Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-25/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı cavabdeh Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: təbii qazdan istifadə ilə bağlı borcun silinməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası 22.01.2020 Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, Hüseynova Zəmilə Əli qızının katibliyi, İddiaçının vəkili X1, Cavabdehin vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iqtisadi iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 26 sentyabr tarixli 2-2(103)-616/2019 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: Cavabdeh tərəfindən iddiaçıya 2018-ci il 31 yanvar tarixə təbii qazdan istifadə ilə bağlı 21.392 manat məbləğində borc hesablanmışdır. İddiaçı 2018-ci il 28 noyabr tarixdə cavabdehə pretenziya qaydasında müraciət edərək artıq hesablanmış 21.392 manat məbləğində borcun silinməsini xahiş etmiş, lakin müraciət təmin edilməmişdir. İddiaçı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdeh tərəfindən iddiaçıya hesablanmış 21.392 manat məbləğində borcun silinməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçıya 201 8-ci il 27 fevral tarixli “debitor borcunun ödənilməsi tələbi barədə” pretenziya məktubu göndərərək, 2018ci il 31 yanvar tarixə iddiaçı Gəncə Regional Mədəniyyət İdarəsi tərəfindən istifadə edilmiş təbii qazın dəyəri olan 21.392 manat debitor borcunun cavabdehin hesablaşma hesabına ödənilməsini tələb etmişdir. İddiaçı cavabdehə 2018-ci il 20 aprel tarixli məktubla müraciət edərək 21.392 manat debitor borcunun ödənilməsi üçün təsdiqedici sənədlərin təqdim olunmasını tələb etsə də cavabdeh tərəfindən borcun olmasını təsdiq edən hər hansı bir sənədi iddiaçıya təqdim edilməmişdir. Cavabdeh debitor borcunun ödənilməsi barədə məktubunda 2017-ci il 5 yanvar tarixli, 1698-06-17 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alğı-satqısı barədə” müqaviləyə istinad edərək borcun bir hissəsinin həmin müqavilə imzalandıqdan sonra yaranmış borc olduğunu bildirmişdir. Lakin borcun illər və aylar üzrə əmələ gəlməsini müəyyən edən hesab fakturalar iddiaçıya təqdim edilməmişdir. Təbii qazdan aylar üzrə istifadə haqqı cavabdehin hesabına ödənilir. İddiaçının cavabdehə təbii qazdan istifadəyə görə debitor borcu olduğu halda, 2017-ci ilin ayları üzrə hesab fakturalarda 21.392 manat qalıq debitor borcunun olması qeyd edilməli idi. Tərəflər arasında imzalanmış 2017-ci il 5 yanvar tarixli, 1698-06-17 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alğı-satqısı barədə” müqavilə imzalandıqdan sonra tərəflər arasında təbii qazın qaz paylayıcısı tərəfindən istehlakçıya təchizatı və istehlakçının istifadə etdiyi təbii qazın dəyərinin ödənilməsi ilə bağlı münasibətlərə şamil olunur. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Cavabdeh iddiaçıdan tələb etdiyi 21.392 manat məbləğində debitor borcun yaranmasının əsasları, mənbəyi barədə sübutu yoxdur. Borcun ödənilməsinin tələb edilməsi halında cavabdeh borcun hansı sayğaca və hansı tarixə hesablandığını, aylıq sərfiyyatın nə qədər olduğunu, borcun hansı abonent koduna hesablandığını, həmin borcun ödənişinə dair iddiaçıya (istehlakçıya) qazın dəyəri barədə hesabın təqdim edildiyini sübut etməlidir. Qazın dəyəri barədə hesab təqdim edilməsi üçün cavabdehin və iddiaçının nümayəndələrinin iştirakları ilə qaz sayğacına baxış keçirilməli və qaz sayğacının göstəricilərinə əsasən borc hesablanmalı və hər ay istehlakçıya he sab təqdim edilməli idi. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2019-cu il 27 fevral tarixli 2-2 (82)260/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh tərəfindən iddiaçıya artıq hesablanmış 21.392 manat məbləğində borcun silinməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən məhkəməyə borcun hansı dövr üzrə və hansı əsaslarla hesablanması ilə bağlı hər hansı sübut təqdim edilməmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 26 sentyabr tarixli 2-2(103)-616/2019 nömrəli qətnaməsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermişdir. O, qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, istehlak olunmuş təbii qazın dəyəri hər ay iddiaçıya təqdim edilmiş hesab fakturalara əsasən ödənilir. Lakin iddiaçı istehlak olunmuş təbii qazın dəyərini tam şəkildə ödəməmiş, cavabdehə 21.392 manat borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş abonent saldosundan və digər sənədlərdən müəyyən edilir ki, qeyd olunan borc 2005-2006-cı il tarixlərdə idd iaçı tərəfindən 1 saylı Uşaq Musiqi Məktəbində sayğac vasitəsi ilə istehlak olunmuş təbii qazın dəyəridir. Qeyd olunan məbləğ də istehlakçı tərəfindən təbii qazdan sayğac vasitəsi ilə istehlak olunmuş təbii qazın dəyəridir. Göründüyü kimi, məhkəmə bunların heç birini araşdırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM)217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanunivə əsaslıolmalıdır.Qətnamənin qanuniliyi və əsaslılığı isə işin baxılması və həll olunması zamanı qüvvədə olan maddivə prosessual hüquq normalarına uyğun çıxarılmasını və iş üzrəmüəyyən edilmiş həqiqi hallaravə tərəflərin qarşılıqlı münasibətinəuyğun əsaslandırılmasını özündə əks etdirir. Məhkəmə qətnaməsinin qanuni hesab olunması üçün eyni zamanda onun MPM-in 220.4-cü maddəsinin tələbinə uyğun olması lazımdır. Həmin maddədə qeyd edilir ki, qətnamənin əsaslandırma hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədəməhkəmənin əsaslandığı sübutlarvəməhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər,habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. Lakin işə baxan məhkəmə qanunvericiliyin bu tələblərinə riayət etməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdehin vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, etirazda göstərilmişdir ki, 13 il keçdikdən sonra cavabdehin iddiaçıdan tələb etdiyi 21.392 manat borcun heç bir hüquqi əsası yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndində qeyd olunur ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz pa ylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun tələbindən göründüyü kimi, istehlakçıya verilən qazın dəyərini hər ay sayğacın göstəricinə əsasən hesablamaq və bu barədə hər ay istehlakçıya hesab (məlumat) təqdim e tmək qaz paylacısının öhdəliyinə aid edilmişdir. Lakin uzun illər ərzində və son illərdəki hesabatlarda əks olunmamış və ya düzgün hesablanmamış borcun sonradan hesablanaraq tələb edilməsinə qanunla yol verilmir. İddiaçı göstərilənlərə əsasən şikayətin təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. İddiaçının vəkili məhkəmə iclasında etirazda göstərilənləri müdafiə edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Əsaslandırıcı hissə: Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz. MM-in 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları is tisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Cavabdeh İB (paylayıcı) ilə İddiaçı (istehlakçı) arasında “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı” barədə 2017-ci il 5 yanvar tarixli, 1698-06-17 saylı müqavilə bağlanmışdır. Müqavilənin predmeti adlanan 1-ci bənddə qeyd edilmişdir ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Tərəflər arasında mübahisə Cavabdeh İB-nin İddiaçınə ünvanladığı 2018-ci il 27 fevral tarixli, x saylı “Debitor borcunun ödənilməsi tələbi barədə” pretenziya məktubu ilə tələb edilən, 2018-ci il 31 yanvar tarixə hesablanmış 21.392 manat təbii qazdan istifadə ilə borcla bağlı yaranmışdır. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin X2 və Turizm İdarəsinin Gəncə X3 İdarəsinə ünvanladığı 2018-ci il 20 aprel tarixli, 336/04 saylı məktubda tələb edilən 21.392 manat borcun yaranma əsasları ilə bağlı sənədlərin təqdim olunmasını xahiş etmişdir. Cavabdeh İB-nin 2018-ci il 24 dekabr tarixli cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı x saylı ödəyici koduna daxil olan qaz hesab kodlarının məlumatları yanvar 2006-cı ildə dövriyyə kitabından abonentlərin uçotu sisteminə keçirilərkən təbii qazdan istifadəyə görə borc 20.623,93 manat təşkil etmişdir. Cava bdeh tərəfindən birinci instansiya məhkəməsinə 2006-cı ilədək iddiaçıya 20.623,93 manat borcun hansı dövr üzrə və hansı əsaslarla hesablanması bağlı hər hansı sübut təqdim edilməmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş “Abonentin saldosu” adlanan sənədlərə əsasən müəyyən edilmişdir ki, tələb edilən borcun 20623,93 manatı iddiaçının tabeliyində olan 1 saylı Uşaq Musiqi Məktəbinə 2006-cı il 1 yanvar tarixədək hesablanmış borc məbləğidir. 1 saylı Uşaq Musiqi Məktəbinin 2005-ci ilə aid “Abonentin saldosu” adlı sənədində təbii qaz sərfiyyatı və təbii qazdan istifadəyə görə borc olmadığı halda 2006-cı il 1 yanvar tarixə cavabdeh tərəfindən məktəbə 20.623,93 manat borc yazılmasının səbəbləri nümayəndə tərəfindən belə iz ah edilmişdir ki, 2006-cı il 1 yanvar tarixədək 1 saylı Uşaq Musiqi Məktəbinin sayğacına baxış keçirilmədiyindən hər hansı borc hesablanmamışdır. 2006-cı il 1 yanvar tarixdə sayğaca baxış keçirilmiş və sayğac göstəricisinə əsasən qeyd edilən borc hesablanmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricisinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qanunun tələblərindən göründüyü kimi, istehl akçıya verilən qazın dəyərini hər ay sayğacın göstəricisinə əsasən hesablamaq və bu barədə hər ay istehlakçıya məlumat təqdim etmək qaz paylayıcısının öhdəliyinə aid edilmişdir. Aylıq hesabatda əks olunmamış və ya düzgün hesablanmamış borcun sonradan hesablanaraq tələb edilməsinə qanunla yol verilmir. Cavabdeh tərəfindən iddiaçıya 2017-ci il 20 dekabr tarixdə təqdim edilmiş hesab fakturada 1 saylı Uşaq Musiqi Məktəbinin 2017-ci il 19 dekabr tarixdə götürülmüş sayğac göstəricisinə əsasən həmin tarixə olan qalıq borcunun 504,33 manat olduğu, iddiaçının tabeçiliyində olan bütün idarələr üzrə təbii qazdan istifadəyə görə həmin tarixə cəmi qalıq borcunun 4035,13 manat olduğu qeyd edilmişdir. Həmin hesab-faktura təsdiq edir ki, 1 saylı Uşaq Musiqi Məktəbinin 2017-ci il 20 dekabr tarixədək təbii qazdan istifadəyə görə borcunun məbləği 504,33 manatdan artıq olmamışdır. Belə olan halda, tələb edilən borcun mövcudluğunu (yaranma əsaslarını) sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh tərəfindən 21.392 manat məbləğində borcun hansı qaydada və hansı dövr üçün hesablanması ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarında iddiaçının tabeliyində olan 1 saylı Uşaq Musiqi Məktəbinin 2006-cı il 1 yanvar tarixədək təbii qazdan istifadə etməsi, həmin tarixədək məktəbin qaz sayğacının olması barədə cavabdehin təqdim etdiyi abonent saldosundan başqa hər hansı sənəd yoxdur. Buna görə də, iddia tələbinin təmin edilməsinə dair məhk əmələrin gəldiyi nəticə əsaslıdır. Maddi və prosessual hüquq normalarının tələblərinin pozuntusuna yol verilməmişdir. Cavabdehin şikayətinin yuxarıda qeyd edilən digər dəlilləri apellyasiya instansiyası məhkəməsinin qənaətlərini təkzib etmir, yalnız onlara qarşı etirazı ifadə edir və bu, kassasiya şikayətinin təmin edilməsinə səbəb ola bilməz. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 415-1, 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 26 sentyabr tarixli 2-2(103)-616/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılır. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov
Məhkəmə qərarları › İş №2-2(102)-25/2020
Ali Məhkəmə Qərar — İş №2-2(102)-25/2020
22.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver