Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(102)-899/2025 03.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş İdarəsinin maraqlı şəxs Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə QƏRARİ Açar sözlər: vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, mütənasiblik prinsipi, məcburi icra tədbirlərinin növbəliliyi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş İdarəsinin maraqlı şəxs Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il # ####### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsindən ərizəçi tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Maraqlı şəxs ünvanlanmış 2024-cü il ## ###### tarixli bildirişlə sonuncu 47.725,89 manat (o cümlədən vergilər üzrə 38662,33 manat, faizlər üzrə 9063,56 manat) məbləğində borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi barədə xəbərdarlıq edilmişdir.
İş üzrə məhkəmə icraatı
a) Birinci instansiya məhkəməsindəki icraat
2. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş İdarəsi (bundan sonra-“ərizəçi”) maraqlı şəxs Maraqlı şəxs (bundan sonra-“maraqlı şəxs”) qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət Sosial Müdafiə Fonduna 8,15 manat, İcbari Tibbi Sığorta Fonduna 1,48 manat, dövlət büdcəsinə 50.352,01 manat olmaqla, ümumilikdə 50.361,64 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Ərizə onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş maraqlı şəxsə dövlət büdcəsinə və müvafiq fondlara olan borcunu ödəməsi ilə bağlı bildirişlər göndərilsə də, o borcunu bildirişdə göstərilən müddətlərdə ödəməmişdir.
4. Şirvan Kommersiya Məhkəməsinin 2025-ci il ## ###### tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə ərizə rədd edilmişdir (hakim N.Misirzadə).
5. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, hazırkı qəbildən olan işlərin həllində vergi orqanları və məhkəmələr tərəfindən mütənasiblik prinsipinin (görülən məhdudlaşdırma tədbirinin gözlənin nəticələrə adekvat olması) gözlənilməsi mühüm əhəmiyyət kəsb edir və hər bir halda belə məhdudiyyətin tətbiq edilməsi mütənasiblik meyarına cavab verməlidir. Sadəcə borcun mövcud olması bu məhdudiyyətin tətbiq edilməsi üçün kifayət deyildir.
6. Vergi orqanının məhkəməyə müraciət etməmişdən əvvəl borcun ödənilməsinin təmin edilməsi üçün hansı tədbirlər görməsi (tələb olunan vəsaitin şəxsin hesablarından silinməsi üçün müvafiq banklara müraciət etməsi, onlardan vəsaitin çatışmazlığına dair cavablar alması, hüquqi şəxsin əmlakının üzərinə ixtisaslaşdırılmış açıq hərracdan satılması məqsədilə həbs qoyulması, yaxud kifayət qədər belə əmlakların mövcud olmamasına dair rəsmi məlumatlar əldə etməsi və s.) iş materiallarından müəyyən olunmur. Halbuki ərizəçi tərəfindən Vergi Məcəlləsində nəzərdə tutulan digər tədbirlərin tətbiq edilib-edilməsi və onların tətbiqinin nəticə verməməsi barədə sübutlar təqdim edilməli və yalnız bundan sonra ölkədən getmə hüququnun məhdudlaşdırılmasının tətbiqinin zəruriliyi əsaslandırılmalıdır.
7. Məhkəmə iş üzrə gəldiyi qənaəti Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ və II hissəsinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına dair * saylı Protokolun 2-ci maddəsi, Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra-“VM”) 23.1.15-3, 65, 89-cu maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 14.2, 77.1, 217.4, 355-5.1 və 355-7.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
8. Ərizəçi tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ərizənin təmin olunması barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il # ####### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edənməruzəçi hakim C.İmanov, hakimlər İ.Əsədov və Q.Əliyev).
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmış, məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə münasibətdə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir.
11. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, vergi orqanı məhkəməyə müraciət etməmişdən əvvəl borcun ödənilməsinin təmin edilməsi istiqamətində müvafiq tədbirlər görməsi və bununla bağlı məhkəməyə müvafiq sübutlar əlavə etməsini qeyd etsə də işdən görünür ki, maraqlı şəxsin mülkiyyətində 2007-ci il istehsalı, sedan tipli, VAZ 21074 minik markalı nəqliyyat vasitəsi vardır. Lakin ərizəçi məhkəməyədək həmin əmlakın siyahıya alınması və yaxud da vergi borcunun həmin əmlaklar hesabına ödənilməsi ilə bağlı hər hansı tədbirlər görməsi iş materialları ilə müəyyən edilmir.
12. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsi, 28-ci maddəsinin III hissəsinə, 71-ci maddəsinin İ və II hissələrinə, 73-cü maddəsinin İ hissəsinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına dair * saylı Protokolun 2-ci maddəsi, VM-in 1.4, 16.1.1, 23.1.8-ci, 23.1.15-1-ci və 23.1.15-3, 24.1.1-ci, 24.1.2-ci, 24.1.2-1, 65, 89-cu maddələrinə, “İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın * saylı Protokolunun 2-ci maddəsi və MPM-nin 355-5.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
13. Ərizəçi tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və ərizənin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, vergi orqanının məhkəməyə müraciət etməmişdən əvvəl borcun ödənilməsinin təmin edilməsi üsullarından biri kimi, tələb olunan vəsaitin şəxsin hesablarından silinməsi üçün qanunamüvafiq tədbirlər görmüşdür. Belə ki, vergi orqanı vergi ödəyicisinin aidiyyəti bank hesablarına alınmalı sərəncamları göndərmiş və iş materiallarına da bununla əlaqədar alınmalı sərəncamları sübut kimi əlavə etmişdir. Məhkəmənin istinad etdiyi vergi ödəyicisinin bank hesabında vəsaitin olmaması barədə sübutun əlavə edilməməsi hissəsinə də münasibətdə bildirir ki, bununla bağlı qanunvericiliyə uyğun olaraq vergi ödəyisinin bankında hər hansı vəsait olduqda və ya sonradan vəsait daxil olduqda bank avtomatik olaraq həmin vəsaiti uyğun məbləğdə müvafiq hesaba tutur və bununla bağlı banklara qanunvericiliyə uyğun olaraq məsuliyyət də nəzərdə tutulmuşdur.
15. Maraqlı şəxsin ümumilikdə 50.361,64 manat məbləğində borc öhdəliyi mövcuddur, lakin məhkəmənin istinad etdiyi nəqliyyat vasitəsinin ümumi bazar qiyməti 3- 5 min manat arasında dəyişir. Belə olan halda, hətta həmin nəqliyyat vasitəsinin açıq hərracda satılacağı təqdirdə qeyd olunan borc öhdəliyinin tam yerinə yetirilməsi mümkün olmayacaqdır. Yəni, həmin nəqliyyat vasitəsinin bazar qiyməti maraqlı şəxsin ümumilikdə olan 50.361,64 manat borc məbləğinə münasibətdə qeyri-mütənasibdir.
16. Bundan başqa, məhkəmənin istinad etdiyi hüquqi şəxsin əmlakının üzərinə ixtisaslaşdırılmış açıq hərracdan satılması məqsədilə həbs qoyulması, yaxud kifayət qədər belə əmlakların mövcud olmamasına dair rəsmi məlumatların olmaması hissəsinə münasibətdə qeyd edirik ki, Vergi Məcəlləsində vergi ödəyicisinin dövlət büdcəsinə olan borc öhdəliyinin yerinə yetirilməsi üsulları kimi, vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması və ya vergi ödəyicisinin əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəməyə müraciət etmək ardıcıllığı nəzərdə tutulmamışdır. Yəni, qanunvericilik vergi öhdəliyini təmin etmək uçün qeyd olunan təmin üsullarından biri və ya hər ikisi ilə əlaqədar məhkəməyə müraciət edə bilməsində azad seçim etmək hüququ verir. Göründüyü kimi qanunverici vergi orqanının bu hüququnun realizə olunmasını vergi ödəyicisinin vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirməməsi ilə məhdudlaşdırmışdır. Yəni, vergi öhdəliyinin qanunvericiliklə müəyyən olunmuş müddətdə yerinə yetirilməməsi kifayət edir ki, vergi orqanı bu hüququndan istifadə edərək məhkəməyə müraciət etsin. Məhkəmənin sadaladığı məhdudlaşdırıcı tədbirlərdən hər hansı birini seçərək tətbiq etmək vergi orqanının hüququdur və bununla bağlı qanunvericilikdə hər hansı ardıcıllıq və ya növbəlilik müəyyən edilməmişdir. Məhdudlaşdırıcı tədbirlərdən bu və ya digərinin seçilməməsi ilə bağlı vergi orqanının rəsmi sənəd təqdim etməsinə dair qanunverici tərəfindən imperativ norma müəyyən edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassassiya şikayətinə qarşı etiraz göndərilməmişdir.
Kassasiya baxışının hədləri
18. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq bütövlükdə yoxlanılacaqdır.
19. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında nəzərdə tutulur: “Maddə 28. Azadlıq hüququ ... III. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. ...” “Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı ... II. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. ...”
“Maddə 73. Vergilər və başqa dövlət ödənişləri I.Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. .....”
21. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasinin Konstitusiya Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 3. Qanun əsasında insan hüquqlarının və azadlıqlarının məhdudlaşdırılmasına dair tələblər ... 3.6. Azərbaycan Respublikasının Konstitusiyasında göstərilən digər əsaslarla yanaşı, Konstitusiyanın 28-ci maddəsinin III hissəsində, 32-ci, 33-cü, 49-cu, 50-ci, 51-ci, 58-ci maddələrində göstərilən hüquqlar və azadlıqlar və 47-ci maddəsində göstərilən söz azadlığı dövlət təhlükəsizliyi mənafeləri üçün, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün, cinayətin qarşısının alınması məqsədi ilə; Konstitusiyanın 32-ci, 33-cü, 49-cu, 50-ci və 58-ci maddələrində göstərilən hüquqlar və azadlıqlar və 47-ci maddəsində göstərilən söz azadlığı həmçinin iğtişaşların qarşısının alınması üçün; Konstitusiyanın 28-ci maddəsinin III hissəsində, 49-cu, 50-ci və 58-ci maddələrində göstərilən hüquqlar və azadlıqlar, 47-ci maddəsində göstərilən söz azadlığı və 48-ci maddəsinin II hissəsində göstərilən hər hansı dinə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ həmçinin ictimai təhlükəsizliyin qorunması üçün; Konstitusiyanın 28-ci maddəsinin III hissəsində, 32-ci və 33-cü maddələrində göstərilən hüquqlar və azadlıqlar və 48-ci maddəsinin II hissəsində göstərilən hər hansı dinə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ həmçinin ictimai qaydanın təmin edilməsi üçün, Konstitusiyanın 32-ci və 33-cü maddələrində göstərilən hüquqlar və azadlıqlar həmçinin ölkənin iqtisadi rifahı mənafeləri üçün; Konstitusiyanın 47-ci maddəsində göstərilən söz azadlığı və 50-ci maddəsində göstərilən məlumat azadlığı həmçinin dövlətin ərazi bütövlüyü mənafelərinin təmin edilməsi məqsədi ilə, digər şəxslərin nüfuzu və ya hüquqlarının müdafiəsi üçün, məxfi qaydada əldə edilmiş məlumatın açıqlanmasının qarşısının alınması və ya məhkəmənin nüfuzunun və qərəzsizliyinin təmin edilməsi üçün; Konstitusiyanın 48-ci maddəsinin II hissəsində göstərilən hər hansı dinə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ sağlamlığın və ya mənəviyyatın və ya digər şəxslərin hüquq və azadlıqlarının qorunması məqsədi ilə məhdudlaşdırıla bilər.”
22. Azərbaycan Respublikasının Vergilər Məcəlləsinin müvafiq müddəalarında nəzərdə tutulur:
“Maddə 16. Vergi ödəyicisinin vəzifələri 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək; ...” “Maddə 23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.15-3. vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək; ...” “Maddə 24. Vergi orqanlarının vəzifələri 24.0.2-1.vergi orqanları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. ...” “Maddə 65. Vergilər üzrə borcların alınması qaydası 65.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir.
“Maddə 77. Vergi öhdəliyi 77.1. Vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. ... 77.3. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. ...”
“Maddə 78. Vergi öhdəliklərinin yerinə yetirilməsi 78.1. Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. ...”
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 355-5. Ərizənin verilməsi ... 355-5.1. vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. ...”
“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. Baxılan işdə ərizəçi, maraqlı şəxsin vergi qanvericiliyi ilə nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, vergi öhdəliyini qanunvericilikdə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyinə istinad edərək, onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
25. Birinci instansiya məhkəməsi vergi borcunun ödənilməsinin təmin edilməsi üçün mümkün olan ilkin tədbirlər görülmədən maraqlı şəxsin ölkədən çıxış hüququnun müvəqqəti məhdudlaşdırılmasını mütənasiblik prinsipinə zidd hesab edərək ərizəni rədd etmişdir.
26. Apellyasiya məhkəməsi həmin nəticə ilə razılaşaraq qeyd etmişdir ki, maraqlı şəxsin mülkiyyətində nəqliyyat vasitəsi olduğu halda, vergi borcunun həmin əmlak hesabına ödənilməsi ilə bağlı hər hansı tədbir görülməsi iş materialları ilə müəyyən edilmir.
27. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmır və kassasiya şikayətinin dəlilləri üzrə aşağıdakı qiymətləndirmənin aparılmasını zəruri hesab edir.
28. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması əsasları və qaydası VM-in 23.1.15-3-cü və MPM-in 355-5.1-ci maddələri ilə tənzimlənir.
29. Həmin normaların dispozisiya şərtlərinə görə, vergi ödəyicisi vergi öhdəliyini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi orqanları vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.
30. Həmçinin Vergi Məcəlləsindən müəyyən edilir ki, həmin məbləğlərin ödənilməsinin təmin edilməsinin bir neçə üsulu mövcuddur. Belə ki, vergi orqanları tərəfindən VM-in 65 və 89-cu maddələrinin tələblərinə uyğun olaraq vergi ödəyicisinə məxsus bank hesablarının üzərinə sərəncamlar qoyulması və əmlaklarının siyahıya alınaraq satılması da nəzərdə tutulmuşdur.
31. Bu tədbirin təbiəti etibarilə məcburi icra tədbiri olması nəzərə alınmaqla vurğulanır ki, bu cür tədbirlərin tətbiqi vergi orqanının güddüyü legitim məqsədə, yəni yaranmış borcun dövlət büdcəsinə faktiki daxil olmasına birbaşa xidmət etməlidir. Həmçinin hazırkı növ ərizələr üzrə işlərə baxılarkən mütənasiblik prinsipinin tələblərinin nəzərə alınması mütləq xarakter daşıyır. Lakin mütənasiblik prinsipi üzrə qiymətləndirmə formal şəkildə deyil, ümumi meyarlar və hər bir konkret işin bütün xüsusiyyətləri nəzərə alınmaqla aparılmalıdır.
32. Maraqlı şəxsin 50.000 manatdan artıq vergi öhdəliyinin olması, ona vergi orqanı tərəfindən borcunu ödəməsi ilə bağlı xəbərdarlıq xarakterli bildirişlər göndərilməsi, lakin öhdəliyini 2 ilə yaxın müddətə yerinə yetirməməsi işin materialları ilə təsdiqini tapır və maraqlı şəxs bu halları mübahisələndirmir.
33. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına əsasən maraqlı şəxsin mülkiyyətində 2007-ci il buraxılışlı nəqliyyat vasitəsi var. Ərizəçinin kassasiya şikayətində irəli sürülmüş dəlillərdən biri də həmin nəqliyyat vasitəsinin bazar dəyərinin 3.000-5.000 manat aralığında olmasıdır.
34. Məhkəmə kollegiyası qeyd edir ki, mütənasiblik prinsipi inzibati orqandan borcun məbləği, müddəti, şəraitin xüsusiyyətləri və icra imkanlarını vəhdətdə qiymətləndirməklə nəticəyönümlü və effektiv tədbir seçməyi tələb edir. Hazırki halda, maraqlı şəxsin əmlakının dəyərinin vergi öhdəliyinin həcminə kəskin uyğunsuzluğun açıqaşkar olmasına baxmayaraq, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin qeyd olunan halına mütənasiblik prinsipinin tələbləri baxımından hüquqi qiymət verilməmişdir.
35. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, işin yeni apellyasiya baxışı zamanı maraqlı şəxsin mülkiyyətində olan əmlakın real bazar dəyəri və likvidlik səviyyəsi, eləcə də borcun həmin əmlaklar hesabına ödənilib-ödənilməməsi ilə bağlı hallar nəzərə alınmaqla ərizəçininr ərizəsinə vergi və mülki prosessual qanunvericiliyin yuxarıda istinad olunan normalarının tələbləri baxımından qiymət verilməlidir.
36. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyinə görə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. İşə yenidən baxılarkən hazırki qərarda əks olunan hüquqi mövqe nəzərə alınmaqla qanuni və əsaslı, habelə iş üzrə müəyyən edilmiş hallara uyğun və yuxarıda göstərilmiş qiymətləndirmə meyarları nəzərə alınmaqla əsaslandırılmış qətnamə qəbul edilməlidir.
37. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara alır:
Kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il # ####### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.