Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-508/2024 25.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iş üzrə QƏRAR 2-2(102)-508/2024 Açar sözlər: yük daşıması müqaviləsi üzrə pul tələbi, sübutetmə yükü Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Şamayev Elşad Yaquboviçin məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızından və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 07 may tarixli, 22(103)-434/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yaz ılı icraat qaydasında baxılmışdır. İşin halları 1. 2023-cü il 10 mart tarixli DX/15 nömrəli nəqliyyat xidməti müqaviləsi ilə icraçı olan İddiaçı MMC sifarişçi Cavabdeh MMC-nin sifarişinə əsasən, ekspedisiya xidməti, yüklərin dəmir yolu nəqliyyatı ilə daşınması, tərəflərin razılığı ilə digər əməliyyatların birini və ya bir neçəsini yerinə yetirməyi, sifarişçi isə həmin əməliyyatlar müqabilində icraçıya muzd ödəməyi öhdəsinə götürmüşlər. Müqavilənin şərtlərinə görə, sifarişçi göstərilən xidmətlər üçün ödənişi icraçının təqdim etdiyi hesab-fakturaya əsasən həyata keçirir. Müqavilənin əlavələrində başqa qayda nəzərdə tutulmadıqda sifarişçi ödənişin 100%-ni hesab-faktura təqdim edildikdən sonra 1 ay müddət ərzində icraçının hesablaşma hesabına köçürmə yolu ilə həyata keçirir. İcraçının təqdim etdiyi hesab-faktura vaxtında ödənilmədikdə, ödəmə gecikdiyildiyi hər gün üçün sifarişçi hesab-faktura məbləğinin 0,5 faizi həcmində dəbbə pulu ödəməlidir.
2. Bağlanmış müqavilə üzrə 2023-cü il 10 aprel tarixli 1, 2, 3, 4 saylı, 2023-cü il 14 aprel tarixli 5 və 10 saylı, 2023-cü il 6 aprel tarixli 6 saylı, 2023-cü il 11 aprel tarixli 7 saylı, 2023-cü il 12 aprel tarixli 8 saylı, 2023-cü il 13 aprel tarixli 9 saylı, 2023-cü il 15 aprel tarixli 11 saylı, 2023-cü il 21 iyun tarixli 12 saylı razılaşma protokolları imzalanmış, həmin protokollarda müqavilə üzrə malların qiyməti və təhvil-təslim şərtləri razılaşdırılmışdır. Həmin protokollar hər iki tərəfin imza və möhürü ilə təsdiq olunmuşdur.
3. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə dəyəri 7387 manat olan 2023-cü il 13 aprel tarixli 587932 sa ylı, dəyəri 3070 manat olan 2023-cü il 13 aprel tarixli 587958 saylı, dəyəri 7256 manat olan 2023-cü il 13 aprel tarixli 587979 saylı, dəyəri 14846 manat olan 2023-cü il 13 aprel tarixli 587994 saylı, dəyəri 3144,60 manat olan 2023-cü il 14 aprel tarixli 611446 saylı, dəyəri 3748,60 manat olan 2023-cü il 17 aprel tarixli 761058 saylı, dəyəri 7497,20 manat olan 2023-cü il 17 aprel tarixli 768593 saylı, dəyəri 7552,60 manat olan 2023-cü il 17 aprel tarixli 769062 saylı, dəyəri 31072 manat olan 2023-cü il 17 aprel tarixli, 769196 saylı, dəyəri 3748,60 manat olan, 2023-cü il 17 aprel tarixli 769495 saylı, dəyəri 3748,60 manat olan 2023-cü il 17 aprel tarixli 769417 saylı, dəyəri 7165,80 manat olan 2023-cü il 21 iyun tarixli 330705 saylı elektron qaimələr təqdim edilmişdir.
4. İddiaçı MMC və Ca vabdeh MMC tərəfindən təsdiq edilmiş 2023-cü il 1 yanvar 2023-cü il 30 iyun tarixli dövr üzrə üzləşmə aktı ilə, tərəflər yuxarıda qeyd olunan elektron qaimələr əsasında cəmi ödənilməli olan məbləğin 100237 manat təşkil etməsini, cavabdeh tərəfindən 19846 manat ödənilməsini və qalıq borcun 80391 manat təşkil etməsini təsdiq etmişlər. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 80391 manat əsas borc, 36175,95 manat dəbbə pulu və 400 manat mediasiya xərci olmaqla, ümumilikdə 116966,95 manat məbləğində pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, 2023-cü il 10 mart tarixli DX/15 nömrəli nəqliyy at xidməti müqaviləsi əsasında şirkət tərəfindən cavabdehə logistik xidmət üzrə xarici dövlətdən Azərbaycana malların daşınması həyata keçirilmişdir. Cavabdehin sifarişləri əsasında iddiaçı tərəfindən ümumilikdə 100237 manat dəyərində daşıma xidməti həyata keçirilmişdir. Cavabdeh göstərilmiş daşıma xidmətinin ümumi dəyərindən 2023-cü il 4 may tarixdə 5000 manat, 2023-cü il 5 may tarixdə 6000 manat, 2023-cü il 16 may tarixdə 3846 manat, 2023-cü il 22 may tarixdə 5000 manat ödənişi, cəmi 19846 manatı bank vasitəsi ilə köçürmə etmişdir. Tərəflər arasında imzalanmış 2023-cü il 13 iyul tarixli qarşılıqlı borcların üzləşdirilməsinə dair akta əsasən cavabdehin 2023-cü il 10 mart tarixli müqavilə üzrə göstərilmiş logistik xidmətlərə görə iddiaçıya 80391 manat borcu vardır. 2023-cü il 17 sentyabr tarixdə cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq göndərilməsinə baxmayaraq borc təkrar olaraq ödənilməmişdir. Cavabdehlə bağlanılmış nəqliyyat xidməti müqaviləsinin 4.1.5-ci bəndinə əsasən alıcı malların dəyərini hesab faktura əsasında mal təslim edildikdən sonra 1 ay ərzində icraçının bank hesabına ödəməli olduğu halda göstərilmiş xidmətlər üzrə 2023-ci ilin may ayının 17-dən başlayaraq vaxtı keçmiş 80391 manat borcu 3 aydan artıq vaxt keçməsinə baxmayaraq ödəməmişdir. Belə olan halda, müqavilə tələbləri qaydasında cavabdehdən 80391 manat əsas borc məbləğindən əlavə 90 gün gecikmə nəticəsində 36175,95 manat cərimə pulu tutulmalıdır.
7. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 6 fevral tarixli, e-2-2(113)-594/2024 nömrəli qətnaməsi ilə (hakim Ü.T.Həsənova) iddia qismən təmin edilmiş, cavabdehdən 80391 manat əsas borcun, 4000 manat dəbbə pulunun, 410 manat dövlət rüsumunun, ümumilikdə 84801 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, qalan hissədə iddianın rədd olunması qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında yük daşınması haqqında müqavilə bağlanmış, bunun əsasında yük daşınmaları həyata keçirilmiş, həmin daşınmalara görə ümumilikdə 100237 manat vəsait ödənilməsi razılaşdırılmış, həmin vəsaitdən ümumilikdə 19846 manat pul cavabdeh tərəfindən ödənilmiş, qalıq borcla (80391 manat) bağlı tərəflər arasında üzləşmə aktı imzalanmışdır.
9. Beləliklə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mallar iddiaçı tərəfindən təyinat yerinə çatdırıldıqdan sonra cavabdeh tərəfindən qeyd-şərtsiz qəbul edilmiş, daşıma ilə bağlı hər hansı irad bildirilməmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, ekspeditor tərəfindən yükün daşınıb təhvil verilməsi ilə bağlı öhdəlik icra olunduğundan və öhdəliyin icrası cavabdeh tərəfindən hər hansı irad bildirilmədən qəbul olunduğundan daşıma haqqı üzrə borcun tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir.
10. Həmçinin məhkəmə hesab etmişdir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən olunduğundan və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
11. Bununla belə, məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, hə m də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 4000 manat məbləğində müəyyənləşdirilməlidir.
12. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 398.1, 399.1, 442, 445.2, 462.1, 467, 850.1, 852.1, 852.4-cü və Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 77.1, 119.1, 217.1 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiya məhkəməsindəki icraat
13. Cavabdeh MMC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya ko llegiyasının 2024-cü il 07 may tarixli 2-2(103)-434/2024 nömrəli qətnaməsi ilə (hakim R.Ə.Qurbanovun sədrliyi və məruzəsi ilə, hakimlər V.Ə.Baxışovadan və Z.A.Şirinovdan ibarət tərkibdə) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 6 fevral tarixli, e-2-2(113)-594/2024 nömrəli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır.
15. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi göstərmişdir ki, tərəflər arasında Mülki Məcəllənin 850.1-ci maddəsinə uyğun olaraq yük daşınması müqaviləsinin bağlanılması işin mübahisəsiz halını təşkil edir. İddiaçı həmin müqavilə üzrə daşınma xidmətlərinin yerinə yetirilməsinə istinad edərək, hazırkı iddianı irəli sürmüş, cavabdeh isə birinci instan siya məhkəməsində iddiaya münasibətini bildirməmiş, lakin apellyasiya şikayətində iddiaçının istinad etdiyi halları və təqdim etdiyi təhvil-təslim aktlarını mübahisələndirmişdir.
16. Apellyasiya kollegiyası qeyd etmişdir ki, Mülki Məcəllənin 850.1-ci maddəsinin dispozisiya şərtlərinə görə daşınma xidmətlərinin yerinə yetirilməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. İddiaçının təqdim etdiyi sübutlarla müəyyən olunur ki, iddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəliyi icra edərək cavabdehin sifarişi əsasında sonuncuya daşınma xidmətləri həyata keçirmiş, lakin sonuncu həmin xidmətlərin ödənişini tam olaraq həyata keçirməmiş və 80391 manat borcu yaranmışdır.
17. Qeyd olunanlara əsasən apellyasiya kollegiyası hesab etmişdir ki, iddiaçı Mülki Məcəllənin 850.1-ci maddəsinə əsasən cava bdehdən ödənilməyən 80391 manat məbləğində pul vəsaitinin ödənilməsini tələb etməkdə haqlıdır.
18. Cərimə pulunun tutulması tələbinə dair apellyasiya məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 462.1-ci maddəsinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yən i tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir.
19. Tərəflər arasında bağlanmış müqavilənin 4.1.5-ci bəndində nəzərdə tutulmuşdur ki, icraçının təqdim etdiyi hesab-faktura vaxtında ödənilmədikdə, ödəmə gecikdiyildiyi hər gün üçün sifarişçi hesab-faktura məbləğinin 0,5 faizi həcmində dəbbə pulu ödəməlidir. Bu baxımdan apellyasiya kollegiyası hesab etmişdir ki, iddiaçı cavabdehdən 4000 manat məbləğində cərimənin tutulmasını tələb etməkdə haqlıdır.
20. Apellyasiya şikayətinin dəlillərinə dair apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh təhvil-təslim aktlarında adları göstərilən şəxslərin Cavabdeh MMCnin işçiləri olmadığını istinad etsə də, İddiaçı MMC ilə Cavabdeh MMC tərəfindən tərtib edilmiş üzləşmə aktında xx.xx.2023-xx.xx.2023-cü il tarixli dövr üzrə ödənilmiş və ödənilməli olan məbləğlər müəyyən edilmiş və həmin akt cavabdehin imza və möhürü ilə təsdiq edilmişdir. Cavabdeh isə həmin aktı və aktda istinad olunan elektron qaimələri mübahisələndirməmişdir. Dəbbə pulunun məbləği isə əsas borcun 5 faizi həddində müəyyən olunub və ona görə də, tənasübsüz yüksək məbləğ kimi qiymətləndirilə bilməz. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
21. Cavabdeh MMC kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 858.3-cü maddəsinin tələbləri pozulmuşdur. Belə ki, tərəflər arasında yükdaşıma müqaviləsinin bağlanması və iddia tələbinin əsası qismində məhz bu müqavilənin çıxış etməsi işin mübahisəsiz halıdır. Müqavilə üzrə iddiaçının birinci instansiya məhkəməsinə təqdim etdiyi təhvil-təslim aktlarına nəzər saldıqda məlum olur ki, malların təhvil alınmasında iştirak edən və həmin aktları imzalayan şəxslər şirkətin nümayəndəsi qismində çıxış edə bilməzdilər. Belə ki, bu mənada onların səlahiyyətini təsdiq edən heç bir sənəd və ya etibarnamə mövcud olmamışdır. İddiaçı qeyd olunan maddənin məzmununa uyğun olaraq həmin vaxt şirkətin nümayəndəsi qismində çıxış edən şəxslərin, həqiqətən də, cavabdehi təmsil etmək səlahiyyətinin mövcud olubolmamasını araşdırmalı, bununla da mülkiyyətçinin mənafelərini qorumalı idilər. Halbuki, iddiaçı bu mənada qanunda müəyyənləşdirilmiş öhdəliyini icra etməmiş, m alların bir çox hissəsini əldə etməkdən cavabdehi məhrum etmişdir.
23. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
24. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
25. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhk əməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
26. Cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini həmin qətnamənin maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtlə ri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haq q) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. 858.3-cü maddəsinə əsasən daşıyıcı yüklə rəftar üçün ona verilmiş səlahiyyətlərin icrası zamanı mülkiyyətçinin mənafelərini maksimum müdafiə etməyə borcludur. Bu vəzifələri öz təqsiri üzündən pozduqda o, zərərin əvəzinin ödənilməsi üçün məsuliyyət daşıyır.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmu ş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
29. Məhkəmə kollegiyası he sab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış və maddi hüquq normalarını düzgün tətbiq edərək əsaslı olaraq hesab etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə cavabdeh öhdəliyini tam icra etmədiyi üçün iddiaçıya qətnamə ilə müəyyən olunan məbləğdə pul ödəməlidir.
31. Cavabde h hazırda apellyasiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 858.3cü maddəsinin pozulmasına istinad edir. Həmin maddənin dispozisiya şərtinə əsasən daşıyıcı yüklə rəftarla əlaqədar vəzifələrini pozduqda mülkiyyətçiyə vurulan zərərin əvəzinin ödəməlidir.
32. Lakin, hazırkı daşıma müqaviləsi üzrə iddiaçının öhdəliyinin icrası zamanı cavabdehə ziyanın vurulması işin faktiki halları araşdırılan məhkəmələrdə iddia olunmamış və bununla bağlı sübutlar təqdim olunmamışdır.
33. Həmçinin, apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq hesab etmişdir ki, iddiaçı və cavabdeh tərəfindən tərtib edilmiş üzləşmə aktı cavabdehin imza və möhürü ilə təsdiq edilmiş, həmin aktda istinad olunan elektron qaimələr cavabdeh tərəfindən mübahisələndirməmişdir.
34. Odur ki, cavabdehin hazırda Mülki Məcəllənin 858.3- cü maddəsinin pozulmasına istinad etməsi əsassız olmuşdur.
35. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 07 may tarixli, 2-2(103)-434/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.