Məhkəmə qərarları › İş №2-2(102)-450/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-450/2021

26.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-450/2021 26.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Abiyeva Kəmalə Nəbi qızının sədrliyi və məruzəsi, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2 oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 2 iyun tarixli 22(103)-522/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ 1. 2019-cu il 1 aprel tarixli, X nömrəli alqı -satqı müqaviləsindən görünür ki, satıcıİddiaçı MMC razılaşma protokolunda göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun olan vəziyyətdə malları (dəmir beton boru) alıcıya - Cavabdeh MMC-yə təhvil verməyi (satmağı), Alıcı-"xxxx" MMC də öz növbəsində malları müqavilədə müəyyənləşdirilmiş qaydada və müddətdə ödənilməsi şərti ilə təhvil almağı öz öhdəsinə götürmüşdür.

2. İddiaçı MMC tərəfindən verilən EBAE seriyalı X nömrəli, 2020-ci il 10 yanvar tarixli və EBAG seriyalı X nömrəli, 2020-ci il 28 fevral tarixli elektron qaimələrdən və hesab fakturalardan görünür ki, İddiaçı MMC ümumi dəyəri 78329,58 manat (ƏDV daxil) məbləğində olan müxtəlif adda mallar alıcı Cavabdeh MMC-yə satılmışdır. 3. 2020-ci il 1 yanvar-2020-ci il 1 may tarixli dövrü əhatə edən qarşılıqlı hesablaşmalar aktı ndan görünür ki, 2020-ci il 1 may tarixə Cavabdeh MMC İddiaçı MMCyə cəmi 78.329,58 manat (ƏDV daxil) məbləğində borcu olduğunu təsdiq etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı MMC (bundan sonra mətndə iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 78.329,58 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 2019-cu il 1 aprel tarixli X saylı müqaviləyə əsasən 78.329,58 manat borc yaranmışdır. Mallar vaxtında təqdim edilsə də, qarşı tərəf borclarını ödəməmişdir. Dəfərələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir.

6. İddiaçı iddia ərizəsində tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 385, 442, 443.1, 449-cu maddələrinə istinad etmişdir.

7. Cavabdeh tərəfindən iddiaya qarşı etiraz təqdim edilməmişdir.

8. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 18 fevral tarixli, 2-2(113)-4542/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir (hakim Emin Əliyev).

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, iddiaçı tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, 78.329,58 manat borcu qalmışdır. Həmin borcun mövculduğunu cavabdeh 2020-ci il 01 yanvar-2020-ci il 01 may tarixli dövrü əha tə edən qarşılıqlı hesablaşmalar aktı ilə təsdiq etmişdir. Odur ki, iddiaçının cavabdehə qarşı 78.329,58 manat məbləğində borcun tələbi iddiası əsaslı olduğundan təmin edilməlidir.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası MM-in 351.1, 386.1, 442, 443.1, 567-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

11. Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 2 iyun tarixli 2-2(103)-522/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim Vüsalə Baxı şova, hakimlər Raqib Qurbanov və Cahangir Yusifov).

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək belə qənaətə gəlmişdir ki, cavabdehin apellyasiya şikayətində qeyd edilənlər qətnamənin ləğv edilməsi və dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili ondan ibarət olmuşdur ki, dəyəri iddiaçı tərəfindən tələb edilən malların cavabdehə təqdim edilməsi elektronqaimələrdən başqa digər mötəbər sübutlarla təsdiq edilmir. Halbuki, iddiaçı məhkəməyə elektron qaimələrdən əlavə borcun cavabdehin direktorunun imzası və möhürü ilə təsdiq edildiyini sübut edən qarşılıqlı hesablaşma aktı təqdim etmişdir (i.v 38). Cavabdeh tərəfindən məhkəməyə həmin aktın mötəbərliyini şübhə altına almağa əs as verən hər hansı sübut təqdim edilmədiyindən, iddianın əsaslı olduğuna dair işdə kifayət qədər sübutlar olmamasına dair cavabdehin mövqeyi əsassızdır.

14. Eyni zamanda, qeyd edilən qarşılıqlı hesablaşma aktı tərəflərin iştirakı ilə birinci instansiya məhkəməsində 2021-ci il 4 fevral tarixli məhkəmə iclasında tədqiq edilmiş, cavabdehin nümayəndəsi həmin aktın araşdırılması və tələb olunan məbləğin cavabdeh tərəfindən ödənilib-ödənilmədiyini aydınlaşdırılması üçün iclasın təxirə salınmasını xahiş etsə də, sonrakı məhkəmə iclasında iştirak etməmiş, apellyasiya şikayətində qarşılıqlı hesablaşma aktının məhkəmə tərəfindən hansı əsasla mötəbər sübut kimi qəbul edilməli olmadığı əsaslandırılmamışdır.

15. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası MMin 385.1, 386.1, 442, 448.1, 567-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

16. Apellyasiya məhkəmənin qətnaməsi 2021-ci il 3 iyun tarixdə tərəflərin elektron kabinetində yerləşdirilmişdir.

17. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri:

18. Apellyasiya instansiyası məhkəməsi, öz qətnaməsini demək olar ki, birinci instansiya məhkəməsinin məsələ ilə bağlı toxunduğu hallara toxunmaqla işini tamamlamış, əlavə araşdırma aparmamışdır. Belə ki, müqavilənin 4.2-ci maddəsinə əsasən mal təhvil verilərkən, tərəflər təhvil -təslim aktını imzalayır və/və ya təhvil-təslimi təsdiq edən müvafiq qaiməni (qaimələri) imzalayırlar. Lakin istər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya instansiya məhkəməsi zamanı iddiaçı malların cavabdehə verilməsini təsdiq edən təhvil-təslim aktlarını məhkəməyə təqdim etməmişdir. İş materiallarında yalnız elektron qaimələr təqdim edilmiş, halbuki həmin qaimələrdə malların cavabdeh tərəfindən qəbul edilməsinə dair müvafiq imzalar mövcud olmamışdır. Bütün bunlara baxmayaraq həm birinci instansiya məhkəməsi, həm də apellyasiya məhkəməsi iddiaçı tərəfin təqdim etdiyi elektron qaimələri əsas götürmüşdür. Cavabdehə elektron qaimələrin göndərilməsi və onların təsdiq edilməsi malların təhvil alınmasının sübutu kimi qiymətləndirilməməlidir.

19. Eyni zamanda, iş üzrə qarşılıqlı üzləşmə aktının olması bildirilir. Həmin üzləşmə aktı özü də mübahisəlidir. Bununla bağlı sübutların təqdim edilməsi üçün apellyasiya prosesi zamanı vaxt istənilsə də vaxt verilməmiş və araşdırma aparılmadan belə bir qərar qəbul edilmişdir.

20. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinə istinad edərək göstərmişdir ki, malların cavabdehə təqdim edilməsi iş materiallarındakı elektron qaimələrlə təsdiq olunur. Qeyd olunmalıdır ki, elektron qaimə Dövlət Vergi Xidmətinin “Avis” proqramı vasitəsilə alıcıya elektron qaydada göndərildiyi üçün malın verilməsinə dair müşayətedici sənəd deyildir. Əgər tərəflər malın təhvil-təslimini yalnız elektron qaimə göndərilməsi ilə rəsmiləşdirilməli olması barədə razılığa gəlmiş olsaydılar, bu məhkəmənin qeyd etdiyi “mövcud olan müqavilənin” şərtlərində ifadə olunardı. Odur ki, elektron sistem vasitəsilə göndərilmiş qaimələr malın təhvil-təslimi barədə digər sübutlar olmadan satılmış malların həqiqətən alıcıya təqdim edildiyini təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Elektron qaimə-faktura mal məxaricini rəsmiləşdirməyə imkan verən ilkin uçot sənədi olsa da, malların digər vergi ödəyicisinə təhvil-təslimini təsdiq edən sənədi əvəz etmir. Alıcıya düzgün göndərilməmiş elektron qaimənin alıcı tərəfindən deyil, yalnız satıcı tərəfindən ləğv edilməsi və ya dəyişdirilməsi mümkündür. Müvafiq qaydalara əsasən, mal digər vergi ödəyicisinin bilavasitə özünə deyil, mal və xidmətlərin alışını həyata keçirən təltəlhesab şəxsə təqdim edildiyi halda, satıcı həmin şəxsdən alıcı tərəfindən verilmiş qətnamənin təqdi m edilməsini tələb etməlidir.

21. Cavabdeh kassasiya şikayətini əsaslandırmaq üçün Azərbaycan Respublikası MM-in 387.1, Azərbaycan Respublikası MPM-in 9.1, 9.3, 88, 217.1, 217.3-cü maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazların dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

23. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Tərəflərə göndərilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. (MPM-in 415.3 -cü maddəsi). II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. İş üzrə cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam həcmdə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

26. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yo xlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ

27. Azərbaycan Respublikası MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öh dəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə

567. Alğı-satqı müqaviləsi Alğı- satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.”

28. Azərbaycan Respublikası MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.... 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.” “Maddə

78. Sübutların təqdim edilməsi və tələb olunması 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri Kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.” IV. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə ə sas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Borcun cavabdeh tərəfindən təsdiq olunmasına dair üzləşmə aktının mübahisəli olması, bununla bağlı sübutların təqdim olunması üçün vaxtın verilməməmsi barədə dəlili ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi həmin dəlilə münasibət bildirmişdir və Kollegiya həmin mövqe ilə razılaşır (bax yuxarıda § 14).

31. Cavabdehin kassasiya şikayətinin digər dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir. Məhkəmə kollegiyası cavabdehin dəlillərinə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq norma larının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə ilə razılaşır (bax yuxarıda § 13-14) Kollegiya hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

32. Həmçinin qeyd edilməlidir ki, kassasiya şikayətində ümumi ifadələrlə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulduğu qeyd olunsa da, konkret olaraq pozuntunun nədə ifadə olunduğu göstərilməmişdir. Nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşır. 33.Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir. 34.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 415-1, 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 2 iyun tarixli 2-2(103)-522/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: İ.A.Dadaşov B.F.Qəribov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar