Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-386/2022 ALİ MƏHKƏMƏ Kommersiya Kollegiyasının İddiaçı Şirkətinin cavabdehlər "A" ASC-yə, Cavabdeh B MMC-yə, Cavabdeh C MMC-yə qarşı iş üzrə Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi 24.05.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu, Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, iddiaçı Şirkətinin cavabdehlər "A" ASC-nə, Cavabdeh B MMC-nə, Cavabdeh C MMC-nə qarşı pul tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 7 aprel tarixli 2-2(103)-451/2022 saylı qərardadından iddiaçı Şirkət tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qay dasında baxılmışdır. İ. İŞİN HALLARİ
1. İddiaçı Şirkəti (bundan sonra – “iddiaçı”) 2021-ci il 10 noyabr tarixində Cavabdeh "A" ASC-yə, Cavabdeh B MMC-yə və Cavabdeh C MMC-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehlərdən 43.454,21 ABŞ dolları məbləğində pulun müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 31 yanvar tarixli e-2-2(113)-397/2022 saylı qərardadı ilə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır (hakim – F.Qasımov).
3. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında mübahisəyə baxılması ilə bağlı ərazi aidiyyəti sazişlə müəyyən edildiyindən, bu sazişə əsasən Azərbaycan R espublikasının məhkəmələri işə baxmaq üçün səlahiyyətli olmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 28-ci maddəsinin tələbi baxımından hazırkı işə məhkəmədə baxılması mümkün deyildir və buna görə də iş üzrə icraata xitam verilməlidir.
4. İddiaçı 2022-ci il 18 fevral tarixində şikayət verərək həmin qərardadın ləğv olunmasını, iş üzrə icraata davam etdirilməsini xahiş etmişdir.
5. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 21 fevral tarixli e-2-2(113)-397/2022 saylı qərardadı ilə həmin şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədin əlavə olunmaması əsası ilə şikayətin geri qaytarılması qərara alınmışdır (hakim – F.Qasımov).
6. İddiaçı 2022-ci il 23 fevral tarixində yenidən şikayət verərək həmin qərardadın ləğv olunmasını, iş üzrə icraata davam etdirilməsini xa hiş etmişdir. Eyni zamanda, həmin şikayətdə ötürülmüş prosessual müddətin bərpa edilməsi xahiş edilmişdir.
7. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 25 fevral tarixli e-2-2(113)-397/2022 saylı qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – F.Qasımov). b) Apellyasiya instansiyası məhkəməsində icraat
8. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2022-ci il 7 aprel tarixli 22(103)-451/2022 saylı qərardadı ilə iddiaçının apellyasiyası qeyri-mümkün hesab edilmişdir (sədrlik edən – V.Məmmədov, hakimlər – R.Qurbanov və V.Baxışova).
9. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 31 yanvar tarixli qərardadı 2022-ci il 9 fevra l tarixində iddiaçının vəkili və nümayəndəsi “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirilməklə ona çatdırılmış, sonuncu tərəfindən tərtib olunmuş hazırkı şikayət isə elektron kabinet vasitəsilə 2022-ci il 23 fevral tarixdə göndərilmiş, bununla da qərardaddan şikayət verilməsi üçün qanunla nəzərdə tutulan 10 günlük prosessual müddət ötürülmüşdür. Həmçinin iş üzrə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişdir.
10. Apellyasiya instansiyası məhkəməsi bu qənaətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 10-1.3, 130.3, 268.1, 363.1.3, 366-cı maddələrinə istinad etməklə əsaslandırmışdır.
11. Həmin qərardad 2022-ci il 9 aprel tarixdə iddiaçının vəkili və nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemin də yaradılan elektron kabinetinə yerləşdirilmişdir.
12. İddiaçı 2022-ci il 9 aprel tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2021-ci il 7 aprel tarixli qərardadını ləğv edib, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 31 yanvar tarixli e-2-2(113)-397/2022 saylı qərardadından verilmiş apellyasiya şikayətini mümkün hesab edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri
13. MPM-in 133-cü maddəsinin tələbləri pozulmuşdur - Məhkəmə müddətin bərpası barədə ərizənin verilməməsi qərarına gəlmişdir. Lakin elektron sistemə əlavə etdiyimiz şikayətdən görünür ki, prosessual müddətin bərpası həmin şikayətdə qeyd edilib.
14. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 31 yanvar tarixli qərardad ından 2022-ci il 18 fevral tarixində şikayət verərkən “Dövlət rüsumu haqqında” Qanunun 8.5-ci maddəsinə dəyişikliklər olduğu üçün qərardadlardan (iş üzrə icraata xitam verilməsi) rüsum ödənilməli olduğunu nəzərdən qaçırmışıq. Bu səbəbdən də şikayət edərkən “rüsumdan azad” elektron bölməsi tərəfimizdən seçilmişdir. Göstərilən halı və MPM-in 133-cü maddəsinin müddəalarını nəzərə alıb şikayət vermə müddətini 3 gün keçirməyimiz (qərardad elektron kabinetdə 2022-ci il 10 fevral tarixində tərəfimizdən oxunmuşdur) üzrlü hesab edilməlidir. b) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərardadı nın təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
18. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müə yyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
19. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
72. Vətəndaşların vəzifələrinin əsası İ. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. İİ. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. İİİ. Qanunu bilməmək məsuliyyətdən azad etmir.”
20. MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 10-1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının elektron qaydada aparılması... 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir....” “Maddə
130. Prosessual müddətlərin buraxılmasının nəticələri... 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.” “Maddə
133. Prosessual müddətlərin bərpası 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). 133.4. Buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. 1 33.5. Müddətin bərpasından imtina barədə qərardad çıxarılır. 133.6. Prosessual müddətlərə dair məsələ üzrə qərardaddan işdə iştirak edən şəxslər şikayət verə bilər.” “Maddə
268. Şikayətin verilmə müddəti 268.1. Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir....” “Maddə
363. Apellyasiya şikayətinin qaytarılması 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır:... 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə;...” “Maddə
366. Apellyasiya mümkünlüyünün yoxlanılması 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər....” 21. “Dövlət rüsumu haqqında” Azərbaycan müddəalarında aşağıdakılar nəzərdə tutulur: Respublikasının Qanunun müvafiq 2021-ci il 1 oktyabr tarixindən əvvəl qüvvədə olmuş redaksiyada: “Maddə
8. Məhkəməyə verilən iddia ərizələrinin və şikayətlərin, hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrin, məhkəmə əmri haqqında ərizələrin və məhkəmə qərarları barəsində şikayətlərin verilməsi, məhkəmə tərəfindən sənədlərin surətinin təkrar verilməsinə görə dövləi rüsumunun dərəcələri Dövlət rüsumu tutulmalı olan hərəkətlər - Dövlət rüsumunun məbləği... 8.4.2. iş üzrə icraatın xitam verilməsindən, iddianın baxılmamış saxlanmasından, məhkəmə cərimələrinin qoyulmas ı barədə şikayətlərdən - 10 manat...” 2021-ci il 1 oktyabr tarixindən sonra qüvvədə olan redaksiyada: “Maddə
8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri Dövlət rüsumu tutulmalı olan hərəkətlər - Dövlət rüsumunun məbləği... 8.5. İş üzrə icraata xitam verilməsi, iddianın baxılmamış saxlanılması və məhkəmə cərimələrinin qoyulması, müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardaddan şikayət verilməsinə görə - 50 manat...” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq belə qənaətə gəlir ki, həmin dəlillər (bax yuxarıda §§ 13-14) əsassız, apellyasiya instansiyası məhkəməsinin mövqeyi i sə qanunauyğundur.
23. Belə ki, MPM-in 133.3-cü maddəsinin (bax yuxarıda § 20) tələblərinə görə, prosessual müddətin bərpası barədə məhkəməyə ərizə verilməli, həmin ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.).
24. İstinad olunan prosessual tələblərin mahiyyətindən göründüyü kimi, prosessual müddətin bərpası barədə ərizə məhkəmə aktından verilmiş şikayətlə yanaşı, ayrıca təqdim olunmalıdır.
25. Lakin iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, prosessual müddətin bərpasına dair ayrıca ərizə verilməmişdir.
26. Kassatorun ikinci dəlilinə gəldikdə isə qeyd etmək lazımdır ki, iş üzrə icraata xitam verilməsi barədə qərardadlardan dövlət rüsumunun ödənilməsi “Dövlət rüsumu haqqında” Qanunun 8-ci madəsində həmin maddənin yeni redaksiyası 2021-ci il 1 oktyabr tarixində qüvvəyə minməmişdən əvvəl də mövcud idi (bax yuxarıda § 21). Sözügedən dəyişikliklərlə isə sadəcə olaraq iş üzrə icraata xitam verilməsi barədə qərardadlardan şikayət verilməsinə görə olan dövlət rüsumunun məbləği artırılmışdır.
27. Bu hal, ən azından, hazırkı kassasiya şikayətini imzalayan iddiaçının vəkilinə məlum olmalı idi.
28. Bundan başqa, Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində (bax yuxarıda § 19) də qeyd olunduğu kimi, qanunu bilməmək məsuliyyətdən azad etmir.
29. Yuxarıda göstərilənləri ümumiləşdirərək, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiya məhkəməsi məsələ ilə bağlı düzgün nəticəyə gəlmiş, qərardad qəbul olunarkən hər hansı prosessual pozuntuya yol verilməmişdir.
30. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Şirkət tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 7 aprel tarixli 22(103)-451/2022 saylı qərardadı həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.