Məhkəmə qərarları › İş №2-2(102)-404/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-404/2022

29.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-404/2022 ALİ MƏHKƏMƏ Kommersiya Kollegiyasının İddiaçı A Agentliyinin Cavabdehə qarşı iş üzrə Açar sözlər: lizinq müqaviləsi üzrə borcun ödənilməsi tələbi 29.06.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu, Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Agentliyin Cavabdehə qarşı "lizinq müqaviləsi üzrə borcun ödənilməsi"nə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 9 fevral tarixli 22(103)-203/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. I. İŞİN HALLARİ 1. 2013-cü il 11 dekabr tarixli 1431-L/13 nö mrəli texnikanın lizinqə verilməsi barədə müqavilədən görünür ki, Cavabdeh (bundan sonra – “cavabdeh”) ümumi dəyəri 65.539,17 manat olan kombayn və qotmanlayıcı kopnitel (texnikaların dəyəri tam ödənildikdən sonra lizinqə alanın mülkiyyətinə verilməsi ilə şərti ilə) lizinqə verilmişdir. Müqavilənin 4.2-ci bəndinə əsasən, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləğivə gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir.

2. A Agentliyi (bundan sonra – “iddiaçı”) tərəfindən təqdim edilmiş müqavilə üzrə cərimənin hesablanması qrafikindən görünür ki, cavabdehin 2018-ci ildə 4.423,50 manat, 2019-cu ildə 6.000 manat, 2020-ci ildə 6.000 manat cəmi 16.423,50 manat borc və 7.288,34 m anat cərimə borcu hesablanmışdır. Həmçinin həmin qrafikdə cavabdeh hər ilin birinci və dördüncü rübdə ödənişlərdən azad olduğu əks olunmuşdur.

3. K Bankın 2021-ci il 17 iyul tarixli Ref 000İPX1211981D82 nömrəli ödəniş qəbzindən görünür ki, 5 saylı Vəkil Bürosuna ********* 1242N nömrəli müqaviləyə əsasən hüquqi xidmət üçün 500 manat ödənilmişdir.

4. İddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, cavabdehin 16.423,50 manat gecikdirilmiş borc və 7.288,34 manat cərimə borcu hesablanmışdır. Arayışda qrafik üzrə 5.460 manat ödənişin həyata keçirildiyi öz əksini tapmışdır.

5. K Bankın ödəniş terminalından əldə edilmiş 2021-ci il 23 iyul tarixli 2589 nömrəli qəbzdən görünür ki, cavabdeh tərəfindən 1.000 manat ödənilmiş, qalıq borc 24.863,50 manat təşkil edir. 6. “Elektron Məhkəm ə” informasiya sisteminin məlumatlarından görünür ki, iddiaçı tərəfindən cavabdehə 2021-ci il 6 iyul tarixdə pretenziya məktubu ünvanlanaraq bildirilmişdir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, 16.423,50 manat gecikdirilmiş borcu və 7.288,34 manat cərimə məbləği ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq edilmişdir. 7. "X" ASC-nin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezientinin 2020-ci il 17 avqust tarixli Fərmanına əsasən, "X" ASC-nin adı dəyişdirilərək "Y" ASC adlandırılmış və "Y" ASC-nin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Agentliyə ötürülmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı cavabdehə qarşı 2021-ci il 17 iyul tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2013-cü il 11 dekabr tarixli 1431-L/13 nömrəli lizinq müqaviləsi üzrə 16.423,50 manat gecikdirilmiş borcun və hesablanmış 7.288,34 manat cərimə borcunun və hüquqi yardımla bağlı 500 manatın cəmi, 24.211,84 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 2013-cü il 11 dekabr tarixli 1431-L/13 nömrəli müqaviləyə əsasən borclu satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini i sə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə kənd təsərrüfatı texnikalarını lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, nəticədə hazırkı borcu (bax yuxarıda § 4) yaranmış, dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq ödənişləri etməmişdir.

10. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 427.3, 445.2.1, 748-1.12.4, 465.2-ci, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddələrinə istinad etmişdir.

11. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilməmişdir.

12. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 14 oktyabr tarixli e-2-2(113)-3789/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 2017-ci il 13 dekabr tarixli 07-LA/17 saylı lizinq müqaviləsi üzrə 2021-ci il 31 mart tarixinə yaranmış 16.423,50 manat gecikdirilmiş borc, 576,50 manat cərimə və hüquqi yardıma görə ödənilmiş 500 manat, cəmi 17.500 manat məbləğində vəsaitin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır (hakim – E.Əliyev).

13. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, iddiaçı öz üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh lizinq obyektlərinə görə ödənişləri etmədiyinə görə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş və nəticədə 16.423,50 manat məbləğində gecikdirilmiş borc yaranmışdır.

14. Həmçinin iddia tələbi üzrə 16.423,50 manat məbləğində borc 2021-ci il 31 mart tarixinə yarandığından, cava bdeh isə vaxtaşırı ödəniş kimi hesab olunan 1.000 manat pulu tələb olunmayan 2021-ci ilin 3-cü rüb üçün ödədiyinə görə nəzərə alınmamalıdır. Bununla yanaşı, cavabdehin həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınaraq, tənasübsüz surətdə yüksək olan cərimə azaldılaraq 576,50 manat məbləğində müəyyən edilməlidir.

15. Məhkəmə mövqeyini MM-in 385.1, 386.1, 442, 443.1, 462.1, 465.2, 467, 747.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

16. Cavabdeh 2021-ci il 3 dekabr tarixdə apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 9 fevral tarixli 2-2(103)-2032022 sayl ı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi əsas borcun tutulması hissəsində dəyişdirilərək cavabdehdən iddiaçının xeyrinə 15.423,50 manat əsas borcun tutulması qət edilmişdir (sədrlik edən– V.Baxışova, hakimlər – R.Qurbanov və V.Məmmədov).

18. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, məhkəmənin 2021-ci il 23 iyul tarixində həyata keçirilmiş 1.000 manat ödənişin əsas borcdan çıxılmalı olmadığına dair iş üzrə gəldiyi nəticə qanunsuz və əsassızdır. İlk növbədə, K Bankın ödəniş terminalından əldə edilmiş 2021-ci il 23 iyul tarixli 2589 nömrəli qəbzin üzərində cavabdeh tərəfindən ödənişin hansı rüb üzrə həyata keçirildiyi, yəni təyinatı qeyd edilməmişdir. Belə olan halda ödənilmiş məbləğ MM-in 423.3-cü maddəsinin tələbinə uy ğun olaraq mövcud borcdan silinməlidir.

19. Apellyasiya şikayətinin digər bir dəlili ondan ibarət olmuşdur ki, “lizinqə verilmiş texnikadan 2018-2019-cu illərdə istifadə etməmiş, 2020-ci illərdə texnika təmirdə olmuş, texnika yararsız olduğu müddətdə cavabdehin borcu yaranmış, MM-in 443.1 və 443.7-ci maddələri məhkəmə tərəfindən nəzərə alınmamışdır”. Məhkəmə kollegiyası bu mülahizələri əsassız hesab edərək vurğulamışdır ki, hazırda cavabdehdən tələb edilən pul məbləği dəymiş zərər deyil, lizinq müqaviləsi üzrə əsas borc və cərimə borcu olduğundan MM-in 443.1 və 443.7-ci maddələri hazırkı mübahisə üzrə tətbiq oluna bilməzdi.

20. Hazırkı halda cavabdeh lizinq obyektinin təmirdə olması, təmirin cari və ya orta təmir olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Lakin həmin sübu tlar təqdim edilmiş olsa belə, lizinq obyekti təmirdə olduğu müddətdə lizinq alanın lizinq ödənişlərinin həyata keçirilməsini dayandırmaq hüququna malik olduğu nə MM-də, nə də tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulduğundan apellyasiya şikayəti bu hissədə əsassız hesab olunmuşdur.

21. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandırmaq üçün MM-in 432.3, 443.1, 443.7, 748-1.7-ci maddələrinə istinad etmişdir.

22. Qətnamə 2022-ci il 22 fevral tarixində cavabdehin elektron kabinetində yerləşdirilmişdir.

23. Cavabdeh 2022-ci il 20 aprel tarixində kassasiya şikayəti verərək, həmin qətnamənin ləğv, iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. MM-in 443.7-ci maddəsi üzrə - Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Lakin hazırkı halda texnika yararsız olduğu müddətdə cavabdehə borc yazılmışdır.

25. MM-in 448.4-cü maddə üzrə - Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məluma t verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Cavabdeh tərəf qarşı tərəfi bu barədə məlumatlandırmışdır.

26. MM-in 748-1.7-ci maddəsi üzrə - Lizinq obyekti olan əmlakın əsaslı təmiri, əgər lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq verən tərəfindən aparılır. Lakin hazırki halda texnikanın əsaslı təmiri lizinq verən deyil, lizinq alan tərəfindən edilmiş, buna baxmayaraq, iddiaçı tərəfindən cavabdehə borc hesablanmışdır.

27. MPM-in 217.1-ci maddəsi üzrə - Apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən MPM-in 220.1-220.6-cı maddələrində qeyd edilən normaları nəzərə almamış və qətnaməni kifayət qədər əsaslandırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın d əlilləri

28. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

30. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

31. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəlik lərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

432. Öhdəliyin hissə-hissə icrası... 432.3. Əgər borclu kreditora bir neçə eyni növlü öhdəlik icra etməlidirsə və onun icra etdikləri bütün öhdəliklərin ödənilməsi üçün yetərli deyildirsə, icra zamanı borclunun özünün müəyyənləşdirdiyi öhdəlik ödənilir. Əgər borclu ödənilən öhdəliyi müəyyənləşdirməzsə, onda ödənilmə müddəti çatmış öhdəliklərdən müvafiq olaraq kreditorda daha az təminatı olan öhdəlik əvvəlcə ödənilir, bərabər təminatlı öhdəliklərdən borclu üçün daha ağır olanı, eyni dərəcədə ağır olan öhdəliklərdən daha köhn ə öhdəlik, eyni müddətli öhdəliklərin isə hamısı ödənilir....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.... 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində də ymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur....” “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə

465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi... 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bi lər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər....” “Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə

747. Lizinq müqaviləsi 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizin q alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur....” “Maddə 748-1. Lizinq müqaviləsi iştirakçılarının hüquq və vəzifələri... 748-1.7. Lizinq alan, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə texniki xidməti, onun orta və cari təmirini öz hesabına həyata keçirir. Lizinq obyekti olan əmlakın əsaslı təmiri, əgər lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq verən tərəfindən aparılır....”

33. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymət ləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

34. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, həmin dəlillər əsassız olduğundan kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 9 fevral tarixli 2-2(103)-203/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MM-in 748-1.7-ci maddəsinin tətbiq edilməməsinə dair dəlil (bax yuxarıda § 26) üzrə

35. Həmin maddənin tələbinə görə, lizinq verən lizinq obyekti olan əmlakın əsaslı təmirini o zaman həyata keçirir ki, lizinq müqaviləsində bununla bağlı ayrı qayda nəzərdə tutulmasın.

36. Hazırkı halda isə tərəflər arasında bağlanmış müqavilənin 3.9-cu bəndində lizinq alan texnikanın texniki qulluq və təmir xidmətlərini öz hesabına həyata keçirməyi öhdəsinə götürmüşdür.

37. Eyni zamanda, həmin müqavilənin 3.3-cü bəndinin də məzmunundan aydın olur ki, lizinq alan texnikanı müvafiq qaydada təhvil aldıqdan sonra texnikanın zərərin bütün növlərindən qorunması, o cümlədən korlanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyət daşıyır və bu, müqavilə üzrə öhdəliklərdən azad et mir.

38. Göründüyü kimi, hazırkı halda lizinq alan cavabdeh lizinq müqaviləsini bağlayarkən texnika üzrə yarana biləcək bütün mümkün təmir xərclərini bilavasitə öz öhdəsinə götürmüşdür.

39. Bundan başqa, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, cavabdeh lizinq obyektinin təmirdə olması, təmirin cari və ya orta təmir olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

40. Lakin həmin sübutlar təqdim edilmiş olsa idi belə, lizinq obyekti təmirdə olduğu müddətdə lizinq alanın lizinq ödənişlərinin həyata keçirilməsini dayandırmaq hüququna malik olduğu nə MM-də, nə də tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulmuşdur.

41. Odur ki, məhkəmə kollegiyasının mövqeyinə görə, apellyasiya instansiyası məhkəməsi tamamilə haqlı olaraq h azırkı mübahisəyə MM-in 748.1.7-ci maddəsini tətbiq etməmişdir. MM-in 448.4-cü maddəsinin tətbiq edilməməsinə dair dəlil (bax yuxarıda § 25) üzrə

42. Həmin maddəyə əsasən, borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.

43. Sözügedən normanın d ispozisiya şərtindən məlum olur ki, bu maddənin tətbiqi o zaman mümkündür ki, pozuntu borclunun cavabdeh olmadığı haldan irəli gəlsin və müqavilə bağlanarkən borclunun həmin halı nəzərə ala biləcəyi, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyi mümkün olmasın.

44. Hazırkı halda isə, yuxarıda qeyd olunduğu kimi, cavabdeh lizinq müqaviləsini bağlayarkən (qarşılıqlı razılıq əsasında) texnika üzrə yarana biləcək bütün mümkün təmir xərclərini öz öhdəsinə götürmüşdür. Ona görə də müqavilə bağlandıqdan sonra təmir xərclərinin yaranması (hətta belə təmirin həqiqətən olduğu güman edilsə belə) istənilən halda borclunun müqavilə bağlanarkən ehtimal edə bilməyəcəyi, yəni onun iradəsindən asılı olmayan obyektiv hadisə hesab edilə bilməz.

45. Bu baxımdan, məhkəmə kolle giyasının qənaəti ondan ibarətdir ki, MM-in 448.4-cü maddəsinin hazırkı mübahisəyə tətbiq edilməsi üçün heç bir hüquqi əsas olmamışdır və apellyasiya instansiyası məhkəməsi də bununla bağlı maddi hüquq pozuntusuna yol verməmişdir. MM-in 443.1-ci maddəsinin tətbiq edilməməsinə dair dəlil (bax yuxarıda § 24) üzrə

46. Həmin maddənin predmetini öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi təşkil edir.

47. Hazırkı iş üzrə isə iddia tələbi ilə cavabdehdən tələb edilən pul məbləği dəymiş zərər deyil, lizinq müqaviləsi üzrə yaranmış əsas borc və cərimə borcudur.

48. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisəyə MM-in 443.1-ci maddəsini tətbiq etməməklə hər hansı maddi hüquq pozuntusuna yol verməmişdir. MPM-in 217.1-ci maddəsi nin tələblərinin pozulmasına dair dəlil (bax yuxarıda § 27) üzrə

49. Məhkəmə kollegiyası məhkəmənin qətnaməsinin kifayət qədər əsaslandırılmadığına dair kassatorun dəlili üzrə hüquqi dəyərləndirmə aparmağa prosessual qənaət baxımından ümumiyyətlə lüzum görmür. Belə ki, həmin dəlil yalnız ümumi ifadələrlə göstərilmiş və konkret hallarla əsaslandırılmamışdır.

50. Odur ki, məhkəmə kollegiyası yuxarıda göstərilənləri ümumiləşdirərək belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi MM-in 88-ci maddəsinin (bax yuxarıda § 33) tələblərinə uyğun olaraq sübutları düzgün qiymətləndirməklə, MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 33) uyğun olaraq iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmiş, kassasiya şikayətinin dəlillərində istinad olunan hüquq pozuntularına yol verməmişdir.

51. Göstərilə nlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 9 fevral tarixli 22(103)-203/2022 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar