Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(102)-846/2025 09.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Baş İdarəsinin maraqlı şəxs Maraqlı şəxs qarşı iş üzrə QƏRARİ Açar sözlər: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, vergi borcu Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Babayev Zəki Baba oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Baş İdarəsinin maraqlı şəxs Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə xüsusi icraat qaydasında ərizəsi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsindən ərizəçi tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Maraqlı şəxs dövlət büdcəsinə əmlaka yönəldilmiş məbləğ üzrə 1 873,67 manat, faizlər üzrə 175,4 manat, maliyyə sanksiyası üzrə 40 manat olmaqla ümumilikdə 2 089,07 manat borcu vardır (şəxsi hesab vərəqəsinə əsasən).
2. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən 2024-cü il ## ###### tarixli **************** nömrəli bildiriş göndərilmişdir.
3. Gəncə İnzibati Məhkəməsinin 2025-ci il ## ##### tarixli *-*(***)-****/**** saylı qərarından görünür ki, iddianın təmin edilməsi, Maraqlı şəxs dövlət büdcəsinə ödənilməmiş 1 873,67 manat 67 qəpik məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə cavabdehə məxsus, ümumilikdə dəyəri 6 000 manat olan VAZ 21723 minik markalı, **-ES- *** nömrəli, 2008-ci il buraxılışlı avtonəqliyyat vasitəsi hərrac vasitəsilə satılması, vəsaitin qalan hissəsi vergi ödəyicisinin yeni borcu yaranmadıqda 3 bank günü ərzində vergi ödəyicisinə qaytarılması qərara alınmışdır.
İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Baş İdarəsi (bundan sonra – “ərizəçi”) ərizə ilə məhkəməyə müraciət edərək, maraqlı şəxs Maraqlı şəxs (bundan sonra – “maraqlı şəxs”) dövlət büdcəsinə olan ümumilikdə 2 089,07 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Ərizə belə əsaslandırılmışdır ki, vergi ödəyicisinə yaranmış borc məbləğinin dövlət büdcəsinə ödənilməsi barədə xəbərdarlıq edilsə də, borc ödənilməmişdir.
6. Gəncə Kommersiya Məhkəməsinin 2025-ci il # ###### tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə ərizə rədd olunmuşdur (hakim – R.Məmmədov).
7. Məhkəmə qeyd etmişdir ki, Gəncə İnzibati Məhkəməsinin 2025-ci il ## ##### tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə yaranmış borcun borclunun siyahıya alınmış əmlakı hesabına ödənilməsi qərara alınmışdır. Həmin borc məbləğinin ödənilməsi üçün maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə də ərizə verilmişdir.
8. Qeyd etmək lazımdır ki, qanunvericilikdə vergi öhdəliyinin təmin edilməsi ilə bağlı vergi orqanlarının səlahiyyətli olduqları məcburiyyət tədbirlərinin birinin seçildiyi təqdirdə digərinin seçilməsinin istisna olunmasına dair hər hansı müddəa nəzərdə tutulmamışdır. Belə müddəa olmasa belə, borclunun siyahıya alınmış əmlakının satılaraq ödənilməsi nəzərdə tutulan eyni borca görə maraqlı şəxsin müvəqqəti məhdudlaşdırılması tədbirinin seçilməsi hüquqi dövlətin ali prinsiplərindən biri olan mütənasiblik prinsipinin tələbinə zidd olmaqla yanaşı ağlabatan və ədalətli hesab edilə bilməz.
9. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.15-3-ci, Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 355-5.1, 355-7.3 və 355-7.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
10. Ərizəçi apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər: Ş.Rzaquliyev – sədrlik edən və məruzəçi, G.Cavadova və R.Məcidov).
12. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırıcı və nəticə hissəsi ilə razılaşmışdır.
13. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 73 (İ hissə), Vergi Məcəlləsinin 16.1.1, 23.1, 23.1.15-3, 77.1, 77.3 və 78.1-ci, MPM-in 355-5.1, 355-7.1, 355-7.3-cü maddələrinə, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 (X1) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2017-ci il ## ### tarixli qərarına istinadla əsaslandırmışdır.
14. Ərizəçi kassasiya şikayəti verərək həmin qətnamənin ləğv və ərizənin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. Vergi Məcəlləsinin 16.1.1, 23.1.15-3, 65, 77.1, 78.1 və 90-ci maddələri üzrə hüquqi müddəalar əsasında görsənir ki, məhz əmlakın siyahıya alınması tədbiri vergi orqanının borclu vergi ödəyiciləri barəsində həyata keçirdiyi müstəsna hüququdur. Hazırkı işdə maraqlı şəxsin dövlət büdcəsi qarşısında icra edilməmiş vergi öhdəliyi mövcuddur və bu vəziyyətdə vergi öhdəliyinin icrasının təmin olunması üçün onun sahibliyində olan əmlakın siyahıya alınması tədbiri sayəsində onun vergi öhdəliyinin yerinə yetirilməsini təmin edə biləcək vasitə kimi əmlakı siyahıya alınmışdır.
16. Qanunverici bu kimi tədbirlərin icrasını (əmlakın siyahıya alınması, tələbin icraya yönəldilməsi ilə bağlı qərarların qəbulu, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə ərizənin təqdim edilməsi və.s.) hər hansı haldan, o cümlədən borcun alınması ilə bağlı əvvəllər görülmüş hər hansı tədbirdən asılı etməmişdir. Vergi öhdəliyinin icrasının təmin edilməsi üsullarının seçilməsi ardıcıllığı və ya bir tədbir görüldükdən sonra digərinin istisnalığı mövcud qanunvericlikdə əks olunmamışdır.
17. Maraqlıdır ki, məhkəmələr də qanunvericilikdə belə halın olmadığını bildirsə də, maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmaması ilə bağlı hüquqi nəticəyə gəlmişdir. Ərizənin təmin edilməməsi sözügedən şəxsin vergi öhdəliyinin yerinə yetirilməsi ilə bağlı qanunla müəyyən edilmiş vəzifəsinin icrasından yayınmasına şərait yaratmışdır. Ərizəçi vergi orqanı olaraq vergi ödəyicisi tərəfindən vergi öhdəliyinin icrasının təmin edilməsi üçün barəsində müvafiq tədbirlərin görülməsində qanunda əks olunmuş hüquqi imkanlardan istifadə etmişdir. Məhkəmənin hazırkı işlə bağlı ərizəni təmin etməməsi faktı maraqlı şəxsin dövlət büdcəsi qarşısında icra olunmamış öhdəliyinin mövcudluğunun davam etməsinə və vergi orqanının bu hallarla bağlı səlahiyyətlərinin həyata keçirilməməsinə şərait yaradacaqdır.
18. Həmçinin vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına münasibətdə məhkəmələr tərəfindən vergi qanunvericiliyində mövcud olmayan tələblərin irəli sürülməsi vergi orqanlarının vəzifələrinin icrasına ciddi maneə yaratmış olacaq. Qeyd etmək lazımdır ki, vergi qanunvericiliyi göstərilən hüquqların ardıcıllığını və ya bir-birindən asılılığını müəyyən etməmişdir. Bu üsulların paralel, yaxud biri digərindən müstəqil şəkildə həyata keçirilməsi imkanı qanunvericiliklə məhdudlaşdırılmamışdır.
19. Həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin və Vergi Məcəlləsinin 78.3 və 78.4-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 2013-cü il # ######## tarixli Qərarında da qeyd olunmuşdur ki, qanuni şəkildə vergiləri, o cümlədən digər icbari ödənişləri ödəmək hər bir kəsin əsas konstitusiya borcudur. Əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olar.
20. MPM-in 13.1, 217.1, 355-5 və 355-7-ci maddələri üzrə - qüvvədə olan vergi və mülki prosessual qanunvericilikdə vergi ödəyicisi barəsində əmlak siyahıya alınması tədbirinin keçirilməməsi halına görə həmin vergi ödəyicisinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qərarın qəbul edilməsini istisna edən imperativ norma yoxdur. Maraqlı şəxsin barəsində Gəncə İnzibati Məhkəməsinin müvafiq qərarının mövcud olması xüsusatına görə onun tərəfindən icra edilməmiş vergi öhdəliyinin yerinə yetirilməsi üsullarından olan ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair müvafiq ərizənin təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin ifadə etdiyi hüquqi mövqe qanunçuluq prinsipinin tətbiqi baxımından, eləcə də iş üzrə maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmaması onun vergilər üzrə borcunun ödənilməməsi halına səbəb olacağına görə həmin mövqe əsassızdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Kassasiya baxışının hədləri
22. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
23. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. II. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. ...”
“Maddə 73. Vergilər və başqa dövlət ödənişləri İ. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. ...”
25. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 16. Vergi ödəyicisinin vəzifələri 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək; ...”
“Maddə 23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: ... 23.1.8. qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq, bu Məcəllə ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək; ... 23.1.15-1. hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək; ... 23.1.15-3. Vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ vardır. ...”
26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 355. Ərizənin verilməsi ... 5-1. Vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.”
“Maddə 407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər ... 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.”
“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”
“Maddə 418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. 418.2. Bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.”
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).
28. Ərizəni təmin etməyən aşağı instansiya məhkəmələri ona əsaslanmışdır ki, Gəncə İnzibati Məhkəməsinin 2025-ci il ## ##### tarixli *-*(***)-****/**** saylı qərarı ilə Maraqlı şəxs dövlət büdcəsinə ödənilməmiş 1873,67 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə cavabdehə məxsus-ümumilikdə dəyəri 6000 manat olan VAZ 21723 minik markalı, **-ES-*** nömrəli, 2008-ci il buraxılışlı avtonəqliyyat vasitəsinin hərrac vasitəsilə satılması, vəsaitin qalan hissəsinin vergi ödəyicisinin yeni borcu yaranmadıqda 3 bank günü ərzində vergi ödəyicisinə qaytarılması qərara alınmışdır.
29. Göründüyü kimi adı çəkilən qərarla yaranmış borcun borclunun siyahıya alınmış əmlakı hesabına ödənilməsi qərara alınmışdır.
30. “X2 (X1) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2017-ci il ## ### tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır.
31. Bununla bağlı, Avropa Məhkəməsinin bir sıra qərarlarında da göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair * saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (məs. Battista İtaliyaya qarşı (Battista v. İtaly), № *****/**, 2014cü il # ###### tarixli qərarı; Xlyustov Rusiyaya qarşı (Khlyustov v. Russia, 2013), № *****/** 2013-cü il ## #### tarixli qərarı).
32. Hazırkı qəbildən olan işlərin həllində vergi orqanları və məhkəmələr tərəfindən mütənasiblik prinsipinin (görülən məhdudlaşdırma tədbirinin gözlənin nəticələrə adekvat olması) gözlənilməsi mühüm əhəmiyyət kəsb edir və hər bir halda belə məhdudiyyətin tətbiq edilməsi mütənasiblik meyarına cavab verməlidir. Lakin mütənasiblik prinsipi üzrə qiymətləndirmə formal şəkildə deyil, ümumi məyarlar və hər bir konkret işin bütün xüsusiyyətləri nəzərə alınmaqla aparılmalıdır.
33. Belə ki, mütənasiblik prinsipinin tələbləri baxımından nəzərə alınmalı olan ümumi maraq qismində vergi borclarının, eləcə də məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqı borclarının dövlət büdcəsinə alınmasının təmin edilməsi çıxış edir. Buna görə, sözügedən borclar dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Qeyd edilən ödənişləri ödəmək (o cümlədən qanunvericiliklə müəyyən edilmiş müvafiq vaxtda və miqdarda) hər bir şəxsin konstitusion vəzifələrindən biridir. Vergi ödəyicilərinin bu vəzifəsində cəmiyyətin bütün üzvlərinin ictimai maraqları öz əksini tapmışdır. Dövlət yalnız vergi ödəyicilərinin deyil, həmçinin cəmiyyətin digər üzvlərinin də hüquq və qanuni mənafelərinin qorunması məqsədilə vergi hüquq münasibətlərini tənzimləmək sahəsində qanuni tədbirlər görmək hüququna və vəzifəsinə malikdir. Odur ki, sözügedən borclar ödəyicilər tərəfindən könüllü ödənilmədikdə qanunvericilikdə nəzərdə tutulmuş məcburetmə vasitələrinin tətbiqi ilə alına bilər. Digər tərəfdən, cəmiyyətin ümumi maraqları həmçinin onu tələb edir ki, həmin borcların mümkün qədər operativ qaydada və tam məbləğdə büdcəyə ödənilməsi təmin edilməlidir.
34. Fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin diqqətə alınmalı olan maraqları qismində isə o hallar çıxış edir ki, əgər qanunvericilikdə nəzərdə tutulan digər üsulların həyata keçirilməsi və nəticədə həmin üsullar vasitəsilə vergi öhdəliklərinin real icra edilməsinin təmin edilməsi mümkündürsə, həmin şəxslərin ölkədən getmə hüququ məhdudlaşdırıla bilməz. Eyni zamanda, fiziki şəxs və ya hüquqi şəxsin icra orqanının rəhbəri digər üsulların həyata keçirilməsini və diqqətəlayiq hər hansı digər maraqlarının nəzərə alınmasını tələb edə bilərlər. Belə diqqətəlayiq maraqlar hər bir konkret haldan asılı olaraq dəyişə biləcəyi üçün məhkəmə tərəfindən hər işin xüsusi halları nəzərə alınmaqla qiymətləndirilməlidir. Məhkəmə məhz xüsusi hallardan çıxış etməklə və həmin xüsusi halları mütənasiblik prinsipinin tələbləri ilə əlaqələndirməklə qərar verməlidir.
35. Baxılan iş üzrə apellyasiya məhkəməsi göstərmişdir ki, maraqlı şəxsin vergi öhdəliyi üzrə yaranmış 1873,67 manat məbləğində vergi borcunun hazırkı iş üzrə maraqlı şəxsə məxsus siyahıya alınmış 6000 manat dəyərində əmlakına yönəldilməsi, həmin əmlakın hərrac vasitəsilə satılması, vəsaitin qalan hissəsinin vergi ödəyicisinin yeni borcu yaranmadıqda 3 bank günü ərzində vergi ödəyicisinə qaytarılması ilə bağlı məhkəmənin qanuni qüvvəsini almış qərarı olduğuna görə görüləcək əlavə tədbir, yəni vergi ödəyicisi olan borclunun həm də ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması mütənasiblik prinsipinə uyğun hesab edilməməlidir.
36. Kollegiya da hesab edir ki, hazırki işin halları baxımından əlavə olaraq maraqlı şəxsin ölkədən getmə hüququnun məhdudlaşdırılması mütənasiblik prinsipinin tələbləri baxımından məqbul hesab edilə bilməz.
37. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.
38. Odur ki, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
39. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldi:
Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.