Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-420/2024 06.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı cavabdehlər "xxxx" MMC-yə, X2, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “pulun tutulması” tələbinə dair iş üzrə QƏRAR 2-2(102)-420/2024 Açar sözlər: nisyə alqı-satqı müqaviləsi üzrə pul tələbi, hüquqi şəxsin təsisçisinin hüquqi şəxsin öhdəliklərinə görə məsuliyyəti, iddia tələbinin əsl cavabdehə qarşı yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Şamayev Elşad Yaquboviçin məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 13 mart tarixl i, 22(103)-325/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. 2022-ci il 23 iyun tarixli 01-AT.M-2022/01 saylı alqı-satqı müqaviləsi ilə "xxxx" MMC İddiaçı MMC-nin 1-ci və 3-cü mərtəbələrində döşəməyə vurulmuş 1,52x1,52 kv.m. ölçülü, 14 mm. qalınlığında olan taxta fanerka (dikt), reyka və vintlər satır, alıcı isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada qiymətini satıcıya ödəyir. Müqavilənin 4.3-cü bəndinə əsasən, söküntü işlərindən əvvəl alıcı ilkin olaraq ƏDV xaric 30000 manat məbləğində MMC-nin bank hesabına ilkin avans ödəniş edir. Söküntü işləri mərhələli qaydada həyata keçirildiyi üçün hər söküntüdən sonra, yüklənmədən əvv əl malın qiyməti söküntüyə mütənasib olaraq nağd və ya köçürmə yolu ilə ödəniləcək. Malın qiymətinin tam ödənilməsi söküntü başa çatdıqdan sonra yüklənmə işlərindən əvvəl 15 gün ərzində həyata keçirilir.
2. İddiaçı tərəfindən 2022-ci il 28 iyun tarixdə MMC-nin hesabına 30000 manat məbləğində avans ödənilmiş və MMC-nin təsisçisi Cavabdeh1 nağd qaydada 15000 manat verilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı iddia ərizəsi ilə, sonradan isə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən müqavilə üzrə 30000 manat məbləğində pulun, cavabdehlər MMC, X4, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 dikt (taxtaların), materialların alqı-satqısı ilə bağlı ödənilmiş 20000 manat məbləğində pulun və h əmin materialların söküntüsü üçün çəkilmiş 7000 manat məbləğində xərcin müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, hüquqi yardım ilə bağlı ödənilmiş 220 manat, dövlət rüsumu-mediasiya xərci kimi ödənilmiş 400 manatın cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı inşaat materiallarının icarəsi və satışı üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olur. "xxxx" Əyləncə Mərkəzinin ikinci mərtəbəsində söküləcək dikt və ağac materiallarının alqı-satqısı ilə bağlı cavabdehlərlə aralarında razılıq əldə edilmiş, tərəfindən öhdəlik icra edilməsinə baxmayaraq cavabdehlər götürmüş olduğu öhdəliyi yerinə yetirməyərək ona maddi, mənəvi zərər vurmaqla onu aldatmışlar. Belə ki, tanışı “Aqil” ad lı şəxs "xxxx" Əyləncə Mərkəzinin ikinci mərtəbəsində söküntü işlərinin gedəcəyini və sahiblərinin həmin dikt və taxta materiallarını satmaq istədiklərini bildirdikdən sonra iddiaçı, özlərini şirkətin əməkdaşı kimi təqdim edən cavabdehlərdən Cavabdeh2 və Cavabdeh3 ilə görüşmüş, sonuncular "xxxx" Əyləncə Mərkəzinin MMC tərəfindən icarəyə götürüldüyünü və həmin mərkəzin 2-ci mərtəbəsində söküntü işləri aparılacağını və materialları da satacaqlarını bildirmişlər. Aralarındakı razılaşmaya əsasən söküntü işləri iddiaçı tərəfindən aparılmalı idi. Daha sonra, 2022-ci il 23 iyun tarixdə alqısatqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən, iddiaçı söküntü işlərindən əvvəl ilkin olaraq 30000 manat məbləğində pulu satıcıya ödəməli idi. 2022-ci il 24 iyun tarixdə Cavabdeh3 və Cavabdeh5 iddiaçını n iş yerinə gələrək malların pulundan 20000 manat məbləğində pul alaraq getmişlər. Daha sonra da, 2022-ci il 28 iyun tarixdə müqavilədə qeyd edilmiş 30000 manat məbləğində pul MMC-nin bank hesabına köçürülmüşdür. Müqavilənin şərtlərinə əsasən söküntü işlərini öz hesabına aparmalı olduğundan fəhlələr gətirərək avqust ayında söküntü işlərinə başlamış və bütün sökülmüş diklər mərtəbəyə yığılmışdır. Söküntü işlərinin görülməsi üçün fəhlələrə ümumilikdə 7000 manat məbləğində pul ödənilmişdir. Daha sonra, "xxxx" Əyləncə Mərkəzinin işçiləri və mühafizə xidməti fəhlələrdən söküntü işlərini dayandırmağı tələb etmiş, həmçinin, sökülmüş malları çıxarmağa qoymamışlar. Bunun səbəbini soruşduqda, səbəb kimi "xxxx" Əyləncə Mərkəzi ilə MMC arasında mübahisə yarandığı və bu səbəbdən sözü gedən yerin MMC- yə icarəyə verilmədiyi bildirilmişdir. Bundan sonra, iddiaçı aldadılması ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etmiş və Nərimanov RPİ-nin 2022-ci il 15 oktyabr tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh5 Nərimanov RPİ-də vermiş olduqları izahat zamanı öz əməllərini etiraf edərək ümumilikdə 50000 manat məbləğində pul aldıqlarını etiraf etmişlər.
5. Daha sonra, iddiaçı 2023-cü il 20 noyabr tarixində ərizə verərək, iddiaçıya vurulmuş zərərdən 1.500 manat cavabdehlər Cavabdeh3 və Cavabdeh2 hər biri tərəfindən 1500 manat ödənildiyini göstərməklə faktiki olaraq iddia tələbinin həcmini 3000 manat azaltmışdır.
6. Cavabdeh1 birinci instansiya məhkəməsində iddiaya etiraz verərək göstərmişdir ki, hazırkı mübahisə iddiaçı ilə MMC arasında bağlanılmış 2022-ci il 23 iyun tarixli alqısatqı müqaviləsi üzrə öhdəliklərin tərəflərdən asılı olmayan səbəblərdən yerinə yetirilməməsi ilə əlaqədar olmuşdur. İddiaçı tərəfindən köçürülmüş pullar MMC-yə daxil edilmiş və həmin pul vəsaitləri MMC-nin hazırkı və digər müqavilələr üzrə öhdəliklərinin icrasına və məcburi ödənişlərinə yönəldilmişdir. İddiaçı ilə aparılan bütün danışıqlar fiziki şəxs olaraq deyil, MMC-nin səlahiyyətli nümayəndəsi kimi aparılmış və bu zaman onun qarşısında şəxsən hər hansı bir öhdəlik götürülməmişdir. İddiaçı ödəmiş olduğu pulların bir hissəsini MMC-nin işçiləri və təsisçisindən istəməsinin qanuni əsası yoxdur. İstinad edilən qanuni əsas iddiaçı ilə MMC arasında bağlanılmış alqı-satqı müqaviləsidir ki, bu müqaviləyə və ümumiyyətlə MMC-nin öhdəli klərinə görə onun işçiləri və təsisçisinin məsuliyyəti yoxdur. Həmçinin iddiaçının iddia tələbinin əsasları kimi məhkəməyə bildirdiyi xüsusatlar, o cümlədən cavabdehlərin Nərimanov RPİ-də verdikləri izahatlar həqiqətləri əks etdirmir. Belə ki, iddiaçı ilə onun yalnız MMC ilə bağladığı alqı-satqı müqaviləsi birləşdirir. Cavabdehlərin guya alınmış pulun bir hissəsini Cavabdeh1 verildiyi, digər hissəsinin isə öz aralarında böldükləri barədə fikirləri yalandır. MMC iddiaçıdan alınmış bütün məbləğlər barədə məlumatlı olmuş, digər cavabdehlərdə qalan pullar onların əmək haqları və avanslar olmuşdur. Hətta həmin cavabdehlər – işçilər həmin pulları MMC-yə ödəməmişlərsə belə, həmin pulun tələb hüququ MMC-yə məxsusdur və bu əsasla iddiaçının cavabdehlər olan fiziki şəxslərdən (işçilər və təsisçidən) tələb hüququ yoxdur. Öhdəliyin yaranması üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İşin hallarına görə də iddiaçı ilə MMC müqavilə bağlamış və onların bir-birləri qarşısında öhdəlikləri olmuşdur. Həmin müqavilənin bağlanılmasında iştirak etmiş digər şəxslər kimi MMC-nin təsisçisi və işçiləri hazırkı iddia tələbi üzrə cavabdeh ola bilməzlər.
7. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 1 dekabr tarixli, e-2-2(113)4401/2023 nömrəli qətnaməsi ilə (hakim G.R.Namazova) iddia ərizəsi qismən təmin edilmiş, cavabdeh "xxxx" MMC-dən 2022-ci il 23 iyun tarixli müqavilə üzrə 30000 manatın, Cavabdeh1 15000 manatın, cavabdehlər X1, Cavabdeh3, Cavabdeh2 müştərək qaydada 2000 manatın tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir.
8. Məhkəmə ilkin olaraq iddia tələbinin 30000 manat hissəsinə münasibətdə qeyd etmişdir ki, həmin məbləğ 2022-ci il 28 iyun tarixli **********32254 saylı ödəniş qəbzinə əsasən iddiaçı tərəfindən cavabdeh MMC-nin bank hesabına köçürülmüşdür. Həmin məbləğin köçürülməsi işdə olan sənədlərlə öz təsdiqini tapmış, lakin həmin pulun müqabilində iddiaçıya heç bir mal verilmədiyindən 30000 manat məbləğində pul vəsaiti cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməlidir.
9. Məhkəmə iddia tələbinin digər hissəsini təşkil edən 20000 manat məbləğində pulun cavabdehlərdən tutulması ilə bağlı qeyd etmişdir ki, işdə olan Nərimanov RPİ-də İddiaçı şikayəti üzrə aparılmış araşdırma zamanı 20000 manat məbləğində pulun iddiaçı tərəfindən Cavabdeh3 vasitəsi ilə Cavabdeh1 verilməsi polis idarəsində verilmiş yazılı izahatlar ilə (həmçinin Ca vabdeh1 öz izahatı) təsdiqini tapdığı üçün, həmin məbləğdən Cavabdeh1 çatmış 15000 manat ondan tutularaq iddiaçıya ödənilməlidir.
10. Məhkəmə Cavabdeh1 etirazında bildirdiyi “pulu şirkətlə bağlanmış müqavilə nəticəsində ödənildiyi və buna görə də nə təsisçi olaraq Cavabdeh1, nə də şirkətin işçiləri olmuş şəxslərdən həmin pul tutula bilməz, təsisçi və işçilər MMC-nin öhdəliklərinə görə məsuliyyət daşımamalıdır” arqumentinə münasibətdə qeyd etmişdir ki, müqavilə bağlanılan, həmçinin 20000 manat pul verilən zaman MMC-nin direktoru X3 olmuş, lakin həmin pul nə şirkətin direktoruna, nə də ki, şirkətin hesabına mədaxil olunmamışdır (buna dair heç bir sübut mövcud deyil). Buna görə də, nağd şəklində fiziki şəxslərə verilmiş 20000 manatın MMC-dən tutulması qanuni və əsaslı hesab edilə bilməz.
11. Bundan əlavə, həmin 20000 manatdan Cavabdeh1 çatmayan 5000 manat iş üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh5 arasında bölündüyü üçün iddiaçıya qaytarılmayan 2000 manatın həmin şəxslərdən tutulması qanuni və əsaslı hesab edilməlidir.
12. Məhkəmə iddianın 7000 manat hissəsi üzrə müqavilənin 4.1-ci maddəsi, həm də işdə olan sübutlara istinad etməklə hesab etmişdir ki, iddiaçı tərəfindən qeyd olunan məbləğdə xərcin çəkilməsi sübuta yetirilmədiyindən və söküntü zamanı ona həmin məbləğin xərc kimi yaranmasında cavabdeh şəxslərin öhdəliklərinin pozması ilə əlaqəli olması öz təsdiqini tapmamışdır. Digər tərəfdən, iddiaçı 7000 manat məbləğində xərcin çəkilməsini sübut etmək üçün yalnız şahid ifadələrinə istinad etmiş, işçilərə pulun verməsini, drelin alınması və sair xərcləri təsdiq edən və 7000 manat məbləğin dəqiq olaraq necə formalaşdığını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.
13. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1, 425, 567, 568.1, 579.1, 600.1, 600.4-ci, Mülki Prosessual Məcəllənin 76.1, 77.1, 106.1-ci maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Van de Huk Niderlanda qarşı iş üzrə” 1994-cü il 19 aprel tarixli, “Kraska İsveçrəyə qarşı iş üzrə” 1993-cü il 19 aprel tarixli Qərarlarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiya məhkəməsindəki icraat
14. Cavabdehlər "xxxx" MMC və Cavabdeh1 ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
15. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 13 mart tarixli 2-2(103)-325/2024 nömrəli qətnaməsi ilə (hakim V.Ə.Baxışovanın sədrliyi və məruzəsi ilə, hakimlər A.Ə.Hüseyndən və R.Ə.Qurbanovdan ibarət tərkibdə) cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh1 apellyasiya şikayəti təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 1 dekabr tarixli, e-2-2(113)-4401/2023 nömrəli qətnaməsi iddianın təmin edildiyi hissədə dəyişdirilərək, cavabdeh "xxxx" MMCdən İddiaçı xeyrinə 45000 manat pulun tutulması, iddianın Cavabdeh1 aid olan hissədə rədd edilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
16. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, satıcı öz öhdəliyini icra etməyərək müqavilə üzrə satılmış ma lı alıcıya təhvil vermədiyindən MM-in 575.1 və 599.3cü maddələrinə əsasən alıcının ödədiyi məbləği geri qaytarmağa borcludur. 17. "xxxx" MMC-nin apellyasiya şikayətinin dəlilləri üzrə apellyasiya kollegiyası qeyd etmişdir ki, satılan taxtaların alıcı tərəfindən sökülməsinə dair şərt alıcının üzərinə qoyulmuş və əvəzsiz icra edilməli olan əlavə öhdəlik olduğundan və MM-in 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsi üzrə alıcının əsas vəzifəsi satılmış malın dəyərinin ödənilməsi olduğundan, alıcı razılaşdırılmış qaydada satılan mal üçün ilkin ödənişi həyata keçirdiyi üçün öz öhdəliyini icra etmişdir. İzahatlardan eyni zamanda görünür ki, alıcı 1 ay gecikmə ilə də olsa müqavilə üzrə üzərinə götürdüyü əlavə öhdəliyi, söküntü işlərini 2022-ci ilin avqust ayında həyata keçirmiş və satıcının bu na etirazı olmamışdır. "xxxx" MMC ilə “Azure” Ticarət Mərkəzi ilə aralarında bağlanmış icarə müqaviləsinə məhz iddiaçı tərəfindən söküntü işlərinə gec başlanılmasının səbəb olduğu bildirsə də, iş materiallarında bu halı təsdiq edən hər hansı sübut yoxdur. Əksinə iddia ərizəsinə etiraza əlavə edilmiş xx.xx.2022-ci il tarixli sazişdən görünür ki, xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş həmin sazişə əsasən “Azure” Ticarət Mərkəzində icarəyə götürülmüş obyektlərin təmir işlərinin "xxxx" MMC tərəfindən həyata keçirilməsi və digər müqavilə şərtlərinin yenilənməsi üçün əlavə saziş imzalanmışdır. Bundan əlavə, Cavabdeh5 xx.xx.2023-cü il tarixli məhkəmə iclasındakı çıxışında bildirmişdir ki, "xxxx" MMC tərəfindən Ticarət Mərkəzinə ödənişlər vaxtında həyata keçirilmədiyi üçün icarə müqaviləsinə x itam verilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, qətnamə "xxxx" MMC-dən 30000 manat pulun tutulması hissəsində qanuni və əsaslıdır.
18. Apellyasiya kollegiyası Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının xeyrinə 15000 manat pulun müqavilə tərəfi olan "xxxx" MMC-dən deyil, onun təsisçisi və hazırda qanuni təmsilçisi olan Cavabdeh1 tutulması barədə (həmin vəsaitin faktiki olaraq Cavabdeh1 tərəfindən qəbul edildiyinə və hüquqi şəxsin xəzinəsinə mədaxil edildiyinə dair işdə sübut olmadığına əsaslanaraq) nəticəyə gəlsə də, bu tələbin hansı maddi hüquq normasına əsasən təmin edildiyini göstərə bilməmişdir. Cavabdeh1 özü ilə iddiaçı arasında öhdəlik münasibəti olmadığından ona qarşı irəli sürülən iddia tələbinin qanuni əsası qətnamədə qeyd edilməli idi.
19. Apellyasiya məhkəməsi hesab etmişdir ki, alıcı tərəfindən 15000 manat pulun təsisçi Cavabdeh1 "xxxx" MMC ilə bağlanmış alqı-satqı müqaviləsi ilə əlaqədar ödənildiyi mübahisəsiz olduğundan qeyd edilən vəsait hüquqi şəxsə öhdəliyin icrası ilə əlaqədar məbləğ kimi MM-in 599.3-cü maddəsinə əsasən satıcı olaraq öz öhdəliyini icra etməmiş "xxxx" MMC-dən alıcının iddiaçının xeyrinə tutulmalıdır. Təsisçinin (hüquqi şəxsin iştirakçısının) alıcıdan aldığı vəsaiti hüquqi şəxsin xəzinəsinə mədaxil etməməsi ilə bağlı məsələ isə hüquqi şəxslə təsisçi arasında həll edilməli mübahisə olduğundan hazırkı işin həlli üçün əhəmiyyətli deyil. Məhkəmə bu qənaətə gələrkən eyni zamanda nəzərə almışdır ki, iddiaçının ərizəsi əsasında toplanmış materiallarda olan izahatlara əsa sən Cavabdeh1 "xxxx" MMC-nin direktoru olmasa da, hüquqi şəxsin fəaliyyətinə faktiki rəhbərlik etmişdir.
20. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 49.2, 49.3, 52.1, 52.2, 567, 568.1, 575.1, 596.2, 599.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, 15000 manat məbləğində pulun Cavabdeh1 alınması hissəsində yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən aşağıdakı maddi və prosessual hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmişdir: 22.1. MPM-in 77 və 78-ci maddələri üzrə - Cavabdeh1 birinci instansiya məhkəməsində vermiş olduğu etiraz ərizəsində dəfələrlə ödənilmiş 15000 manat ilə bağlı şirkət tərəfindən kassa çeki tərtib edildiyini bildirsə də, bu barədə sübutu məhkəməyə təqdim edə bilməmiş, buna baxmayaraq məhkəmə cavabdehin şifahi sözünü sübut kimi qiymətləndirmişdir. 22.2. Həmin zaman şirkətin direktoru Cavabdeh1 deyil, Müşfiq Abdullayev olmuşdur. Cavabdeh1 niyyəti iddiaçının əmlakını ələ keçirtmək olmuşdur. Əgər müqavilədən irəli gələn öhdəliyin icrası ilə bağlı tələbi olmuş olsaydı, o zaman digər 30000 manat məbləğində pulun köçürüldüyü kimi 15000 manat pul da şirkətin bank hesabına köçürülərdi. Cavabdeh1 rahat formada pula sərəncam verə bilsin deyə 15000 manat məbləğində pulu nağd istəmiş və aldıqdan sonra da niyyəti bu olmadığı üçün şirkətin hesabına köçürtməmiş, əsassız varlanmışdır.
23. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
24. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
25. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instan siyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
26. Apellyasiya məhkəməsinin qətnaməsindən cavabdehlər kassasiya şikayəti vermədiklərindən və həmin qətnamə iddiaçı tərəfindən yalnız iddianın Cavabdeh1 münasibətdə təmin olunmayan hissədə mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini qətnamənin maddi və prosessual hüquq normalarına uyğunluğunun mübahisələndirilən qeyd olunan hissədə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hüquqi şəxs öz iştirakçıları, habel ə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər. 49.3-ci maddəsinə əsasən hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir. 52.1-ci maddəsinə əsasən hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir. 52.2-ci maddəsinə əsasən bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. 87.1-ci maddəsinə əsasən bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəliklə ri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyə n edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
29. Məhkəmə kollegiyası hes ab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Belə ki, apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, 2022-ci il 23 iyun tarixli müqavilə üzrə öhdəlik münasibətləri iddiaçı ilə cavabdeh MMC arasında yaranmışdır. Müqavilə üzrə pul vəsaitinin iddiaçı tərəfindən Cavabdeh1 məhz həmin müqavilə üzrə MMC-yə qarşı öhdəliklərinin icrası ilə əlaqədar ödənilmişdir.
31. Bu hal iddiaçının iddiasının əsaslandırılması, hazırkı kassasiya şikayətində mübahisələndirilən 15000 manat tələbinin digər cavabdehlərlə yanaşı "xxxx" MMC-yə qarşı yönəldilməsi ilə müəyyən olunmuşdur.
32. Belə olduqda isə, apellyasiya məhkəməsi əsaslı olaraq hesab etmişdir ki, mübahisəli vəsaitin Cavabdeh1 tutulması üçün hüquqi əsas yoxdur. Belə ki, Cavabdeh1 MMC-nin təsisçisi olmaqla, Mülki Məcəllənin 42.2 və 87.1-ci maddələrinə əsasən sonuncunun öhdəliklərinə görə məsuliyyət daşımır.
33. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Cavabdeh1 kassa çeki təqdim etməməsi (mübahisəli vəsaitin MMC-nin hesabına mədaxil etməməsi), iddianın təmini üçün əsas ola bilməz və bu məsələ ilə bağlı mübahisə olduqda, cavabdehlər arasında həll olunmalıdır.
34. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyas ı məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas deyildir.
35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 13 mart tarixli, 2-2(103)-325/ 2024 nömrəli qətnaməsi iddianın Cavabdeh1 münasibətdə rədd olunan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.