Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-543/2024 16.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iş üzrə QƏRAR 2-2(102)-543/2024 Açar sözlər: nisyə alqı-satqı müqaviləsi üzrə pul tələbi, sübutetmə yükü Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Şamayev Elşad Yaquboviçin məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızından və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 14 may tarixli, 22(103)-511/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. 2021-ci il 20 oktyabr tarixli, 010 nömrəli alqı-satqı müqaviləsi ilə satıcı İddiaçı MMC bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə razılaşmalarla və dövri şəkildə verilən sifarişlərlə razılaşdırılmış miqdarda, assortimentdə, keyfiyyətdə malı alıcı “X1” MMC-yə (hazırkı adı Cavabdeh MMC) verməyi, alıcı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan sifariş ilə razılaşdırılmış miqdarda, assortimentdə, keyfiyyətdə malı qəbul edib, malın dəyərini ödəməyi öhdəsinə götürmüşlər. Müqavilənin 3.3-cü bəndinə əsasən malın dəyərinin ödənilməsi mal təhvil alındıqdan sonra 30 gün ərzində həyata keçirilməlidir, bu müddət ərzində malın dəyəri ödənilmədikdə bundan sonra hər gecikdirilmiş bir gün üzrə 0,5 faiz cərimə he sablanacaqdır.
2. İddiaçı MMC tərəfindən 2021-ci il 25 oktyabr tarixdən 2022-ci il 2 avqust tarixədək 83 ədəd elektron qaimə tərtib edilərək, Cavabdeh MMC-yə təqdim edilmiş, həmin elektron qaimələrdəki məbləğlərin cəmi ƏDV daxil 121.456,36 manat təşkil etmişdir.
3. Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə 2021-ci il 7 dekabr tarixindən 2022ci il 1 iyul tarixinədək 66.706,73 manat məbləğində pul ödənilmişdir.
4. Həmçinin, Cavabdeh MMC ƏDV üzrə İddiaçı MMC-yə 12.007,19 manat məbləğində vəsait ödəmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək alqı-satqı müqaviləsinə əsasən yaranmış və ödənilməmiş 40.064,89 manat əsas borcun, 2.003 manat gecikdirmə faizinin və məhkəməyə müraciət üçün ödə diyi 216,2 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının müqavilə üzrə öz öhdəliklərini tam şəkildə yerinə yetirməsinə baxmayaraq, cavabdeh öz öhdəliklərinin icrasından boyun qaçırmış, həmçinin bu öhdəliklərin yerinə yetirilməsi üçün iddiaçı tərəfindən dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymamışdır. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdeh iddiaçıdan ümumilikdə 121.456,19 manat təşkil edən mal alınmışdır. Bu borcun 2.335,21 manat hissəsi 2021-ci ildə, 76.378,71 manat hissəsi 2022-ci ildə ödənilmiş, yerdə qalan borcun 2.677,38 manatı geri qaytarılmış, 40.064,89 manat isə ödənilməmişdir. Cavabdeh 2022-ci il 14 noyabr tarixli üzləşmə vərəqəsinə ödənilməli olan 40.064,89 manat borcun ödənilməsi istiqamətində heç bir addım atmamış, 2023-cü il 19 iyun tarixində borcun ödənilməsi ilə bağlı xəbərdarlıq məktubu cavabsız, iddiaçının mübahisəni məhkəmədən kənar həll etmək üçün göstərdiyi səylər isə nəticəsiz qalmışdır.
7. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 1 fevral tarixli, e-2-2(113)-320/2024 nömrəli qətnaməsi ilə (hakim E.Əliyev) iddia təmin edilmişdir.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında işgüzar adətlərə əsasən malların alıcıya təqdim edilməsi və öhdəliklərin icrasının rəsmiləşdirilməsi təhvil-təslim aktlarına əsasən deyil, elektron qaimələrin təqdim edilməsi ilə olmuş və bu cavabdeh tərəfindən məhz qaimələrə əsasən bəzi ödənişlərin edilməsi ilə sübuta yetirilmişdir.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respub likası Mülki Məcəlləsinin 445.7, 567-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiya məhkəməsindəki icraat
10. Cavabdeh MMC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
11. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 14 may tarixli, 2-2(103)-511/2024 nömrəli qətnaməsi ilə (hakim R.Qurbanovun sədrliyi və məruzəsi ilə, hakimlər V.Baxışovadan və Z.Şirinovdan ibarət tərkibdə) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 1 fevral tarixli, e-22(113)-320/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşan apel lyasiya məhkəməsi apellyasiya şikayətinin dəlilləri üzrə göstərmişdir ki, əgər cavabdehin qeyd etdiyi kimi həqiqətən də iddiaçı cavabdehə malları təhvil verməsəydi, cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını iddiaçıya bildirərdi.
13. Lakin hazırkı işdə bu hal mövcud deyil, əksinə iddiaçı tərəfindən 1, 6, 22, 27 iyul tarixlərində və 2022-ci il 2 avqust tarixində göndərilmiş 9 ədəd elektron qaiməni cavabdeh özü təsdiq etmiş, digər qaimələr sistem tərəfindən təsdiq edilmiş və ən əsası cavabdeh qismən (o cümlədən sistem tərəfindən təsdiq edilmiş qaimələr üzrə) ödənişlər etmişdir.
14. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddiaçı üzərinə düşən vəzifəni yeri nə yetirərək cəmi dəyəri 121.456,36 manat təşkil edən malların cavabdehə təhvil verildiyini sübuta yetirmiş, cavabdeh isə üzərinə düşən vəzifəni yerinə yetirə bilməmiş, 81.391,30 manat məbləğində ödənişdən əlavə məbləğin ödənildiyini sübuta yetirə bilməmişdir.
15. Eyni zamanda, elektron qaimələrin 2021-ci il 25 oktyabr tarixindən 2022-ci il 2 avqust tarixinədək göndərildiyini və göndərilmə tarixindən 30 gün ərzində həmin qaimələr üzrə ödənişin edilmədiyini nəzərə alaraq məhkəmə qeyd etmişdir ki, əsas borca illik 5 faiz (iddia ərizəsində yalnız bir il üçün tələb olunur) hesablanmaqla 2003 manat (40064,98 x 5/100) məbləğində faiz borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
16. Məhkəmə əlavə olaraq onu da qeyd etmişdir ki, cavabdehin dəlilləri özüözlüyündə ziddiyyətli olmaqla əsassız dır. Belə ki, cavabdeh həm müqavilənin səlahiyyətsiz şəxs tərəfindən imzalanmasına, həm də elektron qaimələr üzrə təhvil-təslim aktlarının tərtib edilməməsinə istinad edir.
17. Məhkəmə qeyd etmişdir ki, müqavilə cavabdehin (əvvəlki adı “X2” MMC) möhürü ilə təsdiq edilmiş və cavabdeh həmin möhürü mübahisələndirməmişdir.
18. Elektron qaimələrə dair məhkəmə bildirmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin 3.5-ci bəndində təhvil-təslim sənədlərinə ştampın vurulması şərti müəyyən edilsə də, cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina etməmiş, əksinə elektron qaimələrin bir qismini özü təsdiq etmiş və qismən ödəniş etmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 404.1, 404.2, 567, 598.3-ci, Mülki Prosessual Məcəllənin 77.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaiməfakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh MMC kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən aşağıdakı maddi və prosessual hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmişdir: - Mülki Məcəllənin 329.1, 331.1 və 337-ci maddələri, Azərbaycan Re spublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli Qərarı ilə təsdiq edilmiş “Elektron qaiməfakturanın tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 2.2.4-cü bəndi üzrə - apellyasiya məhkəməsi müqavilənin kim tərəfindən imzalanmasını və iddiaçı ilə cavabdehin hansı əsasla “alış-veriş” etməsini araşdırmadan qərar qəbul etmişdir. Belə ki, müqavilə Nümayəndə tərəfindən imza edilməmişdir. Yazıdan da göründüyü kimi imza Orucov soyadında şəxs tərəfindən icra olunmuşdur. Həmin zaman və cari tarixədək müəssisənin direktoru Nümayəndə olmuşdur. Məhkəmə isə müqaviləyə möhürün vurulmasını əsassız olaraq müqavilənin bağlanmış olması kimi qiymətləndirmişdir. İddiaçı tərəfindən təqdim edilmiş elektron qaimələr sübut kimi qəbul edilə bilməz. Belə ki, həmin elektron qaimələrin təhvil-təslim aktları mö vcud olmamışdır. Cavabdeh elektron qaimələrin alt sənədlərin əsillərinin təqdim edilməsini, malların satışına dair aktların təqdim edilməsini xahiş etmiş, lakin, məhkəməyə alt sənədlər yəni alqı-satqı üzrə təhvil-təslim sənədləri təqdim edilməmişdir. - Mülki Prosessual Məcəllənin 1.3, 88, 97-ci maddələri üzrə - məhkəməyə xətşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı vəsatət verilməklə apellyasiya şikayətində də bununla bağlı qeyd olunsa da məhkəmə müqavilədəki imzanı yoxlamamış, elektron qaimələri araşdırmamış, təhvil təslim sənədləri və digər sənədlər tələb olunsa da heç biri məhkəməyə təqdim edilməmiş və məhkəmə tərəfindən apellyasiya şikayəti natamam araşdırılmışdır.
22. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qay dasında baxılmışdır.
23. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
24. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli m əhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
25. Cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini həmin qətnamənin maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pu l məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata k eçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspert lərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansi yası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbu l edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış və maddi hüquq normalarını düzgün tətbiq edərək əsaslı olaraq hesab etmişdir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliyini tam icra etmədiyi üçün iddiaçıya qətnamə ilə müəyyən olunan məbləğdə pul ödəməlidir.
30. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlillərini təkrarlayır. Həmin dəlillərə isə apellyasiya məhkəməsi tərəfindən müfəssəl hüquqi qiymət verildiyindən (bənd 12-19), məhkəmə kollegiyası yenidən əsaslandırma aparılmasını prosessual qənaət prinsipinə əsasən zəruri bilmir.
31. Bu səbəbdən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh MMC tərəfindən verilm iş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 14 may tarixli, 2-2(103)-511/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.