Məhkəmə qərarları › İş №2-2(102)-877/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-877/2025

09.04.2026 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(102)-877/2025 09.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər İdarəsinin maraqlı şəxs Maraqlı şəxs qarşı iş üzrə QƏRARİ Açar sözlər: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, vergi borcu Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şamayev Elşad Yaquboviç oğlundan ibarət tərkibdə, ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər İdarəsinin maraqlı şəxs Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə xüsusi icraat qaydasında ərizəsi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il # ####### tarixli *- *(***)-***/**** nömrəli qətnaməsindən ərizəçi tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Maraqlı şəxs dövlət büdcəsinə 509,56 (o cümlədən, vergilər üzrə 449,74 manat, faizlər üzrə 59,82 manat), Dövlət Sosial Müdafiə Fonduna 1094,54, İşsizlikdən Sığorta Fonduna 89,21 və İcbari Tibbi Sığorta Fonduna 438,9 manat borcu mövcuddur və borclarının ödənilməsinə dair ona xəbərdarlıq edilmişdir.

İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər İdarəsi (bundan sonra – “ərizəçi”) 2025-ci il ## #### tarixində ərizə ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, Maraqlı şəxs ((bundan sonra – “maraqlı şəxs”) VÖEN: 3901468892) dövlət büdcəsinə 509,56 (o cümlədən, vergilər üzrə 449,74 manat, faizlər üzrə 59,82 manat), Dövlət Sosial Müdafiə Fonduna 1094,54, İşsizlikdən Sığorta Fonduna 89,21 və İcbari Tibbi Sığorta Fonduna 438,9 manat borcunun ödənilməsini təmin etmək üçün ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Ərizə işin faktiki hallarına istinadla belə əsaslandırılmışdır ki, öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədi(kləri)yi üçün on(ların)un 2025-ci il ## #### tarixə 2.132,21 manat məbləğində borcu vardır. Yaranmış borc məbləğ(lər)inin 5 gün ərzində ödənilməsi məqsədi ilə vergi ödəyici(lər)sinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən bildiriş(lər) göndərilmiş, lakin vergi ödəyici(ləri)si yaranmış borc məbləğini ödəməmişdir(lər).

4. Şirvan Kommersiya Məhkəməsinin 2025-ci il # ###### tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə ərizə təmin olunmamışdır (hakim: N.Misirzadə).

5. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, məhkəmənin məktubu ilə hazırkı iş üzrə ərizəçi olan vergi orqanının məhkəməyə müraciət etməmişdən əvvəl borcun ödənilməsinin təmin edilməsi üçün hansı tədbirlər görməsi (tələb olunan vəsaitin şəxsin hesablarından silinməsi üçün müvafiq banklara müraciət etməsi, onlardan vəsaitin çatışmazlığına dair cavablar alması, hüquqi şəxsin əmlakının üzərinə ixtisaslaşdırılmış açıq hərracdan satılması məqsədilə həbs qoyulması, yaxud kifayət qədər belə əmlakların mövcud olmamasına dair rəsmi məlumatlar əldə etməsi və s.) iş materiallarından müəyyən olunmadığı ərizəçinin nəzərinə çatdırılmış və ərizəçidən iş üzrə zərurət yarandığından, maraqlı şəxs barədə vergi orqanı tərəfindən borcun ödənilməsi üçün görülən tədbirlər barədə, eləcə də vergi ödəyicisinin aktivlərinin müəyyən edilməsi üçün görülən tədbirlərin nəticəsi barədə qısa müddət ərzində məhkəməyə məlumat verməsi təklif olunmuş, lakin ərizəçi tərəfindən hər hanı bir məlumat məhkəməyə təqdim edilməmişdir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlardan maraqlı şəxsin mülkiyyətində əmlak(lar)ın olduğu görünür. Maraqlı şəxsin dövlət büdcəsinə ödənilməmiş borcunun olması, onun hüquqlarının vergi orqanı tərəfindən əsassız məhdudlaşdırılması üçün səbəb ola bilməz.

6. Məhkəmə hesab etmişdir ki, hazırki vəziyyətdə maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib deyil. Hazırkı halda vergi orqanının məhkəməyə müraciət etməmişdən əvvəl borcun ödənilməsinin təmin edilməsi üçün hansı tədbirlər görməsi iş materiallarından müəyyən olunmur.

7. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə, 71-ci maddəsinin İ hissəsinə, “İnsan hüquqlarının və əsas azadllıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına dair * saylı Protokolun 2-ci maddəsinə, Vergi Məcəlləsinin 65, 89, MPM-in 14.2, 77.1, 217.4, 355-7.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

8. Ərizəçi apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv olunması və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il # ####### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər: C.İmanov – sədrlik edən və məruzəçi, P.Əhmədov və Q.Əliyev).

10. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, vergi orqanı məhkəməyə müraciət etməmişdən əvvəl borcun ödənilməsinin təmin edilməsi istiqamətində müvafiq tədbirlər görməsi və bununla bağlı məhkəməyə müvafiq sübutlar əlavə etməsini qeyd etsə də işdən görünür ki, maraqlı şəxsin mülkiyyətində 2013-cü il istehsalı, **OD*** dövlət qeydiyyat nişanlı, UNIVERSAL tipli, VAZ 21214 URBAN MİNİK markalı nəqliyyat vasitəsi və 1983-cü il istehsalı, **ZA*** dövlət qeydiyyat nişanlı, KONTEYNER tipli, QKB 8350 YARIMQOŞQU markalı nəqliyyat vasitəsitələri vardır. Lakin ərizəçi məhkəməyədək həmin əmlakların siyahıya alınması və yaxud da vergi borcunun həmin əmlaklar hesabına ödənilməsi ilə bağlı hər hansı tədbirlər görməsi iş materialları ilə müəyyən edilmir.

11. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 12, 28 (III hissə), 71 (İ və II hissələr), 73 (İ hissə), Vergi Məcəlləsinin 1.4, 16.1.1, 23.1.8, 23.1.15-1, 23.1.15-3, 24.1.1, 24.1.2, 24.1.2-1 və 89.1-ci maddələrinə, eləcə də “Avropa İnsan hüquqları Konvensiyası” * nömrəli Protokolunun 2-ci maddəsinə istinadla əsaslandırmışdır.

12. Ərizəçi kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və ərizənin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

13. Azərbaycan Respublikası Konstitusiyasının 73, Vergi Məcəlləsinin 16.1.1, 23.1.15- 3, 77.1, 77.3, 78.1, MPM-in 88, 175, 217, 355-5.1-ci maddələri üzrə - maddələrin mənzmunu sadalanmaqla qətnamənin qanuni və əsaslı olmadığı, işdə olan sübutların düzgün, hərtərəfli araşdırılmadığı, təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verilmədiyi göstərilmişdir.

14. Məhkəmə apellyasiya şikayətini təmin etməməklə, maraqlı şəxsin vergi öhdəliyini yerinə yetirməklə bağlı qanunla müəyyən edilmiş vəzifəsinin icrasından yayınmasına şərait yaratmışdır. Vergi öhdəliyinin qanunvericiliklə müəyyən olunmuş müddətdə yerinə yetirilməməsi kifayət edir ki, vergi orqanı bu hüququndan istifadə edərək, məhkəməyə müraciət etsin. Məhdudlaşdırıcı tədbirlərdən bu və ya digərinin seçilməməsi ilə bağlı vergi orqanının rəsmi sənəd təqdim etməsinə dair qanunverici tərəfindən imperativ norma müəyyən edilməmişdir. Vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 2025-ci il ## #### tarixli qərar çıxarmış, qərar əsasında vergi ödəyicisinin 2025-ci il ## #### tarixə yaranan borca görə 8000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə 2025-ci il ## ######## tarixli *********** saylı protokol tərtib edilmişdir. Vergi orqanı vergi borcunun ödənilməsinə daha effektiv təsir edən vasitəni seçməkdə sərbəstdir və qanunvericilik vergi orqanının bu hüququnu heç bir halla məhdudlaşdırmır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Kassasiya baxışının hədləri

16. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

17. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 12. Dövlətin ali məqsədi İ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. ...”

“Maddə 28. Azadlıq hüququ … III. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. ...”

“Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. II. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. ...”

“Maddə 73. Vergilər və başqa dövlət ödənişləri İ. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. ...”

19. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə tənzimlənən münasibətlər ... 1.4. Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur”.

“Maddə 16. Vergi ödəyicisinin vəzifələri 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək; ...”

“Maddə 23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: ... 23.1.8. qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq, bu Məcəllə ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək; ... 23.1.15-1. hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək; ... 23.1.15-3. Vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ vardır. ...”

“Maddə 24. Vergi orqanlarının vəzifələri 24.1. Vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; ... 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə; 24.1.2-1. vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə; ... 24.1.12. bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə vergi orqanlarının təyinatına uyğun olaraq müəyyən edilmiş digər vəzifələri həyata keçirməyə borcludur. ...” “Maddə 89. Əmlakın siyahıya alınması 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. ...”

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 355. Ərizənin verilməsi ... 5-1. Vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.”

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).

22. Göründüyü kimi işin faktiki hallarını araşdıran birinci instansiya məhkəməsi vergi borcunun alınması ilə bağlı VM-in 65 və 89-cu maddələrində nəzərdə tutulmuş digər tədbirlərin görülməsi, lakin nəticə verməməsinə dair sübutları təqdim etmək üçün ərizəçiyə məktub göndərmiş, lakin sonuncu bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

23. Buna baxmayaraq Elektron Məhkəmə İnformasiya Sistemindən maraqlı şəxsin mülkiyyətində nəqliyyat vasitələri olduğu müəyyən edilmişdir.

24. Belə olan halda işin faktiki hallarını araşdıran aşağı instansiya məhkəmələri göstərmişdir ki, maraqlı şəxsin vergi borcunun ödənilməsi üçün görülən tədbirlər qanuni olmalı, legitim məqsəd güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, mütənasiblik meyarına cavab verməli, yəni dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Maraqlı şəxsin dövlət büdcəsinə ödənilməmiş borcunun olması, onun hüquqlarının vergi orqanı tərəfindən əsassız məhdudlaşdırılması üçün səbəb ola bilməz.

25. Kollegiya apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, ərizəçinin kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir. Digər tərəfdən qanunvericilikdə vergi öhdəliyinin təmin edilməsi ilə bağlı vergi orqanlarının səlahiyyətli olduqları məcburiyyət tədbirlərinin seçilməsi zamanı “növbəliliyə” riayət edilməsi barədə hər hansı müddəanın nəzərdə tutulmaması ilkin mərhələdə istənilən növ məcburiyyət tədbirinin tətbiq edilməsi imkanı kimi qiymətləndirilməməlidir. Çünki, hüquqi dövlətin ali prinsiplərindən biri olan mütənasiblik prinsipinin tələbinə görə, hüquqa müdaxilənin yolverilən hesab edilə bilməsi üçün onun qanuni məqsədə yönəlməsi özözlüyündə

26. kifayət deyildir, bu zaman həm də müxtəlif toqquşan maraqlar arasında ağlabatan və ədalətli tarazlığa da əməl olunmalıdır.

27. “X2 (X1) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2017-ci il ## ### tarixli Qərarına əsasən, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır.

28. Bununla bağlı, Avropa Məhkəməsinin bir sıra qərarlarında da göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair * saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (məs. Battista İtaliyaya qarşı (Battista v. İtaly), № *****/**, 2014cü il # ###### tarixli qərarı; Xlyustov Rusiyaya qarşı (Khlyustov v. Russia, 2013), № *****/** 2013-cü il ## #### tarixli qərarı). Avropa Məhkəməsinin mövqeyinə görə, müdaxilə “təcili ictimai ehtiyaca” cavab verirsə, xüsusilə qanuni məqsədə mütənasibdirsə və onu əsaslandırmaq üçün milli hakimiyyət orqanları tərəfindən verilən səbəblər “müvafiq və yetərli”dirsə qanuni məqsədlər üçün “demokratik cəmiyyətdə zəruri” hesab olunur. Vətəndaşın ümumi maraqları ilə hərəkət azadlığı hüququ arasında ədalətli tarazlığın olubolmaması məsələsi işin bütün xüsusiyyətlərinə görə nəzərə alınmalıdır.

29. İşin faktiki halları ilə bağlı dəlillərə dair qeyd edilir ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.

30. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.

31. Odur ki, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

32. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara alır:

Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il # ####### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar