Məhkəmə qərarları › İş №2-2(102)-265/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-265/2022

24.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-265/2022 24.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı ASC-nin Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı iş üzrə QƏRAR İş № 2-2(102)-265/2022 (açar sözlər: müqavilə müddətinin uzadılmış hesab edilməsi, MPM-in 420-ci maddəsinin tələblərinə əməl edilməməsi, cavabdeh hüquqi şəxsin ləğv edilməsi) Bakı şəhəri, 24 may 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Abbasov Aqil Əzizağa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə İddiaçı ASC-nin Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı “müqavilə müddətinin uzadılmış hesab edilməsi” tələbinə dair komme rsiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 05 oktyabr 2021-ci il tarixli, 2-2(103)-540/2021 saylı qətnaməsindən İddiaçı ASC-nin kassasiya şikayətinə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" Sığorta Şirkəti (bundan sonra – “SŞ”) ilə "xxxx" ASC (bundan sonra – “ASC”) arasında 01 may 2014-cü il tarixli MTRC-LZ 025/1674-014 nömrəli “Hüquqi şəxslərə məxsus avtonəqliyyat vasitələrinin sığorta müqaviləsi” (bundan sonra – "xxxx") bağlanmışdır.

2. Müqavilənin 2-ci bəndinə əsasən, Sığortalı (ASC) müqavilə ilə müəyyən olunmuş sığorta haqlarını ödəməyi, Sığortaçı (SŞ) isə bunun müqabilində sığorta müddəti ərzində müqavilə ilə sığorta təminatı verilmiş sığorta riskləri nəticəsində sığorta hadisənin baş verməsi halında sığorta pred metinin (qrup halında sığorta zamanı hər hansı bir sığorta predmetinin) zədələnməsi və ya məhv olmasına görə müqavilənin şərtlərinə uyğun olaraq sığorta ödənişini verməyi öhdəsinə götürmüşdür.

3. Müqavilənin 13.3.2-ci bəndinə müvafiq olaraq, ümumi zərərlik dərəcəsi 100%-dən az olduqda, sığortaçı sığortalıya müəyyən miqdarda sığorta haqqını qaytarır, zərərlik dərəcəsi 100%-dən yuxarı olduqda həmin müqavilə üzrə bütün sığorta olunmuş sığorta şəhadətnamələrinə dair zərərlər üzrə sonrakı ödənişlər həyata keçirilmir. Sığortalı tərəfindən əlavə sığorta haqqının ödənilməsi şərtilə hazırkı müqavilənin hərəkətini bərpa etmək olar. Bütün hesablamalar müvafiq düsturlarla müəyyən olunur.

4. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2017-ci il 11 avqu st tarixli 2-2(103)-367/2017 saylı qətnaməsi ilə iddiaçı SŞ-nin cavabdeh ASC-yə qarşı "xxxx" iddia ərizəsi təmin edilərək ASC-dən SŞ-nin xeyrinə 190.047,58 manat əlavə sığorta haqqı və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 190.077,58 manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir.

5. İş materiallarına əlavə edilmiş Azərbycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 10 yanvar tarixli 2-2(102)-29/18 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 11 avqust tarixli 22(103)-367/2017 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. ASC SŞ-yə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət e dərək Müqavilənin müddətinin uzadılmış hesab edilməsi, təqdim ediləcəyi gündən qüvvəyə minmək şərtilə SŞ-dən Müqavilənin şərtləri daxilində 190.047.58 manat dəyərində siyahısı ASC tərəfindən tədim ediləcək avtomobillər üzrə avtosığorta şəhadətnaməsinin alınaraq ASC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2017-ci il 11 avqust tarixli 2-2(103)-367/2017 saylı qətnaməsi üzrə ilə ASC-dən SŞ-nin xeyrinə tutulmuş 190.047,58 manat əlavə sığorta haqqı ödənildikdən sonra SŞ yeni sığorta şəhadətnamələrinin verilməsindən imtina etmiş, bununla da ASC-nin hüquqularını pozaraq ona maddi ziyan vurmuşdur.

8. Belə ki, Müqavilə və sığorta şəhadətnamələrinin qüvvədə olduğu müddətdə tərəflər qarşılıqlı olaraq öhdəli klərini 100% icra edildikdən sonra SŞ Müqavilənin 13.3.2-ci bəndinin şərtlərini rəhbər tutaraq məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2017-ci il 11 avqust tarixli 2-2(103)- 367/2017 saylı qətnaməsi ilə həmin iddia üzrə ASC-dən SŞ-yə 190.047.58 manat əlavə sığorta haqqının tutulması qət edilmiş, yekunda həmin məbləğ ASC tərəfindən SŞ-yə 2018-ci il 17 sentyabr tarixində tam ödənilmişdir.

9. Bundan sonra ASC 2018-ci il 4 oktyabr tarixli ərizə ilə SŞ-yə müraciət edərək əlavə sığorta haqqının ödənildiyini diqqətə çatdıraraq “Hüquqi şəxslərə məxsus avtonəqliyyat vasitələrinin sığorta müqaviləsi” üzrə öhdəliklərinin icra etməsini və həmin ərizəyə qoşmada siyahısı göstərilən avtomobillərə yeni sığorta şəhadətnamələrinin verilməsini SŞ-dən xahiş etmişdir. SŞ AS C-yə ünvanlanmış 2018-ci il 11 oktyabr tarixli 15/2496 saylı məktubu ilə müqavilə və sığorta şəhadətnamələri üzrə müddət bitdiyindən yeni şəhadətnamələrin verilməsinin qeyri-mümkün olduğunu göstərmişdir.

10. Hallbuki Müqavilənin 13.3.2-ci bəndinə əsasən “Sığortalı tərəfindən əlavə sığorta haqqının ödənilməsi şərtilə hazırkı müqavilənin hərəkətini bərpa etmək olar”. Digər tərəfdən, məhkəmə yuxarıda adı çəkilən qətnaməni qəbul edərkən də müqavilə müddəti bitmişdi. Lakin buna baxmayaraq məhkəmə bu hala Mülki Məcəllənin 903.2 və 390.1-ci maddələri baxımından qiymət verərəkən hesab etmişdir ki, ASC tərəfindən sığorta haqqı ödənildiyindən müqaviləyə xitam verilə bilməz. Qeyd edilən qətnamələr və MM-in normalarının birgə tətbiqi onu tələb edir ki, əlavə sığorta haqqı ödənildiyindən Müqavilənin 13.3.2-ci bəndinə uyğun olaraq, SŞ-nin ASC qarşısında öhdəliyi yaranır və müqavilənin hərəkəti bərpa edilməlidir.”

11. İddia tələbinin hüquqi əsası kimi ASC Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 367.2, 399.3, 399.4, 441, 445.1, 445.2.1, 903.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 82.3-cü, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra – “KMP”) “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə” dair 2016-cı il 23 fevral tarixli, KMP-nin “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2014-cü il 30 oktyabr tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılma sına dair” 2015-ci il 15 iyul tarixli Qərarlarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun (bundan sonra – “AMP”) “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli qərarına, İnsan Hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə istinad edilmişdir. 12. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (bundan sonra “birinci instansiya məhkəməsi”) 2019-cu il 21 may tarixli e-2-2(81)-609/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu ASC-yə aid edilmişdir. (hakim Fərid Mədətli)

13. Birinci instansiya məhkəməsinin mövqeyinə görə iş materiallarında 190.047.58 manat məbləğində əlavə sığorta haqqının ASC-dən tutulmasına dair preyudisial əhəmiyyətli məhkəmə qərarlarının olmasına baxmayaraq, ASC tərəfindən həmin qətnamələrə təhrif olunmaqla iddia tələblərinin əsası olmasına etmələri yolverilməzdir.

14. Birinci instansiya məhkəməsi göstərib ki, qeyd olunan qətnamələrdən açıqaydın müəyyən edilir ki, Müqavilənin 13.3.2-ci maddəsində ümumi zərərlilik dərəcəsi 100%-dən yuxarı olduğundan, məhz 190.047,58 manat əlavə sığorta haqqının ödənilməsi ASC-yə həvalə edilmişdir. Məhkəmə qətnaməsində Müqaviləyə sonuncu əlavənin 2014-cü ilin dekabr ayında bağlanaraq ASC-nin maşınlarına təminat verilməsi və təminatın 2015-ci ilin dekabr ayına kimi verilməsi nəzərə alınarsa, bu hal belə qənaətə gəlməyə əsas verir ki, müqavilə 2015-ci ilin dekabr ayına kimi qüvvədə olduğu öz əksini tapmışdır.

15. Birinci instansiya məhkəməsi qeyd etdiklərinə əsasən belə nəticəyə gəlib ki, AS C-nin Müqavilə üzrə” 190.047,58 manat məbləğində əlavə sığorta haqqının ödənilməsinə istinad etməsi Müqavilənin müddətinin uzadılmış hesab edilməsi və yeni sığorta şəhadətnamələrinin verilməli olması kimi qiymətləndirilə bilməz.

16. Eyni zamanda, birinci instansiya məhkəməsi onu da qeyd etmişdir ki, ASC tərəfndən”190.047,58 manat məbləğində əlavə sığorta haqqı yuxarıda qeyd edilən qətnamələr üzrə icra edildiyindən SŞ qarşısında hər hansı yeni bir öhdəliyin yaratmadığı kimi qiymətləndirilir.

17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 390.1-ci, MPM-in 14.2, 76.1, 77.1, 82.3, 107, 119.1, 217.3, 217.4, 218-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

18. ASC apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin lə ğv, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra “apellyasiya instansiyası məhkəməsi”) 10 sentyabr 2019-cu il tarixli, 2-2(103)-644/2019 saylı qətnaməsi ilə ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 2019-cu il 21 may tarixli 2-2(81)-609/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər İlham Əhmədov (sədrlik edən-məruzəçi), Səriyyə Seyidova, Vidadi Məmmədov).

20. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi üzrə birinci instansiya məhkəməsinin hüquqi dəyərləndirməsi və gəldiyi nəticə ilə razılaşaraq, mövqeyini əlavə olaraq MM-nin 6.1.2, 6.1.5, 6.2, 324.1, 389.1, 405.1, 425.1-ci, MPM-nin 384.0.1-ci maddəsinə istinad etməklə əsaslandırmış dır.. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

21. ASC kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının (bundan sonra “kassasiya instansiyası məhkəməsi”) 2020-ci il 21 yanvar tarixli 2-2(102)27/2020 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 2019-cu il 10 sentyabr tarixli 2-2(103)-644/2019 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

23. Kassasiya instansiyası məhkəməsinni mövqeyi: - məhkəmə tərəfindən Müqavilənin 13.3.2-ci bəndinin təfsiri ilə bağlı heç bir araşdırma aparılmamış, tərəflərin iradə ifadəsinə aydınlıq gətirilməmiş, ASC-nin əlavə sığorta haqqının ödənilməsi şərti ilə müqavilənin hərəkətinin bərpa edilməsi nəyi ehtiva etdiyi və hansı məna daşıdığı, hansı dövrün nəzərdə tutulduğu müəyyən edilməmişdir; - ASC iddiasında qanuni qüvvəyə minmiş məhkəmə qərarını 2018-ci il 17 sentyabr tarixində icra etdiyini, yəni əlavə sığorta haqqını həmin vaxt ödədiyini bildirmişdir. Lakin məhkəmə əlavə sığorta haqqının ödənildiyi vaxtı müəyyən etməmiş, müqavilənin hərəkətinin bərpasının 2018-ci il 17 sentyabr tarixdən sayılıb-sayılmaması ilə bağlı tərəflərin münasibətini öyrənməmişdir; - hazırkı işdə Müqavilənin 2015-ci ilin dekabr ayınadək qüvvədə olmasına və sığorta şəhadətnaməsinin verilməsinə dair işdə sübut mövcud olmamışdır. Müqavilənin 2015-ci ilin dekabr ayınadək qüvvədə olmasının müqavilənin 13.3.2-ci bəndi ilə əlaqəli olması, habelə 2015-ci ilin dekabr ayına qədər sığorta şəhadətnaməsinin verilməsi 2017-ci il 11 avqust tarixli qətnamə ilə müəyyən edilməmişdir; - Müqavilənin 2015-ci ilin dekabr ayınadək qüvvədə olması barədə əlavənin mövcudluğu, buna uyğun sığorta şəhadətnaməsinin verilməsi, habelə əlavə sığorta haqqı ödənilənə qədər (ödənilməmiş) müqavilənin müddətinin 2015-ci ilin dekabr ayına qədər qüvvədə qalması, bunların müqavilənin 13.3.2-ci bəndi ilə əlaqəli olması əvvəlki işdə məhkəmə tərəfindən araşdırılıb qiymətləndirilmədiyindən bu hissədə məhkəmə MPM-in 82.3-cü maddəsinə istinad etməkdə haqlı olmamışdır; - həmçinin apellyasiya instansiyası məhkəməsi həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obye ktiv həllinə lazımi şərait yaratmayaraq sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra əlaqəli şəkildə araşdırmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

24. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsinin 11 avqust 2020-ci il tarixli, 2-2(103)-228/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 2019-cu il 21 may tarixli e-2-2(81)-609/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər Raqib Qurbanov (sədrlik edən-məruzəçi), Cahangir Yusifov, İlham Kərimli).

25. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında əvvəllər baş tutmuş məhkəmə mübahisəsi üzrə qəbul edilmiş Bakı Apellyasiya M əhkəməsinin 2017-ci il 11 avqust tarixli qətnaməsinin məzmunundan aydın olur ki, SŞ müqavilənin şərtlərinə görə əlavə sığorta ödənişi ödənilmədiyi halda sığorta ödənişlərini həyata keçirməkdə davam etmiş, ASC isə bu ödənişləri almış, lakin əlavə sığorta haqqını ödəməmişdir.

26. Apellyasiya instansiyası məhkəməsi onu da qeyd etmişdir ki, əvvəlki iş üzrə ASC iddia tələbinə yazılı etiraz etmiş və öz etirazında göstərmişdir ki, müqavilənin 13.3.2ci bəndinin mənasına görə zərərlik dərəcəsi 100%-i keçdikdə SŞ dərhal ASC-yə Müqavilənin 14.1-ci bəndində göstərilən qaydada bildiriş verməli və müqavilənin hərəkətinin bərpa edilməsi üçün hansı məbləğdə əlavə sığorta haqqı ödənilməli olduğunu bildirişdə göstərməli idi. ASC isə bildirişdə qeyd olunan məbləği ödəməklə bağlı razılığın bildirdikdən və həm in məbləğ SŞ-ya ödənildikdən sonra müqavilənin hərəkəti bərpa olunmalı idi. Lakin hansısa maraqlarına görə SŞ müqavilənin bu bəndinə əməl etməyərək məqsədli şəkildə sığorta ödənişlərini ödəməyə davam etmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə həmin mübahisənin predmeti məcburi qaydada sığorta haqqının ödənilməsi ilə müqavilə müddətinin uzadılması deyil, SŞ tərəfindən ASC-yə artıq ödənilmiş sığorta ödənişlərinə görə müqavilənin 13.3.2-ci bəndinə uyğun hesablanaraq ödənilməli olan, lakin ödənilməyən əlavə sığorta haqqının tutulması olmuşdur. Eyni zamanda, ASC-nin həmin iş üzrə mövqeyindən də aydın olur ki, ASC müqavilənin 13.3.2-ci bəndinə uyğun olaraq əlavə sığorta haqqının ödənilməsində maraqlı olmamış və bunu SŞ tərəfindən ona göndərilməli olan, lakin göndərilməyən bildirişlə əlaqələndirmişdir. Bununla yanaşı, o, artıq ödənilmiş sığorta ödənişlərini almış və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə onun bu hərəkəti əsassız varlanma kimi qiymətləndirilmişdir.

28. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırda ASC məhz həmin bəndə və qətnaməyə istinad edərək müqavilə müddətinin uzadılmış hesab edilməsini tələb edə bilməz. Hazırkı iddia yalnız o halda əsaslı hesab olunardı ki, ümumi zərərlik dərəcəsi 100%-dən yuxarı olduğu andan etibarən SŞ sığorta ödənişlərin verilməsini dayandırardı, bundan sonra ASC könüllü olaraq əlavə sığorta haqqını ödəyərdi, SŞ isə müqavilənin hərəkətini bərpa etməkdən imtina edərdi. Lakin bunun əksinə olaraq SŞ sığorta ödənişlərinin verilməsini davam etmiş, ASC bu ödənişləri qəbul etmiş, bununla yanaşı əlavə s ığorta haqqını ödəməkdən imtina etmişdir.

29. Apellyasiya instansiyası məhkəməsi qənaətini MM-in 6.1, 6.1.2, 6.1.5, 82.3, 390.1, 390.3-cü maddələri ilə əsaslandırmışdır. d) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

30. ASC kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

31. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 16 mart tarixli 2-2(102)-114/2021 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 11 avqust tarixli 2-2(103)-228/2020 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

32. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: - son apelly asiya baxışında məhkəmə öz qətnaməsində Ali Məhkəmənin hazırki iş üzrə birinci qərarında verilmiş mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən göstərişlərə ümumiyyətlə istinad etməmiş, onları araşdırmamış, əvvəlki apellyasiya baxışında məhkəmənin ifadə etdiyi mövqeyi nəticə etibarilə təkrarlamışdır. Halbuki əvvəlki apellyasiya baxışı nəticəsində qəbul edilmiş qətnamə, məhkəmənin həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv həllinə lazımi şərait yaratmayaraq sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra əlaqəli şəkildə araşdırmadığından, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermədiyindən, nəticədə MPM-in 88-ci maddəsinin tələblərini pozduğundan ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəm əsinə göndərilmişdi; - apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin 2020-ci il 21 yanvar tarixli qərarında verilmiş göstərişlərin müvafiq tələblərə uyğun olmamasına dair heç bir əsaslandırma gətirmədən bu göstərişləri yerinə yetirməmiş, nəticədə kifayət qədər əsaslandırılmamış qətnamə qəbul etmişdir; - bundan başqa, yeni apellyasiya baxışında yuxarıda qeyd olunmuş göstərişlərin icra edilməsi ilə yanaşı, mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən aşağıdakı məsələlərə də aydınlıq gətirilməlidir: - əvvəllki mübahisə üzrə qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2017-ci il 11 avqust tarixli qətnaməsinin məzmunundan aydın olur ki, müqavilənin 7- ci bəndinə uyğun olaraq müqavilənin ən son bitmə tarixi 2015-ci ilin dekabr ayı olmuşdur. SŞ 2016- cı il 4 may tarixində (yəni müqavilənin müddəti başa çatdıqdan sonra) ASC-yə pretenziya məktubu göndərərək 190.047,48 manat məbləğində əlavə sığorta haqqının ödənilməsini tələb etmişdir. Həmin qətnamə qanuni qüvvəyə mindiyindən bu faktlar preyudisial xarakter almışdır, ona görə də işin mübahisəsiz hallarını təşkil edir. Belə olan halda aydınlaşdırılmalı məsələlərdən biri ondan ibarət olmuşdur ki, SŞ müqavilə dövründə ümumi zərərlik dərəcəsi 100%-dən yuxarı olduğunu müəyyən etdiyi anda həmin müqavilə üzrə bütün sığorta olunmuş sığorta şəhadətnamələrinə dair zərərlər üzrə sonrakı ödənişləri dərhal (müqavilə müddəti başa çatmamış) dayandırmaq səlahiyyətinə malik idi, yoxsa malik deyildi; - əgər SŞ belə səlahiyyətə malik idisə, hansı səbəb(lər)dən sonrakı ödənişləri dərhal dayandırmamış, bunun üçün müqavilə müddətinin başa çatmasını gözləmişdir. Belə ki, ASC-nin ödədiyi sığorta haqlarının və SŞ-nin ödədiyi sığorta ödənişlərinin həcmi SŞ-yə vaxtında məlum idi və məlum olmalı idi; - bundan başqa, əgər SŞ belə səlahiyyətə malik idisə, onda müqavilənin 13.3-cü bəndində (“Sığorta müddətinin sonunda Sığorta haqqı ümumi zərərlik dərəcəsindən asılı olaraq aşağıda qeyd edildiyi şəkildə hesablanır:”) “Sığorta müddətinin sonunda” ifadəsi hansı anlamı verir və bu ifadə SŞ-nin müqavilə dövründə zərərlər üzrə sonrakı ödənişləri dərhal dayandırmaq səlahiyyətinə malik olması ilə (əgər SŞ belə səlahiyyətə malik idisə) necə uzlaşır; - əgər SŞ belə səlahiyyətə malik deyildisə, onda müqavilənin 13.3.2-ci bəndində nəzərdə tutulmuş “Sığortalı tərəfindən əlavə sığorta haqqının ödənilməsi şərti ilə ha zırkı müqavilənin hərəkətini bərpa etmək olar” müddəası hansı anlamı verir. Belə ki, MM-in 906.1-ci maddəsindən aydın olur ki, müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta təminatının müddəti həmin müqavilənin qüvvədə olduğu sonuncu gün saat iyirmi dörddə başa çatır. Eyni zamanda, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 11 avqust tarixli qətnaməsindən də görünür ki, sığorta müddətinin deyil, məhz müqavilənin ən son bitmə tarixi 2015-ci ilin dekabr ayı olmuşdur. Belə olan halda, hazırkı işdə müqavilənin müddəti başa çatdıqdan sonra “hazırki müqavilənin hərəkətini bərpa etmək olar” ifadəsi konkret olaraq hansı yükü daşıyır; - nəticə etibarilə, sözü gedən müqavilə müddəasının təsir qüvvəsi müqavilə müddəti başa çatmamışdan əvvəlki dövrə, yoxsa müqa vilə müddəti başa çatdıqdan sonrakı dövrə yönəlmişdir; - Ali Məhkəmənin iş üzrə qəbul etdiyi birinci qərardakı göstərişlər yerinə yetirilmədiyindən, son apellyasiya baxışında müvafiq istiqamətlərdə lazımi araşdırma aparılmadığından hazırkı mübahisənin həlli üçün mühüm əhəmiyyət kəsb edən mühüm məqamlar işin materiallarından aydın olmur; - bundan başqa, MM-in 903.1-ci maddəsinə görə, sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli pul məbləği sığorta haqqı adlanır. Həmin normadan aydın olur ki, sığorta müqaviləsi çərçivəsində sığortalının sığortaçıya ödəməli olduğu istənilən pul məbləği sığorta haqqı anlayışı ilə əhatə olunur. Qanun özü bundan istisna müəyyən etməmiş və müqavilə tərəflərinə də belə istisnanın müəyyən edilməsi üçün imkan nəzərdə tutmamışdır. Bu na görə də müqavilədə sığorta haqqının əvvəlinə “əlavə” sözünün qoşulub-qoşulmamasından asılı olmayaraq, bu ifadə istinad olunan normanın mənasını dəyişə bilməz; - iş materiallarından isə görünür ki, SŞ mahiyyət etibarilə, hazırda mübahisə predmeti olan müqavilədə işlədilmiş “əlavə sığorta haqqı” ifadəsinin MM-də nəzərdə tutulmuş “sığorta haqqı” anlayışı ilə əhatə olunmadığı qənaətindədir. Belə olan halda “əlavə sığorta haqqı” ifadəsinin müstəqil anlayış olmasının hüquqi əsas(lar)ının dəqiqləşdirilməsi zəruridir; - həmin məsələyə aydınlıq gətirilərkən o da nəzərə alınmalıdır ki, müqavilənin 13.3.2ci bəndinin ikinci cümləsi (“Sığortalı tərəfindən əlavə sığorta haqqının ödənilməsi şərti ilə hazırkı müqavilənin hərəkətini bərpa etmək olar”) dispozitiv xarakterlidir, daha doğrusu, əlavə sığort a haqqının ödənilməsi sığortalının vəzifəsi deyil, hüququdur; -MM-in tələblərinə (901.3, 903.4, 903.6-cı maddələr) görə, qrup halında sığorta zamanı sığorta şəhadətnaməsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən 3 iş günü müddətində verilməlidir. Sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən sonra qüvvəyə minir (müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa). Hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir; - Müqavilənin və MM-in istinad olunan müddəalarının qarşılıqlı təhlili onu deməyə əsas verir ki, hazırkı vəziyyətdə SŞ-nin mövqeyi işin materiallarından əsaslı görünmür. Belə ki, SŞ-nin mövqeyinə görə, əlavə sığorta haqqı məhz ASC-nin əvvəlki borcların ın ödənilməsinə yönəlmişdir. Belə olan halda müddəti bitmiş müqavilənin bərpası mümkün deyildir. Halbuki sığorta müqaviləsinin qüvvəyə minməsi üçün sığorta haqqının ödənilməsi tələb olunur. Bu isə o deməkdir ki, burada söhbət müddəti bitmiş müqavilənin bərpasından deyil, yeni müqavilənin bağlanmasından gedə bilərdi; - onda əlavə sığorta haqqının ödənilməsi müqabilində müddəti bitmiş müqavilənin bərpasına dair müddəanın hansı məqsədlə müqaviləyə daxil edilməsi, təyinatının nədən ibarət olması və praktiki baxımdan reallaşmasının mümkünlüyü perspektivləri yenə də aydın olmur; - istənilən halda ziddiyyətli məqamlar aydınlaşdırılarkən tərəflərin həmin məsələlərə münasibəti öyrənilməli, bu xüsusatar barədə mövqelər diqqətlə nəzərdən keçirilməli, gətirilən dəlillər konkret cavablandırılmalıdır. - yuxarıda qeyd olunan hallar araşdırılmadan iş üzrə ədalətli və əsaslı qərar qəbul etmək, mübahisəni hərtərəfli, tam və obyektiv həll etmək qeyri-mümkündür. - Hazırkı iş üzrə qətnamə qanuni və əsaslı olmadığından, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmadığından, sübutlara düzgün qiymət vermilədiyindən MPM-nin 88, 217.1 və 217.3-cü maddələrinin tələblərinə uyğun deyildir. e) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat

33. İşə üçüncü dəfə baxan apellyaisya instansiyası məhkəməsinin Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 05 oktyabr 2021-ci il tarixli, 2-2(103)- 540/2021 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edil miş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi rədd edilmişdir. (hakimlər Elmira Nağıyeva (sədrlik edənməruzəçi), Həmid Həmidov, Şeyda Məhərrəmova)

34. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, işin hazırkı apellyasiya icraatı zamanı Azərbaycan Respublikası Mərkəzi Bankının müvafiq məktubuna əsasən ”könüllü ləğv edilməsi ilə bağlı SŞ tərəfindən edilmiş müraciət əsasında X2 Heyətinin 2020ci il 17 dekabr tarixli qərarı ilə Cəmiyyətin sığorta fəaliyyətinə dair lisenziyası ləğv edilmişdir. Başqa sözlə, SŞ Mərkəzi Banka könüllü ləğv edilmə ilə bağlı müraciət etmiş, Bankın müvafiq qərarı ilə SŞ-nin lisenziyası ləğv edilmiş və hazırda ləğv prosesindədir.

35. Apellyasiya instansiyası məhkəməsi işin bu halını və “Sığorta fəaliyyəti haqqında” Qanunun 107.1.1, 108.4-cü maddələrinin məz mununu nəzərə alaraq hesab etmişdir ki, cavabdeh könüllü ləğv prosesində olduğundan, Mərkəzi Bankın müvafiq qərarı ilə SŞ-nin lisenziyası ləğv edildiyindən, iddiaçı ilə sığorta müqaviləsi bağlanması mümkün olmayacağından iddia tələbi təmin edilə bilməz. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

36. ASC kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

37. Kassasiya şikayətinin dəlkilləri: - MM-in 44.1 və 44.4-cü maddələri, “Sığorta fəaliyyəti haqqında” Qanunun 108.4.5 və 119.1.4-cu maddələrinin tələbləri pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsi iddiaya birbaşa aidiyyatı olmayan maddi hüquq normalarını sadalayaraq, cavabdehin könüllü ləğ v prosesində olmasını, Mərkəzi Bankın müvafiq qərarı ilə SŞ-nin lisenziyasının ləğv edilməsini iddiaçı ilə sığorta müqaviləsinin bağlanmasının mümkün olmayacağı əsası ilə iddianın təmin edilməməsi barədə qətnamə qəbul etmişdir. Halbuki, MM-in 44.1-ci maddəsinə əsasən “Hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir”. Həmin məcəllənin 44.4-cü maddəsinə əsasən isə “Hüquqi şəxsin xüsusi icazə (lisenziya) alınması zəruri olan fəaliyyəti həyata keçirmək hüququ belə lisenziyanın alındığı andan və ya lisenziyada göstərilən vaxtda əmələ gəlir və bu hüquqa, əgər qanunvericiliklə ayrı qayda müəyyənləşdirilməyibsə, lisenziyanın müddəti qurtardıqda xitam verilir”. Göründüyü kimi, maddi hüququ norması hüquqi şəxsin öhdəlikləri əldə etmə qabiliyyətini ləğv edilən anadək mümkün olduğunu müəyyən edir. Lisenziyalı fəaliyyətə münasibətdə də həmin lisenziyanın qüvvədə olduğu müddətdə yaranmasını müəyyən edir. İddia tələbi 2015-ci ildən iddia qaldırılan 2019-cu ilədək olan müddəti əhatə etdiyini nəzərə alınsa, qaldırılmış iddianın cavabdehin lisenziyasının ləğvindən əvvəlki müddəti əhatə etdi məlum olur; - eyni zamanda, “Sığorta fəaliyyəti haqqında” Qanunun 108.4-cü maddəsinə əsasən ləğv edilən lisenziyanın sahibinin müvafiq lisenziyada nəzərdə tutulmuş fəaliyyətlə bağlı bank hesabları üzrə əməliyyat apara biləcəyini istisna etmişdir. Həmin Qanunun 119.1.4cü maddəsinə əsasən Sığortaçı ləğv edildikdə müddəti başa çatmamış sığorta müqavilələri üzrə sığorta haqqının mü vafiq hissəsinin bu Qanuna uyğun olaraq qaytarılması ilə bağlı tələblər dördüncü növbədə ödənilən tələblərə aid edilmişdir. Yəni, apellyaisya məhkəməsi tərəfindən tətbiq edilməmiş maddi hüquq normalarının tələbindən göründüyü kimi, hər hansı bir hüquqi şəxsin ləğvi, onun əvvəlki öhdəliklərinin icrasından azad etmir. - b) kassasiya şikayətinə qarşı yazılı etirazın dəlilləri

38. Kassasiya şikayətinə qarşı tərəf yazılı etiraz təqdim edilməmişdir. Tətbiq edilən Hüquq “Sığorta fəaliyyəti haqqında” Qanun Maddə 107.1.1. Lisenziya sahibi lisenziyasının ləğvi barədə müvafiq müraciət etdikdə Maliyyə bazarlarına nəzarət orqanı bu Qanun əsasında verilmiş lisenziyanı ləğv edir. Maddə 108.4. Ləğv edilən lisenziyanın sahibi müvafiq lisenziyada nəzərdə tutulmuş fəaliyyətlə bağlı əqdlər bağlaya və aşağı da göstərilənlər istisna edilməklə, bank hesabları üzrə əməliyyat apara bilməz: 108.4.1. vergi və digər məcburi ödəmələrin həyata keçirilməsi; 108.4.2. işlərin aparılması ilə bağlı cari xərclərin ödənilməsi; 108.4.3. sığortaçıya ödənilmiş pul vəsaitlərinin hesaba daxil edilməsi; 108.4.4. sığortaçıya daxil olmuş sığorta haqlarından müvafiq təkrarsığorta müqaviləsi üzrə təkrarsığorta haqlarının ödənilməsi; 108.4.5. lisenziyanın ləğv edilməsindən əvvəl bağlanmış sığorta müqavilələri üzrə sığorta hadisəsinin baş verməsi ilə əlaqədar sığorta ödənişinin verilməsi; 108.4.6. sığorta brokerinin sığorta haqqı hesabındakı və ya sığorta ödənişi hesabındakı pul vəsaitlərinin təyinatı üzrə müvafiq qaydada ödənilməsi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 261.0.8. İşdə iştirak edən hüquqi şəxs ləğv olunmuşsa hakim iş üzrə icraata xitam verir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlil lərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını”qismən ləğv edə və ya”tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar v ə sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması”apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

39. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını a raşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

40. Kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsini iddianın zaminə qarşı təmin edilməyən hissəsində mübahisələndirib. Lakin apellyasiya baxışının predmeti də həmin hissə olduğu üçün mübahisələndirilən hissənin yoxlanması elə qətnaməni tam yoxlanması deməkdir.

41. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsin in vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası apellyasiya məhkəməsini gəldiyi nəticəni əsaslı hesab etmir.

43. Əvvəla, işdən görünür ki, apellyasiya məhkəməsi hazırki iş üzrə kassasiya instansiyası məhkəməsinin əvvəlki iki qərarında şərh edilən göstərişlərə əməl etməmişdir. Halbuki kassasiya instansiyası məhkəməsi ikinci qərarında apellyasiya instansiyası məhkəməsinin qətnaməsini məhz kassasiya instansiyası məhkəməsinin əvvəlki qərarında şərh edilən göstərişlərə əməl edilməməsi əsası ilə ləğv edib işi yeni apellyasiya baxşışına qaytarmış, üstəlik, mübahisənin düzgün həlli baxımından zəruri olan əlavə göstərişlər də vermişdir. (bax, hazırki qərarın 32-ci bəndi)

44. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi MPM-in 420-ci maddəsinin tələblərinə əməl etməyərək, kassasiya instansiyası məhkəməsinin iki qərarında şərh edilən göstərişlər üzrə hər hansı araşdırma aparmadan, iddianı tamam yeni əsasla – cavabdeh təşkilatın lisenziyasının ləğv edilməsi – rədd etmişdir ki, məhkəmə kollegiyası bununla da razılaşmır.

44. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddianı cavabdeh təşkilatın lisenziyasının ləğv edilməsi əsası ilə rədd edərkən ona istinad edib ki, cavabdeh könüllü ləğv prosesində olduğundan, Mərkəzi Bankın müvafiq qərarı ilə SŞ-nin lisenziyası ləğv edildiyindən, iddiaçı ilə sığorta müqaviləsi bağlanması mümkün olmayacaq.

45. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin bu mövqeyi ilə bağlı qeyd edir ki, lisen ziyanın ləğv edilməsi həmin lisenziya ilə icazə verilmiş fəaliyyətiə xitam verilməsi deməkdir, hüquqi şəxsin ləğv edilməsi demək deyil. Mülki Məcəllənin 44.4-cü maddəsinin tələbinə görə hüquqi şəxsin xüsusi icazə (lisenziya) alınması zəruri olan fəaliyyəti həyata keçirmək hüququ belə lisenziyanın alındığı andan və ya lisenziyada göstərilən vaxtda əmələ gəlir və bu hüquqa, əgər qanunvericiliklə ayrı qayda müəyyənləşdirilməyibsə, lisenziyanın müddəti qurtardıqda xitam verilir. Bu, həm də “Sığorta fəaliyyəti haqqında” Qanunun apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi ”108.4-cü maddəsinin məzmunundan da irəli gəlir. Həmin maddə ləğv edilən lisenziyanın sahibinin müvafiq lisenziyada nəzərdə tutulmuş fəaliyyətlə bağlı” əməliyyatlar aparmasına qadağa qoyur. Həmçinin “Lisenziyalar və ic azələr haqqında” Qanuna görə sonradan yenidən verilməsi də istisna edilmir.

46. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab edir və belə nəticəyə gəlir ki, qətnamə ləğv edilməlidir.

47. Buna baxmayaraq, məhkəmə kollegiyası işin yeni apellyasiya baxışına qaytarılmasına zərurət görmür. Çünki işin hazırki kassasiya baxışı mərhələsində elektron məhkəmə sistemi vasitəsilə daxil olmuş, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş idarəsinin X1 Qeydiyyatı İdarəsinin 15 noyabr 2021-ci il tarixli, **********6 saylı bildirişindən görünür ki, ləğv prosesində olan Cavabdeh Sığorta Şirkəti 15 noyabr 2021-ci il tarixində ləğv edilmiş və həmin qurum Azərbaycan Respublikası kommersiya X1 reyestrindən çıxarılmışdır.

48. Mülki Məcəllə nin 44.1-ci maddəsinə görə hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. Mülki Məcllənin 59.1-ci maddəsinə görə hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. Mülki Prosessual Məcəllənin 261.0.8-ci maddəsinə görə isə işdə iştirak edən hüquqi şəxs ləğv olunmuşsa hakim iş üzrə icraata xitam verir.

49. Göründüyü kimi, işdə cavabdeh olan hüquqi şəxs ləğv edilib və belə olan halda da, prosessual qanunvericiliyin tələbinə görə iş üzrə icraata xitam verilir. Bu baxımdan, qeyd edilən hal hüquqi məsələ olduğu üçün məhkəmə kollegiyası apellyasiya baxışına göndərmədən işin icraatına xitam verilməli olması qənaətinə gəlir.

50. Beləliklə, məhkəmə kollegiyası belə qəna ətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyasəı məhkəməsini qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitram verilməlidir.

51. Göstərilənləri və MPM-in 416-418 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ASC-nin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 05 oktyabr 2021-ci il tarixli, 2-2(103)-540/2021 saylı qətnaməsi ləğv edilsin. olunsun. İddiaçı ASC-nin Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı “müqavilə müddətinin uzadılmış hesab edilməsi” tələbinə dair kommersiya işi üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar