Məhkəmə qərarları › İş №2-2(102)-808/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-808/2025

10.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-808/2025 10.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklərin icra edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun tutulması" tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 3 sentyabr tarixli 2-2(105)-73/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qayd asında baxılmışdır. İşin halları

1. Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında 2022-ci il 15 fevral tarixli 009/22 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən satıcı əvvəlcədən hər iki tərəfin razılaşdırdığı qaydada verilmiş sifarişə uyğun malları orada göstərilən çeşiddə və miqdarda alıcının tam mülkiyyətinə verməyi, alıcı isə bunun müqabilində malların dəyərini bu müqavilə ilə müəyyən edilmiş müddətlərdə və qaydalara uyğun olaraq satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 23.281,40 manat əsas borcun, 2328 manat cərimənin, hüquqi yardımla əlaqədar vək ilə ödənilmiş 426 manat xidmət haqqının və 197 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

3. İddia belə əsaslandırılmışdır ki, iddiaçı cavabdehin sifarişi əsasında razılaşdırma protokolunda göstərilən malları sifarişçiyə təhvil vermiş, lakin müqavilə üzrə satılmış malların dəyəri bu günədək ödənilməmişdir. Cavabdehin iddiaçıya 23281,40 manat məbləğində əsas borcu, 2328 manat cərimə borcu yaranmışdır.

4. Cavabdeh iddiaya etiraz etmiş və bildirmişdir ki, iddiaçı razılaşdırma protokolunda göstərilən malları cavabdehə çatdırmamış və tərəflər arasında təhvil-təslim aktı mövcud deyildir. İddiaçı iddia tələbi ilə bağlı sadəcə elektron qaimə-fakturalara istinad edərək tərəflər arasında borcun olduğunu sübut etməyə çalı şır. Lakin tərəflər arasında bağlanmış müqavilənin 2.2-ci bəndinə əsaslanaraq borcun tələb olunması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 20 aprel tarixli Qərarına ziddiyyət təşkil edir və ona görə bu tələbin əsasını təşkil edə bilməz. Elektron qaimələr adətən malın satışı, xidmətin göstərilməsi və ya işin görülməsi ilə bağlı əməliyyatları əks etdirir. Bu məlumatlar arasında tərəflərin məlumatları, malın və ya xidmətin təsviri, miqdarı, qiyməti və vergi məlumatları yer alır, yəni iddiaçının cavabdehə elektron qaimə göndərməsi cavabdeh tərəfindən iddiaçının yerinə yetirdiyi işlərin qəbul edilməsi və həmin işlərin dəyərinin ödənilməsini qəbul etməsi mənasına gəlmişdir. Bu da onu deməyə əsas verir ki, iddiaçı tərəfindən birtərəfli qaydada təqdim edilən elektron qaimə-fakturalar tərəflər arasında borcun təsdiq edilməsini əsaslandırmaq üçün sübut qismində qəbul edilə bilməz. Bundan başqa müqavilənin 3.4-cü bəndinə əsasən mallar verilərkən təhvil-təslim aktı mütləq olmalıdır, lakin iş materiallarında təhvil-təslim aktı mövcud deyildir. Ona görə də iddia tələbi əsaslı deyil və təmin oluna bilməz. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarixli Qərarında göstərilmişdir ki, elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olu nmasını birbaşa təsdiq etmir və hər bir halda işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.

5. Sumqayıt Kommersiya Məhkəməsinin 2025-ci il 15 aprel tarixli e-2-2(119)301/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən 23.281,40 manat əsas borc, 1165 manat cərimə, hüquqi yardımla əlaqədar vəkilə ödənilmiş 426 manat xidmət haqqı və 163,34 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla cəmi 25035,74 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir (hakim – H.Alıyeva).

6. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək müvafiq malları cavabdehə satsa da, cavabdeh malların dəyərini ödəməyərək müqavilə öhdəliklərini lazımi qaydada icra etməmişdir.

7. Belə ki, iddiaçı 21629,40 manat və 1652 manat dəyərində malların satılması ilə əlaqədar iki ədəd elektron qaimə-faktura göndərilmiş, onlardan birincisi cavabdeh tərəfindən, ikincisi sistem tərəfindən təsdiq edilmişdir. Cavabdeh tərəfindən hər iki elektron qaimə-faktura üzrə malların satılmasına və təhvil verilməsinə etiraz olunmamış və hər hər hansı dəqiqləşmə aparılmamışdır.

8. Ona görə məhkəmə hesab etmişdir ki, 23281,40 manat məbləğində əsas borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

9. Məhkəmə iddia tələbinin cərimə məbləği ilə bağlı hissəsinə münasibətdə vurğulamışdır ki, işin halları nəzərə alınmaqla cərimənin məbləği azaldılaraq cavabdehdən iddiaçının xeyrinə 1165 manat məbləğində cərimə tutulmalıdır.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 425.1, 427.3, 442, 462.1, 465.2, 467 və 567-ci maddələrinə, Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaiməfakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.3 və 3.4-cü bəndlərinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 88 və 218.3-cü maddələrinə istinadla əsaslandırılmışdır.

11. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Sumqayıt Apellyasiya Məhkəməsinin Komm ersiya Kollegiyasının 2025-ci il 3 sentyabr tarixli 2-2(105)-73/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iddia tələbi təmin edilməmişdir (hakimlər: İ.Dəmirov – sədrlik edən və məruzəçi, M.Hüseynov və Z.Məmmədov).

13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasındakı mübahisənin əsası müqaviləyə görə tələb olunan miqdarda malın verilməməsi ilə bağlı olduğundan ilk növbədə onların arasında bağlanmış 2022-ci il 15 fevral tarixli 009/22 nömrəli alqı-satqı müqaviləsinin məzmununa diqqət edilməlidir.

14. Həmin müqavilənin məzmununa diqqət yetirildikdə onun bəzi bəndləri arasında ziddiyyətlər olduğu müəyyən olunur. Əsas ziddiyyətlər isə müqavilənin 2.2-ci və 3.4-cü bəndləridir. Buna görə də müqavilənin digər bən dləri (3.1 və 3.4-3.6-cı bəndər) əlaqəli şəkildə qiymət verilməlidir.

15. Həmçinin iddiaçının nümayəndəsi müqavilənin 2.1-ci bəndini iddia ərizəsində təhrif olunmuş şəkildə qeyd etmişdir: “Müqavilənin 2.1-ci bəndinə əsasən hər sifariş üzrə alıcı tərəfindən malların dəyərinin 100%-i mallar tam təhvil verildikdən sonra satıcının bank hesabına ödənilir”.

16. İşin 26-cı vərəqində olan iddiaçının nümayəndəsi tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış ərizədə iddiaçının hazırkı iş üzrə təqdim edəcək əlavə sübutlarının olmadığı göstərilmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd etmişdir ki, müqavilədə nəzərdə tutulan mallar iddiaçının müqavilədə göstərilən mərkəzi anbarından nəyə görə təhvil-təslim aktı ilə alıcıya təqdim olunmamış, bunun hansı üzrlü səbəblərdən baş verməsinə id diaçı hər hansı aydınlıq gətirmək istəməmişdir.

17. Halbuki bu müqavilənin mühüm şərti kimi təsbit olunmuşdur. İddiaçının müqavilənin yalnız 2.2-ci bəndinə istinad etməsi isə müqavilənin digər bəndlərinə, həmçinin yuxarıda qeyd olunan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarixli Qərarına əsasən əsaslı hesab edilə bilməz.

18. Məhkəmə kollegiyası, həmçinin vurğulamışdır ki, hazırkı müqavilə 2022-ci il 15 fevral tarixində iddiaçının əvvəlki direktoru olmuş Emruz İsgəndərov tərəfində n imzalanmış, hazırkı iddia ərizəsi ilə isə iddiaçının indiki direktoru olan Cavanşir Hüseynovun 2025-ci il 6 yanvar tarixində verdiyi etibarnamə əsasında birinci instansiya məhkəməsinə müraciət olunmuşdur. Lakin bununla belə iddiaçı tərəfindən ötən 2 il 11 ay ərzində pulun hansı səbəblərdən cavabdeh tərəfindən ödənilməsinə dair danışıqlar aparılması, razılaşmalar olması və s. ilə bağlı hər hansı sübutlar təqdim olunmamışdır.

19. Məhkəmə kollegiyası MM-in 399-cu maddəsinə istinadla vurğulamışdır ki, müqavilənin şərtləri tərəflər üçün məcburidir və yuxarıda qeyd olunduğu kimi malların təhvil-təslim aktı ilə verilməsi müqavilənin mühüm şərti kimi qeyd edilmişdir.

20. Müqavilə şərtlərinə əsasən (müqavilənin 3.4-cü bəndi) malın alıcıya (cavabdehə) təqdim edilməsi üzrə sübutetmə yükü də MPM-in 77.1-ci maddəsinin tələbləri baxımından iddiaçının üzərinə düşür. Lakin işin hallarına əsasən iddiaçı öz iddiasını təsdiq edən sübut qismində yalnız elektron qaiməni təqdim etmişdir. İddiaçı malların göndərildiyini mübahisələndirsə də, hər hansı digər mötəbər sübutu məhkəməyə təqdim etməmiş, həmin malların cavabdehə təqdim olunması iş materialları ilə öz təsdiqini tapmamışdır.

21. Həmçinin MM-in 433.3-cü maddəsinə istinadla məhkəmə kollegiyası qeyd etmişdir ki, təhvil-təslim aktının olmaması riskini daşımaq iddiaçıya məxsusdur.

22. Məhkəmə kollegiyası mövqeyini MM-in 385.1, 386.1, 399, 404.1, 404.2, 425.1, 427.3, 433, 442, 567, 568.1, 569.1-ci maddələrin və MPM-in 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

23. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv və iddi anın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. MM-in 372.1, 373.2, 385.1, 386.1, 399.1, 399.3, 399.4, 404.1, 404.2, 425.1, 427.3, 433.1, 433.2, 433.3, 442, 443.1, 448.1, 567 və 598.1-ci maddələri və “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 3.9-cu bəndi üzrə - apellyasiya məhkəməsi qaimənin cavabdeh tərəfindən qəbul edilməsi kimi mühüm əhəmiyyətli hala düzgün qiymət verməmişdir. Əgər cavabdehin bildirdiyi kimi həqiqətən də iddiaçı cavabdehə alqı-satqı müqaviləsi üzrə razılaşdırılmış əşyaları təqdim etməsəydi, cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını iddiaçıya bildirərdi. Lakin hazırkı işdə bu hal mövcud olmadığı halda apellyasiya məhkəməsi əsassız olaraq malların cavabdehə təhvil verilmədiyi qənaətinə gələrək qanunsuz qətnamə qəbul etmişdir. Qanunda qeyd edilən kimi iddiaçı cavabdeh tərəfindən pozulmuş hüquqlarını müdafiə etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş 3 illik müddət çərçivəsində məhkəməyə müraciət etmiş, borcun ödənilməsini tələb etmişdir. Məhkəmənin həmin müddəti mübahisələndirməsi qanunvericiliyə ziddir. Əksinə məhkəmə araşdırması zamanı məhkəmə kollegiyası cavabdehə nə üçün 2 il 11 ay müddət ərzində malları təhvil almadığı təqdirdə müqaviləni və qaimələri mübahisələndirmədiyi sualını ünvanlamamış və bu istiqamətdə araşdırma aparmamışdır. İddiaçı tərəfindən kifayət qədər sübutlar təqdim edilməsinə, cavabdehin qaiməni təsdiq etməsinə baxmayaraq məhkəmə maddi hüquq normalarının tələblərini pozaraq qanunsuz qərar qəbul etmişdir.

25. MPM-in 77.1, 88 və 217.3-cü maddələri üzrə - məhkəmə malların təhvil verilməməsini əsas götürmək əvəzinə cavabdehin iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində nə üçün imtina etməməsini araşdırmalı və müvafiq prosessual normaların tələblərini pozmamalı idi. Həmçinin məhkəmə mülki qanunvericiliyin ümumi xarakterli müddəaları ilə kifayətlənərək həmin müddəaların bu işə tətbiqini izah etməmişdir. Buna görə də məhkəmənin sözügedən qətnaməsi əsaslandırılmış və kifayətedici hesab oluna bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Cavabdeh tərəfindən kassasiya şikayətin ə qarşı etiraz verilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı birinci instansiya məhkəməsində iş materiallarına malların təhvil-təslim aktını təqdim etməmişdir. Təhvil-təslim aktı özlüyündə malların qarşı tərəfə verilməsini təsdiq edən əsas sübut qismində çıxış edir. İddiaçı tərəf də cavabdehə sadəcə elektron qaimə göndərmiş və təxminən 2 il 11 ay ərzində heç bir pretenziya, mail və ya hər hansı vasitə ilə hətta danışıqlara belə dəvət eməməklə onu borcu barədə məlumatlandırmamışdır. Bundan başqa, malların verilməsi ilə bağlı sübut olaraq elektron qaimə ilə paralel təhvil-təslim aktı da mövcud olmalıdır. İddiaçı razılaşdırma protokolunda göstərilən malları cavabdehə çatdırmamış və tərəflər arasında təhvil-təslim aktı mövcud deyildir. İddiaçı iddia tələbi ilə bağlı sadəcə elektron qaimə-fakturalara istinad edərək tərəflər arasında borcun olduğunu sübut etməyə çalışır. Lakin tərəflər arasında bağlanmış müqavilənin 2.2-ci bəndinə əsaslanaraq borcun tələb olunması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 20 aprel tarixli Qərarı ilə ziddiyyət təşkil edir və ona görə bu tələbin əsasını təşkil edə bilməz. Belə ki, elektron qaimələr satıcı (iddiaçı) tərəfindən elektron formada hazırlanan və alıcıya (cavabdehə) göndərilən sənədlərdir. Bu sənədlər adətən malın satışı, xidmətin göstərilməsi və ya işin görülməsi ilə bağlı əməliyyatları əks etdirir. Bu məlumatlar arasında tərəflərin məlumatları, malın və ya xidmətin təsviri, miqdarı, qiyməti və vergi məlumatları yer alır, yəni iddiaçının cavabdehə elektron qaimə göndərməsi cavabdeh tərəfindən iddiaç ının yerinə yetirdiyi işlərin qəbul edilməsi və həmin işlərin dəyərinin ödənilməsini qəbul etməsi mənasına gəlmişdir. Bu da onu deməyə əsas verir ki, iddiaçı tərəfindən birtərəfli qaydada təqdim edilən elektron qaimə-fakturalar tərəflər arasında borcun təsdiq edilməsini əsaslandırmaq üçün sübut qismində qəbul edilə bilməz. Qeyd olunanlardan başqa tərəflər arasında olan müqavilənin 3.4-cü bəndinə əsasən mallar alıcıya təhvil-təslim aktı ilə verilməli və malların təhvil-təslim zamanı alıcının nümayəndələri satıcının nümayəndələri ilə birlikdə mallara baxış keçirə, kəmiyyətini və keyfiyyətini yoxlaya bilər. Yəni bir sözlə mallar verilərkən təhvil-təslim aktı müqaviləyə əsasən mütləq olmalıdır, lakin iş materiallarında təhvil-təslim aktı mövcud deyildir. Ona görə də iddia tələbi əsaslı deyil v ə təmin oluna bilməz. Qeyd olunanlardan başqa Sumqayıt apellyasiya məhkəməsi zamanı iddiaçıya kifayət qədər vaxt verilməsinə baxmayaraq heçbir məhkəmə prosesində birmənalı olaraq iştirak etməkdən mövqelərini ifadə edəcək sübutları məhkəməyə təqdim etməkdən boyun qaçırdılar ki, bu da işin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə manedir və bir sözlə hüquqdan suiistifadədir. Kassasiya baxışının hədləri

27. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır. Tətbiq edilən hüquq

28. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

324. Əqd anlayı şı və onun növləri 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.” “Maddə

404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edil məməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.” “Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müə yyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür”.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş p rosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməlidir.

31. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.

32. İddia tələbinin 1652 manat məbləğinə aid hissəsi ilə bağlı kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulması barədə dəlillər isə əsaslı hesab edilə bilməz.

33. Belə ki, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğvi üçün əsas hesab etmir və bildiri r ki, apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi hallar üzrə hüquqi dəyərləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi dəyərləndirmə ilə razılaşır və təkrarlanmasına zərurət görmür.

34. Bununla yanaşı, kollegiya hesab edir ki, iddia tələbinin 21629,40 manat məbləğinə aid hissədə kassasiya şikayətinin dəlilləri qismən əsaslı hesab edilməlidir.

35. Belə ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edibetməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən e tməlidir (Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 11 iyun tarixli Qərarı).

36. Müqavilələrin təfsiri isə MM-in 324.5 və 404.1-ci maddəsinə uyğun həyata keçirilməlidir. Həmin normalardan görünür ki, müqavilə şərtlərinin təfsiri təkcə onların hərfi mənasına görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməli, tərəflərin iradə ifadəsinin həqiqi mənası, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsi nəzərə alınmalıdır.

37. Sonuncuya dair qeyd edilir ki, müqavilə şərtlərinin müqayisəsi zamanı onların sistem və struktur baxımından yerləşməsi də nəzərə alınmalıdır.

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəflər arasında bağlanmış müqaviləni təfsir edərkən qeyd olunan qaydaya tam riayət etməmişdir.

39. Bel ə ki, müqavilənin 2-ci bölməsi “Qiymətlər və ödənişin aparılması qaydaları” adlandırılmışdır.

40. Həmin bölməyə aid 2.1-ci bəndə əsasən hər sifariş üzrə alıcı tərəfindən malların dəyərinin 100%-i avans olaraq 7 iş günü ərzində satıcının bank hesabına ödənilir. 41. 2.2-ci bəndə əsasən tərəflər arasında təsdiq edilən qaimə-fakturalar satıcının malları alıcıya təhvil verdiyini təsdiq edən sənəddir.

42. Müqavilənin 3-cü bölməsi “Malların çatdırılması, təhvil-təslimi və risklərin bölüşdürülməsi” adlandırılmışdır.

43. Həmin bölməyə aid 3.1-ci bəndə əsasən bu müqavilə üzrə malların satıcı tərəfindən alıcıya təchizatı müqavilə imzalandıqdan sonra alıcının göndərmiş olduğu sifarişlərə əsasən həyata keçirilir. Malların təchizatı alıcı tərəfindən təqdim olunmuş sifarişinə əsasən həyata keçirilir. Sat ıcı təqdim olunmuş alıcının sifarişini aldıqdan sonra 2 iş günü ərzində sifarişdə qeyd olunmuş malların mövcudluğunu və qiymətini müəyyən edir və alıcıya bunun barədə məlumat (təklif) təqdim edir. Alıcı təklif ilə razı olduğu təqdirdə alınacaq mallar üzrə razılaşma protokolu tərtib olunur və tərəflər arasında təsdiq olunur. Razılaşma protokolunda alınacaq malların adı, çeşidi, miqdarı, çatdırılma müddəti və qiyməti (dəyəri) müəyyən olunur. Satıcı malların təchizatını müvafiq Razılaşma protokolunda göstərilmiş müddətdə həyata keçirir. Çatdırılmış malların təhvili müvafiq qaimələrlə təsdiq olunur. Alıcı sifariş etdiyi malları satıcının ünvan 1 ünvanında yerləşən mərkəzi anbarından təhvil alır. 44. 3.2-ci bəndinə əsasən satıcı təqdim edilən malların keyfiyyətinə, istehsalçının təlimatlarına m üvafiq olaraq saxlandığı və istifadə olunduğu təqdirdə, mal təchiz edildiyi tarixdən 1 il ərzində zəmanət müddətini təyin edir. 45. 3.3-cü bəndinə əsasən 1 il müddət ərzində hər iki tərəfin yoxlaması zamanı təqdim olunmuş malların istehsalat qüsurları və çatışmazlıqları aşkarlanarsa satıcı bütün zərəri öz hesabına aradan qaldırmalı, bərpa etməli və ya sifarişə uyğun olaraq ekvivalent mallar ilə əvəz etməlidir. 46. 3.4-cü bəndinə əsasən mallar alıcıya təhvil-təslim aktı ilə verilir. Malların təhviltəslim zamanı alıcının nümayəndələri satıcının nümayəndələri ilə birlikdə mallara baxış keçirə, kəmiyyətini və kefiyyətini yoxlaya bilər.

47. Beləliklə, müqavilənin 2.2-ci bəndində malların təhvil verilməsi sənədi kimi tərəflərin təsdiq etdiyi qaimə-faktura müəyyən edilmişdir. Müqavilənin 3.1-ci bəndə də qeyd edilmişdir ki, çatdırılmış malların təhvili müvafiq qaimələrlə təsdiq olunur. Yalnız müqavilənin 3.4-cü bəndində malların təhvil-təslim aktı ilə verilməsi qeyd edilmişdir.

48. Bundan başqa, müqavilənin 3.1-ci bəndində alıcının mallarla bağlı sifariş və satıcının malların mövcudluğu və qiyməti barədə təklif verməsi, bunun nəticəsində razılaşma protokolunun tərtib və təsdiq olunması razılaşdırılmışdır.

49. İşə baxan məhkəmələr tərəfindən də müəyyən edilmişdir ki, müqaviləyə 1 saylı əlavə olan qiymətlərin razılaşdırılma protokoluna əsasən ümumilikdə 21629,40 manat dəyərində malların miqdarı və qiyməti tərəflər arasında razılaşdırılmışdır. Habelə iddiaçı tərəfindən cavabdehə 21629,40 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2022-ci il tarixli EBBR seriyalı 529595 nö mrəli elektron qaimə təqdim olunmuş və həmin elektron qaimə cavabdeh tərəfindən təsdiq edilmişdir.

50. Apellyasiya məhkəməsi isə müqavilənin 2.2, 3.1 və 3.4-cü bəndlərini müqayisəli şəkildə təhlil edərək onları məqsəd və tərəflərin iradə ifadəsi baxımından təfsir etməmiş, habelə işin qeyd edilən halları və müqavilə şərtləri üzrə hüquqi dəyərləndirmə aparmamışdır. Nəticədə isə məhkəmə iddia tələbinin 21629,40 manat məbləğinə aid və bundan irəli gələn cərimə pulunun tutulmasına aid hissədə həm müqavilənin təfsiri ilə bağlı MM-in 404-cü maddəsinin, həm də öhdəliklərin icra olunması ilə bağlı tətbiq etdiyi maddi hüquq normalarının tələblərini pozmuş və MPM-in 217.1, 217.3-cü maddələrinin tələblərinə uyğun olmayan qətnamə qəbul etmişdir.

51. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi həmin hissədə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. İşə yenidən baxılarkən hazırki qərarda əks olunan hüquqi mövqe nəzərə alınmaqla qanuni və əsaslı, habelə iş üzrə müəyyən edilmiş hallara uyğun əsaslandırılmış qətnamə qəbul edilməlidir.

52. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 3 sentyabr tarixli 2-2(105)-73/2025 nömrəli qətnaməsi qismən, yəni iddia tələblərinin 21629,40 manat məbləğində pul vəsaitinin və cərimə pulunun tutulması barədə tələblərin rədd edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar