Məhkəmə qərarları › İş №2-2(102)-920/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-920/2025

24.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(102)-920/2025 24.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: podrat müqaviləsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun (məruzəsi ilə), Qurbanov Raqib Əliddin oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı “xxxx” MMC-nin cavabdeh “xxxx” MMC-yə qarşı “pul” tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025ci il # ####### tarixli, *-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları

1. Tərəflər arasında bağlanmış 2024-cü il # ####### tarixli müqaviləyə görə, Sifarişçi “xxxx” MMC tərəfindən sifariş verilən bütün növ reklam, o cümlədən qutu, dəri üzlü məhsullar va digər müxtəlif növ çap xidmətlərini icra etməsini Icraçı “xxxx” MMC öz üzərinə götürmüşdür. Sifarişlər tərəflər arasında tərtib edilən X2 (QRP) əsasən həyata keçiriləcəkdir. Həmin müqavilənin: - 3.1-ci bəndinə əsasən, bu müqavilə üzrə qarşılıqlı hesablaşmalar Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun olaraq, icra edilmiş sifarişlərə görə təqdim olunmuş hesab fakturaya asasən həyata keçirilir. - 3.2-ci bəndinə əsasən, işin başlaması üçün ümumi məbləğin 70% həcmində ilkin ödəniş “Sifarişçi” tərəfindən “Icraçı”nın bank hesabına ödənilir. Qalan 30% həcmində məbləği “Sifarişçi” işi təhvil aldıqdan sonra 30 iş günü ərzində “Icraçı”ya ödəməlidir. - 3.4-cü bəndinə əsasən Müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam və lazımınca yerinə yetirmədikdə və ya Müqaviləyə hər hansı səbəbdən vaxtından əvvəl xitam verildikdə Icraçı Sifarişçi tərəfindən ödənilmiş məbləği ona geri qaytarmağa borcludur. - 4.1-ci bəndinə əsasən icraçı “Müqavilə”nin qüvvədə olduğu müddətdə üzərinə götürdüyü öhdəliklərin icra edilməməsi nəticəsində qarşı tərəfə, yəni sifarişçiyə dəymiş maddi zərərə görə məsuliyyət daşıyır.

2. Həmin müqaviləyə əsasən 2024-cü il ## ####### tarixli X3 uyğun olaraq, tərəflər bu X1 və protokolun ayrılmaz hissəsi olan əlavə №* olmaqla görüləcək işlərin siyahısı, həcmi, nümunədəki keyfiyyəti və cədvəldə göstərilmiş ümumi qiymətlə razılaşırlar. Həmçinin Icraçı aşağıda qeyd olunmuş sifarişləri tam va qüsursuz şəkildə son tarix olaraq 2024-cü il # ###### tarixində Sifarişçiyə təhvil verəcəyi ilə razılaşır. Tərəflər arasında 3.000 ədəd bloknot, 1.500 ədəd otaq aksessuar altlığı, 3.000 ədəd kağız dəsmal qutusunun qiymətinin dəyəri ümumilikdə ƏDV daxil 66.198 manat razılaşdırılmışdır.

3. AA2410 seriyalı, ******** nömrəli, 2024-cü il ## ####### tarixli elektron qaiməyə əsasən 46.338,6 manat dəyərində mallar "xxxx" MMC tərəfindən "xxxx" MMCyə ödənilməsi üçün təqdim edilmişdir.

4. 2024-cü il ## ####### tarixli ************ saylı ödəniş tapşırığına görə, “xxxx” MMC tərəfindən “xxxx” MMC-yə 39.270 manat məbləğində ödəniş olunmuşdur.

5. 2024-cü il ## ####### tarixli ödəniş tapşırığına görə, “xxxx” MMC tərəfindən “xxxx” MMC-nin ƏDV hesabına 7.068,6 manat ödəniş köçürülmüşdür.

6. AA2410 seriyalı, ******** nömrəli, 2024-cü il ## ####### tarixli elektron qaiməyə əsasən 5.900 manat dəyərində mallar "xxxx" MMC tərəfindən "xxxx" MMCyə ödənilməsi üçün təqdim edilmişdir.

7. 2024-cü il ## ####### tarixli ************ saylı ödəniş tapşırığına görə, “xxxx” MMC tərəfindən “xxxx” MMC-yə 5.000 manat məbləğində ödəniş olunmuşdur.

8. 2024-cü il ## ####### tarixli ödəniş tapşırığına görə, “xxxx” MMC tərəfindən “xxxx” MMC-nin ƏDV hesabına 900 manat ödəniş köçürülmüşdür.

9. MT2411 seriyalı, ******** nömrəli, 2024-cü il # ###### tarixli elektron qaiməyə əsasən 4.720 manat dəyərində mallar "xxxx" MMC tərəfindən "xxxx" MMCyə ödənilməsi üçün təqdim edilmişdir.

10. 2024-cü il # ###### tarixli ************ saylı ödəniş tapşırığına görə, “xxxx” MMC tərəfindən “xxxx” MMC-yə 4.000 manat məbləğində ödəniş olunmuşdur.

11. 2024-cü il ## ###### tarixli ödəniş tapşırığına görə, “xxxx” MMC tərəfindən “xxxx” MMC-nin ƏDV hesabına 720 manat ödəniş köçürülmüşdür.

12. MT2411 seriyalı, ******** nömrəli, 2024-cü il ## ###### tarixli elektron qaiməyə əsasən 39.672,19 manat dəyərində mallar "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə ödənilməsi üçün təqdim edilmişdir.

13. 2025-ci il ## ##### tarixli maliyyə arayışına görə, cavabdeh "xxxx" MMC-nin ƏDV daxil 12.567 manat əsas borcu, 1.256,7 manat faiz borcu, 5.000 manat cərimə borcu olmaqla, cəmi 18.823,7 borcu mövcuddur.

14. "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə göndərilmiş pretenziya məktubunda 2024-cü il # ####### tarixli müqavilə üzrə yaranmış cəmi 18.823,7 manat borcun pretenziyanı aldıqları gündən 5 gün ərzində ödənilməsi tələb edilmiş, əks halda qanunverilikdə nəzərdə tutulan bütün hüquqlardan istifadə ediləcəyi bildirilmişdir.

15. 2025-ci il # ###### tarixli ********** nömrəli mədaxil qəbzinə görə, "xxxx" MMC 147 manat dövlət rüsumu ödəmişdir.

16. 2025-ci il # ###### tarixli ************ saylı ödəniş tapşırığına əsasən "xxxx" MMC tərəfindən Fides Vəkil Bürosuna 1.170 manat məbləğində ödəniş olunmuşdur.

Iş üzrə məhkəmə icraatı

a) Birinci instansiya məhkəməsindəki icraat

17. “xxxx” MMC (bundan sonra – “iddiaçı”) cavabdeh “xxxx” MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi və iddia tələbinin həcminin azaldılması barədə ərizələr ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 2024-cü il # ####### tarixli müqavilə (bundan sonra – “alqı-satqı müqaviləsi”) üzrə yaranmış 12.567 manat əsas borc ƏDV daxil, 5.000 manat cərimə və 366,52 manat gecikdirilmiş vaxt üçün faiz borcu olmaqla, cəmi 17.933,52 manat vəsaitin, 147 manat dövlət rüsumunu və 1.170 manat vəkil xidmətləri üçün ödənilmiş pulun cavabdehdən tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Iddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əlavə edilmiş 2024-cü il ## ####### tarixli X2 əsasən iddiaçı tərəfindən ümumi dəyəri ƏDV daxil 66.198 AZN təşkil edən 3.000 ədəd bloknot, 1.500 ədəd otaq aksessuar altlığı və 3.000 ədəd kağız dəsmal qutuların hazırlaması cavabdehə sifariş verilmişdir. Həmin sifariş üçün müqavilə şərtlərinə görə 70% avans ödənilməli olduğu halda cavabdehin təqdim etdiyi elektron qaimə fakturalar əsasında iddiaçı tərəfindən daha yüksək məbləğdə yəni ƏDV daxil 56.958,60 AZN əvvəlcədən (avans) ödəniş edilmişdir. Lakin buna baxmayaraq 1.100 ədəd otaq aksessuar altlığı bu günə kimi hazırlanıb təhvil verilməmişdir. Belə ki, sifariş edilən ümumi dəyəri ƏDV daxil 66.198 AZN dəyərində məhsulların cəmi 44.391,6 AZN dəyərində olan hissəsi cavabdeh tərəfindən təhvil verilmişdir. Nəticə etibari ilə ƏDV daxil 56.958,60 AZN ödənilən məbləğin 12.567 AZN həcmində məhsullar təhvil verilmədiyindən həmin məbləğ iddiaçıya geri qaytarılmalıdır. Həmçinin 2024-cü il ## ####### tarixli X2 əsasən bu günə kimi (2 ay) öhdəliklər tam həcmdə icra edilmədiyindən cavabdeh tərəfindən əsas öhdəliklərlə yanaşı iddiaçıya cərimə də ödəməlidir. Odur ki, cavabdeh dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq bu günə kimi borcunu qaytarmadığı üçün iddiaçıya 5.000 AZN cərimə ödənilməlidir. Bundan başqa, cavabdeh iddiaçıya olan cəmi 12.567 AZN ödənilməmiş borcuna 5% hesablanmaqla ümumi məbləğdən əlavə ödənişin gecikdirildiyi 2 ay üçün faiz ödəməlidir.

19. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il # #### tarixli, e-2-2(113)- ****/**** nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin olunaraq, cavabdehdən alqı-satqı müqaviləsi üzrə ƏDV daxil 12.567 manat əsas, 366,52 manat illik 5% ilə hesablanmış faiz borcu üzrə, ümumilikdə 12.933,52 manat vəsatin, 128,80 manat ödənilmiş dövlət rüsumunun və hüquqi yardım üçün ödənilmiş 600 manat vəsaitin əvəzi tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir (hakim – K.Hüseynov).

20. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olsa da, iş üzrə alqı-satqı müqaviləsinin müddəaları tətbiq olunmalıdır.

21. Məhkəmə bildirmişdir ki, iddiaçı cavabdehin hazırlayaraq ona təhvil verəcəyi mallara görə öncədən ödəniş etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək müqavilə üzrə hazırlamalı olduğu malları vaxtında iddiaçıya təhvil verməmişdir. Cavabdehin nümayəndəsi isə malların təhvil verilməsinin səbəbi kimi iddiaçının vaxtında ödənişləri ödəməməsi ilə əsaslandırmışdır. Lakin təqdim edilmiş elektron qaimələrdən və ödəniş tapşırıqlarına görə, iddiaçı cavabdeh tərəfindən təqdim edilmiş elektron qaimələr üzrə vaxtında ödənişlər etmişdir. Hətta müqavilənin şərtinə əsasən iddiaçı malların 70%-nin dəyərini ödədikdən sonra qalan 30%-i mallar tam təhvil verildikdən sonra ödəməli olmasına baxmayaraq, iddiaçı mallar tam təhvil verilmədiyi halda 85% ödəniş etmişdir.

22. Məhkəmə qeyd etmişdir ki, iddiaçının cavabdehə 12.567 manat ödəniş etməsi və həmin dəyərdə malların təhvil verilməməsi iş materiallarına əlavə edilmiş sübutlarla (elektron qaimə, ödəniş tapşırığı və s.) öz təsdiqini tapmışdır. Buna görə də iddiaçının cavabdehdən təhvil verilməmiş mallara görə qabaqcadan ödədiyi 12567 manat məbləğin qaytarılmasını tələb etmək hüququ yaranmışdır və onun tələbi haqlıdır.

23. Məhkəmə iddiaçının əsas məbləğin ödənilməsinin gecikdirilməsinə görə illik 5% hesablanmaqla 366,52 manat məbləğində vəsaitin tutulması barədə tələbinə münasibətdə hesab etmişdir ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə və borcun ödənilməsini 7 aydan artıq gecikdirdiyinə görə tələb etmək hüququ mövcuddur.

24. Həmçinin məhkəmə iddiaçının cavabdehdən alqı-satqı müqaviləsi üzrə 5.000 manat cərimə məbləğinin tutulması barədə tələbinə münasibətdə qeyd edilmişdir ki, iş üzrə alqı-satqı müqaviləsində cərimə ödənilməsi ilə bağlı şərtin razılaşdırılmaması və tərəflər arasında ayrıca yazılı razılaşma təqdim edilməməməsi səbəbindən, həmin tələb əsassızdır. Halbuki mülki qanunvericiliyə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.

25. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 445.1, 462.1, 463.1, 465.2, 467, 567, 599.3, 627.1, 630.1, 631.1, 634.1, 637.1, 641.3, 642, 752.1 və 752.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 107, 119.1 və 121.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

26. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

27. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il # ####### tarixli, *-*(***)-****/**** nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – L.Əliyeva, hakimlər – T.Mahmudova və Z.Şirinov).

28. Məhkəmə bildirmişdir ki, tərəflər arasında bağlanan müqavilə xidmət müqaviləsi adlandırılsa da, həmin müqavilə mahiyyət etibarilə sifarişçinin fərdi sifarişi əsasında əşyaların hazırlanaraq təqdim edilməsini nəzərdə tutan podrat müqaviləsidir.

29. Məhkəmə qeyd etmişdir ki, iş materiallarına görə, iddiaçı cavabdehə pretenziya məktubu göndərərək 12.567 manat məbləğində qabaqcadan ödənişin qaytarılmasını tələb etməklə MM-in 759.1-ci maddəsində nəzərdə tutulmuş podrat müqaviləsini ləğv etmək hüququnu həyata keçirmişdir. Odur ki, tərəflər arasında bağlanmış mübahisəli müqavilə iddiaçı tərəfindən ləğv edildiyindən, onun qabaqcadan həyata keçirtdiyi ödənişin hüquqi əsası aradan qalxmış və ödədiyi məbləği geri tələb etmək hüququ yaranmışdır.

30. Məhkəmə birinci instansiya məhkəməsinin qətnaməsində göstərildiyi kimi, cavabdehin podrat müqaviləsi ləğv edildiyi tarixdən, yəni pretenziya göndərildikdən sonra qabaqcadan ödənişi qaytarmaq öhdəliyini təxminən 7 ay müddətində gecikdirməsini nəzərə alaraq, həmin 7 aylıq dövr üçün illik 5 % dərəcə ilə hesablanmış 366,52 manat məbləğində faizlərin iddiaçının xeyrinə tutulması hissəsini də əsaslı hesab etmişdir.

31. Məhkəmə iddiaçı tərəfindən müqavilə üzrə avans vaxtında ödənilmədiyindən podrat müqaviləsi üzrə işləri vaxtında yerinə yetirə bilməməsi barədə cavabdehin dəlilini əsassız sayaraq qeyd etmişdir ki, müqavilədə nəzərdə tutulmuş müqavilə qiymətinin 70 % məbləğində avansın (müqavilə qiyməti – ƏDV daxil 66.198 manat; avans 66.198 × 70 % = ƏDV daxil 46.339 manat) əsas hissəsi (39.270 manat) qiymət razılaşdırma protokolunun imzalandığı gün, yəni 2024-cü il ## ####### tarixində, ƏDV hissəsi isə (7.068,6 manat) 2024-cü il ## ####### tarixində ödənilmişdir. Odur ki, istinad edilən halı yalnız avansın ƏDV hissəsinin 12 gün gec ödənilməsi kimi nəzərə alsaq belə, bu, 2024-cü il # ###### tarixində təhvil verilməli olan malların 2024-cü il ## ###### tarixədək (pretenziya tarixinədək) təqdim edilməməsinə, yəni öhdəliklərin icra müddətinin təxminən 2 ay gecikdirilməsinə haqq qazandırmır.

32. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 427.2, 752.1, 753.1, 1091.1, 1091.2, 1092.1-ci, MPM-in 77.1, 119.1 və 119.5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

33. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

34. Azərbaycan Respublikası Konstitusiyasının 60.1-ci maddəsi və MM-in 385.1, 387.2, 425, 441.2-ci maddələri üzrə - Apellyasiya instansiya məhkəməsi iş üzrə mövcud olan sübutlara və müqavilə öhdəliklərinin mahiyyətinə düzgün hüquqi qiymət vermədən, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və qətnaməni qüvvədə saxlamışdır. Lakin işin faktiki hallarına əsasən iddiaçı (sifarişci) ödənişlərin ödənilməsində gecikməyə yol vermişdir. Məhkəmə isə bu halın işin nəticəsinə təsirini və tərəflərin öhdəliklərinin icrasına əlaqəsini nəzərə almamışdır. Belə ki, məhkəmə avans ödənişinin ƏDV hissəsinin 12 gün gecikmə ilə həyata keçirilməsini əhəmiyyətsiz hesab etmiş və bu halın malların təhvil verilməsində yaranmış iki aylıq gecikməyə səbəb ola bilməyəcəyini bildirmişdir. Halbuki, müqavilə münasibətlərində tərəflərin öhdəlikləri qarşılıqlı xarakter daşıyır və bir tərəfin öhdəliyini vaxtında yerinə yetirməməsi digər tərəfin icra imkanlarını birbaşa məhdudlaşdırır. Cavabdehin malları aldığı şəxs vergi ödəyicisi olduğundan, iddiaçının ödənişi gecikdirməsi cavabdehin həmin malların dəyərini ödəyə bilməməsinə səbəb olmuşdur. Odur ki, məhkəmə işin hüquqi mahiyyətinə uyğun nəticəyə gəlməmişdir.

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il ## #### tarixli qərarı və MPM-in 9, 77, 88, 217-ci maddələri üzrə - məhkəmə iş materiallarında təsbit edilmiş halları formal şəkildə nəzərdən keçirməklə kifayətlənmiş və iş üzrə sübutların qiymətləndirilməsində birtərəfli yanaşmışdır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

36. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri

37. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır.

Tətbiq edilən hüquq

38. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 385. Öhdəlik anlayışı

385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. ...”

“Maddə 427. Öhdəliyin icrası müddəti

427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. ...”

“Maddə 752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. ...”

“Maddə 753. Muzd barəsində razılaşma

753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 753.2. Əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır. ...”

“Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

“Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi

1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.

39. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”

“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri

416.1.Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).

41. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarı).

42. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və onu da bildirir ki, şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.

43. Işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə mübahisəli müqavilə üzrə iddiaçı tərəfindən edilmiş 12.567 manat məbləğində qabaqcadan ödənişin müqabilində cavabdeh öhdəliyini yerinə yetirməyərək hazırlamalı olduğu malların hamısını hazırlayaraq vaxtında təhvil verməmişdir.

44. Apellyasiya məhkəməsi haqlı olaraq göstərmişdir ki, müqavilədə nəzərdə tutulmuş müqavilə qiymətinin 70% məbləğində avansın (müqavilə qiyməti -ƏDV daxil 66198 manat, avans 66198x70%=ƏDV daxil 46339 manat) əsas hissəsi (39270 manat) qiymət razılaşdırma protokolunun imzalandığı gün, yəni 2024-cü il ## ####### tarixdə, ƏDV hissəsi isə (7068,6 manat) 2024-cü il ## ####### tarixdə ödənilmişdir. Odur ki, istinad edilən hal öhdəliklərinin icrası müddətinin 2 aya yaxın müddətə gecikdirilməsinə haqq qazandırmır və belə olan halda cavabdehin öhdəliklərin icrasının gecikdirilməsində təqsirli olmamasına dəlalət etmir.

45. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozuntusuna dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi).

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq norması düzgün tətbiq edilmişdir.

47. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

48. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il # ####### tarixli, *-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar