Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-540/2025 05.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası İddiaçı MMC-nin Cavabdeh MMC-yə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2) qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi, verilən malların dəyərinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, hakimlər Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2) alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 23 aprel tarixli 2-2(107)-52/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında 2019-cu il 15 yanvar tarixli 01/2019 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən satıcı alıcıya gübrə və pestisid satmağı, alıcı isə həmin malı qəbul edib müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. 2. 2019-cu il 15 yanvar tarixli qiymətlərin razılaşdırma protokoluna əsasən satıcı İddiaçı MMC alıcı Cavabdeh MMC-yə cəmi 19.839,90 manat dəyərində 12,3 ton “Kristalon Plus 20-20-20”, cəmi 29.034 manat dəyərində 18 ton “Kristalon 13-40-13”, cəmi 93.436 manat dəyərində 71 ton “Krista K Plus (potassium nitrate) 28342100”, cəmi 684.500 manat dəyərində 500 ton “Krista MgS (magnesium sulphate) 28332100” və cəmi 372.388,46 manat dəyərində 230,87 ton “Krısta MKP (monopotassium phosphate)” olmaqla, ümumilikdə 1.199.198,36 manat dəyərində cəmi 832,17 ton malları satmağı öhdəsinə götürmüşdür.
3. Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında 2023-cü il 24 yanvar tarixli üzləşmə aktı tərtib edilmişdir. Həmin aktda qeyd edilmişdir ki, 2019-cu il 15 yanvar tarixli 01/2019 saylı alqı-satqı müqaviləsinə görə Cavabdeh MMC-nin İddiaçı MMC-yə gübrə və pestisid satışından 1.199.198,36 manat borcu qalmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh” ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanılmış 2019-cu il 15 yanvar tarixli alqı-satqı müqaviləsinə əsasən yaranmış 1.199.198.36 (bir milyon yüz doxsan doqquz min yüz doxsan səkkiz manat 36 qəpik) manat məbləğində borcun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən və üzləşmə aktından uzun müddət keçsə də, cavabdeh hər hansı ödəniş etməmişdir. Cavabdeh müqavilə şərtlərini birtərəfli qaydada pozmaqla və müqavilə öhdəliklərini yerinə yetirməməklə iddiaçının hüquqlarını pozmuşdur.
6. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində iştirak etməmişdir.
7. Şəki Kommersiya Məhkəməsinin 2024-cü il 25 dekabr tarixli e-2-2(117)-1595/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim – Mübariz Hüseynov).
8. Məhkəmənin mövqeyi belə olmuşdur ki, iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirərək qiymətlərin razılaşdırma protokolu ilə razılaşdırılmış malları cavabdehə satsa da, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etmədiyindən ödənilməmiş 1.199.198,36 manat borcu qalmışdır. Cavabdeh üzləşmə aktında həmin borcu etiraf etmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlı olsa da, iddia tələbinə qarşı hər hansı münasibət bildirməmiş, borcdan ödəniş edib-etməməsi ilə bağlı məlumatları təqdim etməmişdir. Bu səbəbdən, məhkəmə tərəfindən işə baxılması təxirə salınmamış, ekspertiza təyin edilməmiş və digər əlavə araşdırma aparılmamışdır.
9. Məhkəmə iddiaçının tələbi ni əsaslandıran halları nəzərdən keçirib qeyd etmişdir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, cavabdehin üzərinə isə iddia tələbi üzrə etirazlarını əsaslandırmaq vəzifəsi qoymuş, məhkəmənin isə həmin sübutlara hüquqi qiymət verməsi üçün müəyyən hədlər müəyyən etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək dövlət rüsumunun cavabdehdən tələb olunmadığını bildirdiyindən, birinci instansiya məhkəməsi dövlət rüsumunu cavabdehdən tutmamışdır.
10. Gəldiyi nəticəni məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 386.1, 442, 445.2, 448.1, 448.2, 567, 600.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 77.1, 81, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əs aslandırmışdır.
11. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv olunması, iddia müddəti tətbiq olunmaqla iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Apellyasiya baxışı zamanı 2023-cü il 24 yanvar tarixli üzləşmə aktını imzalamış X2 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur.
13. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 23 aprel tarixli 2-2(107)-52/2025 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul olunaraq iddia tələbi rədd edilmişdir (sədrlik edən – Zülfüqar Sadiqov, hakimlər – Elçin Hüseynov və Əyyub Kərimov).
14. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, müqavilədə ödəniş üçün dəqiq tarix göstərilməsə də, onun şərtləri ödənişin qabaqcadan həyata keçirilməsini nəzərdə tutur və bu da MM-in 599-cu maddəsinə uyğun olaraq “qabaqcadan ödəniş” hesab olunur. Beləliklə, öhdəliklərə görə əvvəlcə alıcı malları sifariş etməli, elektron qaimə-faktura almalı, sonra ödəniş etməli və yalnız bundan sonra satıcı malları təhvil verməlidir. Lakin iş materialları və tərəflərin izahatları əsasında müəyyən olunmuşdur ki, satıcı tərəfindən alıcıya heç bir elektron qaimə-faktura təqdim edilməmişdir. Halbuki, bu sənədin təqdim olunması həm müqavilə ilə birbaşa təsbit edilmiş, həm də kommersiya fəaliyyəti göstərən hüquqi şəxslər arasında alqı-satqı və xidmət münasibətlərində qanunvericiliklə icrası məcb uri olan tələbdir.
15. Apellyasiya məhkəməsi iddiaçının təqdim etdiyi 2023-cü il 24 yanvar tarixli üzləşmə aktını təhlil edərək qeyd etmişdir ki, həmin sənəd 2019-cu il 15 yanvar tarixli 01/2019 nömrəli alqı-satqı müqaviləsinin icra dövründə və ya müqavilənin müddəti bitən 2020-ci il 15 yanvar tarixində deyil, yalnız müqavilə müddəti bitdikdən 3 il sonra – 24 yanvar 2023-cü ildə tərtib olunmuşdur. Akt tərtib edilərkən cavabdehin qanuni təmsilçisi müqavilə dövründə və ya sonrakı mərhələlərdə olan şəxslər deyil, başqa şəxslər olmuşdur. Dövlət Reyestri məlumatlarından göründüyü kimi, müqavilə bağlanarkən baş direktor X4, müddəti bitdikdə X1, üzləşmə aktı tərtib edilərkən X2, iddia ərizəsi verildikdə isə Nümayəndə olmuşdur. Həmçinin bu dövrdə cavabdehin təsisçiləri də bir neçə dəfə dəyişmişdir. 2023-cü il 24 yanvar tarixində aktı imzalayan X2 müqavilənin bağlandığı və icra edildiyi dövrdə cavabdehin qanuni təmsilçisi olmamış, təxminən 4 il əvvəlki alqı-satqı üzrə borcun dəqiq miqdarını müvafiq maliyyə-mühasibatlıq sənədləri olmadan müəyyən edə bilməzdi. Bu səbəbdən də üzləşmə aktının təsdiqi üçün əsaslı sənədlər – xüsusilə müqavilə şərtlərinə uyğun olaraq təqdim edilməli olan elektron qaimə-fakturalar və digər maliyyə-mühasibatlıq sənədləri məhkəməyə təqdim edilməli idi. Lakin iddiaçı bu sənədlərin mövcud olmadığını, alqı-satqının qarşılıqlı etimad əsasında aparıldığını bildirmişdir. Halbuki, 832,17 ton gübrə və pestisid maddələrinin dəqiq uçot və qeydiyyatsız satılması mümkün deyildir. Qiymətlərin razılaşdırma protokolundan da göründüyü kimi, alqı-satqı müxtəlif növdə və müxtə lif qiymətlərlə malları əhatə etdiyindən, belə böyük həcmli ticarət əməliyyatının yalnız lazımi qaydada tərtib edilmiş maliyyə-mühasibatlıq sənədləri ilə təsdiqi mümkündür.
16. Apellyasiya məhkəməsi əlavə olaraq qeyd etmişdir ki, məlum müqavilə üzrə öhdəliklərin yarandığı və icra edildiyi dövrdə cavabdeh hüquqi şəxsin icra orqanının rəhbəri olmayan X2, heç bir sənədə istinad edilmədən 2023-cü il 24 yanvar tarixli üzləşmə aktını imzalamış, lakin təxminən iki ay sonra – 2023-cü il 27 martda artıq cavabdehin baş direktoru olmamışdır. Bu səbəbdən, müqavilənin bağlanmasından 4 il, müddətinin bitməsindən isə 3 ildən artıq vaxt keçdikdən sonra mötəbər maliyyə-mühasibatlıq sənədlərinə əsaslanmadan tərtib edilmiş üzləşmə aktının – 832,17 ton gübrə və pestisid maddələrinin 1.199.198,36 manat dəyər ində satılmasını və bu məbləğin ödənilmədiyini təsdiqləyən etibarlı sübut kimi qəbul edilməsi mümkün deyildir. Halbuki, müqavilə üzrə qabaqcadan ödəniş nəzərdə tutulduğundan, iddiaçı (satıcı) belə ödəniş edilmədiyi halda malları alıcıya verdiyini dəqiq və şübhə doğurmayan sübutlarla təsdiq etsəydi, həmin malların dəyərini tələb etmək hüququna malik olardı. Lakin iş materiallarına görə iddiaçı bu cür sübutları məhkəməyə təqdim etməmiş və araşdırma zamanı da iddiasını qanunvericilikdə nəzərdə tutulmuş qaydada əsaslandıra bilməmişdir.
17. Apellyasiya məhkəməsi, cavabdeh tərəfindən verilmiş “iddia müddətinin tətbiq edilməsi” barədə ərizəni də araşdıraraq qeyd etmişdir ki, iş materialları və “Elektron məhkəmə” informasiya sistemindəki məlumatlara görə iddia ərizəsi 2024-cü il 5 noyabr tarixdə i craata qəbul edilmiş, həmin gün imzalanan bildiriş isə yekun imza ilə təsdiqlənmədiyindən cavabdehə çatdırılmış hesab edilə bilməz. Nəticədə, cavabdeh 2024cü il 4 dekabr tarixdə keçirilən hazırlıq iclasında iştirak etməmiş, baxış iclası 2025-ci il 25 dekabr tarixə təyin edilmiş, lakin bu iclasa dair elektron bildirişlər yalnız həmin gün – iclasdan təxminən bir saat əvvəl imzalanaraq göndərilmişdir. Həmçinin, qanuni təmsilçi barədə məlumatlar iclasdan bir neçə dəqiqə əvvəl əldə olunmuş və SMS-xəbərdarlıqlar da iclas vaxtına çox yaxın göndərilmişdir. Beləliklə, cavabdeh məhkəmə iclaslarında iştirak edib etirazlarını, sübutlarını və “iddia müddətinin tətbiq edilməsi” barədə ərizəsini təqdim etmək imkanı əldə etməmişdir. İddiaçı isə bu ərizəyə etiraz edərək iddia müddətinin ötürülmədiyini bild irmişdir. Çünki 2023-cü il 24 yanvar tarixində imzalanmış üzləşmə aktından iddia ərizəsi verilənədək üç il keçmədiyini bildirmişdir. Cavabdeh isə müqavilənin bağlanmasından 5 il sonra iddia qaldırıldığını əsas gətirərək iddia müddətinin ötürüldüyünü göstərmişdir.
18. Məhkəmə müəyyən etmişdir ki, 2019-cu il 15 yanvar tarixli müqavilə üzrə ödənişin əvvəlcədən edilməsi nəzərdə tutulduğundan, iddia müddətinin başlanma vaxtının müəyyən edilməsi üçün malların verilmə tarixi təsdiqlənməli idi. Lakin iddiaçı bu barədə sübut təqdim etməmiş, malların verilmə vaxtı müəyyən edilməmişdir. Bu halda, müqavilənin müddəti 2020-ci il 15 yanvar tarixində başa çatdığı üçün üç illik iddia müddəti həmin tarixdən etibarən ötürülmüşdür. MM-in 377.1 və 377.2-ci maddələrinə görə iddia müddəti hüququn pozulduğu anda n və icra müddəti bitdikdən sonra başlanır, sonradan 2023-cü il 24 yanvar tarixdə imzalanmış üzləşmə aktı isə iddia müddətinin yenidən başlanması üçün əsas ola bilməz.
19. Nəticə etibarilə, məhkəmə qeyd etmişdir ki, iddia tələbi əsaslı olsaydı, iddia müddətinin tətbiqi hüquqi əhəmiyyət daşıyardı. Lakin cavabdeh apellyasiya şikayətində borcun ümumiyyətlə mövcud olmadığını, malların verilmədiyini və bunu təsdiqləyən sübutların təqdim edilmədiyini əsas gətirdiyindən, iddia tələbinin əsassızlığı ilə bağlı dəlillər həlledici hesab edilmişdir.
20. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 14.2, 14.2.1, 373.2, 375.1, 375.2, 377.1, 377.2, 377.3, 385.1, 386.1, 399.1, 404.1, 425.1, 425.2, 427.3, 430.1, 441.1, 441.3, 441.4, 442, 567, 568.1, 569.1, 598.1, 599.1, 599.2-ci, Azərbaycan Respublikası Ve rgi Məcəlləsinin (bundan sonra – “VM”) 71-1.2, 71-1.1, 71-1.1.1, 71-1.1.2, 71-1.1.3, 71-1.1.5, 71-1.2, 71-1.5, 71-1.5.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.1, 1.2, 1.3, 2.1, 2.5.3, 2.10, 3.1, 3.2, 3.7.1, 3.7.2, 3.7.3, 3.7.11-ci bəndlərinə, MPM-in 2.1, 2.2, 9, 14.2, 76.1,76.2, 77.1, 77.3, 88, 89.1, 89.2, 106.1, 106.3, 165-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
21. İddiaçı qətnamədən kassasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. MM-in 404-cü maddəsi üzrə - məhkəmə müqavilənin şərtlərini yalnız formal məna ilə qiymətləndirib, tərəflər arasında əvvəlki əməkdaşlığı və işgüzar münasibətləri nəzərə almayıb. Halbuki, tərəflər arasında uzun müddət gübrə və pestisidlərin alqı-satqısı mövcud olub və bu, əməkdaşlığın qanuni əsaslarla aparıldığını göstərirdi. Cavabdehin iddia etdiyi kimi təsisçilərin dəyişməsi isə əksinə, işgüzar münasibətlərin davamlılığına zərbə vuraraq iddiaçı şirkəti çətin vəziyyətə salmışdır.
23. MM-in 428.2-ci maddəsi üzrə - bu maddəyə əsasən tərəflər arasında bağlanmış müqavilədə əvvəl ödəniş, sonra malların verilməsi nəzərdə tutulsa da, iddiaçının malları əvvəl verməsi qanuna zidd deyildir. Çünki öhdəliyin vaxtından əvvəl icrası yol verilməz deyildir. İddiaçı öz əsas vəzifəsini – malları təqdim etməyi – ic ra etmişdir. Ona görə də apellyasiya məhkəməsinin “öncə ödəniş, sonra mal” mövqeyi yanlışdır və iddiaçının hərəkətlərində qanun pozuntusu yoxdur.
24. MM-in 88-ci maddəsi üzrə - apellyasiya məhkəməsi sübutların qiymətləndirilməsi qaydalarını pozmuşdur. İddiaçı tərəfindən alqı-satqı müqaviləsi, qiymətlərin razılaşdırılması protokolu və üzləşmə aktı iddianın əsassız olmadığını təsdiq edən mühüm sübutlardır. Cavabdeh bu sənədlərin etibarlılığını şübhə altına alaraq, guya malların təhvil verilmədiyini, idxal sənədlərinin təqdim edilmədiyini və bu həcmdə gübrə və pestisidlərə ehtiyac olmadığını iddia etmişdir. Lakin iddiaçı tərəfindən gömrük bəyannamələri və digər idxal sənədləri təqdim edilməklə malların ölkəyə gətirilməsi sübuta yetirilmişdir. Bundan başqa, cavabdehin 1600 hektardan artıq torp aq sahəsinə malik olması bu həcmdə gübrə və pestisidlərin alınmasını zəruri etdiyini göstərir. Apellyasiya məhkəməsi yalnız elektron qaimə-faktura və təhvil-təslim aktının təqdim edilməməsini əsas götürərək digər sübutların hüquqi əhəmiyyətini nəzərə almamış, tərəflər arasında uzunmüddətli əməkdaşlıqda mövcud olan qarşılıqlı etimadı və məhz bu səbəbdən mühasibat sənədlərinin hər dəfə tərtib edilmədiyini qiymətləndirməmişdir. Halbuki, MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutları hərtərəfli, tam və obyektiv araşdırmalı və onların məcmusuna qiymət verməlidir. Məhkəmənin yalnız müəyyən sənədlərin olmamasına istinad etməsi sübutların birtərəfli qiymətləndirilməsi deməkdir və nəticədə iş üzrə həqiqi hallar müəyyən edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya ş ikayətinə qarşı etiraz təqdim olunmamışdır. Kassasiya baxışının hədləri
26. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır. Tətbiq edilən hüquq
27. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
49. Hüquqi şəxsin orqanları 49.1. Hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Hüquqi şəxsin orqanlarının seçilməsi və ya təyin edilməsi qaydası, müvafiq olaraq, nizamnamə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Əmanətlərin sığortalanması haqqında” ilə müəyyənləşdirilir.” Azərbaycan Respublikasının qanunları “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.9. Borclu öz qanuni təmsilçisinin və öhdəliklərinin icrası üçün xidmətlərindən istifadə etdiyi digər şəxslərin hərəkətləri üçün özünün təqsirli hərəkətləri üçün olan həcmdə məsuliyyət daşımalıdır.” Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.3. Borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır.” “Maddə
373. İddia müddətləri 373.2. Müqav ilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.” “Maddə
377. İddia müddətinin başlanması 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır.” “Maddə 4
04. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.” “Maddə
567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə
568. Satıcının əşyanı vermək vəzifəsi 568.1. Satıcı alğı-satqı müqaviləsində n əzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.” “Maddə
598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.3. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər.”
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən e dərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.” “Maddə
119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” “Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.4. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. 417.2.Bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun.” Kassasiya instansiya məhkə məsinin mövqeyi
29. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yeni qərar qəbul edilərək, iddia təmin edilməlidir.
30. Belə ki, işin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən olunan hallarına görə tərəflər arasında 2019-cu il 15 yanvar tarixli 01/2019 nömrəli alqı-satqı müqaviləsi və qiymətlərin razılaşdırma protokolu tərtib olunaraq imzalanmış, həmin müqavilə və protokol tərəflərin qanuni təmsilçiləri tərəfindən imzalanmış və möhürlə təsdiq edilmiş, həmin müqaviləyə aid 2023-cü il 24 yanvar tarixli üzləşmə aktı tərtib edilmiş və cavabdehin qanuni təmsilçisi müqavilə üzrə verilmiş mallara görə 1.199.198,36 manat borcun olduğunu öz imzası və hüquqi şəxsin möhürü ilə təsdiq etmişdir.
31. Bununla b elə apellyasiya instansiyası məhkəməsi həmin üzləşmə aktını iş üzrə malların təqdim edilməsini təsdiqləyən mötəbər sübut kimi qəbul etməmiş və bunu tərəflər arasında bağlanmış müqavilə şərtlərinə əsasən alqı-satqının baş tutması üçün əvvəlcə alıcının malları qabaqcadan satıcıya sifariş etməsi, həmin sifariş təsdiq edildikdən və satıcının təqdim etdiyi elektron qaimə-fakturanı aldıqdan sonra alıcının sifariş etdiyi malların dəyərini ödəməsi və yalnız bu ödəniş edildikdən sonra isə satıcı malı 3 gün ərzində alıcıya təhvil verməli olması ilə əsaslandırmışdır.
32. Göründüyü kimi apellyasiya məhkəməsi MM-in 599-cu maddəsinə istinadla müqavilənin hərfi mənasından çıxış edərək, ödənişin sırf qabaqcadan edilməli olduğunu, o cümlədən sifariş və elektron qaimə-fakturaların göndərilməli olduğunu, bu edilmədiyi halda malların verilməsinin hüquqi əhəmiyyət kəsb etməyəcəyini qəbul etmişdir.
33. Halbuki, MM-in 404.1 və 404.2-ci maddələrinin tələblərinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
34. Kollegiya qeyd edir ki, müqavilədə sifariş verilməsi, elektron qaimə-faktura göndərilməsi və yalnız ödəniş edildikdən sonra malların təhvil verilməsi şərtləri nəzərdə tutulsa d a, tərəflər arasında malların təhvil verilməsi və ödənilməli olan məbləğlə bağlı üzləşmə aktı tərtib olunmuşdur.
35. Apellyasiya instansiya məhkəməsi isə müqaviləni təfsir edərkən MM-in 404-cü maddəsinin tələblərini nəzərə almamışdır.
36. Bundan başqa, kollegiya qeyd edir ki, apelyasiya məhkəməsi sübutları qiymətləndirərkən onların növü ilə bağlı qaydaları nəzərə almamışdır.
37. Belə ki, sübutlar - tərəflərin tələbləri və etirazlarını əsaslandıran halların, eləcə də, işin düzgün həlli üçün əhəmiyyətə malik digər halların olması və ya olmamasını müəyyən edən məlumatlardır (MPM-in 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlar, ekspert rəyləri, yerində baxış, audio və videoyazılar, şahidlərin ifadələri, işdə iştirak edən şəxslərin izahatları əsasında müəyyən edilir (MPM-in 76.2-ci maddəsi).
38. Mülki prosesdə sübutların bir neçə təsnifatı mövcuddur və onlardan birinin əsasını sübutla müəyyən edilməli olan fakt arasında olan əlaqə təşkil edir. Belə təsnifata əsasən sübutlar birbaşa və dolayı sübutlara bölünür.
39. Birbaşa sübutlar – sübut edilən faktla birmənalı əlaqəyə malikdir, yəni, əminliklə onun mövcudluğu qənaətinə gəlməyə imkan verir (məsələn, tərəflər arasında imzalanmış təhvil-təslim aktı əşyanın təhvil verilməsinin birbaşa sübutudur).
40. Dolayı sübutlar - faktın mövcud olması haqqında bir neçə müxtəlif nəticə çıxarmağa imkan verir. Onlar yalnız faktın mövcud olmasını ehtimal etməyə əsas verirlər.
41. Eyni zamanda, digər sübutlar olmadıqda məhkəmə yalnız aşağıdakı şərtlərə riayət etməklə dolayı sübutlar əsasında qənaətə gəlmək hüququna malikdir: 1) bir yox, bir neçə dolayı sübut olmalıdır; 2) onlardan heç birinin mötəbərliyi şübhə doğurmamalıdır; 3) sübutlar bir birini təsdiq etməli və tamamlamalıdır; 4) sübutlara məcmu şəkildə qiymət verilməlidir; 5) sübutlar məcmu şəkildə sübut edilən faktın mövcud olması haqqında birmənalı nəticə çıxarmağa imkan verən sistem formalaşdırmalıdırlar.
42. Apellyasiya instansiyası məhkəməsi isə qeyd olunanları nəzərə almamış və birbaşa sübut olan üzləşmə aktını deyil, cavabdehin istinad etdiyi faktları və təqdim etdiyi dolayı sübutları əsas götürmüşdür.
43. Halbuki apellyasiya instansiya məhkəməsinin istinad etdiyi hallar (həmin üzləşmə aktının müqavilə müddəti bitdikdən 3 il keçdikdən sonra tərtib edildiyi, həmin akt tərtib edilərkən cavabdehin təsisçisi və direktoru (qanuni təmsilçisi) olan şəxslərin - məlum müqavilə bağlanarkən və eləcə də, bu borcla əlaqədar cavabdehə 2024-ci il 2 oktyabr tarixdə pretenziya (borcun ödənməsi barədə xəbərdarlıq) məktubu göndərilərkən və hazırkı iddia ərizəsi ilə 2024-cü il 5 noyabr tarixdə məhkəməyə müraciət edilərkən olan şəxslər deyil, fərqli şəxslər olması) birbaşa sübut olan üzləşmə aktı əsasında əldə olunan məlumatların şübhə altına alınması əsası kimi çıxış edə bilməz.
44. Belə ki, məhkəmə üzləşmə aktının müqavilə müddətində və ya həmin müddət bitdikdən sonra tərtib edilməsinin hansı əhəmiyyət daşıması ilə bağlı mövqeyini əsaslandırmamışdır.
45. Hüquqi şəxsin iştirakçılarının və ya qanuni təmsilçisinin dəyişməsi isə hüquqi şəxsin öhdəliklərinə təsir etmir. Çünki qanunvericilikdə belə bir qayda nəzərdə tutulmamışdır. Əksinə MM-də müəyyən edilmişdir ki, h üquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər (MM-in 49.1-ci maddəsi). Habelə, borclu öz qanuni təmsilçisinin hərəkətləri üçün öz hərəkətləri kimi məsuliyyət daşıyır (MM-in 443.9 və 448.3).
46. Bundan əlavə, kollegiya qeyd edir ki, hüquqi şəxs mülki dövriyyənin daha mütəşəkkil subyektidir. Onun işçi işə qəbul etmək, icra və nəzarət orqanları yaratmaq, hüquq münasibətlərinə rəsmi forma verən möhür və rekvizitlərə malik olmaq imkanları var. Reyestrdə qeydə alınması və möhürə malik olması onunla hüquq münasibətinə daxil olan fiziki və ya digər hüquqi şəxsdə ona təqdim edilmiş sənədlərin rəsmi xarakterə malik olması barədə əminlik yaradır. Bu zaman sənədin möhürlə təsdiq edildiyi ni görən şəxs həmin sənədin mötəbərliyini və səlahiyyətli şəxs tərəfindən imzalandığını güman etməkdə haqlıdır. Çünki bir qayda olaraq möhürün saxlanmasına məsul olan şəxs məhz sənədə hüquqi şəxsin adından imza etmək səlahiyyətinə malik olan şəxs olur.
47. Beləliklə, öz möhürü ilə təsdiq edilmiş sənədi mübahisələndirən hüquqi şəxs sənədin tərtib edildiyi tarixdə möhürün oğurlandığı, itirildiyi və ya maddi məsul şəxsin iradəsindən asılı olmayan səbəblərdən üçüncü şəxslərin əlinə keçdiyi və istifadə edildiyi barədə halları sübuta yetirməlidir.
48. Hazırkı işdə də üzləşmə aktında olan möhür əksinin mötəbərliyi öz təsdiqini tapmışdır. Cavabdeh həmin dövrdə möhürün oğurlandığı, itirildiyi və ya maddi məsul şəxsin iradəsindən asılı olmayan səbəblərdən üçüncü şəxslərin əlinə keçdiyi və istifadə e dildiyi barədə heç bir sübut təqdim etməmişdir. Bu isə onu qeyd etməyə əsas verir ki, üzləşmə aktı cavabdehin iradə ifadəsinə uyğun imzalanmış və möhürlənmişdir.
49. Apellyasiya məhkəməsi isə üzləşmə aktının cavabdehin qanuni təmsilçisi tərəfindən imzalanması və hüquqi şəxsin möhürü ilə təsdiq edilməsi, habelə cavabdeh tərəfindən həmin imza və möhürün mübahisələndirilməməsi ilə bağlı hallar üzrə hüquqi dəyərləndirmə aparmamışdır.
50. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, cavabdehin iddiaya qarşı etirazı əsassızdır, apellyasiya məhkəməsinin həmin etirazın dəlillərinə dair hüquqi dəyərləndirilməsi isə maddi və prosessual hüquq normalarına uyğun olmamışdır.
51. Bu baxımdan kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, eyni zamanda MPM-in 417.1.2 və 417.2-ci maddələrinə əsasən iş üzrə yeni qərar qəbul edilməlidir.
52. Belə ki, iddiaçı ilə cavabdeh arasında MM-in 567-ci maddəsinə uyğun olaraq alqı-satqı müqaviləsi bağlanılmış, satılmış əşyalar cavabdehə verilmiş, cavabdeh isə həmin əşyaların qiymətini satıcıya ödəməmişdir. Ona görə də, iddiaçı MM-in 598.3-cü maddəsinə əsasən satılmış əşyalara görə ödənilməyən 1.199.198,36 manat məbləğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlıdır.
53. İddia müddətinin tətbiq edilməsi ilə bağlı cavabdehin dəlillərinə dair kollegiya qeyd edir ki, müqavilədən irəli gələn öhdəliklər üzrə iddia müddətinin axımının başlanması ilə bağlı məsələlər MM-in 377.2 və 377.3-cü maddələri ilə tənzimlənir.
54. Hazırkı işin halları ondan ibarətdir ki, tərəflər arasında bağlanmış müqavilənin faktiki icras ı müqavilə şərtlərinə uyğun aparılmamışdır. Yəni müqavilənin 3.1, 3.2, 4.1, 4.2ci bəndlərinə uyğun qabaqcadan ödəniş edilməmiş, habelə ödənişin müddətini müəyyən edən sifariş və ya elektron qaimə-faktura göndərilməmişdir.
55. Ona görə də, hazırkı işdə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımını müəyyən edən MM-in 377.2-ci maddəsi tətbiq edilə bilməz.
56. Bu baxımdan kollegiya qeyd edir ki, hazırkı iş üzrə MM-in 377.3-ci maddəsi tətbiq edilməlidir.
57. Həmin maddədə müəyyən edilmişdir ki, icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır.
58. Tərəflər hazırkı iddia irəli sürülməmişdən əvvəl iddiaçının ödənişi tələb etməsini təsdiq edən sübutları təqdim etməmişlər. Bununla yanaşı, tərəflər arasında 2023-cü il 24 yanvar tarixli üzləşmə aktı tərtib edilmiş və həmin aktda borcun məbləği təsdiq edilmişdir. Belə olan halda qəbul edilir ki, iddiaçının öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi an həmin üzləşmə aktının tərtib edildi tarixdən başlanmışdır. Həmin tarixdən hesablandıqda isə müəyyən edilir ki, iddiaçı tərəfindən MM-in 373.2-ci maddəsində müəyyən edilən 3 illik iddia müddəti ötürülməmişdir. Çünki hazırkı iddia 2024-cü il 05 noyabr tarixində verilmişdir.
59. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kas sasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilməlidir. Məhkəmə xərcləri isə MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehə aid edilməlidir.
60. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 23 aprel tarixli 2-2(107)-52/2025 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilərək, iddia təmin edilsin. 1.199.198,36 (bir milyon yüz doxsan doqquz min yüz doxsan səkkiz manat 36 qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş 695 manat məbləğində dövlət rüsumu Cavabdeh MMC-dən alınaraq İddiaçı MMC-yə ö