Məhkəmə qərarları › İş №2-2(102)-414/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-414/2024

18.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-414/2024 18.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh1 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: lizinq obyektinin qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh1 və Cavabdeh3 qarşı “borcun ödənilməsi və s.” tələblərinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 2 may tarixli 2-2(103)-520/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İddiaçı MMC ilə Cavabdeh1 arasında 2022-ci il 31 yanvar tarixli 2201/0760 saylı lizinq müqaviləsi (bundan sonra – “lizinq müqaviləsi”), müqaviləyə 01, 02 saylı Əlavələr bağlanmışdır. Müqavilə ilə İddiaçı MMC Cavabdeh1 ərizəsinə əsasən onun tərəfindən seçilmiş, təsviri Əlavə №1-də göstərilən və ümumi dəyəri 34.000 manat olan 1 ədəd “VOLKSWAGEN” markalı “AMAROK” modelli ** PG *** dövlət qeydiyyat nömrəli avtomobili öz mülkiyyətinə keçirərək Cavabdeh1 müvəqqəti sahiblik və istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini bu müqavilənin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürmüşdür.

2. Lizinq müqaviləsinin 3.1-ci bəndində lizinq obyektinin təhvil-təsliminin müqavilənin 1 saylı Əlav əsi olan təhvil-təslim aktı ilə rəsmiləşdirilməsi nəzərdə tutulmuşdur.

3. Cavabdeh1 lizinq müqaviləsi üzrə öhdəliyinin təminatı olaraq İddiaçı MMC ilə Cavabdeh3 arasında 2022-ci il 31 yanvar tarixli 2201/0760/ZM-01 saylı, "xxxx" MMC ilə isə 2022-ci il 31 yanvar tarixli 2201/0760/ZM-02 saylı zaminlik müqavilələri bağlanmışdır. 4. 1 ədəd “VOLKSWAGEN” markalı “AMAROK” modelli ** PG *** dövlət qeydiyyat nişanlı, ümumi dəyəri 34.000 manat olan avtomobil Cavabdeh1 təhvil verilmişdir (lizinq müqaviləsinə 01 saylı əlavə).

5. Ümumi dəyəri 34.000 manat olan lizinq obyektinin dəyərindən 10.200 manat məbləğində ilkin ödəniş edilmiş və müqavilə üzrə ödənilməli məbləğ 23.800 manat təşkil etmişdir.

6. Cavabdeh1 tərəfindən əsas borc məbləği üzrə cəmi 3.223 manat məbləğində ödəniş edilmiş və ödənilməli ola n əsas borcu 20.577 manat qalmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı MMC (bundan sonra “iddiaçı”) cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh1 və Cavabdeh3 qarşı (bundan sonra-ayrı-ayrılıqda “MMC”, “Cavabdeh1”, “Cavabdeh3”, birlikdə “cavabdehlər”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan “VOLKSWAGEN” markalı “AMAROK” modelli ** PG *** qeydiyyat nömrəli avtomaşının Cavabdeh1 qanunsuz istifadəsindən alınaraq mülkiyyətçi iddiaçıya qaytarılması; cavabdehlərdən iddiaçının xeyrinə 20.577 manat əsas lizinq borcu, 6.790 manat vaxtı keçmiş faiz borcu, 7.750 manat hesablanmış penya, cəmi 35.117 manat borcu, həmçinin mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq 230 manat məbləğində pulun müştərək qaydada tutulması barədə qətnamə qəb ul olunmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı lizinq müqaviləsindən irəli gələn öhdəliyini yerinə yetirərək müqavilə predmeti olan avtomobili öz mülkiyyətinə keçirərək, Cavabdeh1 müvəqqəti sahiblik və istifadəyə vermişdir. Cavabdeh1 isə öz növbəsində 23.800 manat məbləğində borcu illik 28% faiz hesablanmaqla, 36 ay müddətinə iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh1 lizinq müaviləsinə Əlavə №2-də 36 ay müddətinə illik 28% faiz olmaqla mütəmadi olaraq hər ay 985 manat ödəniş etməli olduğu halda, ödənişləri aparmamış, müqavilə şərtlərinə tam əməl etməmiş, lizinq obyektini mülkiyyətçiyə qaytarmaqdan yayınmış, bununla da müqavilə şərtlərini pozmuşdur. Bununla əlaqədər cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq o, lizi nq obyektini geri qaytarmaqdan imtina etmiş və lizinq obyektinin yeri bu günə qədər müəyyən edilməmişdir. Cavabdeh eyni zamanda lizinq borcunu ödəməkdən də yayınmışdır.

9. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 12 fevral tarixli e-2-2(113)-550/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuş, 2022-ci il 31 yanvar tarixli müqaviləyə əsasən əsas borc üzrə 20.577 manat, mükafat borcu üzrə 5.818 manat, cərimə borcu üzrə 1.100 manat olmaqla, cəmi 27.495 manat məbləğində pul və mediasiya xərcinin əvəzi olaraq 230 manat cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir (hakim K.Hüseynov).

10. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, ümumi 34.000 manat olan lizinq obyektinin dəyərindən 10.200 manat m əbləğində ilkin ödəniş edilmiş və müqavilə üzrə verilən lizinq məbləği 23.800 manat təşkil etmişdir. Maliyyə arayışı və hesabdan çıxarışın müqayisəli təhlilindən müəyyən edilmişdir ki, Cavabdeh1 əsas borc məbləği üzrə cəmi 3.223 manat ödəniş etmiş və ödənilməli olan əsas borcu 20.577 manat qalmışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, əsas borc üzrə 20.577 manat pul cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır.

11. Məhkəmə iddianın 6.790 manat faiz borcunun (mükafat borcu) tələb edilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, işin materiallarına əlavə olunmuş ödəniş qrafikinə əsasən, lizinq alan tərəfindən 2023-cü il 31 dekabr tarixədək ödənilməli olan mükafat borcunun məbləği sadə riyazi hesablama ilə 9.500 manat təşkil edir. Həmçinin, maliyyə arayışından görün ür ki, lizinq alan tərəfindən müqavilə üzrə ödənilmiş mükafat məbləğləri 3.682 manat təşkil edir. İddiaçı tərəfindən 2023-cü il 7 noyabr tarixinə olan borcun tələb edilməsini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, 2023-cü il 31 dekabr tarixinədək ödəməli olan mükafat borcu 9.500 manat təşkil etdiyindən və lizinq alan tərəfindən 3.682 manat ödəniş edildiyindən, cavabdehin qeyd edilən tarixə ödənilməmiş 5.818 (9.500-3682) manat mükafat borcu qalmışdır.

12. Məhkəmə dəbbə pulunun tələb edilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilənin 10.1-ci bəndindən irəli gəlir. Həmin bəndə əsasən lizinq verən ödənişin gecikdirildiyi hər gün üçün gecikdirilmiş əsas borc məbləğinin 0,5 % həcmində cərimə tələb etmək lizinq verənin hüqu qudur. Bununla da, məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdehin 20.577 manat əsas borcuna münasibətdə 1.100 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir.

13. Bundan əlavə, məhkəmə hesab etmişdir ki, iddia “VOLKSWAGEN” markalı “AMAROK” modelli ** PG *** qeydiyyat nömrəli avtomaşının Cavabdeh1 qanunsuz istifadəsindən alınaraq iddiaçıya qaytarılması hissəsində təmin edilməməlidir. Belə ki, iddiaçı lizinq müqaviləsinə vaxtından əvvəl xitam vermədiyindən və hazırkı iddia ərizəsi ilə cavabdehdən lizinq müqaviləsi üzrə bütün ödənişlərin tam həyata keçirilməsini (öhdəliyin tam icrasını) tələb etdiyindən məhkəmə belə nəticəyə gəlmişdir ki, lizinqalanın eyni zamanda lizinq obyektinin geri qaytarılmasını tələb etmək hüququ yoxdur.

14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 5.3, 425, 462.1, 467, 747.1, 748-1.12, 748-1.12.4, 748-2.5-ci; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 14.1, 14.2, 77.1, 88, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

15. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin qismən ləğv edilməsi və iddia tələbinin lizinq predmetinin geri qaytarılması hissəsində də təmin edilməsi barədə yeni qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 2 may tarixli 2-2(103)-520/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlan ılmışdır (sədrlik edən-məruzəçi hakim Z.Şirinov, hakimlər R.Qurbanov və V.Baxışova).

17. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında 31 yanvar 2022-ci il tarixli 2201/0760 saylı lizinq müqaviləsi, müqaviləyə 01,02 saylı Əlavələr bağlanmışdır. Lizinq müqaviləsinə əsasən, iddiaçı, Cavabdeh1 ərizəsinə əsasən onun tərəfindən seçilmiş, təsviri Əlavə №1-də göstərilən və ümumi dəyəri 34.000 manat olan 1 ədəd “VOLKSWAGEN” markalı “AMAROK” markalı ** PG *** dövlət qeydiyyat nömrəli avtomobili öz mülkiyyətinə keçirərək, Cavabdeh1 müvəqqəti sahiblik və istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini bu müqavilənin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən lizinq obyektinin təhvil-təslimi bu mü qavilənin 1 saylı Əlavəsi olan təhvil-təslim aktı ilə rəsmiləşdirilir. Daha sonra, 31 yanvar 2022-ci il tarixli 2201/0760 saylı lizinq müqaviləsi üzrə Cavabdeh1 öhdəliyinin təminatı olaraq iddiaçı ilə Cavabdeh3 arasında 31 yanvar 2022-ci il tarixli 2201/0760/ZM-01 saylı, cavabdeh MMC ilə isə 31 yanvar 2022-ci il tarixli 2201/0760/ZM-02 saylı zaminlik müqavilələri bağlanmışdır.

18. Hər iki tərəfin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq olunmuş 31 yanvar 2022-ci il tarixli 2201/0760 saylı lizinq müqaviləsinə 01 saylı əlavəyə əsasən, lizinq müqaviləsi üzrə 1 ədəd “VOLKSWAGEN” markalı “AMAROK” markalı ** PG *** dövlət qeydiyyat nişanlı, ümumi dəyəri 34.000 manat olan avtomobil Cavabdeh1 təhvil verilmişdir. Ümumi 34.000 manat olan lizinq obyektinin dəyərindən 10.200 manat məbləğində ilkin öd əniş edilmiş və müqavilə üzrə verilən lizinq məbləği 23.800 manat təşkil etmişdir.

19. Məhkəmə maliyyə arayışı və hesabdan çıxarışın müqayisəli təhlilinə əsasən müəyyən etmişdir ki, Cavabdeh1 tərəfindən əsas borc məbləği üzrə cəmi 3.223 manat məbləğində ödəniş edilmiş və ödənilməli olan əsas borcu 20.577 manat qalmışdır.

20. Məhkəmə iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, işin materiallarından müəyyən olunur ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 7.9cu bəndində qeyd edilir ki, lizinq alan müqavilə ilə müəyyən edilmiş bütün ödənişləri ödədikdən sonra onun bu müqavilə üzrə öhdəlikləri icra edilmiş sayılır. Həmin müqavilənin 15.1-ci bəndinə əsasən bu müqavilə üzrə lizinqin ümumi müddəti bitdikdən sonra müqavilə üzrə, habelə hesablanmış penya və cərimələrin ödənilməsi üzrə öhdəliklərin yerinə yetirilməsi şərti ilə, lizinq alan lizinq obyektini öz mülkiyyətinə əldə edə bilər.

21. Həm müqavilə şərtlərindən, həm də MM-nin 748-1.12.4-cü maddəsinin məzmunundan aydın olur ki, lizinq alanın lizinq ödənişlərini icra etmədiyi halda lizinq müqaviləsi lizinq alan tərəfindən vaxtından əvvəl, yəni öhdəliyin icra müddəti başa çatmadan ləğv edilərsə lizinq verən müqavilənin ləğv edildiyi tarixədək yaranmış borcu tələb etməklə yanaşı, eyni zamanda lizinq obyektinin geri qaytarılmasını tələb etmək hüququna malik olur.Müqavilənin qeyd edilən şərtlərindən görünür ki, lizinq ödənişləri tam həyata keçirildikdən sonra lizinq verənin lizinq obyekti üzərində mülkiyyət hüququnu lizinq alana ötürmək öhdəliyi yaranır.

22. Cavabdeh apellyasiya şikayətində qeyd etdiyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 dekabr 2020-ci il tarixli və 28 iyul 2021-ci il tarixli qərarların tətbiq edilməsinə dair münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı lizinq müqaviləsinə vaxtından əvvəl xitam vermədiyindən və iddia ərizəsi ilə cavabdehdən lizinq müqaviləsi üzrə bütün ödənişlərin tam həyata keçirilməsini (öhdəliyin tam icrasını) tələb etdiyindən lizinq alanın eyni zamanda lizinq obyektinin geri qaytarılmasını tələb etmək hüququ yoxdur. Həmin qərarlarda iddiaçı tərəfdən lizinq müqaviləsinin ləğv edilməsi tələbi irəli sürülmüşdür. Hazırki işdə belə bir tələb irəli sürülməmişdir. Odur ki, həmin qərarlar hazırki iş üzrə tətbiq edilə bilməz.

23. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansi ya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

24. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. MM-nin 442, 443, 448.1, 748-1.12, 748-1.12.4, 748-2.5, 748-7.1, 748-10.1, 748-10.4cü maddələri və Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsinin 2020-ci il 28 dekabr tarixli, 2021-ci il 28 iyul tarixli Qərarları üzrə - qeyd olunan normalar lizinq ve rənə bütün lizinq ödəniş məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və lizinq müqaviləsinə vaxtından əvvəl ləğv etməyə hüququnu vermişdir İşə baxan məhkəmələr maddi hüquq normalarının tətbiqində yalnışlıqlara yol verərək əsassız olaraq iddia tələbini lizinq obyektinin geri qaytarılması hissəsində təmin etməmişlər.

26. MPM-nin 14.1, 14.2, 77.1, 88, 217.1, 217.3, 217.4, 218.1, 417.1.3 və 418.1-ci maddələri üzrə - Apellyasiya məhkəməsi iddiaçının apellyasiya şikayətində öz mövqeyini müdafiə etmək üçün gətirdiyi sübutların mötəbərliyini araşdırmadan lizinq obyetinin mülkiyyətçiyə geri qaytarılmalı olmaması qənaətinə gəlmiş, bununla da prosessual hüqquq normalarının tələblərini də pozmuşdur.

27. Lizinq ödənişləri tam həyata keçirildikdən sonra lizinq alanın lizinq obyektinin üzər ində mülkiyyət hüququ yaranır. Hazırkı halda isə lizinq alan lizinq ödənişlərini etmədən lizinq obyektini istismar etməyə davam edir ki, bununla lizinq obyekti dəyərini itirir və lizinq təşkilatına külli miqdarda ziyan dəyir. Məhkəmənin lizinq obyektinin geri qaytarılmalı olmamasına dair gəldiyi nəticə isə iddiaçını qanuni mülkiyyətindən (lizinqin təminatından) məhrum etməklə lizinq bazarında maliyyə sabitliyinin pozulmasına rəvac verən hallara yol vermiş olur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri

29. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılac aqdır.

30. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

31. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

5. Mülki hüquq münasibətlərinin subyektləri...” 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar....” “ Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.” “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənl əşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə

747. Lizinq müqaviləsi 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı mü qavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur...” “Maddə 748-1. Lizinq müqaviləsi iştirakçılarının hüquq və vəzifələri...” 748-1.12. Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: 748-1.12.1. lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; 748-1.12.2. lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; 748-1.12.3. lizinq alan lizinq obyektini işlək halda sa xlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə....” “Maddə 748-2. Lizinq zamanı mülkiyyət münasibətləri...” 748-2.5. Maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir....”

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun ü çün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 34. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

35. İşə baxan məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsinə əsasən, ümumi dəyəri 34.000 manat olan lizinq obyekti Cavabdeh1 təhvil verilmiş, sonuncu tərəfindən həmin obyektin nin dəyərindən 10.200 manat məbləğində ilkin ödəniş edilmiş və müqavilə üzrə ödənilməli olan lizinq haqqının məbləği 23.800 manat təşkil etmişdir. Cavabdeh1 əsas borc məbləği üzrə cəmi 3.223 manat ödəniş etmiş və ödənilməli olan əsas borcu 20.577 manat təşuil etmişdir.

36. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçı lizinq müqaviləsinə vaxtından əvvəl xitam verməsinə dair tələb irəli sürmədiyindən və cavabdehdən lizinq müqaviləsi üzrə bütün ödənişi (öhdəliyin tam icrasını) tələb etdiyindən lizinq alanın lizinq obyektinin ona qaytarılmasını tələb etmək hüququ olmamışdır.

37. İddia tələbinin lizinq obyektinin geri qaytarılmasının təmin edilməməsi hissəsində məhkəmənin gəldiyi nəticəni mübahisələndirən iddiaçının kassasiya şikayətinin maddi hüquq normalarının pozulmasına dair dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni olmaqla ondan ibarətdir ki, mülki qanunvericilik lizinq verənə bütün lizinq ödəniş məbləğlərini və lizinq obyek tini mübahisəsiz geri almaq və lizinq müqaviləsinə vaxtından əvvəl ləğv etməyə hüququnu vermişdir. Ona görə də, məhkəmənin gəldiyi nəticə MM-nin 748-1.12.4-cü maddəsinin tələblərinə uyğun olmamışdır.

38. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin həmin dəlillərini iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir və qeyd edilməsini zəruri hesab edir ki, mülki qanunvericiliyin lizinq münasibətlərini tənzimləyən normalarının məzmunundan göründüyü kimi lizinq müqaviləsi əmlak kirayəsi (icarəsi) müqaviləsinin xüsusi növü kimi çıxış edir. Lizinq müqaviləsini kirayə hüquq münasibətindən fərqləndirən əsas cəhətlərdən biri lizinq alanın müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək imkanının olmasıdır.

39. Cavabdehin kassasiya şikay ətində istinad etdiyi, MM-nin 748-1.12 və 748-1.12.4-cü maddələrinin tələblərinə görə lizinq alanın müqavilə ilə nəzərdə tutulan ödənişləri, müəyyən olunmuş müddətlər üzrə ardıcıl iki dəfədən artıq ödəməməsi, lizinq alan üçün lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ verir, lizinq alan üçün isə, lizinq obyektinin lizinq verənə qaytarmaq öhdəliyini yaradır. Lakin baxılan iş üzrə iddiaçı müqavilənin ləğvi tələbini irəli sürmədən, lizinq obyektinin faktiki istifadə edildiyi vaxtadək deyil, bütövlükdə lizinq obyektinin dəyəri üçün ödənilməli olan borcu tələb etmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iddia tələbinin lizinq obyektinin geri qaytarılmasının təmin edilməməsi hiss əsində gəldiyi nəticə tərəflər arasında bağlanmış müqavilənin 7.9 və 15.1-ci bəndlərinə (bax yuxarıda bu qərarın 20-ci bəndi) uyğun olmuş, MM-nin 748-1.12 və 748-1.12.4-cü maddələrinin tələbləri pozulmamışdır.

40. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozuntusuna dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və m ötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

41. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

42. MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 2 may tarixli 2-2(103)-520/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar