Məhkəmə qərarları › İş №2-2(102)-249/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-249/2021

16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-249/2021 16.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iddiaçı «xxxx» MMC-nin Cavabdeh MMC-nə qarşı iş üzrə QƏRAR Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu, Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədov Natiq Alı oğlunun, cavabdehin vəkili iştirakları ilə, iddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehə qarşı “pul” tələbinə dair kommersiya işi üzrə Cavabdeh MMC tərəfindən Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 23 fevral tarixli, 2-2( 103)-188/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. Kommersiya hüquqi şəxsinin Dövlət qeydiyyatı haqqında Şəhadətnaməyə görə, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti 06 aprel 2012-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. 2. 02.11.2017-ci il tarixli, 171102/11-1-408 nömrəli alqı-satqı müqaviləsinə görə, iddiaçı qoşmalarda göstərilmiş malları cavabdehə satmağı, cavabdeh isə həmin malları bu müqavilənin qoşmalarında göstərilən qiymət qarşılığında və hər növ yükləmələr və məhdudiyyətlərdən azad şəkildə iddiaçıdan satın almağı öhdələrinə götürmüşlər. 3. 28 mart 2018-ci il tarixli sazişə görə, cavabdeh iddiaçıya olan 543,026.86 manat məbləğində borcun hər ay 54,300.00 manat məbləğində, sonuncu ay isə 54,326.86 manat olmaqla, 10 ay müddətində ödənilməsi öhdəliyini götürmüşdür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı «xxxx» MMC (bundan sonra – “iddiaçı”) cavabdeh MMC-nə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ƏDV daxil olmaqla, 450.526,86 manat pulun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, 28 mart 2018-ci il tarixli sazişə əsasən cavabdeh iddiaçıya olan 543,026.86 manat məbləğində borcun hər ay 54,300.00 manat məbləğində, sonuncu ay isə 54,326.86 manat olmaqla, 10 ay müddətində ödənilməsi öhdəliyini götürmüşdür. Lakin, sazişin imzalanmasına baxmayaraq, cavabdeh tərəfindən heç bir ödəniş olmamışdır. Bununl a bağlı cavabdehə 18 dekabr 2018-ci il tarixdə pretenziya göndərilsə də, cavabdehin borcu bu günədək ödənilməmişdir. Sazişin 6-cı bəndinə əsasən, borclu ödənişi 2 aydan çox gecikdirildikdə bu, Saziş üzrə öhdəliklərin icra edilməməsi kimi qiymətləndirilir və bu hal məcburi icra tədbirlərinin həyata keçirilməsini tələb etməsi üçün əsasdır. Cavabdeh borcu gecikdirdiyindən, sonuncudan 30 aprel 2018ci il tarixədək ödənilməli olan hissəyə görə 2,488.75 manat, 31 may 2018-ci il tarixədək ödənilməli olan hissəyə görə 2,262.50 manat, 30 iyun 2018-ci il tarixədək ödənilməli olan hissəyə görə 2,036.25 manat, 31 iyul 2018-ci il tarixədək ödənilməli olan hissəyə görə 1,810.00 manat, 31 avqust 2018-ci il tarixədək ödənilməli olan hissəyə görə - 1,583.75 manat, 30 sentyabr 2018-ci il tarixədək ödənilməli olan hissəyə görə 1,357.50 manat, 31 oktyabr 2018-ci il tarixədək ödənilməli olan hissəyə görə 1,131.25 manat, 30 noyabr 2018ci il tarixədək ödənilməli olan hissəyə görə 905.00 manat, 31 dekabr 2018-ci il tarixədək ödənilməli olan hissəyə görə 678.75 manat, 31 yanvar 2019-cu il tarixədək ödənilməli olan hissəyə görə 452.72 manat olmaqla, ümumilikdə 14,706.47 manat məbləğində faiz borcu tutulmalıdır.

6. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 18 sentyabr tarixli, e-2-2(113)-392/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdehdən ƏDV daxil olmaqla 450.526,86 manat pul və 30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim – Z. Pirverdiyev).

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən müvafiq müqavilə əsasında ƏDV daxil olmaql a, ümumi dəyər 563.569,13 manat məbləğində malların satışı həyata keçirilmiş, cavabdeh tərəfindən ödənişlər edilmiş, lakin hazırda cavabdehin iddiaçıya 450.526.86 manat borcu qalmışdır (bax yuxarıda §§ 2-3).

8. Alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır.

9. İddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, alınan mal ları cavabdehə vermiş, nəticədə iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır.

10. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – "Mülki Məcəllə”) 385.1, 386.1, 442, 443.1, 443.5, 445.1, 448.1, 567, 600.1, 600.4cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

11. Cavabdeh həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2 021-ci il 23 fevral tarixli, 2-2(103)-188/2021 saylı qətnaməsi ilə (hakimlər R.Ə.Qurbanov (sədrlik edən), C.A.Yusifov və V.Ə.Baxışova) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 18 sentyabr tarixli, e-2-2(113)-392/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, tərəflər arasında Mülki Məcəllənin 567-ci maddəsinə uyğun olaraq alqı-satqı müqaviləsi bağlanılmış və həmin Məcəllənin 598.2-ci maddəsinə uyğun olaraq əşyanın dəyərinin hissə-hissə ödənilməsi razılaşdırılmış, satılmış əşyalar cavabdehə verilmiş, cavabdeh isə həmin əşyaların qiymətini satıcıya tam ödəməmişdir. Bundan sonra tərəflər arasında mahiyyət etibarı ilə Mülki Məcəllənin 882.1-ci maddəsində nəzərdə tutulmuş mövcud borcun etirafı haqqında müqavilə bağlanılmışdır. Lakin cavabdeh həmin müqavilə, yəni 28 mart 2018-ci il tarixli sazişdə etiraf etdiyi və ödənilməsini öz üzərinə götürdüyü 543.026,86 manat məbləğində borcdan 450.526,86 manat məbləğində borcu ödəməmişdir. 14. 28 mart 2018-ci il tarixli saziş mahiyyət etibarı ilə Mülki Məcəllənin 882.1-ci maddəsində göstərilmiş mövcud borcun etirafı haqqında müqavilədir. Məcəllənin 882.2-ci maddəsində isə təsbit olunmuşdur ki, bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz.

15. Borcun ödənildiyini və ya iddiaçının etiraf etdiyi məbləğdən əlavə ödəniş edildiyini sübut etmə vəzifəsi cavabdehə aiddir. Sonuncu isə bununla bağlı sübutlar təqdim etmədiyindən, hazırki mübahisə üzrə məhkəmə ekspertizasının keçirilməsinə zərurət yoxdur. Çünki borcun hesablanması üçün xüsusi bilik tələb olunmur.

16. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermiş, məhkəmə qətnaməsinin təmin edilmiş hissəsində ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

17. Apelyasiya instansiya məhkəməsinin qətnaməsində “tərəflər arasında imzalanmış 28 mart 2018-ci il tarixli Sazişə əsasən 543,026.86 manat borcdan ödənilməmiş 450,526.86 manat borc qaldığı” bildirilmişdir. Halbuki, araşdırma aparılsa və təqdim olunan sənədlərə diqqətlə baxılsa görünərdi ki, adıçəkilən Sazişdə borc olaraq 01 mart 2018-ci il tarixə 450,526.86 manat göstərilmişdir. Həmin vaxtdan cavabdeh tərəfindən ümumilikdə təxminən 96,229.98 manat ödəniş edilmişdir. Bu ödənişlərin nəzərə alınmaması məhkəmə qətnaməsinin qət etdi hissəsində düzgün olmayan məbləğin göstərilməsinə gətirib çıxarmışdır.

18. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən iş üzrə təyin olunan ekspertiza ilə bağlı, ekspert tərəfindən onun qarşısında qoyulan sualların cavablandırılması üçün əlavə materiallar tələb olunsa da, təmin edilməmiş və bu səbəbdən məhkəmənin ekspertiza barədə qərardadı Mərkəzdə icrasız saxlanılmışdır. Bu məsələ apelyasiya şikayətində öz əksini tapmış, lakin apelyasiya məhkəməsi tərəfindən ödənilən məbləğlərə diqqət yetirilmədiyi kimi, konkret məbləğin ortaya çıxarılması üçün ekspertizanın keçirilməsinə də lüzum g örməmişdir.

19. Beləliklə, Bakı Apelyasiya Məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməmiş, iş üçün əhəmiyyəti olan hallar və sübutlar ətraflı tədqiq edilməmişdir.

20. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 88, 217.1, 217.3-cü maddələrinin tələblərinə istinad edilərək tərtib edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçısının izahatı

22. Cavabdehin vəkili kassasiya şikayətində göstərilənlərlə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

23. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak e tməmişdir.

24. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur.

25. Məhkəmə kollegiyası iddiaçının məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona g örə də, şikayət mümkün hesab edilmişdir.

27. İş üzrə cavabdeh tərəf apelyasiya məhkəməsinin qərarını bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).

28. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

29. Mülki Prosessual Məcəllənin 416-cı maddəsində nəzərdə tutulur ki, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

30. Mülki Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır”. “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna o lmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır”. “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.5. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kredito r öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər”. “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir”. ”Maddə

567. Alqı-satqı müqaviləsi Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür”. “Maddə

600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddə t nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. “Maddə

882. Mövcud borcun etirafı haqqında mücərrəd müqavilə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı f orma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz”. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

31. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğından iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 23 fevral tarixli, 2-2(103)-188/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

32. Cavabdehin kassasiya şikayətinin dəlill əri ilə bağlı qeyd edilməlidir ki, tərəflər arasında mahiyyət etibarı ilə mövcud borcun etirafı haqqında müqavilə bağlanılmışdır. Lakin, cavabdeh 28 mart 2018-ci il tarixli sazişdə (Mülki Məcəllənin 882.1-ci maddəsində göstərilmiş mövcud borcun etirafı haqqında müqavilə) etiraf etdiyi və ödənilməsini öz üzərinə götürdüyü 543.026,86 manat məbləğində borcdan 450.526,86 manat məbləğində borcu ödəməmişdir. Borcun ödənildiyinin və ya iddiaçının etiraf etdiyi məbləğdən əlavə ödəniş edildiyinin sübut etmə vəzifəsi cavabdehə aid olsa da, sonuncu bununla bağlı sübutlar təqdim etməmişdir. Apelyasiya Məhkəməsi qeyd edilənləri nəzərə alaraq o nəticəyə gəlmişdir ki, borcun hesablanması üçün xüsusi bilik tələb olunmadığından, hazırkı mübahisə üzrə məhkəmə ekspertizasının keçirilməsinə zərurət yoxdur. Bu hal da cavabdehin müvafiq Sazişdə borc olaraq 01 mart 2018-ci il tarixə 450.526,86 manat göstərildiyi, həmin vaxtdan tərəfindən ümumilikdə təxminən 96.229,98 manat ödəniş edildiyi, bu ödənişlərin nəzərə alınmadığı, həmçinin məhkəmənin konkret məbləğin ortaya çıxarılması üçün ekspertizanın keçirilməsinə də lüzum görməməsi barədə dəlilinin əsassız olduğunu sübut edir.

33. Beləliklə, cavabdeh tərəf şikayətində məhkəmə qətnaməsində 28 mart 2018-ci il tarixli saziş üzrə tərəfindən ödənilən məbləğin düzgün göstərilmədiyini qeyd etsə də, bunu təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlərə əsasən 28 mart 2018-ci il tarixli Sazişdə borc olaraq 01 mart 2018-ci il tarixə 450.526,86 manat göstərilməsi, həmin vaxtdan təxminən 96.229,98 manat edilən ödənişlərin nəzərə alınma ması, həmçinin apelyasiya şikayətində ekspertizanın keçirilməsi barədə birinci instansiya məhkəməsinin qərardadının icrasız qaldığı göstərilsə də, iş üzrə ekspertizanın keçirilməməsi barədə cavabdehin dəlilləri əsassız olmaqla, apelyasiya instansiyası məhkəməsinin qanuni qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.

34. Kassasiya şikayətinin digər dəlilində isə qeyd edilmişdir ki, Bakı Apelyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına riayət edilməmiş, iş üçün əhəmiyyəti olan hallar və sübutlar ətraflı tədqiq edilməmiş, habelə gəldiyi nəticə üçün mühüm əhəmiyyətə malik olan sübutları obyektiv araşdırmamışdır.

35. Bununla əlaqədar qeyd edilməlidir ki, Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut o lunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Məhkəmə tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozulması barədə kassasiya şikayətində qeyd edilənlər isə bu pozuntuların özünü konkret olaraq nədə büruzə verdiyi göstərilmədiyi, sadəcə olaraq prosessual hüquq normaları sadalanmaqla kifayətlənildiyi üçün qəbul edilə bilməz.

36. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apelyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 23 fevral tarixli, 2-2(103)-188/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:

38. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 23 fevral tarixli, 2-2(103)-188/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar