Məhkəmə qərarları › İş №2-2(102)-57/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-57/2022

19.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-57/2022 19.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Abiyeva Kəmalə Nəbi qızı (sədrlik edən-məruzəçi), hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 14 sentyabr tarixli 2- 2(103)-728/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qayda sında baxılmışdır. İŞİN HALLARİ:

1. İddiaçı MMC ilə Cavabdeh MMC arasında 2018-ci il 1 may tarixində 025-A saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən İddiaçı MMC əlavə Razılaşmada göstərilən məhsulları satmağı, Alıcı isə dəyərini ödəyib qəbul etməyi öz öhdəsinə götürür; Məhsulların çatdırılması və ya çatdırılma seriyaları əlava razılaşmalara əsasən həyata keçirilir (2.4-cü bənd); Əlavə razılaşmada aşağıdakılar göstərilməlidir: Məhsulun adı; Məhsulun kodu/sayları; həddi hər göndərilmə zamanı say və məbləği; Məhsulun ümumi məbləği; Məhsulun çatdırılma vaxtı və müddətləri və digər tələb olunan müddət və şərtlər (2.2-ci bənd); Satıcı alıcıya hesabı müəyyən edilmiş vaxt çərçivəsində və əlavə razılaşmada göstərilmiş məbləğlərdə təqdim edilir (3.6-cı bənd); Satıcı müqavilə üzrə məhsulun təhvil verilməsi müddətində gecikdirmələr ilə üzləşdikdə, alıcı dərhal yazılı şəkildə, gecikməni əks etdirən faktlar, onun səbəbləri, təxmini çatma vaxtları göstərməklə xəbərdar edilməlidir və alıcı ilə gələcək addımlar yazılı şəkildə raşılaşdırılmalıdır (5.1-ci bənd); Əlavə razılaşma, Alıcının və Satıcının bir və ya bir neçə məhsulun alınmasını təsdiq edən sənəddir (10.1-ci bənd).

2. Eyni tərəflər arasında müvafiq sayda, keyfiyyətdə, spesifikasiyalarda və digər şərtlərdə məhsulun təhvil verilməsi və Alıcı tərəfindən həmin məhsulun təhvil alınması və qəbul edilməsi və müvafiq şərtlərlə və qaydada ödənişlərin edilməsi öhdəliklərini özündə əks etdirən 2018-ci il 1 may tarixli 025-A saylı alqı-satqı müqaviləsinə 1 nömrəli Əlavə Razılaşma bağlanmışdır. Həmin razıl aşmada “Politilen (black)” 100 ton və “Politilen (white)” 120 ton olmaqla ƏDV daxil 408.280 ABŞ dolları dəyərində məhsulun alınması razılaşdırılmışdır. 3. 2019-cu il 25 noyabr tarixli 10 nömrəli xəbərdarlıq məktubuna əsasən, İddiaçı MMC tərəfindən tərəflər arasında bağlanmış müqavilə əsasında satılmış malların dəyəri olaraq 408.280 ( dörd yüz səkkiz min iki yüz səksən) ABŞ dolları pulun ödənilməsinə dair Cavabdeh MMC tərəfindən üzərinə götürülmüş öhdəliklərin yerinə yetirilməsi tələb edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı MMC (bundan sonra mətndə-iddiaçı) Cavabdeh MMC-yə ( bundan sonra mətndə-cavabdeh) qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2018-ci il 1 may tarixli 025 A saylı müqavilə üzrə 408.280 (dörd yüz səkkiz min iki yüz səksən) ABŞ dolları pul məbləğinin, 2018-ci il 1 sentyabrdən halhazıradək 408.280 ABŞ dolları məbləğin üzərinə gələn 64.644 (altmış dörd min altı yüz qırx dörd) ABŞ dolları faiz borcunun ödəniş gününə manat məzənnəsinə uyğun olaraq, vəkilə ödənilmiş 200 (iki yüz) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 2018-ci il 1 may tarixli 025-A saylı müqavilənin 2.1-ci bəndinə əsasən, iddiaçı əlavə Razılaşmada göstərilən məhsulları satmağı, cavabdeh isə dəyərini ödəyib qəbul etməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış müqaviləyə 1 saylı əlavəyə əsasən, 100 ton Polietilen (black) və 120 ton Polietilen (white) məhsulları iddiaçı tərəfindən "xxxx" MMC-yə təqdim edilmişdir. Cavabdeh Müqaviləyə Əlavə Razılaşmanı imzalamaqla da bunu qəbul edərək, təsdiq edib. Tərəflər arasında bağlanmış Müqavilənin 3.1-ci bəndinə əsasən, cavabdeh ödəməni Əlavə Sazişdə göstərilən qiymətlə həyata keçirməyə razılıq verir. 01 saylı Əlavəyə razılaşmaya əsasən isə təqdim edilmiş malların ümumi dəyəri 408.280 USD (dörd yüz səkkiz min iki yüz səksən) ABŞ dolları məbləğində müəyyən edilmişdir. Müqavilənin 3.3-cü bəndinə görə, müqavilə üzrə ödəniş Azərbaycan manatı ilə ödəniş gününə (faktiki ödəniş günü) olan USD/AZN məzənnəsinə uyğun olaraq həyata keçirilir. Müqavilənin 3.5-ci bəndinə əsasən, tərəflər Əlavə Razılaşmada göstərilənlərə uyğun olaraq ödənişi həyata keçirir. Əlavə Razılaşmada qeyd olunanlara uyğun olaraq, ödəniş qaydası-100 faiz əvvəl həyata keçirilməlidir. Lakin cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Beləliklə də, cavabdeh müqavilənin şərtlərini pozaraq borcun qaytarılmasına dair öhdəliyini vaxtında və lazımi qaydada icra etmir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün qarşı tərəfə pretenziya məktubu göndərilmiş, həmin pretenziya məktubu qəbul edilsə də, pretenziya qaydasında həll olunmadığından iddiaçı mübahisənin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir.

6. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin ( bundan sonra mətndə- MM) 385, 425.1, 442, 443.1, 445.1, 445.2.1, 448.1, 449, 567, 598.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə-MPM) 121.1-ci maddələrinə istinad etmişdir.

7. Cavabdeh tərəfindən iddiaya qarşı etiraz təqdim edilməmişdir.

8. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-78/2021 saylı, 2021-ci il 26 aprel tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir ( hakim Səbinə Nuriyeva).

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, iddiaçı tərəfindən qaimədə əks olunmuş malların cavabdehə verilməsini, onların təhvil-təslimini təsdiqləyən hər hansı sübut məhkəmə araşdırması zamanı təqdim edilməmişdir. Eyni zamanda iddiaçı tələbinin əsası olaraq tərəflər arasında bağlanmış müqaviləyə əlavə razılaşmaya əsaslanmışdır. Həmin razılaşma üzrə göstər ilən mallar, onların çeşidi və miqdarı müəyyən edilməsi üçün tərəflər arasında tərtib edilmişdir. Belə ki, qeyd olunan razılaşmanın mətnindən göründüyü kimi tərəflər bu razılaşmada malların çeşidi, miqdarı, spesifikasiyası, ödəniş qaydası və təhvil-təslim tarixini müəyyən etmişlər. Belə olan halda qeyd olunan əlavə razılaşmanın iddiaçı tərəfindən müvafiq malların cavabdehə təqdim edilməsinə dair sübut kimi qəbul edilə bilməz. Bundan başqa iddiaçı tərəfindən məhkəməyə yuxarıda qeyd olunan əlavə razılaşmada göstərilmiş malların cavabdehə təqdim edilməsinə dair kserosurətdə təhvil-təslim aktı təqdim edilmişdir. Məhkəmə araşdırması zamanı qeyd olunan aktın əslinin təqdim edilməsi təklif edilməsinə baxmayaraq, iddiaçı tərəfindən həmin aktın əsli məhkəməyə təqdim edilməmişdir.

10. Hər iki tərəf vəsatət ilə məhkəməyə müraciət edərək, Nümayəndə4 hərəkətlərində cinayətin əlamətləri olduğuna görə, onun barəsində xüsusi qərardad çıxarılmaqla prokurorluğa göndərilməsini xahiş etmişlər. MPM-in 265.4-cü maddəsində göstərilmişdir ki, məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qəradad çıxarmaqla prokurora xəbər verir. Göründüyü kimi işdə iştirak edən şəxslərin bildirməsindən asılı olmayaraq, məhkəmə tərəfindən xüsusi qərardad çıxarılmasının məqsədi tərəflərin və ya digər şəxslərin hərəkətlərindəki cinayətin əlamətlərinin prokurorun diqqətinə çatdırılmasıdır. Məhkəmə araşdırması zamanı bu hallar təsdiq edilməmiş, habelə tərəflər qeyd olunan halların müəyyən və təsdiq edilməsi üçün sübutları məhkəməyə təq dim etməmişlər. Məhkəmə MPM-nin 76.1, 76.2, 77.1, 81.89.1-ci maddələrinə əsaslanmaqla, məhkəmə iclasının protokol qərardadı ilə xüsusi qərardadın qəbul edilməsi barədə vəsatətlərt təmin etməmişdir.

11. Həmin məhkəmə göstərmişdir ki, iddiaçı tərəfindən iddia tələbi üzrə tələb edilən hallara dair sübutlar təqdim edilməmişdir. Halbuki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alındığında isə bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında dura n faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

12. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 2007-ci il 26 iyul tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqlar ı üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93).

13. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılması na xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir

14. Məhkəmə gəldiyi nəticəni MM-in 6.2, 14.1, 385.1, 386.1, 443.1, 448.1, 567, MPMin 76.1, 76.2, 77.1, 81, 89.1, 107, 119.1, 124.2, 217.4, 218.3, 265.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

15. Qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-728/2021 saylı, 2021-ci il 14 sentyabr tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-78/2021 saylı, 2021-ci il 26 aprel tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər Raqib Qurbanov (sə drlik edən məruzəçi) Vidadi Məmmədov, Vüsalə Baxışova).

17. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş mübahisələndirilməyən hallarına görə, İddiaçı MMC və Cavabdeh MMC arasında 01 may 2018-ci il tarixli 025-A saylı alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən satıcı sifarişlər əsasında razılaşdırılmış miqdarda, çeşiddə və keyfiyyətdə istehsal və ya idxal etdiyi və ya digər hüquqi formada ticarət predmeti olan malları alıcıya satmağı, alıcı isə malı qəbul etməyi və müqabilində satıcıya bu müqavilə əlavə razılaşmada nəzərdə tutulmuş qiyməti ödəməyi öhdəsinə götürmüşdür.

18. İşin mübahisəli halları-iddiaçı bildirir ki, həmin müqavilə üzrə 100 ton Polietilin (black) və 120 ton Polietilin (white) məhsulları cavabdehə təhvil verilmişdir. Lakin o, müqavilə üzrə öz üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və 408280 ABŞ dolları məbləğində ödənişi həyata keçirməmişdir.Cavabdehin nümayəndəsi iddiaya etiraz edir və bildirir ki, həmin müqavilədən məlumatı olmamış, müqaviləni onun qardaşı Nümayəndə4 imzalamış və həmin müqavilə üzrə Cavabdeh MMC-yə hər hansı mal təhvil verilməmişdir.

19. İşin qeyd olunan hallarına hüquqi qiymət verən apellyasiya instansiyası məhkəməsi iddianın əsassız olmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, göstərmişdir ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 598.3-cü maddəsi təşkil edir. Həmin maddənin tələblərinə əsasən əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Lakin hazırkı işdə qeyd olunan maddənin dispozisiya şərtlərinin mövcudluğu sübut olunmur.

20. Belə ki, tərəflər arasında malların alqı-satqısı ilə bağlı müqavilə bağlansa da, iddiaçı müqavilə üzrə nəzərdə tutulan malları cavabdehə təhvil verilməsini təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. İddiaçının təqdim etdiyi təhvil-təslim aktının kserosurəti (skan variantı) isə həmin halları təsdiq edən sübut qismində qismətləndirilə bilməz. Belə ki, cavabdeh həmin aktı mübahisələndirdiyi üçün bu halı sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür və o, malların təhvil verilməsinin məhz təhvil-təslim aktı ilə təsdiq edildiyinə istinad etdiyi üçün həmin aktın əslini təqdim etməli idi. Çünki Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsinə görə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Lakin o, məhkəmə tərəfindən təklif olunmasına baxmayaraq həmin aktın əslini təqdim etməmişdir. Bu baxımdan kollegiya hesab etmişdir ki, iddiaçı tərəfindən təqdim olunmuş təhvil-təslim aktının kserosurəti malların təhvil verilməsini təsdiq edən sübut kimi qəbul edilə bilməz. Belə ki, həmin sənəd Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsinin tələblərinə cavab vermir.

21. İddiaçı tərəfindən birinci instansiya məhkəməsində təqdim edilmiş şahidlər Fərhad İsayev, Elçin Məmmədovun ifadələrinə münasibətdə məhkəmə qey d etmişdir ki, həmin şahidlər yalnız malların İddiaçı MMC tərəfindən “Bakı Fəhləsi Maşınqayırma Zavodu”na təhvil verildiyi və bu zaman orada nümayəndə kimi Nümayəndə4 adlı şəxsin olduğu göstərilmişdir. İddiaçının nümayəndəsi də etiraf etdi ki, həmin müqavilə bağlanılmamışdan əvvəl iddiaçı ilə Nümayəndə4 arasında işgüzar münasibətlər olmuşdur. Bundan başqa cavabdehin nümayəndəsi bildirdi ki, Nümayəndə4lə telefon əlaqəsi saxlamış və o, iddiaçıya başqa məbləğdə borcu olduğunu etiraf etmişdir. Qeyd olunanlara əsasən kollegiya hesab etmişdir ki, həmin şahidlərin ifadələri 01 may 2018-ci il tarixli müqavilə üzrə malların cavabdehə təhvil verildiyini təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. iddiaçının istinad etdiyi hallar öz təsdiqini tapmır. Ona görə də, Mülki Məcəllənin 598.3-cü maddəsinə əsasən borcun tutulması tələblərinin, habelə həmin tələbdən irəli gələn faiz borcunun tutulması tələblərinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.

22. Apellyasiya məhkəməsinin qətnaməsi 2021-ci il 5 oktyabr tarixində tərəflərin elektron kabinetində yerləşdirilmişdir.

23. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qərar çıxarılması və ya işin təkrar apellyasiya baxışına göndərilməsi xahiş edilmişdir. Kassasiya şikayətlərinin və onlara qarşı etirazların dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri:

24. MM-in 386.2-ci maddəsinin tələbləri pozulmuşdur- Məhkəmə MM-in 598.3-cü maddəsinə istinad etsə belə, həmin maddəni düzgün tətbiq etməyər ək, maddi hüquq normasının pozulması hallarına yol vermişdir. Həmin maddənin məzmununda qeyd edilmişdir ki, alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Maddənin məzmunundan belə görünür ki, iddiaçı cavabdeh ilə aralarında bağlanmış 2018-ci il 1 may tarixli 025 A nömrəli müqaviləyə əsasən ona ödənilməyən borcunu və həmin borca hesablanmış faizləri tələb edə bilər. Məhkəməyə təqdim olunmuş sənədlərdən də açıq-askar görünür ki, iddiaçı tərəfindən müqavilədə nəzərdə tutulan öhdəliklər verinə yetirilsə də, cavabdeh tərəfindən müqavilə üzrə yaranmış öhdəliklər verinə yetirilməmişdir və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ü çün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. MM-in 386.2-cı maddəsindən də görünür ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi hallan istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Belə bir müqavilə də tərəflər arasında mövcuddur.

25. MPM-in 9.1-ci maddəsinin tələbləri pozulmuşdur. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi əsasında həyata keçirilir. Qətnamədən də görünür ki, məhkəmə tərəfindən prosessual hüquq normaları düzgün tövsif olunmadan, çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət olunmadan iş üzrə qətnamə qəbul edilmişdir.

26. MPM-in 77.1-ci maddəsinin tələbləri pozulmuşdur- Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hallan sübut etməlidir. Məhkəmə qətnaməsindən görünür ki, MPM-in 77.1-cı maddəsi düzqün tətbiq edilməmiş, prosessual hüquq normaların pozuntusuna vol verilmişdir. Ona görə ki, iddiaçı tərəfindən məhkəməyə 2018ci il 1 may tarixli 025 A nömrəli müqavilə və həmin müqaviləyə əlavə edilmiş 01 saylı əlavə razılaşma, təhvil-təslim aktının skan forması və digər sənədlər təqdim olunmuşdur. Buna baxmayaraq, həmin hallara düzgün qiymət verilməmişdir.

27. MPM-in 76.1, 76.2-ci maddələrinin tələbləri pozulmuşdur- Məhkəməyə cəlb edilmiş şahidlər məhkəmə iclasında şahid kimi dindirilsələr belə, şahidlərin ifadələri məhkəmə qətnaməsində sübut kimi qiymətləndirilməmiş və həmin şahidlərin ifadə lərinə məhkəmə tərəfindən düzgün hüquqi qiymət verilməmişdir. Halbuki, MPM-in 76.1 və 76.2-ci maddələrinin mənasından da görünür ki, şahidlərin ifadələri sübutların bir növü kimi qiymətləndirilməlidir.

28. İddiaçı tərəfindən kassasiya şikayətini əsaslandırmaq üçün MM-in 386.2, 598.3-cü, MPM-in 9.1, 76.1, 76.2, 77.1-ci maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. İİ. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTLƏRİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

30. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkü n hesab edilmişdir.

31. İş üzrə iddiaçı tərəfindən apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

32. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

33. Azərbaycan Respubli kası Mülki Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.... 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər k reditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.”...” “Maddə

449. Pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 449.2. Bank uçot dərəcəsini Azərbaycan Resp ublikasının Mərkəzi Bankı müəyyənləşdirir. 449.3. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.” “Maddə

598. Alınmış əşyanın ödənilməsi... 598.3. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər....”

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

89. Yazılı sübutlar... 89.3. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, b u sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir.” “Maddə

407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər..... 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir”. “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsin də nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.....” İV. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası apellyasya şikayətinin dəlilləri ilə eyni məzmunlu kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilməsini zəruri hesab edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə müvafiq olaraq malların cavabdehə təhvil verilməsini sübut etmək vəzifəsinin iddiaçıya aid olmasına baxmayaraq, sonuncu tərəfindən heç bir mötəbər sübut təqdim edilmədiyindən, apellyasiya instansiyası məhkəməsinin iddiaçının üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməməsinə dair nəticəsi MPM-nin 14.2, 77.1-ci maddələrinin tələblərinə (bax yuxarıda §34) uyğun olmuşdur.

36. İddiaçının istinad etdiyi təhvil-təslim aktının kserosurətinə (skan variantı) gəldikdə, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, həmin sənəd MPMnin 89.3-cü maddəsinin tələblərinə (bax yuxarıda §34) cavab vermir. 37. “..İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi- nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcəd ən müəyyən edilmiş qüvvəyə malik deyil (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarı).

38. Sübutların mötəbərliyi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 2020-ci il 08 yanvar tarixli digər qərarında da göstərilmişdir ki, «Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsinə görə, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Lakin apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən sübut kimi qəbul edilmiş əlavə müqavilənin Mülk i Prosessual Məcəllənin 89.1 və 89.3-cü maddələrinə uyğun olaraq lazımi qaydada təsdiq edilmədiyini nəzərə almamış və qətnaməsində … apellyasiya şikayətinin dəlilinin əsaslı olub-olmamasına münasibət bildirməmişdir».

39. İddiaçının kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-nin 418.3-cü maddəsi). Kollegiya hesab edir ki, baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-nin 14, 77.1, 80, 88-ci maddələrinin tələblərinə əməl edilmiş, işdəki sübutlar, o cümlədən iddiaçı tərəfindən birinci i nstansiya məhkəməsinə təqdim edilmiş şahidlərin ifadələri prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

40. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

41. Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 14 se ntyabr tarixli 2-2(103)-728/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: İ.A.Dadaşov B.F.Qəribov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar