Məhkəmə qərarları › İş №2-2(102)-573/2025

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-573/2025

05.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-573/2025 05.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi - kassasiya şikayəti hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər X1 və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı alqı-satqı müqaviləsi üzrə pul tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 24 aprel tarixli 22(103)-445/2025 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən ve rilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxılarkən aşağıdakılar müəyyən edilmişdir. İş üzrə məhkəmə icraatı

1. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, 38.973,20 manat əsas, 7.015,18 manat ƏDV, 2.545,12 manat gecikdirmə faizi, 1.862,53 manat dəbbə pulu, 241,19 manat rüsum, 300 manat hüquqi yardım üçün vəkilə ödənilmiş vəsait olaraq cəmi 50.937,22 manat məbləğin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı Kommersiyа Məhkəməsinin 2024-cü il 21 iyun tarixli e-2-2(113)-2348/2024 nömrəli qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilmişdir (hakim – K.Hüseynov).

3. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd edi lməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 24 aprel tarixli 2-2(103)-445/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – Z.Şirinov, hakimlər – E.Həsənov və L.Əliyeva).

5. Cavabdeh kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən apellyasiya instansiyasına göndərilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 10-1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının elektron qaydada aparılması... 10-1.7. “Elektron məhkəmə” informasiya si stemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir....” "Maddə

69. Nümayəndə vasitəsi ilə işin aparılması... 69.2. Hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir....” “Maddə

73. Nümayəndənin səlahiyyətinin rəsmiləşdirilməsi 73.1. Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir....” və “Maddə 404-1. Kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. 404-1.2. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.” "Maddə

407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər... 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur....” "Maddə

408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə;... 408.1.3. kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə;...” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

7. Aşağıda göstərilənlərə əsasən, cavabdeh tərəfindən verilən kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və icraata qəbul edilməməlidir.

8. Hazırkı iş üzrə kassasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, qeyd olunan şikayə t onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) tərəfindən imzalanmamış, bununla da kassasiya şikayəti MPM-in 407.3-cü maddəsinin (bax § 6) tələbləri pozulmaqla verilmişdir.

9. Belə ki, “Elektron Məhkəmə” İnformasiya Sisteminin məlumatlarından görünür ki, elektron sistemə əlavə edilmiş cavabdehin kassasiya şikayətini vəkil kimi yalnız Vəkil elektron qaydada imzalamış, lakin həmin şikayət cavabdeh tərəfindən elektron qaydada imzalanmamışdır. Vəkil kassasiya şikayətini həm də nümayəndə kimi imzalamaq səlahiyyətini təsdiq edən müvafiq sənəd isə (MPM-in 69.2 və 73.1-ci maddələri – bax § 6) məhkəməyə təqdim olunmamışdır.

10. Beləliklə, hazırda kassasiya şikayəti elektron qaydada yalnız kassatorun vəkili tərəfindən imzalandığından, cavabdeh tərəfindən isə elektron qaydada imzalanmad ığından və vəkilə müvafiq nümayəndəlik səlahiyyəti verilmədiyindən, MPM-in 407.3-cü maddəsinin (bax § 6) tələbləri pozulmaqla verilmiş hesab olunmalı, bu səbəbdən də həmin kassasiya şikayətinin icraata qəbulundan imtina edilməlidir.

11. Apellyasiya instansiyası məhkəməsi isə MPM-in 408.1 və 408.1.1-ci maddələrinin tələblərinə uyğun olaraq (bax § 6), kassasiya şikayətini geri qaytarmalı olduğu halda, buna əməl etməyərək, işlə birlikdə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərmişdir.

12. Şərh olunanları nəzərə alaraq və MPM-in 407 və 408-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh MMC tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 24 aprel tarixli 2-2(103)-445/2025 nömrəli qətnaməsindən verilmiş kassasiya şikay əti qeyri-mümkün hesab edilsin və onun icraata qəbul edilməsindən imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar