Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(102)-874/2025 03.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi üzrə pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı MMC-nin “xxxx” MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2025-ci il # ####### tarixli *-*(***)- ***/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları 1.İddiaçı MMC (satıcı) ilə “xxxx” MMC (alıcı) arasında bağlanmış 2025-ci il # ###### tarixli AKP/ALC/**/**/**** saylı saylı alqı-satqı müqaviləsinin 2.2-ci bəndinə əsasən, müqaviləyə əlavədə göstərilən mallar təhvil verilərkən onların keyfiyyəti alıcı tərəfindən yoxlanılır və hər hansı qüsur aşkar edilmədikdə, alıcı təhvil aktı ilə malları qəbul edir; -2.3-cü bəndinə əsasən, satıcının təqdim etdiyi mallar alıcının göstərişlərinə və müqavilənin, ona əlavənin şərtlərinə uyğun keyfiyyətdə gəlmədikdə, habelə müqavilənin Əlavəsində qeyd edilən razılaşdırılmış malların birəbir eynisi göndərilmədikdə alıcı bu barədə satıcıya məlumat verir və qüsurların aradan qaldırılması üçün 30 gündən az olmayan müddət müəyyən edir. Satıcı göstərilən müddətdə malda olan qüsuru aradan qaldırmalıdır; -3.1-ci bəndinə əsasən, malların ümumi dəyərinə müvafiq ödəniş tərəflər arasında bağlanmış bu müqaviləyə əsasən Satıcının bu müqavilə və onun əlavəsindəki şərtlərə uyğun malları alıcıya təhvil verdiyi tarixdən etibarən 3 (üç) ay ərzində hissə-hissə ödənilməlidir; -5.3-cü bəndinə əsasən, alıcı razılaşdırılmış müddətdə ödənişləri yerinə yetirmədikdə, hər gecikdirilmiş gün üçün müqavilənin ümumi dəyərinin 0.1%-i miqdarında cərimə ödəməlidir ; 2.2025-ci il # ###### tarixli ** saylı “Qiymətlərin Razılaşdırılması protokolu” ilə tərəflər 88 500 manat məbləğində bir ədəd 700 KVA generatorun qiyməti barədə razılığa gəlmişlər. 3.Hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmiş 2025-ci il # ###### tarixli təhviltəslim aktı ilə satıcı (İddiaçı MMC) 88.500 manat məbləğində 700 KVA Generatoru müqavilə şərtlərinə uyğun şəkildə lazımi keyfiyyətdə və miqdarda aktın imzalandığı tarixdə alıcıya (“xxxx” MMC) təhvil vermişdir. 4.Satıcı tərəfindən alıcıya 2025-ci il # ###### tarixində MT2501 seriyalı ******** nömrəli, dəyəri 88 500 manat olan elektron qaimə göndərilmişdir. Iş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat 5.Iddiaçı “xxxx MMC (bundan sonra-“iddiaçı”) cavabdeh “xxxx” MMC-yə (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AKP/ALC/**/**/**** saylı 2025-ci il # ###### tarixli alqı-satqı müqaviləsi üzrə ödənilməli olan 88.500 manatın, dəbbə pulu olaraq 8.850 manatın və iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş 383 manat dövlət rüsumunun cavabdehin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 6.Iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən, cavabdeh ümumi dəyəri 75 000 manat, ƏDV ilə birlikdə 88 500 manat olan mallar ilə təchiz edilmiş, iddiaçı tərəfindən razılaşma üzrə öhdəliklər tam və layiqincə icra olunmuş, lakin cavabdeh iddiaçının təqdim etdiyi elektron-qaimə əsasında borc məbləğini ödəməmişdir. 2025-ci il # ###### tarixli təhvil-təslim aktına əsasən mal alıcıya təhvil verilmiş və MT2501 seriyalı, ******** nömrəli 2025-ci il # ###### tarixli elektron-qaimə göndərilmişdir. Müqavilənin 3.1-ci bəndinə əsasən, malların ümumi dəyərinə müvafiq ödəniş tərəflər arasında bağlanmış müqaviləyə əsasən satıcının bu müqavilə və onun əlavəsindəki şərtlərə uyğun malları alıcıya təhvil verdiyi tarixdən etibarən 3 (üç) ay ərzində hissə-hissə ödənilməlidir. Lakin malların təhvil verildiyi və elektron-qaimənin göndərildiyi tarixdən 3 ay keçməsinə baxmayaraq, cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir. 7.Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## #### tarixli e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, 2025-ci il # ###### tarixli müqaviləyə əsasən əsas borc üzrə 88.500 manat, cərimə borcu üzrə 4.000 manat olmaqla, ümumilikdə 92.500 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim K.Hüseynov). 8.Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir. Hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmiş təhvil-təslim aktından görünür ki, iddiaçı 88.500 manat məbləğində 700 KVA Generatoru müqavilə şərtlərinə uyğun şəkildə lazımi keyfiyyətdə və miqdarda aktın imzalandığı tarixdə cavabdehə təhvil vermiş, iddiaçı tərəfindən cavabdehə 2025-ci il # ###### tarixli MT2501 seriyalı ******** nömrəli dəyəri 88.500 manat olan elektron qaimə göndərilmişdir. Belə olan halda, iddiaçı tərəfindən cavabdehə müvafiq mal verilmiş, cavabdehin də, qeyd edilmiş malların dəyərini ödəmək vəzifəsi yaranmışdır. 9.Cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş və borcun ödənilməsinə dair sənədi təqdim etməmişdir.
10. Məhkəmə əsas borca münasibətdə 4.000 manat cərimə borcunun tutulmasını Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbləri baxımından ağlabatan və ədalətli hesab etmişdir
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası MM-in 462.1, 467, 567, 600.4cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 14.1, 14.2, 77.1 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
12. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il # ####### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim E.Həsənov, hakimlər S.Cəfərov və T.Qocayev).
14. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşmış, həmçinin qeyd etmişdir ki, cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs olaraq, təsdiq etdiyi akt və mübahisələndirmədiyi elektronqaimənin hüquqi nəticələri ilə bağlı risk daşıyır. Cavabdehin özünün təsdiq etdiyi borcu sonradan iddiaçı məhkəməyə müraciət etdikdən sonra təkzib etməsi vicdanlılıq prinsipinə ziddir.
15. Iddiaçının təqdim etdiyi qüsurlu mala görə borcunun olmaması ilə bağlı cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlili əsassız hesab edilərək qeyd olunmuşdur ki, cavabdeh malın qüsurlu olduğunu irəli sürsə də, konkret olaraq hansı qüsurun olması, qüsur nəticəsində dəymiş zərərlə bağlı hər hansı dəlil təqdim etməmişdir.
16. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir.
17. Satıcı alqı-satqı müqaviləsi üzrə qüsurlu mallar verdiyi halda, mülki qanunvericilik alıcıya bununla bağlı bir sıra hüquqlar vermişdir. Belə ki, cavabdeh bu halda iddiaçıdan qüsurun aradan qaldırılmasını və ya əşyanın əvəz edilməsini tələb edə bilərdi, hansı ki, tərəflər bunu müqavilə də nəzərdə tutmuşlar. Müqavilədə xüsusi olaraq göstərilmişdir ki, cavabdeh mallar təhvil verilərkən onların keyfiyyəti alıcı tərəfindən yoxlanılır və hər hansı qüsur aşkar edilmədikdə, cavabdeh (alıcı) təhvil aktı ilə malları qəbul edir. Əgər mallar razılaşdırılmış keyfiyyətə uyğun gəlməsə, cavadeh (alıcı) bu barədə iddiaçıya (satıcıya) məlumat verir və qüsurların aradan qaldırılması üçün 30 gündən az olmayan müddət müəyyən edir.
18. Göründüyü kimi, cavabdeh qüsuru aşkar etdikdən sonra iddiaçıya məlumat verərək qüsurların aradan qaldırılmasını tələb edə bilərdi. Buna görə də, cavabdehin məhz iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etdikdən sonra bu hala istinad etməsi ağlabatan olmamaqla, vicdanlılıq prinsipinə də ziddir.
19. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin, cavabdehdən müvafiq məbləğdə cərimə borcunun tutulması ilə bağlı gəldiyi qənaətini də əsaslı hesab edərək qeyd etmişdir ki, cərimə borcunun məbləği mütənasib şəkildə azaldılmışdır.
20. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 13, 385.1, 386.1, 425.1, 442, 445.2.1, 462.1, 467, 567, 581.1, 587.1, 587.2, 587.3, 598.1 və 600.4-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il # ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.2, 3.1, 3.2, 3.3 və 3.4-cü bəndlərinə və MPM-in 9.1, 14.2, 77.1, 81, 88-ci maddələrinə istinadla əsaslandırmışdır.
21. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
22. MM-in 567, 581.1, 587.1 və 587.2-ci maddələri üzrə - satıcı alıcıya alqı-satqı müqaviləsinin tələblərinə uyğun keyfiyyətdə generator verməmişdir. Qiymət razılaşma protokolunda qeyd olunan 700 KV Generator satıcı tərəfindən təhvil verilsə də, qeyd olunan generator «Qiymət razılaşma protokolu»nun şərtlərinə uyğun keyfiyyətdə deyildir. Cavabdeh təhvil-təslim aktını imzalamaqla, həmin məhsulu təhvil aldığını təsdiq etsə də, həmin maldan narazı olduğunu şifahi qaydada bildirmişdir. Ancaq iddiaçı tərəfindən bununla bağlı hər hansı bir tədbir görülməmişdir. 700 KV generatorun «Qiymət razılaşma protokolu»nun şərtlərinə uyğun keyfiyyətdə gəlmədiyi, qeyd olunan generatorun dəyişdirilməsini iddiaçıya şifahi və yazılı qaydada bildirsə də, qeyd olunan generator dəyişdirilməmişdir. Bir sözlə tərəflərindən iddiaçıya tərəflər arasında bağlanmış müqaviləyə əsasən təqdim edilən generatorun QRP-nun şərtlərinə uyğun keyfiyyətdə generator ilə əvəz edilməsini yaxud da QRP-nun şərtlərinə uyğun keyfiyyətdə generator ilə əvəz edilə bilməyəcəyi təqdirdə qeyd olunan generatorun geri təhvil alınmasını onlardan xahiş etsələr də, qeyd olunan məktuba iddiaçı tərəfindən münasibət bildirilməmişdir.
23. MPM-in 9.1, 14.2, 217.3-cü maddələri üzrə-qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Qətnamədən də görünür ki, məhkəmə prosessual hüquq normaları düzgün tövsif olunmadan çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət olunmadan iş üzrə qətnamə qəbul etmişdir. Məhsuldan narazı olduğunu iddiaçıya şifahi və yazılı qaydada bildirmişdir. Ancaq iddiaçı tərəfindən bununla bağlı hər hansı bir tədbir görülməmişdir.
24. MPM-in 185.5-ci maddəsi üzrə-apellyasiya instansiyası məhkəməsi, cavabdehin birinci instansiya məhkəməsində keçirilən məhkəmə iclasına gəlməməsinin səbəblərini tam araşdırmadan, cavabdehin məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbardar edilib-edilmədiyini müəyyən etmədən iş üzrə yekun məhkəmə aktı qəbul etmişdir. Eyni zamanda, apellyasiya instansiyası məhkəməsində 2025-ci il # ####### tarixinə saat 10:30-a təyin edilən məhkəmə iclasında iştirak etməyinin mümkünsüz olacağını, həmin tarixdə və saatda başqa məhkəmə prosesi olduğu üçün, qeyd edilən məhkəmə iclasının təxirə salınmasını 2025-ci il # ####### tarixli vəsatətlə xahiş etmişdir. Halbuki qeyd olunan qətnamədən görünür ki, tərəfindən təqdim edilən vəsatət məhkəmə tərəfindən nəzərə alınmayaraq, yekun məhkəmə aktı qəbul edilmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etirazda göstərilmişdir ki, müqaviləyə əsasən təhvil verilən məhsullar müqavilə şərtlərinə tam uyğun olaraq alıcıya təhvil-təslim aktına əsasən təhvil verilmişdir. Aktın məzmunundan da aydın olduğu kimi, alıcı məhsulların müqavilənin şərtlərinə uyğun olduğunu yoxlamış və heç bir qüsur olmadan malları qəbul etmişdir. Həmçinin müqaviləyə əsasən ödəniş müddəti 3 ay müəyyən edilmişdir. Əgər qarşı tərəfin qeyd etdiyi kimi malda qüsur olsa idi, bu müddət ərzində yazılı şəkildə bildiriş göndərilməli idi. Lakin qarşı tərəf məhsulun qüsuru barəsində yazılı və ya şifahi şəkildə heç bir məlumat verməmişdir.
26. Cavabdehin elektron kabineti mövcuddur və bütün bildirişlər həmin sistemdə vaxtında yerləşdirilmişdir. Qarşı tərəf proseslər barədə tam məlumatlı olmuş, lakin bilərəkdən iclaslarda iştirak etməmişdir. Bu hal da onların yalnız prosesi uzatmaq niyyətində olduğunu göstərir.
Kassasiya baxışının hədləri
27. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq bütövlükdə yoxlanılacaqdır.
28. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
Tətbiq edilən hüquq
29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında nəzərdə tutulmuşdur:
“Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.”
“Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. ...”
“Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. ...”
“Maddə 567. Alqı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.”
“Maddə 580. Əşyaların çeşidi haqqında şərtin pozulmasının nəticələri ... 580.3. Alğı-satqı müqaviləsinin şərtinə uyğun gəlməyən çeşiddə əşyalardan imtina edərkən və ya çeşid haqqında şərtə uyğun gəlməyən malların əvəz olunması tələbini irəli sürərkən alıcı həmin malları ödəməkdən imtina edə də bilər, onları ödəmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. 580.4. Alğı-satqı müqaviləsinin çeşid haqqında şərtinə uyğun gəlməyən əşyalar o halda qəbul edilmiş sayılır ki, alıcı onları qəbul etdikdən sonra ağlabatan müddətdə satıcıya öz imtinasını bildirməsin. ...”
“Maddə 581. Əşyaların keyfiyyəti 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. ...”
“Maddə 588. Satıcının cavabdeh olduğu qüsurlar 588.1. Əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. ...”
“Maddə 589. Verilmiş əşyanın qüsurlarının aşkar edilməsi müddətləri ... 589.7. Müqavilədə nəzərdə tutulan qarantiya müddəti iki ildən az olduqda və alıcı əşyanın qüsurlarını qarantiya müddəti bitəndən sonra, lakin əşyanın ona verildiyi gündən iki il ərzində aşkar etdikdə, satıcı bu şərtlə məsuliyyət daşıyır ki, alıcı əşyanın qüsurlarının əşya alıcıya verilənədək əmələ gəldiyini və ya həmin məqamadək yaranmış səbəblərdən əmələ gəldiyini sübuta yetirsin.
“Maddə 624. Alıcıya lazımi keyfiyyətli olmayan mal satıldıqda onun hüquqları
624.1. Alıcıya lazımi keyfiyyətli olmayan mal satıldıqda, əgər malın qüsurları satıcı tərəfindən qabaqcadan bildirilməyibsə, alıcı öz seçimi ilə tələb edə bilər ki: 624.1.1. keyfiyyətsiz mal lazımi keyfiyyətli malla əvəz edilsin; 624.1.2. alış qiyməti mütənasib surətdə azaldılsın; 624.1.3. malın qüsurları təxirə salınmadan əvəzsiz qaydada aradan qaldırılsın; 624.1.4. malın qüsurlarının aradan qaldırılmasına çəkilmiş xərclərin əvəzi ödənilsin. ...”
30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”
“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...” “Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir. Belə ki, cavabdehin kassasiya şikayətinin əsas dəlili müqaviləyə əsasən lazımi keyfiyyətdə malın təqdim olunmaması ilə bağlıdır.
32. Lakin işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən, alqı-satqı üzrə malın keyfiyyəti və komplektliliyinin əsas müqaviləyə uyğun olmasını hər iki tərəf 2025ci il # ###### tarixli təhvil-təslim aktına əsasən təsdiq etmişlər. Həmçinin müəyyən edilmişdir ki, cavabdeh qüsurlu olduğunu iddia etdiyi mal üzrə mülki qanunvericiliyin alıcıya verilən hüquqlardan istifadə etməmiş, qüsurların aradan qaldırılmasını tələb etməmişdir.
33. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq, eyni məzmunlu apellyasiya şikayətinin dəlillərinin əsassız olması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, gəlinən nəticə MM-in 567-ci, 580, 581, 589 və 598-ci maddələrinin, eləcə də MPM-in 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə uyğun olmuşdur.
34. Cavabdehin məhkəmə iclasında iştirakının təmin olunmamasına gəldikdə, işin materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehə və onun nümayəndəsi (vəkilinə) işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmişdir. Cavabdehin nümayəndəsi işə apellyasiya qaydasında baxılan zaman məhkəmə iclasında iştirak edə bilməyəcəyi və iclasın təxirə salınması barədə ərizə göndərsə də, iştirak edə bilməməsinin üzürlü səbəblərinə dair heç bir sübut təqdim etməmişdir. Bu baxımdan, cavabdehin kassasiya şikayətinin həmin dəlilləri əsassızdır və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab edilmir .
35. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
36. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara alır:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2025-ci il # ####### tarixli *- *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.