Məhkəmə qərarları › İş №2-2(102)-657/2022

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-657/2022

05.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-657/2022 05.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı MMC-nin Cavabdeh qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 18 avqust tarixli 2-2(105)-109/2022 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək müəyyən etdi I. İŞİN HALLARİ

1. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) 2021-ci il 2 fevral tarixdə Cavabdeh (bun dan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 2020-ci il 11 iyun tarixli 20/29 saylı alğı-satqı müqaviləsinə və onun əlavələrinə əsasən yaranmış və ödənilməmiş 49.747,90 manat əsas borc, 6.268,24 manat cərimə, 30 manat ödənilmiş dövlət rüsumu və hüquqi yardımla əlaqədar ödənilmiş 150 manat xidmət haqqı olmaqla, ümumilikdə 56.196,14 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. Sumqayıt Kommersiya Məhkəməsinin 2021-ci il tarixli 7 may e-2-2(119)-395/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 49.747,90 manat əsas borc, 2.000 manat cərimə, hüquqi yardımla əlaqədar ödənilmiş 150 manat xidmət haqqı və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 51.927,90 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim – Z.Sadiqov).

3. Cavabdeh 2021-ci il 29 iyun tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iş üzrə icraata xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

4. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 31 avqust tarixli 2-2(105)-109/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Kommersiya Məhkəməsinin 2021-ci il tarixli 7 may e-2-2(119)-395/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən – F.Məmmədov, hakimlər – R.Ağayev və H.Babayeva).

5. Həmin qətnamə 2021-ci il 9 sentyabr tarixində tərəflərə məktubla göndərilmişdir.

6. Cavabdeh 2021-ci il 15 noyabr tarixində həmin qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv edərək işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 1 fevral tarixli 2-2(102)-22/2022 saylı qərardadı ilə həmin kassasiya şikayətinin icraata qəbul edilməsinə dair Ali Məhkəmənin Kommersiya Kollegiyasının 2021-ci il 24 noyabr tarixli 22(102)-651/2021 saylı qərardadının ləğv edilməsi, kommersiya mübahisəsi üzrə hazırkı işin kassasiya baxışından çıxarılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır (sədrlik edən – K.Abiyeva, hakimlər – B.Qəribov və İ.Dadaşov).

8. Kassasiya instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə qəbul edilmiş məhkəmə aktlarına əsasən cavabdehdən əsas borc və cərimə tutulmuşdur. Cavabdeh kassasiya şikayətinin nəticə hissəsində formal olaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvini xahiş etsə də, şikayətin məzmunundan göründüyü kimi, qətnamə yalnız cavabdehdən 2.000 manat məbləğində cərimənin tutulması hissəsində mübahisələndirilərək, həmin hissəyə dair dəlillər irəli sürülmüşdür.

9. Məhkəmə aktının cavabdehdən 49.747,90 manat məbləğində əsas borcun tutulması hissəsinə dair isə hər hansı dəlil irəli sürülməmiş, məhk əmə tərəfindən hansı maddi və prosessual hüquq normasının pozulması və pozuntunun nədən ibarət olması göstərilməmişdir.

10. Kommersiya mübahisələrinə dair işlər üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti on min manatdan az olduğu təqdirdə, belə iddialarla bağlı apellyasiya məhkəməsinin qətnaməsi kassasiya məhkəməsinin baxış predmeti ola bilməz. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

11. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 10 fevral tarixli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 31 avqust tarixli 2-2(105)-109/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır (sədrlik edən – F.Məmmədov, hakimlər – R.Ağayev və Z.Məmmədov).

12. Məhkəm ə kollegiyası hesab etmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 31 avqust tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilmədiyindən və mövcud iddia tələbi üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti on min manatdan az olduğundan kassasiya şikayəti geri qaytarılmalıdır.

13. Cavabdeh 2022-ci il 1 avqust tarixində yenidən Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 31 avqust tarixli 2-2(105)-109/2021 saylı qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin qismən - iddianın cərimə tələbinin 2.000 manat və əsas borc məbləğin 30.000 manat təmin edilmiş hissədə ləğv edilməsi və həmin hissəl ərdə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. Eyni zamanda, cavabdeh kassasiya şikayəti ilə birlikdə prosessual müddətin bərpası barədə vəsatət ilə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 2021-ci il 31 avqust tarixli 2-2(105)-109/2021 saylı qətnaməsindən birinci dəfə kassasiya şikayəti verildiyi gündən sonra ötürülmüş müddətin üzrlü hesab edilib bərpa edilməsini və kassasiya şikayətinin baxılması üçün Ali Məhkəməyə göndərilməsini xahiş etmişdir.

15. Sumqayıt Apellyasiya Məhkəməsinin 2022-ci il 18 avqust tarixli 2-2(105)-109/2022 saylı qərardadı ilə cavabdehin vəsatəti təmin edilməmiş və kassasiya şikayəti geri qaytarılmışdır (sədrlik edən – F.Məmmədov, hakimlər – H.Babayeva və Z.Məmmədov).

16. Cavabdeh qətnaməd ən kassasiya şikayəti vermə müddətinin buraxılmasının əsası kimi ilk kassasiya şikayəti tərtib edilərkən, tərəfindən yol verilmiş prosessual pozuntunun aradan qaldırılması və ikinci kassasiya şikayətinin prosessual tələblərə uyğunlaşdırılaraq verilməsi ilə əsaslandırsa da, məhkəmə kollegiyası həmin halı üzrlü səbəb hesab etməmişdir.

17. Apellyasiya məhkəməsinin qərardadı 2022-ci il 23 avqust tarixində cavabdehə məxsus elektron kabinetə yerləşdirilmişdir.

18. Cavabdeh 2022-ci il 30 avqust tarixində həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini, qətnamədən verilmiş kassasiya şikayətinə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ. TƏTBİQ EDİLƏN HÜQUQ

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 404-1. Kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması... 404-1.2. işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir....” “Maddə

407. Kassasiya şikayətinin məzmunu 407.1. Kassasiya şikayətində aşağıdakılar göstərilməlidir:... 407.1.4. şikayəti verən şəxsin tələbi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması;... 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir....” “Maddə

408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda qaytarılır:... 408.1.5. kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə;...” İİİ. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

20. Aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və icraata qəbul edilməməlidir.

21. Hazırkı kassasiya şikayəti MPM-in 407.1-ci maddəsi (bax yuxarıda § 19) ilə müəyyən edilmiş kassasiya şikayətinin forma və məzmununa dair tələblərə cavab vermir.

22. Belə ki, MPM-in 3 saylı Əlavəsinin 6-cı bəndindən aydın olur ki, müvafiq cədvəlin sol sütununda şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən pozulduğu və ya düzgün tətbiq edilmədiyi iddia olunan hər bir prosessual hüquq normas ı sıralanmaqla göstərilməli, sağ sütununda isə göstərilmiş hər bir normanın qarşısında pozuntunun və ya düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir.

23. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin pozduğu bildirilən MPM-in yalnız 418.1-ci maddəsinə istinad edilmişdir. Halbuki həmin maddə kassasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və qərardadının ləğvi üçün əsasları müəyyən edir. Yəni, həmin maddəyə bilavasitə apellyasiya instansiyası məhkəməsi tərəfindən pozulan hüquq norması kimi istinad oluna bilməz.

24. Bu səbəbdəndir ki, kassasiya şikayətinin müvafiq cədvəlinin sağ sütununda göstərilən dəlillər lazımi qaydada (konkret normalar üzrə) ifadə edilməmişdir.

25. Odur ki, kassator apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün olmayaraq geri qaytarıldığını iddia etdiyi şikayətin geri qaytarılma əsasları və qaydasını müəyyən edən MPM-in 408-ci maddəsinin konkret olaraq hansı tələblərinin pozulmasını (maddələrin normalarını konkret göstərməklə) əsaslandırmalı idi.

26. Bələliklə, MPM-in 408.1, 408.1.5-ci maddələrinin (bax yuxarıda § 19) tələblərinə görə, kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, o cümlədən maddi və prosessual hüquq normasının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişdirsə, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

27. Hazırkı halda isə apellyasiya instansiyası məhkəməsi sözügedən kassasiya şi kayətini geri qaytarmaq əvəzinə, istinad olunan normaların tələblərini pozaraq şikayəti baxılmaq üçün kassasiya məhkəməsinə göndərmişdir.

28. Belə olan halda verilmiş kassasiya şikayətinin MPM-nin 404-1.2-ci maddəsinə (bax yuxarıda § 19) apellyasiya instansiyası məhkəməsi uyğun olaraq icraata qəbul edilməsi və bu şikayətə kassasiya məhkəməsində baxılması qeyri-mümkündür.

29. Şərh olunanları nəzərə alaraq və MPM-in 404-1.2, 407.1.4 və 408.1.5-ci maddələrinə maddələrini rəhbər tutaraq maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Cavabdeh tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 18 avqust tarixli 2-2(105)-109/2022 saylı qərardadından verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və onun icraata qəbul edilməsindən imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar