və nəticədə məhsulu təhvil almaqdan imtina etməsinə, bununla da, iddiaçının cavabdehə soya məhsulunun istehsalı zamanı cavabdeh tərəfindən əlavə çəkilmiş xərclər üçün 16.590 manat və 54.460 manat məb ləğlərdə maddi zərər vurmasına dair eyniməzmunlu dəlilləri aşağı məhkəmə instansiyalarında da bildilimişdir.
45. Lakin bu halların həqiqiliyi işə baxan məhkəmələr tərəfindən müəyyən edilməmişdir.
46. Eyni zamanda, kassator öz şikayətində bu məsələ ilə bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyini əlavə tutarlı dəlillərlə də təkzib edə bilməmişdir.
47. Bundan başqa, məhkəmə kollegiyası hesab edir ki, əgər cavabdeh həqiqətən də iddiaçının təqsirli hərəkətləri nəticəsində ona 16.590 manat və 54.460 manat məbləğlərdə maddi zərər vurmasını hesab edirdisə, bununla əlaqədar, ən azından, iddiaçıya qarşı qarşılıqlı tələblər irəli sürə bilərdi. Lakin cavabdeh nəinki qarşılıqlı tələb irəli sürməmiş, hətta işdən görünür ki, MPM-in 77.1-ci maddəsinə (bax § 35) uyğun olaraq iddia etdiyi zərərlə bağlı hər hansı sübutu da məhkəməyə təqdim etməmişdir.
48. Daha sonra kassator bildirir ki, iddiaçı müqavilə öhdəliklərini pozaraq əkinlərin sığorta haqqını ödəmək vəzifəsini, habelə məhsulun istehsalı zamanı nəzarət funksiyasını yerinə yetirməmişdir.
49. Sığorta ödənişi ilə bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, müqavilənin qeyd olunan bəndinə əsasən əkinlərin sığorta haqqını ödəmək sifarişçinin vəzifəsidir. Lakin icraçı əkin sahəsinin sığortalanması ilə bağlı heç bir sənəd təqdim etməmişdir ki, belə olan halda da iddiaçı tərəfindən sığorta haqqının ödənilməsindən söhbət gedə bilməz. Cavabdeh sığorta şirkəti ilə sığorta müqaviləsini bağlamalı və iddiaçı isə onun dəyərini ödəməlidir.
50. O da qeyd olunmalıdır ki, “Aqrar sığorta haqqında” Azərbaycan Respublikası Qanunu nun 1.1.6, 4.1.1 və 12.1-ci maddələrinin (bax § 34) məzmununun qarşılıqlı təhlili belə deməyə əsas verir ki, bitkiçilik məhsulları da (çoxillik əkmələr və onların məhsulu daxil olmaqla) aqrar sığortanın predmetini təşkil edir. Aqrar sığortalı, yəni aqrar sığorta sistemi üzrə əmlak mənafeləri sığortalanan kənd təsərrüfatı məhsullarının istehsalçısı olan fiziki və ya hüquqi şəxs aqrar sığorta sistemi üzrə sığortalanmaq üçün idarəedici qurum ilə müqavilə bağlayır.
51. Göründüyü kimi, mübahisəli müqavilədə və qanunda cavabdehin sığortalanması vəzifəsi nəinki iddiaçının üzərinə qoyulmamış, hətta “Aqrar sığorta haqqında” Qanundan aqrar sığorta müqaviləsinin bilavasitə kənd təsərrüfatı məhsulları istehsalçısının özü tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuşdur.
52. Həmçinin mübahisələndirilə n qətnamədən görünür ki, iş materiallarında iddiaçı tərəfindən yerində monitorinq keçirilməsi barədə hesabatlar və fotoşəkillər olduğundan apellyasiya instansiyası məhkəməsi cavabdehin sifarişçi tərəfindən məhsulun istehsalı zamanı nəzarət funksiyasını yerinə yetirməməsi barədə dəlili ilə də razılaşmamışdır.
53. Kassator apellyasiya instansiyası məhkəməsinin həmin mövqeyini tutarlı dəlillərlə təkzib edə bilməmişdir. Məhkəmə kollegiyası da onunla razılaşmamaq üçün hər hansı hüquqi əsas tapmır.
54. Kassasiya şikayətinin digər dəlili isə ondan ibarətdir ki, sübutların əldə edilməsi və müvafiq mütəxəssis, o cümlədən ekspert rəyinin alınması ilə bağlı vəsatətlərlə müraciət olunsa da, məhkəmə heç bir əsaslandırma aparmadan vəsatətləri təmin etməmişdir.
55. Halbuki iş materiallarında həmin vəsatə tlərlə əlaqədar apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış ayrıca qərardad mövcuddur (i/v 147-149). Həmin qərardadda məhkəmə vəsatətlərin rədd olunması ilə bağlı mövqeyini lazımi qaydada əsaslandırmışdır.
56. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində də vəsatətlərlə bağlı mövqeyini daha yığcam şəkildə ifadə etmişdir.
57. Cavabdeh isə vəsatətlərin təmin edilməməsi barədə məhkəmənin gəldiyi nəticəni tutarlı dəlillərlə təkzib edə bilməmişdir.
58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi sözügedən qərardadı qəbul edərkən MPM-in 97.1-ci maddəsinin (bax § 35) tələblərinə əməl etmiş, həmçinin digər hüquq pozuntusuna yol verməmişdir.
59. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya i nstansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsinin (bax § 35) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 35) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.
60. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 31 oktyabr tarixli 2-2(107)-82/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
61. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 31 okt yabr tarixli 2-2(107)-82/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.