Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-565/2024 31.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: daşıma müqaviləsi, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi), sübutetmə vəzifəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Əhmədova Mehparə Tofiq qızı və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “yük daşıma müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 23 may tarixli 2-2(103)-390/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanmış 2022-ci il 1 avqust tarixli 2022/M-İ(85) nömrəli nəqliyyat ekspedisiyası müqaviləsi üzrə İddiaçı MMC - daşıyıcı Cavabdeh MMC-in yüklərinin daşınmasını həyata keçirmiş, 48.625 manat daşıma haqqı ödənilməmişdir.
2. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə aşağıdakı elektron qaimələr təqdim edilmişdir. - 2022-ci il 19 sentyabr tarixli (6.715 manat) EBCE 070638 nömrəli; - 2022-ci il 7 oktyabr tarixli (26.520 manat) EBCG 763590 nömrəli; - 2022-ci il 15 noyabr tarixli (27.540 manat) EBCJ 149475 nömrəli; - 2022-ci il 15 noyabr tarixli (6.885 manat) EBCJ 151001 nömrəli; - 2022-ci il 23 noyabr tarixli (13.770 manat) EBCJ 713479 nömrəli; - 2022-ci il 28 dekabr tarixli (7.055 manat) EBCM 066831 nömrəli; - 2022-ci il 30 dekabr tarixli (14.110 manat) EBCM 253988 nömrəli; - 2023-cü il 6 yanvar tarixli (28.220 manat) EBCM 544737 nömrəli; - 2023-cü il 10 yanvar tarixli (7.055 manat) EBCM 680551 nömrəli; - 2023-cü il 25 avqust tarixli (405 manat) EBDM 820865 nömrəli.
3. İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış 2022-ci il 1 yanvar - 2023cü il 27 fevral tarixli dövr üzrə üzləşmə aktından 2023-cü il 27 fevral tarixinə Cavabdeh MMC-nin İddiaçı MMC-yə 78.124,50 manat borcunun olduğu görünür.
4. İddiaçı MMC tərəfindən təqdim edilmiş ödəniş tapşırıqlarına əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə 2023-cü il 13 mart tarixində 4.500 manat, 2023-cü il 31 mart tarixində 5.000 manat, 2023-cü il 28 aprel tarixində 5.000 manat, 2023-cü il 26 may tarixində 5.000 manat, 2023-c ü il 12 iyun tarixində 5.000 manat, 2023-cü il 25 iyun tarixində 5.000 manat pul ödənilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) 2023-cü il 26 oktyabr tarixində Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 48.625 manat əsas borc; özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmaya görə həmin vəsaitin, yəni 48.625 manat əsas borc məbləğinin 9 faizini təşkil edən 4.376 manat pul; vəkilin göstərdiyi hüquqi yardıma görə vəkil qurumuna ödənilmiş 420 manat pul; mediasiya sessiyasında iştira ka görə mediasiya qurumlarına ödənilmiş 405 manat pul; poçt və digər məhkəmə xərcləri 35 manat olmaqla; cəmi 53.861 manat pulun tutularaq iddiaçının xeyrinə ödənilməsinə barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə 2022-ci il 1 avqust tarixində bağlanmış 2022/Mİ(85) nömrəli yük daşınması müqaviləsinə uyğun olaraq, 2022-ci il 19 sentyabr tarixində 6.715 manat borc (daşınma haqqı), 2022-ci il 7 oktyabr tarixində 26.520 manat borc, 2022-ci il 15 noyabr tarixində 27.540 manat borc, 2022-ci il 15 noyabr tarixində 6.885 manat borc, 2022-ci il 23 noyabr tarixində 13.770 manat borc, 2022-ci il 28 dekabr tarixində 7.055 manat borc, 2022-ci il 30 dekabr tarixində 14.110 manat borc, 2023-cü il 6 yanvar tarixində 28.220 manat borc və 2023-c ü il 10 yanvar tarixində 7.055 manat daşınma haqqı olaraq borcun ödənilməsinə dair cavabdeh tərəfə elektron qaimə kəsilmiş, cavabdeh tərəfə göndərilmişdir. Yekun olaraq 2023-cü il 6 yanvar tarixinədək olan dövr ərzində daşınma xərcləri 137.870 manat təşkil etmişdir. Həmin puldan 59.745 manat ödənilmiş, 78.124 manat isə ödənilməmiş qalmışdır. 2022-ci il 1 yanvar - 2023-cü il 27 fevral tarixlərini əhatə edən qarşılıqlı üzləşdirmə aktı tərtib olunmuş, hər iki tərəfin rəsmi imza və möhürü ilə təsdiq olunmuş akta əsasən 2023-cü il 27 fevral tarixinədək olan dövr ərzində cavabdehin iddiaçıya 78.124 manat borcu qalmışdır. Dəfələrlə danışıqlar aparılmış, borcun bir qismi qaytarılsa da, yekunda 48.625 manat borc ödənilməmiş qalmışdır.
7. Cavabdehin nümayəndəsi iddia tələbini qismən - 36.824 manat əsas borc hissəsində qəbul etdiklərini, həmin hissədə iddianın təmin olunmasına etiraz etmədiklərini bildirərək, iddianın qalan hissədə isə rədd olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirilmişdir ki, iddiaçı ilə uzun müddət əməkdaşlıqları olmuş, iki daşımada (2022-ci il 24 və 30 dekabr tarixli) onlara məxsus ümumilikdə 11.800 manat məbləğində mallar (kağız məhsullar) nəm və istifadəyə yararsız olmuş, bu barədə müvafiq aktlar tərtib edilərək iddiaçının “e-mail” ünvanına göndərilmiş, lakin onlara dəymiş zərər qarşılanmamışdır. Həmin qüsurlu mallar da digər daşınan mallarla birlikdə tərəflərindən qəbul olunmuşdur, hazırda onların anbarında saxlanılır. İddiaçıya olan borc dəymiş zərər çıxılarsa, qalıq 36.824 manat təşkil edir. Zərər qarşılanacağı təqdirdə, həmin vəsait də ödəniləcəkdir.
8. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 12 yanvar tarixli e-2-2(113)-378/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 48.624,50 manat əsas borc, 420 manat hüquqi yardıma görə xərc, ödənilmiş 405 manat dövlət rüsumu, ümumilikdə 49.449,50 manat pulun tutularaq iddiaçıya ödənilməsi qət olunmuş, iddia qalan hissədə təmin olunmamış, ödənilmiş qalan 27 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət olunmuşdur (hakim – Ü.Həsənova).
9. Məhkəmə qeyd etmişdir ki, cavabdehin iddiaya etirazının əsası kimi təqdim etdiyi aktlarda daşınan malların zədələndiyi göstərilsə də, lakin həmin sənədlərdən malların məhz iddiaçı tərəfindən daşınması həyata keçirilmiş mallar olması, həmin malların cavabdehə məxsus olması, dəyərinin aktda qeyd edildiyi kimi olması müəyyən edilməmiş, bundan əlavə həmin daşımalarla bağlı cavabdehə təqdim edilmiş 2022-ci il 28 və 30 dekabr tarixli elektron qaimələrə hər hansı etiraz bildirilməmişdir. Cavabdeh bununla bağlı başqa sübut təqdim edə bilməmiş, beləliklə də cavabdeh daşınmanın qüsurlu həyata keçirildiyini, nəticədə özünün də 11.800 manat məbləğində zərərə uğradığını bildirsə də, bu hissədə etirazını əsaslandıra və sübut edə bilməmişdir.
10. Hazırkı halda cavabdeh iddiaçının təqsiri nəticəsində ona maddi zərər vurulduğunu iddia etsə də, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21-ci maddələrində göstərilən halların mövcudluğunu əsaslandıra bilməmiş, ona ziyan vurulması faktı və dəymiş zərər barədə məhkəməyə müvafiq sübutları təqdim edə bilməmişdir. Belə olan halda, məhkəmə cavabdehin etirazının dəlil lərinin əsassız olması qənaətinə gəlmişdir.
11. Beləliklə, mallar iddiaçı tərəfindən təyinat yerinə çatdırıldıqdan sonra cavabdeh tərəfindən qeyd-şərtsiz qəbul olunmuş (halbuki cavabdeh qüsurların malların tərəflərindən təhvil verildiyi məqamda aşkar edilən gözlə görünən qüsurlar olduğunu bildirir), daşıma ilə bağlı hər hansı irad bildirilməmişdir (həmin iradın bildirildiyini təsdiq edən sübut təqdim olunmamışdır). Belə ki, cavabdeh daşınmanın qüsurlu icra edilməsi, bununla əlaqədar özünün də zərərə məruz qalması barədə iddiaçıya hər hansı məlumat verməmiş, zərərin ödənilməsi üçün iddiaçıya hər hansı bildiriş verməmişdir.
12. Bu səbəbdən, ekspeditor tərəfindən yükün daşınıb təhvil verilməsi ilə bağlı öhdəlik icra olunduğundan və öhdəliyin icrası cavabdeh tərəfindən hər hansı irad bildirilm ədən qəbul olunduğundan, məhkəmə daşıma haqqı üzrə borcun tutulması barədə iddia tələbinin əsaslı olması qənaətinə gəlmişdir. Belə ki, iddia ərizəsində tələb edilən əsas borcun 48.625 manat olması göstərilsə də, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 137.870 manat məbləğində qaimə təqdim edilmiş, cavabdeh tərəfindən 89.245,50 manat ödəniş olunmuş, qalıq borc hazırda 48.624,50 manat təşkil etmişdir. Bundan əlavə, üzləşmə aktında qalıq borc 78.124,50 manat göstərilmiş, həmin aktdan sonra cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 29.500 manat ödəniş edilmişdir (həmin ödənişlər cavabdeh tərəfindən də məhkəmə iclasında təsdiq olunmuşdur). Bu səbəbdən, məhkəmə iddia tələbinin əsas borcun tutulması hissəsində qismən təmin edilməsi, cavabdehdən tutulmalı olan əsas borcun məbləğinin 48.624,50 manat müəyyən olunması qənaətinə gəlmişdir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 386.1, 398.1, 399.1, 442, 445.2, 850.1, 852.4, 859.1, 859.2 və 859.5-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
14. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun qismən ləğv olunmasını, iddia tələbinin əsas məbləğindən cavabdehə vurulmuş 11.800 manat məbləğində zərərin çıxılaraq iddia tələbinin əsas məbləğindən qalmış hissədə qismən təmin edilməsi, tələb olunan digər xərclər hissəsində isə rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Apellyasiya i nstansiyası məhkəməsi birinci instansiya məhkəməsinin aktını qismən – iddianın 11.800 manat məbləğində təmin olunmuş hissəsində yoxlamışdır.
16. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 23 may tarixli 2-2(103)-390/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Baxışova, hakimlər – R.Qurbanov və Z.Şirinov).
17. Tərəflər arasında bağlanmış 2022-ci il 1 avqust tarixli 2022/M-İ(85) nömrəli nəqliyyat ekspedisiyası müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehin sifarişi əsasında daşınmış yüklərə görə 2023-cü il 27 fevral tarixinə cavabdehin iddiaçıya 78.124,50 manat borcu yaranmış, cavabdeh həmin tarixdə üzləşmə aktını imzalamaqla borcun mövcudluğunu təsdiq et miş, bu borcdan ödənişlər edilmiş və iddia qaldırılan tarixə cəmi 48.625 manat borc qalmışdır.
18. Cavabdeh ondan tutulmuş məbləğin yalnız 11.800 manat hissəsini mübahisələndirmiş, işə birinci instansiya qaydasında baxılarkən iddia 36.825 manat məbləğində hissədə etiraf edilmişdir. Cavabdehin iddiaya etirazının və apellyasiya şikayətinin dəlili bundan ibarət olmuşdur ki, “iddiaçı tərəfindən daşınmış 11.800 manat dəyərində mal (kağız məhsulu) daşıma zamanı nəm çəkərək yararsız hala düşdüyündən daşıma haqqından dəymiş ziyan çıxılmalıdır”.
19. Kollegiya birinci instansiya məhkəməsinin haqlı olaraq cavabdehin bu tələbini əsassız hesab etməsi qənaətinə gəlmişdir. Əvvəla, MM-in 859.2-ci maddəsində daşıyıcının yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı bütün zərər üçün məsuliyyəti nəzər də tutulsa da, MM-in 859.5 və 861-ci maddələrin məzmunundan aydın olur ki, bu barədə daşıyıcıya və ya ekspeditora yazılı pretenziya verilməli, 30 gün müddətində pretenziyaya cavab verilmədikdə, məhkəmədə iddia qaldırılmalıdır. Hazırkı halda cavabdeh tərəfindən iddiaçıya-ekspeditora qanunla müəyyən edilmiş müddət ərzində daşınan yükdəki qüsurla bağlı yazılı pretenziya verilməmiş, o cümlədən məhkəmədə qarşılıqlı iddia tələbi irəli sürülməmişdir. Daşıyıcıya qarşı tələbin irəli sürülməsi üçün qanunda bir illik iddia müddəti nəzərdə tutulduğundan və iddia irəli sürüldükdən sonra qarşı tərəfin iddia müddətinin tətbiqi barədə ərizə təqdim etmək hüququ olduğundan, kollegiya daşıma zamanı vurulmuş ziyanla bağlı tələblərin daşıyıcıya qarşı iddia qaldırılmadan iddiaya etiraz verməklə daşıma haqqı ilə əvəzləşdirilməsinə dair cavabdehin tələbinin qanuni əsasının olmaması qənaətinə gəlmişdir.
20. Bundan əlavə, tərəflər arasında bağlanmış müqavilənin 5.4-cü bəndində qeyd edilir ki, yük boşaldılarkən daşıyıcının nümayəndəsinin iştirakı təmin olunur, daşınma ilə bağlı hər hansı qüsur, nöqsan və çatışmazlıq halı aşkarlanarsa bu beynəlxalq qaimə sənədlərində, təhvil-təslim qrafasında, yalnız yük boşaldılan zaman qeyd olunmalıdır. Hazırkı halda yük boşaldılarkən yükdə hər hansı nöqsan olması daşıyıcının səlahiyyətli nümayəndəsinin iştirakı ilə rəsmiləşdirilməmişdir.
21. Cavabdeh daşınan yükdə olan qüsurla bağlı işə birinci instansiya qaydasında baxılarkən sonuncu məhkəmə baxışı iclasında 2022-ci il 24 dekabr və 2022-ci il 30 dekabr tarixlərində tərtib olunmuş “zay məhsul aktı” adlı aktlar və “e-mail” yazışmaları təqdim etmiş, həmin sübutların hansı səbəbdən hazırlıq iclasında məhkəməyə təqdim edilmədiyi əsaslandırılmamışdır. Eyni zamanda müəyyən olunmuşdur ki, “zay məhsul aktı” adlı aktlar elektron məhkəmə icraatı materiallarına əlavə edilməmişdir. Qanunvericiliyin tələblərinə əsasən, hər hansı əsaslandırma olmadan işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim olunmamış və elektron materiallara əlavə edilməmiş sübutların qəbul olunması və qətnamənin həmin sübutlarla əsaslandırılması yolverilməz olduğundan məhkəmə kollegiyası həmin sənədləri sübut kimi qəbul etmir. İşə baxmış məhkəmə prosessual qanunvericiliyin tələblərinə əsasən qəbul edilməli olmayan sübutlara qətnamədə hüquqi qiymət verməklə prosessual pozuntuya yol versə də, mübahisə mahiyyəti üzrə düzgün həll olunduğundan və məhkəmə tərəfindən qətnamənin ləğvinə əsas ola biləcək kobud prosessual pozuntuya yol verilmədiyindən, kollegiya apellyasiya şikayətini əsassız hesab etmişdir.
22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 442, 445.2, 850.1, 852.1, 852.4, 859.2, 859.3, 861.1 və 861.2-ci maddələrinə, MPM-in 10-1.3, 78.1, 78.1-1 və 217.5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
23. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv edilməsi, iddianın qismən - tələbinin rədd olunması vurulmuş zərərin əvəzi olaraq 11.800 manat məbləğində zərər çıxılmaqla təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. MM-in 859.1, 859.2 və 859.5-cü maddəsi üzr ə - Cavabdeh tərəfindən iki daşımanın qüsurlu icra edildiyini, təyinat yerinə çatdırılmış malların bir hissəsinin (ümumi dəyəri 11.800 manat olmaqla) daşınmanın qüsurlu icra olunması nəticəsində tam yararsız hala düşdüyünü, bu səbəbdən həmin malların istifadəyə yararsız olduğunu və bununla əlaqədar cavabdehin zərərə uğraması barəsində məhkəməyə izahat verməyinə və vurulmuş zərərlə bağlı sübutlar təqdim etməyinə baxmayaraq, məhkəmə cavabdehin haqsız olması nəticəsinə gəlmişdir.
25. Kassator birinci instansiya məhkəməsinin bu qərarın 9-10-cu bəndlərində göstərilən mövqeyi ilə bağlı bildirir ki, əvvəla, qeyd olunan sübutlardan başqa kifayət qədər digər sübutlar da məhkəməyə təqdim edilmişdir. Belə ki, apellyasiya şikayətinə əlavə olunmuş “e-mail” yazışmaları birinci instansiya məhkəməsində də təqdim edilmişdir. Cavabdehin zərərləri aşkarladığı gündə iddiaçını bu barədə xəbərdar etdiyi, vurulmuş zərərlərin məbləğləri barəsində müzakirələrin aparılması, tərtib olunmuş aktların surətlərinin iddiaçıya göndərilməsi, həmin aktlarda sürücülər barədə qeydlərin olması, iddiaçının nümayəndələri tərəfindən belə halın baş verməsinin təsdiq edilməsi və geri dönüş edilərək məsələnin həll olunacağı barədə danışıqları özündə cəmləyən “e-mail” yazışmalarının olmasını nəzərə almayan məhkəmə onlara münasibət bildirməmiş, ümumiyyətlə həmin sübutların cavabdeh tərəfindən təqdim edilməsi barədə qətnamədə hər hansı qeydlər etməmişdir.
26. Bundan başqa, iddiaçının nümayəndəsinə cavabdeh tərəfindən sual verilərək qeyd olunan qüsurlardan xəbərlərinin olub-olmaması aydınlaşdırılmış və iclasda o, cavabde hin nümayəndəsi ilə bu barədə telefon danışıqlarının olması və ortaq məxrəcə gəlmə ilə bağlı nəticə əldə olunmadığını etiraf etmişdir. Hətta cavabdeh tərəfindən iddiaçının nümayəndəsinə əlavə sual verilərək, hansı səbəbdən əvvəlki məhkəmə iclasında qeyd olunan qüsurlardan xəbərinin olmaması haqqında izahat verməsi, indi isə həmin halı təsdiq etməsi soruşulmuş, o isə bu sualı cavabsız qoymuşdur. Qeyd olunanlar məhkəmə iclası zamanı olmuş və video qeydə alınmışdır. Məhkəmə isə gəldiyi nəticələrdə əsassız olaraq cavabdehin iddiaçının ona vurduğu zərəri sübuta yetirə bilmədiyini qeyd edir. Halbuki məhkəmə tərəfindən iddiaçının bu etirafına əhəmiyyət verilməli və işin digər halları da iddiaçının nümayəndəsindən dəqiqləşdirilməli idi.
27. Bundan başqa, “e-mail” yazışmalarından görünür ki, cava bdeh tərəf öz etirazını iddiaçıya “e-mail” yazışmaları vasitəsilə və hadisənin aşkar edildiyi gün məlumat vermiş, iddiaçı tərəfindən bu qəbul olunmuşdur. Bundan başqa, daşınan yükdə nöqsanın olması ilə bağlı iddiaçının nümayəndəsinə “e-mail” və “whatsapp” vasitəsilə cavabdehin məlumat verməsi və sürücünün imzası ilə aktın tərtib edilməsinə baxmayaraq, məhkəmə əsassız olaraq cavabdeh tərəfindən iddiaçının nümayəndəsinə məlumat verilməsindən ötrü zəruri addımların atılmaması nəticəsinə gəlinmişdir.
28. Cavabdehin “zay məhsul aktları”nın sonuncu məhkəmə iclasında təqdim etmə səbəbi kimi məhkəmə iclasında hakimə ondan əvvəlki məhkəmə iclaslarında iştirak edə bilməməsi səbəbindən mümkün olmadığı, cavabdehin iştirak etdiyi zaman isə onların təqdim edilməsinin mümkün olması tərəflərindən bildiril sə də, məhkəmə əsassız olaraq bununla bağlı məsələyə aydınlıq gətirilməməsi qənaətinə gəlmişdir.
29. MPM-in 14-cü maddəsi üzrə - Kassator bu qərarın 26-cı bəndində göstərilən şikayətinin dəlillərini yenidən bildirərək hesab edir ki, məhkəmə qeyd olunan normaya əsasən cavabdeh tərəfindən təqdim olunmuş digər sübutları da araşdırmalı idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, onun təmin edilməməsi və apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir
31. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh baş verməyən və təsdiq olunmayan ziyan vurma hadisəsinin baş verməsini bəhanə olaraq qeyd edir. Məqsəd bu ziyanı ödəməyi uzatmaq, yaxud borcları qaytarmaqdan yayınmaqdır.
32. Cavabdehin bildir dikləri həqiqətdirsə, hansı səbəbdən bu hadisə barədə yük təhvil verilən gün daşıyıcı, yəni iddiaçının rəsmi nümayəndəsinin iştirakı ilə sığorta təşkilatı üçün keçərli olan akt, protokolun təşkil olunmadığı sual olunur. Yükün daşınmasında qüsur var idisə, bu hadisə tərəflərin arasında mövcud olan müqavilənin 5-ci maddəsinin tələbinə görə yük boşaldılan gün, hər iki tərəfin səlahiyyətli şəxslərinin iştirakları ilə rəsmi sənədləşmə aparılmalı, yaxud yükü müşahidə edən Beynəlxalq qaimə (CMR) sənədlərində etiraz verilməli, qeyd aparılmalı idi. Bundan sonra sığortaçı təşkilata faydalanan şəxs “Sığorta haqqında” Qanunun tələblərinə uyğun olaraq məlumat verməli, sığorta araşdırılması aparılmalı və yekun nəticə olmalı idi. Lakin bu hallar olmamış və belə sənədləşmə işi də aparılmamışdır.
33. Məhkə mə baxışınadək cavabdeh tərəfindən vurulmuş ziyan barədə pretenziya və etiraz verilməmiş, rəsmi müraciət olunmamış, yaxud iddia qaldırmamışdır. Hətta iddiaçı tərəfindən qarşılıqlı üzləşə aktı tərtib olunarkən cavabdeh borcunu tam etiraf edərək bunu təsdiq etmiş (möhürlənmiş), pretenziyalar, mediasiya müraciətlərinə və yekunda iddia tələbinə dair etiraz bildirməmiş, hətta qarşılıqlı iddia qaldırmaqda əsas görməyərək bu tələb ilə də münasibət və etirazını çatdırmamışdır.
34. Məhkəmədə tələb olunan borcun qarşı tərəfin iştirakı ilə tərtib olunmuş üzləşmə aktlarında etiraf və təsdiq edilmə, hər hansı etirazın olmaması bir daha bu nəticəyə gəlməyə əsas verir ki, iddiaçı tərəfdən öhdəliklərin pozulması halı baş verməmişdir. Sözügedən 2023-cü il 27 fevral tarixli üzləşmə aktı məhkəmə qətnaməsinin əsaslı olması üçün etibarlı sübutdur.
35. İddiaçı tərəfdən borcun ödənilməsinə dair elektron qaimələr kəsilmiş, cavabdeh tərəfdən buna etirazlar edilməmiş və bir qismi ödənilmişdir. Bundan başqa, dəfələrlə cavabdehə borcun ödənilməsinə dair şifahi və yazılı xəbərdarlıqlar, tövsiyələr verilmiş, qarşı tərəfdən isə bu günə kimi məhz iddiaçı tərəfindən öhdəliklərinin pozulmasına dair hər hansı təsdiqedici sübut, fakt, sənəd təqdim olunmamışdır. Digər tərəfdən, pretenziyalar, mediasiya təklifi, mediasiya təşkilatından mediasiya müraciəti göndərilmiş, telefon danışıqları aparılmış, qarşı tərəfdən buna etiraz edilməmiş və tələb olunan borc mübahisələndirilməmişdir.
36. Cavabdeh tərəf məhkəmə baxış iclasının yalnız növbəti ikinci iclasına gəlmiş, sənədlərin növbəti iclasda təqdim edəcəkləri bar ədə məlumat vermişdir. Məhkəmə baxışının sonuna doğru iclasda sənəd qəbulunun yolverilməz olmasına baxmayaraq, növbəti iclasda “e-mail” yazıları təqdim edilmişdir. Həmin elektron yazının məzmununun da iddia tələbinə hər hansı təsiredici əlaqəsi mövcud deyil.
37. Kağız bağlamaların zay olması halının baş verməsi real şərait baxımından da mümkün deyil. Faydalanan şəxslərə ziyan dəydiyi təqdirdə, həmin pulu iddiaçının müştərisi olduğu sığortaçı təşkilat qarşılayır və bunun maddi cəhətdən iddiaçıya təsiri mövcud deyil. Əksinə, iddiaçı maraqlıdır ki, müştərilər iddiaçıdan razı qalsınlar. Cavabdehin bütün yükləri vaxtında, qüsursuz və nöqsansız daşınmış, təhvil məntəqəsinə çatdırılmış, təhvil alan zaman hər hansı irad, etiraz, narazılıq halları baş verməmişdir. Ona görə də cavabdehin verdiyi ape llyasiya şikayəti əsassız olmuş, məhkəmənin qətnaməsini şübhə altına almağa heç bir hüquqi əsas mövcud olmamışdır. Şikayətin özündə belə məhkəmə gedişatı, sübutlar təhrif olunmuş formada təqdim edilmiş, şikayətin verilməsində məqsəd borc pulunun ödənilməsini uzatmaq olmuşdur.
38. Kassasiya şikayətinin əsassız olması qanunvericiliyin normalarına əməl edilməməsi baxımından da aydın görünür. Məhkəmə işə tam, obyektiv, bütün lazımi şəraiti təmin etməklə baxaraq əsaslı və qanuni qətnamə qəbul etmişdir. Maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, maddi və prosessual hüquq normalarının tətbiq olunmasında hər hansı səhvlərə yol verilməmişdir. Kassasiya baxışının hədləri
39. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanu niliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
40. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
41. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kre ditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
445. Borclunun icranı gecikdirməsi... 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan son ra da öhdəliyin icra edilməməsi....” “Maddə
850. Yük daşınması müqaviləsi 850.1. Yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür (2019-cu il 17 may tarixli 1588-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 850.1-ci maddə yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: 850.1. Yük daşınması müqaviləsinə görə daşıyıcı əşyaları haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduqları yerdən təyinat yerinə daşımağı (yola salmağı), yola salan və ya yükü alan isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür)....” “Maddə
852. Ekspeditor. Nəqliyyat komisyonçusu 852.1. Ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir.... 852.4. Ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır. Ekspeditorun muzdu xüsusən aşağıdakılardan ibarət ola bilər: 852.4.1. daşıyıcıların muzdlarının məbləğindən faiz dərəcəsi (komisyon muzdu); 852.4.2. və (və ya) daşımanın dəyəri və ekspeditorun muzdu da daxil olmaqla, əvvəldən axıradək bütün daşıma xərcləri üçün muzd....” “Maddə
859. Yük daşıyıcısının məsuliyyəti... 859.2. Bundan başqa, daşıyıcı çatdırmanın gecikdirilməsi və ya yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı bütün zərər üçün məsuliyyət daşıyır. 859.3. Əgər daşıyıcı yükün itirilməsinin və ya məhvinin aşağıdakılar nəticəsində baş verdiyini sübuta yetirərsə, bu Məcəllənin 859.1-859.2-ci maddələrində nəzərdə tutulan məsuliyyət tətbiq edilmir:... 859.5. Daşıyıcıya qarşı bütün iddialar yük qeyd-şərtsiz qəbul edildikdən və ödənildikdən sonra ödənilir. Bu müddəa aşağıdakı hallarda tətbiq edilmir: 859.5.1. daşıyıcı qəsd və ya kobud ehtiyatsızlıq üçün məsuliyyət daşıyırsa; 859.5.2. əgər iddialar yükün zahirən görünən zədələrinə əsaslanırsa, yük alan bunları şərait nəzərə alınmaqla onun üçün mümkün və yolverilən müddət ərzində aşkar etdikdə və bu barədə daşıyıcıya zədələr aşkar edildikdən sonra dərhal, lakin çatdırılmadan ən geci səkkiz gün keçənədək bildiriş verdikdə.” “Maddə
861. Yüklərin daşınması zamanı iddia müddətləri 861.1. Daşıyıcıya qarşı iddialar müddətin keçməsinə görə bir ildən sonra, yəni yükün məhv olduğu, itirildiyi və ya gecikdirildiyi təqdirdə çatdırmanın həyata keçirilməli olduğu gündən, yük zədələndikdə isə onun yük alana verildiyi gündən qüvvəsini itirir. Etiraz qaydasında yük alan və ya yük göndərən istənilən vaxt öz pretenziyalarını irəli sürə bilərlər, bu şərtlə ki, onlar bir illik müddət ərzində reklamasiya haqqında öz tələblərini bildirmiş olsunlar və iddia yükün qəbul edilməsi nəticəsində qüvvəsini itirməsin. Daşıyıcının qəsdi və kobud ehtiyatsızlığı halları istisna təşkil edir. 861.2. Ekspeditora qarşı yaranan tələblər üzrə iddia müddəti iddia qaldırmaq hüququ yarandığı andan bir il təşkil edir. Ekspeditora qarşı iddia qaldırılmazdan əvvəl ona yazılı formada pretenziya verilməsi məcburidir. Pretenziya iddia müddəti ərzində verilə bilər. Ekspe ditor pretenziyanı rədd etdikdə və ya qismən qəbul etdikdə, yaxud 30 gün müddətində pretenziyaya cavab vermədikdə, ona qarşı məhkəmədə iddia qaldırıla bilər.
42. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə 10-1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının elektron qaydada aparılması... 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir....” “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
78. Sübutların təqdim edilməsi və tələb olunması 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın 78.1-1. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslər yazılı sübutları yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edirlər. Bununla belə bu qaydada təqdim olunmuş yazılı sübutun həqiqiliyi şübhə doğurarsa, məhkəmə həmin yazılı sübutun əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edə bilər....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüqu q pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiya məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən cavabdehin kassasiya şikayətinin (bax §§ 24-29) dəlillərini əsassız hesab edir.
44. Kassatorun dəlilləri mahiyyət etibarilə ondan ibarətdir ki, ümumi dəyəri 11.800 manat olan mallar daşıyıcı (iddiaçı) tərəfindən qüsurlu – tam yararsız vəziyyətdə olmuş, bu barədə “e-mail” və “whatsapp” yazışmaları vasitəsilə iddiaçıya məlumat verilmiş, malı çatdıran sürücünün imzası ilə aktlar tərtib edilmiş, məhkəmə iclasında iddiaçının nümayəndəsi cavabdehin nümayəndəsi ilə bu barədə telefon danışıqlarının olması və ortaq məxrəcə gəlmə ilə bağlı nəticə əldə olunmadığını etiraf etmiş, məhkəmələr isə b u sübutlara münasibət bildirməmişlər.
45. Əvvəla, həmin sənədlər üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh daşınan yükdə olan qüsurla bağlı işə birinci instansiya qaydasında baxılarkən sonuncu məhkəmə baxışı iclasında 2022-ci il 24 və 30 dekabr tarixlərində tərtib edilmiş “Zay məhsul aktı” adlı aktlar və e-mail yazışmaları təqdim etmiş, həmin sübutların hansı səbəbdən hazırlıq iclasında məhkəməyə təqdim edilmədiyi əsaslandırılmamışdır. Eyni zamanda müəyyən edilmişdir ki, “Zay məhsul aktı” adlı aktlar elektron məhkəmə icraatı materiallarına əlavə edilməmişdir. Bu səbəbdən də, apellyasiya instansiyası məhkəməsi həmin sənədləri sübut kimi qəbul etməmişdir.
46. Kassator öz şikayətində “zay məhsul aktları”nı gec təqdim etməsini əvvəlki məhkəmə iclasla rında iştirak edə bilməməsi ilə əlaqələndirsə də, “zay məhsul aktları”nı elektron məhkəmə icraatı materiallarına əlavə edə bilməməsi ilə əlaqədar hər hansı izah verə bilməmişdir.
47. Odur ki, məhkəmə kollegiyası MPM-nin 217.5-ci maddəsinə (bax § 42) istinadən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi “zay məhsul aktları”nı sübut kimi qəbul etməməklə hər hansı hüquq pozuntusuna yol verməmişdir.
48. Ümumiyyətlə isə, məhkəmə kollegiyasının mövqeyinə görə, cavabdehin istinad etdiyi sənədlər hətta prosessual tələblərə tam uyğun şəkildə məhkəməyə təqdim edilsə idi belə, bu, mübahisələndirilən qətnamənin ləğvi üçün yetərli ola bilməzdi.
49. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından məlum olur ki, iddiaçı tərəfindən cavabdehin sifarişi əsasında daşınmış yü klərə görə 2023cü il 27 fevral tarixinə cavabdehin iddiaçıya 78.124,50 manat borcunun yarandığı cavabdehin də rəsmiləşdirdiyi üzləşmə aktı ilə təsdiq edilmiş, bu borcdan müəyyən ödənişlər edilmiş və iddia qaldırılan tarixə cəmi 48.625 manat borc qalmışdır.
50. Bundan başqa, işin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından o da məlum olur ki, malların zədələnməsi ilə həyata keçirildiyi bildirilən daşımalarla bağlı cavabdehə təqdim edilmiş 2022-ci il 28 və 30 dekabr tarixli elektron qaimələrə hər hansı etiraz bildirilməmişdir.
51. Həmçinin mübahisələndirilən qətnamədən aydın olur ki, tərəflər arasında bağlanmış müqavilənin 5.4-cü bəndinin şərtinə görə, yük boşaldılarkən daşıyıcının nümayəndəsinin iştirakı təmin olunur, daşınma ilə bağlı hər hansı qüsur, nöqsan və çatışmazlı q halı aşkarlanarsa, bu, Beynəlxalq qaimə sənədlərində, təhvil-təslim qrafasında, yalnız yük boşaldılan zaman qeyd olunmalıdır.
52. Hazırkı halda isə yük boşaldılarkən yükdə hər hansı nöqsan olması barədə Beynəlxalq qaimə sənədlərində, təhvil-təslim qrafasında bu barədə daşıyıcının səlahiyyətli nümayəndəsinin iştirakı ilə qeyd edilərək rəsmiləşdirmə aparılması işə baxan məhkəmələr tərəfindən müəyyən edilməmişdir.
53. O da nəzərə alınmalıdır ki, yükün zədələnməsi ilə bağlı dəyən bütün zərər üçün daşıyıcının məsuliyyətinin əsasları MM-nin 859.2-ci maddəsində (bax § 41) müəyyən edilmişdir.
54. Lakin qanunda həmin əsasların reallaşması üçün yük alan tərəfindən ilkin olaraq həyata keçirilməli olan tədbirlər görülməsinə dair imperativ şərtlər də müəyyən etmişdir. Belə ki, MM-in 859.5-ci və 861 -ci maddələrin (bax § 41) məzmunundan aydın olur ki, aşkar olunmuş nöqsanlar barədə daşıyıcıya və ya ekspeditora yazılı pretenziya verilməli, 30 gün müddətində pretenziyaya cavab verilmədikdə, məhkəmədə iddia qaldırılmalıdır.
55. Mübahisələndirilən qətnamədən isə məlum olur ki, cavabdeh tərəfindən iddiaçıya-ekspeditora qanunla müəyyən edilmiş müddət ərzində daşınan yükdəki qüsurla bağlı yazılı pretenziya verilməmiş, o cümlədən məhkəmədə qarşılıqlı iddia tələbi irəli sürülməmişdir.
56. Apellyasiya instansiyası məhkəməsi tamamilə haqlı olaraq göstərmişdir ki, daşıyıcıya qarşı tələbin irəli sürülməsi üçün qanunda bir illik iddia müddəti nəzərdə tutulduğundan və iddia irəli sürüldükdən sonra qarşı tərəfin iddia müddətinin tətbiqi barədə ərizə təqdim etmək hüququ olduğundan daşıma zamanı vurulm uş ziyanla bağlı tələblərin daşıyıcıya qarşı iddia qaldırılmadan iddiaya etiraz verməklə daşıma haqqı ilə əvəzləşdirilməsinə dair cavabdehin tələbinin qanuni əsası yoxdur.
57. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 14.2, 77.1 və 88-ci maddələrinin (bax § 42) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 42) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.
58. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 23 may tarixli 2-2(103)-3 90/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
59. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 23 may tarixli 2-2(103)-390/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.