Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-82/2022 09.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: alğı-satqı müqaviləsi və borcun hissə-hissə ödənilməsinə dair saziş üzrə borc tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Bəhman Qəribovun sədrliyi, hakimlər İlqar Dadaşov və Bəhram Məmmədlidən ibarət tərkibdə, Cavabdeh MMC tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 6 sentyabr tarixli, 2-2(103)-822/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ
1. Satıcı İddiaçı MMC (bundan sonra – iddiaçı) və alıcı C avabdeh MMC (bundan sonra cavabdeh) arasında bağlanmış 2020-ci il 23 yanvar tarixli, QSZA 016/0120 nömrəli alğı-satqı müqaviləsinə (bundan sonra – Müqavilə) əsasən satıcı həmin müqavilənin əlavəsi ilə müəyyən edilmiş malları alıcıya satmağı, alıcı isə qeyd edilən əlavədə razılaşdırılmış qiyməti ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli əlavəsinə uyğun olaraq, müqavilə üzrə ödənilməli olan məbləğin 70 faizi avans olaraq, yerdə qalan 30 faiz məbləğin isə malların təhvil-təslimi həyata keçirildikdən sonra satıcının bank hesabına köçürülməsi nəzərdə tutulmuşdur. Müqavilənin 4.3-cü bəndinə əsasən mal təhvil verilərkən tərəflər təhvil-təslim aktını imzalayır və ya təhviltəslimi təsdiq edən müvafiq qaiməni imzalayırlar və alıcıya təhvil verildiyi andan mala mülkiyyət hüququ alıcıya keçir.
2. EBAJ seriyalı 829910 nömrəli 2020-ci il 19 may tarixli qaimə fakturaya əsasən 103.704,59 manat dəyərində 5 adda razılaşdırılmış mal iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. Müqaviləyə 1 nömrəli əlavədən görünür ki, 5 adda göstərilən çeşiddə və miqdarda razılaşdırılmış mal iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. Protokol tərəflərin səlahiyyətli nümayəndələrinin imzası və möhürü ilə təsdiq edilmişdir.
3. Müqavilə üzrə borclunun kreditora 2020-ci il 29 dekabr tarixdə, həmin tarixə yaranmış borcunun hissə-hissə ödənilməsi ilə əlaqədar mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə dair saziş bağlanmışdır. Həmin sazişin 1.2-ci bəndinə əsasən, tərəflər razılaşır və təsdiq edir ki, bu sazişin imzalandığı tarixə cavabdehin Müqavilə üzrə qalı q borcu 31.003,38 manat təşkil edir. Həmin sazişin 2.1-ci bəndinə əsasən, borclu öhdəlik götürmüşdür ki, bu sazişin 1.2-ci bəndində göstərilən borcunu hissə-hissə olmaqla, aşağıdakı müddətlərdə və məbləğdə Kreditora ödəyəcəkdir:1) 2021-ci il 20 yanvar tarixədək - 6.200 (altı min iki yüz) manat (ƏDV daxil); 2) 2021-ci il 20 fevral tarixədək 6.200 (altı min iki yüz) manat (ƏDV daxil); 3) 2021-ci il 20 mart tarixədək - 6.200 (altı min iki yüz) manat (ƏDV daxil); 4) 2021-ci il 20 aprel tarixədək - 6.200 (altı min iki yüz) manat (ƏDV daxil); 5) 2021-ci il 20 may tarixədək - 6.203,38 (altı min iki yüz üç manat, 38 qəpik) manat (ƏDV daxil).
4. Həmin sazişin 2.3-cü bəndinə əsasən, borclu tərəfindən sazişin 2.1-ci bəndində müəyyən edilən müddətlərdə və məbləğdə ödənişlərin 1 (bir) iş günü gecikdiri lməsi bu sazişin pozulması hesab edilir və məhkəməyə müraciət etmək üçün əsasdır. 5. 2020-ci il 25 fevral tarixli hesabdan çıxarışa əsasən cavabdeh tərəfindən iddiaçının bank hesabına 61,611.20 manat, 2020-ci il 15 dekabr ödəniş tapşırığına əsasən 530 manat, 2021-ci il 2 may tarixli hesabdan çıxarışa əsasən 5274,05 manat, 2021-ci il 9 mart tarixli hesabdan çıxarışa əsasən 2000 manat, 2021-ci il 3 sentyabr tarixli hesabdan çıxarışa əsasən 360 manat məbləğində pul vəsaiti köçürülmüşdür. 6. 2020-ci il 17 mart tarixli təhvil-təslim aktından görünür ki, 5 adda razılaşdırılmış mal iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, akt tərəflərin səlahiyyətli nümayəndələrinin imzası ilə təsdiq edilmişdir. Maliyyə arayışına əsasən, cavabdehin iddiaçıya ödənilməli olan qalıq borc məbləği 31.003,31 manat təşkil etmişdir. 7. 2020-ci il 14 sentyabr tarixli 20-39 nömrəli və 2020-ci il 7 dekabr tarixli 29-40 nömrəli pretenziya məktublarından görünür ki, iddiaçı cavabdehə 31.003,31 manat borc məbləğinin könüllü olaraq ödəməsini təklif etmişdir. Əks təqdirdə tərəflər arasında bağlanmış müqavilənin ləğv olunacağı, eyni zamanda Azərbaycan Respublikasının Qanunvericiliyinə müvafiq olaraq ödənilməyən məbləğin, dəymiş zərərin məhkəmə yolu ilə tələb ediləcəyi barədə xəbərdarlıq etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı 2020-ci il 29 dekabr tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək müqavilə üzrə yaranmış 31.003.31 manat qalıq borc məbləğinin, 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi və hüquqi xidmətlərə görə 530 manat olmaqla cəmi 31.563,31 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
9. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında bağlanmış Müqaviləyə əsasən satıcı həmin müqavilənin əlavəsi ilə müəyyən edilmiş malları alıcıya satmağı, alıcı isə qeyd edilən əlavədə razılaşdırılmış qiyməti ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli əlavəsinə uyğun olaraq müqavilə üzrə ödənilməli olan məbləğin 70 faizi avans olaraq, yerdə qalan 30 faiz məbləğin isə malların təhvil-təslimi həyata keçirildikdən sonra satıcının bank hesabına köçürülməsi nəzərdə tutulmuşdur. Mallar satıcı tərəfindən alıcıya təhvil verilmiş, bu barədə müvafiq olaraq 2020-ci il 17 mart tarixli təhvil-təs lim aktı imzalanmış və bununla da, müqavilə tam olaraq icra edilmişdir. Cavabdeh tərəfindən iddiaçının bank hesabına müqavilə üzrə avans olaraq müqavilə qiymətinin 70 faizi köçürülmüşdür. Lakin, müqavilə üzrə iddiaçıya ödənilməli olan yerdə qalan məbləğin ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. 2020-ci il 17 mart tarixli təhvil-təslim aktı iddiaçı tərəfindən iddiaçı hüquqi şəxsin nümayəndəsi Əliyev Elnur, cavabdeh tərəfindən cavabdeh hüquqi şəxsin nümayəndəsi Elfaq Əmiraslanov imzalamışdır. Müqavilənin icra edilməsindən aylarla vaxt keçməsinə baxmayaraq, müqavilə üzrə ödənilməli olan qalıq borc məbləğin ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Bu barədə dəfələrlə şifahi və yazılı danışıqlar aparılmışdır. Lakin aparılan danışıqlar heç bir nəticə verməmişdir. Müqavilənin 6-cı bəndinə əsasən tərəflər arasında yaranan bütün anlaşılmazlıqlar danışıqlar yolu ilə həll edilməlidir. Bu səbəbdən də, yaranmış anlaşılmazlıqların aradan qaldırılması barədə 2020-ci il 14 sentyabr tarixli 20-39 nömrəli və 2020-ci il 7 dekabr tarixli 20-40 nömrəli məktublarla müraciətlər edilsə də, müraciətlər cavabsız qalmışdır. İddiaçı tərəfindən müqavilənin icra edilməsi üçün xarici tərəfdaş olan şirkətlə müqavilə imzalanmış və 2020-ci il 17 mart tarixdə mallar Azərbaycan Respublikası Gömrük Komitəsinin Qazax rayonu, Qırmızı Körpü keçid məntəqəsindən ölkəyə daxil olmuşdur.
10. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 19 mart tarixli, e-2-2(113)829/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən – Müqavilə üzrə cavabdehdən 23.069,26 manat (ƏDV daxil) qalıq borc, hüquqi xdmətlərə görə 530 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması hissəsində təmin edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır (hakim – A.Əliyeva).
11. Həmin məhkəmə bildirmişdir ki, alğı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır. İddiaçı ilə cavabdeh arasında bağlanmış alğı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yer inə yetirərək, alınan malları cavabdehə vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Bu səbəbdən cavabdehin müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 385.1, 386.1, 442, 443.1, 443.5, 445.1, 448.1, 567, 600.1, 600.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 80, 119.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
13. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh apellyasiya şikayəti verə rək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 6 sentyabr tarixli, 2-2(103)-822/2021 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya məhkəməsi bildirmişdir ki, iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirmədiyi üçün məhkəmə qətnaməsi yalnız cavabdeh tərəfindən mübahisələndirilən iddianın təmin olunduğu hissəsində yoxlanılmalıdır. Mübahisəli borcun yaranması və məbləği 2020-ci il 23 yanvar tarixli alğı-satqı müqaviləsi, 2020-ci il 17 mart tarixli təhvil-təslim aktı, 2020-ci il 19 may tarixli elekt ron qaimə, borcun hissə-hissə ödənilməsi barədə 2020-ci il 29 dekabr tarixli sazişlə təsdiqini tapır. Cavabdehin 2021-ci il 14 aprel tarixdə 3.000 manat və 2021-ci il 11 iyun tarixdə 2.000 manat məbləğdə ödənişləri birinci instansiya məhkəməsinin qətnaməsi qəbul olunan 2021-ci il 19 mart tarixdən sonra həyata keçirildiyi üçün, hazırkı iş üzrə çıxarılmış yekun məhkəmə aktı ilə qət edilmiş borc məbləği əsaslıdır və hər bir halda qətnamənin icrası qaydasında yaxud mübahisənin tərəflərin öz aralarında razılaşmaları ilə həlli zamanı nəzərə alınacaqdır.
16. Məhkəmə kollegiyası iddiaçının borcun hissə-hissə ödənilməsi barədə sazişin bağlandığı 2020-ci il 29 dekabr tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə münasibətdə isə bildirmişdir ki, iddia ərizəsi verildikdən sonra, iş məhkəmənin icraatında olduğu müddətdə cavabdeh 2020-ci ilin yanvar və fevral ayları üzrə müvafiq olaraq hər birində ödəməli olduğu 6200 manat məbləğlərini ödəməmiş, bununla da artıq 2021-ci il 22 yanvar tarixdə Sazişin şərtlərini pozmuş, bu isə iddiaçının mübahisəli borc məbləği ilə bağlı iddia qaldırmasının əsaslı olduğunu təsdiq etmişdir.
17. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllə 427.3, 442, 448.1, 448.2, 567, 600.4-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli, 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə istinad etməklə əsaslandırmışdır.
18. Apellyasiya məhkəməsinin qətnaməsi 2021-ci il 17 sentyabr tarixdə iş üzrə tərəflərə göndərilmiş və həmin tarixdə iş üzrə tərə flərin nümayəndələrinə məxsus şəxsi elektron kabinetlərdə yerləşdirilmişdir.
19. Apellyasiya məhkəməsinin qətnaməsindən cavabdeh kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
20. Tərəflər arasında məhkəmədənkənar qaydada saziş imzalanmış və iddiaçıya olan borcun hissə-hissə ödənilməsi razılaşdırılmışdır. Bu mənada, tərəflər arasında məhz sazişdən irəli gələn hüquq münasibətləri yaranmışdır. Belə olan halda iddiaçının məhkəməyə müraciət etməklə bağlı subyektiv hüququ yalnız Sazişin şərtləri pozulduqda yarana bilərdi. Apellyasiya məhkəməsi sazişi nəzərə almadan müqaviləyə və digər sənədlərə istinad etməklə düzgün olmayan nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. II. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
22. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin verildiyi gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. İş üzrə cavabdeh tərəfindən apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
24. Kassasiya instansiyası məhkəm əsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bo rcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.5. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə
445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə
448. Öhdəliklərin icra edilməməs i üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə
567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli, 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və ist ifadəsi Qaydaları”
3. Elektron qaimə-fakturanın tətbiqi və istifadəsi 3.9. ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə
80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tər əflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə
119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
25. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.
26. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələləri n düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
27. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
28. Kassasiya şikayətinin dəlili bundan ibarət olmuşdur ki, işə apellyasiya məhkəməsində baxılarkən tərəflər arasında məhz borcun hissə-hissə ödənilməsinə dair məhkəmədənkənar sazişdən irəli gələn hüquq münasibətləri yaranmışdır. Belə olan halda iddiaçının məhkəməyə müraciət etməklə bağlı subyektiv hüququ yalnız Sazişin şərtləri pozulduqda yarana bilərdi. Apellyasiya məhkəməsi isə sazişi nəzərə almadan müqaviləyə və digər sənədlərə istinad etməklə düzgün olmayan nəticəyə gəlmişdir.
29. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı və cavabdeh arasında 2020-ci il 29 dekabr tarixdə cavabdeh tərəfindən borcun 2021-ci ilin ilk beş ayı ərzində, hər ayın 20-də ƏDV daxil 6200 manat, beşinci ay isə ƏDV daxil 6.203,38 manat olmaqla hissə-hissə ödənilməsinə dair saziş bağlanmış, sazişdə borcun ödənilməsinin müəyyən olunduğu tarixdən 1 iş günündən artıq gecikdirilməsinin sazişin pozulması kimi qiymətləndirildiyi öz əksini tapmışdır (bax § 4,5).
30. Göründüyü kimi tərəflər arasında borcun hissə-hissə ödənilməsinə dair saziş 2020-ci il 29 dekabr tarixdə bağlanmış, cavabdeh onun tərəfin dən məhz sazişdə nəzərdə tutulan tarixlərdə ödənişlərin edilməsi və həmin saziş üzrə öhdəliklərini yerinə yetirməsini təsdiq edən sübutlarını apellyasiya məhkəməsinə təqdim etməmişdir.
31. MPM-in tələblərinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-in 76.1, 76.2-ci maddələri).
32. Bu maddələrin tələblərindən aydın olduğu kimi, mübahisələrin mə hkəmə baxışı zamanı tərəflərin əsaslandığı halların həqiqiliyini və iş üçün əhəmiyyət kəsb edən digər halların mövcudluğunu müəyyən etmək üçün məhkəmələrin qanunla müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur ki, bu sübutlara yazılı sənədlər, şahid ifadələri, ekspert rəyləri və s. aiddir.
33. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı tərəflərin bərabərlik prinsipini əks etdirməklə, hər bir tərəfin üzərinə onun irəli sürdüyü dəlillərinin özü tərəfindən sübut edilməsini ehtiva edir.
34. MPM-nin sübutetmə yükü ilə bağlı müddəalarında aşağıdakılar müəyyən edilmişdir: məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə işi n gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 14.2, 77.1, 80, 81-ci maddələri).
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2006-cı il 31 may tarixli, 2018-ci il 11 iyun tarixli qərarlarında sübutların qiymətləndirilməsi ilə bağlı məsələyə qiymət verilərkən göstərilmişdir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən ə saslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. “Məhkəmə, sübutların qiymətləndirilməsinin nəticələrini öz qərarlarında ətraflı və aydın şəkildə əks etdirməlidir. Məhkəmə prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş bütün sübutların qəbul edilməsinin və ya edilməməsinin motivləri, o cümlədən qərarın əsaslandırılması üçün hər hansı sübutların əsas götürülməsi və digər sübutların rədd olunmasının əsasları, həmçinin bir sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin əsasları aydın göstərilməlidir.”
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi iş materialları əsasında hüquqi qiymətləndirməni düzgün aparmış, cavabdeh isə öz dəlillərini təsdiq edən mötəbər sübutları aşağı instansiya məhkəmələrinə təqdim etməmişdir.
37. Əksinə, birinci instansiya məhkəməsinin qətnaməsi 2021-ci ilin 19 mart tarixində qəbul olunmuş, cavabdehin bundan sonra ilk ödəməsi isə 2021-ci il 14 aprel tarixdə həyata keçirilmişdir. Belə olduqda da, sazişin şərtləri onun tərəfindən pozulmuşdur.
38. Beləliklə, məhkəmə kollegiyasının qənaətincə apellyasiya məhkəməsi mövcud mübahisə ilə bağlı olan sübutlara və işin hallarına lazımi hüquqi qiymət vermiş və düzgün nəticəyə gəlmişdir.
39. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində göstərilən dəlillər Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021- ci il 6 sentyabr tarixli, 2-2(103)-822/2021 saylı qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.
40. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
41. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 6 sentyabr tarixli, 2-2(103)-822/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.