Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-400/2025 23.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası QƏRARDAD İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə Açar sözlər: kassasiya şikayətinin icraata qəbulundan imtina (kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilmədikdə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu, Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 12 mart tarixli, 2-2(103)-349/2025 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı «Ayss-2008” MMC (bundan sonra – “iddiaçı” ) Cavabdeh MMC-yə (bundan sonra-“cavabdeh”) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən icra olunmamış müqavilənin icrası təmin edilərək 14.121,25 manat məbləğində əsas borc və 4256,00 manat məbləğində gecikdirilməyə görə dəbbə pulunun, hüquqlarını bərpa etmək üçün hüquqi yardıma görə ödənilməli olan 1000 manatın və dövlət rüsumuna görə ödənilmiş 196,00 manatın, cəmi 19573,25 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 8 yanvar tarixli, e-2-2(113)- 577/2025 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 14121,25 manat məbləğində əsa s borc, 132,37 manat dövlət rüsumu, ümumilikdə 14253,62 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddia ərizəsi verilərkən ödənilmiş 63,63 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir ( hakim Ü.Həsənova). Qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 12 mart tarixli, 2-2(103)-349/2025 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır ( sədrlik edən-məruzəçi hakim T.Mahmudova, hakimlər L.Əliyeva və Z.Şirinov). Qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Mülki Prosesual Məcəllənin (bundan sonra mətndə MPM) 2021-ci il 1 oktyabr tarixindən qüvvəyə minmiş redaksiyası ilə müəyyən edilmiş formada (3 saylı Əlavə) tərtib edilməmiş, eləcə də MPM-nin 407.1.4-cü maddəsinin tələblərinə əməl edilməmişdir. Belə ki, MPM-nin 407.1-ci maddəsində kassasiya şikayətinin bu Məcəllə ilə müəyyən edilmiş formada verilməsi nəzərdə tutulmuş, həmin forma Məcəlləyə 3 saylı Əlavədə göstərilmişdir. Həmin forma onu nəzərdə tutur ki, kassasiya şikayətinin maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət olunan qətnamə çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi və ya prosessual hüquq norması sıralanmaqla göstərilməli, göstərilmiş hər bir normanın qarşısında isə düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Hazırki halda cavabdeh kassasiya şikayətini formal olaraq (cədvəl forması və s.) MPM-nə 3 saylı Əlavədə müəyyən edilən qaydada tərtib etsə də, məzmun baxımdan həmin Əlavədə nəzərdə tutulan tələblərə əməl etməmişdir. Şikayətin «maddi və ya prosessual hüquq normalarının pozulmasına dair dəlillər» hissəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq maddələri qeyd olunmuş, həmin normaların mübahisəyə aidiyyəti, apellyasiya instansiyası məhkəməsi tərəfindən yol verilən pozuntunun nədən ibarət olmasına dair dəlillər qeyd olunmamışdır. Nəzərə alınmalıdır ki, MPM-nin 407.1.4-cü maddəsinin tələbinə əsasən maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması kassasiya şikayətində göstərilməlidir. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşır (MPM-nin 416.1-ci maddəsi). MPM-in 408.1, 408.1.5-ci maddələrinə əsasən kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, habelə maddi və prosessual hüquq normasının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişdirsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməli və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 407-408-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 12 mart tarixli, 2-2(103)-349/2025 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbulundan imtina edilsin və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2-2(102)-400/2025
Ali Məhkəmə Qərardad — İş №2-2(102)-400/2025
23.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver