Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-54/2019 20.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Açıq Səhmdar Cəmiyyəti “xxxx” Məhdud Məsuliyyəti Cəmiyyətinə qarşı iş üzrə QƏRAR (iş № 2-2(102)-54/2019) Bakı şəhəri 20 fevral 2019-cu il GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, cavabdehin vəkili Vəkil2 iştirakı ilə İddiaçı ASC-nin cavabdeh “xxxx” MMC-yə qarşı əmlakın geri qaytarılması və pul tələbinə, “xxxx” MMC-nin İddiaçı ASC-yə qarşı təmir işlərinin ödənilməsi tələbinə dair iqtisadi iş üzrə Bakı Apellyasiya Məhkəmə sinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)380/2018 saylı, 31 avqust 2018-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 20 fevral 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, Sifarişçi qismində İddiaçı ASC (mətndə bundan sonra - iddiaçı) ilə İcraçı qismində “xxxx” MMC (mətndə bundan sonra - cavabdeh) arasında 09.06.2012-ci il tarixdə AX 596/0612 saylı Xidmət müqaviləsi imzalanmış, müqaviləyə əsasən, İcraçı Sifarişçinin təqdim etdiyi avtomobillərə tələb olunan təmir həcmlərini müəyyən edərək, avtomobilləri təmir etməyi, Sifarişçi isə bunun müqabilində İcraçıya haqq ödəməyi öhdəsinə götürmüşdür. 06.02.2012-ci il, 11.06.2012-ci il və 18.06.2012-ci il tarixli avtomolbil və mexanizmlərin təhvil - təslim aktlarına əsasən, “Volvo G-930” markalı AZ 10 F-879 dövlət nömrə nişanlı avtoqreyder, “Volvo SD-122D” markalı AZ 10 A-294 dövlət nömrə nişanlı torpaq basan katok və “Volvo” markalı 10 E 358 dövlət nömrə nişanlı avtoqreyder təmir olunması üçün cavabdehə təhvil verilmişdir. İddiaçı tərəfindən cavabdehə təmir işləri ilə əlaqədar 2013-cü il tarixli 001, 002, 003, 004 saylı təkliflər üzrə 50 faiz avans məbləği olaraq 66.435,72 AZN ödəniş həyata keçirilmişdir. Cavabdeh iddiaçıya 07.04.2014-cü il tarixli 675 nömrəli hesab təqdim edərək, 001 nömrəli təklif üzrə 24.265,52 manat, 663 nömrəli hesaba əsasən 002 nömrəli təklif üzrə 85.967,13 manat, 07.04.2014-cü il tarixli 665 nömrəli hesaba əsasən 003 nömrəli təkl if üzrə 41.514,76 manat və 07.04.2014-cü il tarixli 664 nömrəli hesaba əsasən 004 nömrəli təklif üzrə 41.955,79 manat ödənilməsini xahiş etmişdir. İddiaçı pretenziya qaydasında cavabdehə 30.08.2016-cı il tarixli 09-01/1577 saylı məktub ünvanlayaraq sonuncuya təhvil verilmiş texnikaların geri qaytarılmasını xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir. Bundan sonra, İddiaçı ASC “xxxx” MMC-yə qarşı məhkəmədə iddia qaldıraraq, AZ 10 A 294 nömrəli AZ 10 F879 nömrəli və AZ 10 E 358 nömrəli nəqliyyat vasitələrinin cavabdehdən alınaraq iddiaçıya geri qaytarılması, müqavilə üzrə iddiaçının ödədiyi 66.435,72 manat vəsaitdən qalıq 57.435,72 manatın, həmin vəsaiti qanunsuz saxlamaqla faydalanmağa görə 9.397,77 manatın, manatın ən azı 100 faiz həcmində dəyərsizləşməsi nəzərə alı naraq 57.435,72 manatın, dövlət rüsumu kimi 30 manatın, nəqliyyat vasitələrindən çıxarılmış ehtiyat hissələrinin real dəyəri olan, cəmi 124.299,21 manatın və nəqliyyat vasitələrindən çıxarılmış ehtiyat hissələrinin real dəyərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Eyni zamanda, cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək, iddiaçıya məxsus nəqliyyat vasitələrinin təmiri ilə əlaqədar olaraq ödənilməmiş 110.050,28 manat pulun iddiaçıdan tutularaq ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-31/2018 saylı, 12 mart 2018-ci il tarixli qətnaməsi ilə (hakim: A.Ə.Hüseyn) ilkin iddia tələbi qismən təmin edilərək, AZ 10 A 294 nömrəli, AZ 10 F 879 nömrəli və AZ 10 E 358 nömrəli nəqliyyat vasitələrinin “xxxx” MMC-dən alınaraq İddiaçı ASC-yə qaytarılması, ilkin iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddianın təmin edilərək, iddiaçıya məxsus nəqliyyat vasitələrinin təmirinin ümumi dəyərindən qalıq qalan ödənilməyən 110.050,28 manatın və ödənilmiş dövlət rüsumunun əvəzi 30 manatın İddiaçı ASC-dən tutularaq “xxxx” MMC-yə ödənilməsi qət edilmiş, qətnamənin icra qaydası müəyyən edilərək, qarşılıqlı iddia tələbi üzrə pul məbləği ödənildikdən sonra ilkin iddia tələbi üzrə qaytarılması nəzərdə tutulan nəqliyyat vasitələrinin geri qaytarılması müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi 12.12.2017-ci il tarixli, 9563 saylı ekspert rəyini mötəbər sübut kimi qəbul edərək, xidmət müqaviləsi üzrə təmir xərclərinin ümumi məbləğini 176.486 manat qəbul etmiş və qeyd edilən texnikaların təmiri üçün iddiaçı tərəfindən 66.435,72 manat ödənildiyini nəzərə alaraq, qalıq borcun 110.050,28 manat olması qənaətinə gəlmişdir. Qətnamədən narazı qalan İddiaçı ASC tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-380/2018 saylı, 31 avqust 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən: E.E.Nağıyeva, hakimlər: H.Ü.Həmidov və X.Ə.Sarıyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə - 43.614, 56 manatın iddiaçıdan tutularaq cavabdehə ödənilməsinin təmin edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. İddiaçı ASC həmin qətnamədən naraz ı qalaraq kasassiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-380/2018 saylı, 31 avqust 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və qarşılıqlı iddianın qismən 43.614,56 manat hissəsində rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassator hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qətnaməsi qanuna zidd, əsassız və ədalətsizdir. Belə ki, İddiaçı ASC tərəfindən iş materiallarına xidmət müqaviləsinin şərtlərinə görə 50 faiz avans ödənişi barədə ödəniş tapşırığı əlavə edilmişdir. Ödəniş tapşırığına əsasən texnikaların təmir xərci üçün 66.435,72 manat məbləğində 50 faiz qabaqcadan avans şəkilində “xxxx” MMC-nin hesabına ödənilmişdir. Ödəniş tapşırığının məzmunundan aydın olur ki, ödənilmiş məbləğ ümumi məbləğin yarısıdır. Beləliklə də, buradan aydın olur ki, qarşı tərəfə ödəniləcək cəmi məbləğ 132.871,44 manat olmalıdır. Qeyd edilən avans ödənildikdən sonra cavabdeh bununla razılaşmış və təmirə başlamışdır. Lakin, məhkəmə iclasında qarşı tərəf işçilik haqqını da tələb etmişdir. Halbuki, avans ödənilərkən işçilik haqqının da ödənilməsi barədə iddiaçıya müraciət etməmiş və ödənilmiş məbləği qəbul etmişdir. Əks təqdirdə, ödənilmiş məbləğlə razılaşmamalı və əlavə avansın ödənilməsi ilə bağlı iddiaçıya müraciət edilməli idi. Lakin məhkəmə bu hala düzgün hüquqi qiymət verməmişdir. Bundan əlavə, iş materiallarına əlavə edilmiş təklifləri iddiaçı tərəfindən kimin imzalaması göstərilməmişdir. Halbuki, tərəflər arasında bağlanılmış müqavilənin 1 saylı Əlavəsinin 2-ci bəndind ə qeyd edilmişdir ki, qiymətlərin razılaşdırılması protokolları və təhvil-təslim aktları sifarişçi tərəfindən Cahangir Qasımov tərəfindən imzalandığı təqdirdə etibarlı sayılır. Lakin, məhkəmə müqavilənin həmin bəndinə də hüquqi qiymət verməmişdir. İddiaçı həmçinin bildirmişdir ki, cavabdeh tərəfindən təqdim edilən təkliflərin əsilləri olmamış, məhkəmələr isə həmin təkliflərin kserosurətini sübut kimi qiymətləndirərək onlara istinad etmişdir. Halbuki, həmin təkliflərin əsilləri və ya lazımi qaydada təsdiq edilmiş surətləri tədqim edildiyi halda məhkəmə onları sübut kimi qəbul edə bilərdi. Beləliklə də iddiaçı hesab edir ki, məhkəmələr şikayət olunan qətnamədə formal üsul və vasitə ilə qarşılıqlı iddianı təmin etmişdir ki, bütün bunlar da Konstitusiya prinsiplərinə, maddi və prosessual qan un normalarının kobud şəkildə pozulmasına gətirib çıxaran bir hərəkət kimi qiymətləndirilir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Cavabdehin vəkili Vəkil2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətində etiraz edərək onun təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. İddiaçının nümayəndəsinin məhkəmə iclasında iştirak etmədiyinə baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzrlü səbə b olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. (MPM-nin 415.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti qismən –apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi hissəsində əsaslıdır. Belə ki, tərəflər arasında bağlanmış xidmət müqaviləsinin 2.1-ci bəndinə əsasən, avtomobillərin təmiri üçün qiymətlər təmir işlərinin görülməsindən qabaq tərəflərin imzaladıqları qiymətlərin razılaşdırılması protokollarında müəyyən edilir. 2.3-cü bəndə əsasən, icraçı avtomobili təmir etdikdən sonra görülmüş işlərin sifarişçiyə təhvil verilməsi barədə təhvil-təslim aktı tərtib edilir və tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalanır möhürlənir və bundan sonra ödəniş həyata keçirilir. 2.5-ci bəndə əsasən, qiymətlərin razılaşdırılması protokollarını və təhvil-təslim aktlarını imzalamaq hüququna malik olan tərəflərin səlahiyyətli nümayəndələrinin adları bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilir. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, qeyd edilən müqavilə üzrə 05.04.2013-cü il tarixli 001, 002, 003 və 004 saylı təkliflərə əsasən təmir xərclərinin cəmi dəyərinin 50 faizi, yəni 66.435,72 manat iddiaçı tərəfindən cavabdehin hesabına ödənilmişdir. Həmin ödəniş tapşırığından belə anlaşılır ki, tərəflər arasında 4 təklif üzrə təmi r işlərinin ümumi dəyərinin 132.871,44 manat olması barədə razılıq əldə edilmiş və həmin məbləğin 50 faizi sifarişçi – iddiaçı tərəfindən ödənilmişdir. Eyni zamanda kassasiya şikayətindən də görünür ki, iddiaçı özü də müqavilə üzrə görülmüş təmir işləri ilə bağlı razılaşdırılmış qiymətin 132.871,44 manat olmasını etiraf etmişdir. Lakin işə baxan məhkəmələr 001, 002, 003 və 004 saylı təkliflərə istinad edərək, müqavilə üzrə görülmüş işlərin dəyərinin 132.871,44 manatdan çox olduğunu qəbul etmişlər. İş materiallarına əlavə edilmiş 07.04.2014-cü il tarixli, 663, 664, 665 və 675 saylı hesab-invoysların kserosurətindən görünür ki, yuxarıda qeyd edilən müqavilə üzrə ümumilikdə sifarişçidən 193.703,40 manat məbləğində pulun ödənilməsi xahiş edilmiş, həmin invoyslara əsasən 001, 002, 003 və 004 sa ylı təkliflər üzrə 132.871,44 manat təmir xərcindən əlavə, servis və ehtiyat hissələrinin dəyəri də tələb edilmişdir. İnvoyslardakı təkliflərin tarixini və ümumi ödənilməli məbləğləri nəzərdən keçirdikdə görünür ki, həmin invoyslardakı məlumatlarla iş materiallarına əlavə edilmiş təkliflərdəki məlumatlar arasında ciddi uyğunsuzluq var. Belə ki, invoysda 002 saylı təklifin tarixi 26.02.2013-cü il, tələb edilən ümumi məbləğ 85.967,13 manat qeyd edilsə də (iş vərəqə 85), işdəki 002 saylı təklif tamam başqa tarixli - 05.04.2013-cü il tarixli olmaqla, ödənilməli cəmi məbləğ 79.643,05 manat qeyd edilmişdir. (iş vər 170-176) Eyni ziddiyyət 003 saylı təklifdə də müşahidə olunur. Belə ki, invoysda 003 saylı təklifin tarixi 26.02.2013-cü il, tələb edilən ümumi məbləğ 41.514,76 manat qeyd edilsə də (iş vərəqə 83), işdəki 003 saylı təklif tamam başqa tarixli - 05.04.2013-cü il tarixli olmaqla, ödənilməli cəmi məbləğ 38.093,07 manat qeyd edilmişdir. (iş vər 183-185) Eyni ziddiyyət 004 saylı təklifdə də müşahidə olunur. İnvoysa əsasən, 004 saylı təklifin tarixi 26.02.2013-cü il, tələb edilən ümumi məbləğ 41.955,79 manat qeyd edilsə də(iş vərəqə 84), işdəki 004 saylı təklif tamam başqa tarixli - 05.04.2013-cü il tarixli olmaqla, ödənilməli cəmi məbləğ 35.631,60 manat qeyd edilmişdir. (iş vər 186-188) Lakin işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası qeyd edilən invoysları təkliflərlə qarşılıqlı şəkildə araşdırmamış, göstərilən ziddiyyətləri aşkara çıxarmamış, onların aradan qaldırılması üçün işin hallarını tam və hərtərəfli araşdırmamışdır. 001 saylı təklif isə ümumiyyətlə işə ə lavə edilməmişdir. Halbuki, qətnamədə işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Bununla yanaşı, məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, qəbul etdiyi hər bir sübutun məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini aydın göstərməlidir. Bundan əlavə, istər birinci instansiya, istərsə də apellyasiya instansiya məhkəməsi mülki prosessual qanunvericiliyin tələblərini pozaraq təkliflərin və invoysların əslini deyil, adi kserosurətini sübut qismində qəbul etmiş, bununla da mülki mühakimə icraatını həyata keçirərkən MPM ilə müəyyən edilmiş qaydalara riayət etməmişlər. Belə ki, MPM-in 89.1-ci maddəsinə müvafiq olaraq yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və s. sənəd və materiallardır. Qeyd edilən məsələ ilə bağlı “N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının” Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenu munun 13 iyun 2008-ci il tarixli qərarında qeyd edilir ki, MPM-in 89.3-cü maddəsinə əsasən məhkəməyə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilməlidir. Lakin, mülki işə baxılarkən qanunun həmin tələbinə riayət edilməmiş, mülki işə əlavə edilmiş yuxarıda göstərilən yazılı sənədin surəti lazımi qaydada təsdiq olunmamışdır. Bu isə həmin sənədə sübut kimi istinad edilməsini istisna edir. Eləcə də, apellyasiya instansiya məhkəməsi müqavilədə sifarişçi tərəfindən təkliflərin kim tərəfindən imza edilməsi ilə bağlı xüsusatı da araşdırmamışlar. Belə ki, müqaviləyə 1 saylı əlavəyə əsasən, qiymətlərin razılaşdırılması protokolları və təhvil-təslim aktları sifarişçi tərəfindən xxx, icraçı tərəfindən xxx imzaladığı təqdirdə etibarlı sayılır. İlkin iddia ərizəsindən g örünür ki, iddiaçı ilk vaxtdan ərizəsində bildirmişdir ki, cavabdeh tərəfindən müxtəlif vaxtlarda verilmiş təkliflərdə ehtiyat hissələrinin siyahıda bir neçə dəfə təkrarən göstərilməsi, qiymətlərin şişirdilməsi hallarına yol verilməsi, bəzi ehtiyat hissələrinin isə əsassız dəyişdirilməsi barədə təkliflə çıxış edilməsi səbəbindən aralarında razılıq əldə edilməmiş və qiymət razılaşma protokolları imzalanmamışdır. Hazırda da, iddiaçı kassasiya şikayətində bildirir ki, cavabdehin istinad etdiyi və məhkəmələrin sübut kimi qiymətləndirdiyi qiymətlərin razılaşdırılması barədə təkliflər iddiaçının səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmamışdır. Lakin işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası qeyd edilən xüsusatı araşdırmamışdır. Odur ki, təkrar apellyasiya baxışı zamanı qeyd edilən təkliflərin və invoysların əsilləri məhkəmə tərəfindən tələb olunmalı, qiymətlərin razılaşdırılmasına dair təkliflərin iddiaçı və cavabdehin səlahiyyətli nümayəndələri tərəfindən imzalanıb-imzalanmadığı müəyyən edilməlidir. Ekspertin rəyinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında xidmət müqaviləsi üzrə hüquq münasibətləri yarandığından, müqavilə üzrə göstərilmiş xidmət müqabilində ödəniləcək məbləğin müəyyən edilməsi ekspertin rəyi ilə deyil, müqavilə kontekstində, tərəflər arasında əldə olunmuş razılığa əsasən müəyyən edilməlidir. Belə ki, Mülki Məcəllənin 398.1-ci maddəsində deyilir ki, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdi rilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. 398.2-ci maddəyə əsasən, müqavilə bağlandıqdan sonra qiymətin dəyişdirilməsinə müqavilədə və ya bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada yol verilir. Qeyd olunmalıdır ki, qətnamə mövcud situasiyaya hüquqi qiymət verməklə bərabər ədalətin bərpa edilməsinə yönəlməlidir. Ədalətli məhkəmə araşdırması hüququ əsas insan hüquq və azadlıqları arasında olmaqla bərabər, digər hüquqların qarantı rolunda çıxış edir. Ədalətli məhkəmə araşdırması hüququ işin məhkəmədə baxılması və qərar əldə edilməsi hüququnu deyil, məhz işin ədalətli baxılması və ədalətli məhkəmə qərarlarının əldə edilməsi hüququnu ehtiva edir. Əks halda, bu hüququn xəyali və nəzəri hala gəlməsi, digər hüquqları da qeyri-praktiki və illuziya halına gətirər. “Bezimyannaya Rusiyaya qarşı” iş üzrə 22 dekabr 2009-cu il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi hər kəsin mülki hüquq və vəzifələrinə dair tələblə məhkəməyə müraciət etmək hüququnun olmasını təmin edir. Bu yalnız məhkəmə araşdırmasını başlatmaq hüququnu deyil, həmçinin mübahisələrin məhkəmələr tərəfindən ədalətli həll edilməsi hüququnu ehtiva edir. Məhkəmə araşdırması aparılmadığı təqdirdə prosessual təminatların, o cümlədən məhkəmə baxışının açıqlığı, ədalətliliyi və çevikliyi kimi prinsiplərin heç bir hüquqi əhəmiyyəti yoxdur. Demokratik cəmiyyətdə ədalətli məhkəmə araşdırması hüququ vasitəsilə “məhkəməyə müraciət etmək hüququ”na xüsusi önəm verilir. Konv ensiyanın 6-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş “məhkəməyə müraciət etmək hüququ”nun məhdud şərh edilməsi bu maddənin məqsədi və predmeti ilə uyğunsuzluq təşkil edir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. ( 217.1 və 217.3) Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi MPM-in 217-ci maddəsinin tələblərinə uyğun qəbul edilməmişdir. Ona görə apellyasiya instansi yası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Qeyd olunmalıdır ki, qarşlıqlı iddia üzrə iddiaçı birinci və apellyasiya instansiyası məhkəməsinin qətnamələrini mübahisələndirməmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ilkin iddiaçının apellyasiya şikayətinə əsasən 43.614,56 manatın iddiaçıdan tutularaq cavabdehə ödənilməsi hissəsində yoxlayaraq həmin hissədə qətnaməni dəyişdirilmədən saxlamışdır. Hazırda da ilkin iddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, qarşılıqlı iddianın həmin hissədə rədd edilməsini xahiş edir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, işə yenidən apellyasiya qaydasında baxılarkən birinci instansiya məhkəməsinin qətnaməsi “43.614,56 manatın iddiaçıdan tutularaq cavabdehə ödənilməsi” hissəsində yoxlanılmalıdır. Nəticə hissəsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.1, 418.1 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-380/2018 saylı 31 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-31/2018 saylı, 12 mart 2018-ci il tarixli qətnaməsinin “iddiaçıdan 43.614,56 manatın tutularaq cavabdehə ödənilməsi” hissəsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-2(102)-54/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-54/2019
20.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver