Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-489/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun ödənilməsi, iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin 20.11.2019 İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, Hüseynova Zəmilə Əli qızının katibliyi, İddiaçının vəkili (nümayəndəsi) X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iqtisadi iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 18 iyul tarixli 2-2(103)- 373/2019 nömrəli qətnaməsindən cavabdehtərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: Tərəflər arasında bağlanmış 2014-cü il 27 mart tarixli, 12 nömrəli alğı-satqı müqaviləsinə görə, satıcı (iddiaçı) alıcıya (cavabdehə) müqaviləyə əlavədə göstərilən və alıcının sifariş verdiyi həcmdə və miqdarda mal-material dəyərlilərini satır, alıcı isə həmin malları qəbul edir və razılaşdırılmış müddətlərdə malın haqqını ödəyir. İddiaçı 2018-ci il 27 avqust tarixdə cavabdehə pretenziya qaydasında müraciət edərək satıcının alıcının öhdəliyinə verdiyini malın dəyərinin ödənilmədiyi əsas borc kimi 14.100 manatın və əldən çıxmış fayda kimi 7.755 manatın, ümumilikdə 21.855 manat məbləğində pulun ödənilməsini xahiş e tmiş, lakin müraciət təmin edilməmişdir. İddiaçı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək satıcının alıcının öhdəliyinə verdiyini malın dəyərinin ödənilmədiyi əsas borc kimi 14.100 manatın və əldən çıxmış fayda kimi 7.755 manatın, ümumilikdə 21.855 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh müqavilədən irəli gələn öhdəliyini lazımınca icra etməmişdir. Belə ki, təhvil-təslim sənədlərinə əsasən, cavabdeh iddiaçıdan müəyyən dövr ərzində, fərqli tarixlərdə, ümumilikdə 14.100 manat dəyərində mal almışdır. Lakin cavabdehin öhdəliyinə verilmiş malın dəyəri onun tərəfindən ödənilməmiş və bunun nəticəsində iddiaçıya maddi və mənəvi zərər vurulmuşdur. Bu müddət ərzində öhdəliyin yerinə yetirilməsi tələbi ilə bağlı iddiaçı cavabdehə bir neçə dəfə müraciət etmiş, lakin bu müraciətin öhdəlikdən əmələ gələn vəzifələrin icrasına heç bir təsiri olmamışdır. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, tərəflər arasında öhdəlik yaradan heç bir müqavilə mövcud olmamışdır. 2014-cü il 27 mart tarixli alğı-satqı müqaviləsinin cavabdehə heç bir əlaqəsi yoxdur. Həmin müqaviləni imzalayan vaxt X2 “xxxx” MMC-nin direktoru olmamış və onun tərəfindən təqdim edilmiş müqavilə saxtadır. İş materiallarından göründüyü kimi iddiaçı Xun “xxxx” MMC-nin direktoru olmasına dair heç bir sübut təqdim etməmişdir. Eyni zamanda, cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edə rək iddiaçının iddia üzrə son tələb müddətinin 2017-ci ilin dekabr ayı olduğunu bildirmişdir. Bu səbəbdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 372.2, 373.3, 375.2-ci maddələrinə istinad edərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 29 mart tarixli 2-2(81)-238/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 14.100 manat məbləğində əsas borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd olunmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı alğı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malı cavabdehə vermiş, cavabdeh isə həmin malların dəyərini tam olaraq ödəməmiş, bununla da üzərinə götürdüyü öhdəliyi pozmuşdur. İddiaçı həmin qətnaməni mübahisələndirməmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 18 iyul tarixli 2-2(103)-373/2019 nömrəli qətnaməsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermişdir. O, qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını iddia tələbinə qarşı verilmiş yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, məhkəmə tərəfindən işin faktiki halları ətraflı araşdırılmamış, sübutlara düzgün hüquqi qiymətverilməmiş, ancaq iddiaçının təqdim etdiyi saxta sübutlar və öz mülahizəsi əsasında qətnamə qəbul edilmişdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İddiaçı məhkəməyə müraciət edənədək tələblə bağlı cavabdehə bildiriş göndərməmişdir. Əgər qanunun tələbinə uyğun olaraq bildiriş göndərilmi ş olsaydı, bildirişə cavab olaraq cavabdeh adından saxta müqavilə bağlayaraq onun üçün öhdəlik yaradan şəxslə əlaqələrinin olmadığını qarşı tərəfə bildirmiş olardı. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. İddiaçının vəkili (nümayəndəsi) mə hkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Əsaslandırıcı hissə: Cavabdehin məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü, məhkəməyə gəlməməyin səbəbləri barədə məhkəmə iclasının təyin olunduğu vaxtadək məhkəməyə məlumat vermək vəzifəsi barədə qeyd olmuşdur (MPM-in 139.2.9-cu maddəsi). Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. MPM-in 365-ci maddəsinə əsasən, apellyasiya icraa tına XLİ fəslin və həmin Məcəllənin müddəaları tətbiq olunur. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217-ci maddəsinin müddəalarına əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1). Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3). Həmin normaların tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmamışdır. İşdən göründüyü kimi cavabdeh iddia tələbinə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi iddia müddətinin tətbiqi ilə bağlı aşağıdakıları qeyd etmişdir: - tərəflər arasında bağlınmış 12 nömrəli, 2014-cü il 27 mart tarixli alğı-satqı müqaviləsinin 6.1-ci bəndinə əsasən, bu müqavilə imzalandığı gündən 2014-cü il 31 dekabr tarixə kimi qüvvədədir; - müqavilənin 6.4-cü bəndinə əsasən, tərəflərdən hər hansı biri tərəfindən müqavilənin qüvvədən düşməsinə dair hər hansı bir müraciət daxil olmasa müqavilənin müddəti daha bir il müddətinə uzadılmış hesab edilir; - müqavilənin qüvvədən düşməsinə dair tərəflərdən hər hansı birinin müraciəti daxil olmadığından müqavilə 2014-cü il 31 dekabr tarixdən 2015-ci il 31 dekabr tarixədək uzadılmış hesab edilir; - iddiaçı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə 2018-ci il 1 oktyabr tarixdə müraciət etmişdir; - 3 illik iddia müddətinin son günü 2 018-ci il 31 dekabr tarixi olsa da, iddiaçı 2018-ci il 1 oktyabr tarixdə məhkəməyə iddia tələbi ilə müraciət etdiyindən iddiaçı hazırkı iddia tələbi üzrə iddia müddətini ötürməmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə bağlı aşağıdakıları qeyd edir. MM-in 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Cavabdeh bunu inkar etsə də, məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında etibarlı müqavilə münasibətləri olmuşdur. Bu qənaət, işin məhkə mələr tərəfindən müəyyən edilmiş faktiki halları ilə yanaşı, həmçinin aşağıdakı normaların tələblərindən irəli gəlir. MM-in 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. MM-in 360-cı maddəsinin (Səlahiyyət verilməyən şəxsin əqd bağlaması) müddəalarına əsasən, əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil e dilən) əqdi sonradan bəyənməsin (360.1). Təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir (360.2). Cavabdeh lazımınca səlahiyyət vermədiyi təmsilçisi (işçisi) tərəfindən bağlanmış müqaviləyə hüquqi şəxsin möhürünü vurmaqla həmin müqaviləni bəyəndiyini təsdiq etmişdir. Bunun, cavabdehin iradəsindən aşkar kənara çıxdığına dair sübut işdə yoxdur. Digər tərəfdən, cavabdeh müqavilə üzrə icranı da (satılan əşyaları) qəbul etmişdir. Həmin müqaviləyə əsasən, satıcı alıcıya müqaviləyə əlavədə göstərilən və alıcının sifariş verdiyi həcmdə və miqdarda mal-material dəyərlilərini satır, alıcı isə həmin malları qəbul edir və razılaşdırılmış müddətlərdə malın haqqını ödəyir. Müqavilənin 2.1.1-c i bəndinə əsasən, mallarla birlikdə təhvil-təslim sənədləri (qaiməfaktura) verilməlidir. Müqavilənin 2.2.2-ci bəndinə əsasən, alınmış malların dəyəri ən geci 15 gün müddətində ödənilməlidir. Müqavilənin 3.3-cü bəndinə əsasən, ödəniş mallar təhvil alınandan sonra ən geci 15 gün müddətində aparılmalıdır. MM-in: - 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; - 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir; - 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir; - 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəlikl ər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Apellyasiya instansiyası məhkəməsi üç illik iddia müddətini hesablayarkən həmin müddətinin axımının nə üçün məhz 2015-ci il 31 dekabr tarixdən başlandığını və 2018-ci il 31 dekabr tarixdə başa çatdığını əsaslandırmamışdır. İşdən göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi özü də təsdiq edir ki, İddiaçı MMC tərəfindən verilən və “xxxx” MMC tərəfindən qəbul edilən sementə görə: 760914 nömrəli, 2014-cü il 2 aprel tarixli qaimə-fakturaya əsasən – 4.932 manat; 760937 nömrəli, 2014-cü il 1 may tarixli qaimə-fakturaya əsasən – 2.242 manat; 760946 nömrəli, 2014-cü il 1 iyun tarixli qaimə-fakturaya əsasən - 4.708,20 manat; 760957 nömrəli, 2014cü il 9 avqust tarixli qaimə-fakturaya əsasən – 2.218,40 manat məbləğində ödəniş edilməl i idi. Həmin qaimə-fakturalarda malın cavabdehə təhvil verildiyi qeyd edilir. Beləliklə, tərəflər arasında bağlanmış müqavilənin 2.2.2, 3.3-cü bəndlərinin və MM-in 377.1, 377.2-ci maddələrinin tələbləri nəzərə alındıqda, müddətin axımı malların təhvil verildiyi vaxtdan ödənişin icrası üçün müəyyən edilmiş 15 günlük müddətin (müqavilə ilə müəyyən edilmiş öhdəliyin icra müddətinin) tamamından sonrakı gündən başlanır. Belə ki, satıcının (iddiaçının) alıcıdan (cavabdehdən) ödənişi icra etməyi tələb etmək hüququ məhz həmin gündən yaranmışdır (MM-in 372.1-ci maddəsi). Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını yuxarıda istinad edilən prosessual və maddi hüquq normalarının tələblərini, o cümlədən tərəflərin müqavilədə müəyyən etdikləri şərtləri nəzərə alma qla araşdırmalı, onlara qiymət verməli idi. Qətnamə yuxarıda qeyd edilən normaların tələblərinin pozulması ilə çıxarıldığından və iş həmin normaların tələblərinin təmin olunması üçün yeni apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın rədd edilməsi tələbinə dair hissədə təmin oluna bilməz. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 415-1, 416, 417, 418, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 18 iyul tarixli 2-2(103)-373/2019 nömrəli qətnaməsi ləğv edilir. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüsey
Məhkəmə qərarları › İş №2-2(102)-489/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-489/2019
20.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver