Məhkəmə qərarları › İş №2-2(102)-888/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-888/2025

24.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(102)-888/2025 24.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası Iddiaçı “X1 Sanayi və Ticaret” Anonim şirkətinin cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRAR Açar sözlər: Müqavilə münasibətlərindən irəli gələn mübahisələr Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Iddiaçı “ X1 Sanayi və Ticaret” Anonim şirkətinin cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları

1. Iddiaçı və cavabdeh arasında bağlanmış 2022-ci il ## ##### tarixli Malların satış müqaviləsinə əsasən, alıcı qismində çıxış edən “İddiaçı”, satıcı qismində çıxış edən cavabdeh Cavabdeh iddiaçı şirkətə mal verməyi, şirkət isə həmin malı qəbul etməyi və dəyərini cavabdehə ödəməyi öhdələrinə götürmüşdür. Həmin müqavilənin: - 3.4.3-cü bəndinə əsasən, bu müqavilənin mövzusunda bəhs edilən razılaşmalar üzrə alğı-satqısı həyata keçiriləcək malların haqqı satıcı tərəfindən təqdim ediləcək ödəniş sənədləri və təhvil-qəbul sənədi əsasında 15 təqvim günü ərzində alıcı tərəfindən köçürmə yolu ilə satıcının bank hesabına ödənilir. - 4.2-ci bəndinə əsasən, məhsullar göstərilən çatdırılma tarixində çatdırılmazsa, cavabdeh əvəlcədən aldığı ödənişi dərhal geri qaytarmalıdır. - 5.2-ci bəndinə əsasən, ödəniş avans olaraq ödəniləcək və mallar 3 ay ərzində təhvil veriləcəkdir. - 8.4-cü bəndinə əsasən, mallar göstərilən çatdırma tarixində çatdırılmazsa, cavabdeh şirkətə cərimə kimi 1.000 ABŞ dolları ödəməyə razı olmuşdur - 9.3.4-cü bəndinə əsasən, satıcı, müqavilədə qeyd edilən vəzifələri yerinə yetirilməzsə və ya qismən yerinə yetirilərsə, satıcının qüsurundan qaynaqlanan zərərlərin ödəməsini istəyə bilər. - 9.4-cü bəndinə əsasən, malların çatdırılması zamanı tam satış qiymətini ödəmək isə şirkətin öhdəliyidir. - 11.1-ci maddəsinə əsasən, cavabdeh bu müqavilədən irəli gələn öhdəliklərini bu müqavilədə göstərilən tarixlərdə yerinə yetirməzsə, şirkət heç bir vaxt vermədən müqaviləni ləğv edə bilər. - 12.1-ci maddəsinə əsasən, bu müqavilədən və ya onun maddələrinin şərhindən irəli gələn mübahisələr öncə danışıqlar yolu ilə həll edilməlidir, danışıqlar nəticəsiz qaldıqda isə mübahisələrin həlli üçün Türkiyə və Azərbaycan məhkəmələri və icra orqanları səlahiyyətlidir.

2. 2022-ci il ## ##### və 2022-ci il ## ### tarixlərdə hər bir ödəniş 54000 ABŞ dolları olmaqla ümumilikdə 108000 ABŞ dolları məbləğində pul iddiaçı tərəfindən cavabdehə avans olaraq köçürülmüşdür.

3. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etməmiş və nəticədə avans olaraq ona ödənilmiş 108000 ABŞ dollarından 2023-cü il ## ###### tarixdə 16000 ABŞ dolları pulu köçürmə yolu ilə iddiaçıya qaytarmışdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsindəki icraat

4. Iddiaçı “X1 Sanayi və Ticaret” Anonim şirkəti (bundan sonra – “iddiaçı”) cavabdeh Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanan 2022-ci il ## ##### tarixli “Malların satış müqaviləsi” üzrə cavabdehə ödənilmiş pul vəsaitindən qaytarılmamış 92.000 ABŞ dolları məbləğində əsas borcun, pulun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış faiz borcu olaraq 15.000 (13.800 +1.200) ABŞ dollarının, müqavilə üzrə dəbbə pulu olaraq 1.000 ABŞ dollarının, cəmi 108000 ABŞ dolları məbləğində pulun (ödəniş gününə uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manat məzənnəsi ilə) cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2022-ci il ## ##### tarixli “Malların satış müqaviləsi” bağlanmış, müqaviləyə əsasən cavabdeh iddiaçıya 1.000 kubmetr taxtanı 3 ay müddətində təhvil verməyi, iddiaçı isə malların dəyərini qabaqcadan ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə uyğun olaraq iddiaçı 2022-ci il ## ##### və 2022-ci il ## ### tarixlərdə cavabdehin “xxxx” QSC-dəki hesabına ümumilikdə 108.000 ABŞ dolları məbləğində avans ödənişi etmişdir. Cavabdeh müqavilə üzrə öhdəliyini icra etməmiş, malları müəyyən edilmiş müddətdə iddiaçıya təhvil verməmiş və bu barədə iddiaçıya öhdəliyin icrasının mümkün olmadığını bildirmişdir. Buna baxmayaraq, aldığı vəsaiti geri qaytarmamış, yalnız 2023-cü il ## ###### tarixdə 16.000 ABŞ dollarını qismən geri ödəmişdir. Hazırda cavabdeh tərəfindən qaytarılmayan əsas borc məbləği 92.000 ABŞ dolları təşkil edir. Müqavilə şərtlərinə və mülki qanunvericiliyin tələblərinə əsasən, cavabdeh pul öhdəliyinin gecikdirilməsi nəticəsində faiz ödəməyə borcludur. Hesablamalara görə, 92.000 ABŞ dolları məbləğində borcun 2022-2025-ci illər ərzində qaytarılmaması nəticəsində illik 5% hesabı ilə 13.800 ABŞ dolları, həmçinin 16.000 ABŞ dollarının 2022-ci il ## ##### tarixindən 2023-cü il ## ###### tarixinədək cavabdehin sərəncamında qalmasına görə əlavə 1.200 ABŞ dolları faiz borcu yaranmışdır. Bundan əlavə, müqavilənin 8.4-cü bəndinə əsasən, malların vaxtında çatdırılmaması halında cavabdeh tərəfindən 1.000 ABŞ dolları məbləğində dəbbə pulu ödənilməsi nəzərdə tutulmuşdur. Mülki qanunvericiliyə görə dəbbə pulu öhdəliyin icra edilməməsi və ya gecikdirilməsi halında zərərin sübuta yetirilməsindən asılı olmayaraq tutulur və tərəflər onun məbləğini sərbəst müəyyən etmək hüququna malikdirlər. Göstərilənlərə əsasən, cavabdehdən 92.000 ABŞ dolları əsas borcun, 15.000 ABŞ dolları faiz borcunun və 1.000 ABŞ dolları dəbbə pulunun tutulması iddiaçı tərəfindən irəli sürülmüş tələbin hüquqi və faktiki əsaslara söykəndiyini təsdiq edir. Bununla yanaşı, iddiaçı tərəfindən hüquqi yardım üçün çəkilmiş 2.000 manat məbləğində xərc və 473,29 manat dövlət rüsumu da cavabdehdən tutulmalıdır.

6. Cavabdeh məhkəmənin hazırlıq iclasında izahatında tərəflər arasında paletlərin iddiaçıya verilməsi barədə razılaşma olduğunu, taxta materiallarının Rusiyadan göndərilməməsi səbəbindən ödəniş edə bilmədiklərini və pul əvəzinə paletlərin təqdim edilməsi barədə razılığa gəldiklərini bildirmişdir.

7. Gəncə Kommersiya Məhkəməsinin 2025-ci il ## #### tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehdən 92000 ABŞ dolları məbləğində əsas borc, gecikdirilmiş vaxt üçün hesablanmış 12757,67 ABŞ dolları, 1000 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 105757,67 ABŞ dolları məbləğində pulun (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir (hakim R.Qələndərzadə)

8. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən göndəriləcək mallara görə iddiaçı tərəfindən qabaqcadan 108 000 ABŞ dolları cavabdehə ödənilmişdir. Lakin cavabdeh müqaviləyə əsasən dəyəri ödənilmiş malları iddiaçıya ödənişi aldıqdan sonra 3 ay ərzində təhvil verməli olduğu halda təhvil verməmiş, daha sonra cavabdeh şirkətlə əlaqə saxlayaraq 2022-ci il ## ##### tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilməyəcəyi barədə məlumat vermişdir.

9. Cavabdeh iddiaçıdan aldığı 108.000 ABŞ dolları məbləğindən 16.000 ABŞ dollarını geri qaytarmış, lakin müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyindən 92.000 ABŞ dolları məbləğində borcu qalmışdır. Sözügedən borcun mövcudluğu tərəflər arasında bağlanmış müqavilə, dekontlar və təhvil-təslim aktı ilə təsdiqləndiyindən, məhkəmə 92.000 ABŞ dollarının cavabdehdən tutularaq iddiaçıya ödənilməsini əsaslı hesab etmişdir.

10. Məhkəmə iddia tələbinin 1000 ABŞ dolları məbləğində cərimənin tutulması hissəsinə münasibətdə tərəflərin mənafelərini nəzərə alıb cərimə məbləğinin tam təmin edilməsini ədalətli və qanuni hesab etmişdir. Odur ki, həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

11. Məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün 5%-lə hesablanmış 15000 ABŞ dolları məbləğində əldən çıxmış faydanın tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir.

12. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, 2022-ci il ## ##### və 2022-ci il ## ### tarixlərində ümumilikdə cavabdehə köçürülmüş 108000 ABŞ dolları pul vəsaitinin 16000 ABŞ dolları cavabdeh tərəfindən 2023-cü il ## ###### tarixində iddiaçıya geri qaytarılmışdır. Müqaviləyə əsasən malların dəyəri qabaqcadan ödənildikdən 3 ay ərzində, yəni ##.##.2022-ci il tarixdə təhvil verilməli olduğu halda, təhvil verilməmişdir. Yalnız malların dəyərinə görə qabaqcadan ödənilmiş 108000 ABŞ dollarının 16000 ABŞ dolları 478 gün gecikdirilməklə 2023-cü il ## ###### tarixində iddiaçıya geri qaytarılmışdır. Həmin dövr üçün gecikdirilmiş vaxt üçün 5%-lə hesablanmış məbləğ 1047,53 ABŞ dollarıdır (16000x5%/365 gün x 478).

13. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən 92000 ABŞ dolları pulun gecikdirilməsinə görə isə 2022-ci il ## ###### tarixdən 2025-ci il ## #### tarixədək olan dövr nəzərə alınmalıdır. Həmin dövr üçün gecikdirilmiş 929 gün təşkil edir. Belə olan halda 92000 ABŞ dolları üçün gecikdirilmiş vaxt üçün 5%-lə hesablanmış məbləğ 11710,14 ABŞ dolları təşkil edir (92000x5%/365 gün x 929)

14. Ona görə də məhkəmə hesab etmişdir ki, iddia tələbi gecikdirilmiş vaxt üçün 5%lə hesablanmış ümumilikdə 12757,67 ABŞ dolları məbləğində əldən çıxmış faydanın tutulması hissəsində əsaslı hesab edilməlidir.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM“) 385.1, 386.1, 439.1, 440.1, 442, 442.1, 445.7, 448.1, 448.2, 460.1, 462.1, 567.1, 599.1, 599.3 və 599.4-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır.

16. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

b) Apellyasiya instansiya məhkəməsindəki icraat

17. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni gecikdirilmiş vaxt üçün hesablanmış 12757,67 ABŞ dollarının tutulması hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılaraq iddia qismən təmin edilmiş, cavabdehdən ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın məzənnəsinə uyğun Azərbaycan manatı ilə gecikdirilmiş vaxt üçün hesablanmış 12.723,10 ABŞ dolları məbləğində pul olmaqla cəmi 105723,10 ABŞ dolları iddiaçının xeyrinə tutulmuş, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – R.Məcidov, hakimlər – İ.Həsənov, Ş.Rzaquliyev).

18. Məhkəmə hesab etmişdir ki, iş üzrə mövcud hallara MM-in alğı-satqı müqaviləsinə dair müddəalarının tətbiqi tam əsaslıdır.

19. Məhkəmə hesab etmişdir ki, iş üzrə mövcud hallara MM-in alğı-satqı müqaviləsinə dair müddəalarının, xüsusilə 567-ci, 599.1-ci və 599.3-cü maddələrinin tətbiqi əsaslıdır.

20. Belə ki, tərəflər arasında 2022-ci il ## ##### tarixli mal satış müqaviləsi bağlanmış, alıcı olan iddiaçı müqavilə üzrə öhdəliyini icra edərək ümumilikdə 108.000 ABŞ dolları məbləğində qabaqcadan ödəniş etmişdir. Lakin satıcı olan cavabdeh müqavilədə nəzərdə tutulmuş əsas öhdəliyini malları 2022-ci il ## ###### tarixinədək təhvil vermək vəzifəsini yerinə yetirməmiş, nəticədə müqavilə balansı pozulmuşdur. MM-in 599.3-cü maddəsinə əsasən, satıcı qabaqcadan ödənişi almasına baxmayaraq malları müəyyən edilmiş müddətdə təqdim etmədikdə, alıcı ödədiyi məbləğin qaytarılmasını tələb etmək hüququna malikdir. Iş üzrə cavabdeh yalnız 2023-cü il ## ###### tarixində 16.000 ABŞ dollarını geri qaytarmış, qalan 92.000 ABŞ dolları isə ödənilməmiş qaldığından, iddiaçının qabaqcadan ödənilmiş məbləğin qaytarılmasını tələb etməsi qanuni və əsaslı hesab edilmişdir.

21. Iddiaçı 16000 ABŞ dollarının 2023-cü il ## ###### tarixdə qaytarıldığını iddia etsə də məhkəmə qeyd etmişdir ki, işə əlavə edilmiş ödəniş sənədindən müəyyən olunduğu kimi cavabdeh 2023-cü il ## ###### tarixdə banka ödəniş etmiş 2023-cü il ## ###### tarixdə isə ödəniş iddiaçının hesabına köçürülmüşdür.

22. Məkhəmə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq cavabdehin müqavilə üzrə götürdüyü öhdəlikləri pozduğu qənaətinə gələrək müqavilə üzrə ödənilmiş pulun geri qaytarılması nəticəsinə gəlmişdir ki, cavabdehdən iddiaçının xeyrinə 92000 ABŞ dolları pul tutulmalıdır.

23. Məhkəmə iddia tələbinin 1.000 ABŞ dolları məbləğində cərimənin tutulmasına dair hissəsi üzrə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəldiyini qeyd etmişdir. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 8.4-cü bəndinə əsasən, malların müəyyən edilmiş çatdırılma tarixində təhvil verilməməsi halında cavabdeh tərəfindən 1.000 ABŞ dolları məbləğində cərimənin ödənilməsi barədə yazılı razılaşma mövcud olmuşdur. Cavabdehin müqavilə üzrə öhdəliyini icra etməməsi nəticəsində iddiaçının qeyd olunan cəriməni tələb etmək hüququ yaranmışdır.

24. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbinin məzmununa uyğun olaraq cavabdeh tərəfindən ödənilmiş 108.000 ABŞ dolları pul vəsaiti üzrə müqavilə şərtlərinə riayət edilmədiyini, cərimənin məbləğini və tutulmalı olmasını, müqavilə üzrə malların 2022-ci il ## ###### tarixədək təhvil verilməli olmasını düzgün müəyyən etsə də, cavabdeh tərəfindən qaytarılan 16000 ABŞ dollarının qaytarılma tarixini düzgün müəyyən etmədiyindən borc məbləğinə MM-445.7-ci maddəsinə əsasən hesablanmalı olan pul məbləğində düzgün nəticəyə gəlməmişdir.

25. Qeyd olunduğu kimi, cavabdeh 16000 ABŞ dollarının iddiaçıya qaytarılmasını 2023cü il ## ###### tarixdə həyata keçirsə də ödəniş iddiaçının hesabına 2023-cü il ## ###### tarixdə yatırılmış və bu cavabdehin təqsirindən baş verməmişdir.

26. Məhkəmə MM-in 445.7-ci və 599.4-cü maddələrinə istinadən məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən pul öhdəliyinin vaxtında icra olunmaması nəticəsində pul vəsaitinin qaytarılması gecikdirilmiş, bu isə gecikdirilmiş dövr üçün faiz hesablanmasını zəruri edir. Cavabdehin iddiaçıdan aldığı pul vəsaitini qaytarmayaraq özündə saxlaması şəraitində iddiaçının pulun qaytarılmadığı müddət üçün illik beş faiz tələb etmək hüququ yaranmışdır.

27. Məhkəmə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən iddiaçıya geri qaytarılmış 16.000 ABŞ dollarını ayrıca götürərək 478 gün üzrə hesablamış və bu məbləğ üçün 1.047,53 ABŞ dolları faiz müəyyən etmiş, qalan 92.000 ABŞ dollarını isə ayrıca götürərək ##.##.2022–##.##.2025 dövrünü bütövlükdə (929 gün) nəzərə almışdır. Bu qaydada ümumi məbləğ 12.757,67 ABŞ dolları müəyyən edilmişdir.

28. Beləliklə məhkəmə bildirmişdir ki, birinci instansiya məhkəməsinin hesablama üsulu və müddəti ümumi məbləğin düzgün müəyyən edilməsinə ciddi təsir göstərməsə də, tətbiq edilmiş metod tam dəqiq hesab edilə bilməz.

29. Doğru yanaşma bütün öhdəlik üzrə müddətlərin ardıcıllıqla (ay və günlərə) bölünməsi, əvvəl 108.000 ABŞ dolları üzrə 2022-ci il ## ######–2023-cü il ## ######, daha sonra isə 92.000 ABŞ dolları (16.000 ABŞ dolları 2023-cü il ## ###### tarixdən qaytarıldığından) üzrə 2023-cü il ## ######–2025-ci il ## #### (məhkəməyə müraciət tarixi) dövrlərinin ayrıca nəzərə alınmasıdır. Bu üsul həm MM-in 445.7 və 599.4-cü maddələrinin tələblərinə uyğundur, həm də faizlərin dəqiq hesablanmasını təmin edir.

30. Apellyator şikayətinin dəlillərində öhdəliklərini yerinə yetirə bilməmələri şəraitin dəyişdiyini və gedən proseslərlə bağlı malların Rusiya Federasiyasından gec gəlməsi barədə dəlili ilə bağlı məhkəmə hesab etmişdir ki, göstərilən dəlil əsassızdır. Çünki, cavabdeh tərəf qeyd edilən halları bildirsə də, həmin halları təsdiq edən sübutları məhkəmələrə təqdim etməmişdir. Bundan başqa cavabdehin gətirdiyi arqument özlüyündə iddiaçıdan aldığı pulun geri qaytarılmaması üçün əsas deyildir.

31. Məhkəmə gəldiyi nəticəni MM-in 329.2, 385.1, 386.1, 390, 404, 405.1, 425.1, 439.1, 442, 443.1, 445.2, 448.1, 448.2, 448.4, 449.1, 460.1, 462.1, 462.2, 463.1, 463.2, 465.1, 560.1, 560.2, 560.3, 563.3.2, 563.3.4, 567, 599.1, 599.3, 599.4-cü maddələrinə, “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanununun 1.2, 24.1ci maddələrinə, MPM-in 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır.

32. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) kassasiya şikayətinin dəlilləri:

33. MM-in 385.1, 385.2, 386.1, 424.3, 442, 467 və 560-cı maddələri üzrə - Məhkəmə iş üzrə qeyd olunan maddələri tətbiq etmiş, lakin həmin normaların mahiyyətinə düzgün hüquqi qiymət verməmişdir. Cavabdeh tərəfindən götürülmüş öhdəliklərə hər zaman əməl edilmiş, iddiaçı ilə müqavilə şərtlərinin dəyişdirilməsi və öhdəliyin icrasının alternativ variantı barədə razılıq əldə olunmuşdur. Rusiya Federasiyasında baş verən proseslərlə əlaqədar palet istehsalı üçün tələb olunan ağac materiallarının tədarükündə yaranmış obyektiv çətinliklər barədə qarşı tərəf əvvəlcədən məlumatlandırılmışdır. Buna baxmayaraq, məhkəmə bu halları nəzərə almadan cavabdehin hərəkətlərini öhdəliyin icra edilməməsi kimi qiymətləndirmişdir. Halbuki, iddiaçı əldə edilmiş razılaşmaya baxmayaraq öhdəliyin alternativ icra variantını qəbul etməkdən imtina etmişdir. Bu səbəbdən cavabdeh tərəfindən müqavilə öhdəliklərinin pozulmasına yol verilməmişdir. Eyni zamanda, dəbbə pulunun tutulması ilə bağlı məhkəmənin mövqeyi ilə razılaşmaq mümkün deyil, çünki dəbbə pulu tənasübsüzdür və azaldılmalı idi. Cavabdeh qeyd edir ki, iddiaçı hazırkı iddianı qaldırmaqla hüquqdan sui-istifadəyə yol vermişdir.

34. MPM-in 77.1, 88, 185, 386, 387.1, 417-cı madddələri üzrə - sübutlar tam və hərtərəfli araşdırılmamış və tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verilməmişdir. Apellyasiya məhkəməsində işə baxılarkən işdə iştirak etməyin qeyrimümkünlüyü barədə vəsatət vermiş və həmin vaxtda başqa məhkəmə işinin olması barədə bildiriş də əlavə edilmişdir, lakin məhkəmə nəzərə almamışdır.

c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

35. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Kassasiya baxışının hədləri

36. Iş üzrə apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

37. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

Tətbiq edilən hüquq

38. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 329. Əqdlərin formaları ... 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. ...”

“Maddə 385. Öhdəlik anlayışı

385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. ...”

“Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları

386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. ...”

“Maddə 390. Müqavilə azadlığı

390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir. 390.7. Əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir.”

“Maddə 404. Müqavilənin təfsiri

404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 404.3. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. 404.4. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. 404.5. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir.”

“Maddə 405. Müqavilənin mühüm şərtləri barəsində razılaşma

405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. ...”

“Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq

425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. ...”

“Maddə 439. Pul öhdəliklərinin icrası

439.1. Pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. ...”

“Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti ... 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. ...”

“Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.”

“Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti

448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. ... 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.”

“Maddə 449. Pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət

449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. ...”

“Maddə 460. Öhdəliklərin icrasının təmin edilməsi üsulları

460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. ...”

“Maddə 462. Dəbbə pulu anlayışı

462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. ...”

“Maddə 463. Dəbbə pulu haqqında razılaşmanın forması

463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. 463.2. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur.”

“Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi

465.1. Əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. ...”

“Maddə 560. Hüquqdan sui-istifadənin qadağan edilməsi

560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; ... 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi; ...”

“Maddə 567. Alğı-satqı müqaviləsi

Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.”

“Maddə 599. Alınan əşyaların qabaqcadan ödənilməsi

599.1. Alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. ... 599.3. Qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. 599.4. Satıcı qabaqcadan ödənilmiş əşyanı vermək vəzifəsini icra etmədikdə və alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda əşyanın müqaviləyə görə verilməli olduğu gündən alıcıya verildiyi və ya qabaqcadan ödədiyi məbləğin ona qaytarıldığı günədək qabaqcadan ödəniş məbləğindən bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə satıcının alıcıdan qabaqcadan ödəniş məbləğini aldığı gündən həmin məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.”

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”

“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”

“Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” ...”

“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1- ci maddəsi).

41. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarı).

42. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və onu da bildirir ki, apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.

43. Apellyasiya məhkəməsi əsaslı olaraq göstərmişdir ki, öhdəliklərini yerinə yetirə bilməməsinin Rusiya Federasiyasında gedən proseslərlə bağlı olması barədə göstərilən dəlil əsassızdır. Çünki, cavabdeh tərəf qeyd edilən halları bildirsə də, həmin halları təsdiq edən sübutları məhkəmələrə təqdim etməmişdir. Bundan başqa cavabdehin gətirdiyi arqument özlüyündə iddiaçıdan aldığı pulun geri qaytarılmaması üçün əsas deyildir.

44. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq norması düzgün tətbiq edilmişdir.

45. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozuntusuna dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Hazırki işdə isə həmin əsaslar mövcud deyildir.

46. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

47. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar