Məhkəmə qərarları › İş №2-2(102)-892/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-892/2025

24.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(102)-892/2025 24.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi, alınmış əşyanın ödənilməsi, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ######## tarixli *-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları

1. Satıcı İddiaçı MMC və alıcı Cavabdeh MMC arasında 2023-cü il ## ###### tarixli ##/##/2023 nömrəli müqavilə bağlanmış, müqavilə tərəflərin imza və möhürü ilə təsdiq edilmişdir. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən, satıcı müqavilənin predmeti, sifarişlərdə əks ediləcək mühərrik, sənaye, sürtkü yağları, əyləc mayeləri, antifrizlər, filterlər, təkərlər, şüşə təmizləyici mayelər, akkumulyatorlar və digər maddi dəyərlilər alıcıya satır, alıcı isə malları satıcıdan qəbul edir və müqabilində satıcıya malların təhvil verildiyi müvafiq sənəddə nəzərdə tutulmuş qiyməti (haqqı) ödəyir. - 3.1-ci bəndinə əsasən, malların qiyməti cari bazar qiymətinə uyğun satıcı tərəfindən müəyyən edilir. - 3.2-ci bəndinə əsasən, ödəniş satıcı tərəfindən təqdim olunan müvafiq ödəniş sənədlərinə (qaimə/hesab faktura) və malların təhvil-təslim aktına əsasən 30 bank günü ərzində alıcı tərəfindən köçürmə yolu ilə satıcının hesablaşma hesabına və ya nağd qaydada satıcıya ödənilir. - 6.1-ci bəndinə əsasən, satıcının alıcıdan malların qiymətini müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəməsini tələb etmək, alıcının təqsiri ilə vurulan zərərin ödənilməsini tələb etmək hüququ vardır. - 6.4-cü bəndinə əsasən, alıcının malların qiymətini müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəmək və müqavilə ilə müəyyən edilmiş öhdəlikləri icra etmək vəzifəsi vardır. - 7.1-ci bəndinə əsasən, müqavilə üzrə nəzərdə tutulan müddətlərə əməl edilməməsinə görə tərəflər məsuliyyət daşıyırlar.

2. 2024-cü il ## ###### tarixli satış fakturasının məzmunundan müəyyən olunanlara görə, Cavabdeh MMC-yə ümumi dəyəri 9.107,4 manat olan mal satılmışdır. Faktura Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən imzalanmışdır.

3. 2023-cü il ## ######## - 2024-cü il # ###### tarixlərindəki 25 ədəd elektron qaimələrin məzmunundan İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləğlərinin (ƏDV daxil) cəminin 27.139,3 manat təşkil etdiyi görünür.

4. 2023-cü il ## ###### – 2024-cü il # ###### tarixlərindəki ödəniş tapşırıqlarının məzmunundan “xxxx" MMC tərəfindən İddiaçı MMC-yə cəmi 10.394,69 manat ödəniş edildiyi görünür.

5. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 2025-ci il # ###### tarixli pretenziya məktubu ilə müqavilə üzrə yaranmış borcun 3 gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Iş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) 2025-ci il ## ###### tarixində Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 16.744,61 manat borc və ödənilmiş 141 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında sürtkü yağlarının alqı-satqısına dair 2023-cü il ## ###### tarixində ##/##/2023 nömrəli müqavilə bağlanmışdır. Cavabdeh bu müqavilə əsasında iddiaçıdan ümumi dəyəri ƏDV daxil 27.139,30 manat nisyə mal almış və onlara dair elektron qaimələr təqdim edilmişdir. Sözügedən alqı-satqı müqaviləsi üzrə cavabdeh nisyə aldığı malların pulundan bu günə kimi cəmi ƏDV daxil 10.394,69 manat pul ödəmişdir və cavabdehin hazırda 16.744,61 manat borcu ödənilməmiş borcu qalmaqda davam edir. Qalan borcun ödənilməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə dəfələrlə istər müraciətlər edilməsinə baxmayaraq, heç bir müsbət nəticə olmamışdır.

8. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il # #### tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim – Z.Axundova).

9. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Müqavilə ilə satıcı müqavilənin predmeti, sifarişlərdə əks ediləcək mühərrik, sənaye, sürtkü yağları, əyləc mayeləri, antifrizlər, filterlər, təkərlər, şüşə təmizləyici mayelər, akkumulyatorlar və digər maddi dəyərliləri (malları) alıcıya satmağı, alıcı isə malları satıcıdan qəbul edir və müqabilində satıcıya malların təhvil verildiyi müvafiq sənəddə nəzərdə tutulmuş qiyməti (haqqı) ödəməyi öhdəsinə götürmüşdür. Işin müəyyən olunmuş hallarından göründüyü kimi, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi icra edərək malları alıcıya təhvil versə də, cavabdeh qəbul etdiyi malın dəyərini iddiaçıya ödəmək barədə öhdəliyini tam icra etməmişdir. Həmin hal işdə olan sübutlarla öz təsdiqini tapmışdır.

10. Iddia tələbinin bir hissəsini cavabdehdən 2023-cü il ## ###### tarixində ##/##/2023 nömrəli alqı-satqı müqaviləsinə əsasən 16.744,61 manat borcun tutulması təşkil etmişdir. Məhkəmə qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, cavabdehin qəbul etdiyi malın əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını, iddiaçının isə həmin məbləğin ödənilməsini cavabdehdən tələb etmək hüququna nəzərə alaraq, iddianın təmin edilməsi və cavabdehdən 16.744,61 manat pulun tutularaq iddiaçıya ödənilməsi qənaətinə gəlmişdir. Həmin borcun mövcudluğu işdə olan sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş 25 elektron qaimə üzrə ümumi dəyəri 27.139,3 manat olan məhsul iddiaçı tərəfindən cavabdehə satılmışdır. Iş materiallarına əlavə olunmuş ödəniş tapşırıqlarından aydın olur ki, cavabdeh tərəfindən iddiaçıya 10.394,69 manat ödəniş edilmişdir. Belə olan halda, cavabdehin iddiaçıya olan borcu 16.744,61 (27.139,3-10.394,69=16.744,61) manat olacaqdır. Qeyd edilməlidir ki, cavabdeh tərəfindən iddiaya münasibət bildirilməmiş (cavabdeh və qanuni nümayəndəsinin elektron kabineti var), mübahisə predmeti olan borcla bağlı ödənişləri təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 386.1, 442, 448.1, 567, 598.1, 600.1 və 600.4-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 76.1, 77 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

12. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddianın rədd olunmasını xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ######## tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – S.Cəfərov, hakimlər – E.Həsənov və T.Qocayev).

14. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı (satıcı) ilə cavabdeh (alıcı) arasında 2023-cü il ## ###### tarixli ##/##/2023 nömrəli alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə ilə satıcı müqavilənin predmeti, sifarişlərdə əks ediləcək mühərrik, sənaye, sürtkü yağları, əyləc mayeləri, antifrizlər, filterlər, təkərlər, şüşə təmizləyici mayelər, akkumulyatorlar və digər maddi dəyərliləri (malları) alıcıya satmağı, alıcı isə malları satıcıdan qəbul edir və müqabilində satıcıya malların təhvil verildiyi müvafiq sənəddə nəzərdə tutulmuş qiyməti (haqqı) ödəməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi, alqı-satqı müqaviləsi üzrə borcun tutulması hissədə iddia tələbinin qanuni əsaslarını MM-in 567 və 598.1-ci maddələri təşkil etmişdir.

15. Iddiaçının cavabdehə ümumi dəyəri 27.139,3 manat olan məhsulu təqdim etməsi faktı iş materiallarına əlavə edilmiş 25 elektron qaimə ilə öz təsdiqini tapmışdır. Lakin ödəniş tapşırıqlarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya 10.394,69 manat ödəniş edilmiş, qalan məbləğ isə ödənilməmişdir. Göründüyü kimi, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi icra edərək malları alıcıya təhvil versə də, cavabdeh qəbul etdiyi malın dəyərini iddiaçıya ödəmək barədə öhdəliyini tam icra etməmişdir.

16. Belə olan halda, məhkəmə kollegiyası alqı-satqı münasibətlərində satıcı olan iddiaçı tərəfindən alıcı olan cavabdehə 27.139,3 manat mal verilməsi faktının işin halları ilə öz təsdiqini tapdığını, cavabdehin isə həmin malların müqabilində yalnız 10.394,69 manat pul ödədiyini nəzərə alaraq, alqı-satqı müqaviləsi üzrə 16.744,61 manat borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmişdir.

17. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 442, 443.1, 448.1, 567 və 598.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il # ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.2 və 3.1-3.4-cü bəndlərinə, MPM-in 77.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.

18. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, iddianın rədd olunmasını xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

19. Kassator şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsi üzrə bildirir ki, həmin normanın üçüncü hissəsində əks olunmuşdur ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Belə ki, məhkəmənin daşıdığı ən məsuliyyətli vəzifə yükü, işin araşdırılan halları və faktları əsasında tərəflərin təqdim etdiyi dəlil və sübutlara qiymət verməsidir. Məhkəmənin qəbul etdiyi aktın qanuni və əsaslı olması bundan asılıdır. Yalnız buna əsasən apellyasiya, Ali və Konstitusiya Məhkəmələri müəyyən edə bilər ki, ədalət mühakiməsi hansı səviyyədə həyata keçirilmişdir. Məhkəmənin işə tam, hərtərəfli və obyektiv yanaşması da məhz bunlar əsasında müəyyən edilir. Bu tələbə cavab verməyən mübahisələndirilən qətnamədə qanunvericiliyin normalarına əməl olunmadığından, qərar əsaslı və düzgün hesab edilə bilməz.

20. MM-in 442-ci maddəsi üzrə - həmin normaya görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin, ümumiyyətlə, yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit olunmuş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

21. Apellyasiya məhkəməsi qətnaməsində “iddiaçının müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməsini” qeyd etsə də, iddiaçının müqavilə üzrə öz üzərinə düşən öhdəliyinin icrasının nədə ifadə olunduğu bəlli deyil. Belə ki, cavabdeh həm birinci instansiya məhkəməsində, həm də apellyasiya şikayətində qeyd etmişdir ki, təhvil-təslim aktları məhkəməyə təqdim edilməmişdir və həmin təhvil-təslim aktları olmadan iddianın təmin olunması mümkün deyil. Lakin məhkəmələr təhvil-təslim aktlarını tələb etməmiş, həmin hissəyə səthi yanaşaraq əsassız qətnamə qəbul etmişdir. Qeyd olunmalıdır ki, cavabdeh müqavilə üzrə öz öhdəliklərini vicdanlılıq prinsipi çərçivəsində yerinə yetirmişdir və iddiaçının tələbi əsassızdır. Belə ki, cavabdeh müqavilə üzrə öz öhdəliklərini icra edərək müqavilə üzrə ödənilməli məbləği ödəmişdir. Iddia tələbində qeyd olunan mallar faktiki olaraq cavabdehə verilməmişdir. Buna görə də cavabdehin verilməyən malların qarşılığının ödəmək kimi öhdəliyi də yoxdur.

22. MM-in 567-ci maddəsi üzrə - alğı-satqı müqaviləsinə görə, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Sözügedən normanın tələbindən də göründüyü kimi, öhdəliyin icrası zamanı iddiaçının malları tam olaraq cavabdehə verməsi zəruri amildir. Həmçinin maddənin dispozisiyasından görünür ki, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməlidir. Əşyanın qəbul olunması hissəsində sübut olmadığı halda məhkəmələr yanlış hüquqi nəticəyə gəlmişlər.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” ## #### 2019-cu il tarixli qərarı üzrə - bu qərara görə, mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin II, IV və VII hissələrində, 129-cu maddəsinin III hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Qeyd olunan müddəanın məzmunu bir daha təsdiqləməyə əsas verir ki, məhkəmə tərəfindən işin araşdırılması zamanı həm qanunvericilik, həm də bu sahədə mövcud olan praktika nəzərə alınmamışdır. Apellyasiya məhkəməsi işə formal yanaşmış, hərtərəfli araşdırma aparmadan birinci instansiya məhkəməsinin qətnaməsini olduğu kimi saxlamışdır.

24. MPM-in 9, 77, 88, 217 və 220.4-cü maddələri üzrə - məhkəmə işə baxarkən və qətnamə qəbul edərkən qeyd olunan normaların tələblərini pozmuşdur. Mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. Qanunvericilik iddia tələbinin iddiaçı tərəfindən əsaslandırılmasını tələb kimi müəyyən etməsinə baxmayaraq, icraat zamanı bu tələbə əməl edilməmişdir. Həmçinin sübutetmə yükünün iddiaçının üzərinə düşdüyünü nəzərə alındıqda, iddiaçı malların verildiyini sübut etməlidir. Göstərilən halların sübut olunmamasına baxmayaraq, apellyasiya məhkəməsi əsassız olaraq iddianı təmin etmişdir.

25. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il ## ###### tarixli qərarı üzrə - Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilibedilməməsinin səbəbləri orada aydın izah edilməlidir. Bütün bunlar deməyə əsas verir ki, apellyasiya məhkəməsi qətnamə qəbul edərkən qanunvericiliyin tələblərini nəzərə almamış, gəlinən nəticəni əsaslandıran faktları qətnamədə əks etdirməmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.

Kassasiya baxışının hədləri

27. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

28. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

Tətbiq edilən hüquq

29. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. ...”

“Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.”

“Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. ...”

“Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. ...”

“Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.”

“Maddə 598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. ...”

30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il # ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“1. Ümumi müddəalar ... 1.2. Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir. ...” “3. Elektron qaimə-fakturanın tətbiqi və istifadəsi 3.1. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir. 3.2. Elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. 3.3. Cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər. 3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir. ...”

31. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”

“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”

“Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”

“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”

Kassasiya instansiya məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ######## tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

33. Məhkəmə kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və ilkin olaraq bildirir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından, həmçinin məhkəməyə bildirdiyi faktiki halların müvafiq maddi hüquq normasının nizamlama təsirinin dairəsinə düşüb-düşməməsinin yoxlanılması və qiymətləndirilməsindən ibarətdir. Hazırki iş üzrə irəli sürülmüş iddia tələbinin qanuni əsası apellyasiya instansiyası məhkəməsində işin faktiki halları və sübutlar əsasında müəyyən edilmiş, faktiki hallar qanunvericiliyin müvafiq normalarındakı qaydalarla uzlaşmış, habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmamışdır.

34. Işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarına görə, cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Cavabdeh tələb edilən borc məbləğinin əsassız olmasına dair əsaslı arqument irəli sürə bilməmişdir. Belə ki, MPM-in 77.1-ci maddəsində müəyyən olunmuş sübutetmə qaydası onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.

35. Apellyasiya instansiyası iddiaçının müqavilə üzrə öhdəliklərini yerinə yetirməsi və buna dair sübutları təqdim etdiyi halda, cavabdehin müqavilə üzrə öhdəliklərini icra etməməsi qənaətinə gələrkən, kassasiya şikayətində istinad edilən normalar üzrə hər hansı hüquq pozuntusuna yol verməmişdir.

36. Belə ki, apellyasiya məhkəməsi qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 16.744,61 manat bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə almaqla, haqlı olaraq iddianın əsaslı olması qənaətinə gəlmişdir.

37. Məhkəmə kollegiyası bildirir ki, kassasiya şikayətində istinad olunan hallara dair mötəbər sübutlar aşağı instansiya məhkəmələrinə təqdim olunmamış, iddiaçı isə istinad etdiyi hallara dair müvafiq sübutları təqdim etmişdir. Belə vəziyyətdə əksini sübutetmə vəzifəsi cavabdehin üzərində olmuş, sonuncu isə şikayətində göstərdiyi məsələlər üzrə mötəbər sübutlarını təqdim edə bilməmişdir.

38. Kassator dəlillərində “iddia tələbində qeyd olunan malların faktiki olaraq cavabdehə verilməməsi, buna görə də verilməyən malların qarşılığının ödəmək öhdəliyinin olmadığını və.s” qeyd etmişdir. Kassasiya şikayətinin adıçəkilən dəlilləri apellyasiya məhkəməsində də bildirilmiş, lakin dəlillərdə qeydə olunan xüsusatlar işə baxan məhkəmələr tərəfindən təsdiqedici sənədlər əsasında müəyyən olunmamışdır. Kassator isə bununla əlaqədar apellyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı hüquq pozuntusuna yol verildiyini tutarlı şəkildə əsaslandıra bilməmişdir.

39. MPM-in 77.1-ci maddəsində müəyyən olunmuş sübutetmə qaydası onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Istisnanı yalnız MPM-in 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il ## #### tarixli Qərarında qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.

40. Digər tərəfdən, kassasiya şikayətinin dəlilləri əsassız olmaqla yanaşı, əsasən apellyasiya şikayətinin dəlilləri ilə eynidir. Şikayətin dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır. MPM-in 385ci maddəsinin tələbinə görə belə dəlillər apellyasiya qaydasında məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası cavabdehin dəlillərinə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi işə mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır.

41. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qətnaməsini mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki kassasiya məhkəməsinin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmiş olsun. Hazırkı halda mübahisələndirilən məhkəmə aktında kassasiya şikayətinin dəlilləri üzrə maddi və prosessual hüquq normalarının pozuntusunun aşkar olunması müəyyən edilmir.

42. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmamışdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ######## tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. Yuxarıda göstərilənlərə və MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası Qərara aldı:

Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ######## tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar