Məhkəmə qərarları › İş №2-2(102)-481/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-481/2019

04.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-481/2019 04.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: (lizinq müqaviləsi, pretenziya qaydasına əməl edilməyib) GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə və cavabdehin vəkili Vəkil iştirakı ilə İddiaçı-nin Cavabdeh-yə qarşı müqavilənin ləğvi, lizinq obyektinin qaytarılması, borcun və cərimənin tutulması haqqında iddia tələbinə dair iqtis adi iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-444/2019 nömrəli, 27 iyun 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 04 dekabr 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin mübahisəsiz hallarına görə, lizinq verən İddiaçı və lizinq alan Cavabdeh arasında 04 iyul 2016-cı il tarixdə 02- LA/16 nömrəli lizinq müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, lizinq verən qalıq dəyəri 2.243.000 manat olan 2 ha sahədə xüsusi polietilen örtüklü kompleks istixana avadanlıqlarını, dəyəri lizinq ödəniş qrafikində göstərilən qaydada ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 7 il müddət inə lizinqə verir. Lizinq alan obyektin dəyərindən 224.300 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan məbləği isə ödəniş qrafikində göstərilən müddətdən gec olmayaraq ödəməyi öhdəsinə götürür. Əvvəlcədən ödənilmiş məbləğ lizinq verən tərəfindən heç bir halda geri qaytarılmır. İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh-yə (bundan sonra - cavabdeh) 13 dekabr 2016-cı il tarixdə pretenziya qaydasında bildiriş göndərərək, tərəflər arasında bağlanmış 04 iyul 2016-ci il tarixli 02-LA/16 nömrəli müqavilə üzrə 69.745 manat məbləğində borcun ödənilməsini xahiş etmiş, əks təqdirdə tələb olunan məbləğin, hesablanmış cərimənin məcburi qaydada alınaraq İddiaçı-yə ödənilməsi, eləcə də müqavilələrin ləğv edilərək lizinq obyekti olan avadanlığın saz vəziyyətdə geri qaytarılması tələbi ilə məhkəməy ə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. Bundan sonra, iddiaçı cavabdehə qarşı iddia ərizə ilə 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinə müraciət edərək cavabdehdən 144.192,0 manat əsas borc, 11.535,0 manat cərimə və 30 manat dövlət rüsumunun, cəmi 155.757,0 manat məbləğin Cavabdeh-dən tutularaq İddiaçı-yə ödənilməsi, müqavilələrin ləğv edilərək lizinq obyekti olan texnoloji avadanlıqların və onun yerləşdiyi tikilinin (binanın) kommunikasiyası ilə birlikdə saz vəziyyətdə geri alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə, tərəflər arasında bağlanmış 04-LA/16 №-li 04 iyul 2016-cı il tarixli müqaviləyə əsasən cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun olaraq ödəmək şərtilə, ümumi dəyəri 2.243.000,0 man at olan, 2 ha sahədə xüsusi polietilen örtüklü kompleks istixana avadanlığını 224.300,0 manat məbləğində ilkin ödəniş etməklə lizinqə götürmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü öhdəlyini lazımınca yerinə yetirməmiş, müqavilənin ayrılmaz hissəsi olan ödəniş qrafiki üzrə 01.04.2017-ci il tarixinədək ödəməli olduğu 213.937,0 manat məbləğdən, cəmi, 69.745,0 manat ödəniş aparmış, həmin tarixə onun 144.192,0 manat borcu yaranmış, ona ünvanlanmış pretenziya və xəbərdarlıqlar müsbət nəticə verməmişdir. Mülki Məcəllənin 748-1.12-4-cü maddəsinə əsasən lizinq ödənişi 2 dəfədən artıq ödənilmədikdə, lizinq verən lizinq obyektini geri ala, lizinq müqaviləsinə vaxtından əvvəl xitam verə bilər. Müqavilənin 4.2-ci bəndinə müvafiq olaraq iddiaçı, ona ödənişin gecikdirildiyi hər bir günə görə gecikdirilmi ş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Bu əsasla da cavabdehə 01.04.2017-ci il tarixinə 144.192,0 manat borcun gecikdirilməsinə görə 11.535,0 manat cərimə məbləği hesablanmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-29/2019 saylı 11 fevral 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, tərəflər arasında bağlanmış 04-LA/16 №-li 04 iyul 2016-cı il tarixli lizinq müqaviləsi ləğv edilmiş, həmin müqavilə üzrə 144.192,0 manat əsas borcun, 11.535,0 manat cərimənin və iddia qaldırılarkən ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh-dən tutularaq İddiaçı-yə ödənilməsi və lizinq obyekti olan texnoloji avadanlıqların yerləşdiyi tikilinin (binanın) kommunikasiyası ilə birlikdə saz vəziyyətdə iddiaçıya qaytarılması qət olunmuşdur. Məhkəmənin həmin qə tnaməsindən cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-444/2019 nömrəli, 27 iyun 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən: C.A.Yusifov, hakimlər: V.M.Ağayev və A.B.Nuriyeva) apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-2(82)-29/2019 saylı 11 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən cavabdeh kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlil ləri: Kassasiya şikayəti apelyasiya şikayəti ilə eyni məzmunda olmuş və qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi bir sıra qanunvericilik aktlarına zidd olaraq cavabdehin hüquqlarını pozmuş, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, ödəniş qrafki üzrə ilkin ödəniş 04.07.2016-cı il tarixə aid olmaqla, 224.300 manat pul ödənilmişdir. 30.09.2016-cı il tarixində növbəti ödəniş tarixi olmuşdur ki, bu halda da 69.745 manat ödəniş nəzərdə tutulmuşdur. 13 dekabr 2016-cı il tarixində iddiaçı tərəfindən göndərilən pretenziya da məhz bu məbləğin ödənilmədiyini nəzərə tutmuş, əks təqdirdə, müqavilənin ləğvi və lizinq obyektinin geri alınması ilə bağlı tələb irəli sürüləcəyi barədə xəbərdarlıq edilmişdir. Göründüyü kimi, pretenziya qanunsuz olmuş, Mülki Məcəllənin tələbləri nə uyğun olmamışdır. Belə ki, lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, o halda lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edə bilər. Pretenziyadan da göründüyü kimi, yalnız bir dəfə lizinq ödənişi həyata keçirilməmiş, lakin məhkəmə həmin pretenziyanı iddia ərizəsinin icraata qəbulu üçün əsas mümkün sərti hesab etmişdir. Məhkəmə Mülki Məcəllənin 748-1.12.4-cü maddəsində göstərilən tələblərin lizinq verən tərəfindən gözlənilmədən məhkəməyə iddia verilməsini və bu halları sübut edilməməsini nəzərə almamışdır. Bundan əlavə, 29.09.2017-ci il tarixdə Cavabdeh-nin təsisçisi xxx ilə X3 arasında bağlanmış, «müəssisədəki payın al qı-satqısı haqqında» müqaviləyə əsasən birinci, müəssisədəki 100 faiz payını ikinciyə satmış, müəssisənin direktor vəzifəsinə X2 təyin edilmiş və bu barədə iddiaçıya bildirilmiş, lakin sonuncu, işin məhkəməyə verilməsi barədə ona xəbərdarlıq göndərməmişdir. Məhkəmədə onun iştirakının təmin edilməməsinin nəticəsidir ki, xxxun ödəniş tapşırığı əsasında 50.000 manat ödəməsi nəzərə alınmamış, iddiaçı isə bunu qərəzli şəkildə məhkəməyə bildirməkdən yayınmışdır. Bundan əlavə, iddiaçının 04.07.2016-cı il tarixli müqaviləyə xitam verilməsi barədə 27.09.2017-ci il tarixli əmri mövcud olmuş, həmin əmr cavabdehdən və məhkəmədən gizlədilmişdir. Həmin əmrə əsasən lizinq müqaviləsinə xitam verilmiş və iddiaçı ilə X4 arasında bağlanmış 26 sentyabr 2017-ci il tarixli Ş-04/17 saylı yeni müqaviləyə əsasən a vadanlıqlar 1.948.955 manat qalıq qiyməti ilə 3 il müddətinə sonuncuya lizinqə verilmişdir. Onlar həmin əmrdən xəbər tutduqları vaxtdan heç bir fəaliyyət göstərməmiş, məsələnin həllini gözləmişlər. Bununla belə iddiaçının cavabdehə ünvanladığı 04.03.2019-cu il tarixli məktuba əsasən guya cavabdeh ona 344.045 manat pul vəsaiti ödəmişdir və gecikdirilmiş borc 598.864 manat, ümümi borc isə 1.898.955 manat təşkil edir. Belə çıxır ki, iddiaçı əsassız olaraq cavabdehdən əlavə pul tələb edir. Qeyd edildiyi kimi, 50.000 manat ödəniş məhkəmə tərəfindən nəzərə alınmamış, bu fakt iddiaçı tərəfindən məhkəməyə bildirilməmiş, üstəlik cavabdehlə müqavilənin birtərəfli ləğv etməsinə baxmayaraq, əsassız olaraq cavabdehdən pul tələb etmişdir. Daha sonra məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddia əriz əsində müqavilənin bağlandığı 04.07.2016-cı il tarixindən 01.04.2017-ci il tarixinə qədər olan dövr üzrə tərəflər arasında müqavilə öhdəlikləri ilə bağlı yaranmış mövcud vəziyyətdən irəli gələn hallar mübahisələndirilir. Belə olan halda, həmin dövrdə yaranmış öhdəliklərə görə maddi məsul şəxslər məhkəmə iclasına cəlb edilməmiş, nəticə etibarı ilə üçüncü şəxslərin hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul edilmişdir. İddia ərizəsində qeyd edilən 04.07.2016-cı il tarixindən 01.04.2017-ci il tarixinə qədər olan dövr üzrə tərəflər arasında müqavilə öhdəliklərinə görə hansı əsasla direktor X1 zərərlə əlaqədar öhdəlik daşıması məhkəmə tərəfindən əsaslandırılmamışdır. İddiaçının qənaətinə görə apelyasiya instansiyası məhkəməsi MM-in 748-1.12.4-cü, MPM-in 76.1,77.1 və 88-ci maddələrinin tələblərini kobud surətdə pozmuşdur. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasına cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun izahatı dinlənilmədən baxıldı. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilm əlidir. Belə ki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişm ə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). İ ddiaçının tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh üzərinə götürdüyü öhdəlyini lazımınca yerinə yetirməmiş, müqavilənin ayrılmaz hissəsi olan ödəniş qrafiki üzrə 01.04.2017-ci il tarixinədək ödəməli olduğu 213.937,0 manat məbləğdən, cəmi, 69.745,00 manat ödəniş aparmış, həmin tarixə onun 144.192,00 manat borcu yaranmış, ona ünvanlanmış pretenziya və xəbərdarlıqlara müsbət nəticə verməmişdir. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 748-1.12-4-cü maddəsinə istinad etmişdir. Belə ki, həmin maddəyə əsasən, lizinq ödənişi 2 dəfədən artıq ödənilmədikdə, lizinq verən lizinq obyektini geri ala, lizinq müqaviləsinə vaxtından əvvəl xitam verə bilər Cavabdeh apellyasiya şikayətində, eləcə də kassasiya şikayətində bildirmişdir ki, ödəniş qrafiki üzrə nəzərdə tutulan birinci ö dəniş tarixi 04.07.2016-cı il tarixidir ki, həmin tarixdə də onun tərəfindən 224.300 manat məbləğində avans ödənilmiş, növbəti ödəniş tarixi isə 30.09.2016-cı il olmuş, həmin tarixə də 69.745 manat ödəniş nəzərdə tutulmuş, iddiaçının 13 dekabr 2016-cı il tarixli məktubu ilə ona göndərilən pretenziyası da məhz bu məbləğin ödənilməsi tələbini nəzərdə tutmuş, əks təqdirdə, müqavilənin ləğvi, avadanlıqların geri qaytarılacağının tələb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Cavabdehin mövqeyinə görə, ona yalnız bir dəfə 69.745,00 manat məbləğlə bağlı pretenziya göndərilmişdir ki, həmin məbləğin də ödənilməsi mübahisəsizdir. Lakin 2 dəfə ardıcıl ödəniş edilməməsi ilə bağlı, yəni 144.192,0 manat borcla bağlı ona pretenziya göndərilməmişdir. Beləliklə də cavabdeh hazırkı mübahisənin məhkəməyəqəd ər və ya pretenziya qaydasında nizama salınmasına əməl edilmədiyini mübahisələndirir. Apelyasiya instansiyası məhkəməsi cavabdehin şikayətində iddiaçının ona yalnız bir dəfə 69.745,00 manat məbləği ilə bağlı pretenziya göndərməsi ilə əlaqədar dəlilinə belə hüquqi qiymət vermişdir ki, lizinq verənin pretenziya və xəbərdarlıq məktublarından asılı olmayaraq müqavilədə nəzərdə tutulan şərtlərə uyğun olaraq ödəniş qrafikində razılaşdırılmış ödənişləri vaxtında ödəmək lizinq alanın vəzifəsidir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmır. Belə ki, cavabdeh lizinq alan kimi lizinq verənin pretenziya və xəbərdarlıq məktublarından asılı olmayaraq müqavilədə nəzərdə tutulan şərtlərə uyğun olaraq ödəniş qrafikində razılaşdırılmış ödənişləri vaxtında ödəmək vəzifəsi daşısa da, bu hal iddiaçıya lizinq verən kimi prosessual qanunvericiliyin tələbinə əməl etmədən məhkəmədə iddia qaldırmaq hüququ vermir. Belə ki, məhkəmə müdafiəsi hüququ məhkəmə icraatının bütün növləri, o cümlədən də mülki məhkəmə icraatı çərçivəçində həyata keçirilir. MPM-in 4.1-ci maddəsindən görünür ki, hüquq və azadlıqların, habelə qanuni maraqların müdafiəsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. Bu qayda mülki prosessual qanunvericiliklə müəyyən edilən mülki məhkəmə icraatının qaydalarıdır. Qanunvericilik belə qaydaları müəyyən etməklə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsinin mexanizmini göstərir. Bunlar elə qaydalardır ki, məhkəmə müdafiəsi hüququnun onlardan kənarda realizə edilməsi mümkün deyildir və bu hüququ n subyekti öz hüquq və azadlığının, eləcə də qanuni mənafelərinin həmin üsulla müdafiəsi istiqamətində fəaliyyət zamanı mütləq bu qaydaların tələblərinə əməl etməlidir. Pretenziya qaydasına riayət olunması mübahisələrin məhkəməyə çıxarılmadan tərəflər arasında qarşılıqlı razılıq əsasında həll olunmasına imkan yaradır. MPM-in 4.3-cü maddəsinə əsasən, məhkəməyə müraciət hüququnun realizə edilməsi üçün pretenziya qaydasına riayət olunması iki halda məcburidir: 1) müəyyən kateqoriya işlər üçün qanunla nəzərdə tutulduqda; 2) tərəflər arasındakı müqavilə ilə nəzərdə tutulduqda. Hazırda qüvvədə olan bir sıra qanunvericilik aktlarında müxtəlif kateqoriyadan olan mübahisələr üçün onların pretenziya qaydasında nizama salınması nəzərdə tutulur. Hazırki işdə iddiaçı lizinq müqaviləsinin ləğv edillməsi ni xahiş etmişdir. MM-in 423.2-ci maddəsinə görə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmçinin, tərəflər arasında bağlanmış 04 iyul 2016-cı il tarixli 02-LA/16 nömrəli lizinq müqaviləsinin 8-ci bəndində mübahisəli məsələlərin həlli qaydası təsbit edilmişdir. Həmin bənddə qeyd edilir ki, müqavilənin yerinə yetirilməməsi nəticəsində meydana çıxmış bütün mübahisə və fikir ayrılıqlarının həlli 30 gün müddətində danışıqlar yolu ilə mümkün olmadıqda, tərəflər lizinq verənin yerləşdiyi ərazi üzrə aidiyyəti məhkəməyə müraciət edirlər. Apelyasiya in stansiyası məhkəməsi nəzərə almamışdır ki, iddiaçı cavabdehə yalnız bir dəfə, ödəniş qrafiki üzrə 2016-cı ilin İİİ rübü üzrə 69.745,00 manat məbləğində borc ilə bağlı pretenziya göndərmiş, həmin borc da cavabdeh tərəfindən ödənilmişdir. Hazırda isə iddiaçı cavabdeh tərəfindən 2016-cı ilin İV və 2017-ci ilin İ rüblərində, hər rübdə 72.096,00 manat olmaqla, cəmi 142.192,00 manat məbləğdə lizinq haqqının 2 dəfə ardıcıl ödənilməməsinə görə iddia qaldırmişdir. Halbuki, iddiaçının bu barədə cavabdehə pretenziya göndərməsi iş materialları ilə sübuta yetirilmir. Cavabdehlə mübahisənin məhkəməyəqədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənədin iddia ərizəsinə əlavə olunması bu qaydanın müqavilə ilə və ya həmin kateqoriyadan olan mübahisələr üçün qanunda nəzə rdə tutulduğu hallarda məcburidir (MPM-in 150.0.7-ci maddəsi). Bu qaydaya riayət edilmədikdə iddia ərizəsi MPM-in 152.1.6-cı maddəsinə uyğun olaraq qaytarılır. MPM-in 150.0.7-ci maddəsinin tələbinin pozulması faktı iddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra aşkar edildikdə, bu, pretenziya qaydasının tətbiqi imkanının itirilibitirilməməsindən asılı olaraq iddia ərizəsinin baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün əsasdır (MPM-in 259.0.1 və 261.0.9-cu maddələri) Digər tərəfdən, apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Mülki Məcəllənin 748-1.12.4-cü maddəsinin tətbiq edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu da öz təsdiqini tapmışdır. Belə ki, Məcəllənin qeyd olunan maddəsinin tələbinə görə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Cavabdeh tərəfindən də məhz ödəniş qrafikində nəzərdə tutulan 2016-cı ilin sonuncu və 2017-ci ilin birinci rübləri üzrə iki ödənişin ardıcıl olaraq ödənilmədiyi sübuta yetirilir İddiaçı cavabdehin lizinq haqqını ödəniş qrafiki üzrə 2 dəfə ödəməməsinə istinad etmiş, apelyasiya instansiyası məhkəməsi də cavabdeh – lizinq alan tərəfindən 2 dəfə ödəniş edilməməsini sübuta yetirilmiş hesab edərək, iddianın təmin edilməsi barədə birinci instansiya məhkəmsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Halbuki, MM-nin 748-1.12.4-cü maddəsində dispozisiy a şərti kimi lizinq alanın lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfə deyil, iki dəfədən artıq ödəməməsi halı təsbit edilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi göstərilən maddi hüquq normasını düzgün təfsir etməmiş, cavabdeh tərəfindən lizinq haqqının ödəniş müddətləri üzrə 2 dəfə ödənilməməsi halının sübuta yetirilməsinə istinad edərək MM-in 748-1.12.4-cü maddəsinin tətbiq edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu barədə səhv nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Ona görə də apelyasiya instansiyası məhkəməsinin mübahisə edilən qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Nəticə hissəsi: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən verilmiş kassasiya şikayəti təmin olunsun. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-444/2019 nömrəli 27 iyun 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar