Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(102)-917/2025 03.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: xidmət müqaviləsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun (məruzəsi ilə), Qəribov Bəhman Fərhad oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə qarşı pulun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il # ####### tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Iş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat 1.Iddiaçı “xxxx” MMC (bundan sonra – “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 38.877,42 manat əsas borc, 6.999,73 manat ƏDV məbləği və məhkəməyə ödənilmiş 227,63 manat dövlət rüsumu olmaqla, cəmi 46.104,79 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Iddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanılmış 2022-ci il # #### tarixli, **/** nömrəli xidmət müqaviləsinin şərtlərinə əsasən icraçı sifarişçiyə hazırkı müqavilənin 1.1-ci və 1.2-ci bəndində qeyd edilən reklam xidmətlərini göstərmək, sifarişçi isə müqavilənin 4.1-ci bəndi üzrə ödəniş şərtləri əsasında bu xidmətləri qəbul edib onların razılaşdırılmış dəyərini icraçıya ödəmək barəsində öhdəlik götürmüşdür. Bu müqaviləyə əsasən xidmətlər üzrə sifarişçiyə hesab-faktura verildikdən sonra onların dəyəri 3 gün ərzində tam olaraq icraçının hesabına köçürülməlidir. Beləliklə, cavabdeh müqavilə üzrə ödənişlərini tam olaraq bu günə qədər ödəməyərək, icraçı qarşısında 38877,42 manat (otuz səkkiz min səkkiz yüz yetmiş yeddi manat qırx iki qəpik) əsas borc, 6999,73 manat (altı min doqquz yüz doxsan doqquz manat yetmiş üç qəpik) ƏDV daxil olmaqla, cəmi 45877,16 manat məbləğində borcu yaranmışdır. Icraçı müqavilə üzrə öhdəliklərini tam olaraq icra etmişdir. Lakin cavabdeh olan sifarişçi üzərinə götürdüyü öhdəliyi bu günə qədər tam yerinə yetirməmişdir. Baş verən pozuntuların aradan qaldırılması ilə bağlı cavabdehə dəfələrlə xəbərdarlıq olunmasına, münasibətlərin pozulmaması üçün dostcasına xahiş edilməsinə, bugünə qədər səbr və təmkinlə gözlənilməsinə baxmayaraq, cavabdeh müxtəlif bəhanələr gətirərək müqavilə üzrə öhdəliklərini 2023-cü il ## ###### tarixindən başlayaraq icra etməkdən qəsdən yayınmışdır.
3. Cavabdeh iddia tələbinə qarşı etirazında bildirmişdir ki, iş üzrə müqavilə Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə əqdlərin etibarlılığına dair müəyyən edilmiş şərtləri ödəmədiyindən, etibarsız (əhəmiyyətsiz) müqavilədir. Belə ki, müqavilənin Azərbaycan Respublikasının həmin dövr üzrə Mədəniyyət Naziri tərəfindən imzalandığı göstərilsə də, cavabdeh tərəfindən həmin imza etibarlı qəbul edilməmişdir. Cavabdeh tərəfdə belə bir müqavilə nümunəsi mövcud deyildir. Eyni zamanda, müqavilə cavabdehin möhürü ilə təsdiq edilməmişdir. Mübahisə predmeti müqavilədən onun dövlət satınalmaları ilə bağlı sahəvi münasibətləri tənzimlədiyi və dövlət vəsaiti hesabına müvafiq işlərin görülməsinin nəzərdə tutulduğu müəyyən edilir. Müqavilənin qiyməti də onun dövlət satınalmaları sahəsinə aid olduğunu təsdiq edir. Belə ki, iddiaçı tərəfin iddia etdiyi kimi cavabdeh həmin müqavilələri bağlasaydı, müvafiq satınalma prosedurları həyata keçirilməli idi. Hazırkı mübahisə üzrə dövlət satınalmaları ilə bağlı qanunvericiliklə müəyyən edilmiş həmin prosedurların mövcud olmaması ilə yanaşı, sözügedən müqavilələr həmçinin qanunvericiliklə müəyyən edilmiş satınalma müqaviləsinin nümunəsinə uyğun olmayan formada bağlanmışdır. Mübahisə predmeti müqavilələrin bağlandığı dövrdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin nümunəsi” qüvvədə olmuşdur. Qanunvericiliyin həmin imperativ tələbinə də əməl edilməmiş, mübahisə predmeti müqavilə qanunda nəzərdə tululmuş formaya uyğun bağlanmamışdır. Işdə olan sənədlərə görə, iddia olunan görülmüş işlərə dair elektron qaimə-fakturanın 5 gün müddətində cavabdehə təqdim edildiyi müəyyən olunmur.
4. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il # #### tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim – Z.Axundova).
5. Məhkəmə iddia tələbini əsassız, cavabdehin iddia tələbinə qarşı etirazını isə əsaslı hesab edərək qeyd etmişdir ki, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsinin olması zəruridir. Istinad olunan müqavilədə tərəf qismində cavabdeh göstərilsə də, müqavilə dövlət orqanı olan nazirlik tərəfindən təsdiqlənməmişdir. Təqdim olunan müqavilə və digər sənədlərdə nazirliyin möhürü mövcud deyildir. Ona görə də hazırkı tərəflər arasında müqavilə bağlanmış sayıla bilməz. Müqavilə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır. Hazırkı halda isə qeyd olunan hallara əsasən belə bir razılaşmanın olması öz təsdiqini tapmamış və ona görə də bir tərəfi iş üzrə cavabdeh olan müqavilə mövcud deyil.
6. Məhkəmə qeyd etmişdir ki, müqavilə olmasa belə, iddiaçının göstərdiyini iddia etdiyi xidmətlərə gəldikdə isə həmin xidmətlərin göstərilməsinə dair mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Iş üzrə qiymət cədvəli və 2023-cü il ## ###### tarixli akta gəldikdə isə, təqdim olunan həmin sənədlərdə sifarişçi qismində hazırkı cavabdeh göstərilsə də, naməlum imza çəkilmiş (ad, soyad yoxdur), möhürlə təsdiqlənməmişdir. Eyni zamanda təqdim olunmuş fotoşəkillər də mötəbər sübut qismində qəbul oluna bilməz.
7. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 324.1, 324.2, 324.4, 324.6, 385.1, 386.1 və 389.1-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 76.1, 77, 107 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
8. Iddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il # ####### tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi qət edilmişdir (sədrlik edən – Z.Şirinov, hakimlər – L.Əliyeva və T.Mahmudova).
10. Məhkəmə bildirmişdir ki, birinci instansiya məhkəməsi müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsinin olmadığını, müqavilənin tərəf qismində çıxış edən cavabdeh tərəfindən təsdiqlənmədiyini, müqavilə və digər sənədlərdə nazirliyin möhürünün mövcud olmadığını qeyd etsə də, bu hallar iş materilları ilə təkzib olunur.
11. Belə ki, Məhkəmə Ekspertizası Mərkəzinin 2025-ci il ## ###### tarixli, *-**-**/*- */****/**** saylı ekspert rəyinə əsasən 2021-ci il # #### tarixli, **/** nömrəli Müqavilənin sonunda “Sifarişçi” qrafasındakı imza, 93-cü vərəqində olan müqaviləyə * nömrəli Əlavədə “Sifarişçi” qrafasındakı imza və 94-cü vərəqində olan 2023-cü il ## ###### tarixli Akt qrafasındakı imza eyni şəxs X1 tərəfindən icra olunduğu müəyyən edilmişdir.
12. Odur ki, tərəflər arasında mövcud olan 2022-ci il # #### tarixli, **/** nömrəli xidmət müqavilənin imzalandığı dövr üzrə mədəniyyət naziri olmuş X1 tərəfindən imza ilə təsdiq edilmişdir.
13. Həmçinin, 2023-cü il ## ###### tarxili şifarişçinin icraçıya reklamın yerləşdirilməsi üçün 18% ƏDV daxil 45.877,16 manat məbləğində ödəniş etməyi öhdəsinə götürdüyü aktda sifarişçi qrafasında Mədəniyyət Nazirliyi yazısı hissəsindəki imza ekspert rəyinə əsasən, sabiq mədəniyyət naziri Anar Kərimov tərəfindən imzalanmışdır.
14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, müqaviləyə cavabdeh tərəfindən möhür vurulmasa da, müqavilə həmin vaxt mədəniyyət naziri olmuş X1 tərəfindən imzalanaraq təsdiq edilmiş, iddiaçı tərəfindən göstərilmiş xidmətlər cavabdeh tərəfindən bəyənilmişdir. Belə ki, iddiaçı şirkət tərəfindən göstərilən reklam xidmətləri ilə bağlı cavabdeh tərəfindən etiraz edilməmiş, iş materillarına əlavə olunmuş fotoşəkillərə əsasən reklam lövhələri yerləşdirilmişdir.
15. Məhkəmə hesab etmişdir ki, yazılı əqdin bağlanmasında vacib şərtlərdən biri tərəflərin onu imzalamasıdır. Imza iradə bəyan edən şəxsi müəyyənləşdirməyə imkan verən işarədir. Yazılı sənəd tərtib edilərkən orada əks olunan iradənin məhz müvafiq şəxsə aid olması ya qrafik, ya da elektron imza ilə işarələnmiş olur. Məqsəd bəyan olunan iradənin müvafiq şəxsdən gəldiyini təyin etməkdir.
16. Cavabdeh tərəflər arasındakı müqaviləni əhəmiyyətsiz əqd olduğunu bildirsə də, iş materialları ilə təsdiq olunmuşdur ki, müqavilə səlahiyətli şəxs (səlahiyyət müddətində sabiq mədəniyyət naziri) tərəfindən imzalanmaqla qanuvericiliklə nəzərdə tutulmuş forma tələbə riayət olunaraq tərtib olunmuşdur.
17. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 324.1, 324.2, 324.4, 324.5, 331.1, 385.1, 386.1, 390.1, 390.2, 404, 405.1, 406.1, 406.2, 427.3, 442, 448.1, 448.2 və 448.3cü, MPM-in 14.2, 77.1 və 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
18. Cavabdeh kassasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
19. MM-in 324.4, 324.5, 331.1, 331.2, 339.1, 358.1, 359.1, 359.3, 360.1, 362,5, 366.2 və 387.3-cü maddələri, Azərbaycan Respublikasının Büdcə Sistemi Haqqında 2002-ci il # #### tarixli Qanunu, Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimatın müvafiq maddələri, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il ## ###### tarixli **** nömrəli Sərəncamı, 2018-ci il # #### tarixində Azərbaycan Respublikası Prezidentinin *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə”, Azərbaycan Respublikası Prezidentinin ## ######## 2003-cü il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimatı üzrə - aspellyasiya məhkəməsinin qətnaməsində qeyd olunan maddələrin tələblərinə ümumiyyətlə istinad edilməmiş və nəzərə alınmamışdır. Həmin qətnamənin “Iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir” hissəsinə formal yanaşılmış, müqavilə münasibətlərində hər iki tərəfin iradə ifadəsinin mövcudluğuna dair sübutlar düzgün tədqiq edilməmişdir. Cavabdeh tərəfin Azərbaycan Respublikasının dövlət orqanı olduğunu və öz fəaliyyətini həyata keçirməsi üçün qanunvericinin tələbləri çərçivəsində əməliyyat apardığını, qərarlar verə bildiyini və hətta müvafiq razılaşmalar və kollegiyal qərarların olmasının zəruruliyini nəzərə alınaraq apellyasiya icraatı zamanı bu istiqamətdə müvafiq sübutlar əldə edilməmiş və sübutların olmaması düzgün qiymətləndirilməmişdir. Cavabdehin hər hansı bir xidmət müqaviləsini imzalaması üçün nazir imzasından əlavə sözügedən tələblər üzrə qeydə alınan müvafiq sübutlar tələb olunmalı və araşdırılmalı idi. Iddiaçı tərəfindən əlavə edilmiş xidmət müqaviləsi və təhviltəslim aktlarına münasibətdə məhkəmə müvafiq sənədlərdə cavabdehin Nazirinin yalnız imzasının olması tərəflərin iradə ifadələrinin təsdiqləndiyini və cavabeh tərəfindən göstərilən xidmətlərin bəyənildiyini qeyd etmişdir. Lakin müvafiq qanunun tələblərinə görə, müqavilənin tərəflərindən birinin dövlət orqanı olması imperativ qayda kimi sənədin rəsmiləşdirilməsi müqavilə kimi hüquqi qüvvəyə malik olması üçün təkcə imzalanmaqla yox, təsdiq edilməsi, qeydə alınması və ona möhür vurulması yolu ilə həyata keçirilməlidir. Məhkəmə qanunvericiliyin tələblərinə riayət etməmiş, təhvil-təslim aktının səlahiyyəti olmayan şəxs tərəfindən və hətta möhür olmadan natamam təsdiqləndiyini nəzərə almamışdır. Qanunvericilik aktlarına və işin faktiki hallarına əsasən sabiq Nazirin sadəcə imzası ilə təsdiqləndiyi hesab edilən müqavilə və digər sənədlərin bilavasitə sadəcə onun öz şəxsi adına bağlandığı müqavilə olaraq qiymətləndirilməlidir. Həmçinin iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş müqavilə və təhvil-təslim aktlarında iddiaçının həmin sənədlərin təsdiqlənməsi üçün imzadan və eyni zamanda möhürdən istifadə etməsi, lakin cavabdehin möhürünün olmaması məhkəmə tərəfindən qeydə alınmamışdır.
20. MM-in 404.1, 406, 529, 560.2, 560.3.2-ci maddələri üzrə - məhkəmə müqavilənin bağlanmasına və öhdəliyin götürülməsinə zəruriyyətin olub-olmamasına dair müəyyən araşdırma aparmalı və araşdırma nəticəsində mövcud vəziyyətə uyğunluğu barədə münasibət bildirməli idi. Həmçinin iş üzrə müqavilə Dövlət Satınalmaları haqqında Qanunun tələblərinə əsasən tərtib edilməmişdir ki, cavabdehin kollegiyal qurumunun müəyyən etdiyi məbləğdən (5.000 manat) daha yuxarı müqavilələr bağlandığı zaman müqavilələr standart xidmət müqaviləsi olaraq deyil, Dövlət Satınalmaları haqqında Qanuna və Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalar üzrə tələblərə cavab verməli idi. Lakin məhkəmə bununla bağlı heç bir mövqe bildirməmişdir. Mübahisə edilən müqavilənin qüvvədə olduğu qeyd olunan müddət ərzində, habelə iddiaçı bildirdiyi kimi, müqavilə üzrə yerinə yetirilmiş işlərin təhvil-təslim aktı imzalanan tarixədək iddiaçı tərəfindən işlərin təhvili üçün heç bir müraciət daxil olmamışdır. Təqdim olunan sənədlərin hər birini əvvəlki tarixlər üçün tərtib etmək mümkün olsa da, elektron sistemdən göndərilən elektron qaimə-fakturanın köhnə tarixə göndərilməsi mümkün olmadığı üçün, pretenziya və məhkəməyə iddia təqdim olunananədək elektron qaimə-faktura göndərilməmişdir. Bu isə yenidən belə bir şübhənin yaranmağına əsas vermişdir ki, müqavilə və təhvil-təslim aktı özlüyündə qeyd olunan tarixlərdə tərtib edilməmişdir.
21. MPM-in 9, 14, 57, 77, 88, 97, 217 və 372.1-ci maddələri üzrə - məhkəmə mövcud vəziyyətin araşdırılması ilə bağlı tərəflərə əlavə sübut təqdim etməyi təklif etməmiş, iş üzrə müqavilənin bağlanmasını zəruri edən şərtlərini və sifarişlərin hansı qaydada edildiyini, sifarişlərin verildiyini təsdiqedən sübutları cavabdeh tərəfindən təqdim etməyi tələb etməmişdir. Həmçinin cavabdeh tərəfin mübahisələndirilən müqavilənin özü tərəfindən deyil, sabiq nazir tərəfindən səlahiyyət həddini aşmaqla və ya səlahiyyətdən sui-istifadə etməklə imzalanmasına dair irəli sürdüyü hüquqi mövqeyə baxmayaraq, həmin sabiq nazir üçüncü şəxs qismində məhkəməyə iştirak etmək üçün cəlb edilməmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Kassasiya baxışının hədləri
23. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır.
Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin məqsəd və vəzifələri 1.1. Bu Məcəllənin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdir. 1.2. Bu Məcəllənin vəzifələri aşağıdakılardır: mülki hüquq subyektlərinin əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləmək; mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək; fiziki şəxslərin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu, şəxsi və ailə həyatının, şəxsi toxunulmazlığının müdafiəsi hüququnu qorumaq; mülki dövriyyəni təmin etmək; sahibkarlıq fəaliyyətini dəstəkləmək; sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmaq.”
“Maddə 5. Mülki hüquq münasibətlərinin subyektləri 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.”
“Maddə 16. Mülki hüquqların həyata keçirilməsinin məhdudlaşdırılması 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.”
“Maddə 329. Əqdlərin formaları 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.”
“Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.”
“Maddə 390. Müqavilə azadlığı 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir.”
“Maddə 404-1. Dövlət satınalmaları müqaviləsi Dövlət satınalmaları müqaviləsinə dair münasibətlər Azərbaycan Respublikasının dövlət satınalmaları haqqında qanunvericiliyinə uyğun tənzimlənir.”
“Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.”
“Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.”
“Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir.”
25. 2024-cü il ######ın #-dək qüvvədə olan “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 1. Qanunun tətbiq dairəsi 1.1. Bu Qanun, bu Qanunun 1.2-1.7-ci maddələrinin müddəaları nəzərə alınmaqla, Azərbaycan Respublikasında dövlət müəssisə və təşkilatları (idarələri), nizamnamə fondunda dövlətin payı 30 faiz və daha çox olan müəssisə və təşkilatlar tərəfindən malların (işlərin və xidmətlərin) dövlət vəsaitləri, dövlətin aldığı və dövlət zəmanəti ilə alınmış kreditlər və qrantlar hesabına satın alınmasına şamil edilir.”
“Maddə 2. Əsas anlayışlar Bu Qanunda istifadə olunan anlayışların mənası aşağıdakılardır: satınalma müqaviləsi - satınalan təşkilatla tender qalibi (qalibləri) arasında bağlanan və malların (işlərin və xidmətlərin) satın alınması ilə əlaqədar tərəflərin öhdəliklərini müəyyənləşdirən sənəd;”
“Maddə 16. Satınalma metodları 16.1. Azərbaycan Respublikasında malların (işlərin və xidmətlərin) dövlət satınalmaları bu Qanunun 17-21-ci maddələrində qeyd olunan tətbiq şərtlərindən asılı olaraq açıq tender, ikimərhələli tender, məhdud iştiraklı və qapalı tender, təkliflər sorğusu, kotirovka sorğusu və bir mənbədən satınalma metodları ilə həyata keçirilir. Bu Qanunun 50-1-ci maddəsində nəzərdə tutulan halda dövlət satınalmaları açıq tender və ya kotirovka sorğusu metodları tətbiq edilməklə elektron satınalma vasitəsilə həyata keçirilir.”
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.”
“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”
Kassasiya instansiya məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin qətnaməsi ləğv olunmaqla iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.
28. Belə ki, iddianın əsasını tərəflər arasında bağlanması iddia edilən 2022-ci il # #### tarixli, **/** nömrəli xidmət müqaviləsi və həmin müqavilənin cavabdeh tərəfindən icra olunmamasından ibarət hüquqi faktlar təşkil edir.
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair # ##### 2021-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. Iddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir.
30. Bu baxımdan kollegiya qeyd edir ki, ilk olaraq iddiaçının əsaslandığı 2022-ci il # #### tarixli, **/** nömrəli xidmət müqaviləsinin etibarlılığına qiymət verilməlidir.
31. Hazırkı işin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı kommersiya hüquqi şəxsi, cavabdeh isə dövlət orqanıdır və o, həmin müqavilə üzrə dövlət vəsaiti hesabına reklam işlərinin sifarişçisi qismində çıxış etmişdir.
32. Bu baxımdan, kollegiya qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanması iddia edilən 2022-ci il # #### tarixli, **/** nömrəli xidmət müqaviləsi hüquqi mahiyyətinə görə dövlət satınalmaları müqaviləsi kimi qiymətləndirilməlidir və həmin münasibətlərə MM-in 404-1-ci maddəsinə uyğun olaraq “Dövlət satınalmaları haqqında” Qanunun tələbləri əsasında qiymət verilməlidir.
33. Eyni zamanda, tərəflər arasında hüquq münasibətləri 2022-ci il # #### tarixində yarandığı üçün MPM-in 217.2-ci maddəsinə əsasən hazırkı mübahisə üzrə 2024-cü il ######ın #-dək qüvvədə olan “Dövlət satınalmaları haqqında” Qanunun tətbiq edilməlidir.
34. Həmin Qanun Azərbaycan Respublikasında dövlət satınalmalarının iqtisadi, hüquqi və təşkilati əsaslarını müəyyənləşdirir, satınalmalar zamanı dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi, müsabiqə və aşkarlıq əsasında bütün malgöndərənlərə (podratçılara) bərabər rəqabət mühiti yaradılması prinsipləri və qaydalarını müəyyən edir.
35. Qeyd olunan Qanun, həmin Qanunun 1.2-1.7-ci maddələrinin müddəaları nəzərə alınmaqla, Azərbaycan Respublikasında dövlət müəssisə və təşkilatları (idarələri), nizamnamə fondunda dövlətin payı 30 faiz və daha çox olan müəssisə və təşkilatlar tərəfindən malların (işlərin və xidmətlərin) dövlət vəsaitləri, dövlətin aldığı və dövlət zəmanəti ilə alınmış kreditlər və qrantlar hesabına satın alınmasına şamil edilir (maddə 1.1).
36. Sözügedən Qanunda satınalma metodu (açıq tender, ikimərhələli tender, qapalı tender, kotirovka sorğusu və bir mənbədən satınalma metodu) və onların keçirilməsi qaydası, satınalma müqaviləsinin yazılı forması (satınalan təşkilatla tender qalibi (qalibləri) arasında bağlanan və malların (işlərin və xidmətlərin) satın alınması ilə əlaqədar tərəflərin öhdəliklərini müəyyənləşdirən sənəd) və onun bağlanması qaydası müəyyən edilmişdir.
37. MM-in 390.2-ci maddəsində isə təsbit edilmişdir ki, müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir.
38. Lakin hazırkı iş üzrə tərəflər arasında bağlanması iddia edilən müqavilə qanunvericiliklə imperativ qaydada nəzərdə tutulmuş dövlət satınalmaları prosedurlarına riayət edilmədən, müsabiqə və ya digər seçim mexanizmləri keçirilmədən bağlanmışdır.
39. Kollegiya hesab edir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun təsiri altına düşən, lakin həmin Qanunda müəyyən edilən qaydalara əməl edilmədən bağlanan müqavilə MM-in 329.1 və 337.1-ci maddələrinə əsasən etibarsız əqd kimi qiymətləndirilməlidir.
40. MM-in 337.4-cü maddəsinin tələblərinə görə isə etibarsız əqd hüquqi nəticələrə səbəb olmur və bu cür əqd bağlandığı andan etibarsızdır.
41. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçının həmin müqaviləyə əsaslanmaqla irəli sürdüyü iddia tələbləri hüquqi cəhətdən əsassızdır.
42. Bununla yanaşı nəzərə alınmalıdır ki, məhkəmə tərəflərin istinad etdiyi hüquqi əsaslardan asılı deyil və ona görə də, iddia tələblərinin mümkün olan bütün qanuni əsaslarını yoxlamalıdır.
43. Bu baxımdan kollegiya qeyd edir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun təsiri altına düşən, lakin həmin Qanunda müəyyən edilən qaydalara əməl edilmədən bağlanan müqavilələrə əsasən iddia irəli sürüldüyü hallarda həmin müqavilələrin tam və ya qismən icra olunub-olunmaması araşdırılmalı, belə icra olunma müəyyən olunduğu hallarda isə iddia tələblərinin mümkün olan qanuni əsasları üzrə hüquqi dəyərləndirmə aparılmalıdır.
44. Belə dəyərləndirmə zamanı nəzərə alınmalıdır ki, hazırkı mübahisə üzrə müqavilədən irəli gələn tələblər istisna edildiyi üçün, iddia tələblərinin qanundan irəli digər əsasları, yəni əşya hüququ, deliktlər, özgə işlərinin tapşırıqsız aparma və əsassız varlanmadan irəli gələn tələblər üzrə yoxlama aparılmalıdır.
45. Kollegiya qeyd edir ki, tərəflər arasında olan hüquq münasibətləri mülki hüquqda təsbit edilən əşya hüququ, deliktlər və özgə işlərinin tapşırıqsız aparma ilə bağlı münasibətlərin mahiyyətinə və onlara aid MM-in müvafiq maddələrinin (“Əmlak və əşya hüququ” adlı üçüncü bölmədə olan maddələr, “Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər” adlı doqquzuncu bölmədə olan maddələr və özgə işlərini tapşırıqsız aparma ilə bağlı 1087-1090-cı maddələr) dispozisiya şərtlərinə uyğun olmadığına görə qanunvericiliyin həmin əsaslara aid müddəaları hazırkı iş üzrə iddia tələblərinin qanuni əsası kimi çıxış edə bilməz.
46. Əsassız varlanmadan irəli gələn tələblər üzrə isə qeyd olunur ki, belə iddia tələblərinin qanuni əsasını MM-in 1092.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
47. Qeyd olunan maddədə göstərilən “varlanmış şəxs” və “mərhum olan” anlayışları isə MM-in 1091-ci maddəsində göstərilmişdir. Həmin maddənin tələblərinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091.2).
48. Beləliklə, “Dövlət satınalmaları haqqında” Qanunda müəyyən edilən qaydalara əməl edilmədən bağlanan müqavilələr tam və ya qismən icra olunduğu hallarda kimin məhrum olan və kimin varlanmış şəxs olmasına qiymət verilməlidir.
49. Belə qiymətləndirmə zamanı dövlət orqanının varlanmış şəxs, digər tərəfin mərhum olan olması müəyyən edildikdə isə aşağıdakılar nəzərə alınmalıdır.
50. Sübuta ehtiyacı olmayan hal ondan ibarətdir ki, dövlət orqanları və onların vəzifəli şəxsləri “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərindən tam məlumatlıdırlar və aydın şəkildə dərk edirlər ki, müqavilələrin həmin Qanunda müəyyən edilən qaydalara əməl edilmədən bağlanılması qanunaziddir, müqavilələr isə özü-özlüyündə etibarsızdır və hər hansı hüquqi nəticələrə səbəb olmurlar.
51. Kommersiya fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin hərəkətlərinə isə aşağıdakılar nəzərə alınmaqla qiymət verilməlidir.
52. Kollegiya qeyd edir ki, MM-in 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi birbaşa göstərilməsə də, bu prinsip MM-in ayrı-ayrı normalarında mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalarda nəzərdə tutulmuşdur (məsələn: MMin 5.3, 16.1, 425-ci maddələri). Bu baxımdan, mülki qanunvericilik sistemində vicdanlılıq ümumi prinsip kimi mülki hüquq subyektləri üçün öz hüquq və vəzifələrini vicdanla yerinə yetirmək öhdəliyini nəzərdə tutur və istənilən mülki hüquq normasının tətbiqi zamanı bu prinsipin tələbləri nəzərə alınmalıdır.
53. “Vicdanlılıq” kimi qeyd olunan prinsip, əslində latınca “bona fides”, yəni yaxşı niyyəti ifadə edən anlayış qismində qəbul olunur. Hüquqi anlamda vicdanlılıq iki formada – subyektiv və obyektiv mənada qəbul edilir. Birincisi “qanunsuzluğu bilməmə”, ikincisi isə “dürüst davranma” formasında ifadə olunur.
54. “Dürüst davranma” hüquqi münasibətlərdə MM-in 425.1-ci maddəsində təsbit edilmiş qaydada davranışın həyata keçirilməsini ehtiva edir.
55. “Qanunsuzluğu bilməmə” isə şəxsin normal diqqət göstərdiyi halda belə qanunsuzluğu bilməməsini ifadə edir. Mülki hüquqda və məhkəmə təcrübəsində bununla bağlı şəxsin hərəkətlərinə “bilmirdi və bilə bilməzdi” və ya “bilmirdi və bilməli deyildi” ifadələrindən istifadə edilməklə qiymət verilir.
56. Mülki hüququn məhz vicdanlılıq prinsipi əsası götürülməklə MM-in 182 və 140cı maddələrində vicdanlı əldə etmə və ya 157.5-ci maddəsində vicdanlı və vicdansız sahiblik institutları müəyyən edilmişdir. Meyarlar kimi isə şəxsin qanunsuzluğu “bildiyi və ya bilməli olduğu”, “bilirmişsə və ya bilməli idisə” anlayışları müəyyən edilmişdir.
57. Qeyd olunanlara əsasən kollegiya qeyd edir ki, “Dövlət satınalmaları haqqında” Qanunda müəyyən edilən qaydalara əməl edilmədən bağlanan müqavilələr üzrə işi icra edən şəxslərin hərəkətlərinə vicdanlılıq prinsipi baxımından qiymət verilməlidir. Bu zaman həmin şəxslərin neçə müddət fəaliyyət göstərmələri, əvvəllər dövlət orqanları ilə müqavilə münasibətlərində olub-olmamaları, fiziki şəxsin özünün və ya işçisinin, habelə hüquqi şəxsin vəzifəli şəxsləri və əməkdaşlarının “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərindən məlumatlı olub-olmamaları və müqavilələrin həmin Qanunda müəyyən edilən qaydalara əməl edilmədən bağlanılmasının qanunazidd olmasının dərk edib-etməmələri nəzərə alınmalıdır.
58. Belə qiymətləndirmə nəticəsində onların vicdanlı hərəkət edib-etməmələri və məhz bu kriteriyadan asılı olaraq yerinə yetirilmiş işlərinin dəyəri müəyyən edilməlidir.
59. Belə ki, həmin şəxslərin müqavilələrin qanunazidd olmasını bilmədikləri, bunu bilməyə imkanlarının olmadıqları və bu baxımdan vicdanlı hərəkət etmələri müəyyən edildikdə, onlara yerinə yetirilmiş işlərin dəyəri orta bazar qiymətlərinə uyğun müəyyən edilərək dövlət orqanı tərəfindən ödənilməlidir.
60. Həmin şəxslərin qeyd olunan halları bildiyi və ya ən azı bilməli olduqları və bu baxımdan vicdanlı hərəkət etmədikləri müəyyən edildikdə isə yerinə yetirilmiş işlərin dəyəri orta bazar qiymətlərinə uyğun deyil, fərqli formada müəyyən edilməlidir. Bu zaman yerinə yetirilmiş işlərin dəyəri kimi yalnız həmin işlərin görülməsi zamanı istifadə olunmuş materialların və görülmüş işin (işçilik) dəyəri nəzərə alınmalıdır. Sonuncunun dəyəri müəyyən edildiyi zaman isə işi görən şəxsin gəlir kimi nəzərdə tutduğu məbləğlər nəzərə alınmamalıdır. Ümumiyyətlə istifadə olunmuş materialların və görülmüş işin dəyəri nəzərə alındıqda bazarda olan ən minimal qiymətlər əsas götürülməlidir.
61. Bundan əlavə, kollegiya qeyd etməyi zəruri hesab edir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunda müəyyən edilən qaydalara əməl edilmədən bağlanması əsasına görə etibarsız olan müqavilələrə münasibətdə MM-in 337.5-ci maddəsi tətbiq edilə bilməz.
62. Belə ki, əks yanaşma “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunun məqsəd və vəzifələrinə zidd olmaqla yanaşı dolayısı ilə həmin Qanunun pozulmasına şərait yaradır. Çünki bu halda həmin müqavilələr üzrə pul vəsaitlərinin ödənilməsi faktiki təmin edilməklə onun yalnız hüquqi əsası dəyişmiş olur.
63. Bundan əlavə, mülki qanunvericiliyin vəzifələrindən birini mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi təşkil edir (MM-in 1.2-ci maddəsi). MM-in 337.5-ci maddəsinin məqsədi də məhz qanuni hüquq və mənafelərin müdafiəsindən ibarətdir. Könüllü surətdə qanunazidd olan mülki hüquq münasibətlərə daxil olan şəxslərin isə qanundan irəli gələn hüquq və mənafeləri yaranmır.
64. Göstərilənlərə əsasən kollegiya qeyd edir ki, hazırkı iddia üzrə işin araşdırılması və hüquqi dəyərləndirməsi yuxarıda qeyd olunan şəkildə aparılmalıdır.
65. Apellyasiya instansiyası məhkəməsi isə tərəflər arasında olan hüquq münasibətlərini və dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərini nəzərə almamış, iş üzrə araşdırmanı və hüquqi dəyərləndirməni qeyd olunan şəkildə aparmamışdır.
66. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyinə görə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Işə yenidən baxılarkən hazırkı qərarda əks olunan hüquqi mövqe nəzərə alınmaqla qanuni və əsaslı, habelə iş üzrə müəyyən edilmiş hallara uyğun əsaslandırılmış qətnamə qəbul edilməlidir.
67. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il # ####### tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.