Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-352/2025 09.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRAR Açar sözlər: müqavilə münasibətlərindən irəli gələn mübahisələr, alqı-satqı müqaviləsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi X2 məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı borc tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin 2025-ci il 12 fevral tarixli, 2-2(106)-41/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ
1. İddiaçı ilə "xxxx" MMC arasında 17 saylı, 2022-ci il 20 oktyabr tarixli “alqı-satqı” müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən alıcı tapşırır, satıcı isə bu müqaviləyə əlavə edilən və onun ayrılmaz hissəsi sayılan qiymətlərin razılaşdırılması protokolunda adı çəkilən mal materialların verilməsini öhdəsinə götürür; - 1.2-ci bəndinə əsasən mal-materialların miqdarı və qiymətləri protokolda razılaşdırılır; - 2.1-ci bəndinə əsasən alıcı malın 100% dəyərini müqavilə imzalandıqdan sonra 1 ay iş günü ərzində ödəyir; - 2.2-ci bəndinə əsasən mal-materialların dəyər ödənildikdən sonra 2 iş günü ərzində alıcı tərəfindən qəbul edilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdehnə (bundan sonra – “cavabdeh”) qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkə məyə müraciət edərək, əsas borc üzrə 60466,24 manat pulun, əsas borca illik 5 faiz hesablanmaqla 3023 manat pulun, hüquqi yardıma görə ödənilmiş 320 manat pulun, dövlət rüsumu kimi ödənilmiş 282 manat vəsaitin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh müqavilənin şərtlərinə əsasən yerinə yetirməli olduğu öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, cavabdeh tərəfindən müəyyən ödənişlər edilsə də, 60466,24 manat pul hazırki tarixədək ödənilməmişdir. Cavabdehlə iddiaçı arasında bağlanmış “Qarşılıqlı borcların üzləşdirilməsi barəsində” 2024-cü il 25 iyun tarixli aktda həm iddiaçının, həm də cavabdehin hesabatına əsasən qalıq borc miqdarının 60466,24 manat olması müəyyən edilmiş və cavabdeh tərəfindən imza və möhürlə təsdiq edilmişdir. Borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə şifahi və yazılı müraciətlər edilsə də, heç bir nəticəsi olmamış və 60466,24 manat pul ödənilməmişdir. Bundan əlavə, cavabehdən əsas borc olan 60466,24 manat pula illik beş faiz olmaqla 3023 manat pul tutulmalıdır.
4. Şirvan Kommersiya Məhkəməsinin 2024-cü il 5 dekabr tarixli e-2-2(121)-2493/2024 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, 60466,24 manat məbləğində borc, 3023 manat məbləğində əsas borca hesablanmış illik 5 faiz olmaqla, cəmi 63489,24 manat məbləğində pul vəsaitinin, hüquqi yardıma görə ödənilmiş 300 manat xərcin və 282 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir (hakim – N.Misirzadə).
5. Mə hkəmə qeyd etmişdir ki, 2024-cü il 25 iyun tarixli “qarşılıqlı borcların üzləşdirilməsi barəsində” aktın surətinə əsasən, Cavabdeh MMC-nin 60.466,24 manat məbləğində qalıq borcu vardır. Elektron qaimələrə əsasən, 2022-2023-cü illər ərzində Cavabdeh MMC-yə 60.466,24 manat məbləğində mallar satılmışdır.
6. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan malları almaq hüququna malik olmaqla yanaşı, həmin malların dəyərini ödəmək vəzifəsini də daşıyırdı. Cavabdeh bu hüquqdan istifadə edərək malları əldə etsə də, onların dəyərini ödəmə vəzifəsini yerinə yetirməmişdir. Bu səbəbdən iddiaçının əsas borcun ödənilməsini tələb etməsi haqlı hesab edilmiş və iddianın həmin hissəsi əsaslı olduğundan təmin edilmişdir.
7. Məhkəmə iddianın “Mülki Məcəllənin 445. 7-ci maddəsinə əsasən əsas borca illik 5 faiz hesablanmaqla 3023 manat pulun tutulması”na dair hissəsini də əsaslı hesab etmişdir. Belə ki, cavabdehin borcun ödənilməsini gecikdirməsi və iddiaçının digər əsaslarla daha böyük məbləğ tələb etmək imkanının olmaması nəzərə alınaraq, mövcud tələb əsasında məhkəməyə müraciət etməsi haqlı sayılmış və iddianın bu hissəsi də təmin edilmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 442, 445.7, 567-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
9. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunan hissədə ləğv, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat
10. Şi rvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 12 fevral tarixli 2-2(106)-41/2025 nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – T.Kərimov, hakimlər – C.İmanov, Q.Əliyev).
11. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, cavabdeh iddiaçı ilə 2022-ci il 20 oktyabr tarixdə bağlamış olduğu alğı-satqı müqaviləsi üzrə almış olduğu malların qarşılıqlı üzləşmə aktına əsasən razılaşdırılmış qalıq dəyərini ödəmək öhdəliyini vaxtında və lazımınca icra etmədiyindən, iddiaçının cavabdehə qarşı irəli sürdüyü öhdəliklərinin icrasından ibarət tələbi qanunvericilik aktı normal arı baxımından tam əsaslı olmuşdur. Tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulmuş müddət ərzində öhdəlik cavabdeh tərəfindən icra edilmədiyindən, kreditor (iddiaçı) gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malik olmuşdur. Odur ki, iddia Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən əsas borca illik 5 faiz hesablanmaqla tələb olunan 3023 manat pulun tutulması hissədə də, əsaslı olmuşdur.
12. Məhkəmə hesab etmişdir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər formal mülahizələrdən ibarət olmaqla, qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə, dəyişdirilə bilməz.
13. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə, MM-in 6.2, 14.1, 14.2.1, 385.1, 386.1, 560.1, 427.3, 448.1, 442, 445.2.1, 445.7, 567, 599.1, 600.1, 600.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 76.1, 76.2, 106.3, 385.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
14. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və işin yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri:
15. MM-in 385.1, 386, 442, 600.1, 427-ci maddələri üzrə - məhkəmə qeyd edilən maddələri tətbiq edərkən işin faktiki hallarının və tərəflər arasında mövcud olmuş işgüzar münasibətləri nəzərə almamış, nağd digər ödənişlərin hesablanmasını həyata keçirməmişdir.
16. MPM-in 9, 14, 217.4, 220.4, 372.7, 385.1.1, 387.1-ci maddələri üzrə - borc məbləğinin təsdiq edən yeganə sənəd olaraq iddiaçının təqdim etdiyi fakturalar göstərilmişdir. Halbuki, cavabdeh həmin sənədlərlə razılaşmayaraq ekspertiza keçirilməsini tələb etmişdir. Belə olan halda, mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq iş üzrə ekspertiza təyin etməli və iddia tələbini xüsusi biliyə malik olan şəxsin verəcəyi rəy əsasında müəyyən etməli idi. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır. TƏTBİQ EDİLƏN HÜQUQ
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur. “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutul muş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.” “Maddə
427. Öhdəliyin icrası müddəti 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.”
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
392. Apellyasiya instansiyası məhkəməsi qətnaməsinin məzmunu 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəli llərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.” “Maddə
407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhk əməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.
22. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.
23. Kassasiya şikayətində istinad olunan MM-in 385.1, 386, 442, 600.1, 427-ci maddələrinin tələblərinin pozulması barədə dəlillərə dair qeyd olunur ki, kassasiya şikayətində pozuntunun və ya düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməmişdir.
24. Kassasiya şikayətində işin hallarına və sübutlara düzgün qiymət verilməməsinə istinad edilməsi, habelə MPM-in qeyd edilən maddələrinin pozulması barədə dəlillər isə əsassızdır.
25. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiy a instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.
26. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır.
27. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında da qeyd edilmişdir ki,...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüq uqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcud luğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı).
28. Apellyasiya instansiyası məhkəməsinin cavabdehin apellyasiya şikayətində göstərilən dəlillərinin əsassız olması ilə bağlı mövqeyinin dəqiq göstərilməməsi ilə bağlı dəlillər də əsassızdır. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində iddianın əsaslığına və cavabdehin istinad etdiyi dəlillərə qiymət verilmiş və MPM-in 392.2ci maddəsinin tələblərinə uyğun olaraq hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyi göstərilmişdir.
29. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətində qeyd edilən maddi v ə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
30. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin 2025-ci il 12 fevral tarixli, 2-2(106)-41/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.