Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-681/2025 05.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsinə (cavabdeh tərəfindən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) qarşı iş üzrə QƏRAR Açar sözlər: Müqavilə öhdəliklərinin yerinə yetirilməməsi, alqı-satqı müqaviləsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, hakimlər Baxışova Vüsalə Ələkbər qızı və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsinə qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar pul tələbinə dair Naxçıvan MR Ali Məhkəməsi Kommersiya Kollegiyasının 2025ci il 21 iyun tarixli, 2-2(108)-12/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı MMC (bundan sonra - “iddiaçı”) cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsinə (bundan sonra “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 98.842,15 manat əsas borc, 440 manat gecikmə faizi olmaqla, ümumilikdə 99.282,15 manatın tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında olmuş şifahi razılaşmaya əsasən iddiaçı razılaşdırılmış məbləğdə malları cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə malların dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüş, iddiaçı tərəfindən 387.763,20 manat dəyərində malların və xidmətlərin təhvil verilməsinə, müxtəlif tarixli elektron qaimələrin təqdim edilməsinə baxmayaraq, cavabdeh tərəfindən ümumi məbləğdən yalnız 288.921,05 manat ödəniş həyata keçirilmiş, həmçinin tərəflər arasında 2023-cü il 11 sentyabr tarixdə tərtib edilən “Üzləşmə aktı” ilə cavabdeh iddiaçıya 98.842,15 manat borcunun yarandığını etiraf edərək, həmin məbləği ödəməyi öhdəsində götürmüş, lakin iddiaçı tərəfindən edilən şifahi xəbər darlıqlara, 2024-cü il 8 aprel tarixində qeyd edilən məsələ ilə bağlı pretenziya məktubu göndərilməsinə baxmayaraq bu günə qədər cavabdehin ödəməyi öhdəsinə götürdüyü qalıq borc məbləği iddiaçıya ödənilməmişdir. Cavabdeh iddiaçıya məxsus pul məbləğini özündə heç bir əsas olmadan saxladığı üçün də mülki qanunvericiliyə əsasən onun qarşısında məsuliyyət daşıyır. Belə ki, iddiaçıya məxsus 98.842,15 manat pul məbləğini cavabdeh əsassız olaraq saxlamaqla ondan faydalanmış, geri qaytarmamışdır. Nəticədə, iddiaçının cavabdehdən mülki qanunvericilikdə nəzərdə tutulan faizləri tələb etmək hüququ yaranmışdır. İddiaçı tərəfindən göndərilən pretenziya məktubunun cavabdehə çatdığı tarixi nəzərə alaraq, iddiaçı 2024-cü il 8 aprel tarixdən etibarən, ona geri qaytarılmalı olan 98.842,15 manat əsas borc mə bləğinə Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsi üzrə faiz hesablamaq hüququna malikdir (hazırda uçot dərəcəsi 7,75 faizdir). Bu isə o deməkdir ki, cavabdehin iddiaçıya gecikməyə görə 440 manat faiz borcu yaranmış olur.
3. Cavabdehin nümayəndəsi Nümayəndə1 iddianı qəbul etdiyini, materialların onlara verildiyini, 2020-ci ilin iyun ayında ora gedəndə idarənin 63000 manat daş alındığı üçün iddiaçı təşkilata borcu olduğunu bildirmişdir.
4. Üçüncü şəxs Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi bildirmişdir ki, cavabdeh ləğvetmə prosesindədir, əmlakı hərraca çıxarılmaq üçün qiymətləndirilib təhvil götürülmüşdür. Cavabdehin daşınmaz əmlakı və texnikası mövcuddur, lakin nə dərəcədə yararlı olması, eləcə də onun orta və ya kiçik əmlak olaraq özəlləşməyə çıxarılacağı barədə məlumatı yoxdur. İş üzrə qanuni qərar qəbul olunmasını xahiş etmişdir.
5. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 2024-cü il 9 oktyabr tarixli e-2-2(123)-365/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim E.Salmanov).
6. Məhkəmə bildirmişdir ki, iddiaçı tərəfindən 387.763,20 manat dəyərində malların verilməsi və xidmətlərin göstərilməsi, o cümlədən, həmin məbləğdən cavabdeh tərəfindən 288.921,05 manat ödənişin həyata keçirilməsi, nəticədə cavabdeh təşkilatın direktoru Nümayəndə1 öz imzası ilə təsdiq edərək cavabdehin iddiaçıya 98.842,15 manat borcunun olmasını etiraf etməsi 2023-cü il 11 sentyabr tarixli qarşılıqlı borcların üzləşdirilməsinə dair akt ilə təsdiq edilərək işin mübahisəsiz halı olaraq müəyyən edi lir. Bununla yanaşı, cavabdehin nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etdiyini, materialların onlara verildiyini, iddiaçı təşkilata borcun olduğunu bildirmiş, iddiaçı təşkilata borcun olduğunu inkar etməməklə iddianı qəbul etmişdir. Eyni zamanda cavabdehin nümayəndəsi izahında, üzləşmə aktının tərtibindən sonra müəyyən ödəmələrin aparıldığını bildirməsinə baxmayaraq ödəmələrə dair sübutları məhkəməyə təqdim etməmişdir.
7. Məhkəmə cavabdeh tərəfin iddianı etiraf etdiyini və iddianın etirafının qanuna zidd olmadığını və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığını nəzərə alaraq hesab etmişdir ki, iddia etirafı məhkəmə tərəfindən qəbul edilməli, iddiaçının irəli sürdüyü və cavabdeh tərəfindən etiraf olunan tələbi təmin olu nmalıdır.
8. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəflər arasında olmuş şifahi razılaşmadan irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi və icranın gecikdirilməsi ilə əlaqədar gecikdirilmiş vaxt üçün 440 manat faizin ödənilməsini tələb etməkdə haqlıdır.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, 125-ci maddəsinin Vİİ hissəsinə, 127-ci maddəsinin İİ və Vİİ hissələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 329.2, 329.3, 385.1, 425.1, 442, 445.2-445.2.1, 445.2.2, 445.3, 445.7 və 567-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2-ci maddəsinə istinadla əsaslandırmışdır.
10. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi nin qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat
11. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının 2025-ci il 21 iyun tarixli, 2-2(108)-12/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmiş, iddia qismən – cavabdehdən 98.842,15 manat əsas borc, 284,34 manat gecikdirilmiş vaxt üçün illik beş faiz borcu olmaqla, ümumilikdə 99.126,49 manat alınaraq iddiaçıya ödənilməsi, cavabdehdən 387,23 manat dövlət rüsumunun əvəzinin alınaraq iddiaçıya ödənilməsi hissələrində təmin edilmiş, qalan hissədə iddiaçının özünə aid edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – S.Bəylərli, hakimlər – S.Qarayev, V.Kui mova).
12. Məhkəmə bildirmişdir ki, tərəflər daş məhsullarının alqı-satqısı ilə bağlı sövdələşmiş, yəni müxtəlif daş məhsullarının alışı və satışı üzrə sahibkarlıq fəaliyyətini həyata keçirmiş, iddiaçı elektron əmtəə-nəqliyyat qaimələri üzrə daş məhsullarını cavabdehə vermiş, cavabdeh isə aldığı qeyd olunan daş məhsullarına görə razılaşdırılmış qiymətlə müvafiq pul məbləğinin bir qismini iddiaçıya ödəmiş, iddia üzrə tələb olunan və apellyasiya şikayətində mübahisələndirilən daş məhsullarının müəyyənləşdirilmiş pul məbləği isə cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Həmin faktlar iş materiallarında olan elektron əmtəə-nəqliyyat qaimələri (İ cild, i/v. 24-159) ilə yanaşı, iddiaçı və cavabdeh tərəfindən imzalanmış son haqq-hesaba dair qarşılıqlı borcların üzləşdirilməsi aktı (İ cild, iş v. 7) ilə təsdiq olunur. Qeyd olunanlardan göründüyü kimi, tərəflər arasında daş məhsullarının nisyə alqı-satqı müqaviləsi üzrə öhdəlik münasibətləri yaranmış və cavabdeh öhdəliyini lazımi qaydada icra etməmişdir, yəni konkret olaraq mübahisənin hüquqi əsasını mülki hüquq pozuntusu deyil, nisyə alqı-satqı müqaviləsi təşkil edir.
13. Məhkəmə vurğulamışdır ki, hazırkı mübahisə üzrə iddiaçı və cavabdeh azad iradə ifadəsi əsasında, mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtlərə riayət olunmaqla daş məhsullarının nisyə alqı-satqı müqaviləsini bağlamış, bu müqavilə mübahisələndirilməmiş, onun etibarsızlığını təsdiq edən hər hansı bir sübut təqdim olunmamış və bununla bağlı heç bir mötəbər dəlil müəyyən edilməmişdir.
14. Məhkəmə apellyasiya şikayətinin iddia edilən borcun yaranması səbəbinin iddiaçı tərəfindən satılan malların qiymətinin ƏDV-dən azad edilməməklə ƏDV daxil hesablanması ilə əlaqədar dəlilləri ilə bağlı qeyd etmişdir ki, iş materiallarında olan 2023cü il 11 sentyabr tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktından (İ cild, i/v. 7) məlum olur ki, həmin akt cavabdehin direktoru Nümayəndə1 və iddiaçının qanuni təmsilçisi X2 arasında 2023-cü il 11 sentyabr tarixinə qarşılıqlı üzləşmə aparılaraq tərtib edilmişdir. Həmin akta görə xidmət müqaviləsi üzrə 387.763,20 manat (ƏDV xaric) dəyərində xidmət alınmış, 288.921,05 manat (ƏDV xaric) məbləğində ödəniş edilmişdir və qalıq borc məbləği 98.842,15 manat (ƏDV xaric) təşkil edir. Həmin məbləğin ödənilməsindən sonra icraçının sifarişçiyə qarşı müqavilə və onun hər hansı müddəasından irəli gələn pul tələbi olmayacaqdı r. Tərəflər qəbul etmişlər ki, bu üzləşmə aktında göstərilənlərdən başqa birbirlərinə qarşı heç bir pul tələbi və işlərin yerinə yetirilməsi ilə əlaqədar heç bir öhdəlikləri qalmamışdır. Göründüyü kimi, qeyd olunan üzləşmə aktı məhz cavabdehin nümayəndəsi Nümayəndə1 tərəfindən imzalanmış, onun özü hesablanan borc məbləğinə ƏDV daxil edilmədiyini, yəni borcun ƏDV xaric olduğunu təsdiq və qəbul etmişdir. Ümumi qəbul olunmuş qaydaya görə, üzləşmə aktı - iki müəssisə arasında olan müəyyən dövr üzrə hesablaşmaları əks etdirən sənəddir. Qanunvericilikdə "üzləşmə aktı" blankının təsdiq edilmiş forması yoxdur. Bu səbəbdən də onun hazırlanması sərbəstdir. Əgər borclu üzləşmə aktını imzalayırsa, o borcu qəbul və etiraf edir.
15. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi Nümayəndə1 müvaf iq olaraq iddianı qəbul etdiyini, mal-materialların cavabdehə verildiyini, apellyasiya baxışında isə borcu qəbul etdiklərini göstərmişdir. 2018-ci il 28 mart tarixdən 2023-cü il 26 fevral tarixədək olan dövrə aid elektron qaimədə göstərilən malların alınması (təqdim olunması), işlər görülməsi və xidmətlər göstərilməsi zamanı qiymətlərə əlavə dəyər vergisinin daxil edilib-edilməməsi, malların dəyərinin ƏDV-siz yoxsa ƏDV-li hesablanıb-hesablanmaması, qarşılıqlı borcların üzləşdirilməsi aktında göstərilən borc məbləğinin ƏDV xaric olubolmamasının müəyyən olunması üçün Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən mütəxəssis işə cəlb olunmuş və mütəxəssis X1 şifahi məsləhətində bu borcun ƏDV-siz borc olduğunu, iddiaçının qarşı tərəfdən xalis, yəni ƏDVsiz olan əsas borcunu istədiyini göstərmişdir.
16. Elektron qaimələrdə göstərilən tarixlər nəzərə alınmaqla cavabdehin iddiaçıdan malların alınması (təqdim edilməsi), işlər görülməsi və xidmətlər göstərilməsi üzrə əlavə dəyər vergisini ödəməkdən azad edilməsi barədə müvafiq icra hakimiyyəti orqanı (Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti) tərəfindən qəbul edilmiş aktların surətlərinin kommersiya kollegiyasına təqdim olunması barədə sorğuya əsasən Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 2025-ci il 5 mart tarixli, 3-35-7/2-264/2025 nömrəli və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2025-ci il 10 mart tarixli, 3-2-4/2-546/2025 nömrəli məktubları ilə məhkəməyə göndərilmiş məzmunca eyni olan 2021-ci ilin aprel, may, no yabr, dekabr ayları, 2022-ci ilin isə fevral, iyun, iyul aylarında qəbul olunmuş sərəncamlar, Forma №2, Forma №3 və elektron qaimələr (İİİ cild, i/v. 47-142, İV cild, i/v. 380) 2023-cü il 11 sentyabr tarixə (qarşılıqlı borcların üzləşdirilməsi aktının tərtib olunduğu tarixə) cavabdehin iddiaçıya ümumi borcunun nə qədər olması, həmin borc məbləğinə ƏDV daxildirsə, əsas borc və ƏDV-nin ayrı-ayrılıqda nə qədər təşkil etməsinin, tələb olunan 98.842,15 manat pul vəsaitinin ƏDV daxil, yoxsa ƏDV xaric hesablanmasının müəyyən edilməsi məqsədilə ekspertə təqdim olunmuş, 2025-ci il 7 aprel tarixdə ekspert tərəfindən məhkəmə-mühasibatlıq ekspertizasının aparılması üçün zəruri olan elektron qaimə və aparılan ödənişləri təsdiq edən rəsmi mühasibatlıq sənədlərinin (ödəniş tapşırıqları və ya bank çıxarış larının) təqdim olunması barədə vəsatət verilmiş, lakin qeyd olunan sənədlər təqdim olunmamış və məhkəmə tərəfindən ekspertizanın iş materiallarında olan sənədlər əsasında aparılaraq müvafiq rəyin verilməsi xahiş edilmişdir. 424 nömrəli, 2025-ci il 2 iyun tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarından göründüyü kimi, 2023-cü il 11 sentyabr tarixə (qarşılıqlı borcların üzləşdirilməsi aktının tərtib olunduğu tarixə) cavabdehin iddiaçıya ümumi borcu qarşılıqlı borcların üzləşdirilməsi aktı məlumatlarının düzgünlüyü nəzərə alındıqda 98.842,15 manat olmuşdur. Həmin borc məbləğinin ƏDV xaric olaraq hesablanması akt məlumatlarında göstərilmişdir.
17. Bundan başqa məhkəmə qeyd etmişdir ki, şikayətə baxılarkən alqı-satqı zamanı malların satıcıdan (iddiaçıdan) alınması zamanı həmin malların alınmasına görə alıcının (cavabdehin) ƏDV-dən azad olunması barədə hər hansı bir sənəd və ya razılaşma olması, bu barədə iddiaçıya həmin vaxt, üzləşmə aktı tərtib olunarkən və ya bundan sonra cavabdeh tərəfindən hər hansı bir sənəd təqdim edilməsi halı müəyyən olunmamış, bu barədə cavabdeh tərəfindən heç bir sübut təqdim edilməmişdir.
18. Məhkəmə kollegiyası iddiaçının 440 manat gecikmə faizinin cavabdehdən tutularaq ona ödənilməsi tələbi ilə bağlı MM-in mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş redaksiyasında 445.7, 449.1-ci maddələrinə istinad edərək vurğulamışdır ki, iddiaçının cavabdehdən “AR Mərkəzi Bankının faiz uçot dərəcəsi əsasında hesablanmış 440 manat faiz borcu”nu tələb etməsi halını, cavabdehin MM-in 449.1-ci maddəsində göstərilən şərtlər üzrə faydalanmasını sübutetmə yükü iddiaçının üzərində olmasına baxmayaraq heç bir sübutla təsdiq edilməsi müəyyən olunmur.
19. Məhkəmə həmçinin nəzərə almışdır ki, alqı-satqı əməliyyatları üzrə ƏDV məbləği məhz satıcı (iddiaçı) tərəfindən ödənməli olduğuna görə alıcının (cavabdehin) ƏDV-dən azad olunub-olunmaması hər hansı əhəmiyyət kəsb etmir. Cavabdehin bununla bağlı apellyasiya şikayətində göstərdiyi dəlillər əsassızdır.
20. Bu baxımdan kollegiya bu qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi qətnamədə Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarına və MM-in 445.7-ci maddəsinə istinad et sə də, iddiaçının MM-in 449.1-ci maddəsinə müvafiq olaraq tələb etdiyi 440 manatın cavabdehdən alınıb iddiaçıya ödənilməsini təmin etməkdə haqlı olmamışdır. Ona görə də qətnamə həmin hissədə dəyişdirilməlidir.
21. Məhkəmə bildirmişdir ki, 2025-ci il 2 iyun tarixli 424 nömrəli məhkəmə ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, 98.842,15 manat borc məbləği üzrə 2024-cü il 8 aprel – 2024-cü il 29 aprel tarixləri aralığında gecikdirilmiş vaxt üçün illik beş faiz 21 gün üçün 284,34 manat təşkil edir.
22. Məhkəmə gəldiyi nəticəni MM-in 385.1, 386.1, 406.1, 425.1, 427.3, 442, 445.7, 448.1, 449.1, 567, 598.1, 600.1, 600.4, 1096.1, 1097.1-ci maddələrinə, MPM-in 14.2, 52.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır.
23. Cavabdeh kassasiya şikayəti verərək, Naxçıvan MR Ali Məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. MM-in 6.1, 6.1.1-6.1.5, 14.1-14.2.1, 324.1-324.6, 389.1-389.4-cü maddələri üzrə apellyasiya məhkəməsi qətnamənin 3 və 4-cü səhifələrində tərəflər arasında müqavilə münasibətlərinin mövcudluğunu əsas götürmüş və maddi hüquq normalarına istinad etmişdir. Lakin iş materiallarından aydın olur ki, tərəflər arasında hər hansı müqavilə bağlanmamış, buna baxmayaraq məhkəmə müqavilə münasibətlərinə istinad etmişdir. Halbuki, MM-in 389-cu maddəsinə əsasən, müqavilə – mülki hüquq və vəzifələrin müəyyən edilməsi, dəyişdirilməsi və ya xitamı barədə iki və ya bir neçə şəxsin razılaşmasıdır. Yəni, müqavilə azadlığı prinsipi əsasında yalnız tərəflə rin qarşılıqlı iradə ifadəsi nəticəsində hüquq və öhdəliklər yarana bilər. Mövcud iş üzrə belə bir müqavilə olmadığından, məhkəmənin müqavilə münasibətlərinə istinad etməsi və iddianın etirafını hüquqi əsas kimi qəbul etməsi MM-in tələblərinə ziddir. Müqavilə olmadıqda, onun predmetinə, tərəflərin hüquq və öhdəliklərinə dair razılaşma da mövcud sayılmır və bu halda iddianın təmininə hüquqi əsas yoxdur. a) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri
26. Kassasiya şikayətinin cavabdeh tərəfindən verildiyi nəzərə alınaraq hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı yalnız iddianın qismən təmin edildiyi hissədə və MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassa siya şikayətində ifadə olunmuş dəlillər üzrə yoxlanılacaqdır. Tətbiq edilən hüquq
27. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
406. Müqavilənin forması 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.” “Maddə
567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə
598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasit ə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.” “Maddə
600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.”
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
47. İşdə iştirak edən şəx slərin hüquq və vəzifələri 47.1. İşdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar.” “Maddə
209. İşə mahiyyəti üzrə baxmağın qurtarması 209.3. İşə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edilənədək işdə iştirak edən şəxslər tərəfindən onlara məlum olan hallar və sübutlar təqdim olunmamışsa, işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra heç kəs məhkəmə iclasında araşdırılmamış hallara və sübutlara istinad etməyə haqlı deyildir.” “Maddə
361. Apellyasiya şikayətinin məzmunu 361.4. Apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın.” “Maddə
372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.” “Maddə
380. Sübutların araşdırılması 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi i şə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiya məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.
30. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.
31. Kassasiya şikayətində qeyd edilən ma ddi hüquq normalarının pozulması barədə dəlillər isə əsaslı hesab edilə bilməz.
32. Belə ki, MM-in alqı-satqı ilə bağlı münasibətləri tənzimləyən 29-cu fəslinin 1-ci paraqrafında daşınar əşyanın alqı-satqı müqaviləsinin mütləq qaydada yazılı formada bağlanmasını nəzərdə tutan hər hansı imperativ norma mövcud deyildir.
33. Bu isə onu deməyə imkan verir ki, daşınar əşyaların (rəsmi reyestrdə qeydə alınan daşınar əşyalar istisna olmaqla) alqı-satqı müqaviləsi MM-in 406.1-ci maddəsinə uyğun olaraq əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı, o cümlədən şifahi formada bağlanıla bilər.
34. Eyni zamanda, kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi iddiaya hər hansı etiraz bildirməmiş, iddiaçının istinad etdiyi halları və tərəflərin müqavilə münasibətlərin də olmasını mübahisələndirməmiş, əksinə bu halları etiraf etmişdir. Apellyasiya şikayətində isə iddiaya etiraz edilmiş və etirazın əsasını məbləğin ƏDV ilə hesablanması təşkil etmişdir.
35. Halbuki, MPM-in 209.3, 361.4, 372.2 və 380.1-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra işdə iştirak edən şəxslər məhkəmə iclasında araşdırılmamış hallara və sübutlara istinad edə bilməzlər.
36. Apellyasiya icraatında isə həmin hallara və sübutlara yalnız o halda istinad edilə bilər ki, işdə iştirak edən şəxslər onların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin cavabdeh tərəfindən belə əsaslandırma gətirilməmişdir.
37. Ona görə də, apellyasiya instansiyası məhkəməsinin cavabdehin istinad etdiyi hallar üzrə araşdırma aparmaq vəzifəsi olmamışdır. Bununla yanaşı, məhkəmə tərəfindən cavabdehin istinad etdiyi dəlillərə qiymət verilmişdir.
38. Hazırda cavabdehin kassasiya şikayətində qeyd edilən dəlillərə istinad etməklə iddiaya etiraz etməsi isə MPM-in 47.1-ci maddəsinə zidd olmaqla prosessual hüquqlardan sui-istifadə kimi qiymətləndirilir. Belə ki, birinci və apellyasiya instansiyası məhkəmələrində mübahisələndirilmədiyi halda kassasiya instansiyasında tərəflərin müqavilə münasibətlərində olmasının mübahisələndirilməsi prosessual hüquqlardan vicdanla istifadə etmək qaydasına ziddir.
39. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən kas sasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
40. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 21 iyun tarixli, 2-2(108)-12/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.