Məhkəmə qərarları › İş №2-2(102)-921/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-921/2025

24.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(102)-921/2025 24.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçı “xxxx” MMC-nin cavabdeh “xxxx” MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklərin icra edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı “xxxx” MMC-nin cavabdeh “xxxx” MMC-yə qarşı “pul tələbinə dair” kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2025-ci il ## ####### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları

1. “xxxx” MMC ilə “xxxx” MMC arasında bağlanmış 2024-cü il ## ### tarixli, BS- **/** nömrəli müqaviləyə əsasən satıcı adı və sayı hazırkı müqavilənin ayrılmaz hissəsini təşkil edən, tərəflərin razılığa gəldikləri qaimə fakturalarda göstərilən malı alıcının mülkiyyətinə ötürməyi, alıcı isə malı müvafiq qaydada qəbul etməyi və haqqını ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin: - 2.2-ci bəndinə əsasən satıcı müqavilənin şərtlərinə əsasən malların vaxtlı-vaxtında yerinə yetirilməsinin təmin olunması üçün məsuliyyət daşıyır. - 3.1-ci bəndinə əsasən Əlavələrdə göstərilən malların dəyəri mallar alıcıya təhvil verildikdən sonra 30 (otuz) bank günü ərzində alıcı tərəfindən satıcının hesablaşma hesabına köçürülməsi yolu ilə ödənilir. - 5.3-cü bəndinə əsasən alıcı satıcıya, ona təqdim edilmiş malın dəyərini vaxtında ödəmədiyi halda, hər gecikdirilmiş gün üçün gccikdirilmiş malın dəyərinin 0,1 % məbləğində cərimə ödəyir.

2. Tərəflər arasında imzalanmış 2024-cü il ## ### tarixli X1 ilə malların adı, markası, qiyməti razılaşdırılmış və eyni tarixli təhvil-təslim aktına əsasən satıcı tərəfindən alıcıya ƏDV daxil 21865.40 manat məbləğində mal verilmişdir.

3. Tərəflər arasında imzalanmış 2024-cü il # #### tarixli X1 ilə malların adı, markası, qiyməti razılaşdırılmış və eyni tarixli təhvil-təslim aktına əsasən satıcı tərəfindən alıcıya ƏDV daxil 16153.02 manat məbləğində mal verilmişdir.

4. “xxxx” MMC tərəfindən “xxxx” MMC-yə MT2405 seriyalı ******** nömrəli 2024cü il ## ### tarixli 21865.40 manat, MT2406 seriyalı ******** nömrəli 2024-cü il # #### tarixli 16153.02 manat məbləğində elektron qaimələr göndərilmişdir.

5. “xxxx” ASC tərəfindən verilmiş 2024-cü il ## ###### tarixli ödəniş tapşrığı ilə təsdiq edilir ki, “xxxx” MMC tərəfindən “xxxx” MMC-nin hesabına 3000 manat köçürülmüşdür.

6. “xxxx” MMC-nin 2024-cü il ## ###### tarixli köçürmənin aparılması barədə bildirişə əsasən “xxxx” MMC-nin hesabına 540 manat ƏDV ödənişi edilmişdir.

Iş üzrə məhkəmə icraatı

a) Birinci instansiya məhkəməsindəki icraat

7. “xxxx” MMC (bundan sonra – “iddiaçı”) 2025-ci il ## ### tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, alqı-satqı müqaviləsinə əsasən 34478.42 manat əsas borc, hər gecikdirilmiş gün üçün vurulmuş 0.1% ziyan (cərimə) üçün 8274 manat olmaqla ümumilikdə 42752.42 manat, 10% pul vəsaitini qanunsuz saxlamaqla əldən çıxmış faydaya görə 3447.84 manat və dövlət büdcəsinə köçürülmüş 228.60 manat dövlət rüsumu olmaqla ümumilikdə 45428.56 manat məbləğində pulun “xxxx” MMCdən (bundan sonra – “cavabdeh”) tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Iddia tələbi işin yuxarıda sadalanan faktiki hallarına istinadla belə əsaslandırılmışdır ki, cavabdehin müqavilə üzrə götürdüyü öhdəliyini yerinə yetirməməsi və iddiaçı cəmiyyətə olan borcunu qaytamaması həmçinin, ona edilmiş xəbərdarlıqlara məhəl qoymayaraq borcunu ödəməkdən yayınması səbəbindən hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalınmışdır.

9. Cavabdeh etiraz ünvanlayaraq, göstərilən məbləğlə razılaşmadıqlarını və əsas borcun hesablanmasında yanlışlıqlar olduğunu qeyd etmişdir. Həmçinin göstərmişdir ki, iddiaçının heç bir sübut təqdim etmədən əldə çıxmış fayda tələb etməsi əsassızdır, əldən çıxmış faydanın tələb olunması üçün konkret olaraq hansı formada faydanın itirilməsi, buna səbəbin cavabdehin əməllərinin olub-olmaması aydınlaşdırılmalıdır. Cərimə məbləği də əsassız olaraq şişirdilmişdir.

10. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, 2025-ci il ## #### tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 34478.42 manat əsas borc, illik 5% hesablanmış 1725 manat və ödənilmiş 180 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, qalan hissədə iddianın rədd edilməsi qət olunmuşdur (hakim G.Həşimova).

11. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək müxtəlif adda malları cavabdehə təqdim etsə də, cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Belə olan halda iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququ yaranmış, cavabdehə isə məhkəmə iclasları barədə rəsmi məlumat verilsə də, müqavilə üzrə hər hansı ödənişlər edilməsi barədə sübut təqdim etməmişdir.

12. Dəbbə puluna aid hissədə məhkəmə dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq məbləğin azaldılaraq 1725 manat müəyyən edilməsi qənaətinə gəlmişdir.

13. Əldən çıxmış faydaya aid hissədə iddianın rədd edilməsi barədə nəticəni məhkəmə belə əsaslandırmışdır ki, iddiaçı hüquqları pozulmadığı təqdirdə adi mülki dövriyyə şəraitində gəlir əldə biləcəyini, bunun üçün tədbirlər görməsini və bu məqsədlə hazırlıq işləri aparmasını sübuta yetirə bilməmişdir. Yəni bu tələbə dair heç bir sübut məhkəməyə təqdim etməmişdir.

14. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin (bundan sonra – “MM”) 385.1, 442, 443.1, 448.1, 462.1, 467, 567-ci, Mülki Prosessual Məcəllənin (bundan sonra – “MPM”) 77.1, 107, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

15. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ####### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən-məruzəçi hakim – L.Əliyeva, hakimlər – Z.Şirinov və T.Mahmudova).

17. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razlaşaraq Kollegiya göstərmişdir ki, ümumilikdə ƏDV daxil 38.018,42 manat məbləğində malların təhvil verilməsini təsdiq edən aktlar, həmin mallara dair iddiaçı tərəfindən cavabdehə göndərilmiş və təsdiqlənmiş elektron qaimələr, habelə cavabdeh tərəfindən həmin qaimələr əsasında qismən ödənişin (ƏDV daxil 3540 manat) həyata keçirilməsi faktı malların təhvil verildiyini sübut edir, lakin təqdim edilmiş malların dəyərinin cavabdeh tərəfindən tam şəkildə ödənildiyi iş materiallarına əsasən müəyyən edilmir.

18. Həmçinin cavabdeh tərəfindən alqı-satqı müqaviləsi üzrə malları ödəmək öhdəliyinin icrasının gecikdirilməsi iş materialları ilə öz təsdiqini tapdığından, alqı-satqı müqaviləsində həmin öhdəliyin icrasının gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan, dəbbə pulu tutulması hissəsində də məhkəmə düzgün nəticəyə gəlmişdir.

19. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 442, 448.1, 462.1, 467, 567, 598.1, MPM-in 77.1, 119.1, 119.5-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının # ###### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ##### 2022-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.

20. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək, onun ləğv edilməsi və işin yenidən baxılmaq üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

21. MM-in 467-ci maddəsi üzrə - tələb edilən məbləğ Şirkət üçün əmlak mənafeyinə uyğun deyildir və bu məbləğin ödənilməsi iddiaçının əsassız varlanmasına səbəb olacaqdır.

22. MPM-in 14.1, 77.3, 87.2, 88, 217, maddələri üzrə - birinci instansiya məhkəməsi qətnaməsinin təsviri və əsaslandırıcı hissələrində dəbbə pulunun tutulması barədə tələbə qiymət versə də, qətnamənin qət etdi hissəsində əsas borca illik 5% hesablanmış 1725 manatın tutulmasını qət etmişdir. Halbuki iddiaçı tərəfindən illik 5% hesablanmaqla faiz borcunun tutulması barədə hər hansı tələb irəli sürülməmiş, yalnız cərimə pulunun tutulması barədə tələb irəli sürülmüşdür. Qətnamə qəbul edilərkən iş materialları və faktlar tam araşdırılmamış, eyni zamanda təqdim edilmiş sübutlar düzgün qiymətləndirilməmişdir. Iddia olunan məbləğlər şişirdilmişdir və belə olan halda məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi zərurəti vardır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Kassasiya baxışının hədləri

24. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

25. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 385. Öhdəlik anlayışı

385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.”

“Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı

Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

“Maddə 445. Borclunun icranı gecikdirməsi ... 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; ...”

“Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.”

“Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.”

“Maddə 567. Alğı-satqı müqaviləsi

Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

“Maddə 598. Alınmış əşyanın ödənilməsi

598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. …”

27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...” “Maddə 88. Sübutların qiymətləndirilməsi

Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”

“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri

416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”

Kassasiya instansiya məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).

29. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarı).

30. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və onu da bildirir ki, şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.

31. Kassasiya şikayətinin birinci instansiya məhkəməsi qətnaməsinin təsviri və əsaslandırıcı hissələrində dəbbə pulunun tutulması barədə tələbə qiymət versə də, qətnamənin qət etdi hissəsində əsas borca illik 5% hesablanmış 1725 manatın tutulması ilə bağlı dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, əvvəla bu hal apellyasiya şikayətində mübahisələndirilməmişdir, digər tərəfdən apellyasiya məhkəməsinin qətnaməsinin əsaslandırıcı hissəsində də dəbbə pulunun tutulması barədə tələbə qiymət verilmiş və məhkəmənin müəyyənləşdirdiyi məbləğ tənasübsüz surətdə yüksək olmadığından qətnamə o hissədə də qanuni və əsaslı hesab edilmişdir.

32. Kollegiya bu dəlili qətnamənin ləğvi üçün əsas hesab etmir və bu qənaətə gələrkən onu da nəzərə alır ki, müəyyənləşdirilmiş dəbbə pulu məbləği bu sahədə formalaşmış məhkəmə təcrübəsinə uyğun olaraq yekun nəticədə təmin olunan əsas borcun 5 faizini təşkil etmişdir.

33. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının tam araşdırılmaması və sübutlara düzgün qiymət verilməməsi barədə dəlillər də əsassızdır.

34. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.

35. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozuntusuna dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq norması düzgün tətbiq edilmişdir.

36. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

37. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2025-ci il ## ####### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar