Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-343/2024 11.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi, əldən çıxmış fayda Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Vəliyeva Elşanə Rafiq qızı və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı “pulun tutulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 9 yanvar tarixli 2-2(103)- 131/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qayda sında baxılmışdır. İşin halları
1. Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh QSC arasında bağlanmış 2021-ci il 12 mart tarixli 26/2021 nömrəli alqı-satqı müqaviləsinə (bundan sonra – “Müqavilə”) əsasən, satıcı ona məxsus malları satmağı, alıcı isə onların dəyərini ödəməklə almağı öhdəsinə götürmüşdür.
2. İddiaçı MMC tərəfindən Cavabdeh QSC-yə müqavilə üzrə ümumi dəyəri 15.018,36 manat təşkil edən elektron qaimələr göndərilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) 2023-cü il 8 avqust tarixində Cavabdeh QSCyə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15.018,36 manat pulun, iddiaçıya dəymiş 5.000 manat ziyanın (əldən çıxmış fayda), məhkəməyə müraciət üçün çəkilmiş xərc kimi 1.000 manat məbləğində pulun və ödənilmiş 154 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər 2021-ci ildə bir neçə dəfə öz aralarında alqı-satqı müqaviləsi bağlamışlar. Müqavilələrin şərtlərinə görə “Satıcı”, yəni iddiaçı ona məxsus malları satmağı, “Alıcı”, yəni cavabdeh isə onların dəyərini ödəməklə almağı öz öhdəsinə götürmüşlər. Cavabdeh bir neçə dəfə müqavilə öhdəliklərini yerinə yetirmiş, bu isə iddiaçıda etimad yaratmışdır. Lakin bir müddət sonra cavabdeh müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirməkdən imtina etmiş, 2021-2022-ci illər ərzində müxtəlif vaxtlarda iddiaçı bağladıqları müqaviləyə uyğun olaraq satmalı olduğu malları cavabdehə göndərs ə də, cavabdeh ödəməli olduğu məbləği ödəməmişdir. Bir neçə dəfə bu barədə cavabdehə xəbərdarlıq olunsa da, cavabdeh hər dəfə öz öhdəliklərini yerinə yetirməkdən boyun qaçırmış, ümumilikdə cavabdehin ödənilməmiş 15.018,36 manat borcu yaranmışdır.
5. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 18 oktyabr tarixli e-2-2(113)-4392/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən 15.018,36 manat məbləğində əsas borc, 1.000 manat məbləğində hüquqi yardımla bağlı çəkilmiş xərc və ödənilmiş 200 manat məbləğində dövlət rüsumu, ümumilikdə 16.218,36 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Ü.Həsənova).
6. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələn öhdəliklərini icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir. Bu səbəbdən, iddia əsas borc hissəsində təmin edilməli, cavabdehdən 15.018,36 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
7. Məhkəmə iddia tələbinin 5.000 manat məbləğində əldən çıxmış faydanın tutulması hissəsinə dair hər hansı mötəbər sübutların təqdim olunmadığını bildirmişdir.
8. Bundan başqa, iddiaçı tərəfindən 2023-cü il 2 iyun tarixli **********14 nömrəli ödəniş tapşırığı ilə Sumqayıt Regional Vəkil Bürosunun hesabına 1.000 manat məbləğində vəsait ödənilmişdir, ona görə də iddia qismən təmin edildiyindən 1.000 manat məbləğində hüquqi yardımla bağlı xərc də cavabdehdən tutularaq iddiaçıya ödənilməl idir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 386.1, 398.1, 399.1, 442, 567, 598.1, 598.2, 600.1, 600.4-cü və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 12.1, 14.1, 14.2, 77.1, 119.1, 217.1, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
10. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 9 yanvar tarixli 2-2(103)-131/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – R.Qurbanov, hakimlər – V.Baxışova və A.Hüseyn).
12. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarına əsasən iddiaçı tərəfindən cavabdehə müxtəlif tarixlərdə ümumi dəyəri 15.018,36 manat təşkil edən elektron qaimələr göndərilmiş və müqavilə üzrə malların cavabdehə təhvil verilməsi sonuncunun heç bir etiraz etmədiyi elektron qaimələrlə təsdiq olunmuş, cavabdeh isə bu halları mübahisələndirməmiş, yalnız iddiaçıya mütəmadi olaraq ödənişlər etdiyini, borc məbləğlərinin düzgün hesablanmadığını bildirsə də, həmin halları konkret əsaslandırmamış (yalnız ümumi sözlərlə qeyd etmişdir), o cümlədən bunu təsdiq edən hər hansı sübutu (ödəniş qəbzləri və s.) məhkəməyə təqdim etməmiş və üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Ödənilməli olan borcun məbləği də məhz elektron qaimələrdəki məbləğlərin sadə riyazi hesablanmasına əsasən müəyyən edilmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 567, 598.3-cü və MPMin 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
14. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. Azərbaycan Respulikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsi və 129cu maddəsinin İİİ hissəsi üzrə - Apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, yalnız iddiaçı tərəfindən irəli sürülən dəlillərə istinad etməklə birinci instansiya məhkəməsinin gəldiyi qənaəti haqlı hesab etmişdir. Bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll edilməsini istisna edir.
16. MM-in 442-ci maddəsi üzrə - Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində ehtimallara əsaslanmış, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Belə ki, kassator tərəfindən məhkəmə qətnaməsində qeyd olunan müqavilələr üzrə mütəmadi olaraq ödənişlər edilmiş, lakin məhkəmə araşdırması zamanı bu fakt qiymətləndirilməmişdir. İddiaçı tərəfindən borc məbləğlərinin hansı qaydada hesablandığı, həqiqətən də məbləğlərin düzgün olub-olm aması faktı aydınlaşdırılmamışdır. Həmçinin, müqavilə üzrə dəbbə pulu və faiz məbləğinin necə hesablandığı da məhkəmə qətnaməsində öz əksini tapmamışdır. Bununla belə məhkəmə məbləğin çox rahat, anlaşılan qaydada hər kəs tərəfindən hesablana biləcəyini nəzərə alaraq ekspertizanın keçirilməsinə zərurət görməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
19. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi v ə prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra ed ilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə
567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə
598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 598.3. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllə nin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər....” “Maddə
600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.... 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər....”
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fak turanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
1. Ümumi müddəalar... 1.2. Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir....
3. Elektron qaimə-fakturanın tətbiqi və istifadəsi... 3.2. Elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. 3.3. Cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yar ımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər....
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömə k göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Belə ki, cavabdeh tərəfindən hazırkı kassasiya şikayətinin “müqavilə üzrə mütəmadi olaraq ödənişlər edilməsi, borc məbləğinin düzgün hesablanmaması”na dair dəlilləri apellyasiya şikayətində də göstərildiyindən, həmin dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi dəyərləndirmə aparılmışdır. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsi tərəfindən hazırkı qərarın 12-ci bəndində verilmiş hüquqi qiymətləndirmə ilə razılaşır və kassasiya şikayətinin analoji dəlilləri üzrə əlavə hüquqi dəyərləndirmə aparılmasına zərurət görmür. Belə ki, iddiaçı tərəfindən cavabdehə müxtəlif tarixlərdə ümumi dəyəri 15.018,36 manat təşkil edən müqavilə üzrə malların göndərilməsinə dair elektron qaimələr göndərilmiş, həmin qaimələr cavabdeh tərəfindən təsdiq edilmiş, müqavilə üzrə ödənişlər edilməsi və borc məbləğinin düzgün hesablanmamasına dair sübutlar isə işin faktiki hallarına və sübutlara qiymət vermək səlahiyyətinə malik olan aşağı instansiya məhkəmələrinə təqdim edilməmişdir.
25. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əs ası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərarı).
26. Cavabdehin kassasiya şikayət inin müqavilə üzrə dəbbə pulu və faiz məbləğinin hesablanması, məhkəmə tərəfindən borc məbləğinin hesablanması ilə bağlı ekspertizanın keçirilməməsinə dair dəlilləri ilə bağlı isə qeyd edilməlidir ki, baxılan iş üzrə cavabdehdən dəbbə pulu və faiz borcu tutulmamış, o cümlədən işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsində ekspertizanın təyin edilməsi barədə hər hansı bir vəsatət təqdim edilməmiş, ümumiyyətlə bu ekspertizanın keçirilməsinin zəruriliyi əsaslandırılmamışdır.
27. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi iş materiallarında olan sübutlar əsasında hüquqi qiymətləndirməni qanunvericiliyin tələblərinə əsasən düzgün aparmış və qanunvericiliyin müddəalarını işin hallarına münasibətdə düzgün tətbiq etmiş, cavabdehin kassas iya şikayətində göstərilən dəlillər isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.
28. Şərh olunanları və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 9 yanvar tarixli 2-2(103)-131/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.