Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-503/2024 25.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya kollegiyasının İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin yolverilməzliyi, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimləri Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Məmmədli Bəhram Məmməd oğlundan və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 22 may tarixli, 22(103)-441/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş k assasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Satıcı İddiaçı MMC və alıcı Cavabdeh MMC arasında 2020-ci il 09 dekabr tarixli, AK/0912 saylı malların alqı-satqı müqaviləsi bağlanmış, satıcının həmin müqavilə üzrə göndərilmiş elektron qaimələr üzrə ödənişlər, onların tarixləri barədə məlumatlar cədvəlinə əsasən alıcının yekun borc qalığı ƏDV daxil 25267,77 manat təşkil etmişdir. 2. 01.01.2023-xx.xx.2023-cü il dövrə dair yaranmış borc üzrə qarşılıqlı üzləşmə aktına əsasən Cavabdeh MMC 2023-cü il 8 may tarixinə İddiaçı MMC-yə 25.267,78 manat borcun olmasını qəbul etmişdir. Akt hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a ) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış **********228 saylı 2020-ci il 09 dekabr tarixli malların alqı-satqı müqaviləsi üzrə ödənilmiş 25.267,78 (ƏDV daxil olmaqla) manat məbləğinin, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 200 manat məbləğində mediasiya xərcinin, 4396,45 manat dəbbə pulunun və hüquqi yardıma görə ödənilən 200 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 25 yanvar tarixli, e-2-2(113)459/2024 nömrəli qətnaməsi ilə (hakim G.R.Namazova) iddia qismən təmin edilərək, cavabdehdən xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 25.267,78 manat (ƏDV daxil) borc məbləği, 1.263 manat dəbbə pulu, mediasiya xərcinin əvəzi olaraq 200 manatın tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1, 462.1, 467, 568.1, 579.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
6. Cavabdeh MMC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini xahiş etmişdir.
7. Sonradan cavabdeh tərəfindən apellyasiya şikayətinə dəyişiklik edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi, cavabdehin iddiaçıya olan əsas borcuna 20% endirim edilməsi, yəni əsas borcun 20214,22 manat, dəbbə pulunun 1010,72 manat müəyyən edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin qalan hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 22 may tarixli, 2-2(103)-441/2024 nömrəli qətnaməsi ilə (hakim V.Ə.Baxışovanın sədrliyi və məruzəsi ilə, hakimlər R.Ə.Qurbanovdan və Z.A.Şirinovdan ibarət tərkibdə) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 25 yanvar tarixli, 2-2(113)-459/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
10. Cavabdeh MMC kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Komme rsiya kollegiyasının 2024-cü il 22 may tarixli, 2-2(103)-441/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, audit şirkətinin qiymətləndirmə rəyinə əsasən, cavabdehin iddiaçıya müqavilə üzrə 25.267,78 manat (ƏDV daxil olmaqla) əsas borcu 30-35% şişirdilmişdir. Bununla bağlı cavabdeh 2024-cü il 17 aprel tarixində apellyasiya məhkəməsinə vəsatət ilə müraciət edərək məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. Cavabdehin məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsində məq sədi o idi ki, onun iddiaçıya olan əsas borcu dəqiq hesablansın. Buna baxmayaraq, apellyasiya məhkəməsi müqavilə üzrə əsas borcun düzgün hesablanması üçün məhkəməmühasibatlıq ekspertizasını təyin etməmiş və sübutlara obyektiv qiymət verməmişdir.
12. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2024-cü il 19 avqust tarixli qərardadı ilə kassasiya şikayəti icraata qəbul edilmişdir.
13. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
14. İddiaçı MMC kassasiya şikayətinə etiraz edərək təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
15. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh üzləşmə aktını təsdiq etmiş, apellyasiya şikayətində borc məbləğ inin real məbləğdən 15-20% artıq göstərildiyini qeyd etsə də, kassasiya şikayətində bu faizi artıraraq 30-35% artıq göstərildiyini bildirmişdir. Alqı-satqı müqaviləsi üzrə satılacaq malların dəyəri tərəflər arasında razılaşdırılaraq sərbəst iradə ifadələrinə uyğun olaraq bağlanılır. Cavabdeh şirkətin baş direktoru A.Namazovun 2023-cü il 8 avqust tarixindən tutduğu vəzifədən azad edilərək əvəzinə yeni baş direktor Nümayəndə təyin edilməsi 2020-ci ildə bağlanmış müqavilə üzrə qiymətlərin yenidən müəyyən edilməsinə əsas vermir. Cavabdehə mallar tam təhvil verilmiş və bununla bağlı üzləşmə aktı tərtib olunmuşdur. Tətbiq edilən hüquq:
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 403.1-ci maddəsinə əsasən bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərar dadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. 417.1.7-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
17. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı kassasiya şikayəti Mülki Prosessual Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunduğundan, onun icraata qəbul qərardadı ləğv edilərək, iş kassasiya baxışından çıxarılmaqla apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
18. Belə ki, yuxarıda qeyd edildiyi kimi, iddianın qiyməti (iddia ərizəsində tələb edilən məbləğ) 29.664,23 (25.267,78+4.396,45) manat təşkil etmişdir. Birinci instansiya məhkəməsi həmin məbləğin 26.530,78 (25.267,78+1.263) manat hissəsini təmin etmişdir.
19. Cavabdeh apellyasiya şikayəti verərək, ilk olaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etməklə, ondan iddiaçının xeyrinə tutulan məbləği tam mübahisələndirsə də, sonradan apellyasiya şikayətinə verdiyi əlavədə borcun 21.224,94 (20.214,22+1.010,72) manat hissəsini etiraf etmişdir.
20. Beləliklə, cavabdehin apellyasiya qaydasında mübahisələndirdiyi məbləğ 5.305,84 (26.530,78-21.224,94) manat təşkil etmişdir.
21. Hazırda cavabdeh apellyasiya məhkəməsinin qətnaməsinin tam ləğv olunmasını xahiş etsə də, şikayətin dəlillərindən də göründüyü kimi, o, tutulan məbləği tam olaraq deyil, hissəsi mübahisələndirir. Həmin hissə isə 5.305,84 manatdan (apellyasiya qaydasında mübahisələndirilən məbləğdən) yuxarı ola bilməz.
22. Belə olduğu halda, kommersiya mübahisəsinə dair iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 10.000 manatdan az olduğundan, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən cavabdeh qətnamədən kassasiya şikayəti verilə bilməz.
23. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, işin icraata qəbul edilməsinə dair Ali Məhkəmənin Kommersiya kollegiyasının 2024-cü il 19 avqust tarixli qərardadı ləğv edilməli və cavabdehin kassasiya şikayəti məhkəmə baxışından çıxarılmaqla, geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 417.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh MMC-nin kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 19 avqust tarixli, 2-2(102)-503/2024 nömrəli qərardadı ləğv edilsin. Cavabdeh MMC-nin Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 22 may tarixli, 2-2(103)-441/2024 nömrəli qətnaməsindən verdiyi kassasiya şikayəti kassasiya baxışından çıxarılaraq, qaytarılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.