Məhkəmə qərarları › İş №2-2(102)-904/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-904/2025

03.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(102)-904/2025 03.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əldən çıxmış fayda, müqavilə üzrə borcun gecikdirilməsinə görə əlavə faiz formasında ziyan tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Babayev Zəki Baba oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh ASC-yə qarşı “pul” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2025-ci il ## ######## tarixli *-*(***)-**/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları 1.Alıcı Cavabdeh ASC ilə satıcı İddiaçı MMC arasında bağlanmış 2020-ci il ## ### tarixli AS ***/** nömrəli alqı-satqı müqaviləsinin 1-ci bəndinə əsasən satıcı özünün mülkiyyətində olan “soya şrotu”nu bu müqavilə ilə müəyyən olunmuş şərtlərə uyğun olaraq alıcının mülkiyyətinə verir, alıcı isə satılmış malların dəyərini bu müqavilə ilə müəyyən olunmuş qaydada, müddətdə və məbləğdə satıcıya ödəyir, əks halda alıcının təqdim edəcəyi bank zəmanəti əsasında bank tərəfindən satıcıya ödənilir. 2.2020-ci il ## ### tarixli AS ***/** nömrəli alqı-satqı müqaviləsinin 2020-ci il ## ### tarixli * nömrəli, 2020-ci il # #### tarixli * nömrəli, 2020-ci il ## #### tarixli * nömrəli, 2020-ci il # ######## tarixli * nömrəli, 2020-ci il ## ######## tarixli * nömrəli, 2020-ci il ## ######## tarixli * nömrəli, 2021-ci il # #### tarixli * nömrəli, 2021-ci il ## ###### tarixli ** nömrəli, 2021-ci il ## ###### tarixli ** nömrəli, 2022-ci il # ###### tarixli ** nömrəli, 2022-ci il ## ###### tarixli ** nömrəli, 2022-ci il ## ###### tarixli ** nömrəli, 2022-ci il # #### tarixli ** nömrəli, 2022-ci il ## #### tarixli ** nömrəli, 2022-ci il ## #### tarixli ** nömrəli, 2022-ci il # ##### tarixli ** nömrəli və 2022-ci il # ### tarixli ** nömrəli qiymət razılaşma protokollarına əsasən müqavilə malların qiyməti və miqdarı tərəflər arasında razılaşdırılmışdır. 3.İddiaçı MMC tərəfindən Cavabdeh ASC-yə müxtəlif dəyərdə soya şrotunun satılması ilə əlaqədar olaraq ##.##.2020-##.##.2023-cü il tarixlərdə elektron qaiməfakturalar təqdim olunmuşdur. 4.Qanuni nümayəndə@sabgroup.az elektron ünvanından çıxarışda Cavabdeh ASC tərəfindən İddiaçı MMC-yə 193175,80 manat borc qaldığı qeyd olunmuş və həmin çıxarış Cavabdeh ASC tərəfindən təsdiq olunmuşdur. Iş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat 5.Iddiaçı İddiaçı MMC (bundan sonra-“iddiaçı”) cavabdeh Cavabdeh ASC-yə (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 193.175,80 manat məbləğində əsas borcun, 169.979,92 manat məbləğində cərimənin və bank uçot dərəcəsi (7,75%) əsasında hesablanmış 36.852,42 manat məbləğində faiz borcunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 6.Iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2020-ci il ## ### tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə qüvvədə olduğu müddətdə satıcı kimi iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirərək alıcıya müqavilə üzrə malları təhvil vermişdir. Lakin cavabdeh müqavilə üzrə aldığı malların dəyərini hazırkı vaxtadək iddiaçıya tam şəkildə ödəməmişdir. Iddia ərizəsinə əlavə olunmuş qiymət razılaşma protokollarından görünür ki, alqı-satqı müqaviləsi üzrə müvafiq mallar cavabdehə təhvil verilmiş, cavabdeh sözügedən protokolu imza və möhürlə təsdiq etmişdir. Lakin bugünkü tarixədək cavabdeh tərəfindən alınmış malların dəyəri tam ödənilməmişdir. Müqavilə üzrə qismən ödəniş etmələrinə baxmayaraq cavabdeh tərəfindən təminat və öhdəliklərinə tam əməl olunmur, alqı-satqı müqaviləsi üzrə alınmış malların dəyərini ödəməkdən yayınır. Cavabdehlə uzunmüddətli davam edən işgüzar münasibətlər elektron qaimələr üzərindən həyata keçirilmişdir. Iddia ərizəsinə əlavə edilən elektron qaimələrin siyahısından görünür ki, cavabdehin faktiki borcu 193175,80 manat, müqavilə üzrə hesablanmış cərimə 169979,92 manat təşkil edir. Mərkəzi bankın rəsmi saytında bank uçot dərəcəsi 7,75% müəyyən edilmiş, buna görə Mülki Məcəllənin 449-cu maddəsinə əsasən hesablanmış 36091,45 manat cavabdehdən tutulub iddiaçının xeyrinə ödənilməlidir. 7.Iddiaçının nümayəndəsi 2025-ci il ## ##### tarixində məhkəməyə ərizə təqdim edərək cavabdehdən 193.175,80 manat məbləğində əsas borcun, 169.979,92 manat məbləğində cərimənin (illik 5%-lə hesablanmış 8049 manat, müqavilənin 6.1-ci maddəsinə əsasən hesablanmış 96.587 manat əldən çıxmış fayda və 65.343,02 manat zərər) və bank uçot dərəcəsi (7,75%) əsasında hesablanmış 36.852,42 manat məbləğində faiz borcunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 8.Sumqayıt Kommersiya Məhkəməsinin 2025-ci il # ### tarixli e-*-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdehdən 193175,80 manat məbləğində əsas borcun tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim H.Alıyeva). 9.Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. Odur ki, əsas borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində iddia tələbi həmin hissədə əsaslıdır və təmin edilməlidir.

10. Iddianın tələbinin “169.979,92 manat məbləğində cərimənin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, hazırkı halda iddiaçı cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin pozulması ilə bağlı cərimə tutulması tələbini irəli sürsə də, tərəflər arasında cərimə barədə yazılı razılaşmanın mövcudluğunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, eləcə də qanun üzrə cərimənin tutulması üçün əsas verən hər hansı qanunvericilik normasına istinad etməmişdir.

11. Məhkəmə bank uçot dərəcəsi kimi hesablanmış 36.852,42 manat məbləğində pul vəsaitinin tutulması ilə bağlı tələbin təmin edilməsi üçün əsasların mövcud olmaması nəticəsinə gələrək qeyd etmişdir ki, iddiaçı ona məxsus pul vəsaitindən cavabdeh tərəfindən hər hansı gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əldə edilməsi halını məhkəmə prosesi zamanı sübuta yetirə bilməmiş, buna dair hər hansı sübut təqdim etməmişdir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 425.1, 427.3, 442, 449.1, 462.1, 463.1, 463.2, 567, 600.1 və 600.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» 2009-cu il # #### tarixli qərarına və MPM-in 14.2, 88, 77.1, 217.4 və 218.3cü maddələrinə istinadla əsaslandırmışdır.

13. Iddiaçı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin təmin edilməyən hissəsində ləğv edilərək, həmin hissədə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ######## tarixli *-*(***)-**/**** nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissəsində qismən ləğv edilməsi, cavabdehdən 3.434,24 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən - məruzəçi hakim Z.Məmmədov, hakimlər M.Hüseynov və İ.Dəmirov).

15. Məhkəmə kollegiyası apellyasiyanın hədləri ilə bağlı göstərmişdir ki, hazırkı apellyasiya şikayətində iddiaçı məhz iddianın təmin olunmayan 169.979,92 manat məbləğində cərimənin (illik 5%-lə hesablanmış 8049 manat, müqavilənin 6.1-ci maddəsinə əsasən hesablanmış 96587 manat əldən çıxmış fayda və 65343,02 manat zərər) və bank uçot dərəcəsi (7,75%) əsasında hesablanmış 36852,42 manat məbləğində faiz borcunun) hissəsində birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirmişdir.

16. Bununla bağlı qeyd edilmişdir ki, tərəflər arasında MM-in 462-463-cü maddələrində nəzərdə tutulmuş qaydada öhdəliyin icra edilmədiyi, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləği barədə yazılı formada razılaşma olmadığından apellyasiya şikayətinin müvafiq dəlilləri əsaslı hesab edilə bilməz.

17. Tərəflər arasında bağlanmış müqavilənin 6.1-ci bəndi müqavilənin şərtlərinin pozulması və ya yerinə yetirilməməsi nəticəsində tərəflərin bir-birinə vurduğu zərərə görə mülki hüquqi məsuliyyət daşımasını nəzərdə tutur. Lakin nə həmin bənddə, nə də müqavilənin digər bəndlərində konkret olaraq cərimə və onun məbləği barədə hər hansı qayda müəyyənləşdirilməmişdir.

18. Bundan əlavə, iddiaçının “bank uçot dərəcəsi (7,75%) əsasında hesablanmış 36.852,42 manat məbləğində faiz borcu” tələbinə münasibətdə istinad etdiyi MM-in 449-cu maddəsi, adından da göründüyü kimi, pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyətin əsaslarını və qaydasını müəyyən edir. Həmin maddə məhz özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən bank uçot dərəcəsi ilə müəyyənləşdirilən faizlər ödənilməsini nəzərdə tutur.

19. Hazırkı halda isə cavabdeh iddiaçıdan alqı-satqı müqaviləsi üzrə aldığı malların dəyərinin bir hissəsini ödəməmişdir ki, bu da pul öhdəliyinin icra edilməməsi kimi qiymətləndirilə bilməz.

20. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquqi dəyərləndirməsi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı ona məxsus pul vəsaitindən cavabdeh tərəfindən hər hansı gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əldə edilməsi halını məhkəmə prosesi zamanı sübuta yetirə bilməmiş, buna dair hər hansı sübut təqdim etməmişdir.

21. Məhkəmə, 65.343,02 manat zərərin tutulması tələbinə münasibətdə qeyd etmişdir iddiaçı həmin tələbin əsaslılığına dair hər hansı mötəbər sübut təqdim etməmiş, bunu ancaq cavabdeh tərəfindən öhdəliyin icra edilməməsi nəticəsində mənfəətin itirilməsi, əsas borc məbləğində istifadə edə bilmədiklərinə görə şirkətə zərər dəyməsi ilə izah etmiş, bu tələbin qanuni əsası kimi MM-in 464-cü maddəsinə və tərəflər arasında bağlanmış müqavilənin 6.1ci maddəsinə istinad etmişdir.

22. Halbuki, MM-in qeyd edilən maddəsi qanun üzrə dəbbə pulunun ödənilməsi hallarını tənzimləyir ki, tərəflər arasında mövcud olan müqavilə üzrə öhdəliklərinin icra edilməməsi halına dair qanunda xüsusi dəbbə pulu müəyyən edilməmişdir.

23. Məhkəmə kollegiyası iddiaçının “illik 5%-lə hesablanmış 8.049 manat pulun tutulması” tələbinə qiymət verərək göstərmişdir ki, iddia həmin hissədə qismən əsaslı olduğundan birinci instansiya məhkəməsi qeyd edilən hissədə iddia tələbinə münasibət bildirmədən onu tam rədd etməkdə düzgün hüquqi nəticəyə gəlməmişdir.

24. Qeyd edilən tələbin qanuni əsasını təşkil edən MM-in 445.7-ci maddəsinin tərəflər arasında müqavilənin bağlanıldığı zaman qüvvədə olan redaksiyasında nəzərdə tuturdu ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur

25. Hazırkı işdə cavabdehin öhdəliyini icra etməyərək iddiaçıya pul məbləğini ödəməsini gecikdirməsi işin mübahisəsiz halıdır. Lakin iddiaçı digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb etsə də, həmin tələbin əsaslılığına dair mötəbər sübut təqdim etməmişdir. Belə olan halda cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faiz tutulmasına dair tələb əsaslıdır. Iddiaçı öz ərizəsində 193.175,80 manat borcun 2024-cü il ## #### tarixdən yarandığını, cavabdehə müvafiq pretenziya təqdim olunmasına baxmayaraq həmin borcu ödəmədiyini əsas gətirərək müvafiq iddia ərizəsi ilə məhkəməyə 2024-cü il ## ####### tarixində, yəni 4 aydan sonra müraciət etmişdir. Işin məhkəmənin icraatında olduğu dövrdə isə iddiaçının nümayəndəsi dəfələrlə məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclaslarının təxirə salınmasını, o cümlədən 2025-ci il ## ###### tarixli ərizəsində cavabdehin borcdan bir qisim ödəniş etdiyini bildirərək tərəflərin razılaşması və borcun tam ödənilməsi üçün əlavə vaxt verilməsini xahiş etmişdir.

26. Ona görə də, məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, iddiaçının qeyd edilən tələbi yalnız 4 aya münasibətdə təmin olunmaqla, MM-in 445.7-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehdən 3.434,24 manat (804,90x4=3434,24) tutulmalıdır.

27. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 14.1, 372.2, 373.2, 375.2, 377.1, 377.3, 380.1, 385.1, 425.1, 442, 443.1, 445.1, 445.2, 445.7, 449.1, 462.1, 462.3, 463.1, 463.2, 464.1, 464.2, 567, 600.1 və 600.4-cü maddələrinə və MPM-in 14.2, 47.1, 77.1, 88 və 217-ci maddələrinə istinadla əsaslandırmışdır.

28. Iddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin apellyasiya şikayətinin təmin edilməyən hissəsində ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi xahiş edilmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

29. MM-in 445.7, 462.1, 463.1, 463.2, 449.1-ci maddələri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2009-cu il # #### tarixli qərarında ifadə olunmuş hüquqi mövqe üzrə- məhkəməyə təqdim edilmiş “ərizə”də “169.979,92 manat cərimə məbləğinin açıqlanması” hissəsində xüsusilə qeyd edilmişdir ki, “iddia tələbində ümumi olaraq 169.979,92 manat cərimənin tutulmasını xahiş etmişlər. Həmin məbləğə illik 5% cərimənin hesablanması, müqavilənin 6.1-ci bəndində əsasən müqavilənin şərtlərinin pozulması və yerinə yetirilməməsinə görə zərər, əldən çıxmış fayda daxildir”. Bundan başqa cavabdeh tərəfindən artıq 10 aydır ki, əsas borc ödənilmir. Sahibkarlıq fəaliyyətinin subyekti olan Cəmiyyət, alqı-satqı müqaviləsindən qazanc əldə etdiyindən, uzun müddət cavabdeh tərəfindən öhdəliyin icra edilməməsi nəticəsində mənfəət itirmişdir. Əsas borc məbləğindən istifadə edə bilməməyinə görə şirkətə zərər dəymişdir. Həm MM-nin 464-cü maddəsinə, həm də müqavilənin 6.1-ci bəndinə əsasən cavabdehdən 65.343.02 manat zərər tutulub iddiaçıya ödənilməli idi. Lakin bu hissədə də məhkəmə tərəfindən iddia təmin edilməmişdir. Cavabdeh tərəfindən öhdəlik vaxtında icra edilməmişdir. Əgər öhdəlik vaxtında icra edilmiş olsa idi, bu zaman Cəmiyyət sahibkarlıq fəaliyyətini daha da genişləndirə, daha çox gəlir əldə edə bilərdi. Ona görə də, cavabdehdən əldən çıxmış faydaya görə (əsas borcun 50%-i miqdarında) 96.587.90 manat tutulub iddiaçıya ödənilməli idi. Bu hissədə məhkəmə tərəfindən mülki hüquq normasının tələbləri pozulmuşdur. Cavabdeh tərəfindən müqavilə öhdəliyinin pozulması nəticəsində Cəmiyyətə vurduğu zərər nəticəsində müqavilə bağlanarkən ümid etməyə haqları çatanlardan xeyli dərəcədə məhrum olmuşlar. Cavabdeh Cəmiyyətə məxsus pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə Cəmiyyətin üçüncü şəxslər qarşısında öhdəliyini icra etməsində çətinlik yaratmışdır. Belə ki, Cəmiyyət bank qarşısında olan öhdəliyini icra edə bilməmişdir. Eyni zamanda Cəmiyyət satdığı mallardan əldə etdiyi qazanc əsasında öz sahibkarlıq fəaliyyətini qurur, öz işçilərinə əmək haqqı ödəyir, dövlət büdcəsinə vergi ödəyir və öhdəliklərini icra edir. Cavabdeh isə yalnız iddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra, bank hesablarında olan həbsə görə qismən ödəniş etmiş, dəfələrlə məhkəmədən öhdəliyi icra etməsi üçün vaxt istəmişdir. Bütün bunlar cavabdehin öhdəliyi icra etməsi üçün kifayət qədər maddi imkanın olmasını, qərəzli olaraq Cəmiyyətə ödəməli olduğu vəsaiti qanunsuz olaraq özündə saxlamasını, həmin pul vəsaitindən istifadə etməsini təsdiq etmişdir. Göstərilənlərə əsasən bank uçot dərəcəsi (7.75%) əsasında Cəmiyyət tərəfindən 36 852,42 manat faiz borcu hesablanmışdır. Lakin məhkəmə bu hissədə də iddia tələbini təmin etməmiş, Konstitusiya Məhkəməsinin müvafiq qərarını sadalamaqla kifayətlənmişdir. Halbuki MM-in 449.1-ci maddəsinə görə “faiz” kompensasiya xarakterlidir və kreditor pul vəsaitindən məhrum qalmaq faktını sübut etməklə kifayətdir; borclunun ondan “gəlir götürməsi” ayrıca sübut predmeti deyil. Bundan başqa məhkəmənin dəbbə pulunun hesablanması barədə yazılı razılığın olmamasına dair mövqeyi ilə qəti şəkildə razılaşmaq mümkün deyildir. Belə ki, müqavilənin 6.1-ci bəndi özü MM 463.1-ci maddəsinin tələb etdiyi “yazılı razılaşma”dır. Ayrı sənəd tələb etmək bu maddənin mətninə zidd təfsirdir. Eyni əsaslar apellyasiya şikayətində də qeyd edilməsinə baxmayaraq, apellyasiya instansiyası ancaq borca illik 5 faiz hesablanmaqla 3434,24 manat (4 aya münasibətə) pulun tutulmasını qət etmişdir. Halbuki həmin hissədə də məhkəmə yenə yanlış əsaslandırma aparmış, 8.049 (10 ay üçün) manat (illik 5%) təmin etməmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Cavabdeh tərəfindən kassasiya şikayətinə qarşı etiraz göndərilməmişdir.

Kassasiya baxışının hədləri

31. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi qismən-iddianın təmin edilməyən hissəsində mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq həmin hissədə yoxlanılacaqdır.

32. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

Tətbiq edilən hüquq

33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında nəzərdə tutulmuşdur:

“Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.”

“Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”.

“Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi

443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. ... 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır”.

“Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. ...”

“Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. Icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; ... 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. (2023-cü il ## ###### tarixli 822- VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 445.7ci maddə yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir). ...”

“Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. ...”

“Maddə 449. Pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət

449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. ...”

“Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. ...”

“Maddə 463. Dəbbə pulu haqqında razılaşmanın forması

463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. 463.2. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur.”

“Maddə 464. Qanun üzrə dəbbə pulunun ödənilməsi

464.1. Kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulubtutulmadığından asılı olmayaraq, tələb edə bilər. 464.2. Əgər qanunla qadağan edilməyibsə, tərəflər qanun üzrə dəbbə pulunun miqdarını artıra bilərlər.”

34. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”

“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”

“Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1- ci maddəsi).

36. Iddiaçı hazırkı iddia tələbində 193.175,80 manat məbləğində əsas borcun, öhdəliklərinin icra edilməməsinə illik 5%-lə hesablanmış 8.049 manat pulun, tərəflər arasında bağlanmış müqavilənin 6.1-ci bəndinə və MM-in 464-cü maddəsinə əsasən hesablanmış 65.343,02 manat dəbbə pulunun, 96587 manat əldən çıxmış fayda və bank uçot dərəcəsi (7.75% olmaqla) əsasında 36.852,42 manat məbləğində pulun tutulmasını xahiş etmişdir.

37. Birinci instansiya məhkəməsi əsas borcun (193.175,80 manat) tutulması hissəsində iddia tələbini təmin etmiş, əsas borc məbləği cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Qətnamə iddianın təmin olunmayan hisələrində iddiaçı tərəfindən mübahisələndirilmişdir. Iddiaçının apellyasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən illik 5%-lə hesablanmış 8049 manat pulun tutulması hissəsində iddia qismən (3434,24 manat) təmin edilmiş, qalan iddianın təmin edilmədiyi hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır.

38. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini müqavilənin 6.1-ci bəndinə və MM-in 464-cü maddəsinə əsasən tələb olunan 65343,02 manat dəbbə pulunun, 96587 manat əldən çıxmış fayda və bank uçot dərəcəsi (7.75% olmaqla) əsasında 36852,42 manat məbləğində tutulması hissəsində apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir.

39. Belə ki, iddiaçı müqavilə öhdəliklərinin pozulmasına görə dəbbə pulunun tutulması tələbini irəli sürsə də, tərəflər arasında bağlanmış müqavilədə dəbbə pulu ilə bağlı hər hansı bir razılaşma (bənd) olmamışdır. Halbuki, dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır (MM-in 463.1-ci maddəsi).

40. Iddia tələbinin əldən çıxmış faydaya görə 96.587 manat məbləğində pulun tutulması hissəsinə gəldikdə məhkəmə kollegiyası MM-nin 21 və 443.4-cü maddələri baxımından (mətni üçün bax §33) qeyd edir ki, əldən çıxmış fayda dedikdə zərərin əvəzinin ödənilməsini tələb edən şəxsin hüquqları pozulmadığı halda adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Əldən çıxmış faydanın tutulması barədə iddialara baxılarkən iddiaçı tərəfindən həmin faydanı əldə etmək üçün görülmüş tədbirlər və bu məqsədlə aparılmış hazırlıq işləri nəzərə alınmalıdır. Işin materiallarından isə görünür ki, hazırkı işdə iddiaçı adi mülki dövriyyə şəraitində gəlir əldə edə biləcəyini, bunun üçün tədbirlər görməsini və bu məqsədlə hazırlıq işləri aparmasını təsdiq edən sübutları işə mahiyyəti üzrə baxılarkən təqdim etməmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, iş üzrə gəlinən nəticə istinad olunan normaların tələblərinə uyğun olmuşdur.

41. Iddiaçının Mərkəzi Bankının uçot dərəcəsinə görə 7.75%-lə 36 852,42 manat məbləğində pulun tutulması tələbi üzrə kassasiya şikayətinin dəlillərinə gəldikdə, tələbin maddi hüquqi əsasını MM-in 449.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələbinə görə, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.

42. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2009-cu il # #### tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur.

43. Göründüyü kimi, MM-nin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması tələbi üzrə iddiaçı sübut etməlidir ki, cavabdeh onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyir əldə etmişdir. Hazırkı halda, iddiaçı tərəfindən MM-in 449.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan şərtlərin ödənilməsi üçün zəruri sübutları, işə baxan məhkəmələrə təqdim edə bilməmişdir.

44. Göstərilənlərə əsasən məhkəmə kollegiyası, iddianın yuxarıda qeyd olunan hissələrdə əsassız olmasına dair gəldiyi nəticə və hüquqi qiymətləndirmə ilə razılaşır və hesab edir ki, həmin tələblər üzrə qətnamə qəbul edilərkən, hər hansı maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir.

45. Bununla belə, iddiaçının illik 5 faizlə hesablanmış 8.049 manat məbləğində pul vəsaitinin tutulması tələbinə münasibətdə apellyasiya instansiya məhkəməsi MM-in 445.7ci maddəsinə düzgün istinad etsə də, məhkəmə kollegiyası həmin hissədə iddianın qismən təmin edilməsi (3434,24 manat) barədə gəlinən nəticə ilə aşağıdakılara əsasən razılaşmır.

46. Belə ki, iddiaçı 2025-ci il ## ##### tarixində verdiyi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə ərizənin verildiyi tarixədək-10 aylıq dövr üçün əsas borcun ödənilməməsinə görə illik 5 faizlə hesablanmış 8.049 manat pulun tutulmasını xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsi isə əsas borcun 2024-cü il ## #### tarixindən (iddiaçının iddia ərizəsində göstərdiyi kimi) yarandığını və iddiaçının müvafiq iddia ərizəsi ilə məhkəməyə 2024-cü il ## ####### tarixində, yəni 4 aydan sonra müraciət etməsini əsas gətirərək yalnız 4 ay üçün pulun tutulması qənaətinə gəlmişdir.

47. Nəzərə alınmalıdır ki, borclunun pul məbləğinin ödənilməsini gecikdirməsi, kreditorun gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb etmək hüququ MM-in 445.7-ci maddəsinin tələbindən irəli gəlir.

48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il ## ###### tarixli Qərarında göstərilmişdir ki, « ..icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur».

49. Məhkəmə kollegiyası MM-in 445.7-ci maddəsinin tələbini və Konstitusiya Məhkəməsi Plenumunun istinad olunan qərarındakı hüquqi mövqelərini qarşılıqlı təhlil edərək belə qənaətə gəlir ki, pul öhdəliyi tam icra olunanadək, yəni həmin öhdəlik üzrə müəyyən edilmiş pul vəsaiti tam həcmdə kreditora qaytarılanadək, kreditor hər hansı əlavə sübut təqdim etmədən həmin dövr üzrə MM-in 445.7-ci maddəsi ilə müəyyən edilmiş, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə borcluya qarşı tələb irəli sürə bilər.

50. Baxılan işdə, əsas borcun cavabdeh tərəfindən 2024-cü il ## #### tarixindən etibarən ödənilməməsi işin mübahisələndirilməyən halıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, pul öhdəliyinin vaxtında ödənilməməsinə görə cəmi 4 aylıq müddət üçün faizlərin tutulması MM-in 445.7-ci maddəsinin pozulmasına və düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olmuşdur.

51. Odur ki, işin yeni apellyasiya baxışı zamanı əsas borcun ödənilməməsinə görə illik 5 %-lə hesablanmış pulun tutulması tələbinə yuxarıda qeyd olunanlar nəzərə alınmaqla, yenidən hüquqi qiymət verilməlidir.

52. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən-cavabdehdən illik beş faizlə pulun tutulması tələbinə aid hissədə maddi və prosessual hüquq normalarının pozulmasına görə ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti qismən təmin edilməlidir.

53. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara alır:

Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2025-ci il ## ######## tarixli *-*(***)-**/**** nömrəli qətnaməsi qismən-cavabdehdən illik beş faizlə pulun tutulması tələbinə aid hissədə ləğv edilsin. Iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar