Məhkəmə qərarları › İş №2-2(102)-49/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-49/2019

12.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-49/2019 12.02.2019 ALİ MƏHKƏMƏ GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov Azər Soltanhəmid oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, iddiaçının vəkili X3, cavabdehin vəkili X1 iştirakı ilə iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-2(103)-352/2018 saylı iş üzrə 30 avqust 2018-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 12 fevral 2019-cu il tarixd ə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı “xxxx” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “xxxx” MMC-dən onun xeyrinə 34515,25 (otuz dörd min beş yüz on beş manat, 25 qəpik) manat pul vəsaitinin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, “xxxx” MMC (icraçı) ilə “xxxx” MMC (sifarişçi) arasında imzalanmış 40/11 saylı, 02 mart 2011-ci il tarixli gömrük brokeri xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən icraçı 2011-2016-cı illər ərzində sifarişçiyə gömrük brokeri xidmətləri göstərmişdir. 02 mart 2011-ci il tarixli müqavilənin həmin tarixli 1 nömrəli əlavəsinə əsasən xidmət haqqı bir nəqliyyat qaiməsi üçün broker xidmətləri 40 manat + ƏDV, YGB-nın hər vərəqinə görə 150 manat + ƏDV olaraq müəyyən edilmişdir. Sonradan tərəflər arasında 30 dekabr 2012-ci il tarixli Saziş imzalanmış və müqavilənin müddəti 31 dekabr 2014-cü il tarixə qədər uzadılmış və bu tarixdən sonra müqavilə müddətinin avtomatik olaraq uzanması tərəflər arasında razılaşdırılmışdır. Tərəflər arasında imzalanmış 01 avqust 2013-cü il tarixli, 02 mart 2011ci il tarixli, 40/11 nömrəli müqaviləyə2 nömrəli əlavə ilə qiymətlər – bir nəqliyyat qaiməsi üçün broker xidmətləri 40 manat + ƏDV, YGB-nin hər vərəqinə görə 220 manat + ƏDV olaraq razılaşdırılmışdır. İcraçı sifarişçiyə bütün xidmətləri lazımi müddətdə və keyfiyyətlə göstərsə də, sifarişçi özünün müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və müqavilə xidmət haqqını vaxtı-vaxtında ödəməmişdir. Bu səbəbdən də sifarişçinin icraçı tərəfindən 2014-2016-cı illər ərzində göstərilmiş xidmətlərə görə 34515,25 manat məbləğində borcu yaranmışdır. 24 fevral 2014-cü ildən 30 dekabr 2016-cı ilədək sifarişçiyə təqdim edilmiş hesab-fakturalar (cəmi 73 ədəd hesab faktura) üzrə heç bir ödəniş edilməmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bu günə qədər cavabdeh tərəfindən hər hansı bir ödəniş həyata keçirilməmişdir. Cavabdeh iddiaya qarşı təqdim etdiyi ilkin etirazında göstərmişdir ki, iş üzrə iddiaçının sübut kimi təqdim etdiyi bir qrup hesab-fakturalar üzrə təhvil-təslim aktlarında (cəmi 17 ədəd) sifarişçinin, yəni cavbadehin nümayəndəsinin imzası yoxdur. Həmin təhvil-təslim aktları üzrə 8800 manat hesab-faktura yazılmışdır. Bir qrup hesab-fakturalar üzrə təhvil-təslim aktlarında (cəmi 6 ədəd) sifarişçinin, yəni ca vabdehin nümayəndəsinin imzası həqiqi deyildir. Həmin təhvil-təslim aktları üzrə isə 720,35 manat borc yazılmışdır. Bir qrup hesab-fakturalarda (cəmi 14 ədəd) müqavilədə razılaşdırılmış qiymətlər göstərilməmişdir. Həmin hesab-fakturalar üzrə 2182,22 manat borc yazılmışdır. Beləliklə, iddia tələbi üzrə 11702,57 manat borc üzrə hesab-fakturalar natamam olduqları üçün sübut hesab edilə bilməz. Digər tərəfdən isə hazırkı iddia ilə məhkəməyə iddiaçı 24.07.2017-ci il tarixdə müraciət etmişdir. Deməli, cavabdeh 24.07.2014-cü il tarixindən sonra yaranmış ödəniş öhdəlikləri üçün iddia müddətinin tətbiq edilməsini tələb edə bilər. 24.02.201409.07.2014-cü illərdə yaranmış 8800 manat borc üçün iddia müddəti tətbiq edilərək həmin dövrə aid ödənişlər üzrə iddia tələbi təmin edilməməlidir. Həmin dövrə ai d natamam hesab-faktulara üzrə borcları bu məbləğdən çıxdıqda iddia müddəti keçmiş borc məbləği 6300 manat təşkil edir. Natamam hesab-fakturalar və iddia müddəti keçmiş borc məbləğlərinin cəmi 18002,575 manat təşkil edir. Beləliklə, hazırkı iddia tələbi 18002,575 manat borc tələbi hissəsində əsassızdır. Cavabdeh daha sonra iddia ərizəsinə etiraza əlavə təqdim edərək göstərmişdir ki, əvvəlki etirazda hesab fakturalar üzrə bəzi məlumatlar səhv göstərildiyi üçün hazırda iddia ərizəsinə etiraza əlavə etmək zərurəti yaranmışdır. Belə ki, iddiaçının təqdim etdiyi bir sıra hesab-faktular üzrə təhvil-təslim aktlarında cavabdehin nümayəndəsinin möhürü və imzası yoxdur. Belə təhvil-təslim aktlarının ümumi məbləği 17007,4 manat təşkil edir. Həmin aktlardan 2040 manat məbləğində hesablananan təhvil-tə slim aktları üzrə iddia müddəti keçmişdir. Beləliklə, iddia müddəti keçməmiş, lakin imza və möhürlə təsdiq edilməyən təhvil-təslim aktları üzrə hesablanan borc 14967,4 manat təşkil edir. İddiaçının sübut kimi təqdim etdiyi bir qrup hesab-faktularda isə müqavilədə razılaşdırılmış qiymətlər göstərilməmişdir. Həmin hesab-fakturalar üzrə 1477,02 manat borc yazılmışdır. İmza və möhürlə təsdiq edilməyən təhvil-təslim aktları üzrə hesablanmış məbləğlə müqavilədə əksini tapmamış qiymətlər göstərilmiş fakturalar üzrə hesablanmış məbləği topladıqda 14967,4+1477,02=16444,42 manat təşkil edir. Cavabdeh həmçinin göstərmişdir ki, onlar iddia ərizəsinə ilkin olaraq təqdim etdikləri etirazda göstərdikləri iş materiallarında həqiqi imzanın olmadığı təhvil-təslim aktlarının mövcudluğuna dair mülahizələrində n imtina edirlər. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-727/2017 saylı, 06 dekabr 2017сi il tarixli qətnaməsi (hakim – X.X.İmanov) ilə iddia tələbi qismən təmin olunaraq “xxxx” MMC-dən 10380 manat əsas borc, 1969,20 manat ƏDV borcu və ödənilmiş 10 manat dövlət rüsumunun əvəzinin tutularaq iddiaçı “xxxx” MMC-yə verilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi özünün mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı 34515,25 manat borcun ödənilməsini tələb etsə də, həmin məbləğin 12349,20 manat hissəsi ilə bağlı sübutlarını məhkəməyə təqdim etməmiş, qalan borcun 8800 manat hissəsi ilə bağlı iddia müddətini ötürmüş, digər hissəsi ilə bağlı olaraq isə istinad etdiyi xidmətlərin cavabdehin səlahiyyətləri şəxsləri tərəfindən qəbul edilmə si və istinad etdiyi xidmətlərin cavabdehlə razılaşdırılması barədə sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsini iddianın rədd edilmiş hissəsində ləğv edərək iddia tələblərinin tam təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-352/2018 saylı, 30 avqust 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən və məruzəçi hakim – K.N.Abiyeva, hakimlər – M.N.Tağızadə və Ü.A.Mayılov) iddiaçı “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-727/17 saylı, 06 dekabr 2017-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçı kassasiya şi kayəti verərək həmin qətnamənin qismən, apellyasiya şikayətinin təmin edilməməsi hissəsində ləğv edilərək, iş üzrə iddia tələblərinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları mübahisəyə düzgün tətbiq edilməmişdir. Belə ki, apellyasiya məhkəməsi iddiaçının 24.07.2017-ci il tarixdə məhkəməyə müraciət etdiyini əsas götürərək ümumilikdə 8800 manat təşkil edən hesab-fakturalar üzrə iddia müddətinin ötürüldüyü ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təsdiq etmişdir. Bununla bağlı olaraq “xxxx” MMC tərəfindən ödənilmiş sonuncu hesab fakturalar ardıcıllıqla məhkəmənin diqqətinə çatdırılmışdır. Həmin bank ödənişləri barədə məlumatlar apell yasiya məhkəməsinə də bir daha cədvəl şəklində təqdim olunmuşdur. Bu, cavabdeh tərəfindən iddia məbləğinin tanınması demək olmuşdur. Lakin məhkəmə bu sübutları əsassız olaraq nəzərə almamışdır. Bundan başqa, iddiaçının cavabdehə ünvanlandığı pretenziya məktubları və şifahi müraciətləri Mülki Məcəllənin 380.1-ci maddəsinin təsirinə düşərək iddia müddətinin axımının kəsilməsinə yönəlmiş hərəkətlər kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsi bir qrup hesab-fakturalarda cavabdehin xidmətləri qəbul etməsini təsdiq edən səlahiyyətli nümayəndəsinin imzasının və MMC-nin möhürlərinin olmadığını bildirmiş, bu səbəbdən iddiaçının iddia tələblərini bu hissələrdə sübut etmədiyini, həmçinin müqavilədə YGB-nin vərəqələrinin doldurulması, eləcə də YGB-nin doldurulması zamanı informasiya veril məsi müqabilində ödəniş nəzərdə tutulmadığını bildirərək iddia tələblərini bu hissədə də rədd etmişdir. Bununla bağlı olaraq nəzərə alınmalıdır ki, qeyd edilən hesab-fakturalar cavabdehə hələ 2014-cü ildə təqdim edilmiş, lakin cavabdeh bu hesab-fakturalara dair hər hansı iradını bildirməmişdir. Yəni, cavabdeh bu hesab-fakturaları tanımışdır. Həmçinin cavabdeh 16 iyun 2017-ci il tarixli cavab məktubunda, pretenziya məktubunu cavablandırarkən iddia məbləğini mübahisələndirməmişdir, yalnız müqavilənin müddətinin 31 dekabr 2012-ci il tarixində bitdiyini bildirərək, həmin müqavilənin müddətinə dair heç bir razılaşma olmadığını bildirmişdir. İddiaçı tərəfindən həmin dövrü əhatə edən müqavilə məhkəməyə təqdim olunduqdan sonra, cavabdeh guya aktların səlahiyyətli şəxs tərəfindən imzalanmadığı və YGB-nin doldurulması zamanı informasiya verilməsi müqabilində ödənişin nəzərdə tutulmadığını dəlil kimi gətirərək iddianı qəbul etməmişdir. Əvvəla nəzərə alınmalıdır ki, broker xidmətləri birinci instansiya məhkəməsinin öz qətnaməsində müqavilə üzrə ödəniş nəzərdə tutulmadığını qeyd etdiyi bütün xidmətləri özündə ehtiva edir. Həmin xidmətlər broker xidmətlərinin tərkib hissəsidir və bunun üçün müqavilədə ayrıca ödənişin göstərilməsinə heç bir lüzum yoxdur. Məlum deyil ki, birinci instansiya məhkəməsi informasiya verilməsi dedikdə nəyi nəzərdə tutmuşdur. Çünki broker xidmətləri məhz gömrük rəsmiləşdirmələrinin həyata keçirilməsi ilə bağlı sənədlərin hazırlanması, deklarasiyaların doldurulması, malların saxlanca təhvil verilməsi və saxlancdan çıxarılması, gömrük sənədləşdirmələri və rəsmilə şdirmələri ilə bağlı bütün yazılı və şifahi məsləhətlərin verilməsi, danışıqların aparılması və sair bu kimi xidmətləri özündə ehtiva edir. Gömrük brokeri xidmətləri dedikdə sifarişçinin malının gömrüyə gəlməsindən, həmin malın gömrük rəsmiləşdirməsinin həyata keçirilərək gömrükdən çıxarılana qədər broker tərəfindən göstərilən bütün yazılı, şifahi konsultasiyalar və digər xidmətlər başa düşülür. İmza səlahiyyətləri ilə bağlı nəzərə alınmalıdır ki, hələ birinci instansiya məhkəməsində “xxxx” MMC-nin nümayəndəsi bildirmişdi ki, guya V.Məmmədzadə adlı işçilərinin gömrükdə həmin sənədləri imzalamaq səlahiyyətləri olmayıb. Bu halda, “xxxx” MMC-nin işçisinin məhkəmədə şahid kimi ifadə verməsi ilə bağlı vəsatət verilmişdi. “xxxx” MMC bu vəsatətlə razılaşdı, lakin işçisi məhkəmə iclasına gəlmədi. Apellyasiya instansiyası mərhələsində bununla bağlı Bakı Baş Gömrük İdarəsinə vəkil sorğusu verilərək “xxxx” MMC tərəfindən V6 etibarnamə verilib-verilməməsi dəqiqləşdirildi. Müəyyən edildi ki, “xxxx” MMC tərəfindən səlahiyyətli etibarnamə verilmişdir. Həmin etibarnamə məhkəməyə apellyasiya şikayətinə əlavə ilə birlikdə təqdim olunaraq iş materiallarına əlavə edilmişdir. Lakin məhkəmə hansısa səbəblərdən həmin sənədləri iş üzrə sübut qismində qəbul etməmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında iddiaçının vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Cavabdehin vəkili şikayətin təmin edilmədən, qanuni və əsaslı olduğu üçün apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Resp ublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Aşağıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, kassasiya şikayəti qismən təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Apellyasiya məhkəməsi tərəfindən işin halları ilə bağlı olaraq müəyyən edilmişdir ki, “xxxx” MMC (Gömrük brokeri) ilə “xxxx” MMC (sifarişçi) arasında 02 mart 2011-ci il tarixli, 40/11 saylı “Gömrük brokeri tərəfindən xidmətlərin göstərilməsinə dair” müqavilə bağlanmışdır. Müqaviləyə əsasən gömrük brokeri öhdəsinə götürür: lazımi şəkildə tərtib edilmiş gömrük bəya nnaməsini, əlavə vərəqələri və gömrük idarəsinin tələblərinə əsasən lazım olan digər sənədləri tərtib etmək və sifarişçinin mallarını dövlət gömrük nəzarətinə qəbul edən gömrük orqanına təqdim etmək. (2.1.1-ci bənd); Sifarişçini gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti mexanizmi barədə məlumatlandırmaq, gömrük prosedurundan keçmək üçün lazım olan sənədlərin siyahısı barədə sifarişçiyə məlumat vermək (2.1.2-ci bənd); Bəyan edilən malları və nəqliyat vasitələrini gömrük orqanına təqdim etmək (2.1.3-cü bənd); Sifarişçinin sənədlərini təhlil etmək və “YGB doldurulması üçün sənədlərin qəbulu qaydaları barədə Əsasnaməyə” uyğun olaraq qəbul aktı üzrə icra olunmağa qəbul etmək (2.1.4-cü bənd) və sair; Sifarişçi öhdəsinə götürür: Gömrük brokerinə həm birbaşa gömrük rəsmiləşdirilməsi üzrə, həm də 3 günlük müddətdə, tariflərə uyğun olaraq, onun gömrük brokeri statusu ilə bağlı digər xidmətlərini ödəmək (2.2.1-ci bənd); bəyan edilən mallar və nəqliyyat vasitələri barədə dəqiq məlumatları, sənədləri malların və nəqliyyat vasitələrinin nəqliyyat, malı müşayiət edən və digər kommersiya sənədlərini (qaiməni, xarici ticarət müqavilələrini, spesifikasiyaları, hesab-fakturaları), həmçinin, Azərbaycan qanunvericiliyində nəzərdə tutulmuş hallarda, icazələri, lisenziyaları, sertifikatları və gömrük məqsədləri üçün lazım olan digər sənədləri Gömrük brokerinə təqdim etmək. gömrük sənədlərinin tərtib olunması imkanlarını təmin edən bütün lazımi rekvizitlərə malik olmayan təqdim edilmiş məlumatların və ya sənədlər Gömrük brokerinə təqdim edilməmiş hesab edilir, bu barədə sonuncu dərhal Sifarişçin i məlumatlandırır (2.2.2-ci bənd). Həmin müqaviləyə 1 saylıəlavədən müəyyən olunur ki,tərəflər aşağıda göstərilən xidmətlərin qiymətlərin razılaşdırılması protokolunu imzaladılar: Bir nəqliyyat qaiməsi üçün broker xidmətləri-40 manat + ƏDV; YGB-nin hər vərəqinə görə-150 manat + ƏDV; Tərəflər arasında bağlanmış02.03.2011-ci il tarixli 40/11müqaviləyə01.08.2013-cü il tarixli 2 saylıəlavədən müəyyən olunur ki,tərəflər aşağıda göstərilən xidmətlərin qiymətlərin razılaşdırılması protokolunu imzaladılar: Bir nəqliyyat qaiməsi üçün broker xidmətləri-40 manat + ƏDV; YGB-nin hər vərəqinə görə - 220 manat + ƏDV; Tərəflər arasında bağlanmış02 mart 2011-ci il tarixli 40/11saylı müqaviləyə dəyişikliklər və əlavələr edilməsi barədə 30 dekabr 2012-ci il tarixli, sazişdən müəyyən olunur ki, tərəflər 02.03.2011-ci il tarixli müqavilənin 6.1-ci bəndini: “Hazırki müqavilə tərəflər arasında imzalandığı andan qüvvəyə minir və 31 dekabr 2014-cü ilə qədər qüvvədə qalır. Hazırki müqavilənin ləğv edilməsi barədə yazılı bildiriş nəzərdə tutulan ləğv edilmə müddətinə 2 ay qalmışa qədər göndərilməlidir. Əgər müqavilənin müddəti başa çatmışdırsa və tərəflərdən heç biri onun dayandırılması barədə istəyini bildirməmişdirsə, müqavilə avtomatik olaraq eyni müddətə və eyni şərtlərlə uzadılmış hesab ediləcəkdir” məzmununda dəyişiklik edilməsi barədə qərara gəlmişlər. İddiaçı tərəfindən cavabdehə 05.06.2017-ci il tarixli 48/2017 saylı pretenziya məktubu ünvanlanaraq 02.03.2011-ci il tarixli 40/11 saylı müqavilə üzrə sifarişçinin icraçı tərəfindən 2014-2016-cı illər ərzində göstərilmiş xidmətlərə görə 34515,25 manat məbləğində borcunun yaranması, 24.02.2014-cü ildən 30.12.2016-cı ilədək sifarişçiyə təqdim edilmiş hesab-fakturalar (cəmi 73 ədəd) üzrə heç bir ödəniş olunmaması barədə məlumat verilmiş, qeyd olunan 34515,25 manat borcun 5 iş günü müddətindən ödənilməsini tələb edilmiş, əks təqdirdə borcun məcburi qaydada tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir (06.06.2017-ci ildə 769919 saylı qaimə ilə “Zaman Ekspress” poçt xidməti tərəfindən təqdim edilmişdir); Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 16 iyun 2017-ci il tarixli 159 saylı məktubla cavab verilərək tərəflər arasında 02.03.2011-ci il tarixli 40/11 saylı müqaviləyə əsasən “xxxx” MMC tərəfindən “xxxx” MMC-yə gömrük broker xidmətlərinin göstərilməsi, müqavilənin 6.1-ci bəndinə əsasən müqavilənin 31.12.2012-ci ilədək qüvvədə olması və müddətə dair əlavə heç bir razılaşma olmamasını nəzərə alaraq, yalnız broker xidmətini ödəmək üçün xidmətin dəyəri barədə danışıqlar aparılmasının mümkünlüyü bildirilmişdir. İddiaçı hazırki iddiasında tərəflər arasında bağlanmış 02 mart 2011-ci il tarixli, 40/11 saylı müqavilə əsasında göstərilmiş xidmətlərə görə 73 ədəd faktura əsasında 30714,62 manat əsas və 3800,63 manat ƏDV olmaqla, cəmi 34.515,25 manat borcun ödənilməsini tələb edir. 1-ci instansiya məhkəməsi tərəfindən iddia tələbi 10380 manat əsas borc, 1969,20 manat ƏDV borcu hissəsində təmin olunmuş, qalan hissədə təmin olunmamışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin yoxlanılan hissəsində (iddianın təmin olunmaması) gəldiyi nəticə ilə razılaşmışdı r. Məhkəmə özünün bununla bağlı mövqeyini ilk növbədə onunla əsaslandırmışdır ki, işin materiallarından görünür ki, tərəflər arasında bağlanmış “Gömrük brokeri tərəfindən xidmətlərin göstərilməsinə dair” 02 mart 2011-ci il tarixli, 40/11 saylı müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş 24.02.2014-cü il tarixli 0121 saylı (260 manat); 28.03.2014-cü il tarixli 0208 saylı (520 manat); 31.03.2014-cü il tarixli 232 saylı (480 manat); 31.03.2014-cü il tarixli 0233 saylı (520 manat); 21.04.2014-cü il tarixli 0284 saylı (520 manat); 21.04.2014-cü il tarixli 0285 saylı (260 manat); 30.04.2014-cü il tarixli 0346 saylı (520 manat); 06.05.2014-cü il tarixli 0357 saylı (260 manat); 06.05.2014-cü il tarixli 0358 saylı (260 manat); 26.05.2014-cü il tarixli 0383 saylı (260 manat); 30.05.2014-cü il tarixli 0404 saylı (520 manat); 31.05.2014-cü il tarixli 0457 saylı (480 manat); 18.06.2014-cü il tarixli 0490 saylı (260 manat); 18.06.2014-cü il tarixli, 0491 saylı (260 manat); 20.06.2014-cü il tarixli, 0506 saylı (480 manat); 20.06.2014-cü il tarixli, 0507 saylı (260 manat); 20.06.2014-cü il tarixli, 0508 saylı (260 manat); 30.06.2014-cü il tarixli 0572 saylı (1180 manat); 03.07.2014-cü il tarixli 0584 saylı (260 manat); 09.07.2014-cü il tarixli 0591 saylı (260 manat) hesab fakturalarına əsasən hesablanmış 8080 manat məbləğində borcun tələb edilməsi üçün məhkəməyə 24 iyul 2017-ci il tarixdə müraciət edilməklə, müqavilə tələbləri üzrə mülki qanunvericiliklə müəyyən edilmiş 3 illik iddia müddəti ötürülmüşdür. Halbuki, tərəflər arasında bağlanmış müqavilənin 2.2.1-ci bəndinə ə sasən gömrük brokerinə həm birbaşa gömrük rəsmiləşdirilməsi üzrə, həm də 3 günlük müddətdə, tariflərə uyğun olaraq, onun gömrük brokeri statusu ilə bağlı digər xidmətləri ödəməyi Sifarişçi öhdəsinə götürmüşdür. İddianın qeyd olunan hissəsində iddiaçının şikayətinin dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia müddəti tətbiq olunarkən cavabdeh tərəfindən aparılmış vaxtaşırı ödənişlər nəzərə alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir; 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Şikayətin qeyd olunan dəlilinə mün asibətdə apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən ödənişlər əsasən iddia predmetinə aid olmayan borc üzrə (2013-cü ilin) 2014-cü ildə aparılmış, həmçinin iddia müddəti tətbiq olunan borcun ƏDV-si 2014-cü ildə ödənilmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, 2014-cü ildə cavabdehin ƏDV üzrə ödənişləri dövlət büdcəsinə aid olduğundan, həmin ödənişlər cavabdehin iddiaçıya olan etiraf etməsini göstərən hərəkət kimi qiymətləndirilə bilməz. Odur ki, birinci instansiya məhkəməsi iddianı 8080 manat borcun tələb edilməsi hissəsində təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Kollegiya aşağıda göstərilənlərə əsasən cavabdehin ƏDV üzrə ödənişlərinin dövlət büdcəsinə aid olduğuna görə həmin ödənişlərin cavabdehin iddiaçıya olan borcunu etiraf etməsini göstərən hərəkət kimi qi ymətləndirməyin mümkün olmadığı ilə bağlı apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, Mülki Məcəllənin 380.1-ci maddəsində təsbit edilmişdir ki, borclu tərəfindən edilmiş borcu etiraf etməsini göstərən hərəkətlər iddia müddətinin axımının kəsilməsinə səbəb olur. Lakin nəzərə almaq lazımdır ki, elə hərəkətlər iddia müddətinin axımının kəsilməsinə səbəb olan hərəkətlər kimi qəbul edilə bilər ki, onlar borcun etirafına yönəlmiş real hərəkətlər kimi qiymətləndirilsinlər. Bu mənada, borcla bağlı ƏDV ödənişlərinin dövlət büdcəsinə ödənilməsi borcun etirafına yönəlmiş real hərəkətdir. Çünki, cavabdeh tərəfindən ödəniş edilməklə borc qəbul olunaraq onun mövcudluğunun təsdiqinə yönəlmiş real hərəkətlər həyata keçirilmişdir. Kollegiya eyni zamanda hesab edir ki, borcla bağlı ödə nişin kreditorun özünə deyil, dövlət büdcəsinə ödənilməsi də vəziyyəti dəyişmir. Belə ki, Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 425.1 və 425.2-ci maddələrinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Qanunvericiliyin qeyd edilən müddəalarına görə mülki münasibətlərin iştirakçıları vicdanlılığın tələb etdiyi tərzdə davranmalı, hüquqlardan başqasına ziyan vurmaq məqsədilə və ya digər formada sui-istifadə etməməli, eləcə də öhdəliyin şərtlərinə, işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməklə öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Kollegiya hesab edir ki, cavabdehin ƏDV üzrə ödənişlərinin dövlət büdcəsinə aid olduğuna görə həmin ödənişlərin cavabdehin iddiaçıya olan borcunu etiraf etməsini göstərən hərəkət kimi qiymətləndirməyin mümkün olmadığı ilə bağlı gəlinmiş nəticə qeyd edilən mülki hüquqi prinsiplərlə ziddiyyət yaradaraq kreditoru əlverişsiz vəziyyətdə qoymaqla onun qanuni mənafelərinin müdafiəsini əsassız olaraq ortadan qaldırmış olar, beləliklə də, əsas ümumi prinsipin ziddinə olaraq mülki münasibətlərin iştirakçılarını vicdanlılığın tələb etdiyi tərzdə davranmamağa sövq etmiş olardı. İşin hallarından həmçinin görünür ki, birinci instansiya məhkəməsi işdə olan 40/11 saylı müqaviləyə əsasən göstərilmiş xidmətlərin bir qrup təhvil-təslim aktlarının “xxxx” MMC-nin səlahiyyətli nümayəndələri tərəfindən qəbul edilmədiyinə (imzasız), MMC-nin möhürü ilə təsdiq edilmədiyinə və fakturada qeyd olunan xidmət növləri və ödəniş forması müqavilədə və ona edilmiş əlavələrdə nəzərdə tutulmadığına görə, həmçinin hesabfakturanın verilməsinə əsas olan təhvil-təslim aktları olmadığına görə, qətnamədən sadalanmış həmin hesab-fakturalar üzrə tələb olunan borcun tutulması hissəsində iddianı rədd etmişdir. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən gəlinmiş nəticə ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən sənədlərdə göstərilən xidmətlərin cavabdeh tərəfindən qəbul edilməsi barədə hər hansı sübut təqdim edilməmişdir. Bununla bağlı olaraq isə kollegiya qeyd edir ki, məhkəmə xidmətlərin cavabdeh tərəfindən qəbul edilməsi məsələsinə sadəcə mövcud sənədlərə münasibətdə formal tələblərdən çıxış edərək deyil, gö stərilmiş xidmətlərin real olaraq cavabdeh tərəfindən qəbul edilib-edilməməsi halından çıxış etməklə qiymət verməlidir. Bunun üçün isə göstərilmiş xidmətlərin konkret hansı xidmətlər olduğu, onların göstərilməsinin nə ilə təsdiq olunduğu (birbaşa və dolayı sübutlar nəzərə alınmaqla), eləcə də xidmətin harada göstərildiyi və nəhayət, tərəflər arasında yerləşmiş və həmin fəaliyyət sahəsində ümumiyyətlə mövcud olan işgüzar adətlər də nəzərə alınmaqla xidmətlərə görə ödənişlərin (gecikmələr də daxil) hansı qaydada edildiyi müəyyənləşdirilməlidir. Apellyasiya məhkəməsi iddiaçının dəlili ilə bağlı həmçinin qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilədə informasiya məsləhət xidmətləri, eləcə də bəyannamənin gömrük orqanına ötürülməsi xidmətlərinin göstərilməsi fərqləndirilməmiş və buna görə ayrı ödənişin ödənilməli olması müəyyən edilməmişdir. 02 mart 2011-ci il tarixli, 40/11 saylı “Gömrük brokeri tərəfindən xidmətlərin göstərilməsinə dair” müqavilənin 1.1-ci bəndinə əsasən gömrük brokeri tərəfindən öz adından, lakin sifarişçinin hesabına və onun tapşırığına əsasən, bəyannamə, gömrük rəsmiləşdirilməsi, malların və nəqliyyat vasitələrinin saxlancı, emalı üzrə əməliyyatların həyata keçirilməsi, həmçinin öz adından, lakin sifarişçinin hesabına və onun tapşırığına əsasən, hazırki müqavilə üzrə tapşırıqların yerinə yetirilməsi üçün lazım olan gömrük ödənişlərinin, vergilərin və yığımların tamamilə və ya qismən yerinə yetirilməsi müqavilənin predmeti sayılır. Bununla bağlı olaraq iddiaçının dəlilləri ondan ibarətdir ki, broker xidmətləri birinci instansiya məhkəməsinin öz qət naməsində müqavilə üzrə ödəniş nəzərdə tutulmadığını qeyd etdiyi bütün xidmətləri özündə ehtiva edir. Həmin xidmətlər broker xidmətlərinin tərkib hissəsidir və bunun üçün müqavilədə ayrıca ödənişin göstərilməsinə heç bir lüzum yoxdur. Çünki broker xidmətləri məhz gömrük rəsmiləşdirmələrinin həyata keçirilməsi ilə bağlı sənədlərin hazırlanması, deklarasiyaların doldurulması, malların saxlanca təhvil verilməsi və saxlancdan çıxarılması, gömrük sənədləşdirmələri və rəsmiləşdirmələri ilə bağlı bütün yazılı və şifahi məsləhətlərin verilməsi, danışıqların aparılması və sair bu kimi xidmətləri özündə ehtiva edir. Gömrük brokeri xidmətləri dedikdə sifarişçinin malının gömrüyə gəlməsindən, həmin malın gömrük rəsmiləşdirməsinin həyata keçirilərək gömrükdən çıxarılana qədər broker tərəfindən göstəril ən bütün yazılı, şifahi konsultasiyalar və digər xidmətlər başa düşülür. Kollegiya hesab edir ki, sözügedən məsələyə sadəcə müqavilənin hərfi mənasından çıxış etməklə qiymət verməkdə apellyasiya məhkəməsi haqlı olmamışdır. Belə ki, Mülki Məcəllənin 404.1 və 404.2-ci maddələrində təsbit edilmişdir ki, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin 787.1 və 787.2-ci maddələrinə əsasən broker müqaviləsinə əsasən brokerə muzd müqabilində sifarişçiyə vasitəçilik xidmətləri göstərmək tapşırığı verilir. Əgər bu Məcəllənin bu fəslinin aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, broker müqaviləsinə tapşırıq müqaviləsi haqqında qaydalar tətbiq edilir. Kollegiya hesab edir ki, qanunvericiliyin qeyd edilən normaları, eləcə də tərəflərin müqavilə bağlayarkən iradə ifadələrinin həqiqi mənası, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla tərəflər arasında bağlanmış müqavilədə göstərilməli xidmətlərin dairəsinin necə müəyyənləşdirildiyinə qiymət verilməlidir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respubl ikası Mülki Prosessual Məcəlləsinin 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-352/2018 saylı iş üzrə 30 avqust 2018-ci il tarixli qətnaməsi ləğv olunsun. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar