Məhkəmə qərarları › İş №2-2(102)-845/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-845/2025

09.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(102)-845/2025 09.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRAR Açar sözlər: Müqavilə münasibətlərindən irəli gələn mübahisələr, alqı-satqı müqaviləsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı (Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) borcun tutulması tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ######## tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. iddiaçı İddiaçı MMC ilə cavabdeh Cavabdeh arasında bağlanmış 2023-cü il ## #### tarixli ***D/AQN/** nömrəli damazlıq heyvanların alqı-satqısı barədə müqavilənin predmentinə əsasən satıcı bu müqavilənin * saylı əlavəsində göstərilmiş iri buynuzlu cins damazlıq heyvanların alıcıya satılmasını, alıcı isə həmin heyvanların bu müqavilənin 1.2-ci bəndində müəyyən edilmiş dəyərinin satıcıya ödənilməsini və onun qəbul edilməsini öhdəsinə götürür. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən alıcının ərizəsinə əsasən satıcı 31 baş “Brown-Swiss” cinsli damazlıq heyvanları satın aldıqdan sonra alıcıya satır, alıcı isə öz növbəsində həmin damazlıq heyvanların dəyərinin ödəyir və qəbul edir. - 1.2-ci bəndinə əsasən alıcı 31 baş “Brown-Swiss” cinsli damazlıq heyvanların ehtimal edilən satış qiyməti 200353 manat nəzərdə tutulmuşdur. 1 baş “Brown-Swiss” cinsli damazlıq heyvanın güzəştli satış qiyməti 2 800 manat olmaqla, cəmi 86800 manat məbləği əvvəlcədən ödədikdən sonra tərəflər əsas alqı-satqı müqaviləsi bağlayarkən müəyyən ediləcək yekun qiymətdə həmin heyvanların gömrük dəyərinə tətbiq edilən güzəşt məbləği çıxıldıqdan sonra qalıq məbləği ödəyir.

2. Tərəflər arasında 2023-cü il ## #### tarixli ***D/AQN/** nömrəli alqı-satqı müqaviləsinə dair ardıcıl sənədlər imzalanmışdır. Həmin tarixdə bağlanmış * saylı əlavədə alıcı tərəfindən satıcıya satılan 31 ədəd iribuynuzlu mal-qaranın təsnifatı, * saylı əlavədə isə 31 ədəd “Brown-Swiss” cinsli iribuynuzlu mal-qaranın siyahısı və inventar nömrələri göstərilmiş və bu əlavələr tərəflər tərəfindən imzalanmışdır; sonradan ## ### 2023-cü il tarixli D-**/***D/AQN/** nömrəli razılaşdırma protokolu ilə müqavilə üzrə 31 baş iribuynuzlu heyvanın alıcıya təhvil verilməsi razılaşdırılmış, həmin protokola əlavə edilmiş * saylı əlavədə isə bu heyvanların ümumi dəyəri 206.694,67 manat, güzəşt məbləği isə 119.894,67 manat olaraq müəyyən edilmişdir.

3. 2023-cü il ## ### tarixli damazlıq heyvanların təhvili aktına əsasən, xxxx MMC tərəfindən 31 baş iribuynuzlu damazlıq heyvan Cavabdeh Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən təsərrüfatına sağlam vəziyyətdə təhvil verilmiş, qeyd olunan akt cavabdehin nümayəndələri Qaracayev İlqar Xalit oğlu, İsayev Zaur Vasif oğlu və X2 tərəfindən imzalanmışdır.

4. xxxx MMC-nin 2024-cü il ## ###### tarixli maliyyə arayışına əsasən, Cavabdeh 2023-cü il ## #### tarixli ***D/AQN/** nömrəli damazlıq heyvanların alqı-satqısı müqaviləsi üzrə 31 baş “Brown-Swiss” cinsli damazlıq heyvanı ümumilikdə 206.694,67 manat məbləğində almış, 2025-ci il ## #### tarixinədək 86.800 manat ödəmiş, nəticədə 119.894,67 manat məbləğində ödənilməmiş borc qalmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı İddiaçı MMC (bundan sonra – “iddiaçı”) cavabdeh Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2023-cü il ## #### tarixli, № ***D\AQN\** saylı alqı-satqı müqaviləsi (bundan sonra – “müqavilə”) üzrə ödənilməli olan 119894,67 manat pulun, hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 1800 manat pulun və dövlət rüsumunun əvəzi kimi 409.90 pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında Alqı-Satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1 bəndinə əsasən “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin 2018-ci il ## ###### tarixli, *** saylı Fərmanına əsasən cins damazlıq heyvanlar yerli olduqda dəyərinə idxal olduqda isə Gömrük idxal dəyərinə 60% həcmində güzəşt tətbiq etməklə “Alıcıya” satır. Müqavilənin 1.1 bəndinə əsasən Satıcı tərəfindən Alıcıya 31 baş Brown-Swiss tipli cins damazlıq heyvan satılmışdır və müqavilə üzrə heyvanların satış qiyməti 200.353.00 manat təşkil etmişdir. Müqavilə qiymətinin ilkin ödəniş hissəsi olan 86.800 manat cavabdeh tərəfindən ödənilsə də güzəşt məbləği olan 119894.67 manat pulun “AKİA” tərəfindən ödənilməsindən imtina edilmişdir. Bu məsələ ilə bağlı cavabdehə dəfələrlə müraciət edilməsinə baxmayaraq cavabdeh tərəfindən ona edilən güzəşt məbləğinin ödənilməsi təmin edilməmişdir. Tərəflər arasında olan müqavilənin 2.2.5 bəndinə əsasən Alıcı, dövlət tərəfindən tətbiq edilən güzəştin “AKİA” tərəfindən təmin edilməsi üçün, zəruri tədbirləri görməyi öhdəsinə götürmüş və bu öhdəliyin yerinə yetirilməyəcəyi halda həmin güzəşt məbləğinin iddiaçıya ödənilməsini öhdəlik götürmüşdür. Cavabdehə rəsmi şəkildə 2024-cü il ## ###### tarixdə elektron kabinet və Dövlət Vergi Xidmətinin “online kargüzarlıq” bölməsindən rəsmi pretenziya ünvanlanmış, lakin göstərilən müddət tamam olsa da cavabdeh borcu ödəməmişdir.

7. Şəki Kommersiya Məhkəməsinin 2025-ci il # ##### tarixli e-*-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilərək, cavabdehdən 2023-cü il ## #### tarixli, ***D/AQN/** nömrəli müqavilə üzrə 113553 manat məbləğində borcun, hüquqi yardımla bağlı vəkilə ödənilmiş 600 manat məbləğində pulun və ödənilmiş 403,55 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim – E.Hüseynova).

8. Məhkəmə qeyd etmişdir ki, cavabdehin alqı-satqı müqaviləsi üzrə öhdəliklərini vaxtında yerinə yetirməməsi iş materialları ilə öz təsdiqini tapdığından iddiaçı hazırki iddianı irəli sürməkdə haqlı olmuşdur.

9. Məhkəmə vurğulamışdır ki, iddiaçı iddia tələbindəki 119894,67 manat məbləğə münasibətdə qismən haqlı olmuşdur. Belə ki, tərəflər arasında bağlanan müqavilədə 31 ədəd iribuynuzlu mal-qaranın satış qiyməti 200 353 manat müəyyən edilmişdir. Həmin qiymətdən ilkin ödəniş məbləği olan 86800 manat çıxıldıqda (200 353 – 86800 = 113553) 113553 manat məbləğində borc qaldığı müəyyən edilir. İddiaçı tərəfindən tələb olunan 6341,67 manat pul məbləğinin yaranma əsası kimi məhkəməyə sübut təqdim edilməmişdir.

10. Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia tələbi 113553 manat məbləğində borcun tutulması hissəsində təmin edilməli, qalan 6341,67 manat hissəsində əsassız olduğundan rədd edilməlidir.

11. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddia qismən əsaslıdır və cavabdehdən müqavilə üzrə 113553 manat məbləğində borc pul tutularaq iddiaçıya ödənilməlidir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 442, 445.2, 448.2, 329.1, 567, 568.1, 568.2, 600.1, 600.3 və 600.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 78.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

13. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

b) Apellyasiya instansiya məhkəməsindəki icraat

14. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ######## tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – Z.Sadiqov, hakimlər – E.Hüseynov, Ə.Kərimov).

15. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbinin qismən təmin olunmasına baxmayaraq, iddiaçı tərəf həmin qətnaməni iddianın təmin olunmayan hissəsində mübahisələndirməmiş və məhkəmə araşdırması zamanı apellyasiya instansiyasından birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

16. Bundan əlavə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar qeyd etməyi lazım bilmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin 2.2.5-ci bəndində cavabdehin öhdəliyi kimi müəyyən edilmişdir ki, Alıcı - dövlət güzəştinin alınması üçün AKİA tərəfindən tələb olunan sənədlərin (Alıcı tərəfindən verilməli olan sənədlər) vaxtında və lazımi qaydada təmin olunmasını öhdəsinə götürür və həmin öhdəliyi tam olaraq yerinə yetirmədikdə isə güzəşt məbləğinin Satıcıya ödənilməsini öz vəsaiti hesabına təmin edir.

17. Məhkəmə gəldiyi nəticəni MM-in 385.1, 386.1, 399.1, 425.1, 427.3, 430.1, 442, 445.1, 448.1, 448.2, 567, 600.1, 600.4-cü maddələrinə, MPM-in 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır.

18. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) kassasiya şikayətinin dəlilləri:

19. “T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2020-ci il ## ###### tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2020-ci il # ###### tarixli qərarı üzrə - həm birinci, həm də apellyasiya instansiya məhkəməsi iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi alqı-satqı müqaviləsinin etibarlılığını müəyyən etməmiş, bilavasitə həmin borcun necə yaranmasını, hardan yaranmasını ətraflı araşdırmamış iddianın təmin edilməsinə dair yekun məhkəmə aktı qəbul etmişdir. Bununla da, məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarındakı mövqeyini nəzərə almamışdır.

20. MM-in 5.3, 16.1, 339 və 347, 448.4-cü maddələri üzrə - müqavilənin 1-ci bəndi iddiaçı tərəfindən elə tərtib edilmişdir ki, cavabdehdə 60% həcmində dövlət güzəştinin problemsiz şəkildə tətbiq olunacağı barədə yanıltıcı təsəvvür formalaşmışdır. Halbuki müqavilədə AKİA tərəfindən tələb olunan sənədlərin konkret siyahısı göstərilməmiş, güzəştin hansı şərtlərlə verildiyi açıqlanmamış, bununla da cavabdehdə bu sənədlərin asanlıqla əldə edilə bilən və iddiaçıya təqdim edilə bilən sənədlər olduğu qənaəti yaradılmışdır. Eyni zamanda, müqavilə bağlanarkən iddiaçı özünü Prezidentin 2018-ci il ## ###### tarixli, *** saylı Fərmanının icrasında iştirak edən subyekt kimi təqdim etdiyi halda, iddia ərizəsində yalnız daşıyıcı funksiyasını yerinə yetirdiyini bildirmişdir ki, bu da müqavilə şərtləri ilə sonradan tutulan mövqe arasında açıq ziddiyyət təşkil edir. Beləliklə, müqavilənin 1-ci bəndi cavabdehin iradəsini qüsurlandırmaqla onu müqavilə bağlamağa sövq etmiş, nəticədə cavabdeh maddi vəziyyətini nəzərə alaraq güzəşt gözləntisi ilə müqaviləyə razılıq vermiş, hazırda isə onun üçün 114.557 manat məbləğində ağır maliyyə yükü yaranmışdır ki, bu hal əqdin aldatma yolu ilə bağlanmasını göstərir. Bu baxımdan, öhdəliyin icra edilməməsi cavabdehin təqsiri ilə deyil, ondan asılı olmayan səbəblərlə bağlı olmuşdur.

21. MPM-in 14.1, 76, 82.3, 88 və 217-ci maddələri üzrə - Şəki Apellyasiya Məhkəməsi iş üzrə sübutların hərtərəfli, tam və obyektiv tədqiqi üçün zəruri prosessual şəraiti yaratmamış, mövcud sübutlara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, kassasiya şikayətinin “Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər” bölməsində də ətraflı göstərildiyi kimi, apellyasiya instansiyası məhkəməsi sübutların qiymətləndirilməsi zamanı obyektivlik və tamlıq prinsiplərini pozmuş, nəticədə qətnamə qanunilik və əsaslılıq tələblərinə cavab verməyən formada qəbul edilmişdir.

c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

22. İddiaçı tərəf kassasiya şikayətinə etiraz ünvanlayaraq, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş və göstərmişdir ki, şikayətdə göstərilənlər tamamilə formal xarakter daşımaqla, sadəcə məhkəmə aktının icrasının gecikdirilməsinə yönəlmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayəti ilə tamamilə eynilik təşkil edir, odur ki, qətnamənin ləğv edilməsi üçün maddi və prosessual hüquq normalarının pozulması yoxdur.

Kassasiya baxışının hədləri

23. İş üzrə apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

24. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 385. Öhdəlik anlayışı

385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. ...”

“Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları

386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. ...”

“Maddə 399. Müqavilənin qüvvəsi 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. ...” “Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq

425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. ...”

“Maddə 427. Öhdəliyin icrası müddəti ... 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. ...”

“Maddə 430. Öhdəliyin icrasından imtina

430.1. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. ...”

“Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı

Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.”

“Maddə 445. Borclunun icranı gecikdirməsi

445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. ...”

“Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti

448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. ...”

“Maddə 567. Alğı-satqı müqaviləsi

Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.”

“Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi

600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. ... 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. ...”

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”

“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”

“Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” ...”

“Maddə 106. İşdə iştirak edən şəxslərin izahatları … 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. …”

“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).

28. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarı).

29. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və onu da bildirir ki, şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.

30. Bununla belə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan tərəflər arasında bağlanmış müqavilənin 2.2.5-ci bəndinə əsasən Alıcı dövlət güzəştinin alınması üçün AKİA tərəfindən tələb olunan sənədlərin (alıcı tərəfindən verilməli olan sənədlər) vaxtında və lazımı qaydada təmin olunmasını və tam olaraq yerinə yetirmədikdə həmin məbləğin Satıcıya ödənilməsini öz vəsaiti hesabına təmin etməyi öhdəsinə götürmüşdür.

31. Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi tərəfindən ünvanlanmış ərizədə göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il ## ###### tarixli *** nömrəli Fərmanına və müvafiq normativ hüquqi aktlara əsasən, güzəşt mexanizmi yalnız təsərrüfat subyektləri tərəfindən qanunvericiliyin bütün tələblərinə əməl edilməklə tətbiq olunur. Bu baxımdan, cavabdeh tərəfindən güzəştin ödənilməsi üçün tələb olunan aşağıdakı sənədlər təqdim edilməmiş və ya natamam təqdim edilmişdir. Sığorta sənədi - Müvafiq qaydalara əsasən damazlıq heyvanların sığortalanma müddəti ən azı 3 il olmalıdır. Cavabdeh tərəfindən bu tələbi təsdiq edən sənəd təqdim edilməmişdir. Damazlıq təsərrüfatının EKTİS-də qeydiyyatı X4 İnformasiya Sistemində damazlıq təsərrüfatı üzrə qeydiyyat sənədləri təqdim edilməmişdir. Dezinfeksiya sənədi - Heyvanların sağlamlıq və sanitariya tələblərinə uyğunluğunu təsdiq edən sənəd təqdim edilməmişdir. Karantin aktı - Qismən təqdim olunmuş, lakin natamam olduğundan hüquqi qüvvəyə malik deyil. Forma- 1 sənədi - Heyvanların mənşəyi və digər zəruri məlumatlar tam şəkildə göstərilməmişdir. İlkin ödəniş üzrə hesabdan çıxarış - Müqavilə üzrə ödənilmiş ilkin məbləğin bank hesabından çıxarışı təqdim edilməmişdir. Yuxarıda sadalanan hallara görə, cavabdehin güzəştin ödənilməsi ilə bağlı müraciəti hüquqi əsaslara malik deyildir.

32. Göründüyü kimi işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarına görə cavabdeh güzəşt mexanizminin tətbiq edilməsi üçün AKİA tərəfindən tələb olunan sənədləri tam təqdim etməmişdir, bununla bağlı iş materiallarında sübutlar mövcud deyildir. Belə olan halda müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi pozmuş və müqavilənin tələblərinə əsasən həmin məbləği cavabdeh öz vəsaiti hesabına ödəməli olduğundan, lakin bu öhdəlik də icra olunmadığından iddiaçı həmin məbləğin ödənilməsini cavabdehdən tələb etməkdə haqlı olmuşdur.

33. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozuntusuna dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq norması düzgün tətbiq edilmişdir.

34. Kollegiya onu da qeyd edir ki, məhkəmə kollegiyasının hazırkı mövqeyi iddiaçı tərəfdən verilmiş kassasiya şikayətinə qarşı etirazın dəlillərini də əhatə etdiyindən onların əlavə qiymətləndirilməsinə zərurət yoxdur.

35. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

36. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ######## tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar