Məhkəmə qərarları › İş №2-2(102)-277/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-277/2022

11.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-277/2022 11.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Təmir-Tikinti Müəssisəsi MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: maddi zərərin ödənilməsi və pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, ilkin iddia üzrə İddiaçı MMC-nin ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Təmir-Tikinti Müəssisəsi MMC-yə qarşı "xxxx" tələbinə dair ilkin iddiası; Təmir-Tikinti Müəssisəsi MMC-nin İddiaçı MMC-yə qarşı pul tələbinə dair qarşılıqlı iddia üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 27 oktyabr tarixli 2-2(103)-1103/2021 saylı qətnaməsindən ilkin iddia üzrə İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. I. İŞİN HALLARİ 1. 2016-cı il 1 sentyabr tarixli əmək müqaviləsindən görünür ki, işçi - Cavabdeh1 (bundan sonra – “Cavabdeh1”) 2016-cı il 2 sentyabr tarixdən işəgötürən - (X2 tərəfindən təmsil olunan) İddiaçı (bundan sonra – “MMC”) tərəfindən baş mühəndis vəzifəsinə təyin edilir. Müqavilənin 2.2-ci maddəsinə əsasən işçi aşağıdakı əmək funksiyalarının icrasını öz üzərinə götürür: - 2.2.1 Layihələrin planlaşdırılması və həyata keçirilməsinə rəhbərlik etmək, - 2.2.2 Layihələrin başa çatması üçün tələb olunan resursları müəyyən etmək (vaxt, pul vəsaiti, avadanlıq və s.), - 2.2.3 Layihədə iştirak edən komanda üzvlərinə, işçi heyətinə təlimlərin keçirilməsini təmin etmək, - 2.2.4 Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrası. 2. 2016-cı il 3 oktyabr tarixli GP-A1604-LS/HM-0825 nömrəli inşaat texnikasının icarəsinə dair müqavilədən görünür ki, icarəyə verən - Təmir-Tikinti Müəssisəsi MMC (bundan sonra – “Müəssisə”) ona məxsus olan və bu müqavilənin ayrılmaz hissəsi olan 1 nömrəli əlavədə təsvir olunan inşaat texnikalarını icarəçiyə - MMC-yə icarəyə verir. Müqaviləni (eyni zamanda 2016-cı il 3 oktyabr tarixli GP-A1604-LS/HM-0825 nömrəli müqaviləyə olan 1, 2 və 3 nömrəli əlavələri) bir tərəfdən icarəçi - MMC-nin adından direktor Maşallah Tağıyev, digər tərəfdən icarəyə verən - Müəssisənin adından direktor Çingiz Quliyev imzalamışdır. 3. 2016 -cı il 5 oktyabr tarixli GP-A1604-8722 saylı xidmət müqaviləsindən görünür ki, İcraçı - Müəssisə tərəflər arasında razılaşdırılmış müddətdə və müqavilənin şərtlərinə uyğun şəkildə xidmətləri Sifarişçi – MMC üçün icra etməyi, sifarişçi isə onun tələblərinə tam uyğun olan xidmətlərə görə ödəniş həyata keçirməyi müvafiq olara öhdələrinə götürürlər. Müqaviləni (eyni zamanda 2016-cı il 5 oktyabr tarixli GP-A1604-8722 saylı müqaviləyə olan Qoşma 1 və 1 və 2 nömrəli əlavələri) MMC-nin adından direktor Maşallah Tağıyev, Müəssisəsinin adından direktor Çingiz Quliyev imzalamışdır. 4. 2016-cı il 25 oktyabr tarixli GP-A1604-9672 nömrəli alğı-satqı müqaviləsindən görünür ki, satıcı - Müəssisə alıcıya - MMC-yə müqavilənin əlavə 1-də göstərilən malmaterialları satır, alıcı isə həmin malları qəbul edir və razılaşdırılmış müddətlərdə malın qiymətini ödəyir. Müqaviləni (eyni zamanda müqaviləyə olan 1 və 2 nömrəli əlavələri) MMCnin adından direktor Maşallah Tağıyev, Müəssisəsinin adından direktor Çingiz Quliyev imzalamışdır. 5. 2016-cı il 17 noyabr tarixli GP-A1604-10939 nömrəli podrat müqaviləsindən görünür ki, podratçı - Müəssisə, sifarişçi – MMC-nin təqdim etdiyi tapşırıqlar əsasında, müqavilənin ayrılmaz hissəsi olan Əlavə 1-də əks olunan smetaya müvafiq olaraq, tərəflər arasında müəyyən edilmiş müddət ərzində Salyan rayonu, Kürsəngi kəndində yerləşən istixanaların ərazisində təmir-tikinti və digər əlaqəli işləri görməyi, sifarişçi isə podratçıya bunun müqabilində razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Bu müqavilə əsasında tərtib olunmuş tapşırıqlar və smetalar müqavilənin ayrılma z hissəsi hesab edilir. Müqaviləni (eyni zamanda 2016-cı il 17 noyabr tarixli GP-A1604-10939 nömrəli müqaviləyə olan 1, 2 və 3 nömrəli əlavələri) MMC-nin adından direktor Maşallah Tağıyev, Müəssisəsinin adından direktor Çingiz Quliyev imzalamışdır. 6. 2018-ci il 10 yanvar tarixli əmək müqaviləsindən görünür ki, işçi – Cavabdeh1 2018ci il 10 yanvar tarixdən işəgötürən - (X2 tərəfindən təmsil olunan) MMC tərəfindən direktor vəzifəsinə təyin edilir.

7. MMC tərəfindən təqdim edilmiş daxili audit hesabatından görünür ki, 1 litr dizelin bazar qiyməti 0,6 manat olduğu halda Müəssisədən 0,71 manata 91930 litr (fərq - 9928,44 manat), 1 kisə sementin bazar qiyməti 6,50 manat olduğu halda Müəssisədən 8,25 manata 150 kisə (fərq - 264 manat) və 1 hissə/porsiya yeməyin bazar qiyməti 1,54 manat olduğu halda Müəssisədən 5,7542 manata 40157 porsiya (fərq - 169233,22 manat) alınmışdır (cəmi şişirdilmiş qiymətlərin mənfi təsiri 179425,66 manat olmuşdur).

8. Müəssisəsi tərəfindən təqdim edilmiş 2021-ci il 23 iyun tarixli 370 saylı “X1” MMCnin auditor rəyindən görünür ki, bağlanmış müqavilələrə əsasən (o cümlədən 2016-cı il 3 oktyabr tarixli, 2016-cı il 5 oktyabr tarixli, 2016-cı il 25 oktyabr tarixli, və 2016-cı il 17 noyabr tarixli) MMC-nin Müəssisəyə əsas məbləğ üzrə borcu 91362,58 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

9. MMC 2021-ci il 3 mart tarixində Cavabdeh1 və Müəssisəyə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehlərdən vurulmuş maddi zərərin əvəzi olaraq 179.425,66 manat və ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2016-cı il 5 may tarixdə Azərbaycan Respublikasında ********** sayla dövlət qeydiyyatına alınmış MMC-nin 100% iştirak payı X4 for Agriculture şirkətinə məxsusdur. 2016-cı il 1 sentyabr tarixdə Cavabdeh1 MMC-də baş mühəndis vəzifəsinə təyin edilib. Onun əmək funksiyasına layihələrin planlanması və həyata keçirilməsinə rəhbərlik etmək, layihələrin başa çatması üçün tələb olunan resursları müəyyən etmək (vaxt, pul vəsaiti, avadanlıq və s.), layihədə iştirak edən komanda üzvlərinə, işçi heyətinə təlimlərin keçirilməsini təmin etmək və s. daxil olub. 2017-ci il 21 avqust tarixində əmək müqaviləsinə dəyişiklik edilib və Cavabdeh1 dire ktor müavini vəzifəsinə, 2018-ci il 10 yanvar tarixdən isə direktor vəzifəsinə təyin edilib. MMC-də aparılmış daxili audit yoxlaması nəticəsində əldə etdikləri məlumat və sənədlərə əsasən, Cavabdeh1 Müəssisə ilə aparmış olduğu danışıqlar nəticəsində bağlanılmış müqavilələr MMC-yə zərər vurub. Belə ki, daxili audit yoxlaması nəticəsində bəlli olub ki, o, öz qulluq mövqeyindən istifadə edərək, şirkətin vəsaitlərindən istifadə etməklə şirkətin maraqlarını nəzərə almadan, Müəssisə ilə əlbir olaraq, bazar dəyəri kifayət qədər aydın olan məhsulları Müəssisədən bazar dəyərindən xeyli baha qiymətə əldə edib. Bu hal, cavabdehlərin pis niyyətlə razılığa gəldiklərini açıq-aşkar göstərir ki, bu da həmin müqavilələrin etibarsızlığını yaradıb.

11. Bundan başqa, cavabdehlərin pis niyyətlə razılaşmaları n əticəsində, MMC üçün əlverişsiz şərtlərlə müqavilələr imzalanıb və bunun nəticəsində, şirkətin vəsaiti israf edilməklə şirkətə 179.425,66 manatdan artıq məbləğdə ziyan vurulub. MMC adından çıxış edən Cavabdeh1 Müəssisəsi ilə pis niyyətlə razılığa gəlib və bunun nəticəsində MMC üçün son dərəcə əlverişsiz şərtlərlə müqavilələr imzalanıb. Belə ki, qeyd edilən müqavilələr nəticəsində MMC Müəssisədən aşağıdakıları satın alıb:

1. Tikinti materialları;

2. Yemək (katerinq) xidməti;

3. Tikinti texnikasının icarəsi;

4. Dizel.

12. Alınan məhsul və xidmətlərdən göründüyü kimi, Müəssisə tikinti şirkəti olduğu halda, öz profilinə uyğun olmayan məhsul və xidmətlərin də satışını həyata keçirib və qiymətləri bazar qiymətindən xeyli baha olmasına baxmayaraq, şirkətin maraqlarını nəzərə almayan Cavabdeh1 həm in məhsul və xidmətləri daha baha qiymətə nədənsə Müəssisədən alıb. Üstəlik, MMC özü müstəqil olaraq Müəssisə profilinə uyğun olmayan xidmət və məhsulları həmin xidmət və məhsulların satışını həyata keçirən müəssisələrdən birbaşa ala biləcəyi halda, həmin xidmət və məhsulların birbaşa satıcısı olmayan Müəssəsindən alıb. Belə ki, Müəssisə öz fəaliyyət istiqamətinə aidiyyatı olmayan məhsul və xidmətləri faktiki olaraq, həmin məhsul və xidmətlərin satışını həyata keçirən müəssisədən alaraq, MMC-yə daha baha qiymətə satıb. Qeyd edilənlər həmin vaxt MMC adından Müəssisə ilə danışıqlar aparmış Cavabdeh1 arasında MMC-nin vəsaitləri hesabına qanunsuz gəlir əldə etmək üçün pis niyyətlə razılığa gəlindiyinin açıq-aşkar sübutudur. Sonradan, MMC-də daxili audit yoxlaması nəticəsində bu müqavilələrdən bəziləri üzrə qiymətlərin bazar qiymətindən həddindən artıq yüksək yazıldığı müəyyən edilmiş və bu qiymətlərə müvafiq dəyişiklik edilməli olduğu bildirilmişdir. Bununla bağlı MMC adından Müəssisə ilə danışıqlar aparılmış və qiymətlərdə müvafiq mal və xidmətlər üçün bazar qiymətinə əsasən dəyişiklik edilməsi bildirilmişdir. Lakin Müəssisə qeyd edilən qiymətləri Cavabdeh1 ilə razılaşdırdıqlarını bildirərək, müqavilə qiymətinə dəyişiklik etməkdən imtina edib.1) Dizellə bağlı - Satın alınmış dizelin bir litrinin hər kəsə məlum olan əlçatan bazar dəyəri 0,60 qəpik olduğu halda, Müəssisə dizelin bir litrinin, 0,71 qəpiyə satın alınması ilə bağlı müqavilə imzalanıb və 91930 litr dizel alınıb. Qeyd edilən həcmdə dizelin baha alınması nəticəsində MMC-yə 9928,44 manat məbləğində zərər vurulub. 2) Sementlə bağlı - Satın alınmış sementin bir kisəsinin hər kəsə bəlli olan əlçatan bazar qiyməti 6,50 manat olduğu halda, Müəssisədən sementin bir kisəsininin, 8,26 manata alınması ilə bağlı müqavilə imzalayıb və 150 kisə sement alınıb. Qeyd edilən həcmdə sementin baha alınması nəticəsində MMC-yə 264 manat məbləğində zərər vurulub. 3) Yemək (katerinq) xidməti ilə bağlı - Satın alınmış yeməyin Salyanda müqavilənin imzalandığı vaxt hər kəsə bəlli olan əlçatan bazar qiyməti bir porsiya üçün 1,54 manat olduğu halda, Müəssisədən 5,75 manata alınması ilə bağlı müqavilə imzalanıb və 40157 yemək alınıb. Qeyd edilən həcmdə yeməyin baha alınması nəticəsində MMC-yə 169.233,22 manat məbləğində zərər vurulub.

13. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21.1, 21.2, 49.3-cü maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2015-ci il 29 dekabr tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2016-cı il 16 noyabr tarixli qərarına istinad edilmişdir.

14. Cavabdeh1 məhkəməyə MMC-nin verdiyi iddia ərizəsinə dair etiraz təqdim edərək, qeyd etmişdir ki, iddia ərizəsi tamamilə əsassızdır və rədd olunmalıdır. Belə ki, ərizəsinə əlavə edilmiş əmək müqavilələrindən göründüyü kimi Cavabdeh1 MMC-də 2016-cı il 1 sentyabr tarixdən baş mühəndis, 2017-ci il 21 avqust tarixdən direktor müavini və 2018-ci il 10 yanvar tarixdən isə direktor vəzifəsinə işə götürülmüş və müvafi q əmək müqavilələri bağlanmışdır. İddia ərizəsinə əlavə edilmiş müqavilələrin heç birində MMC-nin direktoru kimi Cavabdeh1 qeyd edilməmişdir. 2016-cı il 14 sentyabr tarixli xidmətlərin göstərilməsi haqqında müqavilə, 2017-ci il 12 sentyabr tarixli xidmət müqaviləsi, 2016-cı il 25 oktyabr tarixli alqı-satqı müqaviləsi, 2016-cı il 5 oktyabr tarixli xidmət müqaviləsi, 2017-ci il 12 sentyabr tarixli xidmət müqaviləsi, 2016-cı il 17 noyabr tarixli podrat müqaviləsi Müəssisənin adından direktor Çingiz Quliyev, MMC-nin adından isə direktor Maşallah Tağıyev tərəfindən imzalanmışdır. Cavabdeh1 müqavilələrin imzalandığı dövrdə MMC-də baş mühəndis, daha sonra direktor müqavini vəzifələrində işləmiş və şirkətin qanuni təmsilçisi olmamışdır. Hətta yuxarıda qeyd olunan müqavilələrin ayrılmaz tərkib hiss əsi olan qiymətlərin razılaşdırılması protokolları, təhvil-təslim aktları belə Cavabdeh1 tərəfindən imzalanmamışdır. Belə olan halda hesab edirik ki, Cavabdeh1 qarşı yönəlmiş iddia tamamilə əsassızdır. Cavabdeh1 MMC-də yalnız 2018-ci il 10 yanvar tarixdən direktor vəzifəsinə işə götürülmüşdür. O, həmin tarixdən etibarən MMC-nin qanuni təmsilçisi olmuş və qanuni təmsilçisi olduğu dövrdə MMnin 49.3-cü maddəsinə əsasən təmsil etdiyi cəmiyyətin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada, məntiqlə hərəkət etmiş, cəmiyyətin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmuş, cəmiyyətin maraqlarını öz maraqlarından üstün tutmuş, ehtiyatlı olmuş, habelə qərarların qəbulu zamanı ədalətli, qərəzsiz olmuş, cəmiyyətin ziyanına əlverişsiz şərtlərlə hər hansı müqavilə b ağlamamışdır. Cavabdeh1, həmçinin qanuni təmsilçisi olduğu dövrdə təmsil etdiyi cəmiyyətin əmlakını bazar şərtlərindən əhəmiyyətli dərəcədə aşağı şərtlərlə və qiymətlə özgəninkiləşdirməmiş və ya istifadəyə verməmiş, cəmiyyətə aidiyyəti olan şəxslərlə qanunun tələblərini pozan və ya hüquqi şəxsin maraqlarına təhlükə yaradan müqavilələri bağlamamış, cəmiyyətin bağlanmış müqavilələr əsasında malları (işləri, xidmətləri) onların real dəyərindən əhəmiyyətli dərəcədə yuxarı qiymətə satın almamış, özü üçün, cəmiyyətə aidiyyəti olan şəxslər və ya digər şəxslər üçün maddi və qeyrimaddi əmlak nemətləri və bu cür əmlaka hüquqların təmin edilməsi məqsədi ilə cəmiyyətin əmlakını mənimsəməmiş və ya israf etməmiş, səhmdarlara (payçılara) münasibətdə ədalətsiz və ya onlara ziyan vuran əqdləri bağlamamışdı r. Cavabdeh1 qanuni təmsilçi kimi MMC-nin Nizamnaməsinə əsasən fəaliyyət göstərmişdir. Onun direktor kimi işlədiyi dövrdə tərəf olduğu müqavilələrlə əlaqədar heç bir nöqsan aşkar edilməmişdir. Qeyd olunanlardan əlavə Cavabdeh1 MMC-nin direktoru kimi Müəssisə ilə yuxarıda qeyd edilən müqavilələri bağlamış olsaydı belə onun heç bir məsuliyyəti olmayacaqdı. Çünki həmin müqaviələr mülki qanunvericiliyin tələblərinə uyğun olaraq müqavilə azadlığı prinsipinə əsasən bağlanmışdır. Tərəflər görüləcək işlərin və alınacaq malların qiymətini qarşılıqlı razılaşmaya əsasən müəyyən etmiş və bu barədə öhdəlik götürmüşlər. Hesab edirik ki, MMC Müəssisənin qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməlidir. Çünki həmin müqavilələrə əsasən iddiaçı müqavilədə nəzərdə tutulmuş ödənişləri həyata keçirm əyi öhdəsinə götürmüşdür. Müəssisə isə tərəfindən həmin müqavilələr üzrə öhdəliklər icra edilmişdir. Bundan başqa, iddia ərizəsində dizellə bağlı 9928,44 manat və sementlə bağlı 264 manat maddi ziyan vurulduğunu iddia edilsə də, həmin müqavilələr əlavə edilməmişdir. Daha sonra, iddia ərizəsində MMC-də aparılmış daxili audit yoxlamasının nəticəsinə istinad edilsə də, həmin yoxlamanın hansı qaydada keçirilməsi, nəticəsi barədə protokol da əlavə edilməmişdir. Halbuki MMC-nin Nizamnaməsinin 11-ci bölməsində audit müfəttişi və kənar auditdən bəhs olunur, orada auditin keçirilməsi qaydası əks olunur. Lakin iddia ərizəsində qeyd edilənlərin heç biri sübuta söykənmir. Onların heç bir hüquqi əsası yoxdur.

15. Müəssisə də 2021-ci il 15 mart tarixində qarşılıqlı iddia ərizəsi və 2021-ci il 23 iyun ta rixdə qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, 91.362,58 manat pulun, 22.840 manat dəbbə pulunun, həmçinin 30 manat dövlət rüsumunun, ümumilikdə 114.232,58 manat pulun MMC-dən tutularaq Müəssisəyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, ilkin iddiada göstərilən xüsusatlar tamamilə əsassız və absurddur. Belə ki, ilkin iddia yalnızca iddiaçı ilə aralarında olan müqavilə münasibətlərindən irəli gələn öhdəliklərin icrasından boyun qaçırtmaq məqsədi ilə verilmişdir. İlkin iddia ərizəsində göstərildiyi kimi tərəflərindən müəyyən xidmətlərin göstərilməsi üçün MMC ilə müqavilələr bağlanmışdır. İlk başda göstərdikləri xidmət qarşılığında qarşılıqlı iddia üzrə cavab deh tərəfindən lazımi ödənişlər vaxtı-vaxtında edilirdi. Lakin daha sonra hər dörd müqavilə üzrə ödənişlərin edilməsi dayandırıldı. Halbuki ödənilməli olan məbləğlərə mütənasib olaraq tərəflərindən müqavilə üzrə öhdəlikləri tam icra edilmişdir. Onlar da dəfələrlə cavabdeh tərəfə haqlı iradlarını bildirərək borclu olduqları məbləği onlara ödəmələrini tələb etsələr də cavabdeh tərəf hər dəfə müxtəlif bəhanələrlə borclu olduqları məbləği ödəməkdən boyun qaçırtmışdır. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə yeganə məqsədi onlara borclu olduqları məbləği ödəməkdən yayınmaq və əsl borclunun özləri olmasını yalandan pərdələməkdir. İddiaçı müqavilələrdə göstərilmiş qiymətlərin həddindən artıq yüksək olmasını iddia etsə də, həmi n məbləğlər hər iki tərəfin razılığı ilə müyyən edilmişdir. Halbuki azad bazar münasibətlərində hər iki tərəfin razılığı ilə bağlanmış müqavilələrin məbləği də elə məhz ikitərəfli razılıq əsasında müəyyən edilir. Belə olan halda isə müqavilə tərəflərinin həmin məbləği mübahisələndirməsinin heç bir əsası olmur. Cavabdeh1la MMC arasında olan münasibətlər isə artıq şirkətdaxili münasibətlərdir və aralarında hər hansı mübahisə yaranacağı təqdirdə onlar həmin mübahisənin subyekti olmayacaqlar. Bağlanmış müqavilələrə əsasən onlar üzərinə götürdükləri öhdəliyi tam formada icra etsələr də qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən öhdəlik tam formada yerinə yetirilməmişdir.

17. Qarşılıqlı iddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin 1-ci bəndinə, 60-cı maddəsinə; MM-in 18, 21, 598.1, 598.2-ci maddələrinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.1, 35.3, 155, 156-cı maddələrinə istinad edilmişdir.

18. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 24 iyun tarixli e-2-2(113)-1724/2021 saylı qətnaməsi ilə ilkin və qarşılıqlı iddiaların rədd edilməsi qət edilmişdir (hakim E.Əliyev).

19. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, MMC ilə Müəssisə arasında 2016-cı il 3 oktyabr - 2016-cı il 17 noyabr tarixlərində müxtəlif növlü müqavilələr bağlanmış və həmin müqavilələr Müəssisənin adından direktor Çingiz Quliyev, MMC-nin adından isə direktor Maşallah Tağıyev tərəfindən imzalanmışdır. Cavabdeh1 müqavilələrin imzalandığı dövrdə MMC-də baş mühəndis vəzifəsində işləmiş və şirkətin qanuni təmsilçisi olmamışdır. Hətta yuxarıda qeyd olunan müqavilələrin ayrılmaz tərkib hissəsi olan qiymətlərin razılaşdırılması protokolları, təhvil-təslim aktları belə Cavabdeh1 tərəfindən imzalanmamışdır. Cavabdeh1 MMC-də 2016-cı il 1 sentyabr tarixdən baş mühəndis, 2017-ci il 21 avqust tarixdən direktor müavini və yalnız 2018-ci il 10 yanvar tarixdən direktor vəzifəsinə işə götürülmüşdür. İddia ərizəsinə əlavə edilmiş müqavilələrin heç birində MMC-nin direktoru kimi Cavabdeh1 qeyd edilmədiyinə görə ona qarşı olan tələb əsassız olduğuna görə rədd olunmalıdır. Bundan başqa, iddiaçı dizellə bağlı 9928,44 manat, sementlə bağlı 264 manat və yemək (katerinq) xidməti ilə bağlı 169.233,22 manat məbləğində maddi ziyanın audit yoxlamasının nəticəsinə Müəssisə tərəfindən vurulduğunu iddia etsə də, sözügedən audit yoxlaması mötəbər sübut kimi qəbul edilə bilməz, ona görə ki, maraqlı tərəf olan MMC tərəfindən bir tərəfli qaydada keçirilmişdir.

20. Həmçinin, sözügedən müqavilələr mülki qanunvericiliyin tələblərinə uyğun olaraq müqavilə azadlığı prinsipinə əsasən bağlanmışdır. Tərəflər görüləcək işlərin və alınacaq malların qiymətini qarşılıqlı razılaşmaya əsasən müəyyən etmiş və bu barədə öhdəlik götürmüşlər.

21. Məhkəmə qarşılıqlı iddia ilə bağlı qeyd edir ki, Müəssisə 91.362,58 manat pulun, 22.840 manat dəbbə pulunun MMC-dən tutulması tələbi barədə məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Belə ki, MMC-nin Müəssisəyə əsas məbləğ üzrə 91.362,58 manat borcun olmasını əks etdirən “X1” MMC-nin eksperti-auditor Yasin Şirinov tərəfindən tərtib edilən 2021-ci il 23 iyun tarixli 370 saylı auditor rəyini təqdim etsə də, məhkəmə həmin auditor rəyi mötəbər sübut kimi qəbul etməmışdir. Çünki, “Ekspertizası fəaliyyəti haqqında” Qanunun tələblərinə görə yalnız Ədliyyə Nazirliyinin təşkil etdiyi icbari təlimlərdə iştirak etmiş, müsahibədən keçmiş, özəl məhkəmə şəhadətnaməsi almış və barəsində məlumatlar Məhkəmə Ekspertləri Reyestrinə daxil olmuş özəl məhkəmə ekspertlərin fəaliyyəti göstərə bilər, hal-hazırda isə heç bir özəl məhkəmə ekspertinə şəhadətnamə verilməmiş və barəsində məlumatlar Məhkəmə Ekspertləri Reyestrinə daxil edilməmişdir. Göründüyü kimi MMC və Müəssisə istinad etdikləri tələblər üzrə məhkəməyə mötəbər sübutlar təqdim etməmişlər.

22. Məhkəmə mövqeyini MM-in 6.1.2, 6.1.5, 21.1, 21.2, 385.1, 390.1, 448.1, 448.2, 448.4, 449.1, 1096.1-ci maddələrinə, MPM-in 77. 1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.

23. Müəssisə 2021-ci il 4 avqust tarixində apellyasiya şikayəti verərək, həmin qətnamənin qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edərək, qarşılıqlı iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

24. MMC 2021-ci il 20 avqust tarixində apellyasiya şikayəti verərək, həmin qətnamənin ilkin iddianın rədd edilməsi hissəsində ləğv edərək, ilkin iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

25. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 27 oktyabr tarixli 2-2(103)-1103/2021 saylı qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş; birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxla nılması qət edilmişdir (sədrlik edən – V.Baxışova, hakimlər – R.Qurbanov və E.Həsənov).

26. Apellyasiya instansiya məhkəməsi qeyd edir etmşdir ki, Cavabdeh1 qarşı hissədə iddianın əsaslı olduğu sübutlarla təsdiq edilmədiyindən, ilkin iddianın ona qarşı hissədə rədd edilməsinə dair birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır.

27. Məhkəmə hesab edir ki, MMC ilə Müəssisəsi arasında bağlanmış müqavilələrdəki qiymətlər tərəflərin qarşılıqlı razılığı və iradə ifadəsinə uyğun olaraq müəyyən edildiyindən, həmin qiymətlər digər şirkətlərin eyni mallar və xidmətlər üçün təqdim etdiyi qiymətlərdən artıq olsa belə müqavilə azadlığı prinsipinə uyğun olaraq qiymətlərin artıq olan hissəsi hüquqi şəxsə vurulmuş ziyan kimi qiymətləndirilə və qarşı tərəfdən tutula bilməz. Buna görə də ilk iddia Müəssisəyə qarşı hissədə də əsassız olduğundan qətnamənin həmin hissədə ləğv edilməsi üçün əsaslar mövcud deyil.

28. Həmçinin, məhkəmə kollegiyası göstərmişdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, yalnız audit rəyi əsasında MMC-in Müəssisəyə 91.362,58 manat borclu olduğunu müəyyən etmək mümkün olmadığından, qarşılıqlı iddia tələbi birinci instansiya məhkəməsinə iddianın əsasları ilə bağlı mötəbər sübutlar təqdim edilmədiyinə görə təmin edilə bilməz.

29. Müəssisə qeyd edilmiş məbləğdə borcun mövcudluğunun ilk iddia üzrə iddia ərizəsinin məzmunundan və Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatlarda açıq-aşkar görünsə də, apellyasiya instansiyası məhkəməsi tərəfindən ilk iddia ərizəsində Müəssisənin tələb etdiyi borcun mövcudluğunun təsdiq ed ildiyi müəyyən edilməmişdir. Cavabdeh1 isə qarşılıqlı iddia üzrə cavabdeh olmadığından onun tərəfindən MMC-nin Müəssisə qarşısında öhdəliyinin icra edilmədiyinin təsdiq etməsi Müəssisəni qarşılıqlı iddia tələbini sübut etmək vəzifəsindən azad etmir.

30. Müəssisə tərəfindən yeni sübutların həcminin çox olması ilə əlaqədar elektron məhkəmə sisteminə yüklənməsi mümkün olmadığı üçün birinci instansiya məhkəməsində işə baxılarkən təqdim edilmədiyi qeyd edilmişdir.

31. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 49.3, 390.1, 398.1-ci; MPM-ın 77.1, 372.2-ci maddələri ilə əsaslandırmışdır.

32. Həmin qətnamə 2021-ci il 11 noyabr tarixində proses iştirakçılarının elektron kabinetinə yerləşdirilmişdir.

33. MMC 2022-ci il 8 fevral tarixində kassasiya şikayəti verməklə həmin qətnamənin MMC- in iddia tələbinin rədd edilməsi hissəsində ləğv edərək, MMC-in iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

34. MM-in 21-ci maddəsinin tələbi pozulmuşdur - əlverişsiz şərtlərlə bağlanmış müqavilə tərəf üçün maddi zərərə səbəb olursa, tərəf bu müqavilə şərtlərinin dəyişdirilməsini və ya ləğvini tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 dekabr 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2016-cı il 16 noyabr tarixli qərarında da qeyd edilir ki: “Əlverişsiz şərtlərlə ba ğlanmış müqavilə dedikdə, qiyməti və digər şərtləri eyni şəraitdə bağlanan analoji müqavilələrin qiyməti və (və ya) digər şərtlərindən hüquqi şəxs üçün əhəmiyyətli dərəcədə pisə doğru fərqlənən müqavilələr başa düşülür”.

35. MM-in 49.3-cü maddəsinin tələbi pozulmuşdur - MMC adından müqavilələrin razılaşdırılması üçün çıxış edən və idarəetmə orqanında təmsil edilən Cavabdeh1 MM-in 49.3-cü maddəsində göstərilən tələblərə uyğun davranmadan, Müəssisə ilə əlbir olaraq MMC-yə 179,425.66 manat məbləğində zərər vurub. Belə ki, Cavabdeh1 müqavilələri imzalamasa da, faktiki olaraq bütün danışıqları və qiymət razılaşmalarını aparıb. Bu hal onun əmək müqaviləsində də öz əksini tapıb. 2016-cı il 1 sentyabr tarixdə Cavabdeh1 MMC-də baş mühəndis vəzifəsinə təyin edilib. Onun əmək funksiyasına layihələrin planlanması və həyata keçirilməsinə rəhbərlik etmək, layihələrin başa çatması üçün tələb olunan resursları müəyyən etmək (vaxt, pul vəsaiti, avadanlıq və s.), layihədə iştirak edən komanda üzvlərinə, işçi heyətinə təlimlərin keçirilməsini təmin etmək və s. daxil olub. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

36. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

37. Kassasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət (MPM-in 405.0.2ci maddəsi) apellyasiya instansiyası məhkəməsi tərəfindən bərpa edilməklə verilmiş, kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

38. İş üzrə ilkin iddiaçı apellyasiya məhkəməsinin qətnaməsini hissəvi – ilkin iddianın rədd edilməsi hissəsində mübahisələndirdiyi üçün, hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır (MPM-in 403.1 və 416-cı maddələri).

39. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

40. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarınd a aşağıdakılar nəzərdə tutulur: “Maddə

6. Mülki qanunvericiliyin prinsipləri 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır:... 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi;... 6.1.5. müqavilələr azadlığı;...” “Maddə

21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür....” “Maddə

49. Hüquqi şəxsin orqanları... 49.3. Hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir....” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər....” “Maddə

398. Qiymət 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.... 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağl anarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.” “Maddə

449. Pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödəni lməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər....” “Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)....”

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız t ərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

42. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini (bax yuxar ıda § 34-35) iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan pozuntulara yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Belə ki, iddiaçının kassasiya şikayətində istinad etdiyi Mülki Məcəllənin 49.3-cü maddəsinə əsasən, hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun b ütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır.

44. Göründüyü kimi, qanunvericilik hüquqi şəxsin adından çıxış edən onun icra orqanının rəhbərinin hüquqi şəxsin mənafelərinə uyğun olaraq vicdanla və peşəkar qaydada hərəkət etməsini onun vəzifəsi kimi müəyyən etmişdir.

45. Həmçinin, MM-in 448.2. borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

46. Məhkəmə kollegiyası hesab e dir ki, göstərilən tələblər hüquqi şəxsin rəhbəri ilə bağlı nəzərdə tutulduğundan, həmin tələblərə uyğun olmayaraq yerinə yetirilmiş hərəkətlərə görə məhz həmin hərəkətləri yerinə yetirmiş şəxs məsuliyyət daşıya bilər. Hazıkı halda isə, iddiaçının MMC-yə zərər dəyməsi ilə nəticələnən hərəkətlərin cavabdeh tərəfindən deyil, MMC-nin əvvəlki direktoru tərəfindən yol verildiyi müəyyən olunmuşdur. Belə olan halda, cavabdehin barəsində MMC-nin direktoru olmadığı dövrdə yol verilmiş hərəkətlərin nəticələrinə görə məsuliyyət müəyyən edilməsi Mülki Məcəllənin mülki qanunvericiliklə nəzərdə tutulmuş təqsirli əmələ görə məsuliyyətin fərdiləşdirilməsi prinsipindən kənarda qalmaqla qanunilik və ədalətlilik prinsiplərinə uyğun hesab oluna bilməz.

47. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır.

48. MPM-in 217.1-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi qanuni və əsaslı olmalıdır.

49. Kassatorun kassasiya şikayətində göstərdiyi digər dəllilər apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Apellyasiya instansiya məhkəməsi tərəfindən həmin dəllilərə hüquqi qiymət verildiyindən və kassasiya instansiyası həmin mövge ilə razılaşdığından hesab edir ki, eyni məzmunlu dəllillərə prosessual qənaət prinsipi baxımından təkrar hüquqi dəyərləndirmə aparmağa lüzum yoxdur. Belə ki, kassasiya şikayətində apellyasiya şikayətində fərqli yeni dəlillər mövcud olmamışdır.

50. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəb ul edərkən kassatorun istinad etdiyi hüquq pozuntularına yol verməmişdir. Bu səbəbdən, qətnamə qanuni və əsaslı hesab edilməlidir.

51. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İlkin iddia üzrə İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 27 oktyabr tarixli 2-2(103)-1103/2021 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar