Məhkəmə qərarları › İş №2-2(102)-377/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-377/2019

25.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-377/2019 25.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, Hüseynova Zəmilə Əli qızının katibliyi, İddiaçının nümayəndəsi x2, İddiaçının vəkili Əskərov İmaməli Məmmədağa oğlunun, İddiaçının vəkili Məhərrəmov Polad Müseyib oğlunun, Cavabdehin vəkili Əliyev Nazim Heydər oğlunun iştirakları ilə, İddiaçı x1-nin cavabdeh x3-yə qarşı “pulun tutulması” tələbinə dair iqtisadi iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 11 aprel tarixli 22(103)-118/2019 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı cavabdehə pretenziya qaydasında müraciət edərək 2.380.000 ABŞ dollar məbləğində pulun ödənilməsini xahiş etmiş, lakin müraciət təmin edilməmişdir. İddiaçı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehdən 2.380.000 ABŞ dollar məbləğində pulun tutularaq ona ödənilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehdən 2.315.551,97 ABŞ dolları və 301.473,25 Avro məbləğində pulun tutularaq ona ödənilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında uzun illər iqtisadi münasibətlər mövcud olmuş, dəmir külçənin alğı-satqısı ilə bağlı tərəflər arasında çox sayda müqavilələr bağlanmışdır. Növbəti dəfə tərəflər arasında aparılmış danışıqlar 2000 ton miqdarında dəmir külçənin alğı-satqısı ilə bağlı razılıq əldə edilməsi ilə nəticələnmişdir. 2013-cü il 12 mart tarixdə isə x1 ilə x4 arasında 01/31/04/00291 saylı mülki iştirak müqaviləsi bağlanmış, müqaviləyə əsasən bank tərəfindən şirkətə 6 ay müddətinə 25 %-lə 31.250.000,000 rial məbləğində kredit verilmişdir. Bağlanmış müqavilənin əsas məqsədi Azərbaycan Respublikasına ixracat üçün bu müqavilədə vurğulanmış göstəricilərə uyğun və alışın predmeti olan malın ixracatı qaydalarına riayət olunmaqla klinker sementinin alışı,tədarükü və toplanmasından ibarət olmuşdur. 2013-cü il 14 mart tarixdə cavabdeh tərəfindən invoys təqdi m edilmiş, 2013-cü il 28 mart tarixədək 2000 ton dəmir külçənin dəyərini təşkil edən 839.920,000 avronun ödənilməli olduğu bildirilmişdir. Buna görə də iddiaçı şirkətin direktoru fikrini dəyişərək, bankdan götürdüyü kredit məbləğini ixracat üçün istifadə etmək əvəzinə, cavabdehdən dəmir külçə alınması üçün istifadə etmək qərarına gəlmiş və 2013-cü il 28 mart tarixdə cavabdeh tərəfindən təqdim edilmiş invoys sənədinə əsasən 839.320 Avro (1.140.831.69 ABŞ dolları) məbləğində pulu x4 vasitəsilə x5 köçürmüşdür. İran İslam Respublikasının qanunvericiliyinə əsasən xam mallar alınması üçün dövlət subsidiyalar ayırır. İran İslam Respublikasının Mərkəzi Bankı Valyuta Strategiyaları və Qanunlar İdarəsi tərəfindən 2012-ci il 28 iyul tarixdə qəbul edilmiş Valyuta Qanunlar Toplusunun yeddinci bölümünü təşkil edən Malın idxalından yaranmış valyuta öhdəliklərinə baxılma qaydalarına əsasən subsidiya ilə xarici valyuta alanda dövlət məzənnəsi hesablanır və bu da bazar məzənnəsi ilə 2013-cü ildə 35 % fərq təşkil edirdi. Lakin bu hal o zaman tətbiq edilirdi ki, xaricdən xammalların alınması faktı təsdiq edilsin. İran İxracatının İnkişafı Bankından rial məzənnəsi ilə aldığı krediti dollar ilə cavabdehin hesabına köçürməli olduğundan və dollar ilə almalı olduğu malı Azərbaycan Respublikasından idxal etdiyindən, iddiaçı şirkətə də qanunvericiliyin tələblərinə əsasən 35 % miqdarında güzəşt tətbiq edilmişdir. Lakin yuxarıda qeyd edildiyi kimi güzəştin tətbiqinin əsas şərti xaricdən xammal alınması ilə bağlı təsdiqedici sənədlərin təqdim edilməsi olmuşdur. Əks təqdirdə hesablanmış güzəşt məbləği gü zəşt edilmiş şəxsdən geri alınmalı idi. Cavabdehlə aralarında uzun illər iqtisadi münasibətləri mövcud olduğundan cavabdehin razılaşmaya əməl etməyəcəyi düşünülməmişdir. İddiaçı tərəfindən cavabdehin hesabına dəmir külçənin idxalı ilə bağlı invoys sənədində qeyd edilən məbləğ (1.140.831,69 ABŞ dolları) köçürülsə də, cavabdeh öz öhdəliyini icra etməyərək təhvil verilməli olan 2000 ton miqdarında dəmir külçəni iddiaçıya təhvil verməmişdir. Nəticədə, iddiaçı İran İxracatının İnkişafı Bankı qarşısında olan öhdəliyinə, eyni zamanda İran İslam Respublikası qanunvericiliyində nəzərdə tutulmuş tələblərə riayət edə bilməyərək, xam malların alınması barədə təsdiq edici sübutları banka təqdim edilə bilməmişdir. Bu səbəbdən, Tehran Əyaləti Dövlət Cəzalandırılması üzrə 1-ci Stansiya Məhkəməsinin 47-ci şöbəsinin 2016-cı il 6 noyabr tarixli qərarı ilə x6 301.473,25 avro miqdarında valyuta öhdəliyinin bankın xeyrinə ödənilməsi və ticarət kartının 6 ayadək dondurulması cəzasına məhkum edilmişdir. İddiaçının cavabdehə ödədiyi 1.140.831,69 ABŞ dolları məbləğdən cavabdeh yalnız 400.000 ABŞ dollarını qaytarmış, qalan 740.831,69 ABŞ dolları isə hələ də qaytarılmamışdır. Həmçinin, İran İxracatının İnkişaf Bankı tərəfindən 2017-ci il 5 sentyabr tarixdə təqdim edilmiş 2620/96/8/1277 saylı maliyyə arayışından görünür ki, x1-yə arayışın təqdim edildiyi tarixə məbləğin əsli, mənfəəti və ödəməni yubatdığına görə cərimə olmaqla, ümumilikdə 55.282.819,540 rial (dolların hazırkı dövrə olan məzənnəsinə əsasən 1.574.720,28 ABŞ dolları) məbləğində borc hesablanmışdır. İddiaçı göstərilənlərə və Azərbaycan Res publikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 21, 425.1, 425.2, 442, 443.1, 445.1, 448.1, 448.2-ci maddələrinə istinad edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehin etirazları: Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirmişdir ki, tərəflər arasında olan işgüzar münasibətlər iki istiqamətdə gedirdi. Birincisi x3 ilə x1 arasında birbaşa bağlanmış müqavilələrlə, ikincisi isə cavabdehlə x7 arasında bağlanmış müqavilələrlə. İş materiallarından görünür ki, iddiaçı polad pəstahları x7 adından alırdı. İddiaçı tərəfindən təqdim edilmiş invoys sənədini isə cavabdeh ümumiyyətlə qəbul etmir. Belə ki, həmin sənəddə qeyd edilən müqaviləni iddiaçı məhkəməyə təqdim edə bilməmişdir. Çünki iddiaçı ilə cavabdeh arasında 2000 ton miqdarında polad pəstahın alınması ilə bağlı hər hansı bir müqavilə bağlanmamışdı. İnvoys sənədinin isə əsli əvəzinə kserosurəti məhkəməyə təqdim edilmişdir. İddiaçı tərəfindən ödənilmiş məbləği isə cavabdeh ümumiyyətlə qəbul etmir. Belə ki, həmin pul məbləği x7 ilə aralarında olan alğı-satqı ilə bağlı ödənilmiş pul məbləğidir. İddiaçının qeyd etdiyi 400.000 ABŞ dolları məbləğində pul məbləği cavabdeh tərəfindən deyil, x7 tərəfindən ödənilmişdi. Çünki 2000 ton miqdarında polad pəstahın alınması ilə bağlı iddiaçı cavabdeh şirkətlə deyil, x7 ilə razılaşmışdı. Odur ki, hazırda iddiaçı pulu cavabdehdən deyil, x7ndən tələb etməlidir. Cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçının tələb etdiyi məbləğ 2013-cü il 14 mart tarixdə cavabdehə ödənilmiş və ödənilməsindən 4 ild ən çox müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Bununla da, iddiaçı qanunla müəyyən edilmiş 3 illik iddia müddətini ötürmüşdür. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 23 yanvar tarixli 2-2(82)39/2018 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 740.831,69 ABŞ dolları, 301.473,25 Avro və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manatın tutularaq iddiaçıya ödənilməsi, qalan hissədə iddia tələbinin rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin olunan hissəsi ilə bağlı hesab etmişdir ki, iddiaçı 2000 ton polad pəstahların alğı-satqısı ilə bağlı 1.140.831,69 ABŞ dolları məbləğində pulu cavabdeh şirkətin hesabına ödədiyi halda, cavabdeh həmin malın iddiaçıya çatdırılma sını təmin etməmiş, həmçinin iddiaçının özünün etirafına əsasən, göndərilmiş puldan 400.000 ABŞ dolları cavabdeh tərəfindən geri qaytarılmışdır. Məhkəmə iddia tələbinin İran İxracının İnkişaf Bankı tərəfindən iddiaçıya hesablanmış 1.574.720,28 ABŞ dolları məbləğində pulun cavabdehdən tutulması hissəsinə münasibətdə hesab etmişdir ki, cavabdehin üzərinə götürdüyü öhdəliyi icra etməməsi ilə iddiaçının bankdan aldığı krediti vaxtında qaytara bilməməsi arasında səbəbli əlaqə olmadığından, o cümlədən bank tərəfindən iddiaçıya başqa məqsədlə kredit verildiyindən bu hissədə iddia tələbi əsassızdır. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin iddianın rədd olunmuş hissəsində ləğv edilməsini və iddianın həmin hissədə təmin olunmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamə nin iddianın təmin olunmuş hissəsində ləğv edilməsini və iddianın həmin hissədə rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 12 iyun tarixli 2-2(103)-295/18 nömrəli qətnaməsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək qətnamənin iddianın rədd olunmuş hissəsində ləğv edilməsini və iddianın həmin hissədə təmin olunmasını xahiş etmişdir. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək qətnamənin iddianın təmin olunmuş hissəsində ləğv edilməsini və iddianın həmin hissədə rədd olu nmasını xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 24 oktyabr tarixli 2-2(102)-403/18 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 12 iyun tarixli qətnaməsi qismən - iddianın təmin edilən hissəsində ləğv edilmiş, həmin hissədə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə həll edilərkən iş üçün mühüm əhəmiyyət kəsb edən hallar və sübutlar tam, hərtərəfli və obyektiv araşdırılmamış, nəticədə maddi və prosessual hüquq normaları pozulmuşdur. Məhkəmə iddianın rədd edilən hissəsi ilə bağlı ap ellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 20 fevral tarixli 2-2(103)-118/2019 nömrəli qərardadı ilə x7 mülki iş üzrə icraata üçüncü şəxs qismində cəlb edilmişdir. Lakin üçüncü şəxs apellyasiya instansiyası məhkəməsində icraatda təmsil olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 11 aprel tarixli 2-2(103)-118/2019 nömrəli qətnaməsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsi qismən – cavabdehdən 740.831,69 ABŞ dolları, 301.473,25 Avro və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manatın tutularaq iddiaçıya ödənilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi təmin olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı iddia etdiyi kimi 2013cü il 28 mart tarixdə cavabdehin hesabına 1.140.831,69 ABŞ dolları məbləğində pul vəsaitini köçürməsindən ilk dəfə hazırkı iddia ərizəsi ilə 2017-ci il 25 may tarixdə məhkəməyə müraciət etmiş, bununla da 3 illik iddia müddətini ötürmüşdür. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermişdir. O, qətnamənin ləğv edilməsini və iddianın tam təmin olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, iddiaçı malın pulunu əvvəlcədən ödəmişdir. Ümumiyyətlə malın pulu əvvəlcədən ödənilmədikdə Azərbaycan Respublikasından malın çıxarılması mümkün deyil. Malın pulunu ödəsə də cavabdeh təşkilat öhdəliyi yerinə yetirmir. Onun təqsiri nəticəsində də iddiaçıya ziyana dəymişdir. Ali Məhkəmənin qərarından görünür ki, pulun iddiaçı tərəfindən cavabdehə göndərilməsi işin mübahisə edilməyən haldır. Bu fakta apellyasiya instansiyası məhkəməsi işə baxarkən əsaslanmış, lakin işin mahiyyətinə xələl gətirən əsasız qətnamə qəbul etməklə yanaşı, məntiqsiz nəticəyə gəlmişdir. Ali Məhkəmə, həmçinin x7nin üçüncü şəxs kimi işə cəlb edilməsinə göstəriş vermişdir. Lakin məhkəmə həmin şirkəti işə cəlb edə bilməmişdir. x7 cavabdeh tərəfindən yaradılmış və öz idarəçilikləri altında olan bir şirkətdir ki, məhz bu cür mübahisəli məsələlərdə adları hallanır. Həmin şirkətin bu işə heç bir aidiyyətı yoxdur. Məhkəmənin gəldiyi nəticə, işin faktiki halları və işdə olan sübutlarla üst-üstə düşmür. Həm də məhkəmənin gəldiyi nəticənin məntiqi əsası yoxdur. Bir tərəfdən bildirilir ki, pulun verilməsi mübahisə edilməyən haldır, həm də İran Milli Bank tərəfindən verilmiş sorğunun cavabından görünür ki, bu məbləğ cavabdehə 2000 ton polad - pəstahın alınması üçün, həmçinin müqaviləyə və invoys sənədinə əsaslanaraq göndərilmişdir. Məhkəmə cavabdeh tərəfdən iddiaçının pulunun nədən x7nə borcun əvəzi kimi qaytarılması sübutunu tələb etməmişdir. Ümumiyyətlə iddiaçının ödədiyi məbləğ ona aid olmayan bir müqavilə ilə niyə x7nə borc əvəzi kimi göndərilməlidir. Əgər iddiaçının x7 ilə əlaqəsi varsa, cavabdehində onlara borcu varsa, onda elə pulu yox, 2000 ton polad - pəstahı qaytarsın. Məhkəmə x7ni işə cəlb etsə də, şirkətin məhkəmədə iştirakını təmin etməmiş, bunun üçün hər hansı bir tədbir görməmişdi r. Bundan əlavə, məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 14.2, 77.1, 88, 217.1, 217.3-cü maddələrinin tələbləri pozulmuşdur. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi və vəkilləri kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər. Cavabdehin vəkili məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Əsaslandırıcı hissə: Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 24 oktyabr tarixli 2-2(102)-403/18 nömrəli qərarında ifadə olunmuş mövqeyə və işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı tərəfindən cavabdehin bank hesabına 1.140.000 ABŞ dolları məbləğində vəsaitin köçürüldüyü işin mübahisə doğurmayan halıdır. İddianın mübahisələndirilən 740.831,69 ABŞ dolları hissəsində iddia müddətinin keçməsi səbəbi ilə rədd edilməsinə dair apellyasiya instansiyası məhkəməsinin qənaəti aşağıdakı səbəblərə görə əsaslıdır. MM-in 372-ci maddəsinin müddəalarına əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir (372.1-ci maddə). Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (372.2-ci maddə). MM-in 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. İddiaçının is tinad etdiyi 2012-ci il 28 dekabr tarixli müqavilənin və həmin müqavilə üzrə iddiaçıya təqdim olunan invoysun (işə həmin invoysun kserosurəti əlavə olunmuş, apellyasiya instansiyası məhkəməsi isə həmin kserosurəti sübut kimi qəbul etməmişdir) mövcudluğu inkar olunsa belə, tərəflər arasında əvvəllər eyni xarakterli (metal pəstahların alğı-satqısı) münasibətlərin mövcudluğu (bunu cavabdeh özü də təsdiq edir), iddiaçı tərəfindən cavabdehin bank hesabına 1.140.000 ABŞ dolları məbləğində vəsaitin də mal alınması üçün köçürüldüyü işin mübahisə doğurmayan halı olduğu nəzərə alındıqda, tərəflər arasında müqavilə münasibətləri olmuşdur və mülki qanunvericilik hazırkı iş üzrə tərəflər arasında bu münasibətlərin yazılı müqavilədə təsbit olunmasını mütləq şərt kimi müəyyən etməmişdir. Digər tərəfdən, tərəflər arasında hazırkı mübahisənin məhz müqavilə münasibətlərindən irəli gəldiyini cavabdeh “iddia müddətinin tətbiqi barədə” ərizəsi ilə də təsdiq edir. Belə ki, cavabdeh həmin ərizədə müddətin tətbiqinə dair tələbin hüquqi əsası kimi MM-in məhz 373.2-ci maddəsinə istinadla müqavilə tələbləri üzrə üç illik iddia müddətin tətbiq olunmalı olduğunu xüsusi qeyd edir (İ cild, iş v.57). MM-in 375.1-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. MM-in 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiada n imtina barəsində qərar çıxarması üçün əsasdır. Cavabdeh iddia müddətinin tətbiqi ilə bağlı yazılı ərizə vermişdir. MM-in 377-ci maddəsinin müddəalarına əsasən: 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. MM-in 368-ci maddəsinə əsasən, vaxt dövrü ilə müəyyənləşdirilmiş müddətin axımı təqvim tarixindən və ya müddətin başlanması üçün müəyyənləşdirilmiş hadisənin baş verməsindən sonrakı gün başlanır. MM-in 369.1-ci maddəsinə əsasən, illərlə hesablanan müddət müddətin sonuncu ilinin müvafiq ayında və günündə qurtarır. Hazırkı halda, iddia müddətinin axımının başlanğıcı - MM-in 368 və 377.3-cü maddələrinə əsasən, öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan, yəni iddiaçı tərəfindən ödənişin icra olunduğu 2013-cü il 28 mart tarixdən sonrakı gündən – 2013-cü il 29 mart tarixdən başlanır. Beləliklə, iddiaçının hazırkı məzmunda tələb irəli sürmək hüququ 2016-cı il 29 mart tarixədək mövcud olmuşdur. MM-in 380.1-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldük də, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. İddiaçı bəyan edir ki, cavabdeh onun ödədiyi ümumi borc məbləğindən 400.000 ABŞ dollarını 2014-cü ilin martında qaytardığından, bununla da, borcu etiraf etməsini göstərən hərəkət etdiyindən və iddia müddətinin axımı 2014-cü ilin martında kəsildiyindən, iddia müddəti ötürülməmişdir. İşdən göründüyü kimi, cavabdeh iddiaçıya hər hansı məbləğ ödədiyini inkar etdiyindən, iddiaçı isə ona borcun etirafına əsas verən 400.000 dollar ödənilməsini təsdiq edən hər hansı sübut təqdim etmədiyindən apellyasiya instansiyası məhkəməsi iddiaçının həmin dəlilini qəbul etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hətta iddiaçının həmin dəlili qəbul edildikdə belə, bu, iddia müddəti ilə bağlı vəziyyəti idd iaçının xeyrinə dəyişmir. Belə ki, MM-in 380.1-ci maddəsinin tələbindən göründüyü kimi, yalnız müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə iddia müddətinin axımı kəsilir. İddiaçı hazırkı məzmunda iddia ilə, həm də qanunla müəyyənləşdirilmiş qaydada, yalnız 2017-ci il 25 may tarixdə məhkəməyə müraciət etmişdir. Beləliklə, iddia müddətinin iddiaçı tərəfindən ötürüldüyü təsdiq olunduğundan, apellyasiya instansiyası məhkəməsi iddia tələbini həmin əsasla rədd etməkdə haqlı olmuşdur. Tehran Əyaləti Dövlət Cəzalandırması üzrə Apellyasiya Məhkəməsi 2017-ci il 15 fevral tarixli qərarına əsasən x1-yə tətbiq edilmiş 301.473,25 avro cərimə məbləğinin əvəzinin cavabdehdən tutulması tələbinə gəldikdə, apellyasiya instansiyası məhkəməsi iş materiallarına əlavə edilmiş həmin qərarın məzmununa istina dla müəyyən etmişdir ki, iddiaçının cərimə edilməsinin və cəzalandırılmasının x3 ilə əlaqədar olması və ya iddiaçının 2000 ton polad pəstahları İran İslam Respublikasına ixrac etməməsi ilə əlaqədar olduğu təsdiq edilmir. Eyni zamanda, həmin qərarda valyuta köçürdükdən sonra malın idxal edilməməsı deyil, əksinə “valyuta köçürmədən malın idxalı” sözləri qeyd edilmişdir. Belə olan halda, iddiaçının cərimə edilməsinin cavabdehin hərəkətləri ilə birbaşa bağlı olması halı öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaların tələbləri pozulmamışdır, apellyasiya instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir, şikayətdə irəli sürülən dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvin ə və ya dəyişdirilməsinə əsas vermir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 415-1, 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 11 aprel tarixli 2-2(103)-118/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılır. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar